Hacı Xanməmmədovla şəxsi tanışlığımız Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetindən başlayıb. O vaxtlar Hacı müəllim “Musiqi fənnləri və orkestr dirijorluğu” kafedrasında “Dirijorluq” fənni üzrə müəllim vəzifəsində çalışırdı. 1997-ci ildə “Çalğı alətləri və musiqi fənnləri” kafedrası yaranarkən Hacı müəllim bu kafedrada da öz fəaliyyətini davam etdirməyə başladı. Həmin illərdə Hacı müəllimi həm bir insan, həm də müəllim kimi yaxından tanımaq üçün bizə gözəl imkan yarandı. 80 yaşlarında olan bu insanın davranış tərzi, ədəb-ərkanı, kübar görkəmi, qibtə ediləcək qədər nizam-intizamı tək tələbələr üçün deyil, müəllimlər və mənim üçün də bir nümunə idi. Dahi Ü.Hacıbəyov, M.Mansurov, S.Rüstəmov və nəhayət, Q.Qarayevin məktəbini keçmiş bu nəhəng insanla - Azərbaycan xalq artisti Hacı Xanməmmədovla birgə işləməyi özümə şərəf hesab edirdim.
1988-ci il H.Xanməmmədovun 80 illik yubileyi ili idi. Əziz və hörmətli müəllimimizin ad gününü kafedranın gücü ilə Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetində də keçirməyi qərara aldıq. Həmin yubiley gecəsində Universitetin rektoru, professor T.Əfəndiyev başda olmaqla müəllim və tələbə heyəti, Bəstəkarlar Ittifaqının katibi, professor R.Zöhrabov, Bakı Musiqi Akademiyasından hörmətli qonaqlar iştirak edirdilər. Həmin tədbirdə bu sətirlərin müəllifi H.Xanməmmədovun həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etdi. Gecədə bəstəkarın əsərləri ifa olundu. Tar üçün yazılmış 2 saylı konsert xalq çalğı alətləri orkestrinin müşayiəti ilə səsləndirildi. Solist - G.Zeynalov, dirijor A.Paşayev idi. Kafedranın aparıcı müəllimləri olan hər iki musiqiçi konsertin ifası zamanı böyük peşəkarlıq nümayiş etdirdilər. Daha sonra orkestrin müşayiəti ilə bəstəkarın gözəl mahnıları səsləndirildi. Solist Azərbaycan Dövlət Mələniyyət və Incəsənət universitetinin tələbəsi,
Azərbaycanın əməkdar artisti S.Imanova idi.
Yubiley gecəsi çox uğurla, təntənə ilə keçdi. Həmin gün universitetin, o dövrdə hələ azsaylı musiqiçilər kollektivi üçün əsl bayrama, habelə, gələcək illər üçün tarixə və əziz bir xatirəyə çevrildi.
Hacı müəllim daha bir neçə il bizimlə çalışdıqdan sonra səhhəti ilə əlaqədar işdən çıxaraq, bizi tərk etdi.
Bu yaxınlarda isə mən yenidən Hacı müəllimlə görüşdüm. Bu görüş mənə çox böyük sevinc hissləri bəxş etdi. Qarşımda hündürboy, qəddi-qamətli, əvvəlki tək səliqə-sahmanlı, yaraşıqlı Hacı müəllimi gördüm. Bir qədər hal-əhval tutduqdan sonra o mənə son əsərlərindən birini təqdim etdi. Bu əsəri bəstəkar 1990-cı il yanvar hadisələri ilə bağlı olaraq yazmışdı. “Əlimdə sazım ağlar” adlanan bu əsər səs və xalq çalğı alətləri orkestri üçün yazılmış poema idi. Hacı müəllim poemanın yazılma tarixindən bir qədər məlumat verdikdən sonra əsəri “ifa” etməyə başladı… Bu masa arxasında keçən ifa idi. Yəqin ki, bu ifa mənim yadımdan heç vaxt çıxmayacaq. Əvvəlcə, pianoda çalırmış kimi uzun, arıq, ifadəli barmaqlarını kağız üzərində gəzdirə-gəzdirə melodiyanı oxumağa başladı. Beləcə, əsər dilə gəldi. Hacı müəllim gah “çalır”, gah da dirijorluq edirdi, eyni zamanda, yavaş səslə oxuyurdu… Onun ifası o qədər təsirli idi ki, mən sakitcə oturub onu dinləyir, əllərinə, üzünün ifadəsinə diqqət y
etirirdim. Qarşımda mənən güclü, ruhən sağlam, gənclik eşqi ilə vuran bir ürək görürdüm. Lakin məni heyrətə gətirən bu böyük insanın öz sənətinə, musiqiyə bu dərəcədə vurğunluğu, sonsuz sədaqəti idi. Yəqin ki, o, hər şeyi unudub özünü böyük bir orkestrin qarşısında, böyük bir səhnədə hiss edirdi. Əsərin ideal ifasını idarə edir, özünün müqəddəs bir dünyasını musiqiyə çevirirdi… O, əsərin bütün səslərini bir-bir, yenidən yaşaya-yaşaya ifa etdi və tamamladı.
Ifa o qədər canlı və obrazlı idi ki, ilk dəfə eşitdiyim bu əsər bütövlükdə - tam şəkildə açıldı: əsərin mövzuları, əsas obrazları, quruluşu, inkişaf tərzi, kulminasiya anları və s. - hər şey gün kimi aydın oldu.
Əsəri götürdüm. Sağollaşmaq vaxtı idi. Ağ saçları səliqə ilə arxaya daranmış nurlu bir sima ilə qarşı-qarşıya dayanmışdım. Dedim: “Hacı müəllim, həmişəki kimi, yaraşıqlı, gözəlsiniz”. O, müdrik, bir qədər də təəssüf doğan baxışları ilə mənə baxıb dedi: “Sus, sus”. Yəqin ki, Hacı müəllim düşünürdü ki, mən ona təsəlli verir, xoş söz deyirəm. Mən isə həmişəkindən daha artıq səmimi idim. Fikirləşirdim ki, ötən illər Hacı müəllimə yalnız müdriklik cizgiləri əlavə edir, onun işıqlı çöhrəsini daha da gözəlləşdirir.
Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.
p align>
|