IFAÇILARIMIZIN PORTRETLƏRI… ƏHSƏN DADAŞOV
Afət NOVRUZOV
 

Məqalə Respublikanın əməkdar
artisti unudulmaz ustad –
tarzən Əhsən Dadaşovun anadan
olmasının 80 illiyinə həsr edilir.

        Azərbaycan musiqi mədəniyyəti tariximizi hər dəfə araşdırdıqda onun zənginliyinin nə qədər geniş kök üzərində qurulduğunun bir daha şahidi olursan. Bu mədəniyyətin yaradılmasında isə görkəmli şəxsiyyətlərin əvəzsiz xidmətləri olmuşdur.

        Belə şəxslərin arasında Azərbaycan mədəniyyətinin iftixarı, fitri musiqi qabiliyyətinə malik olan görkəmli tarzən, Azərbaycan respublikasının əməkdar artisti Əhsən Dadaşov musiqi tariximizdə şərəfli yer tutur.

        Əhsən Əliabbas oğlu Dadaşov 1924-cü il sentyabrın 4-də Bakı şəhərində əməkçi ailəsində dünyaya göz açmışdır. Əhsən Dadaşovun gəncliyi o dövrə düşmüşdür ki, dahi bəstəkar Üzeyir Hacıbəyovun fəaliyyətilə Azərbaycan mədəniyyətində əməli işlər həyata keçirilirdi. Belə ki, ötən əsrin 20-ci illərindən Ü.Hacıbəyovun təşəbbüsü ilə Milli alətlərimizdə musiqi təhsili, not sisteminin xalq çalğı alətlərimizə tətbiqi, notlu xalq çalğı alətləri orkestrinin yaranması və digər bu kimi faktlar yeni ifaçı nəslinin yetişməsinə güclü təkan verirdi.

        Qeyd etdiyimiz şəraitin Azərbaycan incəsənətində Əhsən Dadaşov kimi bir istedadın gələcəkdə inkişafına əhəmiyyətli dərəcədə təsiri olduğunu desək, yəqin ki, mübaliğəyə yol vermərik.

        Əhsən Dadaşov musiqi aləminə gəlməsini belə xatırlayır: «…Düzünü deyim ki, mənim sənət aləminə gəlişim təsadüfi olub. Lap uşaqlığımın söhbətidir. Onda mən Bakıdakı 22 saylı orta məktəbin səkkizinci sinfində oxuyurdum. 1938-ci il idi. Təsadüfən yolum bir saylı Azərbaycan Dövlət musiqi texnikumunun (indiki Bakı Musiqi Kolleci - A.N.) qarşısından düşdü. Gözüm texnikumun divarına vurulmuş, qəbul elanına sataşdı. Elanda tar sinfinə də qəbul vardı. Amma bu sənətin görkəmli nümayəndələri olan tarzənlər haqqında, onların mizrabla yaratdıqları musiqi möcüzələri barədə çox eşitmişdim. Bütün bunlar tarzənlik sənətinə heyrətimi artırmışdı. Həmin qəbul elanını görəndə nədənsə sənədlərimi ora vermək eşqinə düşdüm. Lakin ata – anamın məni həkim görmək istəyini xatırlayıb bir qədər tərəddüd etdim. Sonra «gizli» fəaliyyətə başladım. Ailəmizdən xəbərsiz sənədlərimi hazırlayıb musiqi texnikumunun tar sinfinə qəbul üçün verdim…»1

        Gələcək sənətkarımızın 14 yaşında tar ifaçılığına vurğunluğu, özünün çıxışında söylədiyi kimi «heyrətlənməsi» ustadın fövqaladə musiqi qabiliyyəti duyumunun nə qədər güclü qüvvəyə malik olduğunu göstərirdi. Heç də təsadüfi deyildir ki, Əhsən Dadaşovdan qəbul imtahanı götürən istedadlı tarzən Ənvər Mənsurov2 belə demişdi: «Musiqini qavramağından hiss edirəm ki, gələcəkdə ustad sənətkar olacaqsan»3.

        Əhsən Dadaşov 1938-ci ildə Bakı musiqi texnikumuna daxil olur. Onun sənət müəllimləri görkəmli musiqiçilər bəstəkar Səid Rüstəmov4 , Mənsur Mənsurov, Ənvər Mənsurov idi.

        Cörkəmli tarzənin 30-cu illərdəki bioqrafiyası ilə tanışlıq nəticəsində məlum olur ki, 1937-ci ilin repressiyası onların ailəsindən də yan keçməmişdir. Əhsən Dadaşovun atası Əliabbas kişi 1937-ci ilin repressiya qurbanlarından biri olmuşdur. Lakin bu çətinliklər qarşısında Ə.Dadaşov mətin dayanmış musiqiyə olan böyük həvəsi itirməmişdir. Bu keyfiyyət də sənətkarın nikbin bir şəxsiyyət olduğundan xəbər verir. Məhz bunun nəticəsidir ki, qısa bir vaxt ərzində Ə.Dadaşov texnikumun açıq konsertlərində mütamadi olaraq çıxış edir. Sonra artıq 30-cu illərin axırlarında istedadlı bir tələbə kimi Bakı şəhərində keçirilən açıq konsertlərdə müvəffəqiyyət qazanır. Belə ki, konsertlərin birində Əhsən Dadaşov «Şur» muğamını çalır. Konsertdə iştirak edən dahi bəstəkarımız Üzeyir Hacıbəyov onun çalğısını qiymətləndirərək deyir: «Əhsən» sənə Əhsən»…Bu xeyir dua gənc tarzənin uğurlu gələcəyindən xəbər verirdi.

        Onun parlaq istedadı görkəmli bəstəkar və dirijor Səid Rüstəmovun diqqətini də çəlb edir. Və o, gənc tarzəni rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə işə qəbul etmək istəyir. Lakin Əhsən Dadaşovun yaşı çatmadığına görə bir qədər gözləməli olur. S.Rüstəmov o zaman belə ifadə işlədir: «…Əhsən hələ vətəndaşlıq pasportu almayıb, amma çalmaq pasportunu çoxdan alıb…»

        Nəhayət Əhsən Dadaşov 1940-cı ildə S.Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə qəbul edilir. Bununla da onun böyük estradaya gəlişi başlayır. Bəstəkar, Ə.Dadaşova xüsusi qayğı göstərərək bir sənətkar kimi onun formalaşmasında mühüm rol oynayır. Nəticədə O, kollektivin yaradıcı simalarından birinə çevrilir. Biz onun 40 ilə yaxın yaradıcılıq fəaliyyətinə nəzər salsaq görərik ki, sənətkarımızın hər anı belə Azərbaycan xalqına – onun musiqisinə xidmətdə keçmişdir. Ustad tarzənin qısa, lakin mənalı ömrünün yaradıcılıq fəaliyyəti solist, müşayiətçi, orkestr ifaçısı, ansambl rəhbəri, bəstəçi, pedaqoji fəaliyyəti əhatə edir.

        Əhsən Dadaşov tar ifaçılığı sənətində muğam üzrə müəllimləri olmuş Mirzə Mənsur Mənsurov, Ənvər Mənsurovdan klassik muğam ifaçılıqlarının xüsusiyyətlərini dərindən mənimsəyərək onu inkişaf etdirmiş və bu sənətin qüdrətli davamçılarından biri olmuşdur. Onun lentə yazdırdığı «Rast», «Orta Mahur», «Şur», «Zabul-Segah», «Hümayun», «Vilayəti - Dilkeş», «Çahargah», «Bayatı - Şiraz» və s. muğamları Azərbaycan radio verilişləri şirkətinin qızıl fondunu təşkil edir. Yuxarıda adları çəkilən muğamlarla yanaşı digər muğamlarımızı da Əhsən Dadaşovun ifasında canlı konsertlərdə çox eşitmişik. Və o, hər çıxışında muğama yeni xallar, barmaqlar, ştrixlər, melizmlər, zəngin musiqi çalarları əlavə edərdi. Bu başlıca xüsusiyyət Əhsən Dadaşovun ustad tarzən olmaqla bərabər bir də onun tükənmək bilməyən fantaziyaya, orientasiya üsuluna malik olmasını göstərirdi. Sənətkar – tarzənin ifaçılıq məziyyətlərinə xas olan təmkinlilik, mizrab dolğunluğu «Lal barmaqlar»5, «Xun»6, tarda incə tembrli səs effektləri və s. əldə etmək qabiliyyəti yalnız Əhsən Dadaşovun özünə məxsusdur. Ona görə də hər hansı bir muğamı onun ifasında dinləyərkən tarzənin müdrik siması göz önündə canlanır. Bir məqalədə yazıldığı kimi o, «Poetik ilhamlı tarzən idi».


1 Möbəddin Səməd Əhsən Dadaşov haqqında radio oçerk.
2 Ənvər Mənsurov görkəmli tarzən, Azərbaycan respublikasının əməkdar incəsənət xadimi Mənsur Mənsurovun oğludur. O, Böyük cahan müharibəsindən qayıtmamışdır.
3 Yenə orada.
4 Söhbət görkəmli bəstəkar və dirijor, Respublikanın xalq artisti, SSRI Dövlət mükafatı laureatı, professor S.Rüstəmovdan gedir.
5 «Lal barmaq» Sağ əlin iştirakı olmadan bəzək işarələrindən istifadəyə deyilir.
6 «Xun» tarın qolunu ifa zamanı müəyyən sayda dartmağa deyilir.

Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.














Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70