NAXÇIVAN BƏSTƏKARLAR TƏŞKILATI
Şəmsəddin QASIMOV
 

Naxçıvan MR Bəstəkarlar Təşkilatının keçdiyi yola nəzər salsaq görərik ki, bu yol heç də hamar olmamışdır. Illərin süzgəcindən keçən bu Təşkilatın formalaşması üçün zamana və iste’dadlı musiqiçilərə ehtiyacı olmuşdur.

       1978-ci ildə Azərbaycan Bəstəkarlar Ittifaqının Naxçıvanda səyyar plenumu keçirilir və ictimai əsaslarla Azərbaycan Bəstəkarlar Ittifaqının Naxçıvan şö’bəsi yaranır. Hamımızın yaxşı tanıdığı gözəl bəstəkar, xalq artisti, professor Ramiz Mirişli şö’bənin sədri vəzifəsinə irəli sürülür. R.Mirişli 1998-ci ilə qədər, yə’ni düz 20 il bu şö’bəyə rəhbərlik edir.

       1998-ci ildən 2000-ci ilədək olan dövrlərdə isə Naxçıvan MR Bəstəkarlar Təşkilatına Azərbaycan Republikasının əməkdar incəsənət xadimi, bəstəkar Nazim Quliyev rəhbərlik etmişdir.

       Təşkilatın formalaşmasında, onun inkişafında və eləcə də Naxçıvan bəstəkarlıq məktəbinin bu günkü səviyyəyə çatmasında xüsusi xidmətləri olan iste’dadlı bəstəkar, gözəl pedaqoq, qayğıkeş və fədakar insan olan mərhum Məmməd Ələkbərovun böyük işini xüsusi qeyd edərək bildirmək istəyirəm ki, o, ömrünün sonunadək Naxçıvan Bəstəkarlar Təşkilatının məs’ul katibi işləmişdir.

       Mənim yaxşı yadımdadır ki, 1995-ci ildə görkəmli bəstəkarımız Tofiq Quliyev bir neçə tanınmış incəsənət xadimləri ilə – bəstəkar Ramiz Mirişli, musiqişünas Ramiz Zöhrabov, müğənni Yaşar Səfərovla birlikdə Naxçıvana gəlmişdi. Bu gəlişin məqsədi Naxçıvan bəstəkarlıq məktəbinin işi ilə yaxından tanış olmaq, gənc bəstəkarların əsərlərini dinləmək və bir neçə bəstəkarı Azərbaycan Bəstəkarlar Ittifaqının üzvlüyünə qəbul etməklə Naxçıvan Bəstəkarlar Təşkilatını dirçəltmək idi. Həmin il bəstəkarlardan Rəşid Məmmədov, Nazim Quliyev, musiqişünas Sevda Əliyeva Azərbaycan Bəstəkarlar Ittifaqına üzv qəbul edildilər. Beləliklə, 1978-ci ildən fəaliyyət göstərən Azərbaycan Bəstəkarlar Ittifaqının Naxçıvan şö’bəsi 1995-ci ildən Naxçıvan Bəstəkarlar Təşkilatı kimi formalaşmağa başladı.

       2000-ci ilin may ayından yenidən fəaliyyətə başlayan Təşkilata Muxtar Respublika Ali Məclis Sədrinin xüsusi diqqət və qayğısı ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında tə’mir olunmuş, inventar və avadanlıqlarla tə’min edilmiş iki otaq ayrıldı və Təşkilatın səmərəli fəaliyyət göstərməsi üçün lazımi şərait yaradıldı. Təşkilatın maliyyə və bank sənədləri qaydaya salındı, üç nəfərlik ştatın əmək haqqı yerli büdcədən maliyyələşdi.

       Xalqın mə’nəvi zənginləşməsinə xidmət göstərməyi, Azərbaycan musiqi mədəniyyətini inkişaf etdirməyi qarşısına məqsəd qoyan Təşkilat bu məqsədlə musiqi mədəniyyətimizin inkişafı yolunda öz potensialını artırdı. 5 nəfəri öz ətrafında birləşdirən bu Təşkilatın üzvləri istər Təşkilat daxilində, istərsə də ayrı-ayrılıqda öz öhdələrinə düşən vəzifələri dərindən dərk edərək Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamağa başladılar.

       Təşkilatın üzvü, musiqişünas-bəstəkar, sənətşünaslıq namizədi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Əqidə xanım Ələkbərova Naxçıvan Dövlət Universitetinin «Incəsənət» fakultəsində işləməklə bərabər həm universitetdə keçirilən tədbirlərdə, həm də Dövlət tədbirlərində yeni musiqi əsərləri və elmi yazılarla çıxış etmişdir. Onun möhtərəm prezidentimiz Heydər Əliyev haqqındakı silsilə mahnıları, musiqi mədəniyyətimizin inkişaf yolları haqqındakı elmi məqalələri musiqisevərlərdə dərin maraq doğurmuşdur. Bəstəkarlardan Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Rəşid Məmmədov, Kamal Əhmədov, Şəmsəddin Qasımov, musiqişünas Güllü Ismayılova Muxtar Respublikanın musiqi həyatında fəal iştirak etmişlər.

       2001-ci ildə Naxçıvan MR Bəstəkarlar Təşkilatı üzvlərinin həyat və yaradıcılığını əks etdirən «Naxçıvan MR Bəstəkarlar Təşkilatı» kitabı nəşr edildi. (bədii redaktor musiqişünas Güllü Ismayılovadır).

       Təşkilat öz tarixində ilk dəfə olaraq 2001-ci ilin noyabr ayında özünün maraqlı və məzmunlu proqramı ilə musiqisevərlər qarşısında geniş təqdimat konserti ilə çıxış etdi. Maraqlı cəhətlərdən biri də bu idi ki, konsertdə Təşkilat üzvləri ilə yanaşı gənc və həvəskar bəstəkarların əsərlərinə də yer verilmişdir. Təşkilatın il yarımlıq fəaliyyəti tədbirdə iştirak edən Naxçıvan MR Ali Məclis Sədri tərəfindən yüksək qiymətləndirilmişdir.

       Konsertdə bəstəkarlarımızın musiqinin bütün janrlarında yazdıqları nümunələr səsləndirilmişdir.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70