AZƏRBAYCAN KULTUROLOGIYASININ YENI IDEYA VƏ PERSPEKTIVLƏRI
Gülnaz ABDULLAZADƏ
 

Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin «Kulturologiya» kafedrasının müdiri, pedaqoji elmlər namizədi, dosent Ilqar Hüseynovun işıq üzü görmüş «Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti» adlı monoqrafiyası müəllifin elmi-tədqiqat və yaradıcılıq fəaliyyətinin məhsuludur. Monoqrafiya bir neçə baxımdan böyük maraq doğurur. Onun məzmununu təşkil edən problemlər öz qoyuluşu ilə müasir dövrün tələblərinə cavab verir. Xüsusilə müasir inkişaf mərhələsində mədəniyyətdə adət və ənənələrin rolunun və yerinin tarixi inkişafda işıqlandırılması, onların Azərbaycan mədəniyyətinin formalaşmasında tutduğu mövqenin milli və bəşəri xarakter daşımasını göstərmək işin əsas məqsəd və vəzifələrindən birinə çevrilmişdir.

       Kitabda varislik probleminin qoyuluşu böyük maraq kəsb edir. Ümumiyyətlə, varislik probleminin adət və ənənə mövqeyindən araşdırılması və onun mənəvi təsir dairəsi ilk dəfə olaraq təqdim olunmuş işdə tədqiq olunur və bu baxımdan müəllif burada bir çox elm sahələrinə (estetika, etika, tarix, etnoqrafiya və əlbəttə ki, fəlsəfə) toxunur.

       Səbəbiyyətin gerçəkliyə xas olduğunu və insan tərəfindən idrak və təcrübə prosesində aşkara çıxarıldığını nəzərə alaraq, I.Hüseynovun şüurlu surətdə varislik problemini dialektikanın səbəb və nəticəsi üzərində qurulduğunu göstərməsini determinizm aləminə ilk addımların atılması hesab etmək olar.

       Həqiqətən də səbəbiyyətsiz bir hadisə yoxdur.

       Determinasiya zəncirində müəllif adət-ənənələrə, milli və dini bayramlara, hadisələrə geniş yer vermiş və insanın həyatındakı onların oynadığı mühüm rolu nümayiş etdirmişdir. Bunların ənənəyə çevrilməsi prosesinin qorunub saxlanmasında hansı qanunauyğunluğa riayət olunması tədqiqat işi boyu qırmızı xəttlə keçir.

       Ilqar Hüseynov tamamilə düzgün olaraq, tarixi varislik prinsipinə ardıcıllıqla riayət edilməsini müqayisəli təhlil əsasında aparmış və bunlara arxalanaraq, dünya elmi təcrübəsində qəbul edilmiş metodologiyanı təqdim etmişdir. Belə bir təhlil arxasında daim azərbaycançılıq mövqeyinin mövcudluğu özünü büruzə verir. Müəllif geniş elmi və bədii ədəbiyyata əsaslanaraq, o cümlədən teatr, rəssamlıq, musiqi, ümumiyyətlə estetikanın bir neçə sahəsinin tərkib hissəsi olan incəsənət növlərinin milli adət və ənənələr üzərində qurulması prosesinin təkamülünü izləməyə müvəffəq olmuşdur.

       Elmi şərhlərlə yanaşı, maraqlı ədəbi nümunələr təqdim edən I.Hüseynov monoqrafiyanı oxunaqlı etməyə cəhd göstərmişdir. Bununla yanaşı, dərin nəzəri təhlillər geniş onun erudisiyaya malik olduğunun göstəricisidir.

       Adət-ənənələrin milli-ənənəvi təkamülünü izləyərək I.Hüseynov bilavasitə Azərbaycan mentaliteti probleminə gəlib çıxır və burada milli ənənəyə müasir mövqedən baxış tələb olunur.

       Müəllif incəsənət və mədəniyyət sahəsində Azərbaycan mentalitetinə xas olmayan cəhətlərin müdaxiləsini milli-ənənəvi dəyərlərimizə vurulan zərbə kimi qiymətləndirir. Onun bu prosesi milli-etik normalarla uzlaşdırması məqsədəuyğun hesab edilməlidir. Nəticədə I.Hüseynov milli-etik normalarla milli-əxlaqi dəyərlərin bağlılığını adət-ənənənin qorunub saxlanmasında böyük əhəmiyyət kəsb etdiyini göstərərək, bunu aparıcı fikir kimi irəli sürür.

       Monoqrafiyanın əsas məzmunu müəllifin eyniadlı doktorluq dissertasiyasında öz əksini tapır.

Kulturologiya sahəsindəki milli adət-ənənələrin bədii-estetik mahiyyəti baxımından mövcud olan boşluğu «Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti» adlı tədqiqat işi müəyyən mənada tamamlayır. I.Hüseynov geniş elmi ədəbiyyatdan istifadə edərək, Qərb və Qərbi Avropa müəlliflərinin əsərlərinə geniş şərh vermişdir.

       Azərbaycanda kulturologiyanın həm bir fənn, həm də bir elm sahəsi kimi yaxın zamanlardan etibarən inkişaf tapdığı nəzərə alınarsa, bu kitabın meydana gəlməsini bu sahədə yaranan boşluğun doldurulması kimi qiymətləndirmək olar. Monoqrafiya ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri, mədəniyyət, incəsənət işçiləri və bu sahə ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.











Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70