1934-cü ildə Üzeyir bəyin təkidilə atam məni və bacım Ağabacını avqust ayında istirahət etdiyimiz Maştağa bağından şəhərə Konservatoriyaya gətirdi (indiki Asəf Zeynallı adına musiqi məktəbinin binasına). 2-ci mərtəbədə zalda Üzeyir bəy, Mirzə Mansur, Səid Rüstəmov, Xosrov Məlikov, Ağasi Məşədibəyov, prof. Bretanitski və bir neçə adam oturmuşdular. Üzeyir bəy bizi görüb gülümsədi. Əvvəl Ağabacı səhnəyə çıxıb Mirzə Mansurun tarında bir müğam çaldı. Sonra da mən Gürd-şəhnaz çaldım. Üzeyir bəy dedi ki, deyəsən sənin səsin var, atan çalsın bir şey oxu qulaq asaq. Mən Gürd-şəhnaz, sonra isə təzə dəbə düşmüş "Aman ovçu" mahnısını oxudum. Üzeyir bəyin çox xoşuna gəldi. Ağabacını Mirzə Mansurun tar sinfinə, məni isə vokal sinfinə yazdı. Mən bunu istəməsəm də Üzeyir bəyə hörmət əlaməti olaraq heç bir söz demədim. Üzeyirbəy özünə məxsus adəti üzrə barmağını bığına aparıb dedi ki, qoçaq qızlarsınız. Sizi qəbul edirəm. Heç kəs öz qızını musiqiyə gətirməyir. Əvvəl siz çalarsınız sonra başqaları da sizi görüb həv
əsə düşərlər.
Bir gün Üzeyir bəy məni çağırıb dedi ki, bizdə indi tardan başqa kamanca sinfi də açılır. Mən səni kamancaya keçirirəm. Qoy bir bacı tar, o biri isə kamancada çalsın. Bu daha yaxşı olar. Salahov Qılman not üzrə müəllimim oldu.
Mən Qılman müəllimin çalğısını hələ tələbəsi olmamışdan xeyli əvvəl eşitmişdim. Təsadüf elə getirmişdiki musiqi aləminə gələnlərin əksəriyyəti pedaqoji texnikumu bitirmişdilər: Səid Rüstəmov, Xosrov Məlikov, Qılman Salahov, Əmirulla Məmmədbəyli, Ağabacı Rzayeva, Tutu Kərimova və başqaları. Bacım Ağabacı 1927-ci ildə Pedaqoju texnikuma daxil oldu. Orada tez-tez konsertlər olurdu. Mən də bacımla gedirdim. Hətta atam Ismayıl bir valideyn kimi tar ilə gedib oxuyanları müşayiət edərdi. Məhərrəm Naşımovun gözəl "Gürd-şəhnaz" oxuması heç yadımdan çıxmayır.
Onu da, deyim ki, Üzeyir bəyin 1931-ci ildə radionun nəzdində təşkil etdiyi ilk notlu xalq çalğı alətləri orkestrində Seid Rüstəmov, Xosrov Məlikov, Tutu Kərimova tarda, Qılman Salahov isə kamançada çalırdı.
1926-cı ildə Bakıda Radio verilişləri təzə başlayanda musiqi nömrələrinə çox yer verilirdi. Oxuyanları tar, kamança, qaval üçlüyü müşayiət edirdi. Bu üçlükdə əsasən Xosrov Məlikov – tar, Qılman Salahov – kamança, Xalıq qavalda çalırdılar.
Məşhur xanəndələr, müntəzəm iştirak edirdilər. O, vaxt çox gənc vokalist Nəsirbəyov Məmmədin məlahətli lirik səsilə oxuduğu mahnılar çox sevilirdi. Sonra o, bəstəkar oldu. Mən onda da Qılman müəllimin "Əbu əta"sını solo kamançada radioda eşitmişdim. 1936-cı ildə onun tələbəsi olan vaxtı bir dəfə radiostudiyasına məktubla xahiş etdim ki, Qılman Salahov kamançada "Əbu əta" çalsın. Mənim arzumu yerinə yetirdilər. Bütün ailə üzvlərimlə birlikdə bu gözəl çalğıya qulaq asdıq. Sabahısı dərsə gələndə Qılman müəllim özünə məxsus təbəssümü ilə mənə dedi: "Rüqiyyə sənin sifarişinlə "Əbu əta" çaldım, – xoşuna gəldimi".
Mən özümü itirdim, məni xəcalət təri bürüdü. Sifətim hansı rəngə düşmüşdüsə müəllim tez hiss edib dedi ki, nə olar yaxşı eləmisən. Maadamki xoşun gəlir, məndə məmnuniyyətlə çaldım. Mən əgər bilsəydim ki, məktubu ona göstərəcəklər heç yazmazdım. Bu əhvalatı heç vaxt unutmuram. Onu da deyim ki, "Əbu əta"nı Qılman müəllimdən savayi heç kəsin ifasında eşitməmişəm. Nə üçün görəsən musiqiçilər bunu çalmırlar?
Məni kamança sinifinə keçirəndə təcili kamança almaq lazım gəldi. Onda mağazalarda musiqi alətləri satılmayırdı. Atam kimdənsə mənim üçün bir köhnə kamança aldı. Onun çanaxı çox böyük idi. Dilim-dilim hissələrin birləşməsindən ibarətdi. O, qədər böyük idi ki, çalanda fırlatmaq olmurdu. Hər dərsə gələndə müəllim ona baxıb xeyli gülürdü. Mən də pərt olurdum. Doğrusu, mən də heç kimdə elə kamança görməmişdim. Sonra mən atama təkid etdim ki, bunu aparanda utanıram. Sonra atam başqa kamança aldı. Bunu bir müddət çaldım. Öyrənəndən sonra Qılman müəllim mənim üçün yaxşı bir kamança sifariş etdi, ona futlyar da düzəltdirdim.
Məktəbdə dərslərimiz çox ciddi keçərdi. Bəzən lazım gələndə saata baxılmazdı. Axşam dərsləri olanda məni axırıncı salardı ki, evə gedəndə tək olmayım, qonşu idik, heç yadıma gəlməyirki, müəllimin verdiyi dərsi yaxşı hazırlamamış dərsə gələm. Hər dəfə mənə təzə əsər verərdiki çalım. Tanış olmayan notu pultun üstünə qoyub deyərdi ki, gəl baxaq görək, bu bir az çətindir. Mən isə onu çox asan çalardım. Deyərdi ki, sənə məətəl qalmışam, notu üzündən çox yaxşı oxuyursan. Əla tələbələr var ki, baxan kimi çala bilmirlər, görək evdə öyrənsinlər. Mən bu sözdən fərəhlənərdim. Tələbəyə nə var ki, təki müəllim onu tərifləsin. Mənə çox tapşırıq verərdi. Proqramdan əlavə materiallar gətirərdi, çalardım.
Qılman müəllimin heç bir müəllimdə görmədiyim bir xüsusiyyəti vardı. O, tək düzgün çalmağı deyil, kamançanı diz üstə saxlamağı, barmaqları nə vəziyyətdə simlərin üzərində hərəkət etməsinə, qolun kamançanın qoluna nisbətən nə vəziyyətdə saxlanılmasına çox fikir verərdi. Ən əsas cəhət isə biləng idi.
Qılmanın kamança çalması məhz buna görə də bütün kamança çalanlardan fərqliidi. Onun qolu sakit dayanıb yayı tutmuş biləng isə bir hərəkətlə rəqs edənlərin biləngi kimi arxaya və yana aparmaqla simlərə sürtülür, ona görə səs də həzin, ürəyə yatar çıxır, kənardan baxana isə belə çalğı tərzi çox gözəl təsir bağışlayır o, dəqiqə başqa kamança çalanlarla istər-istəməz müqayisə edirsən və belə çalğı gözəlliyini Qılman Salahovda görürsən.
Qılman müəllim öz gözəl ifaçılıq sənətini öz tələbələrinə də öyrədirdi. Xalqımızın məşhur xanəndəsi Cabbar Qaryağdıoğlunun ən qoca vaxtında Qurban Primov və Qılman Salahovun müşayiətilə oxumasında Qılmanın kamança çalmağına diqqət edilsə mənim dediklərimi görmək olar. Əsil sənətkar çalqısıdır. Yaxşı ki, bu lent yazısı saxlanılır.
Mən həmişə bu haqda fikirləşmişəm ki, nə üçün kamança çalanlar bu gözəl ifa tərzinə fikir vermirlər. Istər tələbələr və istərsə də müəllimlər. Elə bilirəm ki, bu cəhətə çox diqqət yetirmək lazımdır. Yaxşı olardı ki, bu çalğını videoya alıb Konservatoriyada və musiqi məktəblərində tədrisdə əyani vasitə kimi istifadə edilsin, yaxşı çalan qoy gözəl çalmağada fikir versin, bu onu məşhur edər.
O illərdə tar çalan nisbətən çox, kamança çalan isə az idi. Radionun orkestrində kamançaya ehtiyac var idi. Ona görə Üzeyirbəy də mənə əlavə dərslər təyin etmişdi ki, yaxşı öyrənim məni orkestrə aparsın. 1936-ci ildə mən orkestrə qəbul olundum. 1-ci kamançalarda Qılman Salahov, Hafiz Mirzəliyev, Hacıbaba Əliyev, Cavahir Həsənova otururdu. 2-ci kamançalarda isə Hacağa Quliyev, Mikayıl Hüseynov, mən, Məryəm Əliyeva ilə otururdur, dirijor Üzeyirbəy idi. Hərdən gəlməyəndə onu Səid Rüstəmov əvəz edirdi. 1936-ci ildə musiqi aləmində böyük canlanma başlandı.
1938-ci ildə Moskvada keçiriləcək Azərbaycanın 1-ci incəsənət ongünlüyünə hazırlıq gedirdi. Böyük işlər görülməli idi. Orkestr Moskvada veriləcək "Arşın mal alan" operettasını müşayiət edəcəkdi. Ona görə də orkestrə musiqiçilər qəbul olunmalı idi. Üzeyirbəyin işi çox olduğundan dirijorluğu Səid Rüstəmova təhvil verdi. Səid müəllim olmayan vaxtlarda Qılman müəllim onu əvəz edərdi. 1938-ci ildə bizim üçün milli paltarlar tikildi. Hərəmizdən 10 şəkil aldılar. Yoxladılar, kimin həbsdə və xaricdə adamı vardı onu aparmadılar. Beləliklə, Adil Gəray, Ruhiyyə Əliyeva (Adil Gərayın həyat yoldaşı), Qılman müəllim də o, cümlədən. Bu böyük qanı qaralığa səbəb oldu. Səfər üstündə belə xəbər hamımızı məyus edi. Mənə ən təsir edən müəllimimin getməməsi idi.
Qılman müəllim təkcə yaxşı sənətkar deyil, insanların da ən gözəli idi. Yüksək mədəniyyətə malik, tərbiyəli, mehriban, sakit, sadə xasiyyətli, ətrafındakılarla rəftarında, səliqəli geyimi ilə həmişə seçilirdi.
Mən çox vaxt Qılman müəllimin evində dərs keçərdim. Ona görə də bütün ailə üzvlərinə bələd idim. Onda oğlu Məmməd balaca idi. Qızı Ləman isə yenicə dünyaya gəlmişdi. Qılman müəllimin kök, şən anası və bacısı Əşraf də xatirimdədir. Müəllimin ömür-gün yoldaşı Pikə xanım ziyalı bir qadın, sədaqətli həyat yoldaşı, qayğıkeş ana idi. Mehriban qonşu kimi də mən ona heyran idim. Biz həm də sonralar dost olduq.
Mən musiqi məktəbindən başqa diş həkimliyi üzrə də oxuyurdum. 1939-ci ildə həkimlər evində böyük bayram konserti keçirilirdi. Müdirimiz Əbdülrəhim çağırıb xahiş etdi ki, bu konsertdə kamança, çalım mən istəməsəm də, razı oldum.
Salon adamla dolu idi. Bakının bütün tibb təhsil idarələrinin müəllim və tələbələri gəlmişdi. Konserti aparıcı elan etdi: "Moskvada keçirilən Azərbaycanın birinci musiqi dekadasının iştirakçısı 2-ci kurs tələbəsi Rzayeva Ruqiyyə kamança da çalır "Bayatı-Şiraz" müğamını, salon məni iki dəfə səhnəyə çağırdı.
Belə oldu ki, 1940-cı ilidə iki yerdə Dövlət imtahanları verməliydim. Bir tərəfdən də həkim kimi, poliklinikada təcrübə dərsləri keçirdim. Qılman müəllim böyük bir dövlət imtahan materialı vermişdi, məndə hazırlaşırdım. Iş elə gətirdi ki, bütün günü orada məşğul oldum musiqi məktəbinə gələ bilmədim. Çox əsəbiləşirdim, bilmirdim nə edim. Qılman müəllimin bir sözü məni sakit etdi. O, dedi ki, qız üçün həkimlik daha məsləhətdir, nəinki musiqiçi olmaq. Bu söz mənə bir dayaq oldu. Beləliklə, orada Dövlət imtahanı verdim, musiqi məktəbinə gedə bilmədim. Üzeyirbəy isə məndən bərk incidi. Bir dəfə ziyalılar evində orkestrin konserti vardı. Ağabacı yeni yazdığı əsərinə özü dirijorluq edirdi. Üzeyirbəy məni görüb çağırdı və yanında oturtdu. Sonra dedi ki, görürsən bacın nə oldu, mən isə səndən çox şey gözləyirdim. Sən gör nə etdin, çürük dişləri qurtdalayırsan. Mən Üzeyirbəylə olan axırıncı söhbəti heç vaxt unutmuram. Bəlkə də indi peşmançılıq çəkirəm. Sonra mənim həkim kim
i kəndlərdə işləməyim üzündən Qılman müəllimin ailəsi ilə əlagəm kəsildi. Ancaq o, əziz xatirə kimi boynimdə həqq olub qalmışdı.
Qılman müəllim təkcə pedaqoji fəaliyyət ilə kifayətlənməyirdi Respublika Mədəniyyət Nazirliyi ona çox məsul bir iş tapşırmışdı. M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əsas aparıcı sahə olan Dövlət mahnı və rəqs ansanbılının diyi rəhbərliyini. Bu sahədə işləməklə yanaşı o, özünü bir bəstəkar kimi də sınadı. Ansambl üçün bir sıra mahnı və rəqslər yazdı. "Nəlbəki" "Naz eləmə" və başqa rəqslər məhz onun bəstələməlidirlər.
Ansamblın rəqs kollektivində çox məşhur rəqqaslar Əlibaba Abdullayev, Əminə Dilbazi, Roza Cəlilova, Şəfiqə və Fizzə Hənifəyevi bacıları tamaşaçıları məftun edirdilər.
1964-cü ilə qədər Q. Salahov indiki F.Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblının bədii rəhbəri işləyib.
1940-cı ildə Q. Salahov əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. O, dəfələrlə müsabiqə laureatı olmuş, iki dəfə. "Şərəf nişanın ordeni (1939 və 1959-cu ildə) almışdır.
Azərbaycan musiqisi Qılman Salahovu 1974-cü ildə itirib. Bu il görkəmli musiqi xadqiminin isə 95 yaşı tamam olur.
Mən həmişə fikirləşirdəm ki, axı, Üzeyirbəyin dövründə musiqi mədəniyyətimizin sürətlə inkişaf etməsinə kömək edən fədakar musiqiçilər vardı. Onlar bir-bir həyatdan göçüblər, ancaq onları biz yaşlılar tanıyırıq, gənc nəsil onları tanımalıdır. Ancaq adlarını eşidirlər, o da əgər çəkilsə. Hanı radionun Bakıda ilk musiqi verilişləri başlayanda hər gün efirdən səsi gələn Qılman Salahov, Xosrov Məlikov (Xosrov Konservatoriyada xalq musiqi şöbəsində tar dərsi də verirdi. Mən bir müddət onun sinfində tar çalmışam), Hafiz Mirzəliyev, Hacıağa Quliyev, Adil Gəray, Əmirulla Məmmədbəyli, Ismayılova Qönça, Cavahir Həsənova, nəfəsli alətlər də çalan Saleh Əbdürrəhimov, Məmməd Cavadov, Allahverdi Mehdiyev və Xalıq Babayev (dəf). Bunlar tədricən unudulurlar. Axı, ilk cığırları onlar açıblar. Nə üçün tədqiqatçılarımız maraqlanmayıblar. Vaxt qaçır, tələsmək lazımdır. Gələcək nəslə nə isə qoyub getmək ki, sonra musiqi tədqiqatçıları onları çaş-baş salmasınlar.
Qılman Salahov haqqında bu ancaq mənim gördüklərim və şahidi olduğum vaxtlardır. Məndən əvvəl və sonrakı illərdə onun musiqi aləmindəki gərgin səmərəli işlərini isə musiqişünaslarımınzın öhdəsinə verirəm. Elə bilirəm ki, Üzeyirbəyin ilk tələbələrindən olan, indiki Asəf Zeynallı adına musiqi texnikumunda kamança sinifinin təməllini qoyan, saysız – hesabız musiqiçilər yetişdirən Qılman Salahov haqqında yazmaq vaxtı çoxdan keçmişdir.
Musiqi mədəniyyəti muzeyində əziz müəllimimin mənə çox tanış olan, ondan yadigar qalmış kamançasını görəndə bütün olan keçənlər xatirimə gəldi. Qərara aldım ki, bütün bunları kağız üzərinə göçürüm.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük fəaliyyəti olan Qılman Salahov görkəmli pedaqoq, bacarıqlı bədii rəhbər və dirijor, tanınmış yarıdıcı şəxsiyyət kimi xalqımızın qəlbində daim yaşayacaqdır.
p align>
|