IFAÇILIQ
-
 

«OXUDUĞU KIMI ÇALAN,
ÇALDIĞI KIMI OXUYAN XANIM»


Görkəmli kamança ustası, professor, xalq artisti Şəfiqə Eyvazova, 1947-ci il martın 9-da Bakıda fəhlə ailəsində anadan olub.

       Kamança ifaçılıq sənətini öyrənmək məqsədilə 1957-ci ildə 2 nömrəli uşaq musiqi məktəbinə,        1962-ci ildə Asəf Zeynallı adına musiqi texnikumuna, 1966-cı ildə isə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub.

       1974-cü ildən Konservatoriyanın müəllimi kimi fəaliyyət göstərir.

       1988-ci ildə əməkdar artist, 2000-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb.        1989-cu ildən dosent, 1999-cu ildən isə professor vəzifəsini tutur.

       Beynəlxalq qadınlar Konqresinin xüsusi medalı ilə təltif edilib. Bir çox mötəbər və səlahiyyətli dövlət orqanlarının fəxri fərman və mükafatlarını almışdır.

       Yetişdirmələri xeyli saylı Respublika müsabiqələri laureatları, Konservatoriyanın, orta ixtisas və musiqi məktəblərinin müəllimləri, ansambl, orkestr ifaçıları və solistləridir.


       Sevda Bədəlova: - Şəfiqə xanım, sizin kamança ifaçılıq sənətinə gəlməyinizdə kimin rolu olmuşdur?

       Şəfiqə Eyvazova : - Sevda, sən məni yaxşı tanıyırsan, Konservatoriyada mənim sinfimdə oxumusan. Çox şadam ki, sən məndən müsahibə alırsan. Qaldı sənin sualına…

        Mənim kamança sənətinə gəlməyimdə atamın rolu olub. Onun kamançadan çox xoşu gəlirdi. Bu alətə qarşı belə sevgisi olduğunu bilən vaxt, düzü mən kamança görməmişdim. Odur ki, məndə bu alətə qarşı maraq oyandı. Bunu başa düşən atam bir gün məni filarmoniyaya xalq musiqisindən ibarət konsertə apardı. Yadımdadır, tar, kamança və xanəndə üçlüyü nə isə ifa edirdi. Atam elə oradaca kamançanı mənə göstərdi və dedi ki, onu məşhur kaman ustası Hafiz Mirzəliyev çalır. Mən onda bu alətə vuruldum. Hətta konsertdən sonra atam Hafiz Mirzəliyevə və digər musiqiçilərə yaxınlaşıb bir dinləyici kimi öz təşəkkürünü bildirdi. Bu zaman mən Hafiz müəllimin əlində tutduğu kamançaya həsrətlə baxırdım. Bunu görən ustad dedi: «Sən də kamança çalmaq istəyirsən?» Onun sözünün qurtarması ilə mənim «hə» deməyim bir oldu. Bəli, məni kamança sənətinə 1957- ci ildə Hafiz müəllim gətirib.

       S.B.: - Sizin elə unikal, özünəməxsus ifaçılıq sənətiniz var ki, onu ailənizdə, nəslinizdə, boya-başa çatdığınız mühitdəki şərait və yaxud digər, məsələn, gendən gəlmə amillər ilə izah etmək olarmı?

       Ş.E.: - Bizim nəslimizdə sırf professional musiqiçi olmayıb. Ancaq onu deyə bilərəm ki, atamın gözəl, şirin səsi var idi. Hərdən, yaxın qohum və dostlar arasında oxuyardı. Xüsusilə, «Irəvanda xal qalmadı» mahnısını özünəməxsus dağlı ləhcəsində ifa edərdi. Bir də anamın qohumlarından olan Xələf dayı yaxşı səsi olduğuna görə toylarda xanəndəlik edirdi. Qaldı ki, ailə və qohum-əqrabalarımızın mədəni mühitinə, biz Xızı rayonundanıq, bizim çox savadlı nəslimiz var. Anamın babasının əmisioğlu məhşur şairimiz Mikayıl Müşfiq olub. Düzdür atamın təhsili, savadı olmamışdı, ancaq o, çox yüksək mədəniyyətə malik idi. Övladlarının savad alması, sənət sahibi olması üçün əlindən gələni etməyə hazır idi. Çox şükür ki, atamın arzuları həyata keçdi. Mən kamançaçı, qardaşım və bacım isə qarmon çalan oldular. Böyük qardaşım Yavər isə poeziyanı çox sevərdi. O, Moskva Dövlət Universitetini bitirmiş və orada da namizədlik disertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdı. Təəssüf ki, o vaxtından əvvəl vəfat etdi. Yavər ç ox savadlı adam idi. Bizim hamımızı ziyalı görmək istəyirdi. Onun bir xasiyyəti, rəhmətlik Müşfiqə oxşayırdı. Müşfiqin həyat yoldaşı Dilbər Axundzadə xatirələrində onun həmişə papaq itirdiyini söyləmişdi. Qəribə burası idi ki, Yavər də həmişə papaq itirərdi. Anam ona deyərdi ki, sən də döndün Müşfiqə.

       S.B.: - Mənə məlumdur ki, sizin gözəl səsiniz vardır. Kamança çalmaqda səsiniz sizə kömək edirmi?

       Ş.E.: - Mənə elə gəlir ki, oxumağım mənə kömək edir. Amma bilmirəm ki, mən oxuduğum kimi çalıram, ya çaldığım kimi oxuyuram. Onu bilirəm ki, oxumağa meylim atamdan gəlir.

       S.B.: - Belə çıxır ki, oxumağı kamança çalmaqdan yaxşı bacarırsınız. Məncə məhz buna görə də kamançada muğam ifaçılığınız oxumağınız kimi bənzərsizdir, sanki kamançanı «dilləndirirsiniz», oxudursunuz. Çaldığınız hər hansı muğamın hər bir musiqi ibarəsinin, guşəsinin qayəsi dinləyicini düşünməyə vadar edir, onları sehrli aləmə aparır. Bizcə, belə «nağılvari» ifa Əhsən Dadaşov ifasının metodikasından bəhrələnmişdir. Elə deyilmi?

       Ş.E.: -Tamamilə doğru deyirsən. Mən onun muğam ifa manerasından, təqdim etmə ustalığından bəhrələnmişəm. Lakin çaldığım muğamlar öz qəlbimdən gələn düşüncələrdir. Dərk etdiyim kimi çalıram.

       S.B.: - Siz bir muğamı canlı şəkildə, təkrarən ifa edəndə eyni formada çalırsınız? Yoxsa…

       Ş.E.: - Xeyir, hər dəfə müxtəlif şəkildə alınır, o asılıdır, mənim əhval-ruhiyyəmdən, auditoriyadan, şəraitdən, dinləyicilərin səviyyəsindən.

       S.B.: - Indi mən istərdim təhsiliniz haqqında bir neçə söz deyəsiniz.

       Ş.E.: - Mən ilk təhsilimi 2 nömrəli uşaq musiqi məktəbində ixtisas fənni üzrə mərhum bəstəkar Ağabacı Rzayevanın bacısı Rəfiqə xanımın sinfində almışam. Musiqi nəzəriyyəsini isə görkəmli musiqişünas Fatma xanım Zeynalovadan öyrənmişəm. Sonralar Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə daxil olmuşam. Müəllimim tanınmış kamança ustası Tərlan Qazıyeva olmuşdur. Artıq, bu dövrlərdə az-çox radio və televiziyada çıxışlarım tez-tez olduğundan məni görkəmli musiqiçilər də tanıyırdılar. Mən oxuduğum dövrlərdə Musiqi texnikumunun direktoru olmuş professor Azər Abdullayevin mənə qarşı olan qayğıkeşliyini unutmamışam. Texnikumu bitirəndən sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil oldum. Konservatoriyaya girməyimdə isə, o vaxtki rektor xalq artisti, görkəmli bəstəkar Cövdət Hacıyevin xüsusi qayğısını indiyə kimi unutmuram. Çünki, mənim Konservatoriyaya daxil olmağımda onun rolu olub. Konservatoriyaya daxil olana qədər o, mənim kamança çalmağımı eşitmişdi. Texnikumda buraxılış imtahanı vaxtı mənim çalğıma q ulaq asıb dedi: «Bu qız Konservatoriyaya oxumağa gəlsə mən onu götürərəm». Cövdət müəllim doğrudan da necə demişdi, elə də etdi. Mən musiqi imtahanlarından keçdim, amma tarix imtahanınıda şəxsən özü mənə köməklik etdi. Demişdi: «Mən tarixçi hazırlamıram, mən musiqiçi hazırlayıram». Yaxşı ki, həyatda yaxşı adamlar varmış. Yeri gəlmişkən, çox təəssüflə qeyd etmək istərdim, bəzən elə olur ki, gözəl bir musiqiçi tələbə qeyri-musiqi fənnlərindən (fəlsəfə, siyasi iqtisad, ədəbiyyat və s.) müvəffəq qiymət ala bilmədiyi üçün Konservatoriyadan xaric olunur. Bəlkə, mən də o vaxt tarix imtahanından qeyri-kafi qiymət alaydım, bilmək olmazdı bu mənim musiqiçi olmağıma necə təsir edərdi. Mən bununla heç də onu demək istəmirəm ki, musiqiçi fəlsəfəni, ədəbiyyatı bilməməlidir. Lakin, yaxşı musiqiçinin taleyini də nəzərə almaq lazımdır. Belə məsələlər onunla bağlıdır ki, Konservatoriyaya qədər təhsil verən musiqi məktəbləri bu fənnləri çox zəif öyrədirlər.

       S.B.: - Biz bilirik ki, 1960-70- ci illərdə sizin kamança ifaçılığınız elə müvəffəqiyyət qazanmışdı ki, bütün qızlar kamança çalmaq istəyirdilər. Məhz bunun nəticəsində qızlar arasında xeyli sayda ifaçılar meydana çıxdı və ənənə indi də davam edir. Bu sizi fərəhləndirirmi?

       Ş.E.: -Doğrudan da etiraf etməliyəm ki, o dövrlərdə mən televiziya, radio dalğalarında tez-tez çıxış edirdim. Bəli, ona görə mənə çox müraciətlər olurdu. Qızlar, qadınlar bu sənəti məndən öyrənmək istəyirdilər. O zaman vaxtım, imkanım çox az olduğuna baxmayaraq, mən onların ürəklərini sındırmır, onlara fərəhlə dərs keçirdim. Əlbəttə, bunlar məni sevindirirdi.

       Azərbaycan kamança ifaçılıq sənəti daim inkişaf etdirilməlidir, o heç vaxt sönməməlidir. Mən indiyə kimi bu amalla çalışıram. Musiqi alətlərimiz bizim milli musiqi folklorumuzun qorunması, tarixi və nəzəri sahələrinin öyrənilməsinin mənbəyidir.


S.B.: - Sizin indiki Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinə qəbul olunmanız necə olmuşdur?

       Ş.E.: - 1963- cü ildə hələ 16 yaşım olmamışdı. Məni xalq çalğı alətləri orkestrinə dəvət etdilər. Uzun saçlarım var idi. Mən böyük saç düzümü eləmişdim, 12 smlik hündürdaban ayaqqabı geyinmişdim ki, boyum uzun görsənsin. O vaxt çox qısa boylu idim. Nə isə, məni orkestrin bədii rəhbəri, baş dirijoru görkəmli bəstəkar Səid Rüstəmovla tanış etdilər. Mən orkestrin qarşısında kamançada bir neçə əsər çaldım. Mənə diqqətlə qulaq asan Səid müəllim soruşdu: «Qızım muğam çala bilərsənmi?» - «Bəli, Rast muğamını çalaram», dedim. Səid müəllim mənim cavabımdan sonra: «Onda kamançanı ver Hafiz müəllim kökləsin». Hafiz Mirzəliyev onun yanında oturmuşdu. Özümdən asılı olmayaraq dedim: «Yox, özüm köklərəm». Mən özümdə cəsarət gördüm ki, bu cür böyük sənətkara belə cavab verdim. Mən çalıb qurtarandan sonra orkestrin kollektivi məni alqışladı. (Onu da deyim ki, Əhsən Dadaşovu da belə imtahanla işə qəbul etmişdilər.) Mən hələ pasport almamışdım deyə yaşım işləmək hüququna 3 ay çatmırdı . Ona görə də bu bir az çətinlik yarada bilər, dedilər. Evə qayıtdım, bundan təəssüflənərək ağladım ki, yaşım çatmadığı üçün, çox güman ki, məni orkestrə işə götürməyəcəklər. Bu hadisədən bir-iki gün sonra orkestrdə zərb alətlərində aparıcı ifaçı kimi tanınan Izzət xanım məni təsadüfən görüb dedi : « Sən niyə işə gəlmirsən, səni ki, orkestrə qəbul ediblər». Beləliklə, mən bir neçə ay atamın pasportu ilə işlədim. Inanın ki, orkestrə gedəndə iki qanadım yox idi ki, uçum. Böyük sənətkarlarla - Hafiz Mirzəliyev, Baba Salahov, Əhsən Dadaşov, Tərlan Qazıyeva ilə çalışmaq məni çox sevindirdi. Bu orkestrdə işləmək məndə sənətə qarşı böyük məsuliyyət yaratdı, gələcək ifaçılıq taleyimi müəyyənləşdirdi.

       S.B.: - Bir hadisəni də yada salmaq istərdim. Eşitmişəm ki, sizin yaradıcılığınızda mühüm rol oynamış görkəmli tarzən Əhsən Dadaşov da orkestrə işə daxil olanda 6 ay pasportsuz işləmişdi. Onu da yaşı çatmamış qəbul etmişdilər. Bu barədə rəhmətlik Əhsən müəllim sizə nə isə söyləmişdirmi?

       Ş.E.: - Bəli, tamamilə doğrudur. Onun özündən və o vaxt orkestrdə işləyənlərdən mənə məlum idi ki, Əhsən müəllimi də mənim kimi orkestr qarşısıında «imtahan» verdikdən sonra onu orkestrə işə qəbul etmişdilər. Belə ki, onun da pasport almağa 6 ayı çatmırmış. (Bildiyimiz kimi hər hansı bir işə düzəlmək üçün mütləq pasport tələb olunur.) Səid Rüstəmov Əhsən müəllimi itirməmək məqsədilə qanundan kənar olaraq pasportsuz işə götürmüşdü.

       S.B.: - Yeri gəlmişkən, Şəfiqə xanım, görkəmli tarzən Əhsən müəllimi yada salmaqla onun yaradıcılığının, ifaçılıq ustalığının, ən əsası Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında fəaliyyətiniz (indiki, Əhsən Dadaşov adına xalq çalğı alətləri ansamblını nəzərdə tuturam) dövründə sizin ifaçılıq yaradıcılığınıza təsiri barəsində, başqa sözlə, Əhsən müəllimin sizə qarşı olan qayğıkeşliyi haqqında bir qədər məlumat verməniz yaxşı olardı.

       Ş.E.: - Əhsən Dadaşov çox gözəl sənətkar, bəstəkar ürəkli tarzən olub. Onu tanıyan, onun sənətinə bələd olan hər kəs mənim sözlərimlə yəqin ki, razılaşar. Mən xalq çalğı alətləri orkestrinə qəbul olunan günün səhərisi Əhsən müəllim Musiqi texnikumuna, mənim ixtisas müəllimimin yanına gələrək, «bu qızın çalmağından çox xoşum gəlir. Icazə verin onu öz ansamblıma qəbul edim.» deyərək ondan icazə alır və o gündən mən xalq çalğı alətləri ansamblına qəbul olunuram. Əhsən müəllim mənim sənətimə həmişə inanıb. Ona görə də çox vaxt muğama aid olan rəng və dəramədlərin ifasında və ya xanəndənin müşayiətində mənim solo muğam çalmağıma geniş yer verərdi. Doğrusu, bu qədər muğam solosu çalmağ istəmirdim. Çünki, ansamblda başqa kamança çalanlar da var idi. Bu fikrimi mən Əhsən müəllimə bildirəndə o dedi: «Sən gözəl çalırsan, sənin çalmağını hamı sevir.» Onu da deyim ki, o özü də gözəl kamança çalırdı. Çox vaxt lazım olan məsləhətləri özü çalıb mənə göstərərdi. O, çox yüksək mədəniy yətə malik idi. Onun Azərbaycan musiqi aləmində böyük xidmətləri olub. Mənə tez-tez deyərdi ki, «Şəfiqə, çal. Mən istəyirəm ki, sənin kamanınla çox kamança çalanları döyüm». Bəli, mən bu ansamblda püxtələşdim, xalq musiqimizin dərinliklərinə vardım. Mənim daha çox tanınmağım da bu ansambla bağlı olmuşdur.

       S.B.: - Əhsən müəllimin ansamblının sizə böyük köməyi olub. Sizin bu ansamblda çalmağınız böyük sensasiyaya çevrildi. Məhz, sizin «Şəfiqə Eyvazova» kimi ad-san qazanmağınızda bu ansamblın xidməti danılmazdır. Bildiyimə görə o vaxt sizin adınıza televiziya və radioya saysız-hesabsız məktublar gəlirmiş, müxtəlif məzmunda-təbrik formasında, tanış olmaq məqsədilə, səmimi məhəbbətlərini bildirməklə siz bu cür məktublara necə reaksiya veriridiniz?

       Ş.E.: - Mən bilirdim ki, məktublar gəlir, amma onları heç oxumurdum. Onlar məni heç maraqlandırmayıb da. Mən ancaq sənətlə məşğul olmuşam. Anama da demişdim ki, «ana o biri qızlarınla məşğul ol. Məni yalnız sənət maraqlandırır». Həmin dövrlərdə, Əhsən müəllimin zəhməti və məsləhətləri sayəsində az-çox tanınırdımsa, mən yenə deyirəm, Əhsən müəllimə minnətdaram.

.        S.B.: - Şəfiqə xanım, zəhmət olmasa,xarici ölkələrdəki qastrol səfərlərindən bəzi maraqlı, yadda qalan əhvalatlardan danışın.

       Ş.E.: - Mənim az-çox əldə etdiyim nailiyyətlərimdən sənin xəbərin var. Onu deyim ki, ilk səfərim Misir dövlətinə, onun paytaxtı Qahirəyə olmuşdur. Özü də bu səfərim 1967-ci ildə dünya şöhrətli dahi maestro Niyazi tərəfindən təşkil olunmuşdu. Ondan sonra, 1968-ci ildə Əhsən Dadaşovun xalq çalğı alətləri ansamblı ilə Portuqaliyaya səfər etmişik. Xalq artistləri Şövkət Ələkbərova, Islam Rzayev, Gülağa Məmmədov və s. müğənnilər də orada iştirak edirdilər. Mən muğam solosu çalandan sonra bir kişi, xanımı ilə bərabər, səhnəyə çıxdı və məni təbrik etdi. Bizə məlum oldu ki, o skripka alətində çalır. O, kamançaya baxıb dedi: «Sən bunu necə çalırsan?» (Biz tərcüməçi vasitəsilə danışırdıq.) Mən kamançanın ifa imkanlarını göstərmək məqsədilə onun üçün yenə çaldım və mənim çalmağımı çox bəyəndiyini söylədi.

        Səfərlərim haqqında onu da deyim ki, düzdür, mən çox xarici ölkələrdə olmuşam, ancaq mənim üçün ən yadda qalanı, xalq artistləri Alim Qasımov və Ramiz Quliyevlə Amerika səfərimdir. Amerika səfərində dinləyicilər mənə çox xoş sözlər söyləyirdilər. Deyirdilər ki, «biz belə azərbaycanlı qadını görməmişik. Bizdə qadınlar heç yumurtanı da bişirmirlər, gedib restoranda yeyirlər. Amma gör Azərbaycanda necə qadınlar var!». Onların bizim musiqimizə maraqları çox idi, «ağızları» açıq qalmışdı. Konsertlərimizin birində ananın körpə balasını yerə qoyub bizə əl çalmasına fikir verdim. Düzdür, bizim digər səfərlərimiz də uğurlu olmuşdu. Lakin, Amerika səfəri kimi olmamışdı. Hərdən fikirləşirəm, nə yaxşı ki, bizim gözəl, klassik muğamlarımız var. Tamaşaçılar bizə yox, muğamlarımıza əl çalırdılar. Biz orada kim idik ki?! Mədəniyyətimizə, nəsilbənəsil gələn musiqimizə əl çalırdılar. Ona görə də mən əski musiqimizi alqışlayıram.

       S.B.: - Şəfiqə xanım, xalq artisti fəxri adına və professor elmi vəzifəsinə layiq görülmüsünüz. Şübhəsiz ki, sizin bütün nailiyyətlərinizi bir yazıda açıqlamaq qeyri-mümkündür. Zəhmət olmasa deyin, Konservatoriya təhsili sizə nə verdi?

       Ş.E.: - Konservatoriya təhsili mənim ümumi dünyagörüşümü artırdı. Avropa və digər xalqların musiqisini çalmaq iqtidarında oldum. Ifaçılığım daha da püxtələşdi. Klassik dünya musiqi inciləri ilə tanış oldum, Avropa və rus klassik bəstəkarlarının əsərlərini öyrəndim. Onların həyat və yaradıcılıqlarını mənimsədim. Daha nə deyim?! Konservatoriya nəinki mənə, bütün orada oxuyanlara, zənnimcə, çox şey verir.

       S.B.: - Sizin həyat yoldaşınız, musiqiçi Arif Əsədullayevdir. Biz onu bir ifaçı, muğam bilicisi kimi tanıyırıq. Arif müəllim də kamança ifaçısıdır. Sizin ailədə bir-birinizə maneçiliyiniz olmur ki?

       Ş.E.: - Mən öncə Arif müəllimi bir kamança çalan kimi tanıyırdım. Getdikcə, yaş ötdükcə daha çox muğamlara bağlanır. Sanki muğamlar onun ailəsidir. O ki qaldı, mane olmağa, əksinə Arif müəllim həmişə mənə mənəvi cəhətcə çox kömək edib. Bir də musiqi aləmində biz bir-birimizlə yaxşı mənada rəqabət aparmışıq, mübahisələr etmişik.

       S.B.: - Sizin 2 övladınız var. Onların biri kamança ifaçısıdır. Milli Konservatoriyada oxuyur. Siz qızınızı öz davamçınız etmək istəyirsiniz?

       Ş.E.: - Dediyim kimi biz tez-tez mübahisələr edirik, indi artıq qızım da bizə qoşulub. Onun çox gözəl zövqü və musiqi duyumu var. Yaxşı mülahizələr və analizlər edir. Onun qarşısında bir məqsəd qoymuşuq ki, əgər sən ifaçı olacaqsansa kamançanı çal, əgər olmayacaqsansa lazım deyil.

       Mənim çox tələbələrim var ki, musiqi məktəblərində, ansabllarda çalışırlar. Mən onlarla fəxr edirəm və aralarında fərq qoymuram. Istər mənim öz balam olsun, istərsə digərlərinin. Yaxşı çalana mənim canım da qurbandı. Yeri gəlmişkən, mənim qızımın ixtisas müəllimi tələbəm olmuş Almaz Abdullayeva olub.

       S.B.: - Hörmətli mənim müəlliməm, sizi mart ayının 9-da anadan olmağınız münasibətilə oxucular və pərəstişkarlarınız adından səmimi qəlbdən təbrik edir, sizə can sağlığı və yaradıcılıq uğurları arzu edirəm.

       Ş.E.: - Çox sağ ol,qızım.

Materialı hazırladı: Sevda BƏDƏLOVA


UŞAQ XOR KAPELLASININ ILK KONSERTI

       2003-cü il fevralın 14-də Orqan Musiqisi Zalında Azərbaycan Dövlət Xor Kapellasının Bülbül adına Orta Ixtisas Musiqi Məktəbinin nəzdində Uşaq Xor Kapellasının ilk konserti oldu.

       Kapellanın bədii rəhbəri və baş dirijoru – Dilarə Əliyevanın təşəbbüsü, gərgin əməyi sayəsində yaranmış bu xor, uşaqların xor sənətinin incəliklərini həvəslə, böyük istəklə mənimsəməsinə gözəl imkan yaratmışdır.

       Uşaq xor kapellasının yaranması təşəbbüsü 3 il əvvəl, yəni Bülbül adına məktəbin «Qız qalası» xorunun respublikanın ən yaxşı uşaq xor kollektivi kimi artıq məşhurlaşdığı zamandan yaranmışdır. Cəsarətlə demək olar ki, Azərbaycanın musiqi mədəniyyəti çox istedadlı və perspektivli xor kollektivi əldə etmişdir. Belə ki, Azərbaycan Dövlət Xor kapellası üçün gələcək kadrların hazırlanması məsələsi həll oluna bilər və bu problem qismən də olsa aradan qalxar. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Dövlət Xor Kapellasının yaradıcılıq fəaliyyəti son zamanlar çox yüksəlmişdir və indi bu kollektivin beynəlxalq səviyyəsindən açıq danışmaq olar. Onun qazanılmasında isə ilk növbədə xorun bədii rəhbəri, Azərbaycan əməkdar incəsənət xadimi Gülbacı Imanovanın böyük və ağır xormeyster əməyini xüsusi vurğulamaq lazımdır.

       Konsertin özünə gəldikdə isə, demək lazımdır ki, Uşaq Xor Kapellası ilk çıxışına çox əsaslı şəkildə hazırlaşmışdır. Onun ifasında 6 dildə – rus, azərbaycan, italyan, yunan, yapon, ingilis dillərində əsərlər səsləndi. Hər bir ifa yalnız uşaqların hiss etdiyi və dinləyicilərə çatdıra bildiyi səmimiliklə aşılanmışdır. Xalq mahnıları ilə yanaşı kapellanın ifasında T.Quliyevin «Bağçamız»; A.Yusifovanın «Bulaqlar» və «Vokaliz»; I.Abdullayevin «Vokaliz», «Azərbaycan», «Nərgiz», «Bizimdir gələcək»; E.Krılatovun «Yelləncək» və digər mahnılar səsləndi.

       Bütün əsərlər kifayət qədər mürəkkəb (iki səsli, üç səsli) idi. Lakin onların bəzisinin, məsələn acapella xoru üçün «Yar gəlir» xalq mahnısının, M.Oqinskinin «Polonez»inin, S.Raxmaninovun «Yasəmən» romansının ifasını kamil adlandırmaq olar. Mütəxəssislər yaxşı bilir ki, acapella oxuma və klassik əsərlərin ifası xüsusi hazırlıq tələb edir. Sevindiricidir ki, uşaqlar bu mürəkkəb işin öhdəsindən gəlmək iqtidarında olub, uğur qazandılar.

       Bütövlükdə konsert böyük müvəffəqiyyətlə keçdi və qətiyyətlə demək olar ki, Uşaq Xor Kapellasının ilk çıxışı baş tutdu. Lakin bütün bunlar «quru» faktlardır, əsas məsələ odur ki, kollektiv bütün dinləyicilərə əsl «mahnı bayramını» bəxş etdi.

Materialı hazırladı:
Leyla MƏMMƏDOVA










Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70