MÜSABIQƏLƏR...
MÜSAHIBƏLƏR...

-
 

Azərbaycan Respublikasının əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, «Humay» mükafatı laureatı, Antalya (Türkiyə) Dövlət Opera və Balet teatrının solisti, müğənni (bariton) Muxtar Məlikovla müsahibə


«OPERA MƏNIM HƏYAT TƏRZIMDIR»

       - Muxtar müəllim, bir az öz barənizdə danışmağı Sizdən xahiş edirəm. Müəllimləriniz kimlər olub?

       - Özüm haqqında danışarkən, çox vacib bir cəhətə diqqəti cəlb etmək istəyirəm: mən lap uşaqlıqdan mahnı oxumağı çox sevirdim, müğənni olmaq arzusu ilə böyüyürdüm. Bəlkə də məhz bu cəhət məni ətrafımda olan həmyaşıdlarımdan fərqləndirirdi. Bunun xaricində isə mən də başqa uşaqlar kimi məktəbdə oxuyurdum, oğlan uşaqlarının çoxları kimi dəhşətli dərəcədə nadinc idim. Dərslərdə müxtəlif fənnlərə aid bilikləri yaxşı qavrayırdım, lakin mahnı oxumaqdan başqa heç nəyə ciddi maraq göstərmirdim. Oxuduğum məktəbdə mənim çox hərəkətli və enerjili olduğumu görən müəllimlər valideynlərimə məni məktəb dərsləri xaricində bir sevdiyim işlə məşğul etməyi məsləhət gördülər. Atamla anam məndən soruşanda ki, marağım nəyədir, mən düşünmədən oxumağı üstün tutdum. Axı mən bunu daima arzulayırdım və bu cavabı hər zaman verməyə hazır idim. Bunun üçün əlavə fikirləşməyə ehtiyac da yox idi.

       Beləliklə, atam mənim əlimdən tutub, Yuri Qaqarin adına Bakı Mərkəzi Pionerlər evinin xor dərnəyinə gətirdi. Burada mən 1968-ci ildən 1970-ci ilə qədər məşğul oldum. Lakin sonra... Sonra V.I.Leninin 100 illik yubileyinə hazırlıqlar başlandı və qarışıqlıqda məndən başqa hamı üçün konsert kostyumları tikdirdilər. Mən isə ... sadəcə olaraq yaddan çıxdım. Bu hadisə mənə çox təsir etdi və mahnı oxumaq üçün canımdan keçməyə hazır olmağıma baxmayaraq, qətiyyətlə dedim ki, mən daha pionerlər evinin xor dərnəyinə getməyəcəyəm. Çox xətrimə dəymişdilər. Axı mən düşünürdüm ki, mənim bu işdə çox çalışqan olduğumu görüb, buna qiymət verərlər.

       Valideynlərim mənim qəmli gəzdiyimə dözə bilməyib məni başqa bir xor kollektivinə qatılmaq üçün dilə tutdular. 1970-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Əfsər Cavanşirovun idarə etdiyi Uşaq xorunda oxumağa başladım və 1973-cü ilə qədər burada oxudum. Özümü çox xoşbəxt sayırdım.

       1975-1977-ci illərdə Texniki-peşə məktəblərinin Mədəniyyət klubunda fəaliyyət göstərən «Gənc səslər» vokal dərnəyində məşğul olurdum. Burada mənim müəllimim heç bir zaman unutmayacağım, peşəsinin əsil fədakarı olan gözəl müəllim və qayğıkeş insan Yakov Yefimoviç Şestakov idi. Məhz onun gərgin əməyi nəticəsində 1976-cı ilin may-aprel aylarında mən ilk dəfə xaricdə Finlandiyada gənclər festivalında çıxış etdim. Bu mənim üçün çox fərəhli idi. Hesab edirəm ki, vokal sahəsində ilk müəllimim Yakov Yefimoviç olmuşdur.

       Orta məktəbi bitirmək haqqında Attestatla bərabər peşə məktəbinin avto-çilingər ixtisasına yiyələndiyim barədə sənədi də aldım. Əsgər olmağımın zamanı gəlib çatdı. Illərin ötüb-keçdiyinə baxmayaraq, mən müğənni olmaq fikrində bərkiyirdim. Elə əsgərliyimin çox hissəsini də Bakı Qırmızı Bayraqlı Hava Hücumundan Müdafiə Dairəsinin Mahnı və rəqs ansamblında çəkdim. Həmin kollektivlə keçmiş SSRI məkanının canub hissəsinin demək olar ki, hər şəhərində konsertlər verdik.

       Əsgərlikdən qayıdandan sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal ixtisası üzrə hazırlıq şöbəsinə daxil oldum və burada Azərbaycan Respublikasının əməkdar artisti, vaxtilə M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrının solisti olan bas-bariton Vitali Alekseyeviç Popçenkonun sinifində dərslərə başladım. Vitali Popçenko rus vokal məktəbinin dəyərli nümayəndələrindən idi. Və mənim bəxtim çox gətirdi ki, işinə çox ciddi yanaşan, vokal sahəsində ilk addımlarını atan gənclərə hər zaman öz köməyini əsirgəməyən bir insana rast gəldim.

       Bir gün yoldaşlardan biri mənə dünyasını dəyişmiş dahi müğənnimiz Şövkət xanım Məmmədovanın evinə gedib ona hazırladığım əsərlərdən bir-ikisini göstərməyi təklif etdi (o zaman Şövkət xanımın səhhətində problemlər olduğu üçün rektorluq ona tələbələri ilə evdə məşğul olmağa icazə vermişdi). Doğrusu, bu təklif mənim üçün çox gözlənilməz oldu. Tərəddüd edirdim. Bir tərəfdən, belə bir böyük ustad qarşısında çıxış etməyə ürək etmirdim, digər tərəfdən isə belə xoş bir fürsəti qaçırmaq istəmirdim. Nəhayət, ürəklənib yoldaşıma müsbət cavab verdim.

       Indiki kimi yadımdadır, qapını Şövkət xanımın qızı Aida xanım açdı. Bizi otağa dəvət etdi və özü piano arxasına keçdi. Mən öyrəndiyim əsəri səsləndirdim. Şövkət xanım ayağa qalxdı və mənə yaxınlaşdı. Onun gözləri doldu. Sözün düzü, mən bir-iki saniyəliyə tutuldum, lakin sonra Şövkət xanımdan onun ağlamağının səbəbini soruşdum. O dedi ki, mənim səsim ona cavanlığında Parisin «Qrand-Opera» teatrında «Qugenotlar» operasında tərəf müqabili olan bir gözəl baritonu xatırlatdı və sanki o illərə qaytardı. Şövkət xanım soruşdu: «Oğlum, sən azərbaycanlısan?» Məndən «bəli» cavabını eşidəndə Şövkət xanımın üzünə elə bil nur saçıldı. – «Adın nədir?» - «Muxtar Məlikov». Sonra Şövkət xanım fikrə getdi və birdən çox ciddi dedi: «Xəstəlikdən qalxan kimi mən şəxsən nazirin qəbuluna gedib, sənin Italiyaya oxumağa göndərilməyin barədə məsələ qaldıracağam. Çünki bunu məhz indi, sən oxumağa başlamamışdan etmək lazımdır. Istəyirəm ki, ilk addımlarını sən artıq Italiyada atasan».

       Dərsdən sonra Şövkət xanım bizi nahar etməyə dəvət etdi. Təşəkkürümüzü bildirib getmək istədik. Lakin alınmadı. Ev sahibəsi dəvətində israrlı idi.

       Sonradan bildik ki, rəhmətliyin adəti beləymiş: evinə gələn kimsəni yedirdib-içirtməmiş buraxmazmış.

       Şövkət xanımgildən çıxanda sevindiyimdən uçmaq istəyirdim. Lakin sən saydığını say, gör fələk nə sayır... Allahdan Şövkət xanıma möhlət verilmədi. O, daha sağalıb çox sevdiyi doğma evi olmuş Azərbaycan Dövlət Konservatortiyasına qayıtmadı.

       Mən isə hazırlıq şöbəsində dərslərimə davam edirdim. Onu da deyim ki, var gücümlə çalışırdım. Imkan olsaydı gecələr də vokal dərslərindən ayrılmazdım. Görünür, məhz buna görə iki illik hazırlıq kursunda bir il oxuyandan sonra müəllimim mənim artıq konservatoriyanın birinci kursuna daxil olmağa layiq olduğumu bildirdi.

       Müəyyən olunmuş qaydada imtahanları verdikdən sonra tələbə bileti aldım. Daha artıq ciddiliklə yenə də Vitali Alekseyeviç Popçenkonun sinfində dərslərimə davam etdim.

1983-cü ildə (V.A.Popçenko təqaüdə çıxdıqdan sonra) rektorluq məni vokal kafedrasının müdiri, Azərbaycan SSR əməkdar artisti Kamal Kərimovun sinfinə göndərdi. Əfsuslar olsun, Kamal müəllim mənimlə nəinki məşğul olmurdu, hətta demək olar ki, heç fikir də vermirdi.

1985-ci ildə Bakıda Zaqafqaziya musiqi-ifaçılarının VII müsabiqəsi keçirilməli idi. Mən də konservatoriyanın başqa tələbələri kimi müsabiqə proqramı üzərində çalışırdım. Bu işə çox ciddi yanaşırdım, axı bu müsabiqə mənim həyatımda olan ilk yarış idi.

       Müsabiqəyə bir neçə gün qalmış Kamal müəllim dedi: «Səni də salacağam iştirakçılar siyahısına. Çünki ilk etapda kimlərsə xaric olunmalıdır ki, mənim nəzərdə tutduğum adamlar laureat olsunlar». Özünüz düşünün, müsabiqədən öncə bu sözləri müəllimindən eşidən insanın halı necə ola bilər. Amma mənim çəkdiyim zəhmətə heyfim gəldi. Öz-özümə düşündüm: «Dayanmaq olmaz. Irəli!» Sanki özüm-özümə «Start!» verdim. Və nə yaxşı ki, bu qərarı qəbul etdim. Nəticədə Kamal müəllimin nəzərdə tutduğu «istəkli» tələbələri kənarda qaldı, mən isə Zaqafqaziya musiqi-ifaçılarının VII müsabiqəsinin opera bölümündə II dərəcəli diploma və laureat adına layiq görüldüm. Mənim üçün bu çox fərəhli hal idi.

       Gündəlik həyatımda elə bil heç nə dəyişməmişdi, lakin hətta ictimai fənnlərdən mənə dərs deyən müəllimlərim belə mənimlə çox xoş davranmağa başladılar. Sanki mənim qələbəmdən onlara da pay düşmüşdü. Çox sevindirici idi.

       IV kursu bitirdikdən sonra 1985-ci ilin avqust ayında M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrının opera truppasına solist-stajor qəbul edildim. Həm işlədim, həm də dərslərimə davam etdim.

       1986-cı ildə isə konservatoriyanı bitirərək opera teatrında işimi davam etdirdim. Və parallel olaraq, Şövkət Məmmədova adına opera studiyasında solist kimi çalışdım. Yenə də tale mənim yoluma Şövkət xanımın müqəddəs adını çıxartdı.

       Həmin illərdə də daim öz üzərimdə çalışmağı üstün tuturdum. Zaqafqaziya müsabiqəsində əldə etdiyim qələbə məni daha da ruhlandırdı və mən 1987-ci ildə Bakıda keçirilən M.I.Qlinka adına XII Ümumittifaq vokalçılar müsabiqəsinin diplomantı adını qazandım və beləliklə, bu müsabiqənin tarixində ilk azərbaycanlı kişi müğənni oldum. Bunu əks etdirən sənədlər Moskvada Bolşoy Teatrın muzeyində saxlanılır.

       Bu qələbədən sonra məni Opera və Balet teatrının opera truppasının əsas tərkibinə keçirtdilər. Bu məsələnin müzakirəsində Opera və Balet teatrının o zamankı müdiri, professor Azər Rzayevın və Azərbaycanın xalq artisti baletmeyster Rəfiqə xanım Axundovanın mənə – gənc mütəxəssisə olan inamlarını və göstərdikləri böyük qayğılarını heç zaman unutmaram.

       Mən də bu inama və qayğıya cavab olaraq canidildən çalışdım və 1991-ci ilin mart ayında əməyim qiymətləndirildi və mənə «Azərbaycan SSR əməkdar artisti» fəxri adı verildi.

       - Vokalist ixtisasını seçərkən Siz qarşınıza hansı məqsədi qoyurdunuz?

       - Insan su içəndə qarşısına hansı məqsədi qoyur? Mənim məqsədim də oxumaq və oxuyaraq arzuma yetmək idi.

       - Siz hal-hazırda Türkiyənin Antalya Dövlət Opera və Balet teatrının solistisiniz. Bir qədər bu haqda və Türkiyədəki yaradıcılığınız barədə.

       - Bəli, 1999-cu il mart ayının 22-də mən Türkiyə dövlətinin dəvəti ilə Ankaraya gəldim və burada yeni açılan Antalya Dövlət Opera və Balet teatrının solisti qəbul edilməyim barədə müqavilə imzaladım. Sonra teatrın açılışı münasibətilə keçiriləcək Qala-konsertin hazırlanmasında iştirak etdim və aprel ayının 5-də Türkiyənin bütün opera teatrlarının nümayəndələrinin iştirak etdiyi təntənəli tədbirdə Antalya teatrının ilk və yeganə solisti kimi bu teatrı təmsil etdim. Və bu fakt Antalya Dövlət Opera və balet teatrının tarixinə yazıldı. Beləliklə, bu teatrın təməlini qoyanlardan biri Azərbaycan nümayəndəsi oldu. Mən bununla fəxr edirəm və Türk xalqına və dövlətinə mənə bu imkanı verdikləri üçün böyük təşəkkürümü bildirirəm. Onu da qeyd edim ki, o gündən sonra hələ iki il yarım teatrın yeganə solisti olaraq qaldım. Səbəbi budur ki, müdiriyyət işə qəbul edəcəkləri solistləri çox ciddi seçirdi. Hal-hazırda teatrın on bir nəfər solisti var. Ehtiyac duyulduqda Türkiyənin başqa opera teatrlarından əlavə qüv vələr dəvət olunur.

       Antalya operasının tamaşalarında iştirak etməkdən əlavə operanın özündə, Türkiyənin başqa şəhərlərində, demək olar ki, bütün Aralıq dənizi bölgəsində konsertlərlə çıxış edirəm.

       Bu ilin əvvəlində Türkiyə Dövlət Opera və Balet teatrlarının baş müdiriyyəti tərəfindən Ankara Dövlət Opera və Balet Teatrında P.I.Çaykovskinin «Yevgeni Oneqin» operasında Yevgeni Onegin rolunda çıxış üçün dəvət aldım və mart-aprel aylarında Ankara operasının kollektivi ilə tamaşanın məşqlərində iştirak etdim. Tamaşanın quruluşçu rejissoru SSRI-nin və Russiyanın xalq artisti, Dövlət və beynəlxalq mükafatları laureatı, uzun illər Bolşoy Teatrın baş rejissoru olan Georgi Pavloviç Anisimov idi. Belə bir ustadla çalışmaq çox şərəfli idi. Onegin partiyasını hazırlamaq üç nəfərə tapşırılmışdı. Lakin aprelin 24-də premyeranı oxumaq mənə nəsib oldu.

       Bundan başqa, çox önəmli olan hadisə, mənim artıq dörd il ərzində, hər ilin yayında on beş min tamaşaçısı olan antik açıq hava teatrı «Aspendosda» Beynəlxalq Opera və Balet Festivalında Antalya teatrının təqdim etdiyi əsərlərin baş rollarında iştirakımdır. Onu da xüsusi qeyd edim ki, «Aspendos» festivalı ildən-ilə dünyada daha çox tanınır və Türkiyə hökuməti bunun üçün əlindən gələni edir. Belə ki, bu il festival artıq Aralıq dənizi hövzəsi ölkələrinin beş ən tanınmış festivallarının siyahısındadır.

       -Türkiyədə təhsil prosesi və ifaçılıq mədəniyyətinin səviyyəsindən nə deyə bilərsiniz?

       - Türkiyədə təhsil prosesini get-gedə inkişaf etdirməyə çalışırlar. Bu məqsədlə dünyanın hər yerindən işlərini gözəl bilən mükəmməl mütəxəssisləri buraya dəvət edirlər.

       Təbiət türk xalqına gözəl səslər bəxş etmişdir. Bunları cilalamaq üçün müəyyən vokal məktəblərinə yiyələnmək lazımdır. Bunun üçün Türkiyədə bu gün mümkün olan hər şey edilir və nəticələr də sevindiricidir.

       - Bir qədər də repertuarınız barədə danışın.

       - 1999-2004-cü illərdə C.Verdinin «Traviata» (Jermon), C.Donitsettinin «L‘Elisir d‘amore» («Məhəbbət şərabı», Belkore), P.Maskanyinin «Kavalleria Rusticana» («Kəndli namusu», Alfio), R.Leonkovallonun «I Pagliacci»(Silvio), C.Puççininin «La Boheme» (Marsel), P.I.Çaykovskinin «Yevgeni Oneqin» (Yevgeni Oneqin) operalarının premyeralarını oxumuşam və hələ də repertuarda olan bu əsərlərdə mənə aid partiyaları daima ifa edirəm.

       Bundan başqa repertuarımda Azərbaycan, Qərbi Avropa və Rus bəstəkarlarının əsərləri yer tutur.

        - Folklora olan münasibətiniz?

       - Folklora olan münasibətim təbii ki, ancaq müsbət ola bilər. Axı folklor olmasaydı professsional musiqi də yaranmazdı. Dünyada ən çətin ifa olunan folklor musiqisi - hər zaman Azərbaycana baş ucalığı gətirən muğamlarımızdır. Muğam ifaçılığı həm yüksək vokal göstəriciləri, həm də yüksək ixtisas dərəcəsi tələb edir. Muğam mənim gözümdə bir dəryadır və ona hər yoldan ötən baş vura bilməz. Muğam ifaçılığının ciddiyyətini mən ancaq opera ifaçılığı ilə müqayisə edə bilərəm. Şəxsən mən özüm bütün muğamlarımızı bəyənirəm. Onlar mənim qanımdadır, canımdadır. Lakin, Bayatı-Şiraz muğamının vurğunuyam. Azərbaycan xalq havalarını da xüsusi məhəbbətlə sevirəm və böyük həvəslə ifa edirəm.

       - Sizin repertuarınızda Avropa musiqisi üstünlük təşkil edirmi?

       - Edir. Xüsusilə indi. Çünki Azərbaycanda olarkən Azərbaycan və rus bəstəkarlarının əsərləri repertuarımda daha geniş yer alırdı.

       - Təmsil etdiyiniz sahədə Azərbaycan-Türkiyə-Avropa perspektivlərini necə görürsünüz?

       - Bilirsiniz, mən artıq beş ildən artıqdır ki, Azərbaycanda olmamışam, amma buna baxmayaraq Azərbaycanın sənət sahəsində olan problemləri mənə məlumdur.

       Türkiyəyə gəldikdə isə tam əminliklə deyə bilərəm ki, burada işıqlı perspektivlər görünür. Türkiyənin Mədəniyyət Nazirliyi hər il Almaniyanın, Italiyanın, Avstriyanın ən tanınmış konservatoriyalarında təhsil almaq üçün qrantlar ayırır. Göstərici: Türkiyədə musiqi ifaçılığının səviyyəsi ildən-ilə durmadan artır. Türk musiqiçiləri dünyanın bir çox ölkələrinə qastrol səfərlərinə gedir və uğur qazanırlar. Türkiyəyə də xarici musiqiçilər qastrola gəlir. Yəni daima hərəkət var.

       Bilirsiz, mən Azərbaycan Dövlət Opera və Balet teatrına xidməti girişdən daxil olanda sevincimin həddi-hüdudu yox idi. Demək olar ki, mən o zaman ən xoşbəxt adam idim. Axı mən Azərbaycan operasının solisti idim!

       Tale üzümə o zaman güldü ki, mən teatra gələndə Lütviyar Imanov, Iva Karasyova, Rauf Atakişiev, Mürsəl Bədirov, Ivan Sazonov, Vladimir Lokşin, Hüseyn Əliyev, Raisa Maçilskaya, Qalina Piqanova kimi sənətkarlarla bir abu-havada çalışdım, onlarla tərəf müqabili oldum. Məgər bu xoşbəxtlik deyilmi?

       Fikrimcə, Azərbaycan musiqi ifaçılığında olan durğunluq dövrü çox uzanıb. Onunla vidalaşmağın zamanı gəlib çatıb. Artıq yeni dövr – axtarışlar və durmadan çalışmaq dövrü qapını döyür. Və Azərbaycan bu qapını Azərbaycan üçün çalışmaq istəyən hər bir insanın üzünə açmalıdır. Məncə, bu, hər sahədə belə olmalıdır, lakin indi söhbət konkret olaraq incəsənətdən, musiqi sənətindən, ifaçılıqdan gedir.

       XX əsrin 20-ci-30-cu illərini, lap elə müharibədən sonrakı dövrü xatırladaq. Azərbaycana o zaman dünyanın hər yerindən əcnəbi mütəxəssislər gəldi və xalqımızın parlaq nümayəndələri ilə birlikdə musiqi ifaçılığının bütün sahələrini qaldırdılar. Və çox-çox yüksəyə qaldırdılar. Elə yüksəkliklərə ki, Azərbaycan sənəti dünyanın hər yerindən göründü.

       Vaxt var idi ki, Bolşoy, Kirovski (hal-hazırda Mariinski), Kiyev və Odessa opera teatrlarından sonra Azərbaycan opera teatrının adı çəkilirdi.

       Mən də Azərbaycan operasının elə dövrünü görmüşəm və yaşamışam ki, teatrda həm soprano, həm metso-soprano, həm tenorlar, həm baritonlar, həm də baslar səs qrupları tam tərkibdə fəaliyyət göstərirdilər. Indi isə, əfsuslar olsun ki, bunların heç biri tam deyil. Belə vəziyyətdə hansı inkişafdan danışmaq olar?

       Lakin bu gün də gec deyil və kənardan yardım istəmək də ayıb deyil. Türk qardaşlarımız Türkiyədə musiqi mədəniyyətinin inkişafı üçün belə addımdan çəkinmirlər.

       Amma onu da qeyd edim ki, indi artıq Azərbaycanın özünün böyük musiqiçilər ordusu var, lakin həyat problemləri bu ordunun əsgərlərini pərakəndə surətdə dünyaya dağıdıb. Əminəm ki, həmin ordunu Azərbaycan bayrağı altında toplamağın zamanı gəlib çatıb. Bu gün Azərbaycan sənətə və sənətçiyə layiqli qiymət verməklə mədəniyyətimizin inkişafı üçün böyük imkanlar yaratmalıdır və bununla dünya mədəniyyətində öz yerini möhkəmləndirməlidir. Mən buna inanıram!



Türkiyə, Antalya, 10 avqust 2004-cü il
Materialı hazırlardı:
Nigar Qurbanova





ƏNƏNƏ UĞURLA DAVAM EDIR, YENI ISTEDADLAR ÜZƏ ÇIXIR

      Iki il bundan əvvəl, yəni 2002-ci ildə Mədəniyyət Nazirliyi uşaq muğam ifaçılarının Respublika müsabiqəsini keçirmək qərarına gəldi. Məqsəd aydın idi: milli musiqi xəzinəmizin nadir inciləri muğamların geniş təbliği, gənc nəsildə buna həvəs və marağın artırılması, yeni istedadlı uşaq muğam ifaçılarının üzə çıxarılması. Müsabiqənin birinci turunun şəhər və rayonlarda, ikinci yekun turunun həmin ilin sentyabr ayında Astarada keçirilməsi nəzərdə tutulmuşdu. Gözlənildiyi kimi, bu, hər yerdə böyük razılıq hissi ilə qarşılandı.

      Müsabiqənin Astarada keçirilən yekun turu sübut etdi ki, bu ideyanı həyata keçirməklə Mədəniyyət Nazirliyi necə xeyirxah iş görmüşdür. Tanınmış sənət adamları, muğamsevərlər müsabiqəni respublikamızın mədəni həyatında olduqca əhəmiyyətli və əlamətdar hadisə kimi dəyərləndirdilər. Müsabiqəyə olan sonsuz maraq, isti münasibət bunun ənənəvi hal alacağına şübhə yeri qoymurdı. Elə də oldu. 2004-cü ildə uşaq muğam ifaçılarının II Respublika müsabiqəsi öz işini davam etdirdi. Yekun turun məkanı dəyişməz qalmışdı. Yenə də Astara. Keçən dəfəki kimi astaralılar yenə nəğməkar qonaqlarını gülər üzlə, mehribanlıqla qarşıladı. May ayının 3-6-sı arasında keçirilən uşaq muğam ifaçılarının II Respublika müsabiqəsinin yekun turu uğurla başa çatdı. Müsabiqənin münsiflər heyətinin sədri, xalq artisti Ağaxan Abdullayevlə söhbətimiz də elə bu barədə oldu. Doğrudur, söhbət zamanı bəzi məqamlara toxunsaq da, əsas mövzu yenə də müsabiqə haqqında fikir və düşüncələr idi.

      - Ağaxan müəllim, indi müsabiqələrin keçirilməsi yaman dəb olub. Buna necə baxırsınız?

      - Nəyə işarə etdiyinizi başa düşürəm. Gənc istedadları üzə çıxarmaq məqsədi ilə son vaxtlar müxtəlif ad altında müsabiqələr keçirilir. Belə müsabiqələrdən bəzilərini televiziya ekranlarında da görürük. Keçirsinlər də, nə olar ki ! Təki nəticəsi yaxşı olsun. Görülən hər yaxşı iş uşaqlarımızın, gənclərimizin gələcəyi üçündür. Qaldı Mədəniyyət Nazirliyinin təşkil etdiyi tədbirlərə, bunun dəyəri də, yeri də bambaşqadır. Son vaxtlar onun milli dəyərlərimizin qorunub-saxlanılması, yaşadılması, yeni-yeni istedadlı uşaqların üzə çıxarılması istiqamətində apardığı məqsədyönlü iş göz qabağındadır. 2002-ci ilin sentyabr ayında Astarada keçirilən uşaq muğam ifaçılarının birinci respublika müsabiqəsi yəqin yadınızdadır. Füsünkar gözəlliyi ilə göz oxşayan, istiqanlı, qonaqpərvər sakinləri ilə hər kəsdə xoş təəssürat yaradan Astara həmin günlər, sözün əsl mənasında, özünün xoş ovqatlı anlarını yaşayırdı. Rayon mərkəzi, müsabiqənin keçirildiyi mərkəzi mədəniyyət evi bayramsayağı bəzədilmiş di. Hamının üzündən sevinc yağırdı. Respublikamızın ayrı-ayrı şəhər və rayonlarından gəlmiş uşaqlar, onların valideynləri, müəllimləri burada özlərini doğma evlərindəki kimi hiss edirdilər. Muğam ifaçılarına xoş münasibət, onlara göstərilən mehribanlıq və qayğı bizi də sevindirirdi. Işimizi asanlaşdırırdı. Heç bir narahatçılıq, gərginlik hiss etmirdik. Vallah, çox yer gəzib, çox üzlər görmüşəm. Amma burada keçirdiyim o üç-dörd günü, yaşadığım xoş anları Allah ömrümə-günümə yazsın deyirəm.

      Birinci müsabiqədə respublikamızın 48 şəhər və rayonundan 130-a yaxın uşaq muğam ifaçısı iştirak edirdi. Onların bülbül səsinə bənzər səsələri hələ də qulağımdan getməyib. Bəs bu uşaqlar necə ola bilər ki, diqqət və qayğıdan kənarda qalsınlar. Axı bu gün də olmasa, sabah, ya birigün onların arasından sənət aləmində sayılıb-seçilən, xalq tərəfindən sevilə biləcək gözəl ifaçıların üzə çıxacağı şəksizdir. Belə müsabiqələr səhnəyə doğru ilk kövrək addımlarını atan, respublika münsiflər heyətinin üzvləri – tanınmış sənət adamları qarşısında istedad və qabiliyyətini təsdiq etmək hünərində olan ifaçıların özünə inamını artırır. Axı heç kim sənət aləmində birdən-birə, göydəndüşmə görünməyib. Həmin müsabiqənin iştirakçılarından Niyaməddin Babayevin, Arzuman Abdullayevin və başqalarının uğurlu çıxışları barədə indinin özündə həvəslə danışırlar. Bu bizi də sevindirir. Bundan gözəl, ürəkaçan nə ola bilər. Milli dəyərlərimizin, xalq sənətinin bu günü, sabahı naminə Mədəniyyət Nazirliyin in gördüyü işlər əvəzsizdir, təqdirəlayiqdir. Şəxsən mən bunu milli təəssübkeşlik kimi qiymətləndirir, özümdə qürur duyuram.

      - Ağaxan müəllim, uşaq muğam ifaçılarının ikinci respublika müsabiqəsi haqqında bir qədər sonra söhbət edəcəyik. Ancaq gəlin, bəzi məqamlara toxunmaq məqsədilə, muğam ifaçılarının təbirincə desək, söhbətimizdə «gəzişmələr» edək.

      - Mən razı. Söhbətimiz hansı yönümdə getsə, çalışaram cavabım sizi razı salsın.

      - Sağ olun. Elə isə deyin, muğam Sizin üçün nədir?

      - Muğam təkcə mənim üçün yox, bütövlükdə hər birimiz üçün dəyəri ölçüyə gəlməz, əvəzsiz, möhtəşəm xalq sənətidir. Milli musiqi xəzinəmizin əşrəfidir. Muğamlarımız da, xalq mahnılarımız da beş-on ilin məhsulu deyil. Bunların hər birinin yaranma tarixi, səbəbləri olmuşdur. Xalqın həyatı ilə bağlı olan muğamlara, xalq mahnılarına dərindən diqqət yetirsək, burada nələr görmərik: sevgi, nisgil, həsrət, xoş əhval, mərdanəlik, qəhrəmanlıq və daha nələr. Görün, musiqi ilə sözün vəhdəti nələr yaratmayıb. Məlum olduğu kimi, milli musiqimizin inkişafında, nadir sənət nümunələrinin yaradılmasında muğamlarımızın xüsusi əhəmiyyəti və təsiri olmuşdur. Dahi Ü.Hacıbəyovun bu gün də uğurlu səhnə taleyini yaşayan «Leyli və Məcnun»u ilk muğam operasıdır. Bundan sonra daha nələr yaradılmadı! Əlbəttə, onları saymağa ehtiyac duymuram. Ancaq ölməz sənətkarlarımız Niyazinin, F.Əmirovun muğamlarımıza necə diqqət və məhəbbət göstərdiklərini xatırlamaq yerinə düşər. Niyazinin «Rast», F.Əmirovun «Kürd ovşarı» simfonik muğamları musiqi mədəniyyəti tarixində öz layiqli yerini tutmuşdur. Bu əsərləri dinlədikcə sənətin ecazkarlığına, sənəkarların ilahi qüdrətinə heyran qalırsan. Bax, muğamlarımızın dəyəri, ecazkarlığı da bundadır. Sözümün canı ondadır ki, xalqın yaratdıqlarını yaşatmaq hər birimizin vətəndaşlıq borcudur. Bu mənada xalq yaradıcılığına, xalq sənətinə, milli dəyərlərimizə xüsusi diqqət və qayğı göstərdiyinə görə Mədəniyyət Nazirliyinə, şəxsən Mədəniyyət Naziri cənab Polad Bülbüloğluna bütün sənət dostlarım adından minnətdarlığımı bildirirəm. Özümə gəlincə deməliyəm ki, sənətdə az-çox nə qazanmışamsa, muğamlarımıza, qaynar çeşməyə bənzər xalq sənətinə borcluyam.

      - Muğamlarımızın bugünkü taleyi Sizi razı salırmı?

      - Muğam elə sənətdir ki, həmişə xüsusi diqqət və qayğı tələb edir. Əgər desəm, muğamlarımıza az diqqət yetirilir, bu, insafdan kənar olar. Azərbaycan televiziyasında, radioda, habelə ayrı-ayrı telekanallarda muğam ifaçılarının çıxışları, müxtəlif verilişlər təşkil olunur. Görkəmli sənətkarların yubiley günlərini, yaradıcılq və xatirə gecələrini də əlavə etsək, narahatçılıq doğuran heç nə görmərik. Xüsusən respublikamız müstəqilliyə nail olandan bəri xalq sənətinə diqqət daha da artıb. Amma desəm ki, bunlarla kifayətlənmək olar, o da düz gəlməz. Vaxtilə rəhmətlik Firudin Şuşinskinin Azərbaycan televiziyasında apardığı bir veriliş vardı. O, muğamlarımız, ustad muğam ifaçıları haqqında necə də dolğun, şirin söhbətlər aparırdı. Tamaşaçı da bundan çox şey öyrənirdi. Allaha şükür, indi bizdə səsyazma studiyaları fəaliyyət göstərir. Baxırsan satışda nə qədər kassetlər var. Olmazmı ki, bizim dünyasını dəyişmiş sənətkarlarımızın kassetlərini də buraxalar. Qoy elə almanax şəklində mu ğamlarımızdan seçmələr olsun. Məncə, bundan heç kim ziyan çəkməz, borca düşməz. Bunun özü də bir xeyirxahlıq, milli mədəniyyətimizə, ustad sənətkarlara dərin hörmət kimi qiymətləndirilər. Unutmayaq ki, Allah heç nəyi əvəzsiz qoymur.

      - Muğam elə sənətdir ki, bunda hər kəsin öz ifa tərzi, nəfəsi olmalıdır. Kimisə yamsılamaq ifaçıya başucalığı gətirmir.

      - Muğam ifaçılığı sahəsində çox gözəl, ustad sənətkarlarımız olub. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Əmi, Zülfü Adıgözəlov, Ağabala Abdullayev, Mütəllim Mütəllimov, Əbülfət Əliyev, Yaqub Məmmədov sənətdə öz möhürlərini vurublar. Onların hər biri məktəbdir. Çünki ürəklə oxuyardılar. Indinin özündə onların səsi yazılmış vallara, lent yazılarına qulaq asanda bu sənətkarların böyüklüyünü bir daha dərk edirsən. Deyirlər, əvəzolunmaz şəxs yoxdur. Amma onları dinləyəndə belə fikirlə şəxsən mən razılaşmıram. Düşünürəm ki, bu sözləri o kəslər dilə gətirir ki, sənətdə zirvəni görə bilmir. Zirvə zirvədir. Burada hər sənətçi özünə yer tuta bilməz. Fikir verin, illər keçib, ancaq o səslər öz şirinliyini itirməyib, itirməyəcək də! Sənət buna deyərəm. Doğrudur, indi də gözəl səsli, muğamı mükəmməl ifa edən yaxşı sənətçilərimiz var. O ki qaldı ifa tərzinə burada bir məsələni qeyd edim. Hər muğamın, necə deyərlər, öz quruluşu var. Əlbəttə, bunu basmaqəlib kimi qəbul etmək düzgün olma zdı. Belə deyək də, xanəndə hər hansı muğamı oxuyur. Bu zaman o oxuduğu muğamın qəbul olunmuş qaydalarından kənara çıxmamalıdır. Lakin ifaçı özünə məxsus «gəzişmələr» etməklə ifasına gözəllik gətirir. Bu da xüsusi məharət, ustalıq tələb edir. Yoxsa yersiz zəngulələr, nəfəs dərmədən «dad çəkib», «haray qoparmaq» muğamdakı gözəlliyə, şirinliyə xələl gətirər. Bir də gərək hər xanəndə səs çalarına uyğun muğam seçsin. Bir dənə oxusun, amma yerli-yerində. Oxuduğu ilə yadda qalsın. Ustadlarımızdan nümunə götürmək lazımdır.

      - Bir də görürsən ifa olunan muğamın zilində xanəndənin nə dediyi başa düşülmür. Yəni oxuduğu qəzəlin sözləri dinləyiciyə çatmır.

      - Bu elə əvvəldə dediklərimizdən irəli gəlir də. Deməli, səsdə o güc yoxdur, nəfəs çatışmır. Odur ki, sözlər itib-batır. Ifaçı bilməlidir ki, muğamın şirinliyi sözlərin gözəlliyi, məna dərinliyi ilə üzvi surətdə bağlıdır. Çünki ürəyin keçirdiyi hiss-həyəcanın dinləyiciyə çatdırılması üçün bu iki amil xüsusi əhəmiiyyət kəsb edir. Axı dinləyici təkcə musiqiyə, səsə qulaq asmır, həm də oxunan, deyilən sözlərn mənasına xüsusi diqqət yetirir. Sözün təsiri böyükdur. Söz insanı düşündürür, tərbiyə edir. Indi görün gözəl musiqi ilə gözəl sözlərin vəhdəti nə möcüzə yaradır.

      - Bir də görürsən ki, ifaçı eyni qəzəli həm «Rast»da, həm «Segah»da, ya da başqa muğamda oxuyur. nbsp;      - Bu məsələyə də toxunacaqdım. Amma məni qabaqladınız. Bu cür hallara münasibətim yaxşı deyil. Qəzəllərin öz ölçüsü olduğu kimi, muğamların da ölçüsü vardır. Deməli, hər muğama uyğun qəzəllər seçilməlidir. Ifaçı heç vaxt tənbəllik etməməlidir. Daim axtarmalıdır, öyrənməlidir. Allaha şükür, bizim başqalarının qibtə edəcəyi zəngin poeziyamız var. Bu xəzinədən yararlanmaq gərəkdir.

      - Uşaq muğam ifaçılarının respublika müsabiqəsinin Astara rayonunda keçirilməsinə necə baxırsınız? Belə deyək də, muğamın öz yeri, öz vətəni var.

      - Düzü, belə bir fikrin də ortaya çıxacağını gözləyirdim. Qarabağ, Abşeron, Şamaxı muğam yaradıcılığında, onun qorunub yaşadılmasında, inkişafında müstəsna əhəmiiyyətə malikdir. Bu danılmazdır. Ancaq gəlin məsələyə birtərəfli yanaşmayaq. Muğam təkcə bir bölgənin, ya ərazinin deyil. Muğam xalq sənətidir, xalqa məxsusdur. Xalqımızın bir hissəsi də respublikamızın cənub ərazisindəki gözəl Astarada yaşayır. Astara sakinlərinin özlərinin məxsusi adət-ənənələri, qədim tarixə malik mədəni dəyərləri var. Bu gün burada onlarca mədəniyyət ocağı fəaliyyət göstərir. Mədəniyyət müəssisələrində istedadlı uşaqları və gəncləri ətrafına toplayan neçə-neçə bədii özfəaliyyət kollektivinin olduğunu da Siz bizdən yaxşı bilirsiniz. Çəkinmədən deyə bilərəm ki, Astara musiqili yerdir. Burada musiqiyə, xüsusən muğama sonsuz maraq olduğunu qaldığımız bir neçə gündə özüm də müşahidə etdim. Şahidi oldunuz ki, istər birinci, istərsə də ikinci müsabiqədə qaliblər siyahısında astaralı uşaqların da adı ya zıldı. Demək, bu müsabiqənin Astarada keçirilməsi lazım imiş. Söhbət milli dəyərlərimizin yaşadılmasından, gələcək nəsillərə çatdırılmasından gedirsə, ayrı-seçkilik lazım deyil. Fikir verdinizmi, birinci müsabiqədən sonra burada muğam ifaçılığına maraq necə də artmışdır ! Rayon icra hakimiyyətinin başçısı Oqtay müəllim bizimlə çay süfrəsi ətrafında necə şirin söhbətlər edirdi. Müsabiqənin Astarada keçirilməsini əlamətdar mədəni hadisə kimi dəyərləndirən icra hakimiyyətinin başçısı bunun astaralılara böyük hörmət və ehtiram olduğunu da sevinc hissi ilə söylədi. Müsabiqənin keçirilməsi yerinin Astara seçildiyinə görə şəxsən Mədəniyyət Naziri cənab Polad Bülbüloğluna dərin minnətdarlığını bildirdi. Gələk məsələnin ikinci tərəfinə. Istər mən olum, istərsə də Siz, müəyyən işlə və ya tədbirlə əlaqədar yolumuz Astaraya düşməlidir. Axı iş olmayanda kiminsə uzaq yerə getməsi bəzən istəsə belə alınmır. Respublikamızın ayrı-ayrı şəhər və rayonlarından müsabiqəyə gələn uşaqlar, hələ valideynləri, müəllimləri demirəm, Ast araya kimi yurdumuzun neçə gözəl yerindən keçmişdir. Bunun özü də onlar üçün yeni tanışlıqdır. Astaranı, buranın gözəl təbiətini görməyin özü isə böyük savabdır. Kimlər burada özünə yeni dostlar, tanışlar tapmadı? Uşaqlar, böyüklər arasında elə mehribançılıq yaranmışdı, deyərdin bəs neçə ilin dostları, yaxınlarıdır! Müsabiqənin Astarada keçirilməsi ancaq alqışa layiqdir.

      - Builki müsabiqə necə keçdi? Razı qaldınızmı?       - Razı qaldın da sözdü! Birinci müsabiqənin təsiri özünü göstərmişdi. 51 şəhər və rayondan 120-dən artıq uşaq muğam ifaçısı gəlmişdi müsabiqəyə. Çoxu da təzə ifaçılar idi. Təşkilatçılığa da söz ola bilməzdi. Sağ olsun yerli icra hakimiyyəti. Uşaqların yerlə təmin edilməsi, münsiflər heyətinin rahat işləməsi üçün hər cür şərait yaradılmışdı. Münsiflər heyətinin üzvlərinə gəlincə, deməliyəm ki, onlar respublikamızda tanınmış sənət adamları idi. Həm də yaxın dostlarım olan bu sənətçilərlə bir yerdə işləmək ürəyimcə idi. Xalq artistləri Canəli Əkbərov, Səkinə Ismayılova, əməkdar artistlər Gülyaz Məmmədova, Mənsum Ibrahimov sənətdə öz dəst-xətti olan, xalq tərəfindən sevilən sənətçilərdir. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayev, Mədəniyyət Nazirliyinin sektor müdiri Oqtay Muxtarov münsiflər heyətinin üzvləri arasında idi. Əlbəttə, 120 nəfərdən artıq ifaçını az vaxt içərisində dinləmək, o nların arasında qalibləri müəyyənləşdirmək asan məsələ deyil. Gərək nə qədər səbrli, diqqətli və dözümlü olasan ki, işi yola verəsən. Uşaqlarla iş aparmağın çətinliyi də hamıya məlumdur. Əvvəla çalışırdıq ki, uşaqlar səhnədə özlərini sərbəst hiss etsinlər. Nə qədər olsa da səhnə səhnədir. Yetkin adam belə səhnəyə çıxıb iki kəlmə söz deyəndə özünü itirir. Gəl ki uşaq ola, özü də ifaçı. Ikincisi, iradlarımızı əsaslandırmaqla uşaqlara lazımi tövsiyələrimizi, məsləhətlərimizi bildirirdik. Özü də bunları elə edirdik, kimsə bizdən narazı qalmasın. Nə uşaqlar, nə valideynlər, nə də müəllimlər. Özünüz də gördünüz, elə ifaçı olurdu ki, onu bir neçə dəfə dinləmək məcburiyyətində qalırdıq. Valideynlərdən iki-üç nəfər münsiflər heyətinin rəyi ilə hesablaşmırdı. Biz yenə də səbr və dözüm göstərdik. Baxmayaraq ki, yorulurduq. Ancaq valideynlərin, müəllimlərin yersiz inadkarlıq göstərdiklərini başqa cür yox, əməli işlə başa salırdıq. Atalar məsəlidir: «Isfahan burada deyil, yüz iynə boyu ki buradadır». Başqa cür ola da bilm əzdi. Bizə böyük bir iş etibar etmişdilər. Biz də bunu layiqincə başa çatdırmalıydıq. Bir də nəyə görə ayrı-seçkilik, yaxud üzgörənlik etməliydik. Kiminsə yerini başqasına verməliydik. Axı bu uşaqların hamısı bizimdir. Elə müsabiqənin ilk günündə xalqımızın sevimli sənətçisi, xalq artisti Canəli Əkbərov hamının qarşısında elan etdi: - Biz hər şeyi bizə etibar etdikləri kimi görəcəyik. Allah özü şahid olacaq. Heç bir haqsızlığa yol verilməyəcək.

nbsp;      Belə də oldu. Biz haqnan olduq, bir-iki nəfər nə fikirləşdi haqqımızda özü bilər. Yeri gəlmişkən, bu müsabiqədə müşayiətçilər tarzən Mahmud Əliyevin və kamançaçı Toğrul Əsədullayevin zəhmətini xüsusi qeyd etmək istəyirəm. Halal olsun hər ikisinə. Müsabiqənin yüksək səviyyədə keçməsində onların xüsusi zəhməti oldu. Yorulsalar da, əsla büruzə vermirdilər. Daha da uşaqları həvəsə gətirirdilər. Belə adamlarla iş aparmağın özü gözəldir. Mən bir daha onlara minnətdarlığımı bildirirəm.

nbsp;      - Ifaçılar, necə, ümidlərinizi doğrulda bildilərmi?       - Müsabiqədə iştirak edən ifaçıların hamısı çox gözəl səsə malik uşaqlar idi. Əvvəldə dediyim kimi onların gözəl səsi, yaşlarına uyuşmayan şaqraq zəngulələri heyrət doğururdu. Muğamları, xalq mahnılarını elə məharətlə oxuyurdular, dinləməkdən doymurduq. Səfərova Fəridənin, Eldarov Turanın, Tağıyev Mehmanın, Abdullayev Mustafanın, Qurbanova Ayselin, Elnur Zöhraboğlunun oxuduqları «Şahnaz», «Mirzəhüseyn» muğamı, «Heyratı», «Simayi-şəms» zərbi-muğamları hamıya xoş təsir bağışladı. Həzizadə Hakim, Əhmədzadə Elvin, Keytiyev Tahir, Mehranə və Aygül Məmmədova bacıları öz ifaları ilə nəyə qadir olduqlarını nümayiş etdirdilər. Ancaq bu o demək deyil ki, başqaları kölgədə qalırdılar. Yox, hər ifaçı gözəl idi. Düzü, onları bir-birindən fərqləndirməyin özü çətinlik yaradırdı. Bəzən çətin seçim qarşısında qalırdıq. Münsiflər heyətinin üzvləri qiymətləndirmədə bir-birindən fərqlənsələr də, sonra eyni fikrə gəlirdilər, rəy birliyi yaranırdı. Çünki səs əsas olsa da, əsl meyar səslə ifa tə rzinin vəhdəti götürülməlidir. Deməli, səsin gözəlliyi başqa, oxuduğunu ürəklə, həvəslə yerli-yerində oxumaq başqa.

      - Deməli, gözəl səsi olanlarda, necə deyərlər, «ustalıq» çatışmırdı.

      - Elədir. Ifaçıların istedad və bacarığını təkcə səsi deyil, ifa tərzi, oxu texnikası üzə çıxarır. Bəzi ifaçılarda bu çatışmırdı. Bu da onların muğamları mükəmməl öyrənmədiklərindən irəli gəlirdi. Burada uşaqları qınamaq da düzgün deyil. Müəllimləri necə öyrədib, elə də oxuyurlar. Biz söhbətimizin əvvəlində səsə görə muğamın, muğama uyğun qəzəllərin seçilməsinə toxunduq. Müsabiqədə uşaqlardan biri çıxışını «Rast»la başladı. Elə «mayə»də səsi «boğuldu». Biz onu saxlamalı olduq və daha nəyi yaxşı bildiyini oxumasını təklif etdik. Başqa birisinin «Mənsuriyyə»də səsi çatmadı. Yaxud götürək ifa olunan qəzəllərə. Əgər ifaçı qəzəldə hər beytin açıqlamasını, sözlərin mənasını bilmirsə, onu necə düzgün oxuya bilər. Canəli müəllim haqlı olaraq, yerli-yerində bəzilərinə iradını bildirir, sözlərin düzgün deyilişini öyrədirdi, məsləhətlərini verirdi. Yadıma düşmüşkən, bir məsələyə də toxunmağı əhəmiyyətli sayıram. Ifaçı oxuduğu muğamla yaşamalıdır. Yəni muğamdakı hiss-həyəcanı dinləyici yə çatdırmaq bacarığına malik olmalıdır. Əgər «Segah» və ya «Şahnaz» oxuyursa onunla yaşamalı, «Rast», yaxud «Cahargah» ifa edirsə bunlardakı psixoloji vəziyyəti nəzərə almalıdır. Bir sözlə, xanəndə ifası ilə dinləyicinin öz aləmindən ayırmağı bacarmalıdır. Düzdür, onlar hələ uşaqdırlar. Amma onların müəllimləri ilk gündən bunları nəzərə almalıdılrar. Uşaqlar indi necə öyrənirlərsə, gələcəkdə də elə olacaq, ya da çox çətinliklərlə üzləşəcəklər. Qoy müəllimlər yetirmələrinin qayğısına qalsınlar. Öyrədə bildiklərini mükəmməl öyrətsinlər. Yaxşı da, pis də onların adı ilə bağlanır. Bir iş ortaya çıxanda nahaq yerə demirlər ki, ustadına bərakallah!

      - Müsabiqənin qalibləri kimlər oldu?

      - 120-dən artıq muğam ifaçısı arasından yaxşıların yaxşısını seçmək heç də asan olmadı. Münsiflər heyəti dəfələrlə seçim içərisində seçim aparırdı. Axır ki, yekdil rəyə görə müsabiqənin mükafatlarına layiq görüləsi ən yaxşı muğam ifaçılarını müəyyən etdik:

      1. Rəhimova Ülviyyə (Bakı) I mükafat

      2. Eldarov Turan (Şuşa) II mükafat

      3. Məmmədov Elşad (Gəncə) III mükafat

      4. Abdullayev Mustafa (Astara) IV mükafat

      Tağıyev Mehman (Naxçıvan) və Səfərova Fəridə (Sumqayıt) müsabiqənin həvəsləndirici mükafatına layiq görüldülər.

nbsp;      Onu da deyim ki, Astara Rayon Mədəniyyət Şöbəsi müsabiqədə fərqlənən ifaçılar üçün özünün fəxri fərmanlarını hazırlamışdı. Münsiflər heyətinin razılığı ilə 20-dən artıq ifaçı həmin fəxri fərmanla təltif olundu. Belə diqqət və qayğı üçün münsiflər heyətinin üzvləri adından onlara minnətdarlığımı bildirirəm.

      Qaliblərin mükafatlandırılması çox təntənəli şəkildə keçdi. Tədbirin son günü əsl bayram idi. Rayon mədəniyyət evində iynə atsaydın yerə düşməzdi. Astaralı muğamsevərlər, mən deyərdim, ifaçılardan daha çox həyəcan keçirirdilər. Onlar səbrsizliklə müsabiqə qaliblərinin elan ediləcəyi anı gözləyirdilər. Axır ki, münsiflər heyətinin üzvləri tamaşaçıların alqışları altında səhnədə göründü. Rayon icra hakimiyyəti başçısının müavini Natiq Ibadov uşaq muğam ifaçılarının II respublika müsabiqəsinin uğurla başa çatdığını tamaşaçılara elan etdi. Eyni zamanda, o, müsabiqənin Astaranın mədəni həyatında əlamətdar hadisə olduğunu, respublika əhəmiyyətli belə tədbirin Astarada keçirilməsini seçim etdiyinə görə Mədəniyyət Nazirliyinə, şəxsən Mədəniyyət Naziri cənab Polad Bülbüloğluna bütün astaralılar adından minnətdarlığını bildirdi. Eyni zamanda, bu günlər ərzində münsiflər heyətinin gərgin və səmərəli fəaliyyətindən danışaraq minnətdarlıq və razılıq etdi. Qaliblərə mükafatlar təntənəli şəkildə təqdim olundu.

      Müsabiqə qaliblərinin yekun konserti yəqin ki, uzun müddət xatırlanacaq.

      - Bəlkə demək istədiyiniz nəsə qalıb. Iradlarınız, təklif və arzularınız.

      -Vallah, nə soruşdunuz, mən də az-çox cavab verdim, münasibətimi açıqladım. Əlbəttə, deyiləsi sözlər çoxdur. Inşallah, gələn söhbətlərimizdə daha ətraflı danışarıq. Bəzi iradlar söhbətimizin əvvəlində deyildi. Yenə üzümü müəllimlərə tutub deyirəm ki, yetirmələrinizin qayğısına qalın. Səs ilahi vergidir, milli sərvətdir. Onun qədrini bilmək lazımdır. 15 yaş keçid dövrü olduğundan uşaqları başa salın ki, ehtiyatlı olsunlar, yersiz zəngulələrdən, haray, dad çəkməkdən qaçsınlar. Əgər yetirmələrinizə canınız yanırsa, onlarla işləməkdən yorulmayın, öyrətdiklərinizi də yaxşı öyrədin ki, üzüağ olasınız.

nbsp;      Uşaq muğam ifaçılarının birinci respublika müsabiqəsindən sonra əməkdar artist, sevimli xanəndəmiz Mənsum Ibrahimovun və «Səbuhi» studiyasının təşəbbüsü ilə «Muğam dünyasından damlalar» almanax-kasseti buraxılmışdır. Almanaxa birinci müsabiqə qaliblərindən Niyaməddin Babayevin ifasında «Arazbarımani», «Bulud zülflü», Səfa Məmmədovun, Elsevər Muradovun və Arzuman Abdullayevin ifa etdikləri «Simayi-şəms», «Mənsuriyyə», «Heyratı», «Gül açdı» zərb muğamları və xalq mahnıları toplanmışdır. Görün nə qədər xeyirxah işdir. Mən bunu əsl vətən-pərvərlik, sənətə, istedadlı uşaqlara sonsuz məhəbbətin və qayğının təcəssümü kimi qiymətləndirirəm. Bir daha üzümü onlara tutub deyirəm: - Bu xeyirxah işinizə görə çox sağ olun!

      Arzu edərdim ki, bu, gələcəkdə də davam etdirilsin. Xalqımızın xeyirxah adamları öz imkanlarından belə nəcib iş üçün də istifadə etsinlər.

      - Ağaxan müəllim, deməzdim ki, söhbətimizdə ürəyimizdən keçənlərin hamısı barədə danışdıq. Soruşulmalı da, deyilməli də çox şeylər var. Özünüz yaxşı dediniz ki, Inşallah, bir də görüşərik. Təki sağlıq olsun. Bir daha görüşmək ümidi ilə ayrılaq. Maraqlı müsahib olduğunuz üçün Sizə bir daha minnətdarlığımı bildirirəm.

      - Iyun ayının 3-də Bakı şəhərində Heydər Əliyev adına sarayda uşaq muğam ifaçılarının ikinci res publika müsabiqəsi qaliblərinin yekun konserti keçirildi. Konsertə müsabiqənin mükafatçıları ilə birlikdə həmin tədbirdə gözəl səsi, ifa tərzi ilə fərqlənən uşaqlar da dəvət olunmuşdu. Tanınmış sənət adamlarının çıxışlarına öyrənmiş möhtəşəm Saray həmin gün səhnəsini uşaq muğam ifaçılarının ixtiyarına vermişdi. Salona gəlincə, burada bir dənə də olsun boş yer qalmamışdı. Hamı həyəcanla konsertin başlayacağı anı gözləyirdi. Nəhayət, Mədəniyyət Naziri cənab Polad Bülbüloğlu səhnədə göründü. Böyük sevinc və fərəh hissi ilə tamaşaçıları, münsiflər heyətinin üzvlərini, uşaq muğam ifaçılarını salamladı. Sonra sözünə davam edərək, müsabiqənin mədəni həyatımızda yeri və əhəmiyyətindən, xalq sənətinə, istedadlı uşaq və gənclərə göstərilən qayğıdan danışdı. Uşaq muğam ifaçılarının ikinci respublika müsabiqəsinin yüksək səviyyədə keçirilməsində Respublika münsiflər heyətinin gərgin və səmə rəli işini yüksək qiymətləndirən Mədəniyyət Naziri onlara təşəkkürünü bildirdi. Eyni zamanda, müsabiqə qaliblərini, habelə digər iştirakçıları da təbrik edib onlara uğurlar dilədi.

      Tamaşaçıların səngimək bilməyən alqışları altında müsabiqənin qalibləri səhnəyə çıxdılar. Gecənin konserti onların ifasında «Heyratı» zərb muğamı ilə başladı. Həmin gecə salonda oturmuş yüzlərlə tamaşaçı səslərini ilk dəfə eşitdikləri Rəhimova Ülviyyənin, Eldarov Turanın, Məmmədov Elşadın, Abdullayev Mustafanın, Tağıyev Mehmanın, Səfərova Fəridənin və digər iştirakçıların timsalında ömürlərində 2-3 saatlıq muğam həyatı yaşadılar. Bu anlarda hər kəs hər cür qayğıdan, fikirdən uzaq idi. Professor Ağaverdi Paşayevin bədii rəhbər olduğu M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Xalq Çalğı Alətləri Ansamblının, xüsusən tarzən Ələkbər Ələkbərovun, kamançaçı Xəyyam Məmmədovun bu konsertin yüksək səviyyədə keçməsində az zəhməti olmadı. Ansambl və müşayiətçilər sanki uşaqlarla neçə ildi bir yerdə işləmişdi. Onlar bu uşaq muğam ifaçılarını elə ustalıqla, həssaslıqla müşayiət edirdilər ki, uşaqlar özləri həvəsə gəlir, ruhlanırdılar. Bu da həssas tamaşaçı nəzərlərindən yayınmır , musiqiçiləri hərarətlə alqışlayırdılar.

      Uşaq muğam ifaçılarının ikinci Respublika müsabiqəsi qaliblərinin Heydər Əliyev adına Sarayda keçirilən yekun konserti tamaşaçıların arası kəsilməyən alqışları altında sona çatdı. Bəs bu alqışlar kimə ünvanlanmışdı. Əlbəttə, gənc istedadlar buna layiq idi. Ancaq həssas tamaşaçı heç nəyi yaddan çıxarmırdı. Milli dəyərlərimizə, gənc istedadlara xüsusi diqqət və qayğı göstərən Mədəniyyət Nazirliyinin, nazir Polad Bülbüloğlunun bu alqışlarda öz payı vardı. Səbəbini bilmək istəyənlərə cavabım ancaq belə olar: - milli dəyərlərimizə göstərdiyi qayğı və təəssübkeşliyinə görə!



Məmməd MƏMMƏDOV




TURIZM FƏALIYYƏTINDƏ XALQ MUSIQISININ ROLU

       Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir.

Heydər Əliyev.


       Redaksiyadan:
       Azərbaycanın zəngin təbii və maddi-mədəni sərvətləri turizmin inkişafına geniş üfüqlər açır. Sosial, iqtisadı və mədəni tədbirləri özündə cəmləşdirən turizm həmçinin beynəlxalq əlaqələrin möhkəmlənməsinə xidmət edir.

       Ölkəmizdə bu sahənin inkişafına Dünya Bankı xüsusi vəsait ayırmışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni Irsin Qorunması layihəsi çərçivəsində «Naxçıvan Muxtar Respublikasında turizm şirkətlərinin yaradılması» proqramı üzrə üç aylıq trening məşğələləri də eyni bank tərəfindən mailiyyələşdirilmişdi.

       Məşğələlərin əlaqələndirici təşkilatı 6 ölkənin qatıldığı tenderin qalibi – «Currie&Brown» şirkəti oldu. Tədris proqramına daxil edilmiş xalq yaradılıcılığı üzrə mühazirələrin aparılması üçün şirkət respublikamızın aparıcı etnomusiqişünaslarından biri, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq namizədi Fəttah Xalıqzadəni də məşğələlərə cəlb etmişdir. Jurnalımızın əməkdaşı sənətşünaslıq namizədi Cəmilə Həsənova Fəttah müəllimlə görüşüb onunla həmin məşğələlər barədə söhbət etmişdir

       Cəmilə Həsənova: - Xahiş edirik, əvvəlcə, mədəni turizm barədə qısa məlumat verəsiniz.

       Fəttah Xalıqzadə: – Turizmlə mədəniyyətin sıx üzvi əlaqəsini sübut etməyə ehtiyac yoxdur. Turizm, əslində, mədəniyyətlərin özünəməxsus dialoqudur, desək, yanılmarıq. Çünki turizm qonaqların yerli mədəniyyətə garşı göstərdikləri səmimi marağın münasib formalarda ödənilməsidir.

       Uzun əsrlərdən bəri ölkələri gəzib dolaşmış səyyahlar şəhərlərin ümumi simasını və ayrı-ayrı me’marlıq abidələrini seyr edərkən onları meydana gətirən bənzərsiz mədəniyyətlərlə təmasda olmuş, eyni cəhəti folklor və etnoqrafiya, adət və ənənələr üzrə də öyrənməyə səy göstərmişlər.

       Insanların mənəvi-psixoloji aləmini anlamaqda musiqinin də əvəzsiz rolu vardır. Xalqın musiqisi onun qəlbinin tərcümanıdır, tarixi mədəniyyətinin ayrılmaz parçasıdır. Qonaqlar üçün yeni və qeyri-adi olan musiqi təəssüratları isə təbii olaraq bir çox suallar doğura bilər. Buna görə də mütəxəssis köməyinə ehtiyac yaranır.

       C.H.: – Bəs turizm sahəsində işləmək arzusunda olan gənclərə mühazirələr oxumaq təklifini necə qarşıladınız?

       F.X.: – Açığını deyim ki, mənə bu təklif ediləndə həmin məsələ barədə təsəvvürlərim çox bəsit və qeyri-müəyyən idi. Əvvəlcə, bu işin çox asan olacağını zənn edirdim. Lakin tədricən qarşımda duran vəzifələrin qeyri – adiliyini anladıqca böyük məsuliyyət hiss etdim. Axı, musiqiçi olmayan universitet məzunlarından təşkil olunmuş qrupdan başqa, həm də müxtəlif ölkələrin nümayəndələrini də düşünmək lazım idi.

       Naxçıvanın yenicə istifadəyə verilmiş beynəlxalq hava limanından hotelə gedərkən gördüyüm böyük quruculuq işləri məni heyran etdi. Deməli, əfsanələr diyarı Naxçıvanda turizm fəaliyyətinin başladılması üçün ilk uğurlu addımlar atılmışdı. Azərbaycanda bununla əlaqədar ilk trening məşğələlərinin də muxtar respublikada keçirilməsi təsadüfi deyildi. Yaraşıqlı tədris korpuslarından ibarət universitet şəhərciyi, geniş və işıqlı sinif otaqları, öyrənmək həvəsi ilə yaşayan gənclər mühazirəçilərin də ovqatını ciddi əhval-ruhiyyəyə kökləyirdi.

       C.H.: – Yəqin ki, məşğələlərin keçirilməsində də həmin ali tədris ocağı ilə əməkdaşlıq edirdiniz?

       F.X.: – Əlbəttə, layihənin həyata keçirilməsində Naxçıvan Dövlət Universitetinin çox böyük köməyi oldu. Buna görə də mən bütün mühazirəçilər adından universitetinin rektoru, gözəl ziyalı və alim professor Isa Həbibbəyliyə və yenicə yaradılmış Turizm kafedrasının müdiri, fəlsəfə elmləri namizədi, dosent Hafiz Hüseynova dərin təşəkkürlərimi bildirmək istərdim.

       Onların rəhbərliyi ilə otuz nəfər istedadlı gənc testlərdən keçib həmin qrupa daxil edilmişdi. Naxçıvanın qızmar yayına baxmayaraq məşğələlər iyul ayının sonuna qədər yüksək nizam-intizam şəraitində keçdi, müxtəlif mövzulara həsr olunmuş mühazirələrlə yanaşı, füsunkar Batabat gölünə, təbii müalicə ocağı olan duz mədəninə, «Əshabül – Kəf» ziyarətgahına praktiki ekskursiyalar təşkil olundu və bütün müdavümlər test nəticələrinə görə sertifikata layıq görüldülər.

       C.H.: – Sizin mühazirələr hansı mövzulara həsr olunmuşdu?

       F.X.: – Naxçıvan Muxtar Respublikasında Azərbaycan xalq musiqisinin ümumi mənzərəsi kifayət qədər zəngin və özünəməxsusdur. Burada muğamat, aşıq sənəti, xalq mahnı və rəqs yaradıcılığı dərin tarixi köklərə malikdir. Hətta digər bölgələrdə çox da yayılmamış mərasim folkloru və, xüsusilə də, yallı rəqsləri, bəzi qədim alətlər (tulum zurnası, yan tütəyi) bu və ya digər dərəcədə yaşadılmaqdadır. Buna görə də göstərilən janrların başlıca özəllikləri, tarixi inkisafı və mövcudluq formaları mühazirələrin əsas məğzini təşkil edirdi.

       Bu mövzular turizm və musiqişünaslığın ümumi məqsəd və vəzifələri işiğında xüsusi səpkidə təqdim olundu. Yerli folklor havalarının maqnitofon yazıları maraqla dinlənildi, hətta folklorun toplanılmasında könüllü yardımçılar da tapıldı.

       C.H.: – Siz turizm və musiqişünaslıq fəaliyyətində ümumi məqsədləri qeyd etdiniz. Əgər mümkünsə, həmin məqamları açıqlayardınız.

       F.X.: – Məmnuniyyətlə. Zənnimizcə gələcək turistlərə ilk növbədə bu diyarın qədim tarixi, əzəli və əbədi Azərbaycan türk torpaqları olması və zəngin mədəniyyəti parlaq bir şəkildə çatdırılmalıdır. Təxminən eyni məsələlər, yəni Azərbaycan xalq musiqisinin qədim kökləri, tarixi inkişafı və məhəlli üslubları, o cümlədən Naxçıvanın özünəməxsus «musiqi dialekti» etnomusiqişünaslarımızı düşündürən ən vacib vəzifələrdəndir. Beləliklə, musiqişünaslar tədqiqat, turizm işçiləri isə təbliğat sahəsində çalışmaqla faydalı əməkdaşlıq edə bilərlər.

       C.H.: – Sizin mühazirələr özünüzü nə dərəcədə qane etdi?

       F.X.: – Çətin sualdır. Qeyd olunan problemlərin həllindən və xüsusilə də təcrübədə tətbiq olunmasından danışmaq hələ tezdir. Lakin mən çox məmnunam ki, Azərbaycan etnomusiqişünaslığı mədəni turizm istiqamətində artıq ilk addımlarını atmışdır. Bundan başqa elmi araşdırmaların nəticələrinin praktikada yoxlanılması da bizim üçün çox önəmlidir.

       Işin təşkili ilə əlaqədar bəzi mülahizələrimi də bildirmək istərdim. Muisqi turizm fəaliyyətində ən başda gələn birinci dərəcəli ünsür olmasa da, bu sahədə gözəl nəticələrin əldə olunmasında çox önəmli rol oynaya bilər. Musiqi ifalarını janr və məzmunundan asılı olaraq turist bazalarında, muzeylərdə, adi kənd mühitində və ya təbiət guşəsində təşkil etmək olar. Bunun üçün müxtəlif məqamlardan – istirahət saatlarından, nahar və ya şam yemeyi vaxtından, muzey ekskursiyalarından istifadə etmək mümkündür. Nisbətən böyük musiqi və rəqs ansambllarını və nadir alətləri nümayiş etdirən video – yazılar və filmlər də köməyə gələ bilər.

       Öz növbəsində turist marağı da bəzi arxaik janrların və alətlərin dirçəldilməsində bir amil kimi diqqətə layiqdir. Belə ki, bu gün tulum zurnası Naxçıvan MR-ın müəyyən kəndlərində çox az sayda qorunub saxlanıla bilmişdir, onun tətbiqi sahəsi də xeyli daralmışdır. Lakin bir anlığa təsəvvür edin ki, çarığını, kürkünü, qoyun dərisindən papağını geyinmiş bir çobanın tulum çalğısına hələ oynayan da tapılır. Eyni zamanda qonaqlar qatıq, ayran və başqa nemətlərdən dada bilsələr onların xatirələrindən silinməyəcək gözəl səhnələr yaratmaq olar. Bu xəyalların gerçəkləşdirilməsi üçün bir o qədər də vəsait tələb olunmur. Tulum, yan tütəyi və ya saz turistlərin həqiqi rəğbətini qazana bilərsə, həmin alətlərin və müvafiq janrların yaşadılmasına da yaxşı imkanlar açılar.

       Eynilə müğam sənəti də müvafiq şəraitdə (məsələn, tarixi memarlıq abidələri və ya əsrarəngiz xalçalar fonunda) daha güclü effekt oyada bilər və s. və i. a. Ümumiyyətlə musiqi nümunələrini səsləndirməkdən başqa, onların məzmun və mahiyyətindən də bəhs etmək yerinə düşərdi. Məsələn, muğamatın fəlsəfi ideyalar aləmindən söz açmaq, saz havalarının epik qəhrəmanlıq xislətini anlatmaq dinləyicilərin marağını daha da artırmış olar.

       C.H.: – Amma, bu məsələlər musiqi estetikasının səlahiyyətinə aid deyilmi?

       F.X.: – Doğru buyurursunuz, musiqinin məzmunu və bədii təsir gücü sənətşünaslıq və estetikanın ən çətin problemlərindəndir. Lakin bu araşdırmaların nəticələri dinləyicilər üçün də önəmlidir. Xalq musiqisinin etnopsixoloji keyfiyyətlərlə tutuşduralması və digər incəsənət sahələri ilə birlikdə təqdim olunması sayəsində turistlər musiqinin məzmununa bir qədər də yaxınlaşmış olurlar. Buna görə də məsələnin gizli və çətinliklə sezilən incəliklərini izah etməkdə mütəxəssislərin də üzərinə məsul vəzifələr düşür.

       C.H.: – Naxçıvandan hansı hisslərlə ayrıldınız?

       F.X.: – Ən böyük arzum odur ki, tarixi abidələr diyarı qədim Naxçıvan tezliklə turistlər diyarı kimi də tanınsın və ümumiyyətlə respublikamızda mədəni turizmin inkişafına digər sənətşünaslarımız da əməli maraq göstərsinlər.












Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70