Bu günlərdə Azərbaycanın musiqi tarixi və mədəniyyəti ilə bağlı olan, çox maraqlı və geniş informasiya daşıyan nəfis tərtibatlı bir kitab- Zümrüd Dadaşzadənin "Biz də dünyanın bir hissəsiyik" (Bakı, "Nurlan", 2004, 412 s.) - işıq üzü görmüşdür. Zənnimcə, bu kitab həm ölkəmizin professional musiqiçiləri, həm də yazıb-yaradan, mədəniyyət və incəsənəti sevən və onların taleyinə biganə olmayan gənclər tərəfindən rəğbətlə qarşılanacaqdır. Çünki burada bizə doğma olan musiqi tariximizin səhifələri «vərəqlənir», görmədiyimiz, eşitmədiyimiz, təsadüfən diqqətdən qaçırdığımız hadisələr işıqlandırılır, araşdırılır, yerli-yataqlı təhlil olunur və artıq klassifikasiya edilmiş, müəllif tərəfindən verilən yekun nəticələrlə zənginləşdirilmiş bir surətdə oxuculara çatdırılır.
Yeni kitabın incə zövqlə, yüksək professional səviyyədə yazılması Zümrüd xanımın dərin erudisiyayına, polad məntiqinə, musiqimizin incəliklərini dərindən duyduğuna və bildiyinə dəlalət edir. Qeyd etmək lazımdır ki, kitabda müəllifin son 20 il ərzində yazılmış məqalələri, esseləri, elmi-tədqiqi araşdırmaları toplanmışdır və özünə məxsus dolğun fikir axını ilə «lirik psixoloji janrda» öz təzahürünü tapmışdır. Kitabı oxuyarkən, bir tərəfdən Zümrüd xanımın yetkinləşmiş musiqişünas kimi bütün yaradıcılıq yolu sezilir, digər tərəfdən isə onun ciddi bir alim kimi püxtələşib öz sevimli və bütün həyatını sərf etdiyi sənətinin zirvəsinə çatması da duyulur.
Ənənəyə əsasən kitabın quruluşstrukturuna nəzər salaq. Əvvəla, qeyd etdiyimiz kimi, kitab toplu şəklində tərtib olunmuşdur və burada üç böyük bölmə vardir. Öz adı olan hər bir bolmədə müvafiq məqalələr verilmişdir. Mövzuların bu şəkildə bölgüsü, opera janrında olduğu kimi, pərdələrin açılması ilə süjet xəttində yeni mərhələnin başlanğıcını bildirən bir psixoloji effekti xatırladır. Bundan əlavə, hər bölmənin də daxilində mövzulara və problemlərə uyğun daha kiçik bölgü aparılması da nəzərə çarpır ki, bu da kitabın oxunmasını və qavranılmasını xeyli sadələşdirir.
Belə ki, birinci bölmə «Sənətkarlar, sənət inciləri» başlığı altında verilmişdir və o, Azərbaycan musiqisinin korifeyi, Azərbaycan professional klassik musiqi irsinin təməlini qoyan dahi Üzeyir Hacıbəyovun yaradıcılığından söhbət açır. Burada onun Azərbaycan musiqi mədəniyyəti tarixində müstəsna rolu vurğulanır, xüsusən də qəzəl, şer janrının incəlikləri açıqlanır. Sonra məqalələr bəstəkar, musiqişünas və ifaçıların «yaş iyerarxiyasına uyğun» düzülür və Zümrüd xanımın ən çox maraq göstərdiyi müasir musiqiyə də geniş yer verilir. Bu bölmədə həm dünyasını dəyişmiş, həm də gözlərimizin önündə yaradıcılığa yeni qədəm basmış və daim inkişafda olan və axtarışlara can atan müasir musiqiçilərimiz haqda da məqalələrə rast gəlmək olar.
Vurğulandığı kimi, birinci bölmənin birinci hissəsində Azərbaycanın böyük bir bəstəkar nəslinin nümayəndələrinin «portret»ləri və yaradıcılıq meyarları araşdırılmışdır (Ü.Hacıbəyov, Q.Qarayev, S.Ələsgərov, I.Məmmədov, M.Quliyev, E.Sabitoğlu, A.Əlizadə, C.Quliyev). Ikinci hissədə qadın musiqiçilərə yer ayrılmışdır (E.Səfərova, Z.Səfərova, Ə.Hüseynzadə, F.Əlizadə, E.Dadaşova, R.Həsənova) və nəhayət, üçüncü hissədə ecaskar ifaçılarımızın (F.Bədəlbəyli, F.Qasımova X.Qasımova, T.Mahmudova, N.Sultanov) portretləri və ifaçılıq xüsusiyyətləri səciyyələndirilmişdir. Beləliklə, birinci bölmə sanki üçhissəli formada strukturlaşmış və üçbucaq quruluşa malik prizmadan süzülən şüaları xatırladaraq mədəni irsimizin dolğun mənzərəsinin canlandırılmasına yönəldilmişdir.
Məmnunluqla qeyd etmək lazımdır ki, müəllif kitabını böyük ədəbiyyatşünas-alim, Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan babası Məmməd Arif Dadaşzadəyə ithaf etmişdir. Kitabı oxuduqca adama elə gəlir ki, parlaq alim, ictimai xadim, nurlu insan, Azərbaycan ədəbiyyatşünaslıq elminin klassiki olan Məmməd Arifin ruhu da onun yaranmasına sanki öz xeyir-duasını vermişdir. M.Arifin kitabın birinci səhifəsində verilən foto-şəkildən baxan sakit təbiətli siması və sual dolu baxışları, elə bil ki, nəvəsi Zümrüd xanıma vaxtı ilə deyə bilmədiklərini deyir, açıqlanması çətin olan sözlərini və tövsiyələrini çatdırmaq istəyir. Tənqidi məqalələrini babasının masası arxasında yazarkən Zümrüd xanım gözünün önündə bir çox tarixi məqamları və görkəmli şəxsiyyətlərin obrazlarını canlandırır və bu sırada atası Araz Dadaşzadənin də artıq dərəcədə ziyalı və sənətinə könüldən bağlı, sənəti üçün ürəkdən yanan bir surəti durur və kitabda məqalə-xatirə formasında əks etdirilir. Həmin sətirlə
ri oxuduqca məlum olur ki, Araz Dadaşzadə Azərbaycan mədəniyyətinin elitası adlandırıla bilən bu insanların əksəriyyəti ilə bir zaman çox yaxın ünsiyyətdə olmuş və onları öz ətrafında toplaya bilmişdir. Eyni zamanda bu şəxslərin bir qismi Məmməd Arif müdrikliyinin işığına, ocağının istisinə üz tutumşdur. Beləliklə, biz ötən əsrin 60-70-ci illərinin ab-havasını duyuruq və həmin tarixi dövr kino lenti kimi gözümüzün önündən keçir.
Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.
p align>
|