YENILIKLƏR
-
 

2004-cü il fevralın 11-də Azərbaycan Teatr Xadimləri Ittifaqında respublikanın xalq artisti, bəstəkar Şəfiqə Axundova ilə görüş keçirilmişdir. Görüşü Ittifaqın sədri Azər Paşa Ne’mətov açdı. Bəstəkarın həyat və yaradıcılığı haqqında Azərbaycan Bəstəkarlar Ittifaqının Məs’ul Katibi Lalə Hüseynova çıxış etdi. Bəstəkar Cavanşir Quliyev, xalq artistləri, xanəndələr Baba Mirzəyev, Canəli Əkbərov, qocaman aktrisa Şəfiqə Qasımova, Kübra Əliyeva və başqaları öz ürək sözlərini söylədilər.

       B.Mirzəyev, C.Əkbərov, Muğam Teatrının solistləri Elza Qaybalıyeva, Ismayıl Abbasov, habelə bəstəkarın oğlu, pianoçu Taleh Hacıyevin ifasında Ş.Axundovanın mahnıları səsləndi.

* * *

       Fevralın 12-də Bakı Musiqi Akademiyasının Böyük Zalında bəstəkar Rəhilə Həsənovanın «Merac Gecəsi» adında müəllif konserti keçirilmişdir. Giriş sözü ilə musiqişünas Fərəh Əliyeva çıxış etmişdir. Konsert proqramında bəstəkarın 3 saylı Simli Kvarteti (1995); orqan üçün «Səhra» fantaziyası (1997); piano, fleyta və klarnet üçün «Zərrə» triosu (2002); piano, skripka və violonçel üçün «Nüvə» triosu (2003); S.Vurğunun sözlərinə «Üç qəzəl» vokal silsiləsi (1988) və iki piano və bas klarnet üçün «Dəniz» fantaziyası (1998) səslənmişdir.

       Konsertdə Ü.Hacıbəyova (piano), K.Neymətova (piano), M.Sadıxzadə (piano), F.Əhmədbəyova (piano), T.Babayeva (skripka), L.Verdiyeva (skripka), C.Məhəmmədova (alt), Ə.Əliyev (violonçel), N.Zeynalova (klarnet, bas klarnet), E.Mustafayev (fleyta), F.Məmmədova (soprano) və L.Novruzova (orqan) iştirak etmişlər.

       Bütün əsərlər ilk dəfə ifa olunmuşdur.

* * *

Fevralın 14-də Kamera və Orqan Musiqisi Zalında Azərbaycan Dövlət Xor Kapellasının nəzdində olan Bülbül adına Orta Ixtisas Musiqi Məktəbinin uşaq xor kapellasının 1-ci konserti oldu. Uşaq kapellasının bədii rəhbəri və dirijoru Dilarə Əliyevadır.

       Konsert proqramında T.Quliyevin «Bağçamız», A.Yusifovanın «Bulaqlar» və «Vokaliz», I.Abdullayevin «Vokaliz», «Nərgiz», «Bizimdir gələcək» və «Azərbaycan», o cümlədən S.Raxmaninovun «Yasəmən», Y.Krılatovun «Yelləncək», M.Oqinskinin «Polonez»i, Xatdidakisin «Imitas», neapolitan, yapon, Azərbaycan xalq mahnıları və s. səsləndi.

* * *

Fevralın 18-də M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında Respublikanın xalq artisti, bəstəkar Şəfiqə Axundovanın yubiley gecəsi keçirilmişdir.

       Tədbiri ön sözlə Mədəniyyət Naziri Polad Bülbüloğlu açmış, yubilyarı təbrik etmiş və bəstəkarı Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif etmişdir. Sonra Azərbaycan Bəstəkarlar Ittifaqının Katibi, professor R.Zöhrabov, Rabitə Nazirliyinin mətbuat və informasiya şö’bəsinin rəhbəri Müşfiq Əhmədov, Rəssamlar Ittifaqından Minayə Feyzullayeva, Şəki şəh. Icra hakimiyyətinin başçısı Əşrəf Məmmədov çıxış etmişlər. Xalq şairi Bəxtiyar Vahabzadənin təbrik teleqramı oxunmuşdur.

        Konsert proqramında respublikanın xalq artistləri S. Ismayılova, Baba Mahmudoğlu, C.Əkbərov, M. Əyyubova, əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədovalar, N. Dostəliyeva o cümlədən Manana, M. Isgəndərli, B. Sevdiyeva, N. Ələsgərli, G. Əliyeva, S. Ibayev, E. Qaybaliyeva, T. Hacıyev və b. iştirak etmişlər.

       Konserti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestri idarə etmişdir.

* * *

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti, bəstəkar Tofiq Quliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncamı ilə əlaqədar Mədəniyyət Nazirliyinin Bakı şəhəri 12 saylı uşaq musiqi məktəbinə T.Quliyevin adının verilməsi barədə sərəncamı respublika musiqi ictimaiyyəti, eləcə də məktəbin kollektivi tərəfindən sevinclə qarşılandı. Məktəbdə böyük bir yığıncaq keçirildi. Tədbirdə respublikanın mədəniyyət naziri Polad Bülbüloğlu, Bakı şəhəri Mədəniyyət Idarəsinin rəisi Həsənağa Qurbanov, bəstəkarın oğlu Eldar Quliyev, respublikanın tanınmış elm, incəsənət xadimləri iştirak etdilər.

       Tədbirin sonunda T.Quliyev adına 12 saylı uşaq musiqi məktəbi şagirdlərinin ifasında bəstəkarın əsərlərindən ibarət konsert oldu.

* * *

Fevral ayının 19-da R.Behbudov adına Mahnı Teatrında Qaudi adına Fransız Kvartetinin konserti keçirilmişdir. Konsertdə Əşrəf Abbasov, Cəlal Abbasov, Cavanşir Quliyev, Elnarə Dadaşova, Xəyyam Mirzəzadə, Musa Mirzəyevin kvartetləri və fransız bəstəkarı Pyer Tiluanın «Cəhənnəmin göz yaşları» adlı əsərləri səslənmişdir.

* * *

Fevralın 29-da Ü.Hacıbəyovun «Koroğlu» operasının təzə quruluşda premyerası oldu. Tamaşanın quruluşcu rejissoru, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevdir. Musiqi rəhbəri və dirijoru əməkdar incəsənət xadimi Cavanşir Cəfərov, xormeyster Sevil Hacıyeva, konsertmeyster Məlahət Ismayılovadır. Tamaşanın səhnə tərtibatı SSRI xalq rəssamı, Dövlət mükafatı laureatı Tahir Salahovun eskizləri əsasında yenidən hazırlanmış, rəqslər isə SSRI-nin xalq artisti Qəmər Almaszadənin xoreoqrafiyası əsasında bərpa edilmişdir.

       Baş rolda – gənc ifaçı Ülvi Qılınc, xalq artisti Qərinə Kərimova – Nigar, əməkdar artistlər Şahlar Quliyev – Həsən xan, Əli Əsgərov – Ibrahim xan, Nəzakət Teymurova – Xanəndə qız rolunda çıxış etmişlər

* * *

Mart ayının 10-da Musiqi Mədəniyyəti Muzeyində görkəmli bəstəkar, respublikanın xalq artisti Süleyman Ələsgərovun 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Tədbirin qonaqları Mədəniyyət Nazirliyinin, Bəstəkarlar Ittifaqının nümayəndələri, Bakı Musiqi Akademiyasının professor və müəllim hey’əti, incəsənət və musiqi xadimləri idi.

       Tədbirdə muzeyin direktoru Alla Bayramova, Azərbaycan Respublikasının Mədəniyyət Naziri Polad Bülbüloğlu, bəstəkar, respublikanın xalq artisti Azər Rzayev və başqaları öz xatirələrini söylədilər. Bəstəkarın «Daimi hərəkət», «Düşüncə», «Xəyala dalarkən», «Bilsəm sən gəlirsən» əsərləri səsləndirildi və «Subaylarınızdan görəsiniz», «Hərənin öz ulduzu» operettalarından parçalar göstərildi.
Aprelin 10-da Süleyman Ələsgərovun 80 illiyinə həsr olunmuş Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Incəsənət Gimnaziyasının böyük zalında elmi-praktik konfrans keçirildi.

* * *

       Mart ayının 15-də Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bəstəkarlar Ittifaqının birgə keçirtdiyi elmi-nəzəri konfrans, musiqişünas Boris Asafyev adına Beynəlxalq Müsabiqəsi laureatı, sənətşünaslıq doktoru, professor Elxan Babayevin anadan olmasının 55 illiyinə həsr olunmuşdu. Konfransı giriş sözü ilə BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli açdı. Çıxışçılardan xalq artsiti Arif Məlikov, Elmira Abasova, Azər Rzayev, Sərvər Qəniyev, Rəsul Rəsulov, Bülbül adına Orta Ixtisas Musiqi Məktəbinin direktoru Nigar Cərulla qızı, Milli Konservatoriyanın tərkibindəki Musiqi Kollecinin müdiri Nazim Kazımov Elxan Babayev haqqında xatirələr söylədilər.

       Bakı Musiqi Akademiyasının prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə «Musiqişünaslıq elmində Elxan Babayev yaradıcılığının rolu və əhəmiyyəti», tədris işləri üzrə prorektor, professor Oqtay Abbasquliyev «Tədris prosesində E.Babayevin xidmətləri», professor Vasif Adıgözəlov «Azərbaycan Bəstəkarlar Ittifaqının «Musiqişünaslıq» bölməsində E.Babayevin rolu», AMEA-nın müxbir üzvü Rə’na Məmmədova «E.Babayevin tədqiqatlarında lad-intonasiya prorblemləri», professor Səadət Seyidova «Ən’ənəvi musiqinin tədqiqi sahəsində E.Babayevin xidmətləri», Şəhla Mahmudova «E.Babayev haqqında söz», Fərəh Əliyeva «E.Babayevin elmi-tədqiqat işlərindəki yenilik», Fəttah Xalıqzadə «E.Babayevin elmi-tədqiqatlarında ritm problemləri», Aida Hüseynova «Azərbaycan musiqisinin beynəlxalq əlaqələrinin genişləndirilməsi kontekstində E. Babayevin elmi və ifaçılıq fəaliyyəti», BMA-nın magistr tələbəsi Aytən Əhmədova «E.Babayevin bə’zi pedaqoji prinsipləri» mövzusunda mə’ruzələr e tdilər. Konfransda Azərbaycan Respublikasının xalq artisti Ramiz Quliyev xatirələrini söylədi və E.Babayevə həsr etdiyi «Rekviyem-Segah» ifa etdi.

       E.Babayevin ailə üzvləri adından onun qardaşı Aqşin Babayev və həyat yoldaşı Həcər Babayeva Elxan haqqında xatirələrlə bölüşdülər və konfransı təşkil edib, əməyi keçənlərin hamısına öz dərin ehtiram və minnətdarlıqlarını bildirdilər.

* * *

       Mart ayının 27-dən – 30-dək Bakıda görkəmli bəstəkar, SSRI və Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 80 illiyi ilə əlaqədar yubiley tədbirləri keçirildi.

       Martın 27-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında kamera konserti oldu. Q.Qarayev adına Dövlət Kamera Orkestrinin ifasında (dirijor - əməkdar incəsənət xadimi Teymur Göyçayev) «Nizami» simli simfoniyası, «Min bir gecə» baletindən parçalar, «Asəf Zeynallıya ithaf» səsləndi. Konsertdə «Bülbüllər» uşaq kollektivi (bədii rəhbər – Aybəniz Haşımova), Vüsal Isgəndərov (tar), Natəvan Ismayılova (vokal), Həsən Enami (vokal) iştirak etdilər.

       Martın 28-də və 29-da M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında «Sevil» operasının (baş rollarda xalq artistləri – Qərinə Kərimova, Azər Zeynalov) və «Min bir gecə» baletinin tamaşası olmuşdur.

       Martın 30-da Heydən Əliyev adına Respublika Sarayında möhtəşəm yekun konserti keçirilmişdir. Gecəni giriş sözü ilə mədəniyyət Naziri Polad Bülbüloğlu açaraq görkəmli bəstəkarın həyat və yaradıcılığı barədə geniş mə’lumat verdi. Mərasimdə bəstəkarın əzəmətli orkestr musiqisi, romansları və mahnıları səsləndi. Ü.Hacıbəyov adına Simfonik Orkestrin, Q.Qarayevin adını daşıyan Kamera Orkestrinin, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının, eləcə də incəsənət xadimlərinin iştirakı ilə hazırlanmış konsert proqramı olduqca maraqlı keçdi. Xalq artistləri Alim Qasımov, Qərinə Kərimova, Ilhamə, əməkdar artistlərdən Həsən Enami, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Opera və Balet Teatrının solisti Anar Şuşalı F.Əmirovun operalarından müxtəlif ariyalar, romans və mahnıları ustalıqla səsləndirdilər.

       Murad Adıgözəlzadə fortepianoda yubilyarın «Min bir gecə» baletinin süitalarını ifa etdi. Konsertin idarə olunmasında tanınmış dirijorlardan Rauf Abdullayev, Azad Əliyev, Cavanşir Cəfərov, Teymur Göyçayev xüsusi məharət göstərdilər.

       Unudulmaz bəstəkarın nəvəsi Nəzrin Əfəndiyeva fortepianoda babasının fortepiano üçün Konsertinin finalını çaldı.

       Gecədə F.Əmirovun həyat və yaradıcılığının müəyyən məqamlarını əks etdirən sənədli filmlərdən fraqmentlər göstərildi, bəstəkarın çıxışı səsləndirildi.

* * *

       Aprel ayının 2-də Istambulda Camal Rəşid Rey adına mədəniyyət mərkəzində «Azərbaycan Ulduzları Dördlüyü» adlandırılan böyük konsert proqramı keçirildi. Proqramın iştirakçıları: Natəvan Ismayılova (Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti) və Dövlət Triosu – Nərgiz Əliyarova (fortepiano), Töhvə Babayeva (skripka), Səbinə Ibrahimova (skripka). Proqramda Ü.Hacıbəyovun, S.Ələsgərovun, V.Adıgözəlovun, T.Bakıxanovun və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndi.

* * *

       Aprelin 15-də və 16-da Niyazinin ev-muzeyində və Ü.Hacıbəyovun ev-muzeyində görkəmli bəstəkar, əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyovun 120 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Bəstəkarın həyat və yaradıcılığı haqqında Bakı Musiqi Akademiyasının rektoru, xalq artsiti Fərhad Bədəlbəyli, bəstəkar, xalq artisti Azər Rzayev, sənətşünaslıq namizədi, Bakı Musiqi Akademiyasının dosenti Fərəh Əliyeva və musiqişünas, Bəstəkarlar Ittifaqının məs’ul katibi Lalə Hüseynova, Telman Ağdamski çıxış etdilər.

       Sonra tədbirə də’vət olunmuş müğənnilər, Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri – G.Ismayılova, S.Əsədova, G.Məmmədova, S.Ibayev, pianoçu Ü.Hacıbəyovanın ifasında Zülfüqar Hacıbəyovun «Aşıq Qərib» operasından parçalar, habelə bəstəkarın arxivindən tapılmış namə’lum romansı və «Ləzginka» əsəri səsləndirildi.

       Ən’ənəvi olaraq yubiley münasibətilə fotosərgi nümayiş etdirildi.

       Aprelin 22-də Y.Vaxtanqov adına Dövlət Teatrı nəzdindəki V.Şukin adına Ali Teatr Məktəbinin səhnəsində Azərbaycan musiqi sənətinin klassiki Üzeyir Hacıbəyovun dünyada məşhur olan «Arşın mal alan» musiqili komediyasının yeni quruluşda ilk tamaşası böyük uğurla keçmişdir. Tamaşanın quruluşçu rejissoru Mixail Borisov, prodüsser Viktoriya Morozovadır. Baş rolu – Əsgərin rolunu – teatr və kino artisti, «Notrdam de Paris» müziklinin solisti Anton Makarski, Gülçöhrə rolunu – kino və teatr aktrisası Mariya Poroşina ifa etmişlər. Tamaşanın musiqi müşayiətini azərbaycanlı ifaçılar – tarda beynəlxalq müsabiqə laureatı, Moskvanın «Azərbaycan bülbülləri» uşaq ansamblının bədii rəhbəri – Qorxmaz Axundov, zərb alətlərində Orxan Əliyev həyata keçirmişlər.

* * *

       Aprelin 23-də M.Maqomayev adına Azərbaycan Dövlər Filarmoniyasında əməkdar incəsənət xadimi, bəstəkar və məşhur pianoçu, hal-hazırda Israildə yaşayan, professor Elmira Nəzirovanın 75 illiyinə həsr olunmuş konsert keçirildi.

       Konserti giriş sözü ilə sənətşünaslıq namizədi, musiqişünas Aida Hüseynova açdı.


Yubilyarın ifasında L.V.Bethovenin 5 saylı fortepiano konsertinin ikinci hissəsi səsləndi. Respublikanın xalq artisti, professor F.Bədəlbəyli F.Əmirov və E.Nəzirovanın «Ərəb mövzuları əsasında Konserti»ni ifa etdi.

       Konsertin sonunda E.Nəzirovanın oğlu, bəstəkar Elmar Felin Simli alətlər üçün «Musiqi»si səsləndi.

* * *

       Mayın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında beynəlxalq müsabiqə laureatı, Moskva Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Filarmoniyasının solisti Murad Adıgözəlzadənin «Azərbaycan fortepiano musiqisindən seçmələr» adlı yeni CD-nin prezentasiyası keçirildi. Azercell telekom BM-nin maliyyə dəstəyi ilə keçirilən bu tədbiri giriş sözü ilə Azercell şirkətinin baş müdiri Sərdar Canoğulları və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli açdılar. Konsert proqramında Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, X.Mirzəzadə, V.Adıgözəlov, A.Məlikov, R.Babayev, V.Mustafazadənin və bir çox başqa bəstəkarların əsərləri ifa olundu. Konsertin aparıcısı – sənətşünaslıq namizədi, dosent Fərəh Əliyeva azərbaycan fortepiano musiqisinin yaranması və inkişafı haqqında mə’lumat verdi. Tədbirin sonunda iştirakçılara Murad Adıgözəlzadənin yeni diskləri hədiyyə olundu.

* * *

       Mayın 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dövlət mükafatı laureatı, Respublikanın xalq artisti, professor Arif Məlikovun ümumilli liderimiz Heydər Əliyevə ithaf etdiyi Səkkizinci simfoniyası – «Əbədiyyət» ilk dəfə səslənmişdir.

       Salona toplaşanlar Azərbaycan Prezidenti Ilham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.

       Sonra Dövlət mükafatı laureatı, Respublikanın xalq artisti Rauf Abdullayevin rəhbərlik etdiyi Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və solist Rəşidə Behbudovanın ifasında «Əbədiyyət» simfoniyası səsləndi.

       Azərbaycan Prezidenti Ilham Əliyev simfoniyanın böyük uğurla ifa edilməsindən sonra səhnəyə yaxınlaşaraq bəstəkar Arif Məlikovu, dirijor Rauf Abdullayevi və solist Rəşidə Behbudovanı səmimiyyətlə təbrik etdi.

* * *

       May ayında ANS Televiziya və Radio Şirkəti «Ən yaxşı hərbi marş» müsabiqəsini keçirtdi. Münsiflər Hey’ətinin tərkibinə bəstəkarlar – X.Mirzəzadə (sədr), Ş.Axundova, C.Quliyev, Dövlət nəfəsli alətləri orkestrinin baş dirijoru Yusif Axundzadə və ANS-in nümayəndəsi E.Mikayıloğlu daxil edilmişdi. Birinci mükafatı heç kim qazanmadı. Ikinci mükafata bəstəkar Elnarə Dadaşova, üçüncü mükafata Yaşar Imanov layiq görüldülər.

* * *

       Iyunun 3-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi. Yubileyi giriş sözü ilə Mədəniyyət Naziri Polad Bülbüloğlu açdı, sonra Bəstəkarlar Ittifaqının Birinci Katibi Vasif Adıgözəlov çıxış etdi. Konsert proqramında bəstəkarın uşaq mahnıları, isntrumental pyesləri, simli Kvartetdən və Triodan hissələr səsləndi. Konsertdə musiqi məktəblərinin şagirdləri, Bakı Musiqi Akademiyasının tələbə və müəllimləri, əməkdar artist, professor Eldar Isgəndərov, dosent Ülviyyə Hacıbəyova, Opera Teatrının solisti Fəridə Məmmədova və başqaları işkirak etdilər.



       Bu təntənəli konsertdən əvvəl, mayın 31-də, Müasir Təhsil Kompleksində Oqtay Zülfüqarov ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə kompleksin direktoru, professor Elman Məmmədov açdı. Sonra Kompleksin nəzdindəki musiqi məktəbi şagirdlərinin ifasında bəstəkarın uşaq mahnıları, fortepiano və violonçel pyesləri səsləndi. Tədbirdə Oqtay Zülfüqarova həsr olunmuş sənədli filmdən fraqmentlər göstərildi.

* * *

       Iyunun 5-də Azərbaycan Respublikasının Mədəniyyət Naziri, xalq artisti, professor Polad Bülbüloğlu Rusiyanın ilk Milli Xalq Mükafatına – «Yaradıcı Ulduz» («Zvezda Sozidaniə») ordeninə layiq görülmüşdür. Polad Bülbüloğlu Azərbaycan və türk dünyasından bu mükafata layiq görülən lk sənətçi və ictimai xadimdir. «Yaradıcı Ulduz» ordeni iyunun 30-da Sankt-Peterdurqda təntənəli şəkildə təqdim edilmişdir.

* * *

       Iyunun 20-də Azərbaycan Dövlət Filarmoniyasında respublikanın əməkdar incəsənət xadimi, bəstəkar Leonid Vaynşteynin (1945-1994) xatirə gecəsi keçirildi. Gecəni giriş sözü ilə respublikanın xalq artisti, Bəstəkarlar Ittifaqının Birinci Katibi Vasif Adıgözəlov açdı. Konsertdə 6-cı simfoniya, simli orkestr üçün Simfoniyetta, Skripka ilə orkestr üçün Konsert, Xor və Orkestr üçün «Azərbaycan, sənin baharın gələcək!» odası səsləndi. Ifaçılar: Rusiyanın P.I.Çaykovski adına Akademik Böyük Simfonik Orkestri (dirijor – Yalçın Adıgözəlov), solist Dmitri Koqan (skripka) və Bülbül adına orta ixtisas musiqi məktəbinin «Qız qalası» xoru (bədii rəhbər – Dilarə Əliyeva). Konserti sənətşünaslıq namizədi, dosent Fərəh Əliyeva apardı.

* * *

       Iyun ayının 20-dən 27-dək Amsterdam şəhərində keçirilən məşhur Beynəlxalq «Holland-Festival»ı çərçivəsində tanınmış Azərbaycan bəstəkarları Firəngiz Əlizadənin «Zikr» (söz: I.Nəsimi) və Cavanşir Quliyevin «Bayatı» (söz: Azərbaycan xalq bayatıları) əsərləri «Atlas» ansamblının ifasında səsləndi. Ansamblın tərkibinə Avropa musiqi alətləri ilə yanaşı 8 çin, 5 türk, 3 azərbaycan və 1 iran xalq çalğı alətləri daxil edilmişdir. Bəstəkarlarımızın xüsusi olaraq «Atlas» ansamblının sifarişi ilə yazılmış bu əsərlərinin ifasında solist kimi xanəndə Aygün Bayramova iştirak etdi. Həmçinin, festivalın tədbirləri sırasında Azərbaycan muğamından ibarət konsert də keçirilmişdir.

* * *

       Iyunun 30-da H.Əliyev adına Respublika sarayında bəstəkar Ruhəngiz Qasımovanın yaradıcılıq gecəsi keçirilmişdir. Konsertdə Cavan Zeynallı, Azərin, Ilahə Fəda, Elariz Məmmədoğlu, Firuzə Ibadova, Rəşidə Behbudova, Əminə Yusifqızı və müəllifin ifasında mahnılar, musiqili tamaşalarından fraqmentləri, şe’rləri səsləndi. Yaşar Nuriyev, Firəngiz Mütəllimova, Rafael Isgəndərov və Coşqun Rəhimovun ifasında yumoristik səhnələr göstərildi. Konsertdə bəstəkar Vüqar Camalzadənin rəhbərliyi ilə estrada ansamblı iştirak etdi.

* * *

       Avqustun 26-da «ANS» teleşirkətində Ç.Mustafayevin ad günü münasibətilə vətənpərvərlik mövzusunda mahnı müsabiqəsi keçirilmişdir. I mükafata bəstəkar Ilham Abdullayevin mahnısı layiq görülmüşdür. Münsiflər hey’ətinə bəstəkarlar O.Zülfüqarov, C.Quliyev və musiqişünas L.Hüseynova daxil edilmişdir.


Ənənəvi olaraq hər il Qırğızıstanda «Issık-kul ulduzları» festivalı keçirilir. Festivalda iştirak etmək üçün bir çox dünya xalqlarının istedadlı ifaçı və qrupları dəvət almışdılar. Bu möhtəşəm bayramı Qırğızıstan Prezidentinin həyat yoldaşı Məryəm Akayeva təşkil edir. Adətən bu festivalda folklor musiqisi və milli qruplar iştirak edir. Bu yay isə Məryəm xanımın göstərişi ilə klassik musiqi və onun ifaçıları da həmin festivala də’vət almışdılar. Mədəniyyət Nazirliyinin xətti ilə göndərilən qrupa Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi, 2000-ci ildə Sankt-Peterburqda keçirilən «Pianoçu-bəstəkarların Beynəlxalq müsabiqəsi»nin qalibi Pikə Axundova da daxil edilmişdi. Iyul ayının 21-dən 28-nə qədər keçirilən festivalda o həm bəstəkar, həm də pianoçu kimi Issık-kulun bir neçə möhtəşəm konsert salonlarında rəngarəng proqramla çıxış etmişdir. O, nəinki öz əsərlərini, habelə xarici bəstəkarların əsərlərini də u ğurla ifa etmişdir.

       Bundan əlavə, Pikə Axundova Moskva Konservatoriyasının professoru Anjelina Slesaryevanın keçirdiyi ustad dərsində çıxış etmişdir. Burada o, M.Ravelin «Suyun oyunu» əsərini ifa etmişdir. Zalda əyləşən müxtəlif ölkə Konservatoriyalarının müəllim və professor heyəti onu xeyli alqışlamışlar. Dərsdən sonra keçirilən yığıncaqda professor Slesaryeva Pikə Axundovanı təhsilini davam etdirmək üçün Moskvaya də’vət etmişdir.

       Yekun konsertində Pikə Axundova Məryəm Akayeva tərəfindən diplomla təltif edilmişdir. Maraqlıdır ki, festival müddətində Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkiyə, Özbəkistan və b. ölkələrin folklor ifaçılarından ibarət inter-orkestr yaradılmış və həmin orkestr bağlanış konsertində uğurla çıxış edərək tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Konsert proqramına F.Əmirovun «Reyhan» mahnısı da daxil edilmişdir.

       Hal-hazırda Pikə Axundova Sankt-Peterburqda keçirilən «Pianoçu-bəstə-karların IV Beynəlxalq müsabiqəsi»nə hazırlaşır. Qeyd edək ki, Pikə Axundova A.Rubinşteynin xatirəsinə həsr olunmuş bu müsabiqənin video kaset vasitəsi ilə keçirilən seçim turunda qalib gələrək iştirak etmək hüququ qazanmışdır.

* * *

       Sentyabrın 10-da V.Səmədova adına sərgi salonunda bəstəkar, SSRI və Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, «Istiqlal» ordenli, AMEA-nın müxbir üzvü, Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müdiri, professor Arif Məlikovun rəsm əsərlərindən ibarət fərdi sərgisinin açılışı keçirilmişdir. Sərginin açılışında Rəssamlar Ittifaqının Katibi Ağaəli Ibrahimov, Bəstəkarlar Ittifaqının Katibi Ramiz Zöhrabov, Türkiyənin Respublikamızdakı fövqəl’adə və səlahiyyətli səfiri Əhməd Ünal Çeviköz və bir sıra tanınmış rəssamlar çıxış etdilər. Arif Məlikov Rəssamlar Ittifaqının rəhbərliyinə öz minnətdarlığını bildirdi.

* * *

       Sentyabrın 11-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında SSRI və Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, «Istiqlal» ordenli, AMEA-nın müxbir üzvü, Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müdiri, professor Arif Məlikovun müəllif gecəsi keçirilmişdir. Konsertdə bəstəkarın xor və simfonik orkestr üçün «Vətən» vokal-simfonik poeması, 7 saylı simfoniya və 8 saylı «Əbədiyyət» simfoniyası səslənmişdir. Konsert proqramını Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər – Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Gülbacı Imanova), Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbəri və baş dirijoru, respublikanın xalq artisti – Rauf Abdullayev) və Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti S.Əsədova ifa etdilər.

* * *

       Sentyabrın 16-da Ü.Hacıbəyovun Ev muzeyində, ayın 17-də isə Musiqi Mədəniyyəti Xadimləri Muzeyində «Musiqi qünü» münasibəti ilə bayram tədbirləri keçirilmişdir. Tədbirdə bəstəkarlar – Respublikanın xalq artistləri – Ş.Axundova, T.Bakıxanov, respublikanın əməkdar incəsənət xadimi Musa Mirzəyev və Sərdar Fərəcov çıxış etmişlər.

* * *

       Sentyabrın 18-də ən’ənəvi olaraq Bakı Musiqi Akademiyasının qarşısında «Musiqi günü» qeyd olundu. Bayramın açılmasında dünya şöhrətli musiqiçi Mstislav Rostrapoviç, Respublikanın Mədəniyyət Naziri Polad Bülbüloğlu, Bakı Musiqi Akademiyasının rektoru F.Bədəlbəyli, Bəstəkarlar Ittifaqı Idarə Hey’ətinin Katibi R.Zöhrabov və başqaları iştirak etdilər. Kiçik konsertdə Azərbaycan Dövlət Xor Kapellası və Nəfəsli Alətlər Orkestri Ü.Hacıbəyov və M.Maqomayevin əsərlərini ifa etdilər.

       Sonra tədbir iştirakçıları Ü.Hacıbəyovun Fəxri Xiyabandakı məzarını ziyarət etdilər.

       Axşam filarmoniyada Bayram konserti oldu. Dövlət Simfonik Orkestrinin ifasında Ü.Hacıbəyovun «Koroğlu» operasının Uvertürası, M.Qlinkanın «Ruslan və Lüdmila» operasından Uvertüra, A.Dvorjakın 8 saylı Simfoniyası, P.Çaykovskinin «Italyan kapriççiosu», Q.Qarayevin «Yeddi gözəl» baletindən Vals və Yürüş səsləndi.

       Orkestrə dünya şöhrətli musiqiçi M.Rostoropoviç rəhbərlik etdi.

* * *

       Sentyabrın 20-də Azəri-Çıraq-Günəşli (AÇG) üzrə Sazişin imzalanmasının 10-cu ildönümünü qeyd edən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Azərbaycan Dövlət Filarmoniyasında Konsert keçirtmişdir. Konsertdə Bilkənd Universitetinin Kamera Orkestri (dirijor – Sərvər Qəniyev), Fidan və Xuraman Qasımova bacıları (soprano) və Toğrul Qəniyev (violin) iştirak etmişdilər. Konsert proqramında xarici ölkə bəstəkarlarının əsərləri ilə yanaşı Q.Qarayev, T.Quliyev, V.Adıgözəlov, T.Hacıyev, R.Hacıyev və Niyazinin əsərləri səslənmişdir.

* * *

       Oktyabrın 4-də Bakı Jaz Mərkəzində «Fəyyum portretləri» adı altında konsert keçirildi. Konsertdə SoNoR Ansamblı (Azərbaycan), MEHR Ansamblı (Iran) və Şahin Növrəslinin jaz qrupu iştirak etdi. Proqramda Qiyyom de Maşonun «Ad te suspiramus», Fərəc Qarayevin «Forst şəhəri üçün musiqi», Elmir Mirzəyevin «Fəyyum portretləri» və s. əsərlər səsləndi.

* * *

       Oktyabrın 5-də «Kapellhauz» Alman-Azərbaycan Mədəniyyət Birliyinin Zalında bəstəkar-pianoçu Salman Qəmbərovun «Mu…Ğam…» adı altında müəllif konserti keçirildi. Konsertdə S.Qəmbərovun ifasında jaz improvizasiyaları səsləndi.

* * *

       Oktyabrın 13-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin yaradıcılıq fəaliyyətinin 40 illiyinə həsr olunmuş Konsert keçirilmişdir. Orkestrin bədii rəhbəri və baş dirijoru Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Teymur Göyçayevdir. Konsertin I hissəsində müxtəlif nəsillərdən olan bəstəkarların, o cümlədən Ü.Hacıbəyov, F.Əmirov, Q.Qarayev, C.Cahangirov, V.Adıgözəlov, M.Mirzəyev və M.Əhmədovanın əsərləri səslənmişdir.

       Konsertin II hissəsi isə bütövlükdə Respublikanın əməkdar incəsənət xadimi, professor Sevda Ibrahimovanın əsərlərindən ibarət idi. Bəstəkarın simli orkestr üçün «Vətən düşüncələri», skripka və kamera orkestri üçün «Həyat bir pəncərədir» (solist – Azərbaycan Respublikasının əməkdar artisti Zəhra Quliyeva), fortepiano və kamera orkestri üçün konsertino (solist – Beynəlxalq müsabiqələr laureatı M.Adıgözəlzadə), «Deyil gözün» (solist – N.Ismayılova) və «Bir diyarın eşqinə» romansları (solist – Azərbaycan Respublikasının əməkdar artisti H.Enami) və tar, soprano, tenor və kamera orkestri üçün «Qurbansız qalan tarım» (solistlər – N.Ismayılova, H.Enami və V.Isgəndərzadə) əsərləri tamaşaçılara təqdim olundu.

Materialı hazırladı:
Leyla Məmmədova








Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70