Bildiyimiz kimi, musiqişünaslığın qarşısında müxtəlif və mürəkkəb vəzifələr durur və onların sırasında hər zaman xüsusi əhəmiyyət kəsb edən və musiqi ictimaiyyətinin diqqətini cəlb edən bəstəkar yaradıcılığına həsr olunmuş elmi işlərdir. Onu da qeyd etməliyik ki, hər bir müsiqişünas yaradıcılıq istiqamətindən asılı olmayaraq öz yazılarında bu və ya digər bəstəkarın musiqisinə istinad etmiş olur. Odur ki, bəstəkar yaradıcılığına üz tutan və onun musiqisini dərindən öyrənən və ardıcıl araşdıran hər bir tədqiqatçı təqdirəlayiqdir. Buna misal olaraq Tofiq Bakıxanovun yaradıcılığı ilə son illər və bilavasitə məşğul olan Hökümə Əliyevanı göstərmək olar.
Maraqlıdır ki, musiqiçidə tanınmış Azərbaycan bəstəkarının yaradıcılığı ilə əvvəllər tanışlıq, sonralar isə elmi maraq müxtəlif səviyyələrdə baş verir. Ilk növbədə Hökümə Əliyeva Tofiq Bakıxanovun əsərlərinə ifaçı kimi yanaşır.
Məlumdur ki, o, skripka ifaçıdır və məhz buna görə bu alət üçün yazılan Azərbaycan skripka musiqisini, o cümlədən Tofiq Bakıxanovun skripka əsərlərini yaxından tanıyır. H.Əliyeva bəstəkarın bir sıra skripka və fortepiano üçün yazılan əsərlərini ifa etmiş və sonra onları elmi tədqiqat obyekti kimi təhlil etməyə başlamışdır. Artıq o, T.Bakıxanovun yaradıcılıq fəaliyyətini hərtərəfli öyrənməyə çalışan və bununla bağlı olan bəzi nailiyyətləri əldə edən tədqiqatçıdır.
Müəllif 2001-ci ildə bəstəkara həsr olunmuş ilk kitabını təqdim edir və burada onun həyat və yaradıcılığı ilə bağlı olan müxtəlif xarakterli material və məlumatlar toplanıb. Söhbət «Tofiq Bakıxanov. Bəstəkar haqqında söz. Not-biblioqrafiya» adlı kitabdan1 gedir və Hökümə Əliyeva burada özünü bacarıqlı tərtibatçı kimi göstərir. O, kitab barəsində belə deyir: «Azərbaycan Respublikasının xalq artisti, professor Tofiq Əhməd Ağa oğlu Bakıxanovun həyat və yaradıcılığının not-biblioqrafiya göstəricisi bəstəkarın 50 illik yaradıcılıq fəaliyyətinə və 70 illik yubileyinə ithaf edilib. Bu göstəricidə notoqrafiya və biblioqrafiyaya aid məlumatlar verilir» (səh. 6). Şübhəsiz, bu kitabgöstərici T.Bakıxanovun yaradıcılığı ilə maraqlanan hər kəs üçün çox faydalıdır.
Hökümə Əliyevanın 2004-cü ildə dərc etdiyi monoqrafiyası «Tofiq Bakıxanovun kamera-instrumental əsərlərində ifaçılıq xüsusiyyətləri» adlanır. Kitabın adından məlum olduğu kimi, müəllif elmi axtarışlarını bəstəkarın kamera-instrumental musiqisinə yönəldir və konkret olaraq qarşısında müxtəlif janrlı kamera-instrumental əsərlərində ifaçılıq xüsusiyyətlərini üzə çıxartmağa çalışır.
1 Azərbaycan elm və mədəniyyət xadimləri. Tofiq Bakıxanov. Bəstəkar haqqında söz. Not-biblioqrafiya. Bakı, 2001
Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.
p align>
|