CAVANŞIR QULIYEVIN MAHNILARINDA POETIK MƏTNLƏ MUSIQININ QARŞILIQLI ƏLAQƏLƏRI
Ceyran MAHMUDOVA
 

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev 1970-ci illərin ikinci yarısında öz orijinal, yadda qalan mahnıları ilə musiqimizə daxil olmuşdur. Həmin illər elə bir dövrə təsadüf edirdi ki, Azərbaycan ziyalıları arasında milli dirçəliş, özünüdərketmə, vətənpərvərlik ideyaları çox geniş şəkildə yayılmışdı. Bütün bunlar bəstəkarın yaradıcılığında dərin iz buraxmış, dillər əzbəri olmuş bir sıra mahnıların yaranmasına səbəb olmuşdur. Musiqinin digər – simfoniya, kamera-instrumental, xor musiqisi, kinofilmlərə və teatr tamaşalarına musiqi, operetta janrlarında da maraqlı əsərlərin müəllifi olmasına baxmayaraq, C.Quliyev mahnı janrında daha məhsuldar işləyən bir bəstəkar kimi tanınmışdır. Onun yüzlərlə nümunədən ibarət mahnı yaradıcılığını məzmununa görə şərti olaraq iki hissəyə ayırmaq olar – onlardan birincisinə lirik səpkili mahnıları, ikincisinə isə vətənpərvərlik ruhlu nümunələri aid etmək mümkündür. Hər iki xətt bəstəkarın yaradıcılığında dəyərli mahnılarla təmsil edilmişdir. Lirik üslubda yazılmış mahnılar arası nda «Gəl-gəl» (sözləri B. Vahabzadənindir), «Apar mə-ni» (sözləri Mədinə Gülgünündür), «Bizim qızlar» (sözləri Eldar Baxışındır), «Sevəcəyəm» (sözləri Əlibala Hacızadənindir), «Sevgilim» (sözləri Əli Tudənindir) və bir çox başqalarını qeyd etmək olar.

       C.Quliyevin yaradıcılığında vətənpərvərlik mövzusu da böyük yer tutur. Burada doğma Azərbaycanın tərənnümü ilə yanaşı şəhidlər mövzusu, türkçülük ideyaları, habelə milli ordu-muzla bağlı tematika öz əksini tapır. Belə mahnılar arasında B. Vahabzadənin sözlərinə yazılmış «Türkün türklə ədavətə haqqı yox», F.Bağırzadənin sözlərinə «Azərbaycan», A. Abdullazadənin sözlərinə «Şəhidlər andı» və başqalarının adlarını çəkmək olar.

       Bəstəkar bir çox şairlərin şerlərinə mahnı bəstələsə də, B.Vahabzadə, M.Gülgün, R. Rövşən, D. Mustafayev, Y. Həsənbəy poeziyasına daha tez-tez müraciət etmişdir. C. Quliyev mahnılarının fərqləndirici xüsusiyyəti kimi onların özünəməxsus, milli musiqi ənənələrinə yaxın olan aranjimanlarını da qeyd etmək lazımdır. Bəstəkarın yaradıcılığının ən məhsuldar dövrü elə bir vaxta təsadüf edir ki, bu zaman aranjiman mahnının yaranmasında şer və musiqi qədər önəmli bir tərkib hissəsi rolunu oynayır və burada da C. Quliyev öz dəst-xəttinə malik bir sənətkar kimi çıxış edir. Onun mahnılarını dinləyərkən tez-tez ən qədim milli alətlərimizdən olan saz, zurna səslənmələri ilə rastlaşırıq. Onsuz da sırf milli ruhlu melodiya və mətnə malik mahnılarda bu alətlərdən istifadə olunması onların təsir gücünü daha da artırır, tərənnüm olunan ideyaların çatdırılmasında vacib rol oynayır. Beləliklə də C. Quliyevin mahnılarında hər şey – musiqi də, mətn də, aranjiman da vahid məqsədə xidmət edir.

       Artıq qeyd olunduğu kimi, bəstəkar çoxlu sayda müxtəlif səpkili mahnıların müəllifidir. O hal-hazırda da fəaliyyət göstərən, təkcə mahnı janrında deyil, digər janrlarda da yazıb-yaradan sənətkarlardandır. Onun mahnı yaradıcılığını bir məqalə çərçivəsində tam həcmdə təhlil etmək qeyri-mümkün oldu-ğundan, aşağıda C. Quliyevin yalnız bir neçə mahnısı üzərində söz ilə musiqinin qarşılıqlı əlaqələrinin məhz bu bəstəkarın yaradıcılığında hansı formada təzahür etdiyini araşdıracağıq.

       Bəstəkarın mahnıları arasında müxtəlif səpkili mətnlərə yazılmış nümunələrə təsadüf olunur.

       Araşdırmanın əvvəlində sabit ölçülü mətnlərə bəstələnmiş mahnılara nəzər salaq. C. Quliyev bayatı formasına tez-tez müraciət edən bəstə-karlardandır. Onun bayatı mətnli mahnıları arasında ən populyar nümunələdən biri «Yarım gilə» mahnısıdır. Mətndə istifadə olunmuş bayatı bəndləri deyişmə kimi növbələşir – hər kupletdə növbə ilə qız və oğlanın dilindən bir bayatı oxunur. Nəqəratda isə dəyişməz olaraq bir bayatı bəndi səslənir və onun həmqafiyə sonluqları mahnının adını müəy-yənləşdirir:

Əzizim yarım gilə,
Dərman ver yarım gilə
Ürəyim quş tək uçur
Getməyə yarımgilə.

       Mahnının melodik quruluşu sadədir, melodiya isə lakonikliyi və ifadəliliyi ilə xalq mahnılarını xatırladır. Kupletdəki dörd cümlədən (hər cümlədə bir bayatı misrası səslənir) birinci ikisi bir-birinin variantı olmaqla, sual xarakterlidir. Bu cümlələrin əsas xüsusiyyəti bir səsin dəfələrlə təkrar olunmasıdır, burada melodik hərəkət aşağı istiqamətlidir və tersiya diapazonunu əhatə edir. Demək olar ki, mahnı birbaşa kulminasiya anından başlayır. Sonrakı iki cümlə də, əsasən, aşağı hərəkətlidir, onlarda diapazon əvvəl kvarta, sonra isə kvinta intervalını əhatə edir.

Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.











Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70