Ulu öndər, dünyanın görkəmli siyasətçisi və Dövlət xadimi mərhum Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti əsl tərbiyə məktəbidir. Bütün şüurlu həyatını öz millətinin xoşbəxtliyinə həsr edən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə başqa sənət adamları ilə yanaşı Azərbaycan Bəstəkarlar Ittifaqının üzvlərinə – bəstəkar və musiqişünaslarına çox böyük qayğı və ehtiramla yanaşmışdır.
Hələ 1969-1982-ci illərdə SSRI-nin digər respublikaları ilə müqayisədə böyük teatrların səhnələrində, əzəmətli konsert salonlarında Azərbaycanın görkəmli bəstəkarlarının səhnə əsərlərinin tamaşaya qoyulması, simfonik və kamera musiqisinin uğurla səsləndirilməsi bilavasitə cənab Heydər Əliyevin dəstəyi ilə həyata keçirilirdi. Məhz onun uzaqgörənliyi, millətinə sonsuz məhəbbəti sayəsində Azərbaycan musiqisi təkcə SSRI-də deyil, həmçinin bütün dünyada tanındı.
Neçə-neçə bəstəkarımız SSRI xalq artisti adına layiq görüldü. SSRI-nin ən yüksək orden və medalları ilə təltif olundular. Elə onu demək kifayətdir ki, üç böyük bəstəkarımız – Qara Qarayev, Niyazi, Fikrət Əmirov Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər.
Heç kimə sirr deyil ki, həmin fəxri adların verilməsi xalqımızın böyük oğlu, milli və professional musiqimizin təəssübkeşi və xeyirxahı Heydər Əliyevin təqdimatı və onun şəxsiyyətinə olan ehtiram və hörmət əsasında mümkün olmuşdur.
Məhz bu səbəbdən də böyük bəstəkarımız Qara Qarayev 1978-ci ildə keçırilən 60 illik yubileyində cənab H.Əliyevi yüksək qiymətləndirərək demişdir: «Biz hamımız son illərdə respublikamızın həyatında necə böyük dəyişikliklər baş verdiyini, Heydər Əliyevin daim qayğısı sayəsində xalqımızın mənəvi və yaradıcılıq qüvvələrinin necə coşub-daşdığını yaxşı başa düşür və aydın görürük.»
Onu da qeyd edək ki, dünyasını dəyişən görkəmli bəstəkarların xatirələrinin əbədiləşdirilməsi üçün ev muzeylərinin yaradılması, yubileylərinin təntənəli surətdə qeyd edilməsi, respublikamızın iri şəhərlərində onların adına küçə, məktəb, mədəniyyət ocaqları, musiqi kollektivlərinin verilməsi məhz bu dahi şəxsiyyətin adı ilə bağlıdır.
Azərbaycan bəstəkar və musiqişünasları ən çətin dövrlərdə belə müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev cənablarına müraciət etmiş və bundan məmnunluq duymuşdur. Dərin razılıq hissi ilə etiraf etməliyik ki, o, həmişə biz sənətkarların yaradıcılıq işi ilə maraqlanmış, problemlərimizin operativ şəkildə həllini həyata keçirmişdir.
Elə onu demək kifayətdir ki, Dövlət müstəqilliyimizin ilk illərində bazar iqtisadiyyatına keçidlə əlaqədar yaranmış sosial problemləri Dövlət səviyyəsində müvəffəqiyyətlə həll edən cənab H.Əliyev yaradıcı ziyalıların, o cümlədən Azərbaycan Bəstəkarlar Ittifaqının görkəmli üzvlərinin, xüsusi xidmətləri olan bəstəkar və musiqişünasların əməyini yüksək qiymətləndirdi. Onun Prezident təqaüdü təsis etməsini incəsənətimizin inkişafı yolunda tarixi addım kimi dəyərləndirmək olar. Bu yüksək təqaüdlə təltif olunanlar sırasında Azərbaycan Bəstəkarlar Ittifaqının qocaman üzvləri də vardır. Bu baxımdan Tofiq Quliyevin, Cövdət Hacıyevin, Süleyman Ələsgərovun, Hacı Xanməmmədovun, Şəfiqə Axundovanın, Hökumə Nəcəfovanın, Məmməd Cavadovun, Arif Məlikovun, Vasif Adıgözəlovun, Xəyyam Mirzəzadənin, Azər Rzayevin, Ramiz Mustafayevin, Tofiq Bakıxanovun, Aqşin Əlizadənin, Ramiz Mirişlinin, Musa Mirzəyevin, Nəriman Məmmədovun, Elza Ibrahimovanın, Oqtay Kazımovun, musiqişünas Elmira Abasovanı
n adlarını çəkə bilərik. Bəli, məhz Prezidentin təsis etdiyi təqaüd yüzlərlə yaradıcı şəxsiyyətə, həmçinin bəstəkar və musiqişünaslara Dövlət tərəfindən göstərilən çox yüksək maddi və mənəvi qayğıkeşlik kimi böyük razılıq və minnətdarlıqla qarşılandı.
Cənab Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın bəstəkarlarına dövlət səviyyəsində diqqət və qayğını əsirgəməmişdir. Həmişə Azərbaycan musiqisini, onun bəstəkarlıq məktəbini yüksək qiymətləndirmiş, bütövlükdə musiqi sənətimizin inkişafına mənəvi zəmin yaratmışdır. Ölkə rəhbərinin sözün əsl mənasında musiqi sənətinə verdiyi yüksək qiymət bu sahədə çalışanları yaradıcılığa ruhlandırmışdır. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan bəstəkarlarının və musiqişünaslarının əməyini təqdir etməsi, onların yaradıcılığını yüksək fəxri adlar və mükafatlarla dəyərləndirməsi bilavasitə Bəstəkarlar Ittifaqının fəaliyyətinə verdiyi qiymətin bariz təzahürüdür. Elə 1995-2003-cü illər ərzində Prezident H.Əliyevin fərmanı ilə görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Arif Məlikov, Müslüm Maqomayev ən yüksək mükafata – «Istiqlal» ordeninə, Azərbaycan Respublikasının xalq art
istləri Cövdət Hacıyev, Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Azər Rzayev, Ramiz Mustafayev, Tofiq Bakıxanov, Aqşin Əlizadə, Musa Mirzəyev, Ramiz Mirişli daha bir yüksək Dövlət mükafatı – «Şöhrət» ordeni ilə təltif olunmuşdur. Bu müddətdə Şəfiqə Axundova, Oqtay Zülfüqarov, Emin Sabitoğlu Azərbaycan Respublikasının xalq artisti, Siyavuş Kərimi və Həsənağa Qurbanov isə əməkdar incəsənət xadimi kimi fəxri adlara layiq görülmüşlər.
Söz yox ki, bu təltiflər bəstəkarlarımızın yaradıcılığı üçün ilham mənbəyi olaraq onları yeni-yeni yaradıcılıq uğurlarına sövq etmişdir.
Azərbaycanın xarici ölkələrlə sıx musiqi əlaqələrinin yaranması və inkişafını daim diqqət mərkəzində saxlayan, görkəmli sənətkarları respublikamıza dəvət edən dahi şəxsiyyət Heydər Əliyev bununla da Bəstəkarlar Ittifaqının beynəlxalq əlaqələrinin daha da genişlinməsinə şərait yaradırdı. Bu baxımdan dünya şöhrətli sənətkar Mstislav Rostropoviçin şəxsən H.Əliyevin dəvətilə ölkəmizə qastrola və ustad sinfi aparmağa gəlməsi, onun təfsiri ilə Azərbaycan bəstəkarlarının simfonik əsərlərinin Ü.Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında səsləndirilməsi, həmçinin xarici ölkələrdə də bəstəkarlarımızın əsərlərinin ifa olunması Azərbaycan professional musiqisinin müasir dövrdə dünya miqyasında tanınması və təbliği sahəsində xüsusi əhəmiyyət kəsb edir.
Cənab H.Əliyev ayrı-ayrı görkəmli bəstəkarların, həmçinin digər sənət adamlarının yubileyləri ilə əlaqədar sərəncamları imzalayarkən təşkilat komissiyasına mütləq olaraq Bəstəkarlar Ittifaqının rəhbərliyi, habelə görkəmli bəstəkar və musiqişünaslar da daxil edilirdi.
Digər önəmli fakt odur ki, işinin gərginliyinə baxmayaraq cənab Prezident Azərbaycan Bəstəkarlar Ittifaqının müxtəlif tədbirlərində, müəllif və yubiley gecələrində, bəstəkarlarımızın yeni səhnə və konsert əsərlərinin premyeralarında iştirak edərək, ya səhnədə tamaşaya qoyulan, ya da ifa olunan musiqi əsərləri haqqında dəyərli fikir və mülahizələrini söyləmiş, bəstəkarlarımıza dəstək vermişdir. Bu faktlar bir daha sübut edir ki, H.Əliyev respublikamıza 30 ildən artıq rəhbərliyi dövründə Bəstəkarlar Ittifaqının və onun üzvlərinin yaradıcılıq fəaliyyəti ilə daim maraqlanmış, onların uğurlarına və nailiyyətlərinə yüksək qiymət vermişdir. Əlbəttə ki, bütün bunlar Heydər Əliyevin qayğıkeşliyinin və Azərbaycan musiqisini qəlbən sevdiyinin bariz nəticəsidir.
Yeri gəlmişkən onu da deyim ki, başqa sənət adamları kimi Azərbaycan bəstəkarları da dərin hörmət və ehtiram əlaməti olaraq cənab Heydər Əliyevə həsr olunmuş istər iri həcmli, istərsə də kiçik həcmli bir-birindən dəyərli əsərlər yazmışlar. Bu əsərlər arasında görkəmli bəstəkarlardan Cövdət Hacıyevin 8 saylı simfoniyasını, Arif Məlikovun 8 saylı «Əbədiyyət» adlı simfoniyasını, Vasif Adıgözəlovun «Azərbaycan» kantatasını, Ramiz Mirişlinin «Məşəl kimi yanan ürək» adlı odasını, Sərdar Fərəcovun «Böyük vətəndaş haqqında oda»sını, gənc bəstəkar Vasif Allahverdiyevin «Ömür yolu» simfonik poemasını və bəstəkarlarımızın geniş yayılmış onlarla mahnılarını qeyd etmək istərdim.
Bu məqaləni yazarkən mən cənab Heydər Əliyevin «Bəstəkarın yüksək vəzifəsi və amalı» kitabçasını bir daha maraqla vərəqladım, onu diqqətlə xudum. Xatırladım ki, kitabça Azərbaycan bəstəkarlarının V qurultayından sonra Heydər Əliyevin respublika bəstəkar və musiqişünasları ilə keçirilmiş görüşündəki çıxışı əsasında çap olunmuşdur (1979-cu il, 1 oktyabr).
Önəmli haldır ki, həmin kitabçadakı müddəa və tövsiyələr hazırkı dövr üçün də öz aktuallığını saxlayır. Buna görə də bu yazımda H.Əliyevin bir sıra müddəa və fikirlərinin, tövsiyələrinin ötən illərdə yaradıcılıq fəaliyyətimizə göstərdiyi təsir istiqamətləri üzərində dayanmaq istəyirəm.
Ulu öndər o zaman bizim qurultayımızı respublikanın həyatında mühüm ictimai-siyasi hadisə kimi səciyyələndirmişdi. O, belə hesab edirdi ki, Azərbaycan Bəstəkarlar Ittifaqı musiqi sənətinin bütün janrlarının bərabər inkişafını təmin etməlidir.
Doğrudan da, öz fəaliyyətimizdə biz dahi şəxsiyyətin bu tövsiyəsinə həmişə əməl edirik. Məsələn, hər il Bəstəkarlar Ittifaqında 10-15 tədbir keçirilir. Bunlar hansılardır? Plenumlar, baxışlar, festivallar, müsabiqələr, görkəmli bəstəkar və musiqişünasların yaradıcılıq və ya müəllif gecələri, INTERNET saytlarının təqdimat mərasimləri və i.a. Bir ənənə olaraq bu kimi tədbirlərdə, forumlarda həm gənc, orta, həm də yaşlı nəsil bəstəkarları da öz yeni əsərlərilə iştirak edirlər.
Hər bir plenum və ya festival müəyyən bir musiqi sahəsinə həsr olunur. Simfonik, vokal-simfonik, kamera-instrumental, kamera- vokal, xor, mahnı və romans, uşaqlar üçün musiqi, xalq çalğı alətləri orkestri, nəfəs alətləri orkestri üçün yeni əsərlər və i.a. Bir neçə gün davam edən plenum və festivalların əsas məqsədi odur ki, musiqimizin müəyyən sahəsinin hansı inkişaf prosesi keçirdiyini dinlədiyimiz əsərlər əsasında müəyyən edib çatışmazlıqları aşkara çıxaraq, ümumiləşdirmələr aparaq və eyni zamanda bu sahədə qarşıda duran vəzifələri və perspektivləri də müəyyən edək. Bu prosesdə ən ümdə vəzifə məhz musiqi janrlarının inkişafını izləmək və cənab H.Əliyevin təbirincə desək onların bərabər tərzli inkişafını təmin etməkdən ibarətdir. Bir sözlə, janrlar arasında müvafiq tarazlıq yaratmaqdır. Bütün bunlar plenum və festivallardan sonra keçirilən ənənəvi konfranslarda açıqlanır və «Musiqi Dünyası» jurnalında, dövri mətbuatda işıqlandırılır, həmçinin Azərbaycan Dövlət Teler
adio Verilişləri Şirkəti tərəfindən radio dalğalarında, televiziya ekranlarında xüsusi verilişlər təşkil olunur.
H.Əliyev bəstəkarlarla görüşündə simfonik musiqi janrlarının əhəmiyyətindən söz açarkən demişdi: «Simfonik musiqi sahəsində müvəffəqiyyətlər daha çoxdur. Lakin istərdik ki, bu müvəffəqiyyətlər əsasında Siz daha yüksəklərə qalxasınız, proqramlı musiqi əsərlərini daha çox yazasınız. Bir çox bəstəkarlarımız simfoniya yaradıcılığında doğru yoldadır, təcrübə, vərdiş qazanmışlar və əminik ki, bizə yeni kamil əsərlər verəcəklər».
Bəli, simfonik musiqi yaradıcılığı sahəsində uğurlarımız az deyil, cənab H.Əliyevin tövsiyə etdiyi kimi «proqramlı musiqi əsərləri»nə daha çox yer verilmişdir.
Xüsusilə müharibə vəziyyətində olan ölkədə proqramlı əsərlərə ehtiyac həmişə böyük olur. Bununla əlaqədar bir faktı da xatırladaq ki, ikinci cahan müharibəsində Azərbaycanda 25-dən çox proqramlı simfonik əsərlər yaranmışdı.
Çünki, fəlsəfi sanballı, çoxcəhətli proqramlı simfonik musiqi janrları (xüsusilə simfoniyalar) daha parlaq şəkildə ümumxalq əhəmiyyətli obrazları təcəssüm etdirməyə qadirdir. Bu baxımdan biz ələlxüsus Şəhid mövzusuna yazılmış simfonik musiqini nəzərdə tuturuq. Cövdət Hacıyevin 7 saylı «Şəhidlərin xatirəsinə» simfoniyası, Ramiz Mustafayevin 6 saylı «20 yanvar» simfoniyası, Azər Rzayevin «Bakı-90» simfoniyası, Tofiq Bakıxanovun «Hümayun», «Nəva», «Rahab», «Şahnaz» simfonik muğamları, Məmməd Quliyevin «Simfoniya-Rekviyem»i, Arif Mirzəyevin «Yanvar mərsiyələri» mövzu aktuallığına görə böyük maraq doğurur və diqqətəlayiq partituralar kimi qiymətləndirilir.
Söz yox ki, adlarını çəkdiyimiz əsərlər nümunəsində Azərbaycanda memorial musiqi janrı öz dolğun inkişafını tapa bilmişdir, - desək, daha doğru olar. Xüsusilə 1991-ci ildən başlayaraq müstəqillik dövründə bəstəkarlarımız bütün janrlarda olduğu kimi, simfonik musiqi janrlarındakı əsərlərində də müasir zamanın aktual problemlərinə, respublikamızda baş verən hadisələrə öz münasibətini izhar etmiş, məhz dövrün məziyyətlərini musiqi dili ilə açmağa nail olmuşlar.
Xatırladaq ki, müstəqillik dövründə yaranan əsərlərin mövzu dairəsi də çox rəngarəngdir. Məhz Vətən və Qarabağla bağlı mövzular simfonik və vokal-simfonik iri həcmli proqramlı əsərlərdə öz dolğun təzahürünü tapmışdır. Vasif Adıgözəlovun «Qarabağ şikəstəsi», «Qəm karvanı» oratoriyaları, Ramiz Mustafayevin «Haqq səninlədir, Azərbaycan» kantatası, Tofiq Bakıxanovun «Qarabağ harayı» simfoniyası, Aqşin Əlizadənin «Ana torpaq» odası, Sevda Ibrahimovanın «Vətən şəhidləri» kantatası, Azər Dadaşovun «Şuşa» adlı 11 saylı simfoniyası, Nəriman Məmmədovun «Xocalı» adlı 7 saylı simfoniyası və s. parlaq səciyyəli proqramlı simfonik və vokal-simfonik əsərlərdir.
Adlarını sadaladığımız əsərlər plenum və festivallarda Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xor kapellası və solistlər tərəfindən uğurla səsləndirilir. Bütün bunlar Azərbaycanda simfonik janrlarda musiqi salnaməmizi zənginləşdirən kamil əsərlərin yazılması üçün möhkəm, e’tibarlı zəmin yaradır.
«Mən şerə də, mahnıya da çox hissiyatlı adamam» - deyən Heydər Əliyevin hələ 25 il bundan öncə bizimlə görüşündə mahnı janrı haqqında fikir və mülahizələri də çox önəmlidir.
«Dinləyicilərin xoşuna gələn yaxşı mahnı az deyildir. Lakin bununla birlikdə elə mahnılar vardır ki, nə musiqisi yadda qalır, nə də sözləri. Mahnı musiqidə ən kütləvi janrdır. Buna görə də ona daim ciddi fikir verilməlidir. Bütün mahnılar yaxşı olmalıdır, xalqın qəlbinə və şüuruna yol tapmalıdır.»
Mahnı yaradıcılığı haqqında dahi rəhbərimizin dediyi həmin ibrətamiz fikirlər musiqi həyatımızın ən çətin və aktual problemlərinə istiqamətlənmişdir. Buna görə də digər janrlara nisbətən mahnı haqqında televiziya ekranlarında və radio dalğalarında son illərdə intensiv olaraq söhbətlər aparılır, diskussiyalar keçirilir… Axı, mahnı bədii-estetik təsir gücünə, tez qavranılmasına görə ən çox sevilən janrdır.
Sual olunur, nə üçün son illərdə yaxşı mahnı az yaranır? Bunun üçün bəzilərinin istedadı çatışmır (maraqlıdır ki, belələri məhz mahnı vasitəsilə tez məşhurlaşmaq arzusunda olurlar). Belə məziyyət isə musiqi sənəti üçün çox təhlükəlidir.
Hazırda mahnı yazanlar çoxalıb. Bəstəkarlar Ittifaqının 130 bəstəkar üzvünün yarısından çoxu müxtəlif mövzulu mahnılar yazırlar. Lakin indiki şəraitdə onların mahnılarının səsləndirilməsi üçün yüksək keyfiyyətli texniki vasitələrdən ibarət səsyazma studiyalarından və s. istifadə etmək imkanı cüzidir.
Təəssüf doğuran cəhətlərdən biri də budur ki, professional bəstəkarlardan başqa digər sənət adamları da «bəstəkarlıqla» məşğul olmaq xülyasındadır. Məsələn, biznesmen, şair, müğənni, həkim… zümzümə ilə mahnı qoşur, aranjimançılar bu mahnıları lazımi səviyyədə aranjiman edib, ayrı-ayrı səsyazma studiyalarında məşhur müğənnilərin – hətta bə’zən respublikanın əməkdar və xalq artistlərinin ifasında səsləndirir, sonra həmin mahnılara klip çəkdirir, disklər, albomlar və s. buraxdırırlar. Açığını deyək ki, həmin aşağı səviyyəli mahnıların müəllifləri müxtəlif xalqların mahnılarından, ayrı-ayrı tanınmış bəstəkarlarımızın melodiyalarındakı fraqmentlərindən faydalanaraq, necə deyərlər, mahnıya bənzər bir şey «quraşdırırlar». Bu qəbildən olan mahnılarda predmetsizlik, sözçülük, məzmunsuzluq, primitivlik, erotik hisslər, sentimental duyğular, şablon ifadələr özünə geniş yer tapır. Şairlərimiz və sonradan «bəstəkarlarımız» dönə-dönə müəyyən sözləri təkrar edirlər. O qədər işlədir
lər ki, ifadələr bayağılaşır və mahnının bədii-estetik tə’siri tamamilə itirilir. Cənab Heydər Əliyevin dediyi kimi, bu səciyyəli mahnıların «nə musiqisi yadda qalır, nə də sözləri».
Elə bu səbəbdən də son illərdə Azərbaycanda mahnı yaradıcılığı acınacaqlı vəziyyətə düşmüşdür. Indi professional bəstəkarlara qarşı böyük bir həvəskar «bəstəkar ordusu» yaranıb.
Onların xüsusilə aşağı səviyyəli, keyfiyyətsiz mahnıları özəl kanallara daha tez yol tapır. Televiziyaya baxanların isə bəziləri əsərin bədii-estetik qiymətini düzgün verə bilmir, bəziləri isə elə düşünür ki, «əgər göstərirlərsə deməli, bu yaxşıdır». Dinləyicilərin bir qismi isə belə fikirdədir ki, «əgər müğənni məşhurdursa, onun oxuduğu mahnılar da əla olmalıdır». Əlbəttə, bu məhz sadəlövh qənaətdir, aldanmaqdır. Lakin özəl televiziya və radio redaktorları sadəlövlüyün təsiri altına düşməməlidir. Çünki, onlar professional musiqiçidirlər, yaxşını pisdən ayırmağı bacarmalıdırlar.
Azərbaycan Bəstəkarlar Ittifaqı indiki şəraitdə mahnı sahəsində müsabiqələrə böyük əhəmiyyət verir. Bu baxımdan Bakı şəhəri Icra Hakimiyyəti, ayrı-ayrı Nazirliklər və Yeni Azərbaycan Partiyası ilə birgə «Vətəni tərənnüm edən mahnılar» devizi ilə keçirdiyimiz mahnı müsabiqəsinin nəticəsində professional bəstəkarlarımızın (ələlxüsus gənclərin) yeni-yeni maraqlı, məzmunlu, zəngin melodiyalı mahnıları yaranır və müğənnilərimizin repertuarı zənginləşir.
Ümumilli lider H.Əliyev, haqqında söz açdığımız çıxışında musiqili səhnə əsərlərinə də xüsusi diqqət yetirirdi. Ulu öndər opera yaradılması sahəsində geriliyi qeyd edərək deyirdi ki, elə operalar yaratmaq lazımdır ki, ömrü uzun olsun, xalqın xoşuna gəlsin, həqiqətən fayda versin və sevinc bəxş etsin.
Təəssüflə deməliyik ki, 70-90-cı illərdə «ömrü uzun olan» opera əsərləri yaranmadı. Lakin keçən ilin dekabrında yeni bir operanın Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında premyerası oldu. Bu, görkəmli bəstəkarımız Vasif Adıgözəlovun «Natəvan» operasıdır. Üç pərdədən, proloq və epiloqdan ibarət olan bu opera artıq beş dəfə anşlaqla səhnədə göstərilmişdir.
Xatırladım ki, V.Adıgözəlov ömrünün səkkiz ilini «Natəvan» operasının yazılmasına sərf edib. Bu opera öz uğurlu səhnə təcəssümünü taparaq Natəvanın anadan olmasının 170 illiyinə gözəl töhfə oldu.
Bəstəkarla yaradıcı heyətin gərgin işləməsi, hər bir səhnənin üzərində axtarışlar, zərgər dəqiqliyi və maraqlı tapıntılar nəticəsində «Natəvan» operası müvəffəqiyyətlə səhnəyə qoyuldu. Operanın uğur qazanmasında Natəvan obrazının təfsirçisi, görkəmli müğənnimiz Xuraman Qasımovanın da böyük rolu və zəhməti var. Məncə, bu günümüzə qədər bəstələnmiş Azərbaycan operalarındakı qadın partiyaları arasında Natəvan obrazı kimi ağır, mürəkkəb, ifaçılıqda müxtəlif səciyyəli vokal texnikası tələb edən ikinci bir obraz tapmaq çətindir. Lakin X.Qasımova bu partiyanın öhdəsindən bacarıqla, həm də ustalıqla gəlir.
Inanırıq ki, «Natəvan» Azərbaycan opera sənətində «Koroğlu» və «Sevil»dən sonra parlaq səhifə təşkil edərək, musiqi salnaməmizi zənginləşdirəcək və daima səhnədə yaşayacaq, cənab H.Əliyevin dediyi kimi «uzun ömürlü» olacaqdır.
Respublikamızda balet janrının inkişafına müsbət qiymət verən dahi şəxsiyyət H.Əliyev bu janr haqqında da öz iradlı mülahizələrini söyləmişdir: «Baletə gəldikdə, burada siz bəlkə də opera sənətindən daha irəlidəsiniz. Lakin balet janrı getdikcə böyük şöhrət qazanır və bu baxımdan, mənə elə gəlir ki, musiqi sənətinin həmin sahəsini zənginləşdirə bilən rəngarəng süjetli və müxtəlif mövzulu yaxşı baletlər yaratmaq üçün bəstəkarlıq məktəbimizin imkanlarından heç də tamamilə istifadə edilməmişdir.»
Doğrudan da, keçən əsrin 50-ci illərindən başlayaraq balet janrında böyük uğurlarımız var.
XX əsrin sonlarında balet janrında yazılmış əsərlər də müəyyən uğurlar gətirdi. Bu baxımdan Fikrət Əmirovun «Nizami», Aqşin Əlizadənin «Babək» və «Qafqaza səyahət» baletlərini, Xəyyam Mirzəzadənin «Ağ və qara» baletini, ilk Azərbaycan baleti olan Əfrasiyab Bədəlbəylinin (bəstəkar Musa Mirzəyevin yeni redaksiyasında) «Qız qalası»nı, Tofiq Bakıxanovun Nizaminin «Xəmsə»si əsasında «Xeyir və Şər», Yeseninin şeriyyatı əsasında «Şərq poeması» baletlərini nümunə göstərə bilərik.
Indi dönə-dönə istinad etdiyimiz məşhur çıxışında cənab Heydər Əliyev haqlı olaraq operettamızın zəif cəhətlərini də nəzərə çatdırır və Bəstəkarlar Ittifaqının bu problemə laqeyd qalmamasını tövsiyə edir.
Doğrudan da, 70-80-ci illərdə operetta janrı sahəsində vəziyyət daha acınacaqlı idi. Teatr öz müəlliflərini demək olar ki, itirmişdi. Keçmiş uğurlu əsərlər də göstərilmirdi. Əlbəttə, musiqili komediya teatrının öz «evi»nin olmaması da yaradıcılığa mənfi təsir edirdi.
Keçmiş Tağıyev Teatrının sökülüb yenidən yüksək keyfiyyətlə tikilməsindən, müasir texniki vasitələrlə təchiz edilməsindən sonra məhz ümumilli lider Heydər Əliyevin uzaqgörənliklə və müdrikliklə düşünülmüş qərarı nəticəsində bu yeni gözəl bina Azərbaycan Dövlət Musiqili Komediya Teatrına verildi.
Görkəmli musiqili komediya aktyoru, Respublikanın xalq artisti Hacıbaba Bağırovun direktor və bədii rəhbər təyin olunması ilə kollektiv daha intensiv çalışmağa başladı, Teatrın işi canlandı. Bəstəkarlar və dramaturqlarla yaradıcılıq ünsiyyəti genişləndi, onlara yeni müasir mövzulu əsərlər sifariş verildi. Nəticədə teatr əvvəlki və eyni zamamnda yeni pərəstişkarlarını tapdı, - desək, yanılmarıq.
Hazırda teatr üçün görkəmli bəstəkarlırımız və yazıçılarımız musiqili komediyalar yazırlar. Vaxtilə teatrın repertuarını bəzəyən əsərlər yeni quruluşda və yeni redaksiyada tamaşaya qoyulur. Beləliklə, Musiqili Komediya Teatrının yaradıcılıq portfeli müasir tələblərə cavab verən rəngarəng və yüksək səviyyəli əsərlərlə rövnəqlənir.
Bütün bunlara görə biz incəsənət xadimləri Heydər Əliyev cənablarına borcluyuq və onun ruhu qarşısında baş əyirik.
Heydər Əliyev qurultaydakı çıxışında gənc bəstəkarlara daha artıq diqqət yetirməyi, onların püxtələşməsinə, kamilləşməsinə kömək etməyi, səhv və qüsurlarını vaxtında göstərməyi məsləhət görürdü. Bu barədə çox dəyərli bir fikri indi də aktualdır: «Bəzən ayrı-ayrı gənclər nə isə fövqəltəbii bir şey axtarmağa başlayır və elə dolaşıb qalırlar ki, müəllifin öz əsərində nə ifadə etmək istədiyini başa düşmək çətin olur. Gənclərin tərbiyəsində Ittifaqın rolu xüsusilə böyükdür. Lakin təcrübəli bəstəkarlarımız, ustad sənətkarlarımız da bu işdə az rol oynamamalıdırlar».
Heydər Əliyev cənablarının bəzi gənclərin əsərlərinə aid tənqidi iradları daima diqqət mərkəzində saxlamaq məqsədəmüvafiqdir. Indi də bəzi gənc bəstəkarların «fövqəltəbii axtarışları»nın şahidi oluruq. Bu yolla yazan bəstəkarlar əlbəttə ki, əksər hallarda Bəstəkarlar Ittifaqının üzvlüyünə qəbul olunmurlar.
Yeri gəlmişkən onu da deyək ki, Ittifaq gənc bəstəkar və musiqişünasların yaradıcılıq işinə həmişə yaxından kömək göstərir. Onların arasında ən istedadlıları Bəstəkarlar Ittifaqına qəbul edilir. Elə son 4 ildə 40 nəfərdən artıq gənc bəstəkar və musiqişünas Respublika Bəstəkarlar Ittifaqının üzvlüyünə qəbul olunmuşdur. Bəstəkarlar Ittifaqı mütəmadi olaraq gənclərin yaradıcılığına həsr olunmuş festivallar, plenumlar, konsertlər, konfranslar və simpoziumlar keçirir. Onların əsərləri xarici ölkələrdə də yayılır. Gənc bəstəkarlar, hətta Bakı Musiqi Akademiyasının bəstəkarlıq şəbəsinin tələbələrindən bir qismi Ittifaqın keçirdiyi simfonik, kamera, xor, vokal-simfonik, uşaq musiqisi, xalq çalğı alətləri orkestri üçün yazılmış yeni əsər-lərə həsr olunan bütün plenumlarda, festivallarda, müsabiqələrdə iştirak edir. Həmçinin onların ən yaxşı əsərləri mavi ekranda, radio dalğalarında, konsert salonlarında geniş təbliğ olunur.
Söz yox ki, Respublika Bəstəkarlar Ittifaqı bu məsələni daima diqqət mərkəzində saxlamalı, istedadlı gənc bəstəkar və musiqişünas potensialına malik gənclərlə mütəmadi yaradıcılıq işi aparmalı, onları bundan sonra da düzgün yaradıcılıq yoluna istiqamətləndirməlidir.
Olduqca diqqətəlayiq haldır ki, böyük şəxsiyyət Heydər Əliyev öz çıxışında gənc və orta nəsl bəstəkarlarına müəyyən ümdə məziyyətlərə malik olmasına xüsusi diqqət yetirməyi vacib sayırdı. Ulu öndər əvvəl tövsiyə edirdi ki, bəstəkarlarımız öz yaradıcılıqlarında milli cəhətlərlə beynəlmiləl cəhətlərin vəhdəti məsələsinə xüsusi fikir versinlər. Bəstəkarlara foklor və müasir musiqinin üzvi surətdə əlaqələndirilməsini məsləhət görürdü. Belə qənaətə gəlirdi ki, əgər əsərlər bu zəmində yaradılsa, parlaq milli formaya, milli koloritə, Azərbaycan musiqisi üçün spesifik çalarlara malik olar, eyni zamanda beynəlmiləl xarakter daşıyar, beynəlmiləl məzmun kəsb edər.
Əlbəttə, bu tövsiyələr gənc və orta nəsl bəstəkarlarımız üçün çox önəmli, faydalı və dəyərlidir, eyni zamanda bütün dövrlər üçün səciyyəvidir.
Dahi şəxsiyyət Heydər Əliyev bəstəkarların qarşısındakı çıxışının sonunda musiqinin dolğun əhəmiyyətindən, geniş yayılan incəsənət növü olmasından, professional bəstəkar və musiqişünasların vəzifələrindən bəhs edərək bizə ələlxüsus bu gün üçün öz aktuallığı ilə səciyyələnən tövsiyələr vermişdir. Ulu öndərimizin sözlərini burada xatırlamaq yerinə düşər: «Musiqini hər yerdə dinləyirlər, kəndli də, fəhlə də, zehni əmək adamı da, təqaüdçü də, uşaq da dinləyir, yaşından asılı olmayaraq hamı dinləyir. Buna görə də insanların şüurunun yüksəlməsinə musiqinin təsirini artırmaq, mənəvi, estetik tərbiyə problemlərinin həllinə onun təsirini gücləndirmək, musiqinin geniş kütlələrə emosional təsirini qüvvətləndirmək sizin borcunuzdur. Bu, böyük və eyni zamanda çox nəcib bir vəzifədir. Biz əmin olmaq istəyirik ki, ayrılıqda hər bir bəstəkar və birlikdə hamınız bütün yaradıcılıq fəaliyyətinizlə Azərbaycan musiqisini daha da inkişaf etdirməyə çalışacaqsınız».
Bu il Azərbaycan Bəstəkarlar Ittifaqının 70 yaşı tamam olur. Əsası Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyov tərəfindən qoyulmuş Bəstəkarlar Ittifaqı 70 illik fəaliyyəti ərzində çağdaş musiqimizin inkişaf mərhələlərini şərəflə keçmişdir.
Qürur hissi ilə qeyd edirik ki, Azərbaycan bəstəkarlarının musiqi əsərləri dünyanın hər iki yarımkürəsinin iri şəhərlərində keçirilən musiqi festivallarında, simfonik və kamera musiqisindən ibarət konsertlərdə əzəmətlə səslənir, opera, balet və operettalarımız dünyanın müxtəlif teatr səhnələrində tamaşaya qoyulur və rəğbətlə qarşılanır.
Məhz bunun üçün də biz qətiyyətlə deyə bilərik ki, Üzeyir Hacıbəyovun ənənələrini davam etdirən Azərbaycan bəstəkarlıq məktəbi dünyanın professional musiqi salnaməsində qabaqcıl, ən layiqli yerlərdən birini tutur. Heç də təsadüfi deyil ki, XX əsrin dahi bəstəkarı Dmitri Şostakoviç bu məktəbi əla bəstəkarlıq məktəbi adlandırmışdır. Söz yox ki, bu nailiyyətləri bəstəkarlarımız çətin və səmərəli yaradıcılıq yolu ilə, geniş miqyaslı axtarışlar və tapıntılarla əldə etmişdir.
Indi müxtəlif nəsilləri əhatə edən bəstəkarlarımız musiqinin bütün janrlarında məhsuldar çalışaraq, çox qiymətli əsərlər yazırlar. Müxtəlif səciyyəli həmin əsərlər Bəstəkarlar Ittifaqının xəttilə festivallarda, plenumlarda, baxışlarda, mavi ekran və radio dalğalarında səsləndirilir və onların kompakt diski və albomları buraxılır, son nəticədə professional musiqi salnaməmiz yeni töhfələrlə zənginləşir.
Heç şübhə etmirik ki, çağdaş Azərbaycan bəstəkar və musiqişünasları bütün dövrlərdə olduğu kimi, bundan sonra da öz sıralarını istedadlı gənc bəstəkar və musiqişünaslar hesabına genişləndirəcək, zəngin musiqi sənətimizin professional səviyyəsini daha da yüksəldəcək, müstəqil respublikamızın adını həmişə ucaldacaqlar.
Çox təəssüflə onu da demək istərdim ki, artıq bir ilə yaxındır ki, biz dünya şöhrətli siyasətçimiz, ümumilli lider, hamımız üçün əziz olan dahi şəxsiyyət Heydər Əliyevin cismani yoxluğu şəraitində yaşayırıq. Lakin təsəllimiz odur ki, onun gələcək üçün planlarını, başladığı işləri gənc, müdrik, coşğun fəaliyyət enerjisinə malik Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyev yorulmadan davam etdirəcək, xalqımızı xoşbəxt, firəvan günlərə əzmlə aparacaq.
Bəli, bu günlər möhtərəm Heydər Əliyevin xatirəsi önündə bir daha baş əyir, onun layiqli varisi, siyasi kursunu ləyaqətlə davam etdirən Ilham Əliyevin rəhbərliyi ilə dahi lider, Ulu öndərin müəyyən etdiyi inkişafa doğru gedən yolla inamla, uğurla irəliləyirik.
p align>
|