BU GÜNÜMÜZƏ VƏ GƏLƏCƏYIMIZƏ INANIRAM
Vasif ADIGÖZƏLOV
 

Bu il iyun ayının 30-da Azərbaycan mu-siqisinin inkişafında müstəsna rol oynamış təşkilatımızın – Azərbaycan Bəstəkarlar Ittifaqının yaranmasının 70 ili tamam oldu.

       Mübaliğəsiz demək olar ki, XX əsr Azərbaycan musiqi mədəniyyətinin inkişafını, təşəkkülü və təkamülünü Bəstəkarlar Ittifaqının fəaliyyət dairəsindən kənarda təsəvvür etmək qeyrimümkündür.

        Keçən əsrdə musiqimizin bütün inkişaf mərhələlərini özündə əks etdirmiş təşkilatımız, əksər halda bu inkişafa, bir çox axtarışlara və yeni istiqamətlərə təkan verən başlıca amilə çevrilmişdir. Yarandığı ilk gündən bu vaxta qədər Bəstəkarlar Ittifaqı milli kadrların formalaşmasını, onların əsərlərinin təbliğini, yaradıcılıq niyyətlərinin gerçəklənməsini əsas məqsəd saymış, məişət qayğılarından tutmuş ciddi yaradıcılıq problemlərinə kimi ən müxtəlif məsələləri həll etmək iqtidarında olan bir qurum kimi fəaliyyət göstərmişdir.

       Danılmaz faktlardır ki, Azərbaycan bəstəkarlarının bir çox dahiyanə əsərləri bilavasitə təşkilatımızın qurultay, plenum, festival, baxış, konqres, simpozium, müşavirələr və digər irimiqyaslı yaradıcılıq və elmi tədbirlərdə səslənmək üçün yazılmış və təbii ki, ilk dəfə məhz bu tədbirlərdə ifa olunmuş, cəmiyyətdə, mədəni həyatımızda geniş əks-səda doğurmuşdur. Bu əsərlərin yaranmasında SSRI-nin ən müxtəlif dilbər guşələrində yerləşən yaradıcılıq evlərində yaşayıbişləmək imkanı yardımçı olmuş, onların xarici ölkələrdə tanınmasında Bəstəkarlar Ittifaqının beynəlxalq əlaqələri, çoxsaylı xarici ezamiyyətlər, yaradıcılıq görüşləri ümdə rol oynamışdır.

Bəstəkarlar Ittifaqı öz tarixində böyük və şanlı bir yol keçmişdir. Lakin bu yol həm də kifayət qədər keşməkeşli və çətin olmuşdur. Ilkin vaxtlarında barmaqla sayıla bilən bir neçə azərbaycanlıdan ibarət olan bu təşkilat tez bir zamanda bilavasitə Üzeyir Hacıbəyovun xeyir-duası ilə sənətə adlamış və məmləkətimizi uzaqlarda tanıtmağa qadir güclü bəstəkar nəsli ilə zənginləşmişdir. Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Niyazi, Səid Rüstəmov, Soltan Hacıbəyov, Cahangir Cahangirov, Rauf Hacıyev, Tofiq Quliyev, Hacı Xanməm-mədovun ölməz musiqisi artıq çoxdan bəridir ki, mənəviyyatımızın, iç dünyamızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu şəxsiyyətlər öz dahi müəllimlərinin ənənəsini davam etdirərək, öz növbəsində böyük bir məktəb yaratdılar, yeni nəsil yetişdirdilər. Qara Qarayev və Cövdət Hacıyevin tələbələri hazırda musiqimizin bugünkü taleyini müəyyənləşdirir. Onlar öz əkrarolunmaz dəstxəttini və üslubunu yaratmış görkəmli sənətkarlardır.

       Indi Azərbaycan Bəstəkarlar Ittifaqı öz sıralarında 180 nəfər yüksək ixtisaslı əsl peşəkar bəstəkarlar və musiqişünaslar ordusunu birləşdirmişdir. Burada ən müxtəlif nəsillər təmsil olunub. Onların layiqli nümayəndələrinin hər biri müasir musiqi məkanında öz sözünü deməyə qadirdir. Zənnimcə, bu, 70 illik şərəfli yolun, sözün əsl mənasında, parlaq nəticəsidir.

       Sirr deyil ki, yaşadığımız məkanın ictimai siyasi həyatında baş verən bütün yeniliklər və dəyişikliklər (istər müsbət, istərsə də mənfi) onun işinə bilavasitə tə’sir göstərmişdir. Istənilən qurumun yaşam tarixində olduğu kimi burada da ən müxtəlif obyektiv və subyektiv səbəblər üzündən enişlər və yüksəlişlər müşahidə edilmişdir. Lakin etiraf etmək lazımdır ki, Bəstəkarlar Ittifaqı ən çətin və mürəkkəb dövrünü keçən əsrin 90-cı illərində yaşamalı oldu.

       Bəllidir ki, bu illər respublikamızın ictimai-siyasi həyatında, xalqımızın çoxəsrlik tarixində son dərəcə gərgin və mürəkkəb bir dövr oldu. Qanlı yanvar hadisələri, çoxillik müharibə, 20% torpaqlarımızın işğalı, amansız terror aktları yaradıcı insanların həyatında, taleyində və təbii ki, əsərlərində dərin iz qoymuşdur. Biz ürək ağrısı ilə bu dəhşətli hadisələrin qurbanları sırasında iste’dadlı musiqiçi və bəstəkar Rafiq Babayevin adını çəkirik.

       Azərbaycan bəstəkarlarının sonuncu - VII qurultayından ötən illər həyatın axını siyasi-iqtisadi paradokslar və gözlənilməz anlarla dolu idi. Illər boyu sabitləşmiş həyat və düşüncə tərzi, işləmək vərdişinin, cəmiyyətin ideoloji əsaslarının dağıldığı bir vaxtda Bəstəkarlar Ittifaqının bir qurum kimi saxlanılması, onun zəngin ənənələrinin hifz olunması qarşıda duran ən mühüm vəzifə idi. Ittifaqın lüzum-suzluğu, köhnə sosialist quruluşunun yetirməsi kimi öz dövrünü artıq başa vurması barədə müxtəlif səviyyələrdə söz-söhbətlər eşidilirdi. Unudulurdu ki, vaxtı ilə dahi Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Qara Qarayev, Rauf Hacıyev, Tofiq Quliyev, Aqşin Əlizadə kimi qüdrətli sənətkarlarımızın rəhbərliyi ilə uğurla fəaliyyət göstərmiş Azərbaycan Bəstəkarlar Ittifaqı uzun illər respublikamızın musiqi həyatının əsas koordinasiya mərkəzi olmuş, daim musiqimizin saflığının və özünəməxsusluğunun keşiyində dayanmışdır.        Nəzərdən keçirilən dövrdə cəmiyyətdə baş verən gərgin proseslər və bununla bağlı maddi çətinliklərə baxmayaraq Ittifaqın işində boşluq yaranması təhlükəsi qismən də olsa aradan qaldırıldı. Imkan daxilində ənənəvi fəaliyyət formaları – plenumların, yaradıcılıq görüşlərinin, festivalların, müsabiqələrin, baxışların keçirilməsi təmin olundu.

       Bütün dünyada əks-səda tapmış 20 yanvar faciəsinin Azərbaycanda çox mürəkkəb ictimai-siyasi ab-hava yaratdığı fonda Bəstəkarlar Ittifaqı məhz həmin il əvvəlki dövrün səmərəli iş rejimini saxlamağa müvəffəq oldu.

       1990-cı ilin mayında Bəstəkarlar Ittifaqı Idarə Heyətinin böyük Plenumu keçirildi. Iki simfonik və iki kamera konsertlərinin proqramına bütövlükdə ancaq yeni əsərlər daxil edildi: Cövdət Hacıyevin 6 saylı Simfoniyası, Aqşin Əlizadənin 5 saylı Simfoniyası, Ramiz Mustafayevin 6 saylı Simfoniyası, Nəriman Məmmədovun fortepiano və orkestr üçün Konserti, Azər Rzayevin skripka, viola və orkestr üçün ikili Konserti, Zakir Bağırovun tar və orkestr üçün Konserti, Fərhəng Hüseynovun klassik Simfoniyettası, Cahangir Cahangirovun qoboy və orkestr üçün Konserti, Sevda Ibrahimovanın orqan və kamera orkestri üçün Konserti, Oqtay Rəcəbovun kamera orkestri üçün 3 saylı Simfoniyası, Musa Mirzəyevin «Böyük ustadın xatirəsinə» simfonik əsəri, Qalib Məmmədovun kamera orkestri üçün miniatürləri ifa edildi. Plenumun işində Moskvadan, Alma-Atadan, Ufadan gəlmiş qonaqlar iştirak etdilər. O zaman SSRI Bəstəkarlar Ittifaqının katibi olmuş Aleksandr Çaykovski plenumun keçirilmə şəraitini dürüst səciyyələndirmişdi: «Fövqəladə vəzi yyət şəhərində zərif simfoniyalar dinlədim. Doğrusu, yanvar faciəsindən sonra belə bir tədbiri keçirmək üçün ürəyində təpər tapan xalqın mətanətinə heyranlığımı gizlədə bil-mirəm».


       Beynəlxalq əhəmiyyətli tədbirlər sırasında 1990-cı ilin oktyabrında keçirilmiş gənc bəstəkarların «Azərbaycan-Rusiya» adlı festivalı xüsusilə diqqətəlayiqdir. Festivalda iştirak etmək üçün Moskvadan, Sverdlovskdan, Rostovdan, Ufadan, Kazandan qonaqlar gəlmişdilər. Festivalın proqramına lentə alınmış əsərlərin dinlənilməsi, eləcə də Azərbaycan Dövlət Filarmoniyasında kamera musiqisindən ibarət konsert daxil edilmişdi. Konsertdə Məmməd Cəfərov, Ilham Abdullayev, Əli Əlizadə, Ilyas Mirzəyev, Yaşar Xəlilov, Salman Qəmbərov, Zaur Fərhadov, Ilham Qafarov, habelə qonaqlardan Q.Surayev-Korolyovun Saransk), N.Morozova və V.Barıkinanın (Sverdlovsk), R.Kalimullinin (Qazan) kamera əsərləri ifa olundu.        1990-cı ildə keçirilmiş diqqətəlayiq tədbir-lərdən biri də Azərbaycan Bəstəkarlar Ittifaqının Azərbaycan Dövlət Teleradiosu ilə birlikdə keçirdiyi «Musiqi baharı - 90» adlı müasir Azərbaycan musiqisi televiziya festivalı oldu. Festivalda Cövdət Hacıyevin, Cahangir Cahangirovun, Süleyman Ələsgərovun, Ibrahim Məmmədovun, Məmməd Quliyevin, Hacı Xanməmmədovun, Ramiz Mustafayevin, Vasif Adıgözəlovun, Tofiq Bakıxanovun, Nəriman Məmmədovun, Azər Rzayevin, Aqşin Əlizadənin, Arif Məlikovun, Musa Mirzəyevin, Dadaş Dadaşovun, Ramiz Mirişlinin, Sevda Ibrahimovanın, Fərəc Qarayevin və başqalarının əsərləri ifa olundu.

       Azərbaycan Bəstəkarlar Ittifaqının növbəti Plenumu Respublika üçün son dərəcə gərgin bir vaxtda keçirildi. 1992-ci ilin fevral-mart aylarında çox mürəkkəb ictimai-siyasi şəraitə baxmayaraq Ittifaq üç simfonik və bir kamera musiqisindən ibarət Plenumun işini tə’xirə salmadı. Konsertlər zamanı Cövdət Hacıyevin 7 saylı «Şəhidlərin xatirəsinə» simfoniyası, Ramiz Mustafayevin «Nizami» oratoriyası, Vasif Adıgözəlovun violonçel və orkestr üçün Konserti, Süleyman Ələsgərovun «Nizami» vokal-simfonik poeması, Tofiq Bakıxanovun Nizami mövzusunda «Xeyir və Şər» balet süitası, Aqşin Əlizadənin Skripka və orkestr üçün Konserti, Azər Rzayevin altı simfonik lövhəsi, Azər Dadaşovun 8 saylı simfoniyası (2-ci redaksiyada), Leonid Vaynşteynin skripka və orkestr üçün Konserti, Ilyas Mirzəyevin simfoniyası, Sevda Ibrahimovanın skripka və kamera orkestri üçün süitası, Məmməd Quliyevin kamera orkestri üçün Simfoniyası, Əli Əlizadənin kamera orkestri üçün «Təəssüratlar»ı və digər əsərlərin premyerası oldu. Plenumun bütün kon sertləri televiziya ilə göstərildi, efirdə səsləndirildi, mətbuatda işıqlandırıldı.

       Cəmiyyətdə baş verən gərgin proseslər və bununla bağlı maddi çətinliklərə baxmayaraq sonrakı illərdə də Ittifaqın iş rejimini sax-lamaq mümkün oldu. 1993-cü ilin mart-aprel ayında Bəstəkarlar Ittifaqı kamera və xor musiqisinə həsr olunmuş «Novruz-93» adı altında festival keçirdi. M.Maqo-mayev adına Azərbaycan Dövlət Filarmoniyasında üç gün davam edən festivalın proqramına Cövdət Hacıyevin kamera orkestri üçün Poeması, Nəriman Məmmədovun fortepaino və orkestr üçün 4 saylı Konserti, Sevda Ibrahimovanın fortepiano və orkestr üçün 3 saylı Konserti, Adilə Yusifovanın xor, simli kvartet və zərb alətləri üçün «Yaz nağılı» kantatası, habelə, Vasif Adıgözəlovun, Tofiq Bakıxanovun, Aqşin Əlizadənin, Şəfiqə Axundovanın, Tamilla Məmmədzadənin, Azər Dadaşovun, Elnarə Dadaşovanın, Ilyas Mirzəyevin, Rəhilə Həsənovanın, Məmməd Cəfərovun, Sərdar Fərəcovun, Salman Qəmbərovun, Ağakərim Kərimovun kamera və xor əsərləri səsləndi. Qeyd edək ki, festival çərçivə-sində «Azərbaycan bəstəkarlarının xor musiqisi» mövzusunda kon frans keçirilmiş, bu janrların problemləri hərtərəfli müzakirə olunmuşdu. Məruzələrlə Validə Əlixanova-Şərifova, Imruz Əfəndiyeva, Zərifə Ismayılova, Aydın Ziyadlı, Ləman Atakişiyeva və başqaları çıxış etdilər. Azərbaycan xor musiqisinin müasir dövrdə vəziyyəti, onun ifası və təbliği ilə bağlı məsələlər Bəstəkarlar Ittifaqının yaxın dövrdə keçirdiyi bir neçə tədbirində də öz ifadəsini tapmışdır. Bu mə’nada 2001-ci ilin iyun ayında keçirilmiş Plenum və 2003-cü ilin may-iyun aylarında olmuş Xor musiqisi Festivalı çox önəmlidir. Burada ən maraqlı cəhət o idi ki, həm məşhur əsərlər, həm də təzə yazılmış əsərlər yeni xor kollektivlərinin, xüsusilə uşaqlardan təşkil olunmuş xorların ifasında səslənmiş, musiqimizin bu, çox vacib və mühüm sahəsinə olan marağın artmasına səbəb olmuşdur.

       1993-cü ildə daha bir festivalı Bəstəkarlar Ittifaqı Televiziya və Radio Verilişləri Şirkəti ilə birgə keçirdi. Bu telefestival tariximizin qara yaddaşına yazılmış 20 yanvar faciəsinin 3 illiyinə həsr olunmuşdu. Bir həftə telefestivalın proqramında Cövdət Hacıyevin VII simfoniyası, Vasif Adıgözəlovun «Qarabağ şikəstəsi» oratoriyası, Azər Rzayevin «Bakı-90» simfoniyası, Sevda Ibrahimovanın vokal-simfonik poeması, həmçinin Hacı Xanməmmədovun, Şəfiqə Axundovanın, Vasif Adıgözəlovun, Faiq Sücəddinovun, Mobil Babayevin vokal əsərləri səsləndi.

       Hərbi-vətənpərvərlik və qəhrəmanlıq mövzusu 1993-cü ilin noyabrında keçirilən Plenumda da davam etdirildi. Plenumun çərçivəsində elmi-praktik konfrans keçirildi. Konfransda musiqişünaslar Ramiz Zöhrabov, Tahirə Kərimova, Zemfira Qafarova, Mina Hacıyeva, Imruz Əfəndiyeva dolğun məruzələrlə çıxış etdilər. Lent yazılarında dinləyicilər Ramiz Mustafayevin «Bu qan yerdə qalmaz» vokal-simfonik poeması, Vasif Adıgözəlovun «Odlar yurdu» oratoriyası, Tofiq Bakıxanovun «Hümayun» simfonik muğamı, Azər Rzayevin «Bakı-90» simfoniyası, Arif Mirzəyevin «Yanvar mərsiyələri», Cavanşir Quliyevin «Əsgər marşı», «And», Elnarə Dadaşovanın «Cəngi», Eldar Mansurovun «Müqəddəs ordu» əsərləri ilə tanış oldular.

       Növbəti 1994-cü il Azərbaycan Bəstəkarlar Ittifaqının tarixinə əlamətdar bir il kimi daxil oldu. Təməli Ü.Hacıbəyov tərəfindən qoyulmuş, zəngin ənənələrə, güclü bəstəkar nəsillərinə malik Ittifaqımızın 60 yaşı tamam oldu. Azərbay-can Bəstəkarlar Ittifaqı Idarə Heyəti təşkilatı-mızın yarandığı gündən bu günədək çoxşaxəli fəaliyyətini işıqlandıran kitab nəşr etdirməyi qərara aldı. Kitab həm azərbaycan, həm də rus dillərində işıq üzü gördü. Bundan əlavə, Bəstəkarlar Ittifaqının təşəbbüsü və bilavasitə zəhməti sayəsində Respublika Televiziyası ilə silsilə verilişlər təşkil olundu. Bu verilişlər 60 il ərzində Azərbaycan bəstəkarlıq məktəbinin keçdiyi zəngin yolu parlaq təcəssüm etdirdi. Dahi Ü.Hacıbəyovun həyat və yaradıcılığı ilə açılan silsilədə Müslüm Maqomayev, Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Cövdət Hacıyev, Rauf Hacıyev, Arif Məlikov, Ağabacı Rzayeva, Ədilə Hüseynzadə , Şəfiqə Axundova, Zakir Bağırov, Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Azər Rzayev, Aqşin Əlizadə, Tofiq Bakıxanov, Ibrahim Məmmədov, Nəriman Məmmədov, Musa Mirzəyev, Emin Sabitoğlu, Məmməd Quliyevin və başqalarının həyat və yaradıcılıq irsindən musiqişünaslarımız ətraflı söhbət aç-mış, əsərlərindən fraqmentlər səsləndirilmişdi. Bəstəkarlar Ittifaqının 60 illiyi ilə bağlı yubiley tədbirləri sonrakı illərdə də davam etdirildi. 1996-cı ilin may ayında Ittifaq bu münasibətlə Kamera musiqisi Plenumu keçirdi. Iki konsertin geniş proqramına əsasən yeni əsərlər daxil edilmişdi. Plenum Azərbaycanda kamera musiqisinin bugünkü vəziyyətini kifayət qədər parlaq əks etdirdi. Bu haqda Plenumun diskussiyalarında, musiqişünasların məruzələrində ətraflı danışılmışdır.


       Yubileylə bağlı növbəti tədbir 1997-ci ilin fevral ayında oldu. Bu dəfə Ittifaq diqqət mərkəzinə gənclərin yaradıcılığını çəkdi. Bu münasibətlə keçirilən Plenumda nəinki Ittifaqın üzvü olan bəstəkarların, həmçinin Bakı Musiqi Akademiyasının tələbə və aspirantlarının kamera əsərləri də ifa edildi. Onların sırasında Ilham Abdullayev, Ədilə Yusifova, Elnarə Dadaşova, Salman Qəmbərov, Rüfət Rama-zanov, Elmir Mirzəyev, Arzu Məmmədova, Ceyhun Allahverdiyev, Vəfa Dadaşovanın adlarını çəkmək istərdim.

       Azərbaycan Bəstəkarlar Ittifaqı respublikanın musiqi həyatında baş verən bir sıra tədbirlərdə yaxından iştirak etmişdir. Bu mənada 1995-ci ilin may ayında Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Qadın Komitəsi ilə birgə keçirilmiş «Qadınların musiqi dünyası» silsilə konserti xüsusilə diqqətəlayiqdir. Üç gün davam edən konsertlərdə Azərbaycanın qadın bəstəkarlarının bütün nəsilləri – Ağabacı Rzayeva, Ədilə Hüseynzadə, Şəfiqə Axundova, Elmira Nəzirova, Sevda Ibrahimova, Afaq Cəfərova, Firəngiz Əlizadə, Rəhilə Həsənova, Gülnaz Abdullazadə, Elnarə Dadaşova, Ruhəngiz Qasımova, Tamilla Məmmədzadə, Elza Ibrahimova, Ədilə Yusifova, Rəna Qədimovanın müxtəlif janrlarda bəstələnmiş əsərləri səsləndi. Ilk konsert musiqişünaslar Şəhla Mahmudova və Zümrüd Dadaşzadənin qadın bəstəkarlarımız haqqında ətraflı məlumatları ilə müşayiət olundu. Ümummilli liderimiz cənab Heydər Əliyevin bilavasitə iştirakı ilə keçirilən bu tədbir çox yüksək səviyyə nümayiş etdirdi.

       90-cı illərin başlanğıcında respublikada hökm sürən mürəkkəb vəziyyətə baxmayaraq, Azərbaycan Bəstəkarlar Ittifaqı MDB ölkələri ilə yaradıcılıq əlaqələrini davam etdirmişdir. 1991-ci ilin yanvarında SSRI Bəstəkarlar Ittifaqının Plenumunda Azərbaycan Bəstəkarlar Ittifaqının da nümayəndə heyəti iştirak etdi. Nümayəndə heyətinin tərkibinə Vasif Adıgözəlov, Ramiz Zöhrabov, Firəngiz Əlizadə, Musa Mirzəyev, Ilyas Mirzəyev. Tofiq Bakıxanov, Həsən Rzayev, Xəyyam Mirzəzadə, Ramiz Mirişli, Cahangir Cahangirov, Məmməd Quliyev, Faiq Nağıyev daxil idi. Plenumun konsertlərində Vasif Adıgözəlovun «Qarabağ şikəstəsi» oratoriyası, Faiq Nağıyevin xor üçün Konserti, Firəngiz Əlizadənin Simli kvartet üçün «Dilogiyası» səsləndirildi. Estrada musiqi konsertlərində isə Ilyas Mirzəyevin «Xoş gəlmisiniz» estrada-simfonik pyesi ifa olundu. Azərbaycan bəstəkarları həmin ilin mart ayında Moskvada SSRI Bəstəkarlarının VIII Qurultayında iştirak etdilər. Bunun ardınca mart ayının sonunda «Vorzel» Yaradıcı-lıq Evində Azərbaycan, Est oniya və Ukraynanın bəstəkar və musiqişünaslarının yaradıcılıq görüşü keçirildi. Azərbaycan musiqisi bu görüşdə Aqşin Əlizadə, Vasif Adıgözəlov, Firəngiz Əlizadə, Fərhəng Hüseynov, Rəhilə Həsənova, Aydın Əzimovun kamera əsərləri ilə təmsil olundu. Görüşün iştirakçıları həmçinin lent yazısında Fərəc Qarayevin, Nazim Mirişlinin, Əli Əlizadənin, Cavanşir Quliyevin simfonik və kamera janrlarında yazılmış əsərləri ilə tanış oldular. Ukraynaya ezam olunmuş bəstəkar Firəngiz Əlizadə və musiqişünas Maura Şahbazbəyova müzakirələrdə çıxış etdilər. Bundan əlavə bəstəkarlarımızın MDB ölkələrində keçirilən bir sıra tədbirlərdə iştirakı davam edir. Azərbaycan bəstəkarları və musiqişünasları Orta Asiya və Qazaxıstanın gənc bəstəkarlarının III festivalının, habelə Ufada «Müsəlman xalqlarının ən’ənəvi musiqi festivalı»nın, Sankt-Peterburqda gənc bəstəkarların II Beynəlxalq festivalınnn işində, Moskvada Qara Qarayevin, Niyazinin xatirə gecələrəində, Nizaminin 850 illiyi ilə bağlı yubiley təntənələrində yaxından iştirak edirlər .

       1995-ci ildə Moskvada keçirilən «Dostlarımızın musiqisi - 95» Beynəlxalq Musiqi Festivalı xüsusilə diqqətəlayiqdir. Respublikanın nümayəndə heyətinə Bəstəkarlar Ittifaqının sədri Tofiq Quliyev, bəstəkarlardan Arif Məlikov, Tofiq Bakıxanov, Məmməd Quliyev və musiqişünas Ramiz Zöhrabov daxil oldular. Festivalın geniş konsert proqramına Qara Qarayevin Skripka və simfonik orkestr üçün Konserti, Arif Məlikovun Skripka üçün solo Sonatası, Tofiq Bakıxanovun Skripka, violonçel və fortepiano üçün Triosu, Məmməd Quliyevin Simli kvarteti, Firəngiz Əlizadənin «Üç akvarel», Arif Mirzəyevin romansı moskvalıların ifasında səsləndirildi.

       Bildiyiniz kimi SSRI-nin bir qurum kimi dağılması eyni zamanda SSRI Bəstəkarlar Ittifaqının da mövcud formada qalmasını sual altına qoydu. SSRI Bəstəkarlar Ittifaqının bazasında 1992-ci ilin fevralında Bəstəkarlıq Təşkilatlarının Beynəlxalq Assosiasiyası tə’sis etmək qərarı alındı (MAKO). Təbii ki, Azərbaycan Bəstəkarlar Ittifaqı da bu yeni yaranmış təşkilatın üzvü seçildi. Həmin il Ittifaqımız eyni zamanda Beynəlxalq Müasir Musiqi Cəmiy-yətinə də üzv qəbul edilir. Bəstəkarlar Ittifaqının Katibliyi – Tofiq Quliyev, Vasif Adıgözəlov, Ramiz Zöhrabov vaxtaşırı bu təşkilatların Moskvada keçirdiyi koordinasiya iclaslarında iştirak etmişlər.

       Sonrakı illərdə də Bəstəkarlar Ittifaqı müxtəlif janrlar üzrə ənənəvi plenumlarını keçirməyi çox vacib sayır. Vaxtaşırı simfonik, xor, kamera, uşaq musiqisinə həsr olunmuş tədbirlər keçirilir. Bundan əlavə Bəstəkarlar Ittifaqının tarixində ilk dəfə olaraq 1991-ci ildə Nəfəs və zərb alətləri üçün, 1999-cu ildə isə Xalq Çalğı Alətləri Orkestri üçün musiqiyə həsr olunmuş plenum-lar bu sahədəki problemləri ön plana çəkdi.


2003-cü ilin noyabrında keçirilmiş Xalq Çalğı Alətləri Orkestri üçün musiqidən ibarət ikinci Plenum artıq bu sahədə müəyyən inkişaf tendensiyasını, bəstəkarların marağının artmasını müşahidə etməyə imkan verdi. Xüsusi qeyd etmək lazımdır ki, bu tədbirlərdə səslənən əsərlərin əksər hissəsi ilk dəfə ifa olunurdu.

Son illər təşkilatımızın çoxsaylı problemlərlə üzləşməsinə baxmayaraq, Bəstəkarlar Ittifaqı bölgə təşkilatlarının işinə də xüsusi diqqət ayırmışdır. Naxçıvan, Gəncə və Şuşa Təşkilatlarının işi yenidən bərpa olunmuş, Lənkəranda yerli təşkilat açılmışdır. Jurnalın bu sayında bölgə təşkilatlarının rəhbərləri görülən işlər barədə ayrıca mə’lumat verdikləri üçün mən bunun üzərində xüsusi dayanmıram.

        Məlumdur ki, hazırda Azərbaycan Bəstəkarlar Ittifaqının tərkibində musiqişünasların yeri və mövqeyi kifayət qədər böyükdür. Bu sahədə Ittifaqda «Musiqişünaslıq və tənqid», «Etno-musiqişünaslıq» bölmələri fəaliyyət göstərir. Respublikada kitab nəşrinin geniş vüs’ət alması musiqişünaslarımızın öz tədqiqat, monoqrafiya və məqalələrini çap etdirib, geniş oxucu kütləsinə təqdim etməyə geniş imkanlar açmışdır. Düzdür, bütün bunlar az olmayan maliyyə vəsaiti tələb edir və onun ucbatından bir çox maraqlı işlər hələ işıq üzü görmür. Lakin son 3-4 ildə musiqimizin tarixi və nəzəriyyəsi ilə bağlı nəşrlərin artması burada müəyyən irəliləyişin olmasından xəbər verir. Mən bə’zi maraqlı nəşrlərin adlarını çəkmək istərdim: Ramiz Zöhrabovun «Rast» muğamının nəzəri əsasları», «Çahargah muğamının nəzəri əsasları», habelə «Zərbi muğamlar» monoqrafiyası, Zemfira Səfərovanın «Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər)» monoqrafiyası, Səadət Abdullayevanın rus və azərbaycan dillərində çapdan çıxmış «Azərbaycan xalq çalğı alətləri» monoqrafiyası, Fərəh Əliyevanın «Musiqi tariximizin səhifələri» məqalələr toplusu, Şəhla Mahmudovanın «Musiqi palitrası» toplusu, Gülzar Mahmudovanın «Şifahi ənənəli Azərbaycan musiqisində ostinatlıq» (rus dilində) kitabı musiqi elmimizə gözəl töhvədir. Digər tərəfdən Bəstəkarlar Ittifaqının Bakı Musiqi Akademiyası və Milli Konservatoriya ilə birgə vaxtaşırı keçirdiyi elmi-nəzəri konfranslar musiqi elminin inkişafında, onun istiqamət və yönümünün müəyyənləşməsində böyük əhəmiyyət kəsb edir.

       Bəstəkarlar Ittifaqının fəaliyyətində son dövrdə aparıcı istiqamətlərdən biri də gənc bəstəkar və musiqişünasların yaradıcılığını stimullaşdırmaq məqsədi ilə keçirilən tədbirlərdir. Müstəqil həyata yeni qədəm qoymuş bəstəkar üçün iri həcmli simfonik və xor əsərinin ifasının necə böyük əhəmiyyət daşıması yaxşı bəllidir. Məhz Bəstəkarlar Ittifaqının plenumları bə’zi gənclərə bu imkanı yaradan yeganə tədbirlər olmuşdur. Bu baxımdan nümunə kimi iki plenumu qeyd etmək istərdim.

|        1997-ci ildə Azərbaycan Bəstəkarlar Ittifaqının 60 illik yubileyinə həsr olunmuş plenumun proqramına bütövlükdə gənc bəstəkarların kamera musiqisi daxil edilmişdi. Daha sonra, 2000-ci ilin dekabrında Bəstəkarlar Ittifaqının Mədəniyyət Nazirliyi ilə birgə keçirdiyi böyük Plenumda yaşlı və orta nəslin nümayəndələri – Nəriman Məmmədov, Sevda Ibrahimova, Oqtay Kazımov, Ruhəngiz Qasımova, Nərgiz Şəfiyeva, Elnarə Dadaşova, Sərdar Fərəcov, Nazim Quliyev, Ilham Abdullayev, Məmməd Cəfərovun əsərləri ilə yanaşı gənc bəstəkarlar – Vasif Allahverdiyev, Rüfət Ramazanov, Xədicə Zeynalova, Lalə Cəfərova, Ceyhun Allahverdiyevin simfonik əsərləri ilk dəfə dinləyicilərin mühakiməsinə verildi.

       Gənclərin yaradıcılıq axtarışlarına diqqəti yönəldən tədbirlər sırasında hər il Zaqulba «Gənclik Mərkəzində» Bəstəkarlar Ittifaqı ilə Gənclər, Idman və Turizm Nazirliyinin birgə təşkil etdiyi seminarların xüsusi əhəmiyyəti vardır. Yeni əsərlərin dinlənilməsi və onlar ətrafında canlı diskussiyalar şəklində keçən bu seminarlar ciddi musiqi sahəsində gənclərin axtarışlarına təkan verilməsi və onların təhlil edilməsi baxımından təqdirəlayiqdir.

       1999-cu ildən başlayaraq hər il Azərbaycan Bəstəkarlar Ittifaqının təqdimatı və iştirakı ilə Gənclər, Idman və Turizm Nazirliyi musiqi yaradıcılığı sahəsində il ərzində fərqlənən gənclərə 4 nominasiya üzrə (simfonik, kamera musiqisi, mahnı və romans, musiqişünaslıq) «Ilin ən yaxşı əsəri» mükafatını təqdim edir. Xüsusi vurğulamaq istərdim ki, laureatlar arasında nəinki təşkilatımızın üzvü olan gənclər, habelə Bakı Musiqi Akademiyasının bəstəkar və musiqişünas tələbələri də vardır.

       Uşaq və gənclərin musiqi tərbiyəsi problemləri də Bəstəkarlar Ittifaqının daim diqqət mərkəzində olmuşdur. Sirr deyil ki, son zamanlar musiqili-informasiya məkanının son dərəcə genişlənməsi və bu sahədə yaranmış hərc-mərclik zövqlərin, mə’nəvi dəyərlərin bayağılaşmasına gətirib çıxarmış, ciddi sənətə, klassik musiqinin yüksək nümunələrinə biganə münasibət formalaşdırmışdır. Bu sahədəki vəziyyətə diqqəti cəlb etmək üçün vaxtaşırı uşaq musiqisinə həsr olunmuş festival və plenumlar keçirilmişdir. 1993-cü ildə dörd gün davam edən Festivalın proqramına uşaqlar və yeniyetmələr üçün opera, simfonik və kamera əsərlərinin ifası daxil idi. Həmin günlər Incəsənət gimnaziyasında «Məktəblilərin estetik zövq və bədii yaradıcılığının inkişafı» mövzusunda elmi-praktik konfransı bu sahə-dəki müxtəlif problemləri müzakirə obyektinə çevirdi. 2002-ci ilin aprelində keçirilmiş və yenə də dörd gün davam edən Plenum isə əslində uşaqların böyük musiqi bayramı oldu. Burada ən müxtəlif uşaq xor kollektivlərinin, məktəb şagirdlə rinin ifasında Azərbaycan bəstəkarlarının yeni əsərləri səsləndi. Kukla teatrında və Musiqili Komediya Teatrında yeni tamaşaların nümayişi təşkil olundu.


       Bəstəkarlar Ittifaqı və onun rəhbərliyinin daim gündəmdə saxladığı ən ağrılı problem-lərdən biri də mahnı yaradıcılığı, ifaçılığı və onun təbliği məsələsidir. Bununla bağlı dəfələrlə konfrans, müşavirə, müsabiqə, səyyar plenumlar keçirilmişdir. Məsələn, 1990-cı ilin noyabr ayında «Odlar yurdu Bakı - 90» adı altında populyar mahnı janrında çalışan gənc bəstəkar və müğənnilərin müsabiqələri keçirildi. Həmin ilin dekabrında respublikanın rayonlarında, kənd əhalisinə mədəni xidmət proqramı çərçivəsində, mahnı yaradıcılığına həsr olunmuş səyyar plenumlar təşkil olundu.

       Lakin son illərdə musiqinin ən demokratik və populyar janrında müşa-hidə olunan neqativ tendensiyalar, xüsusilə də, bu sahəyə səriştəsiz, savadsız insanların axını və bunun nəticəsi kimi vaxtı ilə qazanılmış yüksək səviyyənin özfəaliyyət dərəcəsinə enməsinin səbəbləri ciddi şəkildə araşdırma və təcili müdaxilə tələb etdiyi üçün 1999-cu ilin dekabrında Bəstəkar-lar Ittifaqı, Yazıçılar Birliyi və media nümayəndələrinin iştirakı ilə böyük müşavirə keçirdi. Konkret tədbirlər və tövsiyələr planı hazırlanıb lazımi instansiyalara təqdim olundu. Mübaliğəsiz demək olar ki, məhz Bəstəkarlar Ittifaqının inadlı səyi, sərt mövqeyi nəticəsində son zamanlar telekanallarda və radio dalğalarında klassik, xalq və bəstəkar musiqisinin çəkisi xeyli artmış, maarifçilik proqramları açılmışdır. Bu baxımdan Bəstəkarlar Ittifaqının «Muğam» Teatrı ilə müştərək keçirdiyi mahnı axşamları xüsusi əhəmiyyə tə malikdir. Fikrət Əmirov, Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Ağabacı Rzayeva, Emin Sabitoğlunun gözəl mahnı irsinə həsr olunmuş bu tədbirlər böyük əks səda doğurmuş, unudulmaqda olan zəngin mahnı xəzinəmizi dinləyicilərin diqqətinə çatdırmışdır. Mahnı sahəsində hərc-mərcliyi aradan qaldırmaq yolunda atılan mühüm addımlardan biri də müxtəlif müsabiqələrin təşkili olmuşdur. Bu sırada 3 il dalbadal Bəstəkarlar Ittifaqının Bakı Şəhər Icra Hakimiyyəti ilə müştərək keçirdiyi müsabiqələri, vaxtaşırı Rabitə Nazirliyi ilə təşkil olunan müsabiqəni, 2000-ci ildə Yeni Azər-baycan Partiyası ilə birgə keçirilmiş «Vətəni tərənnüm edən mahnılar» müsabiqəsini, habelə artıq iki dəfə Sərhəd Qoşunları Xidməti ilə birgə keçirilmiş müsabiqələri qeyd etmək istərdim. Mahnı janrında vətənpərvərlik qayəsinin, ruhunun təcəssümü və təbliği, bununla yanaşı bəstəkar, şair və ifaçıların diqqətini bu günkü gündə millətimizə zəruri olan bir mövzuya yönəldilməsi baxımından bu müsabiqələrin əhəmiyyəti çox böyükdüp. Sevindiric idir ki, burada uğur qazananların arasında gənc qüvvələr, hətta Bakı Musiqi Akademiyasının tələbələri də vardır. Zənnimcə, bu tədbirlər peşəkarların mahnı məkanında öz layiqli yerlərini tutmağa, öz tutarlı sözünü deməyə imkan yaradacaq.

       Bu gün Ittifaqımız öz həyatında çox əla-mətdar, şanlı bir tarixi qeyd edir. Bu tarix Azərbaycan bəstəkarlıq məktəbinin yaranması, təşəkkülü və inkişafını özündə bariz şəkildə əks etdirmişdir. Indi biz, qətiyyətlə deyə bilərik ki, bəstəkarlıq məktəbimiz yaşayır, təzə qüvvələr hesabına daima cavanlaşır, yeni tarixi mər-hələyə doğru hərəkətini davam etdirir.

       Qarşıda görüləsi işlər çoxdur. Təbii ki, onların həyata keçməsi bilavasitə vətənimizin ümumi inkişaf mənzərəsindən çox asılıdır. Mən əminəm ki, bu yolda ümummilli liderimiz Heydər Əliyevin strateji xəttini və müdrik siyasətini davam etdirən prezident Ilham Əliyevin rəhbərliyi altında ölkəmiz böyük nailiyyətlər əldə edəcək, yeni üfüqlərə doğru inamla addımlayacaqdır. Bu isə öz növbəsində, bütün sahələrdə olduğu kimi, musiqi mə-dəniyyətimizin inkişafı üçün də geniş imkanlar yaradacaqdır.







Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70