Kövkəb xanım Səfərəliyevanı görkəmli ictimai xadim və gözəl şəxsiyyət kimi səciyyələndirən yaradıcılıq yolu bu Azərbaycan musiqiçisinin həyatını hərtərəfli öyrənən və kompleks şəkildə təhlil edən tədqiqatçı qarşısında geniş imkanlar açır. Bu yaradıcılıq yolu musiqi elminə indiyə kimi məlum olmayan bir çox maraqlı faktları təqdim edir.
Indi biz cəsarətlə deyə bilərik ki, K.Səfərəliyevanın çətinliklərlə dolu həyatı bir çox musiqiçilər nəsli üçün mənəvi kömək olmuşdur.
Nüfuzlu musiqiçi, pianoçu-pedaqoq, metodist, publisist, musiqi redaktoru, maarifçi, təbliğatçı, inzibatçı və təşkilatçı olan K.Səfərəliyeva musiqi-ictimai xadimlər içərisində ən şərəfli yerlərdən birini tutur və özünəməxsus etik görüşləri və fəal həyat mövqeyi prinsiplərinə malik olan yetkin bir sənətkar kimi seçilir.
K.Səfərəliyevanın bir pianoçu və pedaqoq kimi keçdiyi yaradıcılıq yolu bir daha təsdiq edir ki, musiqi ifaçılığı mədəniyyəti, o cümlədən pianoçuluq məktəbi üçün səciyyəvi olan genetik yaradıcılıq əlaqələri tendensiyası, məktəblərin varislik bağlılığı ona aid musiqi ədəbiyyatı üçün də məhsuldar ola bilər. Bunu yalnız ixtisaslaşmaya təkan verən, bunu şərtləndirən proses kimi deyil, müəyyən tarixi perspektivdə baş verən bir proses kimi də nəzərdən keçirmək olar. Daim axtarışda və inkişafda olan Kövkəb xanımın sənətkar şəxsiyyətində onun görkəmli bir Azərbaycan musiqiçisi və ictimai xadim kimi milli pianoçuluq məktəbinə təsirinin əhəmiyyəti parlaq təzahür edir.
P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, K.Səfərəliyevanı yaxşı tanıyan Yakov Isakoviç Milşteyn özünün şifahi çıxışlarında Kövkəb xanımı Azərbaycan musiqi mədəniyyətinin unudulmaz simalarından biri, «həyatda daim milli pianoçuluq sənətinin alovlu entuziastı olan, yüksək intellektual mədəniyyətə malik həssas musiqiçi-pedaqoq» 1 adlandırmışdır.
Musiqi incəsənəti bütün zamanlarda istedadlı insanlar tərəfindən yaradılmışdır və bunları ayrılıqda nə qədər diqqətlə nəzərdən keçirsək də, bu və ya digər hadisəni dövrün, zəmanənin bir hissəsi kimi bu bütöv, tamın sosial şərtləndirilmiş bir hissəsi kimi qavramamaq mümkün deyil.
Azərbaycanda fəaliyyət göstərən parlaq yaradıcı şəxsiyyətlər birlikdə mütərəqqi fortepiano məktəbi yarada biləcək nəhəng bir bədii qüvvəni təşkil edirdilər. Onların mövqeləri müxtəlif idi. Onlardan hərəsi öz «fəlsəfi dayağını», öz əsasını təklif edirdi. Lakin son nəticədə bu görkəmli musiqiçilərin bədii görüşləri ümumi məqsədə – sözün əsl mənasında fortepiano sənətini mənimsəməyə imkan verəcək ən mükəmməl və vahid formaların tapılmasına yönəlmişdi.
Müasir musiqi sənətinin taleyi XX əsrin bir sıra görkəmli musiqiçilərinin çoxşaxəli və fədakar fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Respublikanın ilk musiqi-ictimai xadimləri – Ü.Hacıbəyov, M.Maqomayev, A.Zeynallı, Ə.Bədəlbəyli, Ş.Bədəlbəyli, fortepiano pedaqogikasının baniləri olan yüksək ixtisaslı musiqiçilər N.D.Nikolayev, M.L.Presman, I.S.Ayzberq, istedadlı pianoçu-pedaqoqlar G.G.Şaroyev, M.R.Brenner və K.K.Səfərəliyeva Azərbaycanda fortepiano məktəbinin inkişafı üçün yollar açmış və respublikanın musiqi mədəniyyətində əsl hadisə olmuşlar. Bu nəcib şəxsiyyətlər, yorulmaz yaradıcılıq enerjisinə malik sənətkarlarımızın işıqlı xatirəsi daim qəlbimizdə yaşayır.
K.Səfərəliyevanın Azərbaycan musiqi mədəniyyətinə gəlişi Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin, eləcə də digər görkəmli peşəkar musiqiçilərin musiqi maarifi və təhsili sahəsində intensiv fəaliyyəti dövrünə təsadüf edir.
Milli musiqi sənətində müəyyən dərəcədə tarixi təmayüllərin daşıyıcısı olan, zəmanənin irəli sürdüyü bir çox aktual bədii məsələləri uğurla həll edən Kövkəb xanım Səfərəliyeva bu görkəmli şəxsiyyətlərin təsiri və dəstəyi sayəsində burada Avropa sivilizasiyasının qorunub möhkəmlənməsi uğrunda inadla mübarizə aparırdı.
Həyat qavrayışı, yaradıcılıq psixologiyası etibarilə əsl milli musiqiçi olan K.Səfərəliyeva milli mədəniyyətdəki bütün sınaqlara, o cümlədən fortepiano sahəsindəki yeniliklərə həmişə hörmətlə yanaşaraq, müdrikliyini nümayiş etdirirdi. Musiqi sənəti onun yaradıcılıq fəaliyyətinin müxtəlif formalarına ən yüksək peşəkarlıq səviyyəsində, heç bir məhdudiyyət olmadan yiyələnmək meylinə cavab verirdi.
K.Səfərəliyevanın mütərəqqi görüşləri milli musiqi mədəniyyətinin təkamülünə qəti inam hissilə uzlaşırdı. Musiqidəki prosesləri ictimai inkişaf prizmasından nəzərdən keçirən Kövkəb xanım həmişə ciddi obyektiv mülahizələr irəli sürürdü. Onun estetik baxışları ifaçılıq və pedaqoji təcrübəsi zəminində yaranıb inkişaf edirdi. Eyni zamanda, bu Azərbaycan musiqiçisinin yaradıcılıq həyatında ictimai və mənəvi-etik cəhətlərin arasındakı üzvi daxili vəhdəti də qeyd etməliyik.
Kövkəb xanım Səfərəliyevanın malik olduğu yüksək etika onun şəxsi təcrübəsi və inkişafı ilə şərtləndirilmiş, sabit ailə ənənələrilə bağlı olmuşdur.
Kövkəb xanım ata və ana xəttilə bağlı olduğu Səfərəliyevlər və Ziyadxanovlar nəslinə xas olan gözəl və nadir insani keyfiyyətləri – ictimai həssaslıq, insanlar qarşısında öz borcunu dərk etmək, başqalarına qarşı diqqət, hamının dərdinə şərik çıxmaq, zülmə qarşı nifrət hissi, saxtalıqdan uzaq olmaq kimi cəhətləri bütünlüklə özündə daşıyırdı.
K.Səfərəliyevanın nəcib və səxavətli təbiəti hamını və əlbəttə ki, onun insani məziyyətlərinin pərəstişkarı olan şagirdlərini daim heyran edirdi. Insanlara güzəşt etməyə hazır olan, çox iradəli Kövkəb xanım Səfərəliyeva insana, Vətənə qarşı məhəbbət, vətənpərvərlik hissini özündə daşıyan yüksək humanizm etikasına riayət edirdi.
1 Y.Milşteynin müəlliflə şəxsi söhbətlərindən.
Onun xeyirxahlığını isə sözlə təsvir etmək mümkün deyil. Təkcə bu işin müəllifinin şəxsi müşahidələri deyil, Kövkəb xanımın bir çox müasirlərinin onun haqda dedikləri buna sübutdur. Insanların marağı ilə bağlı heç bir şey onu biganə qoymazdı. O, həmişə insana kömək əlini uzadardı. Onun yaxınları və ətrafdakı insanlarla münasibətləri daim səmimiyyət, ədalət, yüksək əxlaq əsasında qurulmuşdu, paxıllıq, təkəbbür və biganəlik bu münasibətlər üçün yabançı idi, çünki onun fikrincə, bütün bunlar insan və musiqiçi simasına yaraşmayan cəhətlər idi.
Səfərəliyeva heç vaxt ikiüzlülük etməzdi. Insanlar, həmkarları və tələbələri haqda öz rəyini o, sakit, yığcam şəkildə və səmimiyyətlə bildirərdi. Biz, onun yetişdirmələri, öz müəllimimiz və himayəçimizin şəxsiyyətinə daha diqqətlə baxdığımız zaman onun öz üzərində apardığı işin miqyasına heyran oluruq. Məqsədinə çatmaq üçün ona nə qədər mətinlik, enerji, öz bədii prinsiplərinə sadiq qalmaq üçün nə böyük iradə lazım imiş! Kövkəb xanımın həyatdakı bütün nailiyyətləri – dərin biliyin, onun uzun müddət özü üzərində apardığı işin nəticəsidir. O, daim biliklərə ehtiyac duymuş, həmişə oxuyub öyrənməyə hazır olmuşdur. Öz biliklərini, savadını artırmaq həvəsini o, ömrünün son günlərinədək saxlamışdı. Ona xas olan və çoxlarının bələd olduğu özündən narazılıq hissi ilk növbədə özünə qarşı tələbkarlıqla, öz təbiətini daim təkmilləşdirib zənginləşdirmək arzusu ilə izah edilir. Özü üzərində apardığı işlə o, əslində başqalarına xidmət göstərirdi, çünki məhz bunun sayəsində pianoçu-p
edaqoq, musiqi yazıçısı və ictimai xadim ola bilmişdi.
K.Səfərəliyevanın fəaliyyətilə bağlı materiallar onun yaradıcılıq yolunu tarixi, nəzəri, sənətşünaslıq, qismən də estetik və etik aspektlərdən vahid bir tədqiqat sistemində əks etdirməyə imkan vermişdir. Bir musiqiçi kimi Kövkəb xanımın mənəviyyatının milli köklərə bağlı olması onun barəsində zəngin bioqrafik məlumat və müşahidələrdən istifadə olunması Səfərəliyevlərin şəxsi arxivi daxil olmaqla, müxtəlif mənbələrdən materialların cəlb edilməsi, həm xüsusi olaraq bu tədqiqat üçün yazılmış, həm də nəşr edilmiş məqalələrdə rast gəlinən maraqlı xatirələrdən istifadə edilməsi və bunların tədqiqatın tarixiliyini təmin edən xronoloji ardıcıllığı aşkar etmək zərurətini doğurmuşdur.
Hesab edirik ki, bioqrafik məlumatlar təkcə K.Səfərəliyeva kimi şəxsiyyətin fəaliyyətinin öyrənilməsi üçün deyil, respublikada pianoçuluq sənətinin bütün sonrakı inkişafına təsir göstərmiş digər görkəmli xadimlərin yaradıcılıq fəaliyyəti üçün də qiymətlidir.
Kövkəb xanımın hələ sağlığında onun bir sıra tələbələrinin öz müəllimlərinin yaradıcılıq yolunu öyrənməyə can atmasını yüksək qiymətləndirməliyik. Bununla belə, paradoksal olsa da, son zamanlara qədər Kövkəb xanım Səfərəliyeva barədə sanballı bir iş yaradılmamışdır.
Nəzərdən keçirdiyimiz mənbələr faktiki materiallarla zəngin olmasına baxmayaraq, K.Səfərəliyeva yaradıcılığının tədqiqatçısı üçün heç də yeganə əsas ola bilməz. Burada, yalnız «üzdə olan» faktlar qarşısında qalmamaq üçün, düzgün təlqiqat metodunun olması zəruridir.
Kövkəb xanımın sanki hamının gözü qarşısında keçmiş həyatı o qədər çoxcəhətli olmuşdur ki, onu araşdırmağı xeyli çətinləşdirmişdir.
K.Səfərəliyevanın musiqi-pedaqoji və ifaçılıq prinsipləri problemi də maraqlı görünür. Yuxarıda göstərdiyimiz kimi, K.Səfərəliyevanın pianoçu kimi siması, dərs demək metodikası barədə yalnız ayrı-ayrı məlumatlar vardır ki, bu da bütövlükdə problemi həll etməyə imkan vermir. Bununla yanaşı, görkəmli Azərbaycan musiqiçisinin məhsuldar yaradıcılıq fəaliyyətini tam dərk etmək üçün əhəmiyyətli olan illəri - onun yaşayıb-yaratdığı tarixi dövrün xüsusiyyətlərini də qeyd etmək zəruridir.
Məqalənin müəllifi Azərbaycan Dövlət Konservatoriyasında ifaçılıq və pedaqoji işlə çox məşğul olduğundan uzun illər ərzində yalnız vaxtaşırı bu ciddi problemin araşdırılması sahəsində çalışmışdır. Və biz belə bir nəticəyə gəldik ki, Səfərəliyevanın yaradıcılıq fəaliyyətini, onun ifaçılıq və pedaqoji metodunu elmi əsasda mükəmməl tədqiq etmək üçün yeganə yol – əlimizdə olan bütün ilkin mənbələrin müfəssəl öyrənilməsi, eləcə də tarixi dövrün mümkün qədər geniş araşdırılıb təhlil edilməsidir. O dövrün – XX əsrin əvvəli və ortalarının real tarixi məzmununu təşkil edən ziddiyyətləri də açmaq zəruri idi.
Kövkəb xanım Səfərəliyeva böyük və çətin həyat yolu keçmişdir. Onun şəxsiyyəti və yaradıcılıq ömrü dövrün sosial ziddiyyətləri iə bağlı olmuşdur. O, sosial dəyişikliklər və bunların nəticələrinin canlı şahidi olmuşdur.
K.Səfərəliyevanın doğum ili, eləcə də uşaqlıq və gənclik illəri 1905-ci ildən sonra rus çarizminin azğın irticası dövrünə təsadüf etmiş və burjua-millətçi azadlıq inqilabı, oktyabr çevrilişi ilə bağlı güclü tarixi hərəkat, köhnə quruluşun dağılması şəraitində keçmişdir.
K.Səfərəliyevanın 1917-ci il oktyabr inqilabındandan sonrakı mürəkkəb tarixi dövrdə yeri və rolunu, onun baş verən hadisələrə, zəmanəsinin sosial və bədii problemlərinə münasibətini müəyyən etmək – zənnimizcə, qarşıda duran məsələnin həllinə yaxınlaşmaq deməkdir.
K.Səfərəliyeva haqqında heç bir nəzəri tədqiqat aspektinə malik olmayan ədəbiyyatın məhdudluğu, Azərbaycanın musiqi ifaçılığı mədəniyyətinə onun bioqrafik faktorlarının təsirinin lazımi dərəcədə qiymətləndirilməməsi – bütün bunlar bizi Kövkəb Kamilbəy qızı Səfərəliyeva haqda çoxcəhətli və ümumiləşdirici bir iş yaratmaq zərurətinin yetişdiyi barədə məsələ qaldırmağa və onun çoxşaxəli fəaliyyətinin obyektiv, əsl elmi dəyərini müəyyənləşdirməyə məcbur etmişdir.
p align>
|