Sənətşünaslıq namizədi, Bakı Musiqi Akademiyasının dosenti Şəhla Mahmudovanın yeni kitabınının işıq üzü görməsi haqqında xəbəri böyük maraqla qarşıladım. Çünki bir kafedrada çalışdığım, uzun illər boyu tanıdığım və hörmət bəslədiyim Şəhla xanım dərin və mənalı elmi araşdırmaları ilə, dəqiq və sərrast publisistik çıxışları ilə peşəkarlar və musiqisevərlər arasında yüksək nüfuz qazanmış, fəal işləyən bir mütəxəssisdir. Zənnimcə, kitabın adı – “Musiqi palitrası” – onun məzmununu və ümumi konsepsiyasını çox gözəl çatdırır. Doğrudan da, kitaba daxil olan məqalələr mövzu və janr etibarilə geniş diapazonu əhatə edir. Burada musiqimizin çoxəsrlik irsinə və onu yaşadan sənətkarlara, bəstəkar yaradıcılığına və onun aparıcı nümayəndələrinə, ifacılıq məktəbimizin layiqli təmsilçilərinə, musiqini yaşadan kollektivlərə, yeni tamaşalara, işıq üzü görən nəşrlərə və bir çox digər məsələlərə diqqət yetirilir. Ş.Mahmudovanın Azərbaycan musiqisinin hüdudlarından kənara çıxması, rus, türk və Yaxın Şərq musiqi mədəniyyətlərinə mür
aciəti palitranın rəngarəngliyini daha da artırır, müəllifin elmi və publisistik maraqlarının zənginliyini təsdiqləyir.
Kitabın birinci bölməsi – “Tanış portretlərə ştrixlər” – milli musiqimizin patriarxı Üzeyir Hacıbəyova həsr olunmuş məqalə ilə açılır. Dahi Üzeyir bəyin tarixi missiyasının dünya musiqi mədəniyyətinin inkişafı kontekstində yenidən dərk edilməsi, zənnimcə, hacıbəyovşünaslığa dəyərli töhfə kimi qiymətləndirilməlidir. Kitabın həmin bölməsinə daxil olan görkəmli Azərbaycan bəstəkarlarının – Səid Rüstəmovun, Soltan Hacıbəyovun, Tofiq Quliyevin, Süleyman Ələsgərovun, Arif Məlikovun, Azər Rzayevin, Musa Mirzəyevin və Oqtay Zülfüqarovun portretləri Üzeyir bəyin miras qoyduğu prinsiplərini müxtəlif tərzdə yaşadan və davam etdirən musiqiçilərin axtarışlarına bir nəzərdir.
Hər bəstəkar Şəhla xanımın təqdimatında bənzərsiz və nadir sənət aləminin sahibi kimi çıxış edir. Həmin fikri görkəmli ifaçılarımız Şəfiqə Eyvazova və Sərvər Qəniyev, tanınmış musiqişünas Gövhər Hüseynovaya həsr olunmuş yazılara da şamil etmək olar. Ənənəvi “yubiley” üslubundan uzaq olan müəllif hər sənətkarın yaradıcılıq yolunu və sənət tapıntılarını işıqlandlraraq, dəqiq, aydın və məntiqli fikirlər irəli sürür, musiqi tariximizi vahid və eyni zamanda rəngarəng proses kimi təqdim edir. Xarici musiqi mədəniyyətinin görkəmli simaları da Ş.Mahmudovanın tərtib etdiyi portretlər qalereyasına daxil olmuşlar. Ahmet Adnan Sayqun haqda yazı xüsusi əhəmiyyətə malikdir. Belə ki, 1983-cü ildə böyük türk bəstəkarının əsərlərinin ölkəmizdə çox az tanındığı bir şəraitdə, Şəhla xanım Sayqunun Dördüncü simfoniyasının ifası münasibətilə televiziyada cıxış etmişdir ki, kitaba daxil olan məqalə həmin məqamı xatırladır. Kitabın rus musiqisinin parlaq nümayəndələri – Modest Musorqski və S
ergey Raxmaninova həsr olunan səhifələri də böyük maraq doğurur.
Ikinci bölmə – “Axtarışlar... Tapıntılar” – müəllifin elmi axtarışlarının aparıcı istiqamətlərini və əldə etdiyi çoxillik elmi təcrübəsini bariz surətdə nümayiş etdirir. Məqalələrin bir qismi Ş. Mahmudovanın namizədlik dissertasiyasında və “Azərbaycan muğamının tematizmi” elmi monoqrafiyasında tədqiq etdiyi muğam janrına, onun tarixi və nəzəri aspektlərinə həsr olunur. Digər yazılar alimin hazırda araşdırdığı müasir bəstəkarlıq məktəbimizin görkəmli nümayəndəsi Musa Mirzəyevin yaradıcılığına yönəldilib.
Nəhayət, kitabın “Musiqimizin dünəni, bu günü, sabahını düşünərkən” adlı son bölməsində müəllif Azərbaycan musiqisini yaradan, yaşadan və təbliğ edən sənətkarlarımızın son onilliklər ərzində qazandıqları nailiyyətlərindən bəhs edir. Müxtəlif mövzuları əhatə edən yeni kitablar, əlamətdar premyeralar, müsahibələr, konsertlər və konfranslar Şəhla xanımın təqdimatında müasir musiqi həyatımızın döyünən nəbzini çatdıraraq, onun həm uğurlarını, həm problemlərini aşkarlayır, gələcək perspektivlər barəsində düşünməyə vadar edirlər. Musiqi həyatımızın son nailiyyətlərindən olan Vasif Adıgözəlovun “Natəvan” operasının premyerasına həsr olunmuş məqalədə Ş.Mahmudova yeni əsərin musiqi üslubuna və tamaşanın quruluşuna dair maraqlı mülahizələri ilə bölüşür.
Kitabda “rəsmən elan olunmamış”, lakin faktiki mövcud olan daha bir bölməyə də diqqəti cəlb etmək istərdim. Söhbət Ş.Mahmudovanın kitaba “haşiyələr” şəklində daxil etdiyi özünün televiziya və ictimai qayğıları ilə əlaqədar verdiyi müsahibələrdən gedir. Müəllifin çoxşaxəli fəaliyyətinin bu iki istiqaməti vaxtilə dillər əzbəri idi: 20 il ərzində Şəhla Azərbaycan televiziyasında “Sehrli səslər evciyi” adlı musiqi verilişinin müəllifi və aparıcısı kimi çıxış edib, 1978-ci ildə Kubada kecırılən XII Ümumdünya festivalının nümayəndəsi olub.
Hər bir insan həyatı boyu hesabat məqamlarına ehtiyac duyur. Şəhla Mahmudovanın “Musiqi palitrası” kitabı müəllifin 25 il ərzində apardığı çoxşaxəli fəaliyyətinin sanki bir aynasıdır. Şübhə yox ki, sənət həyatının hazırkı çağında Şəhla xanımın bütün musiqisevərlər, həmkarları, eləcə də özü qarşısında verdiyi bu hesabat tam uğurla nəticələnərək, onu musiqişünaslıq elminin yeni zirvələrinin fəth etməsinə sövq edəcək.
p align>
|