SEHRLI MƏQAMLAR… (Elmira Səfərovanın yaradıcılıq yolu və anadan olmasının 70 illiyinə həsr olunur)
Elnarə HƏŞIMOVA – KƏBIRLINSKAYA
 

«Bizim yaşaya biləcəyimiz ən gözəl şey
sehrli məqamlardır. Bu həqiqi incəsənət və elmin
beşiyi başında dayanan başlıca hissdir»

A. Eynşteyn

        Sehrli, sonsuz və hüdudsuz musiqi aləmi. Musiqisiz dünya günəşsiz aləm kimi bir şeydir. Musiqiyə olan böyük məhəbbətini, onun işıq və istisini Elmira xanım Səfərova bütün ömrü boyu özündə təcəssüm etdirmiş və tələbələrinə ötürmüşdür.

        Bu isə belə başlamışdı. 16 Sentyabr 1934-cü ildə dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıda Səfərov Yusif Əliqulu oğlu və Fridunbəyova Cəvahir Həsən qızının ailəsində gözəl bir qız uşağı dünyaya gəldi. Onun adını Elmira qoydular.

        Elmiranın atası Yusif müəllim tanınmış mühən-dis-neftçi, Azərbaycan Respublikasının əməkdar mühəndisi, iki dəfə dövlət mükafatı laureatı, texnika elmləri namizədi və Xəzər dənizində yerləşən qeyri-adi şəhər – «Neft daşlarının» əsasını qoyanlardan biri olmuşdur. Hal-hazırda Bakı şəhərinin gözəl küçələrindən biri onun adını daşıyır. Yusif müəllim incəsənəti, xüsusən də musiqini çox sevirdi.

        Anası Cəvahir xanım gözəl səsə və böyük musiqi istedadına malik idi. Gənc yaşlarında o, dahi Üzeyir Hacıbəyovun xorunda oxuyurdu və solist kimi də müxtəlif konsertlərdə çıxış edirdi. O, Azərbaycan mahnılarını çox gözəl ifa edirdi. Lakin malik olduğu istedad və qazandığı uğurlara baxmayaraq Cəvahir xanım uşaqlarının (Elmiradan savayı onun bir qızı və bir oğlu da var idi) xatirinə səhnəni tərk etməyə məcbur olmuşdur.

        Xalq musiqisinə, muğamlara və Azərbaycan bəstəkarlarının, xüsusən də Üzeyir Hacıbəyovun yaradıcılığına olan sevgilərini valideynlər öz uşaqlarına aşılayırdılar və onları musiqi incəsənətinə dərin məhəbbət və böyük maraq mühitində böyüdürdülər.

        Balaca Elmirada musiqiyə olan sevgi uşaqlıq dövründən yaranmışdır. Artıq iki yaşından o, musiqinin ahəngini həssaslıqla duyur, oxumağı və rəqs etməyi çox sevirdi. Bundan başqa uşaqlıq dövründən Elmiranın daxilində artistizm və yüksək sənətkarlıq da özünə yer eləmişdi. Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Zemfira xanım Səfərova «Ardı yaşanılır» adlı kitabında bacısı Elmirayla əlaqədar maraqlı bir epizodu yada salır. Uşaq vaxtı onlar Mərdəkandakı bağlarında istirahət edirdilər. Bağ evinin qarşısında gözəl tut ağacları bitirdi. Uşaqlardan hər birinin (qonşu uşaqlar da bu «konsertlərdə» iştirak edirdilər) öz sevimli budaqları var idi. Elmira həmişə onun üçün səhnə rolunu oynayan ən yuxarıdakı budağı seçərdi. Bütün digər uşaqlar isə dinləyicilər qismində aşağı budaqlarda özlərinə yer eləyərdilər. Elmira böyük ilham və ustalıqla müxtəlif mahnıları və «Sirk» kinofilmindən «Meri, Meri çudesa» mahnısını ifa edirdi. Elmira oxumağı bitirdikdə uşaqlar əl ça lıb onu alqışlayırdılar.

        Təbii ki, Elmira böyüdükdən sonra özünə musiqi yolunu seçir. «Molodyoj Azerbaydjana» qəzetinə 30 Yanvar 1992-ci il müsahibəsində Elmira xanım özü bu haqda belə demişdir: «… gələcək həyatımda sənət seçimi ilə bağlı heç bir zaman sual meydana çıxmamışdır. Belə bir təəssürat var idi ki, musiqi mənimlə birgə doğulub və mən öz həyatımı musiqidən kənar heç cür təsəvvür edə bilmirdim.»

        1942-ci ildə Elmira Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən 10-illik məktəbə, gözəl pedaqoq, Peterburq konservatoriyasının məzunu, məşhur pianoçu A.N.Yesipovanın şagirdi T.S.Qruşkonun sinfinə daxil olur. Onun musiqi istedadının təşəkkül tapmasında və inkişafında mühüm rolu Azər-baycanın görkəmli pedaqoqları K.K.Səfərəliyeva, L.N.Yeqorova və R.I.Siroviç da oynamışlar.

        Məktəbi bitirdikdən sonra 1952-ci ildə Elmira xanım Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına – Azərbaycan fortepiano məktəbinin banilərindən biri olan Azərbaycanın xalq artisti, bir neçə pianoçu nəsli yetişdirmiş professor M.R.Brennerin məktəbinə daxil olur. Qeyd etmək lazımdır ki, M.R.Brennerin məktəbi yüksək peşəkarlıq, gözəl səslənmə və müəllif mətninə son dərəcə diqqətli münasibəti ilə fərqlənirdi. Bütün bu keyfiyyətləri Elmira xanım müəllimindən mənimsəmiş və sonralar öz pedaqoji təc-rübəsində tətbiq etmişdir.

        Konservatoriyada oxu-duğu illər ərzində Elmira xanım özünü peşəkar musiqiçi, istedadlı pianoçu və yaradıcı şəxsiyyət kimi göstərmişdir. O müntəzəm olaraq, böyük uğur-la simfonik və solo konsertlərlə çıxış edirdi. Onun konsertlərinin proqramı çox çeşidli olurdu - L.V.Betxoven, F.List, F.Şopen, P.I.Çaykovski, R.Şuman və s. kimi bir çox görkəmli bəstəkarların əsərlərindən ibarət idi. Azərbaycan bəstəkarları Q.Qarayevin, F.Əmirovun, C.Hacıyevin əsərləri isə Elmira xanımın ifasında yalnız Bakının deyil, həm də Moskvanın konsert səhnələrində səslənirdi.

        Təhsil aldığı müddət ərzində Elmira xanım Üzeyir Hacıbəyov adına təsis edilmiş təqaüdə layiq görülmüşdü. «Bu mənim üzərimə bir çox öhdəliklər qoyurdu. Mən bizim hamımız üçün, bütövlükdə Azərbaycan üçün böyük işlər görmüş gözəl musiqiçi və bəstəkar Üzeyir Hacıbəyov fəaliyyətinin böyük-lüyünü həmişə dərk etmiş və qarşısında baş əymişəm.», deyə Elmira xanım qeyd edirdi («Molodecğ Azerbaycana» qəzeti, 30 Yanvar, 1992-ci il).



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.











Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70