MILLI DƏYƏRLƏRIMIZƏ QAYĞI MƏDƏNIYYƏTIMIZƏ QAYĞIDIR
Dünyanın başqa xalqları kimi Azərbaycan xalqı da özünəməxsus milli adət-ənənələrə, hər kəsi heyrətə gətirə biləcək milli mədəni dəyərlərə malikdir. Istər xalçaçılıqda, tətbiqi və təsviri sənətdə, musiqidə, istərsə də xalq yaradıcılığının digər sahəsində qazandığı uğurlar xalqımıza şöhrət gətirmiş, onu bütün dünyaya tanıtmışdır. Qürur hissi ilə deməyə haqqımız çatır ki, Azərbaycan mədəniyyəti əvəzolunmaz, bənzərsiz milli dəyərləri ilə dünya mədəniyyəti xəzinəsini daha da zənginləşdirmişdir.
Respublika Mədəniyyət Nazirliyi xalqımıza məxsus nadir milli mədəni dəyərlərin qorunmasına indi daha artıq diqqət yetirir. Xalq sənətinin inkişafına, yeni xalq sənətkarlarının, istedadlı gənclərin üzə çıxarılmasına xüsusi qayğı göstərir.
1998-2000-ci illərdə Bakı şəhərində xalq sənətkarlarının əl işlərinə respublika baxış-müsabiqəsi, 2002-ci ilin sentyabr ayında Astarada uşaq muğam ifaçılarının, həmin ilin dekabr ayında Şəmkirdə gənc aşıqların respublika müsabiqələri mədəni həyatımızda uğurlu hadisələrdən oldu. Yüksək səviyyədə keçirilmiş həmin tədbirlər qədirbilən xalqımız tərəfindən razılıqla qarşılandı. Tanınmış sənətçilər bunların hər birini milli irsimizə qayğı kimi qiymətləndirdilər. Keçirilən hər tədbirdən sonra yeniyetmələr və gənclər arasında xalq sənətinə maraq daha da artmağa başladı. Neçə-neçə istedad sahibi müsabiqələrdə öz bacarıq və qabiliyyətlərini uğurla nümayiş etdirdi.
Deməli, yerlərdə də bu işin təşkilinə lazımi diqqət yetirilir, istedadların üzə çıxarılması üçün məqsədyönlü iş aparılırdı. Belə tədbirlərin davamı kimi 2003-cü ilin noyabr ayında Əli Bayramlı şəhərində və Salyan rayonunda milli musiqi alətləri ifaçılarının respublika müsabiqəsi keçirildi.
Musiqi mədəniyyəti tarixində əvəzsiz yeri və əhəmiyyəti olan milli musiqi alətlərinə gənc nəsildə həvəs və marağı artırmaq, yeni istedadlı ifaçıları üzə çıxarmaq müsabiqənin əsas məqsədi idi.
Müsabiqənin iki turdan ibarət keçirilməsi nəzərdə tutulmuşdu. Birinci tur şəhər və rayonlarda, ikinci yekun tur simli alətlər üzrə Əli Bayramlı şəhərində, nəfəs və zərb alətləri üzrə Salyan rayonunda.
Müsabiqənin yekun turunda qaliblərin müəyyən edilməsi məqsədilə respublika münsiflər heyəti yaradılmışdı.
Respublika Münsiflər Heyətinin tərkibinə aşağıda adları göstərilən şəxslər daxil edilmişdi:
1.Ağaverdi Paşayev - Azərbaycan Milli Konservatoriyası dirijorluq kafedrasının müdiri, professor, tarzən, sədr.
2.Şəfiqə Eyvazova - Azərbaycan Milli Konservatoriyasının professoru, xalq artisti, üzv.
3. Möhlət Müslümov - Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti, tarzən, üzv.
4.Fəxrəddin Dadaşov - Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti, kamançaçalan, üzv.
5.Sadıq Zərbəliyev - Xalq artisti, qoşanağaraçalan, üzv.
6. Tariyel Məmmədov – «Musiqi Dünyası» jurnalının baş redaktoru, sənətşünaslıq doktoru, musiqişünas, üzv.
7. Oqtay Muxtarov - Mədəni-maarif baş idarəsi klub işi və xalq yaradıcılığı şöbəsinin rəisi, üzv.
8. Azəri Əhmədzadə - Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin direktoru, üzv.
9. Isfəndiyar Rüstəmov - Aşıq, Gədəbəy rayonu, üzv.
Müsabiqə qalibləri üçün aşağıdakı mükafatlar təsis olunmuşdu:
I mükafat – 1000000 manat, I dərəcəli diplom və laureat adı.
II mükafat – 750000 manat, II dərəcəli diplom və laureat adı.
III mükafat – 500000 manat, III dərəcəli diplom və laureat adı.
2 həvəsləndirici mükafat – hər biri 250000 manat və diplom.
Mədəniyyət Nazirliyinin 3 fəxri fərmanı.
Əsasnamədə göstərilmişdi ki, müsabiqə iştirakçılarından iki nəfər eyni yerə layiq görülərsə, münsiflər heyətinin qərarı ilə mükafat onların arasında bölünə bilər.
Dövlət təşkilatlarının, ictimai və özəl təşkilatların (birliklərin) müsabiqə qalibləri üçün öz xüsusi mükafat və prizlərini təsis etmələri haqqında məlumat da Əsasnamədə öz əksini tapmışdı.
Milli musiqi alətləri ifaçılarının Respublika müsabiqəsinin yekun turu həm Əli Bayramlı şəhərində, həm də Salyan rayonunda uğurla başa çatdı. Respublikamızın müxtəlif şəhər və rayonlarından gəlmiş onlarca gənc çətin sənət sınağından layiqincə çıxdı. Iş onda deyil ki, müsabiqədə kimlərsə mükafat aldı, kimlərsə yox. Ürək açan o idi ki, bu gün milli dəyərlərimizə göstərilən diqqət və qayğı öz bəhrəsini verdi. Yeni istedadlı ifaçılar üzə çıxdı. Kim bilir, bəlkə onlardan bir çoxu gələcəkdə xalqımızın sevimli sənətçiləri olacaq. Yəqin ki, o zaman onlar Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqəni minnətdarlıqla xatırlayacaqlar.
Müsabiqənin yekun turu başa çatdıqdan sonra münsiflər heyətinin sədri Ağaverdi Paşayevdən, münsiflər heyətinin üzvləri Şəfiqə Eyvazova, Sadıq Zərbəliyev və Aşıq Isfəndiyardan bu əlamətdar tədbir haqqında fikir və rəylərini bildirmələrini xahiş etdim.
- Ağaverdi müəllim, son illər milli mədəni dəyərlərimizə münasibət əsl mənada geniş vüsət alıb. Buna necə baxırsınız?
- Ağaverdi Paşayev (münsiflər heyətinin sədri):
Musiqi milli mədəniyyətimizdə özünəməxsus əhəmiyyətli yer tutur. Xalq musiqisinin yaranışı isə məlum olduğu kimi qədim tarixə malikdir. Bu da ilk növbədə milli musiqi alətlərinin yaranışı ilə bağlıdır desəm səhv etmərəm. Elə musiqi alətləri var ki, bunların nə vaxt düzəldildiyi barədə fikir söyləmək belə çətindir. Yaranma tarixindən asılı olmayaraq hər bir musiqi aləti xalqımızın mədəni həyatında xüsusi əhəmiyyət kəsb etmişdir. Saz, tütək, ney, zurna, balaban, nağara həmişə el şənliklərinin bəzəyi olmuş və olaraq qalmaqdadır. Tar, kamança, ud özünəməxsus ecazkar səsi ilə sirli-sehrli bir aləmdir. Milli musiqi alətlərimizin həzin səsi, şirinliyi klassik şairlərimizi belə cəlb etmiş, onların qəzəllərində, şerlərində bunlardan hətta bənzətmə vasitəsi kimi istifadə olunmuşdur. Dahi Füzuli aşiqin keçirdiyi hissləri neylə müqayisədə necə də gözəl ifadə etmişdir:
Nalədəndir ney kimi avazeyi eşqim bülənd,
Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd
Görkəmli şair S.Ə.Şirvani «Guş qıl ey ki...» müxəmməsində musiqiyə, musiqi alətlərinə nasibətində bunların sirli bir aləm olduğunu söyləyirdi:
Guş qıl ey ki, bilirsən özünü vaqifi-kar,
Agah ol gör ki, nədir naleyi ney, nəğmeyi tar,
Nədir ol xüşk olan çubidə bu naleyi zar,
Ki sədasından onun qarət olur səbrü-qərar,
Açma sən pərdəni hər pərdədə var yüz əsrar.
Əlbəttə, belə nümunələri istənilən qədər söyləmək olar. Sözümün canı odur ki, milli musiqi alətlərimizi bu gün yaşatmaq, gənc nəsildə bunlara maraq və həvəsi artırmaq, yeni istedadlı gənc ifaçıları üzə çıxarmaq, onlara qayğı göstərmək olduqca əhəmiyyətli və vacib bir işdir. Mədəniyyət Nazirliyinin, xüsusən Mədəniyyət Naziri cənab Polad Bülbüloğlunun milli dəyərlərimizə xeyirxah münasibəti bütün sənət adamları kimi məni də ürəkdən sevindirir. Milli dəyərlərimizə belə diqqət mədəniyyətimizin təkcə bu gününə deyil, onun sabahına, gələcək inkişafına qayğının təzahürüdür.
O ki qaldı müsabiqənin keçirilməsinə, bu bizim hamımızı razı saldı. Simli alətlər üzrə Əli Bayramlıda keçirilən müsabiqədə 43 şəhər və rayondan 100-ə yaxın, nəfəs və zərb alətləri üzrə Salyanda keçirilən müsabiqədə 31 şəhər və rayondan 70-ə yaxın gənc istedad bu sənət sınağında öz qabiliyyət və bacarığını uğurla nümayiş etdirdi.
- Müsabiqədə ancaq milli musiqi alətləri ifaçıları iştirak edirdi. Burada ayrıseçkilik lazım idimi?
- Əslində burada heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz. Müasir musiqimizin inkişafında başqa musiqi alətlərinin, həmin alətlərin mahir ifaçılarının əhəmiyyətini və rolunu heçə endirmək, yaxud kiçiltmək fikrindən uzağıq. Ancaq unutmaq lazım deyil ki, xalqımızın sevərək yaratdığı, yaşatdığı, əsrlərin sınağından keçib bu günümüzlə qovuşan, musiqi xəzinəmizə nadir sənət inciləri bəxş edən, bənzərsiz səsi ilə heyrət doğuran milli musiqi alətlərinin təbliği və gənc nəsildə bunlara marağın artırılması daha zəruri və əhəmiyyətlidir. Ulularımız xalq mahnılarını, el havalarını sazın, tütəyin, neyin, zurnanın, balabanın, nağaranın xoş sədası ilə yaradıblar. Bu ənənəni qoruyub saxlamaq bizim borcumuzdur. Bu həm də soykökümüzə hörmətdir. Mədəniyyət Nazirliyinin belə təəssübkeşliyi olduqca təqdirəlayiqdir.
- Yerlərdə müsabiqə necə keçdi, bu sizi razı saldımı?
- Onu deyim ki, müsabiqənin birinci turu Əsasnaməyə uyğun olaraq mədəniyyət şöbələri və idarələri tərəfindən şəhər və rayonlarda keçirilmişdi. Birinci turun qalibləri ikinci yekun turda iştirak edirdilər. Istər Əli Bayramlı şəhərində, istərsə də Salyan rayonunda müsabiqənin yekun turunun keçirilməsi üçün hər cür şərait yaradılmışdı. Əli Bayramlıda da, Salyanda da bir bayram əhvali-ruhiyyəsi vardı. Uzaq şəhər və rayonlardan gəlmiş iştirakçıların yerləşdirilməsi, məşq etmələri üçün hazırlıq işləri lazımi səviyyədə təşkil olunmuşdu. Münsiflər heyətinin işgüzar fəaliyyəti üçün nə lazımdı edilmişdi. Buna görə Əli Bayramlı şəhər və Salyan rayon Icra Hakimiyyətinin başçılarına, mədəniyyət idarəsi və şöbəsinin rəhbərlərinə, müsabiqənin yüksək səviyyədə keçməsində əməyi olan hər kəsə münsiflər heyətinin üzvləri adından minnətdarlığımı bildirirəm. O ki qaldı müsabiqənin təşkili və keçirilməsi nəinki məni, münsiflər heyətinin bütün üzvlərini razı saldı. Hər ifaçının çıxışı bizdə sevinc, fərəh hissi doğururdu. Se
vinirdik ona görə ki, məhz özümüzə məxsus milli musiqi alətlərini dilə gətirən, bunları yaşadan istedadlı gənclərimiz, ifa tərzi ilə seçilən sabahın mahir ifaçıları ola biləcək balalarımız var. Söz yox ki, müsabiqə iştirakçılarının hamısı eyni səviyyədə deyildi. Onların arasında ifası ilə seçilən də var idi, nisbətən zəif olanı da. Əsas odur ki, milli musiqi alətlərinə gənc nəsildə xüsusi maraq vardır. Ifaçılar arasından yaxşıların yaxşısını seçmək üçün münsiflər heyətinin üzvləri xüsusi səbr və təmkin göstərirdilər. Istəmirdik ifaçılar bizim seçimdən narazı qalsınlar. Ona görə hər ifaçını diqqətlə dinləyir, onların səhnədə özlərini sərbəst hiss etmələrinə çalışırdıq. Əvvəldə dediyim kimi Əli Bayramlı şəhərində simli alətlər üzrə keçirilən müsabiqədə 43 şəhər və rayondan 100-ə yaxın 15 yaşından 30 yaşadək ifaçı iştirak edirdi. Onların arasında gözəl saz, ud, tar, kamança çalanlar var idi. Gənc aşıqlardan Gülümcanov Yaşarın «Qaraçı», Hüseynov Firudinin «Misri», Təmirov Ismixanın «Orta Sarıtel», Hüseynov Ilqar
ın «Kərəm gözəlləməsi», Məmmədov Ilqarın «Cəlili» saz havaları öz şirinliyi ilə hamıda xoş təəssürat oyatdı. Tarda Əliyev Habilin ifasında «Şahnaz», Əmirov Nadirin «Bayatı-Şiraz» muğamı və «Apardı sellər Saranı» xalq mahnısı, Süleymanov Anarın ifasında Motsartın «Rondo»su, habelə Həşimov Ceyhunun, Imanov Hikmətin, Rəcəbov Elçinin çaldığı bir sıra muğam və başqa musiqi nömrələri razılıqla qarşılandı. Udda Quliyev Xəyyamın, kamançada Fərhadov Ağayarın, Isgəndərova Çinarənin, Rüstəmova Gülnarənin ifa etdikləri muğamlar, xalq mahnıları yaxşı təsir bağışladı.
- Simli alətlər üzrə keçirilən müsabiqənin qalibləri kimlər oldu?
- Müsabiqə qaliblərini seçmək olduqca məsuliyyətli işdir. Burada tək bir nəfərin fikri keçmir. Hər ifaçı haqqında hərənin öz rəyi olur. Münsiflər heyətinin üzvləri də sənət aləmində tanınmış və bu işdə xüsusi səriştəsi olan şəxslər idi. Xoşbəxtlikdən müsabiqənin qaliblərini seçərkən bizdə fikir birliyi oldu. Yekdil olaraq adlarını çəkəcəyim ifaçıları müsabiqənin qalibləri hesab etdik:
1. Gülümcanov Yaşar (saz) - I mükafat. I dərəcəli diplom və laureat adı
2. Əliyev Habil (tar) - I mükafat. I dərəcəli diplom və laureat adı
3. Əmirov Nadir (tar) - II mükafat. II dərəcəli diplom və laureat adı
4. Hüseynov Firudin (saz) - II mükafat. II dərəcəli diplom və laureat adı
5. Fərhadov Ağayar (kamança) - III mükafat. III dərəcəli diplom və laureat adı
6. Süleymanov Anar (tar)- III mükafat. III dərəcəli diplom və laureat adı
Bundan başqa müsabiqə qalibləri arasında Isgəndərova Çinarə (kamança), Abdullayev Yadigar (tar) həvəsləndirici mükafata layiq görüldü. Üç ifaçı - Rəcəbov Elçin (tar), Məmmədov Ilqar (saz), Quliyev Xəyyam (ud) Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə təltif edildi.
Qalib ifaçılara mükafatların təqdim olunması təntənəli şəraitdə keçdi. Şəhər icra hakimiyyətinin başçısı qalib ifaçıları təbrik edib onlara uğurlar dilədi. Mədəniyyət Nazirliyinin bu xeyirxah işini yüksək qiymətləndirən şəhər icra hakimiyyətinin başçısı müsabiqəni milli dəyərlərimizə, milli mədəniyyətimizə göstərilən qayğı kimi vurğuladı və tədbirin mədəni həyatımızda özünəməxsus iz qoyacağını söylədi.
Təntənəli gecə müsabiqə qaliblərinin və şəhər mədəniyyət evi bədii özfəaliyyət kollektivinin konserti ilə başa çatdı. Onu da deyim ki, yekun konsertdə xalqımızın sevimli sənətçiləri əməkdar artist, tarzən Möhlət Müslümovun və əməkdar artist kamançaçalan Fəxrəddin Dadaşovun, habelə Aşıq Isfəndiyarın gənc aşıqlarla çıxışları da tamaşaçılar tərəfindən hərarətlə qarşılandı.
- Müsabiqənin nəfəs və zərb alətləri üzrə Salyan rayonundakı yekun turu necə keçdi?
- Bəli, müsabiqənin davamı kimi nəfəs və zərb alətləri üzrə yekun turu Salyanda keçirildi. Burada 31 şəhər və rayondan 70-ə yaxın ifaçı iştirak etdi. Tədbirin yüksək səviyyədə keçməsi üçün hər cür şərait yaradılmışdı. Biz burada rayon icra hakimiyyətinin, mədəniyyət şöbəsinin müsabiqəyə necə diqqət və qayğı göstərdiyinin şahidi olduq. Müsabiqənin 4 gün davam edən yekun turunda münsiflər heyətinin üzvləri hər ifaçını diqqətlə dinlədi. Biz burada nəfəs və zərb alətlərinə gənclərin böyük maraq göstərdiklərinin şahidi olduq. Onların arasında çox istedadlı, bacarıqlı gənclər vardı. Nəfəs alətləri üzrə ifaçılardan Allahverdiyev Ayaz (zurnada), Ağayev Şövqi (balabanda), Quliyev Eldəniz (zurnada), Xasayev Ilham (zurnada), Yaqubov Elşən (balabanda), Buludov Ilkin (tütəkdə), Bünyadov Baxış (balabanda), Sardalaşvili Rauli (tütəkdə) öz ifaları ilə başqalarından fərqlənirdi. Zərb alətləri çalanlardan Əliyev Eşqinin (qoşanağarada), nağaraçalanlardan Hüseynov Elşənin, Zərbəliyev Ramiqin, Məhərrəmov Raqilin, Abdulla
yev Talehin, eləcə də adını çəkmədiyim bir çox istedadlı gənclərin çıxışları münsiflər heyətinin üzvləri tərəfindən yüksək qiymətləndirildi. Fasilə zamanı münsiflər heyətinin üzvləri iştirakçılarla səmimi söhbət eləyib, onlara lazımi məsləhətlər verirdilər. Tanınmış sənətçilərin səmimi münasibəti iştirakçıları daha da ruhlandırırdı. Gənc istedadlara qarşı belə qayğıkeşlik, xoş münasibət-lərinə görə mən həmkarlarıma minnətdarlığımı bildirirəm. Müsabiqənin qaliblərini müəyyən edərkən onların bir daha prinsipial mövqelərinin, səmimiyyətlərinin şahidi oldum. Məhz onların yekdil rəyi ilə milli musiqi alətləri ifaçılarının nəfəs və zərb alətləri üzrə Salyan rayonunda keçirilən yekun turunda aşağıda adları çəkilənlər müsabiqənin qalibləri oldu:
1. Allahverdiyev Ayaz (zurnada) - I mükafat. I dərəcəli diplom və laureat adı
2. Əliyev Eşqin (qoşanağarada) - I mükafat. I dərəcəli diplom və laureat adı
3. Ağayev Şövqi (balabanda) - II mükafat. II dərəcəli diplom və laureat adı
4. Hüseynov Elşən (nağarada) - II mükafat. II dərəcəli diplom və laureat adı
5. Quliyev Eldəniz (zurnada) - III mükafat. III dərəcəli diplom və laureat adı
6. Zərbəliyev Ramiq (nağarada) - III mükafat. III dərəcəli diplom və laureat adı.
Xasayev Ilham (zurnada) və Məhərrəmov Raqil (nağarada) həvəsləndirici mükafatın sahibi oldular. Ifaçılardan 3 nəfər Sardalaşvili Rauli (tütəkdə), Yaqubov Elşən (balabanda) və Abdullayev Taleh (nağarada) Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə təltif olundu.
Salyan rayon Icra Hakimiyyəti müsabiqə iştirakçıları arasında yaxşı ifaçı üçün təsis etdiyi fəxri fərman Əsədov Ramilə, Məmmədov Ilkinə və Məcidova Günaya təqdim olundu. Yaxşı ifasına görə bir neçə ifaçı rayon mədəniyyət şöbəsinin pul mükafatına və fəxri fərmanına layiq görüldü.
Milli musiqi alətləri ifaçılarının yekun turuna həsr olunmuş gecə şübhəsiz uzun müddət xatırlanacaq. Rayon Icra Hakimiyyətinin, digər idarə və müəssisələrin nümayəndələrinin, sənətsevərlərin iştirak etdiyi təntənəli gecədə mükafatlar qalib ifaçılara təqdim olundu. Müsabiqə qaliblərinin yekun konserti və bu konsertdə sevimli sənətkar, xalq artisti, qoşanağaraçalan Sadıq Zərbəliyevin tanınmış sənətçi, qarmonçalan Aslan Ilyasovla birgə çıxışını tamaşaçılar rəğbətlə qarşıladı.
- Ağaverdi müəllim, müsabiqənin uğurla başa çatması, habelə əhəmiyyəti barədə çox danışmaq olar. Bu öz yerində. Bəs iradlarınız necə, varmı?
- Belə xoş əhvali-ruhiyyədən sonra kiməsə toxunacaq söz deməyə, düzü, ehtiyac duymuram. Hələ də xoş təsir altındayam. Adam özündə bir qürur duyur, gör bizim necə gözəl səsli, bənzərsiz milli musiqi alətlərimiz, həmin alətlərin necə mahir, istedadlı ifaçıları vardır. Fikir verirdim və görürdüm ki, uşaqlar özləri də fərəhdən necə deyərlər, yerə-göyə sığmırdılar. Bundan gözəl nə ola bilər. Bunları görəndə istər-istəməz düşünürsən ki, xalqın balalarına sevinc bəxş etməyin özü bəxtəvərlikdir. Amma bəzi şəhər və rayonlarımızın müsabiqədə az təmsil olunması, ya da kənarda qalması təəssüf doğurur. Şəhər və rayonlarda gözəl mədəniyyət ocaqlarımız, burada çalışan bacarıqlı mədəniyyət işçilərimiz istənilən qədərdir. Axtarsan yerlərdə nə qədər istedadlı uşaqlara rast gələrsən. Əslinə qalsa, heç qapı-qapı düşüb axtarmağa da ehtiyac yoxdur. Istedadlı və qabiliyyətli uşaqlar həmişə göz qabağındadır. Sadəcə onları görmək gərəkdir. Bəs onda bəzilərində laqeydlik haradandır? Deməli, burada məsuliyyət bir yana canıyan
anlıq çatışmır. Qoy heç olmazsa, Mədəniyyət Nazirliyinin milli mədəni dəyərlərimizə, istedadlı balalarımıza göstərdiyi diqqət və qayğıdan, təəssübkeşliyindən ibrət götürsün nəzərdə tutduğum bəziləri. Necə ki el arasında deyildiyi kimi: «Sən sözünü de, suçlu suçun başa düşər ! ».
- Şəfiqə xanım, bu müsabiqəyə Sizin də münasibətinizi bilmək maraqlı olardı.
- Şəfiqə Eyvazova (xalq artisti): Əvvəla onu deyim ki, bu müsabiqəni mədəni həyatımızda ən əlamətdar, yaddaqalan hadisə kimi dəyərləndirirəm. Sağ olsun Mədəniyyət Nazirliyi. Son vaxtlar milli musiqi alətlərinin, xalq sənətinin təbliğinə, yeni istedadlı ifaçıların üzə çıxarılmasına nəinki diqqət yetirir, həm də onların qayğısına qalır. Əlbəttə, söhbət qaliblərə verilən mükafatlardan getmir. Gənc nəslin yeni ruhda tərbiyə olunması, onlarda milli mədəniyyətimizə, milli mədəni dəyərlərimizə hörmət və məhəbbət hissinin aşılanması hər şeydən qiymətlidir. Artıq hiss olunur ki, xalqımızın sevərək yaratdığı nə varsa bu gün sevilərək qorunur, yaşadılır. Çünki bunların mədəni həyatımızda dəyərini, yerini bilən dəyərli insanlarımız var. Hamıya məlumdur ki, başqa musiqi alətləri içərisində kamança özünəməxsus yer tutur. Elə bir adam tapılmaz ki, bunun həzin, kövrək səsinin vurğunu olmasın. Muğamlarımız, xalq mahnıları, lirik mahnılar bu gözəl musiqi alətində necə də ecazkar səslənir. Bir az ibarəli çıxsa da, bu a
lət elə bil həm də tara qardaş yaranmışdır. Onların cütlüyü, vallah, möcüzədir. Dinləməkdən nə bezir, nə də doyursan. Yeri gəlmişkən bir məsələyə də toxunum ürəyimdə qalmasın. Hərdən eşidirəm ki, guya kamançanı kimlərinsə əlindən almışıq. Doğrusu, belə deyim mənə çox toxunur. Axı bizim xalq heç vaxt özgələrdən nəsə götürməyib. Çünki buna ehtiyac duymayıb. Gözü-könlü tox olduğundan yaratdıqlarına qane olub. Əksinə, özgələrinin gözü həmişə bizimkilərdə qalıb. Fürsət tapan kimi nəsə ələ keçirməyə cəhd ediblər. Xalqımız da həmişə ürəyigenişlik göstərib. Mən həmişə demişəm, indi də deyirəm, kamança xalqımıza məxsus nadir musiqi alətlərindən biridir. Əvvəllər də bunun xalq tərəfindən sevilən çox gözəl, mahir ifaçıları olub, indi də var. Sözsüz, kamançaya bugünkü maraq sabah da gözəl kaman ifaçılarının üzə çıxacağı inamından xəbər verir. Adəti üzrə xain və nankor qonşularımızın bəzi mədəni dəyərlərimizə şərik çıxmaq istəyi hamıya məlumdur. Onların həyasızlığı o dərəcədə özünü göstərir ki, utanıb-qızarmadan xalqımızı
n əsrlər boyu yaradıb-yaşatdığı bəzi mahnıları, el havalarını, gülməli çıxsa da, «özəlləşdirməkdən» belə çəkinmirlər. Bax, belə bir zamanda bu müsabiqənin keçirilməsi necə də vacib, əhəmiyyətlidir. Buna görə Mədəniyyət Naziri cənab Polad Bülbüloğluna bütün sənətsevərlər adından minnətdarlığımı bildirirəm.
Inanıram ki, bu müsabiqədən sonra başqa milli musiqi alətlərinə olduğu kimi ecazkar səsli, könül oxşayan xoş təranəli kamana maraq daha da artacaq, sənət aləmində yeni-yeni istedadlı ifaçılar üzə çıxacaqdır.
- Ifaçılar arasında gələcək Şəfiqə xanımı görə bildinizmi?
- Müsabiqə göstərdi ki, bizim olduqca istedadlı uşaq və gənclərimiz var. Ola bilsin, onlardan bəziləri gələcəkdə mahir ifaçı kimi tanınsın. Ayrılıqda onlardan bəziləri ilə söhbət etdim. Mənim onlara bir tövsiyəm oldu: sənətdə hər kəs özü olmalıdır. Burada kiməsə bənzəmək, kimi isə təqlid etmək heç kimə xeyir gətirməz. Əsl sənətçi daim axtarmalı, sənətdə özünü təsdiq üçün yorulmadan çalışmalıdır. Əlbəttə, tanınmış ustad sənətkarlardan öyrənmək qəbahət deyil. Pis odur ki, kiminsə təsirinə düşəsən, onu yamsılayasan. Təqlidçilik uğursuzluğun başlanğıcıdır. Deməli, kamançanı sevib əlinə götürən qızlarımız Şəfiqə xanım olmağı yox, ondan da qabağa getməyi qarşılarına məqsəd qoymalıdırlar.
- Gənc musiqiçilərin ifa tərzi Sizi razı saldımı?
- Sözsüz. Yaş fərqini nəzərə alsaq, hər ifaçının uğurlu çıxışı məni sevindirdi. Onlar muğamlarımızı, xalq mahnılarını, bəstəkar mahnılarını necə də gözəl ifa edirdilər. Fərhadov Ağayarın ifasında «Süsən sünbül» xalq mahnısı, Rüstəmova Gülnarənin ifa etdiyi «Bayatı Qacar», «Qaytağı», Babayev Elnurun çaldığı «Şüştər», Isgəndərova Çinarənin ifasında Q.Hüseynlinin «Ay işığında» mahnısı hamıya xoş təsir bağışladı. Müsabiqədə Çinarə həvəsləndirici mükafata layiq görüldü. Əlbəttə, bu məni çox sevindirir. Amma onu da deyim ki, onlar gələcəkdə yaxşı musiqiçi olmaq istəyirlərsə daha çox çalışmalı, öyrənməlidirlər. Belə uşaqlara qarşı mədəniyyət müəssisələri də xüsusi diqqət və qayğı göstərməlidir. Təəssüf ki, bu müsabiqədə başqa alətlərlə müqayisədə kaman ifaçıları azlıq təşkil edirdi. Xüsusən qızlar. Bu şəxsən məni narahat edir. Inanmıram ki, bu gözəl səsli musiqi alətinə yerlərdə maraq göstərən belə az olsun. Ümidvaram, müsabiqə öz təsirini göstərəcək, gələcək müsabiqələrdə istedadlı və bacarıqlı qızlarımız ö
z ifa tərzi ilə nəyə qadir olduqlarını sübut edəcəklər.
- Sadıq müəllim, Siz zərb alətlərindən qoşanağaranın ən mahir ifaçısı kimi xalq içərisində tanınır və sevilirsiniz. Belə demək mümkünsə, qoşanağaranın bəxti Sizinlə yamanca gətirdi. Amma Sizin də zərb alətləri ifaçıları arasında yeganə xalq artisti olmağınızda bu musiqi alətinin xidməti az olmayıb. Xalq artisti, qoşanağaraçalan Sadıq Zərbəliyev görəsən bu müsabiqədə gənc ifaçılardan
razı qaldımı?
- Sadıq Zərbəliyev (xalq artisti): Milli musiqimizin yaranmasında, onun inkişafında başqa milli musiqi alətləri kimi qoşanağara da əhəmiyyətli yer tutur. Bu alət mənə olduqca doğma və əzizdir. Onunla dünyanın neçə-neçə ölkəsində olmuşam. Çıxışlarımız da hər dəfə alqışlarla qarşılanıb. Sözsüz ki, bunlar gərgin yaradıcılıq axtarışlarının, çəkdiyim ağır zəhmətin bəhrəsidir. Bu alətdə çalanda fikir versəniz görərsiniz ki, mən tutduğum çubuqlarla sadəcə olaraq onu döyəcləmirəm. Əslində onunla danışır, söhbət edirəm. Ürəyimdən keçənləri bölüşürəm. Cansız saydığımız bu alət ürəfimdən keçənləri hiss edir desəm məni qınamayın. Vallah, qoşanağara hələ də sirri açılmamış bir dünyadır. Ona görə də müsabiqə məni çox maraqlandırırdı. Düşünürdüm ki, hələ bərkdən-boşdan çıxmayan gənc zərb alətləri ifaçıları bu sənət sınağından necə çıxacaqlar. Tanınmış sənətçilər, tamaşaçılar qarşısında öz sözlərini deyə biləcəklərmi. Düzü, onlardan betər mən həyəcan keçirirdim. Ancaq sən demə onlar başqa aləm imiş. Səhnədə özlərini
elə sərbəst aparırdılar, deyərdin bəs neçə belə tədbiri yola veriblər. Ifalarına da söz ola bilməzdi. Aydındır ki, zərb alətlərində tək ifa xüsusi məharət və bacarıq tələb edir. Ritmi tutmaq, onu tam mənasında dinləyiciyə çatdırmaq üçün həssas əl, barmaqlar lazımdır. Yoxsa boş hay-küy kimə gərəkdir. Məni sevindirən o oldu ki, müsabiqə iştirakçıları arasında zərb alətlərinin vurğunu olanlar çox idi. Salyandan Əliyev Eşqinin ifası tək mənim yox, münsiflər heyətinin bütün üzvlərinin xoşuna gəldi. Onun uğurlu çıxışı gələcəkdə mahir sənətçi olacağından xəbər verirdi. Nağaraçalanlardan Hüseynov Elşən, Zərbəliyev Ramiq, Məhərrəmov Raqil, Abdullayev Taleh, zərb alətində Məcidova Günay öz ifa tərzi ilə başqalarından seçilirdi.
Əlbəttə, müsabiqə haqqında, bunun əhəmiyyəti barədə çox söz demək olar. Təkcə onu deyim ki, milli dəyərlərimizə, gənc istedadlara bu cür diqqət və qayğı yeni istedadların yetişməsində xüsusi əhəmiyyət kəsb edəcəkdir. Milli mədəniyyətimizə xeyirxah münasibət göstərdiyi üçün şəxsən Mədəniyyət Naziri cənab Polad Bülbüloğluna minnətdarlığımı bildirirəm.
- Isfəndiyar müəllim, Siz 2002-ci ilin dekabr ayında Şəmkir rayonunda keçirilmiş gənc aşıqların respublika müsabiqəsinin münsiflər heyətinin sədri idiniz. Bu müsabiqədə isə münsiflər heyətinin üzvü kimi iştirak etdiniz…
- Isfəndiyar Rüstəmov (aşıq, əməkdar mədəniyyət işçisi): Elədir. Amma o tədbirin yeri başqa idi, bu tədbirin yeri başqa. Şəmkirdə, necə deyərlər, meydan sazlı-sözlü gənc aşıqlara verilmişdi. Deməli, münsiflər heyətinin sədri mən olmasam da başqa bir aşıq olacaqdı. Bu dəfəki müsabiqə isə daha əhatəli idi. Burada həm simli alətlər, həm də nəfəs və zərb alətləri ifaçıları iştirak edirdilər. Münsiflər heyətinin tərkibinə respublikamızın adlı-sanlı sənətçiləri ilə yanaşı daxil edilməyim mənim üçün böyük hörmətdir. Buna görə şəxsən Mədəniyyət Naziri cənab Polad Bülbüloğluna minnətdarlığımı bildirirəm.
- Yadınızdadırsa, Şəmkirdə bir dəfə söhbət zamanı fəxrlə: - Sazın səsi məni cavanlaşdırır. Bu istedadlı gənclər ötənləri xatırladır mənə, ömrümün üstünə ömür gəlir-dediniz. Mən də sözünüzə qüvvət verdim:
Göyün üzü çeşmə kimi durular,
Təzənə toxunub dillənəndə saz.
Dəli çaylar sakitləşər, lal axar,
Kükrəyib daşanda, sellənəndə saz.
Xan çinarlar dayanarlar baş-başa,
Lalə, nərgiz, süsən eylər tamaşa.
Cavanlaşar ömür, heç baxmaz yaşa.
Nazlana-nazlana tellənəndə saz.
- Bəs bu dəfəki müsabiqədə necə, bir daha cavanlaşa bildinizmi?
- Cavanlaşdın da sözdü ! Saz möcüzədir. Ulu Dədə Qorquddan üzü bu yana saz əldən düşməyib. Xalqımız bunu həmişə müqəddəs hesab edib, əziz tutmuşdur. Ancaq bu günə kimi heç kəs sazın sirli dünyasını axıradək aça bilməyib. Bəlkə buna görədir, saza indi də həvəs çoxdur. Bunu Şəmkirdə keçirilən müsabiqə də göstərdi. Əli Bayramlıya gəlmiş saz ifaçıları arasında olduqca istedadlı gənclər vardı. Qazaxdan Gülümcanov Yaşar, Tovuzdan Hüseynov Firudin, Zeynalov Roman, Gədəbəydən Məmmədov Ilqar, Şamaxıdan Təmirov Ismixan, Şuşalı Ilyasov Ziyadxan, Şəmkirdən Hüseynov Ilqar həqiqətən mənə gəncliyimi xatırlatdı. Onların xüsusi həvəslə, şövqlə çaldıqları «Qarası», «Misri», «Dilqəmi», «Cəngi Koroğlu», «Incəgülü», «Orta Sarıtel», «Ruhani», «Kərəm gözəlləməsi» saz havaları ruhumu təzələdi. Görün iş nə yerə çatdı ki, qaliblərin mükafatlandırılma mərasimi ilə əlaqədar təşkil olunan gecədə saz götürüb səhnəyə çıxdım. Mənə cavanlığımı xatırladan gənclərə qoşulub gənclik həvəsi ilə çalıb-oxudum. Indi bildinmi nəyə görə deyirə
m saz məni cavanlaşdırır ! O ki qaldı Salyanda keçirilən tədbirə, bu özü də bir aləm idi. Çünki bizim bütün milli musiqi alətlərimiz bənzərsizdi. Istər saz olsun, istərsə də tütək, ney, zurna, balaban, ya da nağara, qoşanağara. Bunlar el şənliklərinin, toyların həmişə yaraşığı olmuşdur. Ulularımızdan bizə yadigar qalmış neçə-neçə xalq mahnısı, el havaları bu nadir, bənzərsiz musiqi alətlərinin heyrətamiz səsi, sədası altında yaranmayıbmı? Məni sevindirən odur ki, nəfəs alətlərinə, zərb alətlərinə uşaqlar və gənclər arasında böyük maraq, həvəs var. Amma məsələ bununla bitmir. Belələri ilə məşğul olmaq, onları öyrətmək gərəkdir. Ustad sənətkarlarımız onların qayğısını çəkməlidir. Nəfəs və zərb alətləri ifaçıları arasında istənilən qədər bacarıqlı balalarımız vardır. Nəfəs alətləri ifaçılarından Şəkidən Allahverdiyev Ayazın (zurnada), Lənkərandan Ağayev Şövqinin (balabanda), Salyandan Quliyev Eldənizin (zurnada), Qazaxdan Xasayev Ilhamın (zurnada), Masallıdan Yaqubov Elşənin (balabanda) çıxışı hamıda xoş təəssü
rat yaratdı. El havalarını, xalq mahnılarını bu gənclər özlərinə məxsus tərzdə ifa etdilər. Bununla belə bir məsələyə də toxunmağı vacib sayıram. Deyəcəyim tütəyin, neyin gələcək taleyi ilədir. Başqa musiqi alətləri ilə müqayisədə bunların bəxti, bir az sərt çıxsa da, deyəsən gətirməyib. Müsabiqədə səhv etmirəmsə 4 və ya 5 nəfər tütəkçalan iştirak edirdi. Onlardan biri də Qaxdan gəlmişdi. Milliyyətcə gürcü olan Sardalaşvili Rauli idi. Onun qoşa tütəkdə çaldığı «Gürcü rəqsi» hamının xoşuna gəldi. Biləsuvardan gəlmiş Buludov Ilkinin də çıxışı xoş təsir bağışladı. Amma düşünürdüm, görəsən, bir az yanğılı, kövrək səsli neyə, quş səsinə bənzər avazı könül oxşayan tütəyə başqa musiqi alətləri ilə müqayisədə maraq niyə azdır. Axı bu musiqi alətləri bizimdir. Musiqi xəzinəmizin heç bir nadir incisini itirməyə, yaxud ona qarşı laqeyd münasibətə haqqımız yoxdur. Başqalarına da elə bu lazımdı nəyi isə unudaq. Vallah, kiməsə yarınmaq xatirinə demirəm. Sağ olsun Mədəniyyət Nazirliyi. Milli mədəni dəyərlərimizi qoruyub y
aşatmaq naminə necə xeyirxah işlər görür. Bu işlərin gələck bəhrəsini indidən görmək, qiymətləndirmək lazımdır.
Aşıq Isfəndiyarla söhbətimiz buradaca bitdi. Ancaq hiss edirdim, demək istədiklərinin hamısını açıqlamadı. Amma onun dediklərində bir məqama qayıtmaq istəyirəm: «Musiqi xəzinəmizin heç bir nadir incisini itirməyə, yaxud ona qarşı laqeyd münasibətə haqqımız yoxdur». Haqlı sözdür, Aşıq Isfəndiyar ! Necə deyim ki, belə əlamətdar tədbirdə bir nəfər də olsun ney ifaçısı gözə görünmədi. Ya da gürcü Raulidən fərqli olaraq bizimkilərdən biri dükan-bazarda uşaqlar üçün satılan tütəklə səhnəyə çıxmışdı. Əlbəttə, bəziləri zənn etməsin ki, bunları qabardıb faciə yaratmaq istəyirəm. Heç də belə niyyətim yoxdur. Ancaq faciə onda olar ki, bir də görəsən, ya eşidəsən ki, haradasa keçirilən tədbirdə elan edələr: neydə çalır: filankəs …
O filankəs də əlində ney yaxınlaşır mikrofona və şərik çıxdıqları «Sarı gəlin»i qoyur yaman günə. Xain və nankor qonşularımızdan nə desən gözləmək mümkündür. Olsun ki, dediklərimi mənə irad tutan da tapılsın. Sənin dediklərini biz çoxdan demişik, boşla uşaq söhbətini, heç kəsdən heç nə almadığımız kimi, heç kimə də nəyi isə vermərik deyənlər də olsun. Elədə mən də üzümü tutub deyərəm: - Başımıza gələnləri görməyə göz gərəkdir. Yox, görmək hələ azdır, nə isə …
Mədəniyyət Nazirliyinin son vaxtlar keçirdiyi müsabiqələr milli mədəniyyətimizin təkcə bu günü üçün deyil, eyni zamanda sabahı, gələcək inkişafı üçündür. Milli mədəni dəyərlərimizin qorunub-saxlanılması, gələcək nəsillərə çatdırılması, yeni istedadların üzə çıxarılması üçündür. Qoy onda aidiyyatı kəslər bu qayğıya əsl vətəndaş mövqeyindən yanaşsın. Unutmayaq ki, milli dəyərlərimizə qayğı mədəniyyətimizə qayğıdır.
Məmməd MƏMMƏDOV
AZƏRBAYCAN MILLI MUSIQISI ELEKTRON TEXNOLOGIYALARDA
Fevral ayının əvvəllərində Bakıda «Idarə, biznes, elmi tədqiqat və peşəkar tədris sahələrin-də teleçalışmalar» adlı elmi – təcrübi konfrans keçirilmişdir Avropa Şurası tərəfindən mailiy-yələşdirilən konfrans TELESOL çərçivəsi daxilində təşkil olunmuşdu. Bu tədbirin təşkilatçıları Bakı Elmi – Tədris Mərkəzi və Iqtisadi Inkişaf Nazirliyinin Iqtisadi Islahatlar Mərkəzi idi. Konfransın əsas koordinatoru vəzifəsini isə Təhsil və Elm Mübadiləsi üzrə Ümumdünya Informa-siya Şəbəkəsi (EDNES - Fransa) icra edirdi.
TELESOL konfransının açılış sözündən sonra ilk çıxışlardan biri «Musiqi Dünyası» elektron jurnalının baş redaktoru sənətşünaslıq doktoru, Bakı Musiqi Akademiyasının professoru Tariyel Məmmədovun məruzəsi oldu. Məruzə mədəni irsin qorunması probleminə, müasir informasiya və kommunikasiya vasitələrinin roluna, Azərbaycan milli mədəniyyət təbliğatının aktuallaşdırılmasına, və eləcə də, tədrisin, musiqi təhsilinin distansiyalı metodlarının istifadəsinə həsr olunmuşdu. Qırx dəqiqə sürən məruzədə jurnal redaksiyasının web-studiyasında işlənilmiş müxtəlif saytlar təqdim olundu. Elektron resursları üzrə səyahət elektron kitabxanadan başlandı. Daha sonra qonaqlar və kofrans iştirakçıları «Arşın Mal Alan» (http:// arshin.musigi-dunya.az), «Azərbaycan xalq musiqisinin əsasları» və başqa saytların slaydları sayəsində Azərbaycan musiqi mədəniyyəti ilə tanış oldular. Saytlarda toplanılmış audio və videoraritetlər çoxlarını təəccübləndirdi. Məsələn, «Arşin Mal Alan» internet səhifəs
ində operettanın çın dilində ifa nümunəsi vardır.
Məruzəçinin sözlərindən məlum olduğu kimi, Azərbaycan ənənəvi musiqisinin inqilabdan əvvəl istehsal olunmuş yüzdən artıq qrammofon valları bərpa olunmuş və hal-hazırda bu informasiyanın «Azərbaycan diskoqrafiyası» saytına (http:// diskografiya.musigi-dunya.az) yüklənməsi işi görülür. Səs yazıları 1900-1914-cü illərə aiddir. Azərbaycan musiqisinin səslənən tarixinə belə bir qayğıkeş münasibət, audio-artefaktların qorunub saxlanılması iştirakçıları və, xüsusilə də, uzaq xaricdən gəlmiş qonaqları heyrətləndirdi. Məsələn, belə hesab olunur ki, Azərbaycan musiqi mədəniyyətində xor ifası olmamışdır. Lakin nadir səs yazılarının redmasterinqi sayəsində türk marşlarını, Qarabağ muğam sənətinin nümayəndələri olan beş xanəndənin ifasında eşitmək imkanı yarandı. Bu ifanı «Azərbaycan Diskoqrafiyası» bölməsində dinləmək imkanı olacaqdır. Qeyd edək ki, kompakt disklərə yazılı bütün bərpa olunmuş və rəqəmləndirilmiş qrammofon vallarının təqdimatı mart ayının ortasında keçiriləcəkdir.
Bu layihənin təşkili və gerçəkləşdirilməsi işində Almaniya və Fransanın ölkəmizdəki səfirlikləri tərəfindən yardım göstərilmişdir. Sonradan bu disklər Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinə veriləcək və, beləliklə, muzeyin qonaqları xalqımızın tarixi sərvəti ilə tanış ola biləcəklər.
Yeni bir layihə olan «Azərbaycanın musiqi folkloru atlası» üzərində də iş davam etdirilir. Layihə Azərbaycan Açıq Cəmiyyət Institutu – Yardım Fondu, respublikanın Mədəniyyət Nazirliyi və Bakı Musiqi Akademiyası tərəfindən dəstəkərlənir. Atlas respublikamızın ərazisində yaşayan bir çox xalqların autentik musiqi mədəniyyətini əks etdirir. Ekspedisiya səfərlərində müstəsna əhəmiyyətli folklor materialı toplanılmışdır (səs rejissoru və operator Xalid Məmmədovdur). Çoxsaylı videovə audioyazılarının elektron saytı üçün işlənilib hazırlanmasında art – studiyanın meneceri, web-master Alina Cahangirova, kontent-menecer Natalya Dranovskaya, redaktor Cəmilə Həsənova fəal iştirak edirlər.
Elektron saytında azərbaycanlıların, avarların, tatarların, talışların, aysorların, rusların, ləzgilərin, saxurların və başqa xalqların musiqi folkloru təqdim olunacaqdır.
Əlamətdar haldır ki, bu layihədə humanitar elmlərdə tamamilə yeni olan bir istiqamət – audio – vizual antropologiya istifadə olunur.
Nəşriyyat mərkəzində yaradılmış internet – resurslar öz növbəsində musiqi pedaqogikasında distansiyalı tədris üsulunun tətbiqinə imkan açır.
Tariyel Məmmədov konfransın əhəmiyyəti barədə demişdir:
Bu səviyyədə keçirilən konfransları alqışlamaq lazımdır. Mən beynəlxalq konfransı təşkil etmiş Bakı Elmi Tədris Mərkəzini (TELESOL) və onun rəhbəri texniki elmlər namizədi Tofiq Babayevi xüsusilə qeyd etmək istəyirəm. Konfransa Isveçrə, Türkiyə, Belçika və başqa ölkələrdən çoxlu qonaqla gəlmişdi. Konfransın bir sıra dövlət strukturları – Prezident Aparatı, Milli Məclis, Tələbə qəbulu komissiyası tərəfindən dəstəklənməsi də olduqca önəmlidir.
Fəttah XALIQZADƏ
p align>
|