AŞIQ MUSIQISININ TƏDRIS PROSESINDƏ TƏTBIQINƏ DAIR
Afaq RÜSTƏMOVA
 

Azərbaycanın dahi bəstəkarı Ü.Hacıbəyov başda olmaqla, görkəmli bəstəkarlardan - M.Maqomayev, Q.Qarayev, F.Əmirov, Niyazi də aşıq yaradıcılığının böyük bədii-estetik əhəmiyyətini qeyd etmişlər və bu nümunələrdən böyüməkdə olan gənc nəslin musiqi inkişafının tərbiyəsi sistemində istifadə etməyi öz məqalələrində məsləhət görmüşlər.

       Bu fikirlər bir neçə on il bundan əvvəl söylənilməsinə baxmayaraq indi də öz aktuallığını itirməmiş və bu nəzərdən aşıq musiqisindən məktəblilərin musiqi inkişafında istifadə etməklə əlaqədar ciddi tədqiqat aparmaq problemi ortaya çıxır.

       Ümumtəhsil məktəblərinin musiqi fənni üçün ilk proqram 1923-cü ildə tərtib olunmuş və Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən təsdiq edilmişdir. Bu dövrdə musiqi dərsləri yalnız ibtidai siniflər üçün nəzərdə tutulmuş və yuxarı siniflərdə bu fənn tədris planına daxil edilməmişdi. Proqrama daxil edilmiş mahnılar uşaqların yaş səviyyələrinə uyğun deyildi və yalnız xalq mahnılarından ibarət idi.

       1929-cu ildə nəşr edilmiş proqramlarda əvvəlki illərə nisbətən müəyyən dəyişikliklər aparılır. Lakin yenə də əsasən «Üç telli durna», «Küçələrə su səpmişəm», «Gözəlim sənsən», «Gəl, gəl, maralım», «Qalada yatmış idim», «Uca barıdan endim», «Evlərinin dalı qaya» və digər sevgi mövzusunda olan mahnıların proqrama daxil edilməsinə baxmayaraq, aşıq musiqisindən heç bir nümunəyə rast gəlinmirdi. Digər tərəfdən proqrama daxil edilmiş bu xalq yaradıcılığı nümunələri məktəblilərin yaş xüsusiyyətlərinə uyğun gəlmirdi.

       1930-cu ildə nəşr olunmuş proqram da bu qüsurları özündə saxlayırdı.

       1931-ci il RSFSR Xalq Maarif Komissarlığı tərəfindən orta məktəb üçün buraxılmış proqram dəyişdirilmədən 1940-cı ilə kimi qüvvədə qalır və yalnız 1942-ci ildə «Azərnəşr»in «Tədris-pedaqoji şöbəsi», «Ibtidai məktəb proqramları» adlı məcmuədə yeni musiqi proqramı çap olunur. Bu proqram bir sıra keyfiyyətlərinə görə əvvəlkilərdən köklü surətdə fərqlənirdi. Belə ki, proqram müəllifi bəstəkar I.Abdullayev ilk dəfə olaraq, proqrama «Nəğmə», «Musiqi və not savadı», «Musiqi ədəbiyyatı ilə tanışlıq», «Ritmika işləri» kimi bölmələr daxil edir. Proqramda xalq musiqi nümunələri ilə bərabər həm də professional bəstəkar musiqi nümunələri də öz əksini tapır ki, bunun da estetik tərbiyə prosesində çox böyük əhəmiyyəti vardır. Lakin bu proqramda da əvvəlki illərdə olduğu kimi aşıq yaradıcılığına, aşıq musiqi nümunələrinə yer ayrılmamışdı. 1947-ci və 1948-1950-ci illərdə hazırlanmış proqramlarda da heç bir dəyişiklik edilməmişdir.

       1951-ci ildə nəşr edilmiş proqram (müəllif A.Gəray) da yalnız ibtidai siniflər üçün nəzərdə tutulmuşdur. Burada yalnız bir aşıq musiqisi «Yaşa, Azərbaycan!» özünə yer tutmuşdur. Lakin bu aşıq musiqisi nədənsə bəstəkar S.Rüstəmovun adına getmişdir. 1962-64-66-cı illərdə I-VI siniflər üçün çap olunmuş «Musiqi» proqramlarında (müəllif N.Məlikməmmədov) da heç bir aşıq musiqisi nümunələrinə rast gəlmirik.

       Bu proqramın izahat hissəsindən məlum olur ki, o dövrün «Musiqi» dərsləri üç mərhələdə tədris olundu: 1. Mahnı öyrətmək; 2. Musiqi savadı vermək; 3. Musiqi əsərləri ilə tanışlıq.

       Lakin bu mərhələlərin heç birində aşıq musiqisi nümunələri öz əksini tapmamışdır.

       1970-72 və 79-cu illərdə I-VI siniflər üçün çap olunmuş «Musiqi» proqramları (müəllif S.Quliyev) öz məzmunu və quruluşuna görə əvvəkilərdən çox fərqlənsə də aşıq yaradıcılığına olan mənfi münasibəti əvvəlki proqramlarda olduğu kimi idi.

       Bununla bərabər bu proqramlarda repertuar genişlənmiş, son illərdə bəstələnmiş uşaq mahnıları, vokal və instrumental əsərlər adı çəkilən proqramlara daxil edilmiş, şagirdlərin yaş xüsusiyyətləri və imkanları nəzərə alınmış, mahnıların hansı məcmuələrdə nəşr edildikləri göstərilmişdir. Bu proqramların giriş hissəsində mahnı öyrədərkən aşağıda qeyd edilən vəzifələr əsas tutulurdu:

       Şagirdlərdə Vətənə məhəbbət və sovet vətənpərvərliyi hissi tərbiyə etmək, musiqi sənətini onlara sevdirmək və s.

       1985-ci ildə uzun sürən eksperimentlərdən sonra I-VII siniflər üçün yeni tipli «Musiqi» proqramı (müəllif O.Rəcəbov) «Maarif»nəşriyyatı tərəfindən çap olunur. Bu proqramın ona qədərki proqramlardan fərqli cəhəti ondadır ki, ilk dəfə olaraq, hər bir rüb üçün nəzərdə tutulmuş müəyyən mövzulu bütün musiqi əsərləri rüb ərzində bu mövzunun aydınlaşdırılmasına xidmət edirdi. Digər tərəfdən proqramın məzmunu təyin edilərkən müəllif «Millidən ümumbəşəriliyə» kimi bir prinsipdən istifadə etmişdir ki, bu da şagirdlərin milli musiqi ilə yanaşı ümumbəşəri musiqi nümunələrini qavramasına gətirib çıxarır. Əlbəttə ki, bu prinsipin praktik tətbiqi musiqi dərslərinin effektivliyini, keyfiyyətini artıra bilər. Digər tərəfdən proqrama daxil edilmiş ritmika vasitəsilə not savadının verilməsi mərhələsində müəllif müxtəlif xalq musiqi nümunələrini, o cümlədən bəzi aşıq musiqisi nümunələrinin ritmlərindən istifadə etməyi məsləhət görür ki, bu da sonradan dinlənilə biləcək aşıq musiqisi nümu nələrinin melodiyalarının qavranılmasına köməklik göstərə bilər. Lakin proqramın ayrı-ayrı siniflərə daxil edilmiş musiqi materiallarının təhlilindən məlum olur ki, məktəblərimizdə qüvvədə olan 1985-ci il proqramına da aşıq musiqi nümunələri kifayət qədər daxil edilməmişdir. Bu proqramın V-VI, VII siniflərin proqramına daxil edilmiş Ü.Hacıbəyovun «Aşıqsayağı» triosu, Ü.Hacıbəyovun «Koroğlu» operasından «Aşıq mahnısı», R.Qliyerin «Şahsənəm» operasından «Aşıqların deyişməsi» əsərləri heç də demək deyildir ki, məktəblilər əsl aşıq yaradıcılığı ilə tanış olurlar. Belə ki, adları çəkilən musiqi nümunələri aşıq musiqisi ənənələrinə əsaslansa da bunlar əsl aşıq musiqi yaradıcılığına aid edilə bilməz.

       1989cu ildə Respublikamızın tarixində ilk dəfə rus dilli məktəblilər üçün milli «Musiqi» proqramı Azərbaycan Xalq Təhsili Nazirliyinin mətbəəsində çap olunur. Bu proqrama da Azərbaycan dilində olan məktəblilər üçün nəzərdə tutulmuş proqramda olduğu kimi yuxarıda adları çəkilən əsərlər daxil edilmişdir. Beləliklə, 1923-cü ildən bu günə qədər respublikamızda mövcud olmuş ümumtəhsil məktəbləri üçün «Musiqi» proqramlarına aşıq musiqi nümunələri demək olar ki, daxil edilməmişdir.

       Aşıq musiqisi məktəb proqramlarında özünə yer tuta bilməsə də aşıq dastanlarından bir qismi orta ümumtəhsil məktəblərinin ədəbiyyat proqramlarına daxil edilmişdir. Belə ki, görkəmli filoloq-alim M.H.Təhmasib «Azərbaycan Xalq dastanları» adlı monoqrafiyasında belə yazır:

        «1937-ci ildə «Koroğlu» dastanı orta məktəbin ədəbiyyat proqramına daxil edilir. Proqramı tərtib edən akademik H.Araslı, demək olar ki, ilk dəfə eposu xalq hərəkatı, kəndli üsyanları ilə bağlayır, onda istismarçılığa qarşı xalq nifrətinin əks olunduğunu söyləyir». 1

       Lakin təəssüflər olsun ki, «Koroğlu» dastanının musiqisi (nəğmələri) uşaqlara çatdırılmırdı. Belə ki, hələ 1899-cu ildə SMO PK-in 9-cu nömrəsində dərc edilmiş bir məlumatda belə deyilirdi: «Zaqafqaziya tatarları Koroğlu tərəfindən yaradılmış hesab etdikləri nəğmələri böyük bir təntənə ilə oxuyurlar... Ehtimal etməliyik ki, bu nəğmələr öz mənşəyi etibarı ilə xalqa məxsusdur». 2

       Bu onu göstərir ki, aşıq dastanlarımızı, onların musiqi və poeziyanın vəhdəti şəklində yaranmasına baxmayaraq, məktəblərdə yalnız poeziya nümunələri kimi tədris edirdilər.

       1970-ci ildə görkəmli Azərbaycan pedaqoqu Ə.Həşimovun «Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri» adlı monoqrafiyasında aşıq musiqisinin tərbiyəvi əhəmiyyəti haqqında belə bir fikirlə rastlaşırıq.


1 Təhmasib M. Azərbaycan xalq dastanları. Bakı, Elm, 1972, s. 15
2 Elə orada, s. 11

«... el aşıqları, onların oxuduqdarı mahnı və muğamlar, danışdıqları nağıl və dastanlar, indiki mədəni tələblər mənasında desək, əhali üçün vaxtı ilə müəllimi də, mətbuatı da, kinonu da, professional teatrı da, radionu da əvəz etmişdir». 3 Göründüyü kimi, görkəmli pedaqoq-alim də aşıq yaradıcılığının böyük tərbiyəvi əhəmiyyətini qeyd etmişdir.

       Aşıq musiqisi mövzusu elmi, metodik-pedaqoji ədəbiyyatda da öz əksini müəyyən dərəcədə tapmışdır. Məmmədov T.A. «Azərbaycan aşıqlarının ənənəvi havaları» (Bakı, «Işıq» nəşr., 1989) monoqrafiyasında Azərbaycan şifahi xalq ənənələrinə əsaslanan aşıq havaları, onun musiqi-poetik dili, janr formaları haqqında geniş məlumat verir. Bu monoqrafiyanın daha bir yaxşı cəhəti odur ki, burada 60 aşıq havalarının not yazısı öz əksini tapmışdır. Lakin bu əsər sırf musiqişünaslıq səpgisində yazıldığından biz burada araşdırdığımız problemlərlə rastlaşmırıq. Nota salınmış 60 aşıq havalarının ümumtəhsil məktəblərində istifadə edilməsi şagirdlərin bədii-estetik tərbiyəsinə müəyyən dərəcədə müsbət təsir göstərə bilər. Məhz bu baxımdan həmin aşıq havalarının not yazılarından məktəblərdə musiqi dərsləri və dərsdən kənar musiqi məşğələləri prosesində istifadə etmək mümkündür.

       Məmmədova M.K. - «Uşaq bağçasının rus qruplarında Azərbaycan musiqisi nümunələrindən istifadənin pedaqoji imkan və yolları» dissertasiyasını avtoreferatında (Bakı, 1991) digər Azərbaycan musiqisi janrları ilə bərabər estetik tərbiyə prosesində eyni zamanda aşıq musiqisi nümunələrindən də istifadə etməyi məsləhət görür ki, bunun da həm müsbət, həm də mənfi cəhətləri vardır. Belə ki, bağça yaşlı uşaqlar üçün aşıq musiqisi qavramaq hələ çox tezdir, digər tərəfdən isə rəqs xarakterli bəzi aşıq musiqisi nümunələrini dinləmək və ritmika mərhələlərində istifadə etmək mümkündür.

       Sadıqov F. «Məktəb özfəaliyyət musiqi dərnəkləri» (Bakı, 1988) adlı monoqrafiyasında ümumtəhsil məktəblərində digər xalq çalğı alətləri ilə bağlı dərnəklərin yaradılması ilə bərabər aşıq musiqisini öyrədən dərnəklərin də yaradılmasını tövsiyə edir. 4

       1976-cı ildə V.I.Lenin adına API-nun mətbəəsində professor S.Quliyevin «Musiqi tərbiyəsi və tədrisinin metodikası» adlı metodik vəsait çap olunur. Bu vəsaitdə də musiqi tərbiyəsinin müəyyən problemlərinə həsr olunmuş məqalələr, I-VI sinif üçün musiqi proqramı və proqrama daxil edilmiş mahnıların sözləri öz əksini tapmışdır. Bu tədris vəsaiti ümumtəhsil məktəblərinin musiqi müəllimləri üçün müəyyən dərəcədə əhəmiyyətli olsa da bilavasitə biz bu metodik məcmuədə aşıq musiqisinin tədrisi ilə əlaqədar heç bir elmi axtarışlara rast gəlmirik ki, bu da məhz o dövrdə aşıq musiqisinə düzgün olmayan münasibətin nəticəsi kimi qiymətləndirilə bilər. Belə ki, uzun illər məktəb şagirdlərinə professional Azərbaycan, rus, Avropa bəstəkarlarının müxtəlif janrlı əsərləri ilə tanış olması məsləhət görülsə də, aşıq musiqisi və digər xalq musiqi nümunələri diqqətdən kənarda qalmışdır. 5

       Görkəmli Azərbaycan musiqişünası M.S.Ismayılov «Azərbaycan xalq musiqisinin janrları» adlı monoqrafiyasında aşıq musiqisinə xüsusi yer ayırır. Bu monoqrafiyada aşıq musiqisini qəhrəmanlıq, lirik, epik, məzhəkəli kimi qruplara bölən müəllif həm də bu janrdan məktəblilərin estetik tərbiyəsi prosesində istifadə etməyi məsləhət görür. Bu əsərin məktəb üçün yaxşı cəhətlərindən biri də odur ki, müəllif professional bəstəkarlarımızdan Ü.Hacıbəyovun, Q.Qarayevin, C.Hacıyevin, C.Cahangirovun, Ə.Abbasovun və digərlərinin yaradıcılığında aşıq musiqisinin yer tapmasını aydınlaşdırıb və bunlardan da dərs prosesində istifadə etmək mümkünlüyünü göstərib. 6

       Mustafayeva J.Ə. «Şagirdlərin vətənpərvəlik tərbiyəsində xalq pedaqogikası materiallarından istifadə» (Bakı, 1992, Avtoreferat) adlı dissertasiyasında digər xalq yaradıcılığı nümunələrilə yanaşı, aşıq yaradıcılığından məktəblərimizdə düzgün istifadə olunmadığını qeyd edir. Onun tədqiqatından aydın olur ki, məktəblərin ədəbiyyat kursunda aşıq yaradıcılığının öyrənilməsinə çox az vaxt ayrılıb ki, 2 saat ərzində bu qədər məsələlərdən danışıb, onları şagirdlərə ədəbi-bədii və pedaqoji aspektdə dərindən öyrətmək qeyri-mümkündür. 7

       Ü.Hacıbəyov özünün «Aşıq yaradıcılığı» məqaləsində aşıq musiqisini epik və lirik olaraq iki kateqoriyaya ayırmaqla bərabər bu nümunələri ümumtəhsil və musiqi təhsili sistemində böyüməkdə olan nəslə öyrətməyi məsləhət görür. 8

       V.Xəlilov «Azərbaycan folklor nümunələrindən istifadə kiçik yaşlı məktəblilərin estetik tərbiyə vasitəsi kimi» dissertasiyasında aşıq musiqisinin məktəb praktikasında az istifadə olunduğunu qeyd etməklə bərabər bu janrdan olan nümunələri kiçik yaşlı məktəblilərin tədris proqramlarına daxil etməyi məsləhət görür. 9

V.Xəlilov öz dissertasiyasında aşıq musiqi nümunələrinin şagirdlərin mənəvi hisslərinin formalaşması prosesində böyük əhəmiyyətə malik olduğunu göstərməklə bərabər, bu nümunələrdən fənlərarası əlaqə mərhələsində də istifadə etməyi məsləhət bilir. Lakin onun tədqiq etdiyi problem ibtidai sinif şagirdlərilə əlaqədar olduğu üçün müəllif geniş mənada aşıq musiqisindən istifadə etmək məsələsini həll edə bilməzdi.

1985-ci ildə Moskva şəhərində F.Xalıqzadənin «Azərbaycan xalq musiqisinin ritmikası» adlı dissertasiyasının avtoreferatının ikinci fəslində instrumental və vokal aşıq musiqisinin ritmikası elmi cəhətdən araşdırılıb. Lakin bu araşdırma yalnız musiqişünaslıq baxımından olub, burada araşdırdığımız problem öz əksini tapmamışdır.

Azərbaycan Respublikası Maarif Nazirliyinin mətbəəsində 1986-cı ildə O.Rəcəbovun və F.Sadıqovun «Musiqi dərslərində tərbiyə işinin təşkili» adlı metodik tövsiyələr çap olunur. Bu metodik vəsaitdə uşaq mahnılarından kiçik yaşlı məktəblilərin estetik tərbiyə sistemində istifadə imkanları araşdırmaqla bərabər həm də müxtəlif xalq musiqisi janrlarından, o cümlədən aşıq musiqisindən məktəbdə istifadə edilməsi məsləhət görülür. Bu haqda müəlliflər belə yazırlar: «Ayrı-ayrı mahnıların (o cümlədən aşıq havalarının) vətənpərvərlik və beynəlmiləlçilik imkanlarından istifadə etmədikdə dərs sönük, zəif keçir». 10

Göründüyü kimi, müəlliflər aşıq havalarından da vətənpərvərlik tərbiyəsi sistemində istifadə etməyi məsləhət görsələr də, məhz aşıq havalarının necə məktəbə gətirilməsini göstərməmişlər.

1990-cı ildə Moskvada «Muzıka» nəşriyyatında «Azərbaycan instrumental musiqisi» 11 adlı vəsait çap olunur. Bu vəsaitə sənətşünaslıq namizədi S.Abdullayevanın yazdığı giriş sözündə digər Azərbaycan instrumental xalq musiqisi nümunələrilə bərabər aşıq instrumental musiqisi haqqında da yığcam məlumat verilir. Bu vəsaitdə xalq havalarının bir neçəsinin not yazısı da öz əksini tapmışdır ki, bunlardan ümumtəhsil məktəblərinin «Musiqi» dərslərində müəllimlər istifadə edə bilərlər. Həmin vəsaitə daxil olan aşıq havaları belə adlanırlar: Misri, Baş müxəmməs, Koroğlu, Qəhrəmanı, Müxəmməs, Duraxanı, Ovşarı, Kərəmi, Şəmkir dübeyti, Şirvan şikəstəsi, Şikəstə, Aşıq gözəlləməsi, Şəmkir gözəlləməsi, Yanıq Kərəmi, Şirvan gülü, Əkbə, Orta müxəmməs, Osmanlı. Göründüyü kimi bu not nümunələri musiqi müəllimləri üçün çox lazımlı didaktik vəsait ola bilər.

1988-ci ildə musiqişünas N.Ələkbərovanın «Estetika və musiqi yaradıcılığı» adlı tədqiqat işi Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən çap olunur. Müəllif aşıq musiqisinə həsr etdiyi paraqrafda bu janrın yaradıcılıq xüsusiyyətlərini fəlsəfi nöqteyi-nəzərdən tədqiq etməklə bərabər onlardan tədris prosesində geniş istifadə etməyi məsləhət görür. 1992-ci ildə O.Rəcəbov və E.Dehqaninin «Ümumtəhsil məktəblərində musiqi tədrisi metodikası» adlı metodik vəsaiti Gəncə şəhərinin Dövlət Pedaqoji Institutunun Nəşriyyatı tərəfindən çap olunur. Bu metodik vəsaitdə aşıq musiqisinin məktəblə əlaqəsi haqqında belə yazılır: «Azərbaycan xalq aşıq musiqilərinin arasında cəsurluq, nəciblik və doğruluğu tərənnüm edən qəhrəmanlıq mahnıları az deyildir. Xalqımız Cavanşir, Koroğlu, Qaçaq Nəbi, Qatır Məmməd kimi qəhrəmanlarına mahnılar həsr etmişdir ki, bundan da musiqi dərslərində istifadə etmək olar». Adı çəkilən metodik vəsaitdə həm də qeyd olunur ki, son otuz ildə aşıq musiqisi ümumtəhsil məktəblərinin musiqi proqramlarında çox az miqdarda daxil edilib ki, bu da şagirdlərdə qədim xalq musiqisi janrı haqqında məlumatların olmamasına gətirib çıxarır və onlara maraq azalır.


3 Həşimov Ə. Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri. Bakı, Maarif, 1970, s. 168
4 Sadıqov F. Məktəb özfəaliyyət musiqi dərnəkləri. Metodik tövsiyələr. Bakı, Azərbaycan Maarif Nazirliyinin mətbəəsi, 1988, s. 38-40
5 Quliyev S. Musiqi tərbiyəsi və tədrisi metodikası. Bakı, API nəşr., 1976
6 Ismayılov M.S. Azərbaycan xalq musiqisinin janrları. Bakı, Azərb. SSR Elmlər Akademiyasının nəşr., 1960, s. 47
7 Mustafayev J.Ə. Şagirdlərin vətənpərvərlik tərbiyəsində xalq pedaqogikası materiallarından istifadə. Bakı, 1992, s. 12
8 Qadcibekov. U. O muzıkalğnom iskusstve Azerbaydcana. Baku, Azqosizd., 1966, s. 33
9 Xəlilov V. Azərbaycan folklor nümunələrindən istifadə kiçik yaşlı məktəblilərin estetik tərbiyə vasitəsi kimi. Bakı, 1975, s. 7
10 Rəcəbov O., Sadıqov F. Musiqi dərslərində tərbiyə işinin təşkili. Bakı, 1986, s. 43
11 Azerbaydcanskaə instrumentalğnaə muzıka. M., Muzıka, 1990

1987-ci ildə görkəmli Azərbaycan musiqişünası N.Bağırovun «Aşıq musiqisi» adlı metodik vəsaiti Azərbaycan Xalq Təhsili Nazirliyinin mətbəəsi tərəfindən çap olunur. Müəllif respublikamızın tarixində ilk dəfə olaraq bir neçə aşıq dastanlarını və on yeddi aşıq havasını ifa olunduğu kimi nota köçürmüşdür. Həmin metodik vəsaitin giriş hissəsində aşıq musiqisinin ifa tərzi və öyrədilməsinin yolları göstərilmişdir. Bu metodik vəsaitin daha bir əhəmiyyəti ondan ibarətdir ki, musiqi müəllimləri bu not nümunələrindən didaktik vəsait kimi istifadə edə bilərlər.

1990-cı ildə Azərbaycan Xalq Təhsili Nazirliyinin mətbəəsində musiqişünas N.Quliyevin «Azərbaycan xalq professional musiqisində çoxsəslilik» adlı metodik vəsaiti çapdan çıxır. Bu vəsaitdə digər xalq musiqi nümunələrilə bərabər həm də aşıq musiqisi yaradıcılığında çoxsəslilik elementləri öz əksini tapmışdır. Məhz bu vəsaitdə göstərilən çoxsəslilik elementlərindən şagirdlərin harmonik musiqi eşitmə qabiliyyətlərinin inkişaf etdirilməsində istifadə etmək mümkündür. 1988-ci ildə Azərbaycan Respublikası Maarif Nazirliyinin mətbəəsində pedaqoji elmlər doktoru F.Sadıqovun «Məktəbdəki özfəaliyyət musiqi dərnəkləri» adlı metodik tövsiyələri çapdan çıxır. Bu metodik vəsaitdə müəllif F.Sadıqov məktəblərimizdə olan musiqi dərnəklərinin vəziyyətini öyrənmiş və onun apardığı müşahidələrdən məlum olmuşdur ki, ümumtəhsil məktəblərimizdə oxuyan şagirdlər əsasən qarmon və nağara alətlərində çalmaq istəyirlər. Bu tədqiqat da bir daha sübut edir ki, qədim musiqi alətimiz olan saz və ümumiyyətlə aşıq yaradıcılığı uzun müddət yaxş ı təbliğ edilmədiyindən ona mənfi münasibət olmuşdur.

       1992-ci ildə O.Rəcəbovun «Azərbaycan Respublikasının ümumtəhsil məktəb şagirdlərinin musiqi mədəniyyətinin formalaşdırılmasının problemləri» adlı doktorluq dissertasiyasının avtoreferatında böyüməkdə olan gənc nəslin tərbiyəsi sistemində xalq musiqimizin digər nümunələrilə bərabər aşıq musiqisinin böyük əhəmiyyət kəsb etdiyi qeyd olunur. Dissertasiyada aşıq musiqisinin böyük formaları ilə yanaşı dastanlarının tərkib hissələri olan Gəraylı, Qoşma, Müxəmməs və s. kimi növlərindən orta ümumtəhsil məktəblərimizin musiqi dəsrlərində və dərsdən kənar musiqi məşğələlərində istifadə etmək məsləhət görülür.

       Adı çəkilən problemlə bağlı 1994-cü ildə I.Imamverdiyevin «Azərbaycan aşıq ifaçılığı sənətinin səciyyəvi xüsusiyyətləri», məqalənin müəllifinin «Aşıq musiqi yaradıcılığı yeniyetmələrin musiqi inkişafında vasitə kimi», 1995-ci ildə A.Kərimovun «Azərbaycan aşıqlarının Tovuz məktəbi» mövzusunda namizədlik dissertasiyaları, 1996-cı ildə Ə.Eldarovanın «Azərbaycan aşıq sənəti» tədqiqat işi, 1998-ci ildə K.Dadaşzadənin «Azərbaycan aşıqlarının epik oxumalarının semiotik prinsipləri barədə» namizədlik dissertasiyası əhəmiyyətli elmi əsərlərdəndirlər.

       2002-ci ildə sənətşünaslıq doktoru, professor T.Məmmədovun ali məktəblər üçün tərtib edilmiş «Azərbaycan xalq-professional musiqisi: aşıq sənəti» adlı dərs vəsaitində aşıq xalq-professional sənətinin ən başlıca xüsusiyyətləri əks olunmuş və əyani not misalları təqdim edilmişdir. Tədqiqat işi Bakı Musiqi Akademiyasının, pedaqoji universitetlərin musiqi şöbələri və musiqi texnikumlarının tələbələri üçün dəyərli vasitədir. Bu dərs vəsaiti həmçinin aspirantlar, musiqi tədqiqatçıları və uşaq musiqi məktəblərinin müəllimləri üçün də nəzərdə tutulmuşdur.

       2003-cü ildə məqalənin müəllifinin ümumtəhsil məktəblərinin musiqi müəllimləri üçün nəzərdə tutulmuş «Aşıq mahnı yaradıcılığı və onun musiqi tədrisi prosesində tətbiqi» və «Yuxarı sinif şagirdlərinin musiqi qavrayışı prosesində aşıq yaradıcılığının əhəmiyyəti» adlı metodik tövsiyyələri nəşr edilmişdir.

       Tədqiqatlar və elmi axtarışların nəticəsi göstərir ki, aşıq musiqisi yaradıcılığından dərs və dərs-dənkənar musiqi məşğələlərində istifadə edilməsi haqqında «Azərbaycan məktəbi», «Məktəbəqədər və ibtidai məktəb» jurnallarında heç bir məqalə çap olunmamışdır. Bu bir daha sübut edir ki, uzun illər aşıq musiqi yaradıcılığı məktəb təcrübəsindən kənarda qalmış, uşaqlarımızın musiqi estetik tərbiyəsi prosesinə güclü təkan verə biləcək bu xalq yaradıcılığı nümunələrindən istifadə edilməmişdir.

       Aşıq musiqisi ilə əlaqədar aparılmış təqqiqatların əksəriyyəti isə məhz musiqişünaslıq istiqamətində olmuşdur ki, bunlardan da ümumtəhsil məktəblərimizdə müəllimlərimiz üçün didaktik material kimi istifadə edilməmişdir. Bu isə ondan irəli gəlmişdir ki, qədim Azərbaycan xalq yaradıcılığı nümunəsi olan aşıq musiqisi uzun müddət respublikamızda lazımınca qiymətləndirilməmiş və onun böyük tərbiyəvi əhəmiyyəti diqqət-nəzərdən kənar qalmışdır.

       Digər tərəfdən aparılan müşahidə və mübahisələr bir daha təsdiq edir ki, Azərbaycan xalq musiqisi yaradıcılığının qiymətli abidəsi olan aşıq musiqi nümunələrinin toplanması, onunla əlaqədar müəyyən elmi materialların öyrənilməsi sahəsində müəyyən işlər görülsə də həmin musiqi nümunələrindən ümumtəhsil məktəblərində şagirdlərin bilik, bacarıq və vərdişlərinin formalaşdırılması prosesində istifadə etmək problemi öz həllini tapmamışdır.

       Dediklərimizlə əlaqədar aşıq musiqisinin orta ümumtəhsil məktəblərinin I-VIII siniflərində mistifadəsi üçün aşağıdakı təkliflər məsləhət görülür:

       1. Şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq orta ümumtəhsil məktəblərinin «Musiqi proqramlarına» qədim klassik aşıq musiqisi nümunələrini daxil etmək məktəblilərin bədii-estetik tərbiyəsinin inkişafına səbəb ola bilər.

       2. Orta ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün «Musiqi» dərsliklərində klassik Azərbaycan aşıqlarının həyat və yaradıcılıqları ilə əlaqədar sadə məlumatların verilməsi dərslik müəllifləri məsləhət görülsün, həm də bu materialların sadədən mürəkkəbə prinsipi ilə tərtib edilməsi nəzərə alınsın.

       3. Ümumtəhsil məktəblərimizdə fəaliyyət göstərən «Aşıq» dərnəkləri üçün onlardan yaş xüsusiyyətlərinə uyğun olan didaktik vəsaitlərinin yaradılması sahəsində əməli işlər görülsün.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70