Məşhur Azərbaycan musiqişünas alimi, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Zemfira Səfərovanın Türkiyədə «Bebeklerimiz makamla ağlar» adlı yeni kitabı çapdan çıxmışdır. Ankaranın nüfuzlu «Avrasiya Yayın evi» nəşriyyatı tərəfindən nəfis şəkildə nəşr olunan bu kitabda alimin müxtəlif vaxtlarda Türkiyənin mətbu orqanlarında çap olunmuş məqalələri, müsahibələri, çıxışları və «Üzeyir Hacıbəyov» kitabçası çap edilmişdir.
Yeri gəlmişkən qeyd edək ki, bu kitabça hələ 1985-ci ildə Bakıda yeddi dildə, o cümlədən türk dilində çap edilmişdir. Sonra 1987-ci ildə Türkiyədə «Kardaş edebiyatlar» dərğisində Bayram Orak tərəfindən yeni tərcümədə «Üzeyir Hacıbəyli» adıyla verilmişdir.
«Bebeklerimiz makamla ağlar» (yəni «Beşikdə körpələrimiz muğam üstündə ağlar») kitabına Zemfira Səfərovanın «Üzeyir Hacıbəyov» kitabçasından başqa «Azərbaycan musiqisi», «Qadının boş durması nə demək», «Qarabağın musiqi mədəniyyəti», «Körpələrimiz muğam üstündə ağlar», «Azərbaycan musiqisinin beşiyi – Şuşa», «Türk dünyasının ulduzları», «Azərbaycan əllərimin iziylə» yazıları daxil edilmişdir.
Türkiyənin tanınmış musiqişünas alimləri Yalçın Tura, Süleyman Şenel, Firat Kızıltuq və başqaları Zemfira Səfərovanın araşdırmalarını yüksək qiymətləndirmişlər.
Süleyman Şenel Z.Səfərovanın «Azərbaycanın musiqi elmi» tədqiqatı haqqında belə demişdir: «Bu əsər təkcə Azərbaycan və Türk dünyası üçün deyil, eyni zamanda dünya musiqişünaslığı üçün də böyük bir qazancdır».
«Bebeklerimiz makamla ağlar» kitabı haqqında Türkiyənin sənətçilər və Yazarlar vakfının sədri Yəhya Akənğin onun türk musiqişünasları üçün əvəzsiz elmi mənbə, oxucular üçün isə maraqlı araşdırma olduğunu demişdir.
Türkiyənin məşhur Əhməd Yasəvi Beynəlxalq fondunun sədri, sabiq mədəniyyət naziri Namiq Kamal Zeybək bu kitabın yalnız Türkiyədə deyil, Qazaxstanda da satışının nəzərdə tutulduğunu bildirmişdir. O, Azərbaycanın musiqi irsini ümumtürk mədəniyyət xəzinəsinin təməl daşı kimi qiymətləndirmiş və demişdir ki, gənclərimiz bu xəzinəni yaxşı tanımalı, qədrini bilməlidirlər. Zemfira xanım Səfərovanın kitabı da bu baxımdan böyük əhəmiyyət kəsb edir.
Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.
p align>
|