ÖLMƏZ SƏNƏTKAR (Zülfüqar Hacıbəyovun anadan olmasının 120 illiyi)
Rza BAYRAMOV
 

XX əsrin əvvəlində yaranmış Azərbaycan musiqili teatrı milli mədəniyyətimizin inkişafında mühüm rol oynamışdır. Bu teatrın təşəkkülü Azərbaycan incəsənətində yeni janrın – opera janrının, yeni vokal – ifaçılıq məktəbinin yaranmasına gətirib çıxarmış və peşəkar musiqi sənətinin digər formalarının gələcək inkişafında əsas amil rolunu oynamışdır.

        Azərbaycanda musiqili teatrın təşkili və tərəqqisində klassik musiqi və opera sənətimizin banisi Üzeyir Hacıbəyov, onun bəstəkar silahdaşı, teatrımızın ilk dirijoru Müslüm Maqomayev, məşhur səhnə ustaları Hüseynqulu Sarabski, Hüseynbala Ərəblinski, Mirzağa Əliyevlə yanaşı, Zülfüqar Hacıbəyov da fəal iştirak etmişdir.

        Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov 1884-cü il aprelin 17-də Şuşa şəhərində anadan olmuşdur.

Uşaqlıqdan Zülfüqara aşılanmış musiqiyə məhəbbət onun özünü musiqi sənətinə həsr etmək istəyini daha da qüvvətləndirir. O, ilk dəfə xalq mahnılarını eşitmiş və onlara ürəkdən bağlanmışdır. Gələcək bəstəkar musiqi biliklərini Azərbaycan xalq musiqisindən öyrənirdi. Məhz xalq musiqisi onun yaradıcılığının formalaşmasında əsas amil idi.

        Məlumdur ki,1908-ci il yanvarın 12-si milli mədəniyyətimizin tarixində ən əlamətdar hadisə ilə əlaqədardır. Və bu hadisə Azərbaycanda musiqili teatr yaratmaq zərurətini bir daha təsdiq etmişdir.

        Həmin illərdə Z.Hacıbəyov qardaşı Üzeyir Hacıbəyovla yanaşı, musiqili teatrımızın inkişafı uğrunda mübarizəyə fəal qoşulur. Məhz bu illərdə o özünün «Əlli yaşında cavan» (1910), «On bir yaşlı arvad və ya varlı» (1911), «Evliykən subay» musiqili komediyalarını və «Aşıq Qərib» operasını (1916) yazır.

        Ü.Hacıbəyovun musiqili səhnə əsərləri kimi, həmin əsərlər də Azərbaycan professional bəstəkar yaradıcılığının ilk nümunələri idi. Bu əsərlərdə folklor formaları ilə Avropa musiqi janrı nümunələrinin sintezini yaratmaq təşəbbüsü edilmişdir. Z.Hacıbəyovun əsərlərinin əhəmiyyəti ondan ibarətdir ki, onlar Azərbaycanın musiqi sənətində yeni yaradıcılıq formalarının meydana gəlməsi prosesini sürətləndirmişdir.

        Zülfüqar Hacıbəyov musiqi sənətinin bir çox janrlarında əsərlər yaratmışdır. XX əsrin 20-ci illərin sonu, 30-cu illərin əvvəli Azərbaycanda kütləvi mahnılar yazılır. Azərbaycanda ilk kütləvi mahnıların müəllifləri Üzeyir Hacıbəyov və Müslüm Maqomayev olmuşdur. Bu dövrdə Z.Hacıbəyovun da musiqisi yeni məzmun kəsb edir. Onun «Kənd qızı», «Çoban qız», «Əsgər nəğməsi» kimi mahnıları o dövrün kütləvi mahnılarından idi. Bu kütləvi mahnılar Azərbaycan bəstəkarlarının mahnı yaradıcılığının ilk nümunələri idi.

        Zülfüqar bəy simfonik musiqi sahəsində də gücünü sınamışdır. 1932-ci ildə «Kölə qadınların rəqsi» adlı simfonik pyes bəstələmişdir.

        O, oğlu Niyazi ilə birlikdə 1935-ci ildə C.Cabbarlının eyni adlı pyesi əsasında çəkilmiş ilk səsli Azərbaycan filmi – «Almaz» kinofilminə musiqi yazmışdır.

        Bundan əlavə, Z.Hacıbəyov Zakir Bağırovla birgə kantatanın da müəllifidir.

        Bəstəkarın şəxsi arxivində «Onda elə, indi belə», «Yarış», «Evlənirəm», «Mən ağlaram, o gülər» və s. adlı operettalarının librettoları və musiqi eskizləri saxlanılır. Onun son əsərlərindən biri də fortepiano ilə simfonik orkestr üçün yazdığı «Azərbaycan qadınının rəqsi»dir. Bəstəkarın arxivində onun Nizaminin «Isgəndərnamə» poemasının motivləri əsasında Abdulla Şaiqin librettosuna «Nüşabə» operasına aid çoxlu materiallar qalmışdır.

        Külli miqdarda musiqi materialları, yarımçıq qalmış işlər göstərir ki, bəstəkar ömrünün sonlarında belə maraqlı və geniş yaradıcılıq planları ilə yaşayırmış.

        Zülfüqar Hacıbəyov 1950-ci ilin sentyabrın 30-da vəfat etmişdir. Onun adı Azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi yer tutur.

        Bəstəkarın Azərbaycan musiqi mədəniyyətindəki xidməti yüksək qiymətləndirilmişdir. Ona Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adı (1943) verilmiş, «Şərəf nişanı» ordeninə (1946) layiq görülmüşdür.

Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.











Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70