Azərbaycan musiqi tarixində və inkişafında Respublikanın xalq artisti, Dövlət mükafatı laureatı, istedadlı dirijor, tanınmış pedaqoq, ictimai xadim, professor S.Ələsgərov özünəməxsus fəxri yer tutan bəstəkarlardan biridir. Onun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin parlaq bir səhifəsidir.
Xalq yaradıcılığından bəhrələnən bəstəkarın özünəməxsus dil üslubu, fərdi yaradıcılıq prinsipləri və xüsusiyyətləri onun bütün əsərlərində diqqəti cəlb edir.
Musiqişünaslar S.Qasımova, N.Bağırov onun musiqisi haqqında yazırlar: «S.Ələsgərov musiqisi üçün şən, sevindirici əhval-ruhiyyə, emosionallıq, fikrin səmimiyyəti xasdır. Günün akutal məsələləri, müasirlərimizin həyatı, onların arzu və istəkləri, Vətənin tərənnümü, adamlarımızın əmək nailiyyətləri - bütün bunlar S.Ələsgərovun yaradıcılığında öz əksini tapır. Xalq yaradıcılığına xas olan intonasiyalardan, ritmlərdən geniş istifadə edən S.Ələsgərov folklor sənətinin təkraredilməzliyini, orijinallığını öz əsərlərində səmimi şəkildə ifadə etməyə çalışır. Bu işdə ona xalq musiqiçiləri ilə daima əlaqəsi xeyli kömək edir». 1
S.Ələsgərov zəngin musiqi irsinə malikdir. Bu musiqi irsi Azərbaycan professional musiqisinin bir çox janrlarını əhatə edir. Bəstəkar 2 operanın («Bahadur və Sona» və «Solğun çiçəklər»), 12 musiqili komediyanın, 2 simfoniyanın («Gənclik» və «Vətən), «Bayatı-Şiraz» simfonik muğamının, violonçel, fortepiano və simfonik orkestr üçün «Ikili konsert»in, simfonik orkestr üçün «Uvertüralar»ın, 2 simfonik poemanın, 6 kantatanın, bir sıra kamera-instrumental əsərlərin, tar ilə Azərbaycan xalq çalğı alətləri orkestri üçün 3 konsertin, xor üçün, xalq çalğı alətləri orkestri üçün bəstələnmiş rəngarəng janrlı əsərlərin, 200-ə qədər mahnı və romansların müəllifidir.
Süleyman Ələsgərovun yaradıcılıq marağı çox zəngindir. O, daima çalışmışdır ki, qədim və zəngin bir tarixə malik olan xalq musiqimizin ən gözəl ənənələrini öz yaradıcılığında əks etdirsin.
S.Ələsgərovun geniş dinləyici kütləsi arasında tanınması 40-cı illərin əvvəllərinə aiddir. 1944-cü ildə Tbilisidə Zaqafqaziya respublikalarının ongünlüyü keçirilən zaman başqa bəstəkarlarımızla yanaşı S.Ələsgərov da iştirak edirdi. Ongünlükdə səsləndirilən bir çox mahnılarla yanaşı onun “Gözlə məni” mahnısı da ifa olundu. Bu mahnını o,1942-ci ildə yazmışdı. Ilk ifadan sonra bu mahnı dinləyiciər arasında yayıldı, öz müəllifinə şöhrət gətirdi.
Bəstəkar bu əsəri haqqında deyirdi: “Ilk mahnımı mən ikinci cahan müharibəsi illərində yazmışam. Bu, cəbhədə həlak olmuş istedadlı şair Şirzad Əliyevin sözlərinə yazılmış «Gözlə məni» mahnısıdır. Mən xoşbəxtəm ki, bu ilk mahnımı Azərbaycan vokal məktəbinin banisi Bülbül oxumuşdur». 2
Tbilisidə keçirilən ongünlükdə gənc bəstəkarın mahnıdan başqa süitası da ifa olunmuşdur.
Sonrakı illərdə Azərbaycan Dövlət Konservatoriyasında məşhur pedaqoq, professor Boris Zeydmanın bəstəkarlıq sinfində təhsil alarkən o, Sovet Ittifaqı Qəhrəmanı, general Həzi Aslanova həsr olunmuş simfonik «Poema», «Məhəbbət gülü» musiqili komediyasını3, simli kvartet, skripka, violonçel və fortepiano üçün «Trio», «Xatirə» əsərlərini yazır. III kursda təhsil alarkən o, simfonik orkestr üçün «Bayram uvertürası»nı, violonçel, fortepiano və simfonik orkestr üçün ikili «Konsert»ini, nəhayət, diplom işi olan «Vətən» simfoniyasını bəstələyir. Hər üç əsər elə yazıldığı dövrdə musiqi ictimaiyyəti arasında rəğbətlə qarşılanır və bu günümüzə qədər həmin simfonik əsərlər açıq konsertlərdə səsləndirilir. Onların lent yazısı radionun, videoyazısı isə mavi ekranın fonduna daxil olmuş, vaxtaşırı səsləndirilir və ekranda göstərilir.
Görkəmli bəstəkar Əşrəf Abbasov «Bayram uvertürası»nı bəstəkarın ən müvəffəqiyyətli əsərlərindən sayır: «Burada xəlqilik, melodiya zənginliyi, harmoniya əlvanlığı… orkestrin parlaq səslənməsi, musiqi inkişafının qanunauyğunluğu və ümumi ahəngi uvertüranın bayramsayağı ifasına gətirib çıxarır». 4
S.Ələsgərovun violonçel, fortepiano və simfonik orkestr üçün yazdığı ikili «Konsert» onun yaradıcılığında müstəsna yer tutur. Bu əsər milli konsert janrının təşəkkülündə və inkişafında müəyyən mərhələ rolunu oynamışdır. 5
S.Ələsgərov simfonik muğam sahəsində də çalışmışdır. Onun «Bayatı-Şiraz» simfonik muğamı bu janrda «Şur», «Kürd-Ovşarı», «Rast»dan sonra yazılmış gözəl nümunədir.
Bu simfonik muğam haqqında professor E.Babayev yazır: «Bayatı-Şiraz» simfonik muğamı rəng və təsniflərdən, «Aman ovçu», «Laçın» kimi xalq mahnılarımızdan, peşəkar el ustalarımızın sənət yönünü əks etdirən muğam parçalarından hörülmüş min çalarlı, min çiçəkli musiqi çələngidir. Burada monumentallıq nəfis xallarla, ornament bəzəklərilə, kamil forma, dərin melodik dolğunluqla uzlaşır». 6
50-ci illərin əvvəllərində bəstəkarın «Gənclik» simfoniyası da ona şöhrət gətirir. Bu simfoniya 1954-cü ildə Mingəçevir SES-in tam işə düşdüyü zaman yazılıb.
S.Ələsgərovun yaradıcılığında kamera instrumental əsərlər də vardır. Onların arasında fortepiano, tar, skripka üçün «Trio»nu, fortepiano üçün «Rəqstokkata»nı, skripka və fortepiano üçün «Sonata»nı, fortepiano üçün «Düşüncə»ni qeyd etmək olar. Bu əsərlər açıq konsertlərdə, mavi ekranda, radio dalğalarında ifa olunmaqla bərabər, ali və orta ixtisas musiqi məktəbləri tələbələrinin tədris proqramına daxil edilmişdir.
S.Ələsgərovun yaradıcılığında mahnı xüsusi yer tutur. Bəstəkar 200-dən artıq nəğmənin müəllifidir. Xüsusilə əmək mahnıları mövzusunda onun bir çox mahınısı var. V.Xəlilov «Bəstəkar Süleyman Ələsgərov» kitabçasında müəllifin dilində bu haqda yazır: «Mən Azərbaycan torpağını qarış-qarış gəzirəm. Vətənin gözəlliklərini vəsf etməklə bərabər onun əməkçiləri ilə tez-tez görüşürəm. Hər təzə görüş qəlbimdə insan əməyinin qüdrəti, yenilməzliyi barədə hisslər yaradır». 7
Bəstəkarın əmək mahnılarından ibarət «Işıq» nəşriyyatı iki məcmuə buraxmışdır. Bunlar «Hünər və könül təranələri», «Əmək və hünər nəğmələri» adlanır.
S.Ələsgərovun mahnı yaradıcılığı əmək mahnıları ilə bitmir. Vətən, onun ayrı-ayrı guşələri haqqında məhəbbət, sülh, xalqlar dostluğu mövzularında da mahnıları var. Bu mövzuda olan mahnıların musiqisi əzəmətli, şən, şux xarakter daşıyır.
Bəstəkarın yaradıcılığında mahnılarla yanaşı, romanslar da xüsusi yer tutur. Onun romanslarının çoxu klassiklərimizin şer və qəzəllərinə yazılmışdır. Xüsusilə Nizaminin sözlərinə «Sərvi xuramanım mənim», Füzulinin sözlərinə «Vətənimdir», Nəsiminin sözlərinə «Neylərəm» qəzəl-romansları8 yazıldığı vaxtdan bu günə qədər məşhur müğənnilərimiz tərəfindən sevilə-sevilə oxunur və musiqi sevərlərin rəğbətini qazanır. S.Ələsgərovun mahnı-romans janrında yazdığı əsərlər də maraqlı və xoşagələndir. Bu mahnılardan ən məşhurları «Küsmərəm» (söz: M.Müşfiqindir), «Yada düşdü» (söz: C.Cabbarlınındır), «Qarabağ» (söz: S.Rüstəmindir), «Bilmirəm» (söz: M.Ə.Sabirindir) romansları rəngarəngliyinə, bir-birini təkrar etməyən musiqi nümunələrinə görə fərqlənir. Bütün bunlardan əlavə bəstəkarın böyük müəllimi dahi Üzeyirbəy Hacıbəyovun xatirəsinə həsr etdiyi «Eşq olsun sənətkara» (söz: S.Vurğunundur) balladası yaradıcılığında mühüm əhəmiyyətə malikdir.
S.Ələsgərovun yaradıcılığında musiqili-səhnə əsərləri də əlamətdar yer tutur. O bütün yaradıcılığı boyu bu kimi əsərlərə müraciət edib. Bəstəkar musiqili-komediya janrını daha çox sevirdi. Onun 12 musiqili komediyası Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulmuş və bəstəkara şöhrət gətirmişdir. Bu səhnə əsərlərində o, dahi Ü.Hacıbəyovun musiqili komediya ənənələrini öz yaradıcılığında davam etdirmişdir.
1 Qasımova S., Bağırov N. Süleyman Ələsgərov. «Azərbaycan sovet musiqi ədəbiyyatı». Orta ixtisas musiqi məktəbləir üçün dərslik. Bakı, 1984, s. 184
2 Sitat R.Zöhrabovun «Məhsuldar yaradıcılıq» məqaləsindən götürülmüşdür. «Bəstəkarlarımız haqqında söz» toplusu, Bakı, Şur, 1995, s.34
3 Bu əsərin ilk tamaşası 1945-ci ildə Bakıda olmuşdur. Rejissorlar - Ş.Bədəlbəyli, N,Şərifov, dirijor-müəllif, rəssam N.Fətullayevdir.
4 Sitat R.Zöhrabovun «Məhsuldar yaradıcılıq» məqaləsindən götürülmüşdür. «Bəstəkarlarımız haqqında söz» toplusu, Bakı, Şur, 1995, s. 35
5Yenə orada, s.34
6 Babayev E. Süleyman Ələsgərov. Bakı, 1992, s. 26
7 Xəlilov V. Bəstəkar Süleyman Ələsgərov. Bakı, Işıq, s. 23
8 Romans-qəzəl janrının təməli Üzeyirbəy tərəfindən qoyulmuşdur.
S.Ələsgərov Azərbaycanda musiqili komediya janrının inkişafında öz səsi, dəst-xətti ilə tanınır. Musiqi dilinin sadəliyi, obrazların təbiiliyi, forma aydınlığı, orkestr səslənməsində milli koloriti bəstəkarın yaradıcılığına xas olan xüsusiyyətlərdir. 1945-ci ildə o, özünün «Məhəbbət gülü» (librettosu H.Muxtarovundur) adlı ilk musiqili komediyasını yazır. Sonralar bir-birinin ardınca gələn «Ulduz» (1948, librettosu S.Rəhmanın), Ş.Qurbanovun librettoları əsasında «Özümüz bilərik» (1962), «Olmadı elə, oldu belə» (1964), «Milyonçunun dilənçi oğlu» (1966), «Hardasan ay subaqlıq» (1968, librettosu S.Qədirzadənin), «Sevindik qız axtarır» (1970, librettosu Ş.Qurbanovun), «Həmişə xanım» (1971, librettosu S.Qədirzadənin), «Gurultulu məhəbbət» (1973, librettosu S.Qədirzadənin), «Subaylarınızdan görəsiniz» (1992, librettosu I.Məmmədzadənin), «Hərənin öz ulduzu» (1995, librettosu I.Məlikzadə) və s. musiqili komediyalırı bəstəkarın bu sahədə böyük yaradıcılıq imkanlarını açıb göstərir.
Onun musiqili komediyaları arasında «Ulduz» daha çox məşhurdur. 9 «Ulduz» ilk dəfə 1948-ci ildə tamaşaya qoyulmuşdur. Əsərin tamaşaya hazırlanmasında rejissor Şəmsi Bədəlbəylinin xüsusi əməyi var.
1965-ci ildə «Ulduz» Moskvanın Kreml Teatrında göstərilmişdir.
Əsər eləcə də Bolqarıstanda tamaşaya qoyulmuşdur. Bu musiqili komediya 11 dilə tərcümə edilmişdir.
«Ulduz» musiqili komediyası lentə yazılıb Teleradio Şirkətinin qızıl fonduna daxil olunmuş, 1957-ci ildə qrammafon valına alınmışdır. 1964-cü ildə isə bu əsər C.Cabbarlı adına Azərbaycan Kinostudiyasında ekranlaşdırılmışdır.
Bəstəkarın digər məşhur əsəri Ş.Qurbanovun librettosuna yazdığı «Milyonçunun dilənçi oğlu» musiqili komediyasıdır. Bu musiqili komediya tez bir zamanda müvəffəqiyyət qazanır.
Aydın musiqi dilinə, forma rəngarəngliyinə görə «Milyonçunun dilənçi oğlu» əsərinin yaradıcı kollektivi – bəstəkar S.Ələsgərov, dramaturq Ş.Qurbanov, rejissor Ə.Ələkbərov, rəssam B.Mirzəzadə 17 aprel 1967-ci ildə Ü.Hacıbəyov adına Respublika Dövlət Mükafatına layiq görülmüşlər. Əsər, həmçinin rus dilinə tərcümə olunmuş və Azərbaycan Dövlət Musiqili Komediya teatrının rus truppası tərəfindən tamaşaya hazırlanmışdır.
Operetta 1992-ci ildə Türkiyədə Ankara Dövlət Opera və Balet Teatrında «Zəngin babanın fəqir oğlu» adı ilə hazırlanıb səhnəyə qoyulmuşdur. 10
Süleyman Ələsgərov əsərin librettonu müəllifi Şıxəli Qurbanovla yaradıcılıq əlaqəsi barədə yazırdı: «Şıxəli Qurbanov güclü məntiqə, böyük istedada malik şəxsiyyət idi. Mən onun librettoları əsasında «Özümüz bilərik», «Olmadı elə oldu belə», «Milyonçunun dilənçi oğlu», «Sevindik qız axtarır» kimi mövzularda müasir həyatdan götürülmüş operettalar yazmışam. Onunla işləməkdən böyük zövq alırdım. Geniş dünyagörüşünə, dərin biliyə malik idi». 11
S.Ələsgərov Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş dirijor, sonra isə uzun müddət direktor vəzifəsində çalışmışdır.
Süleyman Ələsgərovun yaradıcılığında N.Nərimanovun eyniadlı dramı əsasında yazdığı «Bahadır və Sona» operası da xüsusi yer tutur. Əsər 1962-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində müvəffəqiyytələ tamaşaya qoyulmuşdur. Libretto müəllifi Əfrasiyab Bədəlbəyli, şerlər Ş.Qurbanovundur. Əsərin ideyasını lirik-psixoloji opera janrında təcəssüm etdirən bəstəkar, klassik operaların, həmçinin Azərbaycan, rus və Qərb operaları ənənələrinə əsaslanır.
Süleyman Ələsgərovun ikinci operasın «Solğun çiçəklər»dir. Əsər görkəmli dramaturq C.Cabbarlının eyni adlı dramı əsasındadır. Bu operettanın librettosunu və şerlərini H.Ziya yazmış, rejissoru tanınmış aktyor, Azərbaycanın xalq artisti Y.Nuri, rəssamı isə əməkdar incəsənətə xadimi Ə.Fətəliyevdir.
«Solğun çiçəklər» operası 1997-ci ildə Azərbaycan Dövlət Akademik opera və balet teatrınlda tamaşaya qoyulmuşdur. Bu səhnə əsərində bəstəkar öz yaradıcılığına sadiq qalaraq operadakı xor və vokal ansambllarını, ariya və ariozaları, orkestr nömrələrini xalq musiqisi və muğam intonasiyalarına əsaslanıb yazmışdır.
Beləliklə, «Bahadır və Sona» və «Solğun çiçəklər» operaları klassik Qərb, rus və Azərbay-can operalarının ən gözəl ənənələrinə əsaslanaraq milli Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarını zənginləşdirmişdir.
S.Ələsgərov milli dram tamaşalarının bir çoxuna da musiqi yazmışdır. Onun bu mənada Azərbaycan Dövlət Milli Dram Teatrı ilə sıx yaradıcılıq əlaqəsi var. O bu teatr üçün 20-dən artıq tamaşaya musiqi bəstələmişdir. C.Məcnunbəyovun «Ildırım», I.Səfərlinin «Yadigar», A.Babayevin «Dağlar qızı», Ş.Qurbanovun «Əcəb işə düşdük», «Rəis məşğuldur», I.Əfəndiyevin «Mahnı dağlarda qaldı» və başqa pyeslərə yazılan musiqidən belə nəticəyə gələ bilərik ki, bəstəkar ədəbi irsimizə biganə deyil və onu dərindən öyrənən sənətkardır.
S.Ələsgərov müxtəlif illərdə vokal və instrumental musiqi janrlarında bir sıra iri həcmli əsərlər yaratmışdır. Bunlardan: simfonik orkestr üçün «Süita» (1943), qəhrəman Həzi Aslanovun xatirəsinə həsr etdiyi «Simfonik poema» (1944), «Bayram uvertürası» 12 (1945), violonçel, fortepiano və orkestr üçün «Ikiqat Konsert» (1947), «Vətən» simfoniyası (1948), «Vətənə eşq olsun» kantatası (1950, söz.: M.Dilbazinindir) bəstəkar C.Cahangirovla birlikdə yazdıqları xor və simfonik orkestr məşhur «Bayatı-şiraz» simfonik muğamı (1952), 2¹li «Gənclik» simfoniyası (1954), solist, xor və Azərbaycan xalq çalğı alətləri orkestri üçün «Bahar təranəsi» kantatası (1960, söz: Ş.Qurbanovundur), solist və simfonik orkestr üçün A.S.Puşkinin xatirəsinə həsr etdiyi «Romans ballada» (1962, M.F.Axundovun «Şərq poeması» əsasında), Xor, solist və simfonik orkestr üçün «Azərbaycanım mənim» kantatası (1980, söz: R.Zəkanındır) əsərlərini göstərmək olar.
Onun vokal simfonik əsərlərindən olan 6 kantatası arasında «Azərbaycanım mənim» kantatası daha məşhurdur.
S.Ələsgərov yaradıcılığının mühüm hissəsini Azərbaycan xalq çalğı alətləri orkestri üçün əsərlər təşkil edir.
Ümumiyyətlə Azərbaycan xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlər arasında xüsusi yeri məhz Süleyman Ələsgərovun əsərləri tutur.
Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, professor Səid Rüstəmovun ürək sözləri: «Sevimli bəstəkarımız S.Ələsgərovun çoxcəhətli yaradıcılığında xalq çalğı alətləri üçün bəstələdiyi əsərlər əhəmiyyətli yer tutur. Hələ böyük müəllimimiz Üzeyir bəyin sağlığında Süleyman çox gənc ikən xalq çalğı alətləri orkestri üçün yazmış olduğu bir sıra əsərləri ilə dahi bəstəkarımızın nəzərini cəlb etmiş və təqdirinə layiqn olmuşdur». 13
Bir müddət Azərbaycan xalq çalğı alətləri orkestrinin dirijoru vəzifəsində işləməsi14 bəstəkara xalq çalğ alətlərinin spesifik xüsusiyyətlərini əsaslı surətdə öyrənməyə kömək etmiş, onun müxtəlif janr və formalarda olan orkestr əsərləri, tar, kamança, balaban, qanun, saz üçün əsərlər yaratmasına təkan vermişdir.
Azərbaycan xalq çalğı alətləri orkestri üçün çox əsərlərinin yazmasının əsas səbəbi Süleyman Ələsgərovun tar çalan olması idi. Tar ilə xalq çalğı alətləri orkestri üçün üç «Konsert», fortepiano və xalq çalğı alətləri orkestri üçün «Fantaziya», solist, xor və xalq çalğı alətləri orkestri üçün «Bahar təranəsi» kantatası, xalq çalğı alətləri orkestri üçün «Sözsüz mahnılar» silsiləsi, «Qarabağ» rapsodiyası, «Dostluq» süitası, «Cəngi», «Qaytağı», «Yallı» və kiçik formalı orijinal əsərlər (tar ilə xalq çalğı alətləri orkestri üçün «Daimi hərəkət», tar üçün «Sonatina», kamança ilə xalq çalğı alətləri orkestri üçün «Tarantella», «Skertso», balaban və xalq çalğı alətləri orkestri üçün «Xəyala dalarkən», qanun və xalq çalğı alətləri orkestri üçün «Poema», saz ilə xalq çalğı alətləri orkestr üçün «Aşıqsayağı» bəstəkara uğurlar gətirməklə yanaşı, orkestrin püxtələşməsi və ifaçılıq mədəniyyətinin yüksəlməsində mühüm rol oynamışdır.
S.Ələsgərov bu əsərləri yaradaraq Azərbaycan xalq musiqisi intonasiyalarından, ayrı-ayrı xalq musiqi nümunələrindən və onların zövq oxşayan ünsürlərindən ustalıqla istifadə etmişdir. Bu bəstəkarın xalq musiqisinə vurğunluğunu bir daha aydın surətdə sübut edir.
Bəstəkar bir neçə xalq mahnılarını da nota köçürmüş, onları solist, xor, fortepiano, xalq çalğı alətləri orkestri və ansamblı üçün əlvan boyalarla işləmişdir. Bunlardan «Bazarda alma», «Girdim yarın bağçasına», «Getdi yar», «Şirvanın yolları», «Ay qız, qadan mən alım», «Aman ovçu», «Anacan», «Gəl-gəl», «Ay bülbüllər» və s. kimi xalq mahnılarını misal gətirmək olar.
S.Ələsgərov bəstəkarlıq sənəti ilə pedaqoji fəaliyyətini əlaqələndirən bəstəkarlarımızdan olmuşdur. O 1957-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında dərs vermişdir. Bu müddətdə o yüzlərlə dirijor-ixtisasçı yetişdirmişdir ki, hazırda onlar respublikamızın mərkəzi şəhərlərində xalq çalğı alətləri orkestrinə rəhbərlik edir, eyni zamanda müəllim kimi musiqiçi-kardlar hazırlayırlar. O 20 ildən artıq bir dövrdə «Xalq musiqisi», sonra isə «Xalq çalğı alətləri» kafedrasının müdiri olmuşdur. Ömrünün son illərində S.Ələsgərov Bakı Musiqi Akademiyasının «Dirijorluq» kafedrasının professoru, Akademiyanın Şuşa filialının direktoru vəzifəsində çalışmışdır. Bu işlərdə o, bacarıqlı təşkilatçı kimi özünü göstərmişdir.
Görkəmli bəstəkar demək olar ki, musiqimizin bütün janrlarında qələmini sınamış, zövq oxşayan əsərlər yaratmışdır. Bəstəkarın yaradıcılığı ilə yaxından tanış olarkən görürük ki, o, respublikamızda baş verən bütün ictimaisiyasi, ədəbi prosesləri diqqətlə izləyərək fəal aparıcı mövqedə olmuşdur. Ayrı-ayrı əlamətdar hadisələr bəstəkarın ilhamını daha da qüvvətləndirərək müxtəlif forma və janrlarda musiqi əsərlərinin yaranmasına əhəmiyyətli təsir göstərmişdir.
S.Ələsgərovun musiqisi yüksək professionallığı, kamil forması, gözəl melodiyası, rəngarəng ritm çalarları ilə fərqlənir. Bu musiqi irsi həmişə yaşayacaq, dinləyicilərə estetik və etik zövq aşılayacaq, tədris və konsert repertuarını həmişə zənginləşdirəcəkdir.
9 «Ulduz» operettası haqqında müxtəlif yüksək rəylər «Pravda», «Sovestkaya kultura», «Veçernyaya Moskva», «Kommunist», «Bakı», «Ədəbiyyat və incəsənət» qəzetlərində və «Muzıkalnaya jizn» jurnalında dərc olunmuşdur.
10 «Milyonçunun dilənçi oğlu Türkiyədə». «Mədəniyyət» qəzeti, 12 mart 1992-ci il
11Babayev E. Süleyman Ələsgərov. Bakı, Azərnəşr, 1992, s. 17
12 «Bayram uvertürası» Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 25 illiyinə həsr olunub.
13 Xəlilov V. Bəstəkar Süleyman Ələsgərov. Bakı, Işıq, s. 69
14 1958-ci ildə S.Ələsgərov Azərbaycan xalq çalğı alətləri orkestrinə dirijor kimi qəbul olunur və iki ilə yaxın işləmişdir.
p align>
|