MUZEYLƏRDƏ...
-
 

L.VƏ M.ROSTROPOVIÇLƏRIN EV-MUZEYINDƏ MAESTROYA HƏSR OLUNMUŞ SÜJETLI XALÇANIN TƏQDIMAT MƏRASIMI KEÇIRILDI

       19 sentyabr 2004-cü il tarixində M.Rostropoviç Bakıda fəaliyyət göstərən L. və M.Rostropoviçlərin ev-muzeyində oldu. Vaxtının məhdud olmasına baxmayaraq ənənəyə sadiq olaraq hər gəlişində ev-muzeyinə gələn M.Rostropoviç böyük hərarətlə qarşılandı. Prezident apparatı Humanitar Şöbənin müdiri Fatma xanım Abdullazadə, Mədəniyyət Naziri Polad Bülbüloğlı, Mədəniyyət Nazirinin müavini Sevda xanım Məmmədəliyeva, L. və M.Rostropoviçlər adına 21 saylı musiqi məktəbinin direktoru R.Əzizov, muzey direktorları və başqaları Maestro ilə birlikdə ev-muzeyinin qonağı oldular. Bu gəlişində həmyerlimiz ev-muzeyində sərgi və yeni eksponatla tanış oldu. Sərgidə Maestronun dirijorluq fəaliyyətinə həsr olunmuş, muzeyin fondundan olan yeni materiallar, fotoşəkillər, mükafatlar, disklər və bu kimi maraqlı materiallar nümayiş olunurdu. Muzeyin direktoru Şeyla xanım Heydərova M.Rostropoviçi sərgi ilə tanış etdi, muzeyə daxil olan yeni eksponatlar barədə məlumat verdi. Eyni z amanda Maestronun gəlişi ilə əlaqədar Mədəniyyət Nazirliyinin ev-muzeyi üçün aldığı, xalçaçı-rəssam T.Bəşirovun 2003-cü ildə toxuduğu süjetli xalçanın təqdimat mərasimi keçirildi.

       M.Rostropoviçə həsr olunmuş süjetli xalçanın (1.30 x 1.95) tərkibi yun, ərişi, arğacı pambıq, ipək və qızılı saplardan ibarətdir.

       M.Rostropoviçin portreti xalçanın mərkəzində yerləşən violonçelin yuxarı hissəsində əks olunmuşdur. Xalçanın əsas başlanğıc elementləri Azərbaycan musiqi mədəniyyətinin ən qədim simvolu olan Qobustanın qayaüstü «Yallı» rəgslərinin təsviri ilə bağlıdır. Violonçelin içəri hissəsində xalçaçı-rəssam «Xilə-buta»lardan istifadə etmişdir ki, bu da M.Rostropoviçin Bakıda anadan olmasına işarədir. Violonçelin aşağı hissəsində mədəniyyətin simvolu olan «Lira» qızılı saplarla xovsuz texnologiya ilə toxunulmuşdur. Xalçanın aşağı hissəsində hər iki tərəfində qədim musiqi elementi «Vaq-vaqı» - hind əsatirlərindən götürülmüş «Oxuyan ağaclar» təsvir olmuşdur. «Vaq-vaqı» elementinin mərkəzində rəssam «xeyir və şər»in simvolu olan«simruq quşu» və «əjdaha» təsvirlərini vermişdir. Portretin sağ tərəfində ud musiqi alətində, sol tərəfində isə violonçeldə ifa edən iki ifaçı təsvir edilmişdir ki, bununla da müəllif Şərq və Qərb musiqisinin sintezini göstərməyə çalışmışdır. Portretin yuxarı hissəsində sevgi rəmzi olan üzbəüz iki «buta» təsvir edilmişdir. M Rostropoviçin musiqiyə olan hədsiz məhəbbətinin ifadəsi kimi butaların arasından kaman açarı əks olunmuşdur. Ana xətdə violonçeli kökləyən iki mələk təsviri verilmişdir ki, bu da M.Rostropoviçin fitri istedadının rəmzidir. Burada rəssam M.Rostropoviçin violonçelinin mələklər tərəfindən kökləndiyini göstərmək istəmişdir. Mələklərin başı üstündə ağ dairə verilmişdir ki, bu da M.Rostropoviçin qeyri-adi musiqi qabilliyətinin ilahi tərəfindən ona bəxş olunduğunun izahıdır. Xalçanın iki tərəfində M.Rostropoviçin musiqi qabilliyətinin sərhədsiz və tükənməzliyini əks etdirən quşlar təsvir olunmuşdur. Xalçanın dörd tərəfinin kənarları isə üzərində notlar, açarlar yazılmış not sətri ilə haşiyəyə alınmışdır.

       Ona həsr olunan süjetli xalçanı Maestro M.Rostropoviç yüksək qiymətləndirərək xalçaçı-rəssam T.Bəşirova dərin minnətdarlığını bildirdi. Mədəniyyət Naziri Polad Bülbüloğlu muzeyin yaranması üçün bir neçə il bundan əvvəl Azərbaycan xalqının böyük lideri mərhum prezidentimizin verdiyi qərarı xatırlatdı. Və hörmətli prezidentimizin xatirəsi böyük ehtiramla yad edildi.

       Hər dəfə olduğu kimi bu gəlişində də M.Rostropoviç ev-muzeyinə öz qiymətli hədiyyəsini etdi. Bu isə fransız rəssamının Bordo şərabı ilə çəkdiyi olduqca qeyri-adi olan M.Rostropoviçin portreti idi. Belə bir qiymətli hədiyyəyə görə muzeyin direktoru Şeyla xanım Heydərova M.Rostropoviçə dərin minnətdarlığını bildirdi. 2002-ci ildə ev-muzeyinin təntənəli açılışı zamanı çəkilən fotoşəkillərdən ibarət albomu, muzeyin fəaliyyəti və Rostropoviçlərin yaradıcılıqlarına həsr olunmuş yazılar dərc olunan jurnallar və məlumatları muzeyin direktoru M.Rostropoviçə hədiyyə etdi.

       Olduqca səmimi insan olan M.Rostropoviç həyəcanını gizlətmirdi. Sonda muzey əməkdaşlarına minnətdarlığını bildirərək xatirə şəkilləri çəkdirildi. Bir sözlə bu mərasimə toplaşanların sevincləri, Maestroya dərin məhəbbətləri, səmimilik ev-muzeyinin ab-havasında duyulurdu.



Materialı hazırladı:
Şeyla Həydərova





ÜZEYIR MUSIQI GÜNÜ

       Bütün qədim xalqlar kimi Azərbaycan xalqının da yaddaşında o adamlar qalıb ki, onlar şam kimi yanıblar, işıqları ilə çox qaranlıqları aydınlığa qərq ediblər. Üzeyir bəy Hacıbəyov məhz bu cür nadir adamlardan biridir.

       Azərbaycan professonal musiqisinin banisi, görkəmli ictimai xadim, jurnalist və dramaturq Üzeyir bəy Hacıbəyov qeyri-adi istedadını, xalqına həsr edərək, öz adını mənəviyyat tarixinə qızıl hərflərlə yazmışdır. Təbiət bu nadir insanı yaradarkən qətiyyən xəsislik etməmişdir, ondan heç nəyi əsirgəməmişdir.

       Üzeyir sənəti! Bu sənət aydınlıq və səmimilik, doğmalıq və munislik deməkdir. Üzeyir sənəti hər bir azərbaycanlı üçün ana laylası qədər, atalar sözü qədər doğmadır.

       Üzeyir sənəti! Bu ifadə hardasa möcüzə deməkdir. Adiliyin, sadəliyin möcüzəsi.

       Üzeyir sənəti! Ölməz komediyalar, unudulmaz səhnə əsərləri deməkdir. Elə əsərlər ki, Azərbaycan dramaturgiyasını onlarsız təsəvvür eləmək olmur. Axundovun, Vəzirovun, Haqverdiyevin ənənələrini yaradıcılıqla davam etdirən sənətkar, yalnız musiqisi ilə deyil, bədii sözünün qüdrəti ilə də ədəbiyyatımızın nəhəngləri ilə çiyin-çiyinə dayanır.

       Üzeyir sənəti! Hər bir azərbacyanlı üçün əbədi məktəbdir. Xalqa xidmət, fədakarlıq məktəbi! Bu məktəbi keçməyən vətənə, xalqa xidmətin sirrini və sehrini çətin öyrənə bilsin. Bu məktəbi keçən hər bir adam mənən zənginləşir, yolunu, istiqamətini müəyyənləşdirir.

       Öz sənəti ilə bütün xalqın məhəbbətini qazanmaq sənətkar üçün böyük bir səadətdir. Bu sənətin kökü Azərbaycan xalqının tarixindədir, hər bir azərbaycanlının ürəyindədir.

       Dahi bəstəkarın tələbəsi Qara Qarayevin sözləri ilə desək – «Zaman bu istedadın qurduğu əzəmətli binanı sarsıtmaqda nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləşdiyinə şahid olur. Onun musiqisinin parlaq rəngləri daha da əlvanlaşır və biz onun yaradıcılığında yeni gözəlliklər və incəliklər kəşf edirik».

       18 sentyabr. Bu gün xalqımız üçün böyük bayram günüdür. Bu gün dahi Ü.Hacıbəyovun doğum günüdür.

       1995-ci ildən bəri Üzeyir bəyin doğum günü respublikamızda «Üzeyir Musiqi gunu» kimi qeyd edilir. Bu heç də əbəs deyil. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişafına və inkişaf zirvəsinə görə Ü.Hacıbəyova borcludur.

       Bununla əlaqədar, sentyabr ayının 16-da Üzeyir bəyin ev-muzeyində bu günə həsr olunmuş tədbir keçirildi.

       Muzeydəki tədbirə dəvət almış qonaqlar arasında tanınmış elm xadimləri, bəstəkarlar, ziyalılar, sənət adamları, bəstəkarın qohumları və Ibrahim Əbilov adına Mədəniyyət Mərkəzinin kollektivi də var idi.

       Tədbiri giriş sözü ilə muzeyin direktoru Səadət xanım Qarabağlı açdı. Səadət xanım Ü.Hacıbəyov haqqında, onun ömrünün 45 ilini doğma xalqımızın mədəniyyətinin yüksəldilməsinə, Azərbaycan musiqisini inkişaf etdirərək, yeni keyfiyyətlərlə zənginləşdirərək, dünya xalqları arasında tanınmasına və sevilməsinə sərf etməsindən danışdı. O, qeyd etdi ki, Üzeyir bəy Azərbaycan, rus və dünya klassik ədəbiyyatı və incəsənətinin mütərəqqi ənənələrini dərindən mənimsəyərək, Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olmuşdur. Üzeyir Hacıbəyov respublikada musiqi təhsilini tədris etməyə, gənc kadrların təhsil almasına, klassik və xalq musiqisini öyrənib bədii xüsusiyyətlərini meydana çıxarmağa, müasir musiqi formalarını yaymağa, müxtəlif musiqi kollektivlərini yaratmağa müvəffəq olmuşdur. Üzeyir bəyin opera sənəti, opera dramaturgiyası sənət tariximizdə tamamilə yenilik idi və bunu onunla sübut etmək olar ki, Yaxın Şərqdə ilk opera «Leyli v ə Məcnun»un müəllifi məhz Üzeyir bəy idi.

       Səadət xanım tədbirə toplaşanları qonşu Dağınstanda, Dərbənd dramatik teatr səhnəsində «Arşın mal alan» operettasının tamaşaya qoyulması xəbərini söylədi. Bu xəbər Üzeyir bəyi, Üzeyir bəy sənətini, yaradıcılığını sevənlər, qiymətləndirənlər tərəfindən çox sevinclə qarşılandı. Və bu bir daha sübut etdi ki, Üzeyir bəy sənəti ölməzdir, bəşəridir.

       Sonra isə I.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri Mirəhməd Əsgərov söz aldı. O, dahi Üzeyir bəydən, onun yaradıcılığına olan sonsuz məhəbbətindən danışdı. Mirəhməd müəllim qeyd etdi ki, biz hər il Ü.Hacıbəyovun ad günündə ona həsr olunmuş konsert proqramı ilə çıxış edirik. Və qonaqlarımız arasında Üzeyir bəyin ev-muzeyinin əməkdaşları da olur. Lakin bu il birinci dəfədir ki, biz bu dahi insanın evində öz tədbirimizi keçiririk. Söz yox ki, konsert proqramımız yalnız Üzeyir bəyin əsərlərindən təşkil olunmuşdur. Bütün iştirakçılarımız böyük həvəslə bu tədbirə hazırlaşmışlar.

       Bəli, konsert başladı.

       Mirəhməd Əsgərov, Inarə Nurullayeva və Fidan Məhərrəmova Ü.Hacıbəyovun «O olmasın, bu olsun» operettasından səhnəni çox məharətlə ifa etdilər. Bu operettadan «Qoçuların xoru», «Hamam səhnəsi» vokal qrupunun ifasında səsləndi. Bəstəkarın «Qara göz» mahnısı isə Münəvvər Məmmədova tərəifndən özünəməxsus tərzdə ifa edildi.

       Şahmar Əkbərzadənin dahi bəstəkara həsr etdiyi «Beş xətt» şeri toplaşanlar tərəfindən rəğbətlə qarşılandı.

       Mədəniyyət Mərkəzinin yetirməsi olan, hal-hazırda A.Zeynallı adına musiqi məktəbinin tələbəsi Aysel Qurbanova Üzeyir Hacıbəyovun «Sevgili canan» romansını, «Arşın mal alan» operettasından Cahan xalanın mahnısını Münəvvər Məmmədova, Asyanın mahnısını isə Gülnar professional səviyyədə səsləndirdilər.

       Mərkəzin «Vurğun» poeziya teatrının üzvləri Səməd Vurğunun «Eşq olsun sənətkara» adlı şerini, Aida Əhədova isə «Böyük bəstəkar» şerini böyük vurğunluqla ifa etdilər.

       Tədbirdə Ü.Hacıbəyovun həyat və yaradıcılığına dair viktorina da keçirildi. Qaliblər muzeyin hədiyyələri ilə mükafatlandırıldı.

       Konsert proqramından sonra professor Gülhüseyn Hüseynoğlunun çıxışı dinlənildi. Ü.Hacıbəyov şəxsiyyətinin vurğunu olan Gülhüseyn müəllim onun həm də kamil yazıçı və publisist olmasından, Üzeyir bəyin gözəl felyetonları, ədəbi səhnəcikləri, satirik, publisistik yazılarının ədəbiyyatımızda özünəməxsus yer tutmasından danışdı.

       Tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfirliyinin Mədəniyyət müşaviri Fethi Gedikli də iştirak edirdi. O, Ü.Hacıbəyovun, onun əsərlərinin nəinki Azərbaycanda, həmçinin Türkiyədə də sevildiyindən, yaradıcılığına, musiqilərinə böyük hörmət bəsləndiyini söylədi.

       Bəstəkar Şəfiqə Axundova isə öz müəllimi haqqında xoş xatirələrini danışdı.

       Söz respublikanın xalq artisti, bəstəkar Musa Mirzəyevə verildi. Böyük bəstəkardan vurğunluqla danışan Musa müəllim simli orkestr üçün yazdığı «Böyük sənətkar – Üzeyir hacıbəyova ithaf» əsərini muzeyə hədiyyə etdi.

       Musiqi Akademiyasının professoru, bəstəkar, xalq artisti Tofiq Bakıxanov isə gənclərimizi Üzeyir bəy irsinə, onun əsərələrinə olan maraqlarını təqdirəlayiq hall kimi qiymətləndirdi. O, qeyd etdi ki, Üzeyir bəy Hacıbəyov unudula bilməz, illər keçsə də nəsillərin yaddaşında daim yaşayacaqdır.

       Tədbirin sonunda Səadət xanım tanınmış Azərbaycan aktyoru, Hacıbəyovlar nəslindən olan Osman Hacıbəyovun, onun qızı Rəna xanım tərəfindən muzeyə hədiyyə olunmuş portretini göstərdi.

       Yekun sözunu S.Qarabağlı söyləyərək, Üzeyir bəy ocağına toplaşanları bu gün münasibəti ilə bir daha təbrik etdi. O, Əbilov adına Mədəniyyət Mərkəzinin kollektivinə özünün «Üzeyir bəy Hacıbəyovun publisistikasında musiqi məsələləri» kitabını təqdim etdi.

       Daha sonra iştirakçılar muzeydə təşkil edilmiş «Üzeyir Hacıbəyovun şəxsi kitabxanasından seçmələr» adlı sərgi ilə tanış oldular.



Sevinc AQIL QIZI










Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70