MUSIQIYƏ HƏSR OLUNMUŞ IKI TALE
.
 

Onların hətta adlarında da qəribə uyğunluq var: Nadir və Yeganə. Tale onları vaxtilə eyni peşeyə və eyni tədris ocağına gətirib: Yeganə xanım Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində (1983-cü il, professor Nigar Usubovanın sinfi ), Nadir müəllim isə qoboy ixtisası üzrə təhsil alıb (1972-ci il, professor Azər Abdullayevin sinfi ). 1984-cü ildə onlar ailə həyatlarına qədəm qoyublar. Bu gün istedadlı pianoçu, Bakı Musiqi Akademiyasının dosenti, Zaqafqaziya müsabiqəsi laureatı Yeganə Axundova və səriştəli televiziya mütəxəssisi,“Space” kanalının Musiqi departamentinin direktoru Nadir Axundov Azərbaycanın tanınmış “musiqi ailələri” sırasındadırlar. Daima gərgin yaradıcılıq işi apararaq, onun bəhrəsini də görürlər, ağırlıqlarını da çəkirlər. Evlərində xüsusi rahatlıq, səliqə və səmimilik ab-havası var. Iki gözəl övladlarının gündəlik qayğıları ilə yaşayır, onların gələcəyini düşünürlər. Həm Yeganə xanımın, həm də Nadir müəllimin sənətdə də, həyatda da öz mövqeyi, öz əqidəsi var. Eyni zam anda, bir-birinə münasibətləri qarşılıqlı anlaşma, hörmət və yardım prinsipləri üzərində qurulub. Musiqidə bərabər hüquqlu səslərin ahəng birləşməsinə “polifoniya” deyirlər. Polifonik musiqinin ən mürəkkəb forması olan fuqada aparıcı mövzunu latın dilində “dux”, və ya “rəhbər”, ona cavab verən və eyni zamanda, müstəqil tərzdə inkişaf edən səsi “comes”, və ya “həmrah” adlandırırlar. Müstəqil yollarla inkişaf edən hər iki xətt, müəyyən məqamlarda “stretta” vəziyyətində, bir-birilə sıx əlaqədə səslənir. Müsahiblərimin həyatlarında da, elə söhbətimizin gedişatında da həmin məntiqi duydum.

        “Dux”
       Aida Hüseynova: - Nadir müəllim, hazırda “Space” həm miqdarca, həm də keyfiyyətcə musiqiyə xüsusi diqqət yetirən, musiqi verilişlərinin mövzu və forma etibarilə geniş diapazonu ilə seçilən kanaldır. Ən başlıcası isə odur ki, “Space” kanalının musiqi yayımının tərtibində müəyyən konsepsiya müşahidə olunur. Həmin konsepsiyanı necə açıqlayardınız?

       Nadir Axundov : - Departamentimizin fəaliyyətində mən, 1969-cu ildən bu günə qədər televiziyada qazandığım təcrübəyə güvənirəm. Çoxları bu gün AzTV-1 kanalını ya tənqid edirlər, ya da onun fəaliyyətinə, bir növ, təkəbbürlə yanaşırlar. Lakin unutmayaq ki, məhz bu kanal, hazırda televiziya məkanında işləyən əksər mütəxəssislərin, sözün əsl mənasında, akademiyası olmuşdur. Və orada qazandığımız səriştə yaşadığımız yeni dövrdə, yeni şəraitdə də öz əhəmiyyətini itirməmişdir. Keçmişə bir nəzər yetirək. Sovet dövründə televiziyanın baş redaksiyalarının, o cümlədən, musiqi redaksiyasının fəaliyyəti müəyyən plan ilə tənzimlənirdi. Əgər bir ay ərzində efirə 40 saat musiqi verilməliydisə, onun 50 faizini xalq musiqisi, 30 faizini klassik musiqi və 20 faizini estrada təşkil etməli idi. Son kateqoriyaya caz da daxil idi. Bəstəkarlar Ittifaqı ilə bız təmasda işləyirdik. Plenumlarda səslənən əsərləri lentə alıb, fonotekamıza daxil edirdik. Mənim səriştəm orada yaranıb. Odur ki, bu gün “Space” kanalının Musiqi depart amenti musiqinin ən müxtəlif növlərinin efirdə səslənməsi məqsədinə xidmət edir. Azərbaycan bəstəkarlarının və ifaçılarının nailiyyətlərini işıqlandırırıq, milli musiqi sərvətimizə, ilk növbədə, muğam sənətinə efirdə geniş yer veririk. Yeni verilişlərimizdən olan “Görüş yeri”nin uğurundan çox məmnunam. Bu yaxında Daşkənddən bir zəng çalındı. Məlum oldu ki, orada yaşayan bir azərbaycanlı ailə həmin verilişə baxmaq üçün hər həftə peyk bağlantısı olan bir Azərbaycan restoranına gedir. Bundan böyük qiymət ola bilərmi? Və ya Ukraynadan qəbul etdiyimiz məlumat. Zəng edən əslən azərbaycanlı olan bu adam artıq Ukrayna vətəndaşı olduğunu və həyat yoldaşının ukraynalı olduğunu söylədi. Öz övladlarına doğma diyarının musiqisini tanıtdırmaq məqsədilə “Görüş yeri”nə onlarla bahəm baxır. Odur ki, bu veriliş, doğrudan da, Azərbaycanın çoxəsrlik musiqi irsinə sanki bir pəncərədir. Caz musiqisinə də diqqət yetiririk. Məsələn, 2002-ci və 2003-cü illərdə Bakıda keçirilmiş beynəlxalq caz festivallarından çəkilişin aparılması ek sklüziv olaraq “Space” kanalına həvalə olundu. Və nəticədə videotekamıza həmin festivallardan 28 saatlıq musiqi materialı daxil edildi. Dünya caz ustalarının yazıları da videotekamızda saxlanılır. Və nəhayət, fəaliyyətimizin mühüm istiqaməti dünya musiqi mədəniyyəti incilərinin səsləndirilməsidir. Bu yaxınlarda Vyana Simfonik Orkestrinin ifasında Mosartın Rekviyemini və Bethovenin Doqquzuncu Simfoniyasını efirə verdik. Mart ayından isə biz, “Dünya klassik musiqisinin inciləri” verilişlər silsiləsinin nümayişinə başlamaq niyyətindəyik.

       A.H.: - Siz televiziya məkanında uzun illər boyu işləyən, zəngin təcrübəyə malik olan mütəxəssissiniz. 1974-cü ildən Musiqi verilişləri baş redaksiyası ilə əməkdaşlığa başlamısınız, 1976-84-cü illərdə şöbə müdiri, 1984-90-cı illərdə baş redaktor vəzifələrini tutmusunuz. 2000-ci ildən isə “Space” kimi nüfuzlu özəl televiziya şirkətinin Musiqi departamentinin rəhbərisiniz. Sovet dövrü ilə müqayisədə, musiqi efirimizdə qazandıqlarımız çoxdur, yoxsa itirdiklərimiz?

       N.A.: - Əlbəttə, müstəqillik televiziyanın imkanlarını xeyli dərəcədə genişləndirmişdir. Keçmişdə yalnız Sovet Ittifaqı məkanında əməkdaşlıq apara bilirdik; indi isə dünyanın istənilən nöqtəsi ilə əlaqə qurmaq imkanımız var. Proqramlarımız Avropa, Asiya və Afrika ölkələrində nümayiş olunur, dünyanın müxtəlif yerlərində şirkətimizin nümayəndəlikləri açılır. Eyni zamanda, o zaman dövlətin televiziyaya ayırdığı vəsaitlər bu gün bizim ixtiyarımızda olsaydı, nailiyyətlərimiz qat-qat çox olardı. Lakin etiraf etməliyik ki, bütün dünyada klassik musiqi qrantlar və özəl sektorun yardımı hesabına maliyyələşdirilir. Odur ki, Azərbaycanda milli burjuaziya sinfi püxtələşəndə, yeni Tağıyevlər yetişəndə, vəziyyət köklü surətdə dəyişəcək. Mən buna tam əminəm. Sovet dövrünə xas olan ideoloji yasaqlardan da azadıq. Yaxşı yadımdadır, “Muğam axşamı” həftəlik verilişinin təşkili zamanı mən nə qədər çətinliklərlə üzləşdim. Deyirdilər, insanlarda bədbinlik, kədər oyadan belə bir veriliş nə lazım, gəl onu ürəkaçan estrada mu siqisi ilə əvəz edək. “Caz saatı” verilişinin ideyası da əvvəlcə birmənalı qarşılanmadı – axı caz musiqisinə münasibət Sovet dövründə heç də birmənalı deyildi. Kommunist Partiyasının Mərkəzi Komitəsinin nəzarəti altında işləyirdik, Dövlət Təhlükəsizlik, Xalq Nəzarəti Komitələri də vaxtaşırı işimizə müdaxilə edərdi. Bu, bir tərəfdən, təzyig, digər tərəfdən, məsuliyyət idi. Yadıma düşür o vaxtlar ki, biz, redaktorlar, efirə çıxacaq hər mahnının mətnini yazılı surətdə hazırlayıb, onu ifa ilə tutuşdurardıq və bütün aşkar edilən səhvləri dərhal ifaçıya bildirib onların aradan götürülməsinə cavabdeh olardıq. Indi isə hətta qəzəllərin mətnində də elə dəhşətli səhvlər baş verir ki, gəl görəsən. Televiziyanın nəzdində Bədii şura fəaliyyət göstərirdi. Rauf Hacıyev, Tofiq Quliyev, Fikrət Əmirov, Aqşin Əlizadə kimi böyük bəstəkarlarımız tərəfindən idarə olunan bu qurum təqdim olunan əsərlərin həm musiqi, həm ədəbi tərtibatına ciddi nəzarət edərdi. Hətta tanınmış bəstəkarlar və ya şairlər də tənqid atəşinə tutulardı. Zəif materialların efirə buraxılmasının qarşısı dərhal alınardı. Əfsuslar olsun ki, bu gün qazandığımız sərbəstlik bəzən keyfiyyətsizliyə, səriştəsizliyə gətirib cıxarır.


A.H.: - Bu gün çoxları televiziya məkanına nəzarət edən bədii şuraların bərpa edilməsini zəruri bilirlər. Siz bu fikirlə razısınızmı? Ucuz və səviyyəsiz musiqi nümunələrinin efirdən təcrid olmasının mexanizmlərinı nədə görürsünüz?

       N.A.: - Prezidentin Icra Apparatının nəzdində Milli Teleradio Şurası adlı qurum fəaliyyət göstərir. Mən çox arzulardım ki, həmin şuranın nəzdində bir neçə yüksək səviyyəli peşəkar musiqiçilərdən ibarət məsləhətçilər şurası təsis edilsin. Şurada həm Bəstəkarlar Ittifaqı, həm Filarmoniya, həm də telekanallarımız təmsil olunsun. Həmin quruma aşağı səviyyəli musiqinin efirdən kənar edilməsi hüququ verilsin. Hətta ciddi cərimələr sistemi də təşkil olunsun!

       A.H.: - Bu yaxında Azərbaycanın musiqi həyatında əhəmiyyətli hadisə baş verdi: Azərbaycan Dövlət Filarmoniyası əsaslı təmirdən sonra musiqisevərlərin üzünə öz qapılarını yenidən açdı. Filarmoniya ilə əməkdaşlıq televiziyanın əzəldən qoyulmuş ənənəsidir. “Space” şirkətinin filarmoniya ilə birgə layihələri nəzərdə tutulubmu?

       N.A.: - Doğrudan da, elə 1970-80-cı illərdə biz Filarmoniya ilə mütəmadi təmasda işləyirdik. Böyük maestromuz Niyazinin filarmoniyaya rəhbərlik etdiyi zaman hər ilin may ayında bir həftə ərzində orada çəkiliş aparıb, il ərzində ifa olunan əsərləri lentə alardıq. Görkəmli sənətkarlarımızın, o cümlədən, Niyazinin iştirakı ilə nadir yazılar əldə etdik ki, videotekamızı xeyli dərəcədə zənginləşdirdik. Təəssüflə etiraf etməliyəm ki, həmin yazıların böyük qismi sonradan ləğv olundu və kassetlərdə başqa çəkilişlər yerləşdirildi. Vaxtilə bunu mənə irad tutanlar da olub. Mən isə cavab vermişəm ki, vicdanım təmizdir, çünki mən bu qərara qarşı çıxmışam və müvafiq sənədlərə heç zaman imza atmamışam. Hər kassetin onu müşayiət edən pasportu var və pozulma haqqında qərar imzalarla birgə həmin sənəddə öz əksini tapır. Sənədlər yəgin ki, durur və beləliklə, dediklərim göz qabağındadır. Haı-hazırda biz filarmoniya ilə birgə iri miqyaslı layihə üzərində işləyirik. Məqsədimiz tamaşaçılarımızı Azərbaycan musiqisinin antolo giyası, dahi Üzeyir Hacıbəyovdan başlayaraq müasir bəstəkarlarımıza qədər milli musiqimizin tarixi ilə ətraflı tanış etməkdir. Bu, şirkətimizin hər iki prioritetinə, musiqi və maarifçılik istiqamətlərinə cavab verir. Çəkilişlərin filarmoniya kimi möhtəşəm sənət məbədində aparılmasının da böyük mənası var. Digər yaradıcı qüvvələr və kollektivlər də həmin layihəyə cəlb olunacaq.

       A.H.: - Çox dəyərli və lüzumlu layihədir. Etiraf edək ki, Sovet dövrü ilə müqayisədə klassik musiqinin televiziya vasitəsilə təbliği sayəsində böyük itkilərə məruz qalmışıq. Yaddaşımızda həkk olunan Bəstəkarlar Ittifaqının himayəsi ilə keçirilən “Xaqani, 27” verilişi, Tofiq Quliyevin “Sovet musiqisinin seçilmiş səhifələri”, Azər Rzayevin “Musiqi təqvimi”, Zəhra Quliyevanın “Zəriflik” proqramları və digər musiqi verilişləri tamaşaçıların rəğbətini qazanıb, klassik musiqiyə qarşı xüsusi ehtiram hissini tərbiyələndirirdi. Rusiya kanalları ilə yayınlanan Yuri Başmetin “Vokzal meçtı”, Svyatoslav Belzanın “Muzıka v gfire”, Eleonora Belyayevanın “Muzıkalğnıy kiosk” tipli proqramlara da artıq efirdə rast gəlinmir. Aydındır ki, kommersiyanın sərt qanunları ilə uzlaşan televiziyanın prioritetləri də dəyişib. Lakin millətin, cəmiyyətin mənəvi sağlamlığı və intellektual səviyyəsi də ümdə vəzifələr sırasında olmalıdır. Bu barədə fikrinizi öyrənmək maraqlı olardı.

       N.A.: - Kommersiyanın amansız qanunları, doğrudan da, televiziya efirinin, xüsusilə də özəl televiziya kanallarının fəaliyyətinə ciddi təsir göstərirlər. Bu, danılmaz və eyni zamanda qaçılmaz bir həqiqətdir. Belə ki, “prime time” adlanan axşam saat 7-dən 12-yə qədər olan vaxt, eləcə də şənbə və bazar günlərinin efiri klassik musiqi üçün ayrıla bilməz. Əks təqdirdə, bizə verilən reklamlar avtomatik olaraq digər kanallara keçəcək və özəl şirkət öz fəaliyyətini davam bilməyəcək. Odur ki, tamaşaçıları klassik musiqidən məhrum etməmək və bəhrələndirmək məqsədilə biz daima axtarışdayıq. Söhbət açdığımız mövzu bütün postSovet məkanı üçün aktualdır. Rusiya kanallarında vaxtilə nümayiş olunan adlarını çəkdiyiniz verilişlər məni həmişə heyrətə gətirirdi. Indi isə klassik musiqinin təbliği nöqteyi-nəzərindən Rusiya kanalları ilə müqayisədə, bizdə vəziyyət daha qənaətbəxşdir. Əgər fikir vermisinizsə, orada klassik musiqi efirdən tamam silinib.

       A.H.: - Eyni zamanda, Rusiyada, dünya təcrübəsinə uyğun olaraq, “Mədəniyyət” kanalı təsis olunub və akademik musiqini təbliğ edən verilişlər bütöblükdə həmin kanalın səlahiyyətinə verilib.

       N.A.: - Doğrudur. Lakin biz dövlət tərəfindən maliyyələşdirilən kanallardan söhbət edirik. Hazırda Rusiyanın iki nəhəng televiziya kanalı var: Rusiya televiziyası və Ictimai televiziya. Niyə onlar klassik musiqiyə diqqət yetirmirlər? Səhərdən axşama kimi şou proqramlar və pop ulduzların çıxışları göstərilir. Halbuki Ictimai televiziyanın aksiyalarının 51 faizi hökümətə məxsusdur, Rusiya kanalı isə bütövlükdə dövlətin büdcəsindən maliyyələşdirilir. Yenidənqurma zamanı yaranan vakuumu tezliklə şou biznes doldurdu və bir vaxt zəbt etdiyi məkanı tərk etmək niyyətində deyil.

       A.H.: - Son vaxtlar Azərbaycanda da “Mədəniyyət” kanalının açılması barədə fikirlər söylənilir. Həmin ideyanın tərəfdarları da var, əleyhdarları da. Sizin münasibətiniz necədir?

       N.A.: - Təxminən yarım il bundan əvvəl, “Space” müstəqil teleradio şirkətinin prezidenti Etibar Babayevin təşəbbüsü ilə yeni rubrika açdıq: “Mədəniyyət kanalı təqdim edir”. Bu, tamaşaçıların reaksiyasını öyrənmək üçün aparılan bir növ eksperiment idi. Dövlət Simfonik Orkestrimizin ifasında Mosartın, Prokofyevin, Şostakoviçin, Üzeyir Hacıbəyovun, Qara Qarayevin və digər bəstəkarların musiqisini səsləndirdik, bədii filmlər, sərgilər haqda proqramlar nümayiş etdirdik. Və rəylər də tam müsbət idi. Odur ki, fikrimcə, “Mədəniyyət” kanalının açılmasına böyük ehtiyac var. Inandırım sizi ki, həmin kanala sərmayə qoyanlar külli miqdarda gəlir əldə edəcəklər. Bu yaxında açılacaq Ictimai televiziyaya da klassik musiqinin təbliği nöqteyi-nəzərdən böyük ümid bəsləyirəm.

       A.H.: - Musiqi həyatımızda bu gün baş verən hadisələr dərhal tarixə çevrilir. Bu baxımdan televiziya böyük iqtidara malik olan qüvvədir: olayları lentə alaraq, onları xalqın yaddaşında əbədi saxlayır. Bu istiqamətdə rəhbərlik etdiyiniz departmentin işi necə təşkil olunub? Videotekanız nə dərəcədə zəngindir? Videoarxivlər yaranırmı?

       N.A.: - 2000-ci ildə “Space” kanalında işə başlayanda, videotekamıza yalnız estrada ulduzlarımızın konsertlərindən və restoranlarda keçirilən prezentasiyalardan və digər tədbirlərdən aparılan çəkilişlər daxil idi. Onda bizdə hələ PTS adlandırdığımız səyyar televiziya stansiyaları yox idi. Lakin buna baxmayaraq, simfonik və kamera musiqisindən ibarət konsertləri dərhal lentə almağa başladıq. Televiziyanın spesifikasını bilənlər belə çəkilişlərin yalnız üç ya dörd kamera vasitəsilə aparmağını nə dərəcədə çətin olduğunu yaxşı dərk edirlər. Elə o zaman, Rauf Abdullayevin rəhbərlik etdiyi Dövlət Simfonik Orkestrinin konsertlərini, müasir və ənənəvi musiqiyə həsr olunmuş beynəlxalq festivalları lentə aldıq. Musiqi efirinin bu cür sağlamlaşdırma prosesində “Space” şirkətinin prezidenti Etibar Babayevin rolu müstəsnadır. O, televiziya sahəsində çox səriştəli bir mütəxəssis olaraq, perspektivli ideyaları dəstəkləyir və onların həyata keçirilməsinə var gücü ilə imkan yaradır. Etibar müəllimin göstərişi ilə biz b u gün apardığımız bütün çəkilişləri professional formatda saxlayırıq və onların heç birini VHS, yəni adi video kassetlərə köçürmürük (bu üsula adətən kassetlərin qıtlığından əl atırlar). Bizim departament lazım olan həcmdə kassetlərlə təmin olunur və çəkilişlərin formatının dəyişdirilməsinə ehtiyac yoxdur. Odur ki, hazırda Musiqi departamentinin videotekasında 400-ə yaxın kasset, və ya təxminən 600 saatlıq musiqi materialı var. Buraya sadaladığım musiqi tədbirlərindən savayı, Opera Teatrında aparılan çəkilişlər də daxildir.


A.H.: - “Space” kanalında nümayiş olunan musiqi verilişlərinin əksəriyyəti interaktiv formatda efirə çıxır. Tamaşaçılarla ünsiyyət də fəaliyyətinizin aparıcı prinsiplərindən biridir, deyilmi?

       N.A.: - Tamamilə doğrudur. Yalnız Musiqi departamentinin xətti ilə “Space” kanalında həftədə 8 saat canlı verilişlər efirə gedir. Digər departamentlər də, mütəmadi olaraq, interaktiv verilişlərə üstünlük verirlər. Canlı efirin üstünlükləri çoxdur. Söhbətlərin, diskussiyaların sərbəst gedişatını, ümumi ab-havasını gözəl çatdırır, tamaşaçıların reaksiyalarını öyrənmək üçün zəmin yaradır.

       A.H.: - Tamaşaçılarla qarşılıqlı əlaqəyə bu dərəcədə əhəmiyyət verən televiziya kanalı öz fəaliyyətində, yəgin ki, proqramların reytinqlərinin nəticələrini də nəzərə alır.

       N.A.: - Reytinqlərin nəticələrini işimizdə, sözsüz ki, nəzərə alırıq. Lakin bu məsələyə bir qədər ehtiyatla yanaşmaq lazımdır. Yüksək intellektual səviyyəyə malik olan verilişlərin reytinqi adətən yuxarı olmur. Halbuki əyləncə xarakterli proqramlar tamaşaçılar tərəfindən bəyənilir və yüksək qiymətləndirilir. Məsələn, avanqard musiqisinə həsr olunmuş “Şənbə-Bazar” verilişində studiyaya cəmi bir tamaşaçı zəngi daxil oldu. Mən heç də bütün tamaşaçıların müasir musiqiyə pərəstiş etdiklərini gözləmirəm, lakin həmin musiqini bəyənməyənlər zəng edib öz mövqeyini bildirsəydi, bu daha normal olardı. Elə çıxır ki, maraq yoxdur və bu çox acınacaqlı və bizi narahat edən haldır. Daha bir məsələyə toxunmaq istərdim. Bəzi verilişlər, sadəcə olaraq, reytinqlərini artırmaq xatirinə, bir müğənni dəvət edərək, verilişin yarısını konsertə çevirirlər. Özü də bu, çox vaxt verilişin mövzusuna və rejissor yozumuna tamamilə uyğun olmayan bir halda baş verir. Bu haqda da düşünmək lazımdır. Onu da unutmamalıyıq ki, reytinqlərlə televiziya tamaşaçılarının zövqünə uyğunlaşaraq, eyni zamanda on addım irəlidə olmalıyıq. Televiziya əyləndirməkdən başqa, həm də tərbiyə vasitəsidir.

       A.H.: - Işinizdə hansı çətinliklərlə üzləşirsiniz?

       N.A.: - Hazırda mənim ən böyük problemim musiqi savadı olan rejissorların qıtlığıdır. Məsələn, simfonik konsertdən çəkiliş aparanda, iş prosesinə özüm müdaxilə etməli oluram: alətlərin adlarını və hansı qrupa mənsub olduğunu izah edirəm, partituraya uyğun olaraq, onların kadrda mütləq olacaq məqamlarını qabaqcadan göstərirəm. Lakin bu, normal vəziyyət deyil. Musiqini izah edən mütəxəssislərlə də oxşar problem mövcuddur. Müxbirlər adətən musiqinin incəliklərinə bələd olmur, musiqişünaslar isə istər-istəməz elmi yanaşmaya meyl göstərirlər. Bu problem də hələ öz həllini gözləyir.

        “Comes”
       Aida Hüseynova: - Yeganə xanım, söhbətimizi hamımızın doğma ocağı olan Bakı Musiqi Akademiyasından başlayaq. Tələbəlik illəriniz burada keçib, sonra konsertmeyster kimi fəaliyyətə başlamısınız, hazırda ixtisas fortepiano kafedrasında çalışırsınız. Bu müddət ərzində tariximizdə də, mentalitetimizdə də əhəmiyyətli dəyişikliklər baş verib. Və bu gün, bir növ adət olaraq, gileylənirik ki, “konservatoriya daha o konservatoriya deyil”. Sizin bu məsələyə münasibətiniz necədir?

       Yeganə Axundova: - Oxuduğum vaxtı indiki dövr ilə müqayisə etsək, fərq, əlbəttə ki, çoxdur. Ən əsas problem tələbələrin intellektual səviyyəsinin faciəli surətdə aşağı düşməsidir. Mürəkkəb passajın öhdəsindən gəlməyin sirlərini öyrətmək olar. O ki qaldı Mosartın ya Bethovenin əsərlərinin klassisizm dövrünün mədəni kontekstində dərk edilməsi məsələsinə, bu, tələbənin ümumi dünyagörüşündən irəli gəlməlidir. Əfsuslar olsun ki, bu, hazırda böyük problemə çevrilmişdir. Əlbəttə, yaxşı çalan tələbələr var və onlar heç də az deyil. Lakin biz oxuduğumuz vaxtda orta səviyyə “ulduzların” səviyyəsinə daha yaxın idi.

       A.H.: - Bunun səbəblərini nədə görürsünüz?

       Y.A.: - Bir tərəfdən, bu sahədə olan itkilərimiz, ilk növbədə yüksək səviyyəli mütəxəsisslərin ölkəni tərk etməsi və ya dünyalarını dəyişməsi öz təsirini göstərdi. Digər tərəfdən, yeni nəslin formalaşması müasir tariximizin ən mürəkkəb keçid dövrü ilə üst-üstə düşdü. Həmin zaman həm televiziya məkanında, həm də bütövlükdə musiqi həyatımızda musiqinin təbliği və təşviqi sahəsində müəyyən boşluq yarandı ki, bu da gənclərin şüuruna mənfi təsir göstərməyə bilməzdi. Bundan əlavə, keçmişdə musiqi təhsili hər bir ailə üçün bir növ daxili ehtiyac əhəmiyyətini daşıyırdı. Qara Qarayevin sözləri ilə desək, uşağa boyalarla şəkil çəkməyi öyrədəndə biz onu peşəkar rəssam görmək niyyətində deyilik, və ya əlifba ilə tanış edəndə, onu gələcəkdə şair olub-olmayacağını düşünmürük. Məqsədimiz uşağın incəsənət duyumunu, bədii zövqünü tərbiyə etməkdir. Əfsuslar olsun ki, bu gün belə məqsəd orta Azərbaycan ailəsində heç də ön planda deyil və təbii olaraq, musiqinin nüfuzu və rolu xeyli dərəcədə aşağı enmişdir. Etiraf edək ki , məktəb də öz missiyasını lazımlı səviyyədə yerinə yetirmir. Bəzən mən sinfimə gələn tələbələrlə sıfır nöqtəsindən başlayaraq işləməli oluram, çünki onların istər texniki vərdişləri, istər səs mədəniyyəti çox acınacaqlı vəziyyətdə olur. Lakin mən gələcəyə heç də ümidsiz baxmıram. Bunun başlıca səbəbi Azərbaycanda Fərhad Bədəlbəyli kimi görkəmli sənətkarın fəaliyyət göstərməsidir. Hazırda piano ifaçılığının inkişafı onun ciddi nəzarəti altında baş verir və nəinki tələbələr, hətta biz müəllimlər də xüsusi məsuliyyət duyaraq, öz üzərimizdə daim işləyirik. Bu yaxında Fərhad müəllim özünün ustad dərslərinin keçirilməsini vəd edib ki, hamımız bunu böyük səbirsizliklə gözləyirik.

       A.H.: - 2000-ci il Sizin həyatınızda böyük uğurla əlamətdar oldu. Özünüzü yeni yaradıcılıq sahəsində sınadınız, və debütünüz ümumcumhur səviyyədə alqışlandı. Bu, Nadır müəllimlə birlikdə qazandığınız qələbə idi. Söhbət yaratdığınız “Mi Parti” fortepiano kompozisiyasından və Humay mükafatına layiq görülmüş eyni adlı klipdən gedir. Musiqini yaratmaq niyyətini nə vaxt duymusunuz? Həmin sahə Sizin bu günkü həyatınızda nə kimi əhəmiyyət kəsb edir?

       Y.A.: - Əvvəlcədən qeyd edim ki, mən özümü heç də bəstəkar hesab etmirəm. Bəstəkar anlayışı olduqca zəngindir. Bu, mürəkkəb, xüsusi hazırlıq tələb edən və illər boyu təkmilləşdirilən sənətdir. Mən pianoçuyam və bu sahədə özümü professional hesab etməyə haqqım var. O ki qaldı bəstəkarlığa, onu həyatımda bir növ hobbi kimi qəbul edirəm. Uşaqlıqda, mərhum Nazim Əliverdibəyovun sinfində oxuduğum zaman piano üçün prelüdlər, sonatalar yazmışam. Bundan əlavə, mahnı janrına xüsusi meyl göstərmişəm. Axır zamanlar isə, hətta özümdən asılı olmayaraq, son sahəyə diqqətim artıb. Fikrət Qocanın, Vahid Əzizin sözlərinə mahnılar bəstələmişəm. Nəhayət, “Mi Parti” kompozisiyası da elə həmin xəttin davamıdır.


A.H.: - Yeganə xanım, bir pianoçu kimi, Siz nəzərəçarpan müvəffəqiyyətlər qazanmısınız. 1985-ci ildə Zaqafzaziya müsabiqəsinin laureatı fəxri adına layiq görülmüsünüz. Filarmoniyada Dövlət Simfonik Orkestri ilə dünya fortepiano repertuarının ən mürəkkəb əsərlərindən olan Sergey Raxmaninovun Paqanini mövzusunda fortepiano və orkestr üçün Rapsodiyasını məharətlə ifa etmisiniz, dəfələrlə solo konsertlərlə çıxış etmisiniz. Bu cür sanballı akademik hazırlıq populyar musiqi sahəsindəki fəaliyyətinizə nə kimi təsir göstərir? Məsələn, “Mi Parti”nin yaranmasında, sahib olduğunuz akademik bünövrə Sizə yardım edirdi, yoxsa “peşəkarlıq qandallarına” çevrilərək maneçilik törədirdi?

       Y.A.: - Mən özüm də bu haqda çox düşünmüşəm və belə bir qərara qəlmişəm ki, klassik musiqi sahəsində əldə etdiyim təcrübə mənə “Mi Parti” tipli əsərlər üzərində işləyəndə, daha çox mane olur. Musiqinin dərk etdiyin zənginliyini və bələd olduğun ünsürlərini istər-istəməz qısa və sadə kompozisiyanın çərçivəsinə sığışdırmağa səy göstərirsən.

       A.H.: - “Mi Parti” haqqında söhbətimizə yenə qayıdacağıq. Indi isə yaradıcı fəaliyyətinizin daha bir məqamına toxunaq. 2003-cü ilin sentyabrında görkəmli bəstəkarımız Arif Məlikovun yubiley konsertində Ülviyyə Hacıbəyova ilə birgə çıxışınız auditoriya tərəfindən xüsusi hərarətlə qarşılandı. Bu, təkcə ifanızın yüksək bədii keyfiyyətinin etirafı deyil, həm də duetinizin 1990-cı illərdə qazandığı yüksək nüfuzun göstəricisi idi. Məlumdur ki, ansambl ifaçılığı xüsusi vərdişlər, tərəflərin qarşılıqlı anlaşmasını tələb edən sahədir. Yeganə Axundova-Ülviyyə Hacıbəyova duetinin çoxsaylı çıxışları yüksək ansambl məharəti ilə seçilərək, qısa müddətdə peşəkarların və musiqisevərlərin rəğbətini qazandı. Ansamblın yaranmasının təşəbbüskarı kim idi və ifanıza xas olan həmahəngliyin səbəbini necə izah edərdiniz?

       Y.A.: - Ülviyyə ilə duet fəaliyyətimiz 1991-ci ildə böyük bəstəkarımız Tofiq Quliyevin məşhur “Qaytağı” əsərindən başladı. Mərhum Tofiq müəllim “Qaytağı”nın iki piano üçün olan versiyasının ifasını mənə həvalə etdi. Əsərin əlyazması Tofiq müəllimin avtoqrafı ilə indiyədək məndədir. Həmkarım, böyük hörmət bəslədiyim Ülviyyəyə “Qaytağı”nı birgə ifa etmək təklifi ilə müraciət etdim və o da razılaşdı. Bu, duetimizin ilk addımı və eyni zamanda, ilk uğuru idi. 1993-cü ildə Türkiyənin Ankaradakı Bilkənd Universitetində, Əskişəhərdəki Anadolu Universitetində müvəffəqiyyətlə çıxış etdik. Bir çox bəstəkarlarımız, o cümlədən Azər Rzayev, Elnarə Dadaşova və Faiq Sücəddinov duetimiz üçün əsərlər yaratdılar. Elə mən özüm də “Aşıqsayağı” adlı iri həcmli pyes yazdım ki, o da, xarici və milli bəstəkarların əsərləri ilə bahəm proqramlarımıza daxil oldu. Qəribədir: səs mədəniyyəti, üslub duyumu, texniki imkanlar, bir sözlə piano ifaçılığının bütün həlledici cəhətləri baxımından Ülviyyə ilə mən bir-birimizə çox bənzəy irik. Hətta ritenuto məqamlarını da, bir-birimizdən asılı olmayaraq, eyni cür həyata keçiririk. Digər önəmli məsələ etik məqamla bağlıdır. Ansamblın üzvləri bir-birinə irad tutanda və ya interpretasiyaya aid hansısa arzularını bildirəndə, bu onların qarşılıqlı anlaşmasına xələl gətirə bilər. Biz, xoşbəxtlikdən, heç zaman belə çətinliklərə məruz qalmamışıq və nəinki bir-birimizin, hətta hörmətli müəllimlərimiz mərhum Rauf Atakişiyev və Nigar Usubovanın məsləhətlərinə böyük ehtiyac duyaraq, məsuliyyətli çıxışlar ərəfəsində proqramımızı, ilk növbədə, onların mühakiməsinə təqdim edərdik. Vaxtilə duetimiz haqda televiziya verilişi hazırlandı ki, onun adı “Bir-birinizdən ayrılmayın” idi. Mərhum Rauf Atakişiyevə məxsus olan bu sözlər daima Ülviyyə ilə mənim xatirimdədir.

       A.H.: - 2000-ci ildən “Xəzər” Universitəsində musiqini tədris edirsiniz, hazırda Musiqi departamentinin müdirisiniz. Beləliklə, pedaqoji fəaliyyətinizdə maarifçilik cizgiləri də vardır, çünki Akademiyadan fərqli olaraq, “Xəzər”də qeyri-musiqiçi gənclərlə işləyirsiniz. Klassik musiqini sevmək və anlamaq qabiliyyətini tərbiyələndirmək, müasir gəncləri həmin sahəyə cəlb etmək olduqca çətin və məsuliyyətli işdir. Bu sahədəki nailiyyətləriniz və çətinlikləriniz nədən ibarətdir?

       Y.A.: - Gənclərimizin musiqi və ümumi dünyagörüşlərində ciddi problemlərini müşahidə edərək və yaranan boşluğu müəyyən dərəcədə doldurmaq niyyətində olaraq, mən “Xəzər” Universitəsinin rektoru və təsisçisi, professor Hamlet Isaxanlının bu tədris ocağında klassik musiqini tədris etmək təklifini məmnuniyyətlə qəbul etdim. Və bu günədək “Xəzər”də böyük həvəslə çalışıram, dərslərdən həzz alıram, çünki zəhmətimin bəhrəsini, gənclərin klassik musiqiyə artan marağını müşahidə edirəm. Semestrin əvvəlində operanı baletdən ayırmayan tələbələr sonradan mənə Vivaldidən, Mosartdan suallar verir, mobil telefonlarının zənglərinin hansı klassik əsərdən götürülməsi ilə maraqlanırlar. Kursun üçdə iki hissəsini Azərbaycan musiqisinə, qalan vaxtı isə dünya musigi mədəniyyətinə həsr edirəm. Ümumiyyətlə, “Xəzər”də milli mədəniyyətimizin tədrisinə və təbliğinə böyük diqqət yetirilir. Bu yaxınlarda yeni Musiqi departamentinin yaranması da həmin fikri sübuta yetirir. Bundan əlavə, “Xəzər” Universitəsində gözəl “Dünya” teatr-ko nsert zalı açılıb. Həmin zalın rəhbəri kimi, mən hazırda bir neçə layihə üzərində işləyirəm. Onlardan biri “Üz-üzə” adlanır və mədəniyyətimizin görkəmli xadimləri ilə yaxından tanışlıq məqsədinə yönəldilir. Artıq böyük sənətkarlarımız Fidan və Xuraman Qasımova bacıları ilə, Vasif Adıgözəlov ilə görüşlər keçirmişik. Perspektivdə də bir çox maraqlı görüşlər nəzərdə tutulub. Ümumiyyətlə, Hamlet müəllimə yeni ideyaları şövqlə qarşıladığına görə və dərhal dəstək verdiyinə görə çox minnətdaram.

        “Stretta”
       Aida Hüseynova: - Birgə yaradıcılıq səylərinizin məhsulu olan “Mi Parti” klipinə qayıdaq. “Mi Parti” fransız dilindən tərcümədə “iki oxşar və eyni zamanda müxtəlif hissələrdən ibarət olan birlik” deməkdir. 1976-cı ildə Vitold Lutoslavski həmin mövzuda orkestr əsəri yazıb. Musiqidə hansı hisslərinizi əks etdirmisiniz və klip onları necə tamamladı?

       Yeganə Axundova: - “Mi Parti”də mən hər qadının adətən zahiri görünüşü arxasında qapalı qalan zəngin daxili aləmini əks etdirməyə çalışmışam. Çox zaman məndən sual olunur ki, niyə klip boyu üzüm heç göstərilmir. Mən də cavab verirəm ki, axı klip mənim barəmdə deyil. Fikir versəniz, musiqidə hətta ürək çırpıntısının səsi eşidilir. Odur ki, rejissor barədə düşünəndə, dedim ki, daxili aləmimə həyat yoldaşımdan yaxşı bələd olan kim tapıla bilər. Odur ki, Nadirlə birgə işləmək qərarına gəldik.

       Nadir Axundov: - Bu klip mənim taleyimdə bir dönüş yaratdı. Artıq on il idi ki, televiziyadan uzaqlaşmışdım və qayıtmaq barəsində, demək olar ki, düşünmürdüm. Məhz “Mi Parti”ni çəkdikdən sonra televiziyaya qayıtdım. Klip üzərində iş prosesi qızğın mübahisələr və ehtiraslı diskussiyalar şəraitində keçdi. Bu da təbiidir, cünki beş saatlıq çəkilişdən cəmi beş dəqiqəlik material seçilməli idi.

       Y.A.: - Yadıma bir məzəli epizod düşdü. Montajçı Etibar Babayev, sakit təbiətli bir insan, dörd gün ərzində bizim ehtiraslı söhbətlərimizi müşahidə etdikdən sonra astaca dedi: “Deyəsən, mən heç vaxt evlənməyəcəyəm.” Halbuki bu gün onun artıq gözəl ailəsi var.


A.H.: - Birgə layihələr xəttini davam edəcəksinizmi?

       N.A.: (zarafatyana) - Yeganə yeni bir əsər bəstələyib ki. Deyəsən o, bizim ailə həyatımızı ciddi təhlükə altına qoyacaq.

       Y.A.: - Valideynlərimin xatirəsinə həsr olunmuş “Ithaf” əsərinə klip çəkmək niyyətindəyik. Yeni işimiz “Mi Parti”dən həm ümumi konsepsiya, həm də tətbiq edəcəyimiz üsullar baxımından xeyli dərəcədə fərqlənəcək.

       A.H.: - Ailədə yaradıcılıqla məşğul olan iki şəxsiyyətin birləşməsinin müsbət və mənfi cəhətləri var. Həm qarşılıqlı anlaşmanın, həm də tələbkarlığın, tənqidi yanaşmanın səviyyəsi artır. Sizin ailənizdə həmin problem necə həll olunur?

       Y.A.: - Mən daim öz həyatımda ailənin qayğılarını ixtisasdan üstün tutmuşam. Zənnimcə, qadının ümdə vəzifəsi ailədə sağlam ab-havanın yaradılması, əmin-amanlıq, rahatlıq hisslərinin təmin edilməsi və qorunub saxlanılmasıdır. Ata ocağında da belə tərbiyə almışam. Evimizdə belə bir qayda var idi ki, atam işdən qayıdandan sonra, mən artıq piano çalmamalı idim. Digər tərəfdən, “dörd” almağa da ixtiyarım yox idi. Yaradıcı planlarımı çox zaman ailəyə qurban vermişəm və bir peşəkar kimi öz potensialımı yalnız qismən reallaşdıra bilmişəm. Məsələn, konsert fəaliyyəti ilə istənilən qədər məşğul olmamışam. Lakin onu da etiraf etməliyəm ki, həyat yoldaşım mənim ixtisasıma və professional əməllərimə daim böyük hörmətlə yanaşıb. Çoxsaatlı məşqlər aparanda da, konsert ərəfəsində həyəcana qapılanda da, mən onun mənəvi dəstəyini daim hiss etmişəm. Bu, doğrudan da böyük xoşbəxtlikdir. Eyni zamanda, işimdə ən tələbkar tənqidçı də Nadirdir.

       N.A.: - Ömrüm boyu musiqi ilə əhatə olunmuşam. Konservatoriya, simfonik orkestr, Musiqili Komediya Teatrı, sonra da televiziya... Açığını deyim, həyat yoldaşımın musiqiçi olmağını o qədər də arzulamırdım. Lakin tale bizi görüşdürdü və bu gün, 20 illik ailə həyatı sürdüyümüzdən sonra, özümü udmuş hesab edirəm. Yeganə xanımla fikirlərimi bölüşdürəndə, onunla məsləhətləşəndə, özümə təsəlli, mənəvi dayaq tapıram. Başqa peşə sahibi məni heç zaman bu cür başa düşə bilməzdi. Yeganə xanımın bədii zövgünə və musiqi duyumuna cox güvənirəm.

       A.H.: - Və nəhayət, ənənəvi olaraq, gələcək yaradıcı planlarınız barədə söhbət açaq.

       Y.A.: - Disk üzərində işləyirəm. Həmin diskə həm klassik fortepiano repertuarı, həm də populyar musiqi sahəsində yazdığım əsərlər daxil olacaq. Klassik bölmədə Raxmaninovun fortepiano və orkestr üçün Paqanini mövzusunda Rapsodiyası, populyar bölməyə isə “Mi Parti” və mahnılarım, o cümlədən Fikrət Qocanın sözlərinə yazdığım, Brilyant Dadaşovanın ifasında tanınan “Yaş o yaş deyil” və Azərinin ifa etdiyi, Ramiz Rövşənin sözlərinə bəstələdiyim “Ayrılıq” mahnıları daxil olacaq. Bundan əlavə, solo konsertə hazırlaşıram. Çox guman ki, onu Filarmoniyada keçirəcəyəm. Lakin bütün detalları açıqlamaq hələ tezdir. Bundan əlavə, “Xəzər” Universitəsinin tələbə və müəllimləri ilə birgə Üzeyir Hacıbəyovun ölməz “Arşın mal alan” komediyasının ingilisdilli versiyasını tamaşaya hazırlayırıq. Mətn Bakı Dövlət Universitetinin baş müəllimi Seyran Ağabəyov tərəfindən tərcümə olunub. Musiqi materialının audio yazısında tanınmış bəstəkarımız Cavanşir Quliyev bizə yardım edir. Guman edirəm ki, bu layihə tezliklə tamaşaçıların mühakiməsinə təqdim olunacaq.

       N.A.: - Hazırda üç layihə üzərində işləyirəm. Birincisi, artıq geyd etdiyim “Dünya musiqisinin inciləri” verilişlər silsiləsidir. Çox guman ki, biz onu şənbə ya bazar günlərində gündüz efirinə salacağıq. Digər layihə dünyanın şou biznesinə həsr olunur. Veriliş həftənin beş günü efirdə olacaq. Burada dünyanın ən tanınmış pop ulduzlarına məxsus olan kliplərin onluğu veriləcək və onların reytinqi interaktiv şəkildə təyin olunacaq. Həftənin sonunda isə estrada musiqimizin ustalarından biri studiyaya dəvət olunacaq və həmin kliplər haqqında öz fikirlərini söyləyəcək. “Həftə sonu” adlanan bu veriliş gənclər üçün nəzərdə tutulub və zənnimcə, keyfiyyətsiz kliplərin çəkilməsinin qarşısının alınmasında müəyyən rol icra edə bilər. Nəhayət, üçüncü layihə caz musiqisinin təbliği ilə əlaqədardır. Caz mərkəzində çəkiliş hüquqları eksklüziv olaraq “Space” kanalına məxsusdur. Hazırda Caz mərkəzinin rəhbərliyi ilə belə sazişə gəlmişik ki, hər şənbə günü axşam bir saat ərzində efirə can lı caz musiqisi verək. Həmin layihəyə artıq Fransanın, Amerikanın, Almaniyanın, Italiyanın, Türkiyənin səfirlikləri qatılıb, digər səfirliklərlə də danışıqlar aparılır. “Jam session”lar da nəzərdə tutulub, onlar Caz klubunda keçiriləcək. Yeni verilişlər haqda düşünürəm. Məsələn, görkəmli pianoçumuz Fərhad Bədəlbəylinin təqdimatında dünya piano ifaçılığının ulduzları ilə tanışlıq, onların video yazılarının səsləndirilməsi də tamaşaçılarımız üçün maraqlı olardı.

       A.H.: - Keçdiyiniz sənət yollarından və bu günədək əldə etdiyiniz nailiyyətlərdən razısınızmı?

       N.A.: - Çox gözəl dərk edirəm ki, işlədiyim sahə həddən ziyada mürəkkəbdir və heç də birmənalı qarşılanmır. Həyatım boyu məni istəməyənlər də olub, məndən inciyənlər də. Lakin hamı üçün yaxşı olmaq mümkün deyil. Mənim əqidəm var və mən ona daim sadiq qalmışam. Efirdə yalnız yüksək keyfiyyətli və bədii zövqün yüksək meyarlarına cavab verən materiallar nümayiş olunmalıdır.

       Y.A.: - Özümü çox xoşbəxt hesab edirəm ki, həyatımı musiqi ilə, Bakı Musiqi Akademiyası ilə bağlamışam. Ona ikinci evim kimi baxıram. Bu möhtəşəm sənət ocağına daxil olduqda rahatlaşıram, buradan qidalanıram, ilham alıram. O ki qaldı yaradıcı işimdən razı olub-olmamağıma... Mənə elə gəlir ki, insan heç zaman gördüyü işdən tam razı qalmır. Ancaq Nadirlə bizim bir amalımız var: öhdəmizə götürdüyümüz iş üzərində gərgin çalışıb, onu mümkün dərəcədə yetkin və peşəkarlıq meyarlara uyğun olan səviyyəyə gətirib çıxaraq və son nəticədən tam razı qalaq. Bu günədək bundan ötrü var gücümüzlə çalışmışıq və öz mövqeyimizə sadiq qalacağıq.

       A.H.: - Maraqlı söhbətinizə görə təşəkkürümü bildirirəm və fürsətdən istifadə edərək, ailənizin 20 illik yubileyi münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm, sizə səadət və yeni yaradıcı uğurlar arzulayıram!

       Material hazırladı: Aida HÜSEYNOVA







Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70