Xan Zirvəsi
V. Muxtaroğlu.
 


       XX əsrin görkəmli xanəndəsi Xan Şuşinskinin səsi və ifaçılığı söhrli bir aləm, ecazkar sənət çeşməsiydi. Onun misilsiz ifaçılığı, bir şəxsiyyət kimi bütövlüyü, saflığı, müdrikliyi, təbiiliyi el arasında – məclislərdə, toylarda, musiqiçilərin, sənətsevərlərin söz-söhbətində tez-tez xatırlanıb, xatırlanır və xatırlanacaq. Ustad tarzən Q. Pirimov deyərdi: "Xanın səsi-ləhni əsl möcüzədi. Belə səs yüz-iki yüz ildən bir yarana bilər. Xanın səsi ötən əsrin böyük xanəndəsi Hacı Hüsünün avazını yada salır".
       Xü Şöşinskinin ifa imkanları (bunu istedadlı alim Telman Əliyev öz məqalələrində lazımi dərəcədə şərh edib), kükrəyib havalanan gur, məlahətli səsi, əriş-arğac şaqraq zənkulələri, şirin gəzişləri, yanıqlı xalları, məqamında səs həmlələri, manevrləri və s. sənət yaradıcılıq əlçatmazlıqları hər xanəndəyə nəsib olmayıb.
       Xan hər hansı muğamı ifa edərkən səsinin tembri əvvəldən axıradək dəyişməz, məlahəti, təravəti əksilməzdi. Onun səsi istər pəstdə, istər vəsətdə (ortada), istərsə də zildə eyni ovxarda, axıcılıqda qalardı, səsi şəfəqlərə bələnmiş, əsrarəngiz, gur və büllur bir şəlalənin çağlayışını yada salırdı. Bu məziyyətlərinə görə isə müğənninik səsi, ifası dildən-dilə düşür, qəlblərə köçür, sənətçilər tərəfindən qiymətləndirilir, şairlər tərəfindən vəsf olunurdu.
       Böyük şairimiz Səməd Vurğun bu misraları hər sənətkar haqqında yazmazdı:
       Könlüm keçir Qarabağdan,
       Gah bu dağdan, gah o dağdan.
       Axşamüstü qoy uzaqdan
       Havalansın Xanın səsi,
       Qarabağın şikəstəsi.
       Üzeyir bəy kimi dahi sənətkarımız Xanın "Şur"una , "Mirzə Hüseyn segahı"na və "Qarabağ şikəstəsi"nə verdiyi qiyməti hər oxuyana, hər xanandəyə verməzdi...

* * *

       Xanın səsi də, ifa üslubu da, xalq musiqisinin sirlərinə dərindən bələdliyi də çox erkən onun yaradıcılığının məktəbə çevrilməsinə səbəb olmuşdu. Məlumdur ki, zil səsə malik gənc müğənnilərin əksəriyyəti ilk vaxtlar onun yolu ilə oxumağa səy edirlər. Bu yolun səhrindən uzun illər çıxa bilməyənlər də olur. Bunu ona görə deyirəm ki, bəzən kiley-güzar eşidilir ki, bəs Xansayağı oxuyanlar, nə bilim, "bala Xanlar" ustada çata bilmədilər. Hələ bu bir yana. Hətta özünəməxsus ifası ilə şöhrətlənən bu və ya digər xanəndəni Xanla müqayisə etmək, onun yerində görmək istəyənlər də olur.
       Belələrinə bir cavabımız var: Xan yolu ilə oxuyanlar uzun illər öz üzərində çalışsaydılar, təcrübə qazansaydılar, ustalıqlarını çadtırmağa səy etsəydilər bəlkə də yaxşı xanəndə olardılar. Lakin... Xan ola bilməzdilər. Xan öz ecazkar səsi və ifaçılığı ilə elə bir uca və sehrli zirvədə qərar tutub ki, qəlb dünyasının sirlərini bəyanə gətirən dahi Füzuli demişkən:
       Rövzeyi-kuyində bulmuşdur
       Füzuli bir məqam,
       Kim, ona cənnət quşu
       Yetməz min il uçmaqilən...
       Kimlərisə Xanın yerində görmək istəyənlərə bundan yaxşı cavab tapmağa ehtiyac duymaram.
* * *

       Gənc Isfəndiyar Cavanşirov Xanəndə kimi püxtələşənda ustadı Islam Abdullayev ona Xan adı verdi. O, tam altmış il sənət meydanında qələbələr qazandı, böyük şöhrətə yetdi, sehrli muğamat gülüstanının soltanı oldu.
       X. Şuşinskinin dediklərindən: "Çoxdanın söhbətidi. Cabbar əmi bir toyda "Orta mahur" oxuyurdu. Qurbanın tarı qumru kimi ötürdü. Cabbar əmi elə əzəmətlə, sürəkli zəngulələrlə oxuyurdu ki, sanırdın göy guruldayır, şimşək çaxır, çaylar məcrasından çıxır, sanki gur sellər şaqqıldayıb axır...".
       Yalnız ustad sənətkar, böyük şəxsiyyət başqası barədə belə heyranlıqla, rəğbətlə, məhəbbətlə danışa bilərdi. Xan əmi ustad Seyidin, müəllimi Islamın, Məşədi Məhəmməd Fərzəliyevin məlahətli, məharətli oxumalarından da belə ürəkdolusu söhbət açardı.
       Xan Şuşinski muğam və xalq mahnılarının ifa sirlərini məhz ustadlardan öyrənərək özünəməxsus təkrarsız oxuma üslubu yaratmışdı. Ona görə Xanın səsi nə qədər cazibəliydisə, ifası da o dərəcədə mükəmməl və dolğun idi. Xan oxuyarkən nə səsində-avazında, nə də çöhrəsində dəyişiklik sezilməzdi. "Kürdü-Şahnaz"ın zilində gəzişərkən sanki söhbət edirdi. Bu, yalnız Xana xas olan əvəzsiz bir keyfiyyət idi. O, tələbələrini də belə görmək istəyir və tez-tez deyirdi:
       –Xanəndəlik sənətində əvvəlinci şərt məlahətli səsdir. Yaxşı səs ona deyirəm ki, tarın iyirmi iki pərdəsində sərbəst işləsin. Həm də gərək öyrəndiyini düzgün, yerli-yataqlı ifa etməyi bacarasan. Şeri, qəzəli öz məqamında işlətmək, musiqini duymaq, qavramaq, səhnə mədəniyyətinə yiyələnmək və s. kimi məsələlər ifaçı üçün olduqca vacibdir. Bu ölçüyə düşdün – xanəndəsən. Deyək, səsii var, söz də bilirsən, amma muğamata yaxşı bələd deyilsən, bax, buna deyərlər, dad yarımçıq əlindən...

       Xan Şuşinski oxuyanların qüsurlu ifalarını görəndə deyirdi:
       – A bala, orta məktəbi qurtarmısan? Vaqifi, Zakiri, Seyid Əzimi və başqalarını dərsdə keçiblər? Bəs niyə şairlərin sözlərini dürüst oxumarsan? Bunlar bir yana, bəs oxuyanda hara tələsirsən, dalınca atlı gəlmir ki?! Özü də qavalın dalında gizlənmə, bura "frontdu"?! Xanəndə oxuyan vaxtı stulda şax oturmasına da fikir verməlidi...
       Muğam ifaçısı olmaq müqəddəs və çətin sənətdi. Cəmi nəğmələrimiz də muğamatdan törəyib. Belə möcüzəli havacat çeşmələrini qorumaq, saf saxlamaq vacibdir.
* * *

       Xan bir sənətkar kimi həmişə səsinə-sənətinə tələbkar idi. Konsertlərindən əvvəlki bir neçə gün hətta toya getməzdi. Dəvətçiyə deyərdi: "Toyunuz mübarək, məni üzürlü hesab edin, konsertim olacaq". Xanəndə beləcə səsinə-sənətinə baxar, konsertlərə ciddi hazırlaşar, gözəl ifa nümunələri yaradardı. "Şur", "Rast", "Mirzə Hüseyn segahı", "Qarabağ şikəstəsi", "Heyratı", "Qara qaşın vəsməsi", "Süsən sünbül" və s. muğam və xalq mahnıları onun ifasında özgə bir məlahətlə səslənərdi.
       Xanın məşqi qeyri-adi idi. Tələbəlik illərində onun konsertlərinə ardıcıl olaraq gedərdim. Adəti üzrə o, axırda çıxış edərdi. Bir dəfə filarmoniyanın məşq otağında Xan əmi ilə görüşdüm, salam verdim. O, dinmədi, ahəstə başını tərpətməklə salamımı aldı. Dedim:
       – Xan əmi, bu gün hansı muğamı oxuyacaqsınız?
       O, yenə də dinmədi, təbəssümlə baxıb, zümzümə etdi, səsini zilə, bəmə çəkdi. Və sonra dilləndi:
       – Hə, necəsən?
       – Sağ olun, Xan əmi, – deyib əlavə etdim:
       – Camaat "Mirzə Hüseyn segahı", "Qarabağ şikəstəsi" oxumağınızı xahiş edir. Oxuyacaqsınızmı?
       – Baxaram, – dedi və vargəl etməyə başladı... Bir neçə gün sonra xanəndəylə H. Hacıyev küçəsində rastlaşdıq. Bir az söhbətdən sonra özümü saxlaya bilmədim: "Xan əmi, o gün məşq otağında mənnən danışmaq istəmirdiniz?..".
       – Hə, belə de, yoxsa incimisən? O, gün çıxış edəcəkdim. Konsertdən qabaq söhbət eləmək olmaz, elə vaxtda söhbətin oxumağa zərəri ola bilər.
       Bu cəhəti Xan əmidə sonralar da müşahidə etdim. Bir bu keyfiyyət Xan Şuşinskinin ifacılıq sənətinə nə dərəcədə məsuliyyətlə yanaşdığını aydın şəkildə göstərir...
* * *

       Əfsuslar olsun ki, görkəmli sənətkarın sıxıntıları da çox olub. Bəzi adamlar Xanı 1938-ci ildə Moskva ongünlüyündən də gənarlaşdıra biliblər. Amma Xan bundan iyirmi bir il sonra, sinni 60-ı haqladığı bir vaxtda Moskvada Azərbaycan incəsənəti ongünlüyündə Böyük Teatrın geniş səhnəsində "Qarabağ şikəstəsi" oxuyarkən dinləyicilər ayağa qalxıb onun sənətini hərarətli alqışlarla qarşılamışdır...
       Bir dəfə Xan əmiyə dedim ki, kəndimizdə bir adam vardı, sizin oxumağınıza çox həsbənd idi. O, deyirdi ki, dünyada üç xoşbəxt şəxs tanıyıram: birincisi Stalin, ikincisi kolxozumuzun sədri, əmək qəhrəmanı, adlı-sanlı pambıq ustası Turab Məmmədov, üçüncüsü Xan Şuşinski.
       Xan əmi gülümsəyərək dedi:
       – Yəqin oxumağım xoşuna gəlirmiş. Həqiqətən sənətdə xoşbəxtəm. Amma həyat həmişə üzümüzə gülməyib. Bir-bir deyim, eşit: mən təzəcə xanəndə kimi tanınmağa başlayanda erməni qırğını törəndi – 1918-ci ildə. Sonra Kerenskinin müvəqqəti hökuməti qovuldu, Şura quruldu. Ardınca qıtlıq oldu, NEP gəldi, ölkə bir az toxdadı, di gəl kolxoz bina edildi, kulaq-qolçomaq söhbəti ortaya çıxdı, kütləvi tutqu başlandı. Elə bu basqı-kəski səngimişdi ki, müharibə başlandı.
       Nəhayət, qələbə bizdə oldu – ölüm-qan bahasına. Yavaş-yavaş camaatın güzəranı yaxşılaşdı, il-ildən məhsul bol gəldi. Toylar, şənliklər el-el, oba-oba ayaq açıb yeridi. Biz də elin şadlığında çalıb-çağırdıq. Beləcə illər ötürdü. Bir də baxıb gördüm ki, yaş artıb, qocalmışam. Bax mənim həyatım belə keçib, qardaş oğlu!
       Xan əmi söhbətinə ara verdi, ətirli tənbəkini bəzəkli kisədən qəlyanına doldurmağa başladı.
       Xan qalyanına bir-iki qüllab vurub, sözünə davam etdi:
       – Oxumaq indi bir qədər asanlaşıb. Məktəbdə musiqi keçilir, konsert salonlarından, radio və televiziyadan tez-tez muğam, mahnı və təsniflər eşidilir. Bunlar oxuyanlara böyük köməkdir. Amma bizim məktəblərimiz toylar olub. Burda sənətkarlardan öyrənmişik. Irəlidə oxumaq belə asan deyildi. Xanəndəyə tələb güclü idi. Mükəmməl muğamat biliciləri vardı. Musiqi sənətinin beşiyi başında böyük Üzeyir dayanmışdı. Ifa zamanı bir cüzi səhvə yol vermək kəskin tənqidlə qarşılanırdı. Yığıncaqlarda, qəzetlərdə xanəndə və sazəndələrin çıxışları geniş müzakirə olunurdu. Xüsusən 1937-1945-ci illərdə ifaçıların üzərində nəzarət güclü idi. Oxuduğum muğama, mahnıya bəzən yeri gəldi-gəlmədi qulp qoyanlar da tapılırdı: oxuyarkən "fələk vay", demə, "aman-aman", "ölürəm", "yanıram", "a nisgilli könlüm!" kimi sözlər işlətmə və s.
       Xan əmi sönmüş qalanını təzədən odlayıb aramla dedi:
       – Çoxdankı bir əhvalat yadıma düşdü. "Şuşanın dağları" mahnısını vala yazdırırdım. Məşq zamanı mətnə baxan şəxs dedi:
       – Siz "Şuşanın dağları başı dumanlı" oxuyursunuz, həm də nəqarətdə "ölürəm", sözü təkrar olunur, belə olmaz.
       Cavab verdim:
       – Bəs necə oxuyum, şerdə belə yazılıb axı...
       Mətnəbaxan qəribə bir əda ilə dilləndi:
       – Ay Xan, sizdən soruşmazlar ki, Sovet Şuşasının dağları niyə dumanlıdı? Bəs "ölürəm" nə deməkdir? Deməzlər ki, bu nə əks təbliğatdı?..
       – Əmioğlu, dağda duman olar, çən olar də! O, da ola Şuşa dağları. Bir də görürsən, Kirsin zirvəsindən qaynayan duman, budu ha ətraf dağları da, Şuşanı da bürüdü. Bir də ki, "ölürəm" sən deyən ölürəmdən deyil ey. Bu söz mahnıya bir duz, yanıqlıq gətirir, onu təravətləndirir.
       Mətnəbaxan bir az da öz-özündən xoflanan kimi oldu:

       – Xan, "duman", "ölürəm" sözlərinə bir rəng-zad verərlər eyy...
       – Görürəm ki, rəngi özü tündləşdirirsən. Axı, o sözlərdən sən dediyin məna çıxmır. Şeri oxuyum, bir də qulaq as:
       Şuşanın dağları başı dumanlı,
       Qırmızı qoftalı, yaşıl tumanlı.
       Dərdindən ölməyə çoxdur gümanlı,
       Ay qız, bu nə qaş, göz, bu nə tel,
       Ölürəm dərdindən onu bil.
       Sonra sözlərin izahına keçdim:
       – Burada Şuşa gözəl bir qıza bənzədilib. Dağlar hərdən duman-örpəyə bürünür, onun sinəsi – yamacları, al lalə, gül çiçəklərlə sülənir. Şuşanın ətəkləri gözəlin yaşıl tumanına oxşadılıb. Şerdə Şuşanın əlvan təbiəti bahar labaslı qəşənk bir qızla müqayisə olunub. Əgər bu sözlərdən biri dəyişsə, şerin mənası itər.
       "Sözəbaxan" isə dediyini deyirdi...
       – Yaxşı, de görək sən necə məsləhət görürsən?
       – Mənim fikrimcə, ilk misrada bir sözü dəyişməklə keçinmək olar. Mahnını "Şuşanın dağları deyil dumanlı" misrası ilə oxumaq məsləhətdir...
       Beləliklə, Xan özünün qoşduğu məşhur mahnısını – "Şuşanın dağları"nı beləcə "düzəlişlə" vala yazdırmalı olur...
* * *

       Xanın sənət barədə öz mövqeyi, öz fikri vardı. Xanəndə hər sözü, hər tövsiyəni tələm-tələsik qəbul etməzdi. Bu yerdə görkəmli tarzən Əhmədxan Bakıxanovun bir söhbəti yadıma düşdü.
       – Xan oxumaqda da, şəxsiyyətdə də prinsipial, sözündə bütöv insan idi. Onun şahanə, mərdanə sənətinin mayası parlaq ilhamdan yoğrulmuşdu... O zaman radio ilə hərdən Irana konsertlər verərdik. Özü də birbaşa, ta indiki kimi yazıb-pozmaq, yox idi. Çıxışlar "jivoy" olardı. Xan ansamblın müşayiətilə "Kürdü-Şahnaz" muğamını ifa edirdi. O, qollarını sinəsində çarpazlayıb, bülbül cəh-cəhiylə necə də gözəl oxuyurdu...
       Bir dəfə də "Ay qadası" xalq mahnısını məşq edirdik. Dedim: "Xan, mahnının son cümləsini ansambl çaldığı kimi oxumaq pis olmaz".
       Soruşdu:
       – Doğrudanmı?
       – Bəli, ansamblın rəhbəri Əhmədxan belə məsləhət görür, – dedim.
       Xan dedi:
       – Sən Əhmədxansan, mən də Xanam! Həmin mahnını illərlə beləcə oxumuşam.
       Razılaşdım. O, mahnını istədiyi kimi oxudu. Adamın Allahı var, gözəliydi...
       X. Şuşinskinin dolğun ifası nəinki dinləyiciləri, sənət adamlarını da heyrətləndirirdi. Ağdamda bir məclisdə onun misilsiz ifası məşhur muğam ustası S. Şuşinskini möhkəm tutur. O, kövrəlir və qızıl saatını açıb Xanın toluna bağlayıb deyir: "Özündən muğayat ol, indən belə əsl oxuyan sən olacaqsan".
* * *

       Xan Bakıya ilk dfə 1922-ci ildə gəlib. Bir müddət Abşeron toylarına, ətraf rayonlara və kəndlərə məclislərə dəvət olunur, özünün ilhamlı ifası ilə dinləyicilərin qəlbini fəth edir. 1924-38-ci illərdə isə müntəzəm olaraq Bakıya qastrol səfərlərinə gəlir. Danışırlar ki, o vaxtlar Xanın konsertlərinə dügmək müşkül işiymiş. Füsunkar müğənnini görmək, onun ecazkar ifasını dinləmək marağı güclü idi. Sənətkar günü-gündən şöhrətlənirdi. Amma yaxşı deyiblər ki, sən saydığını say, gör fələk nə sayır...
       1938-ci ilin payızında filarmoniyada xanəndənin konsertləri kedirdi. Üçüncü axşam Xan yenə də "Mirzə Hüseyn segahı"nı oxuyurdu. Sonralar həmin günləri Süleyman Rüstəm belə xatırlayırdı: "Bu səs Bakıya gözəl Qarabağ bulaqlarının zümzüməsini, çiçəklərinin ətrini, şəlalələrinin qəh-qəhini gətirirdi. Bu səs uzun illər bizə məhəbbət, səadət, hicran, vüsal mahnıları yetirmişdir".
       ...Rəng çalınanda Allahyar Cavanşirov qardaşı Xana işarə edir ki, ikinci cərkədə ortada əyləşənə bax. Xan görür ki, Mir Cəfər Bağırov ceşməyin altından ona yamanca sərt baxır. Konsert qurtarır, alqış kurlayır...
       Bir azdan Xana bildirirlər ki, siz öz dəstənizlə Qarabağa qayıtmalısınız. Xan da qayıdır ki, axı bizim hələ dörd konsertimiz durur, nə üçün bizimlə belə rəftar olunur?
       Onları filarmoniyadan yola salan şəxs deyir ki, siz böyük sənətkarsınız, xalqın sizə məhəbbəti böyükdür. Amma öz aramızda qalsın, deyəsən bədxahınız olub, Hüseyn Cavid həsb olunub. Siz də hər axşam onun şerlərini oxuyurdunuz. Bunu böyüyə çatdırıblar, özü konsertə gəlib, eşidib o sözləri...
       Bir ilə qədər Xanın səsi-sənəti sükut etdi. BU müddətdə onu nəinki toya dəvət edirdilər, hətta bəzi tanış-bilişləri də ondan kənar gözirdilər. Özünün dediyinə görə, yalnız iki böyük şəxsiyətin – Üzeyir bəy Hacıbəyli və Səməd Vurğunun səyi onu rəhbərin qəzəbindən xilas edib, daha ciddi cəzalardan qurtarıb.
       Nəhayət, 1939-cu ildə sənətkar Bakıya köçdü, filarmoniyanın solisti kimi fəaliyyətə başladı. Xan Şuşinski düz 40 il bu musiqi məbədində misilsiz ifa nümunələri yaratdı. Burada o, ustadlıq zirvəsini fəth etdi. 1943-cü ildə birbaşa xalq artisti fəxri adına layiq görüldü.
* * *

       Mən tələbəlik illərindən başlayaraq iyirmi il ərzində filarmoniyada Xanın iştirakı ilə keçirilən əksər konsertlərdə olmuşam. Onun anadan olmasının 60 illiyi təntənəsini universitetdə təşkil etmişəm. 70 illik yubileyinin keçirilməsində yaxından iştirakım olub. Filarmoniyada təşkil olunmuş həmin gecədə "Havalansın Xanın səsi" adlı kitabımı ona təqdim etmişəm. Ümumiyyətlə, Xan əmi ilə bağlı xatirələrim çoxdur...
       1961-ci ilin yayında Xan əmi Turşsu yaylağında istirahətdə idi. Kəndimizin ferma müdiri Hilal kişi Xanı Göy bulağın üstündə onun şərəfinə təşkil edilən ziyafətə dəvət etdi. O razılıq verdi. Xan əmi başda olmaqla bir neçə atlı yola düşdük. Təkrarsız mənzərələr, qənirsiz gözəlliklər adamı heyran edirdi. Camaat Xanın pişvazına çıxıb, onu hərarətlə qarşılayırdı (indi həmin anları yada salanda, gözəl Qarabağımızın dilbər guşələrinin nankor erməni tapdağı altında olduğunu xatırlayanda gövrəlməmək çox çətindir).

       Məclisdə xeyli adam vardı. Sənətkarın şərəfinə ürəkdən gələn sözlər, sağlıqlar deyilirdi. Bu saf, bakirə sözlər məclisi urvatlandırırdı. Ağdamlı Böylərin tarı, Əlinin qarmonu "Zabul" müğamını pərdə-pərdə, guşə-guşə "gəzib" ayaq verdi. Xan əmi oxumağa başladı. Muğamın şöbələri dəyişdikcə rəng və təsniflər də güllənirdi. Xanəndə gövrək, yanıqlı, həm də qəmli avazla oxuyurdu. Buna səbəb bir il əvvəl həyat yoldaşı Tovus xanımın vəfatı idi. Göy bulağın üstündən zövcəsinin yurdu Xəlfəli kəndi. Şırlan dərəsi görsənirdi. Hələ gənc ikən ovlağı olan bu əsrarəngiz yerləri seyr edə-edə oxuyurdu Xan.
       Müğənnilərin müsabiqəsi keçirilirdi. Xan əmi münsiflər heyətində əyləşibmiş. Xanəndə və sazəndələr bir-birini əvəz edir, hərə öz hünərini göstərməyə çalışır. Müsabiqə üç gün çəkir. Oxuyandan, oxumaqdan çox qaval nümayiş olunur. Qaval da ki, sədəflisi, gümüş pərəklisi, sayası. Xülasə, qavallar gurum-gurum guruldayır.
       Müsabiqənin axırında münsiflər heyətinin sədri Xan əmiyə müraciətlə deyir:
       – Necədir müğənnilərin çıxışı? Kimlər xoşunuza gəldi?
       Ustad qəlyanına bir qüllab vurub deyir:
       – Əlbəttə, ümid verənləri az deyil. Ancaq oxuyan azdır.
       Sonra da yanında əyləşən qardaşına üz tutur:
       – Deyirəm axı ay Allahyar, niyə Xəzərdə, Gürdə balıq azalıb. Deməynən oxuyanlar qavallarına üz axtara-axtara balığın kökünə daş atıblar...
       Xalqımız ustadın Azərbaycan milli ifaçılıq sənətinin inkişafı sahəsindəki xidmətini həmişə yüksək qiymətləndirmiş, adını hörmətlə yad etmişdir. Bu gün müğənninin yeri elə görünür ki?!
       Qeyd edək ki, incəsənət ustaları müharibə illərində rayonlara, kəndlərə tez-tez gələrdilər. Teatr tamaşaları, konsertlər təşkil edilərdi. Xan əmini də ilk dəfə kəndimizdə keçirilən mədəni tədbirlərdə görmüşəm. Bülbül, Xan və başqa sənətkarlar tarlada əməkçilər qarşısında çıxış edərdilər.
       Xan əmi yayda, əsasən, Şuşada istirahət edərdi. Dostları, sənət adamları onun tez-tez görüşünə gələr, duzlu, mənalı söhbətlərini dinlərdilər.
       Bir növ Xan Qarabağın şirin səsli, sözlü Ozanı, müdrik Qorqudu idi. O, doğma elini coşğun məhəbbətlə sevirdi. Azərbaycan torpağının vurğunuydu Xan.
       Qarabağ camaatı Xana, onun ecazkar sənətinə məftundu. Xalqımız Xan sənətini yüksək qiymətləndiridi.
       Böyük sənətkarın Şuşaya hər gəlişi bir şadlığa çevrilirdi. Onun konsertini təşkil etmək, şərəfinə ziyafətlər düzəltmək, onunla Cıdır düzünə, güllü bağçaya, Çanaqqalaya gəzintiyə çıxmaq, şəkil çəkdirmək, nərd oynamaq bir şakər, dəb olmuşdu.
       Əvəzsiz xanəndənin vəfatı xalqımızı, sənətsevərləri dərindən kədərləndirdi. Bu ağır itkiyə qəmli şerlər də yazıldı.
       Şuşadan Aydın Sadiq (Babayev) Xan ayrılığına qəmli bir şer yazmışdı:
       Təbiət Xan əmi deyib ağlayır,
       Şuşanın yaylağı səni soruşur.
       Qırxqız bəyaz geyib, niqab bağlayır.
       Qocaman Kirs dağı səni soruşur.
       Çalbayır, Dəlidağ, Göy kölüm mənim,
       Çəmənim, çiçəyim, tər gülüm mənim.
       hər obam, oylağım, hər elim mənim,
       Tərlanlar oylağı səni soruşur...
       Görəsən, Xan əmi Qarabağın işğalından, erməni quldurlarının qansız, alçaq hərəkətlərindən, nahaq qanlardan xəbərdar olsaydı nə deyərdi? Şübhəsiz, o, qartal əzəmətilə dağı-daşı təlatümə gətirən "Heyratı" nərəsiylə igidlərimizi vətənin müdafiəsinə qalxmağa səsləyər və deyərdi:
       – Cəsur şahinlərim, haydı düşmən üstünə. Torpağımızı tapdayanları torpağa gömməliyik. Torpaq vətəndir, anadır, müqəddəsdir. Şair A. Səhhət yaxşı demişdir:
       Vətən övladımızın məskənidir. Vətən əcdadımızın mədfənidir.






Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70