Azərbaycanda fəaliyyət göstərən L. və M. Rostropoviçlərin ev muzeyində daima Rostropoviçlərin həyat və yaradıcılıq yolunu işıqlandıran müxtəlif araşdırmalar aparılır. Bu araşdırmalar nəticəsində Rostropoviçlərin yaradıcılığından, onların tanınmış musiqi xadimləri ilə yaradıcılıq əlaqələrindən, Rostropoviçlər nəslindən olan musiqiçilərin fəaliyyətindən, bir sözlə, onların yaradıcılıqlarının əhatə etdiyi sahələrdən bəhs edən müxtəlif xarakterli məlumatlar əldə edilmişdir. XIX əsrin görkəmli violonçelisti Leopold Vitoldoviç Rostropoviçin yaradıcılıq yolunu nəzərdən keçirərkən onun istedadının bir neçə sahəyə yönəldiyinin və son dərəcə maraqlı olduğunun şahidi oluruq.
«Mənim atam nəhəng istedada malik idi… Mən atamın nail olduğu zirvədə deyiləm və heç zaman buna çata bilməyəcəyəm. Allah bunu mənə bəxş etməyib. Mən dindar insanam və elə fikirləşirəm ki, həyatda nail olduğum xoşbəxtliklər atamdan mənə miras qalmışdır. Lakin o, layiq olduğu kimi qiymətləndirilməyib»1-sözlərini qəlb ağrısı ilə söyləyən zəmanəmizin dahi violonçelisti Mstislav Rostropoviçin atası L.Rostropoviçi həm bəstəkar, həm də heyrətamiz ifaya malik violonçelist kimi qiymətləndirməsi L.Rostropoviçin istedadının hər bir sahəsində yüksək səviyyəli olmasını təsdiqləyir.
1925-ci ildən 1931-ci ilədək Bakıda Azərbaycan Dövlət Konservatoriyasında çalışan L.Rostropoviç burada əsl musiqiçi kimi, istedadını tələbələrindən, ifasını dinləyicilərdən əsirgəməyərək fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Konservatoriyasına işləməyə dəvət olunan L.Rostropoviç bu illəri həyatının ən maraqlı dövrü hesab etmişdir. Qeyd etməliyik ki, L.Rostropoviç ilk dəfə Azərbaycana 1914-cü ildə gəlmişdir və bu dövrdə Bakının konsert həyatında ən uğurlu yerlərdən birini tutmuşdur.Onun çıxış etdiyi konsertlərdən biri 1916-cı ildə keçirilən xeyriyyəçilik konserti idi ki, bu haqda mətbuatda yazırdılar: «L.Rostropoviç gənc olmasına baxmayaraq musiqi dünyasında ad qazanmışdır.Artıq Bakıda o, ikinci ildir ki, yaşayır və bu müddət ərzində o, Bakı musiqi cəmiyyətinin rəğbətini qazanmışdır». Dövrünün görkəmli musiqiçisi kimi tanınan L.Rostropoviç bu dövrün tanınmış musiqi xadimləri ilə də yaradıcılıq və dostluq əlaqələri saxlayırdı.Bakıda fəaliyyət göstərən L. və M
. Rostropoviçlərin ev muzeyində nümayiş olunan və fondda qorunub saxlanılan L.Rostropoviçin tanınmış musiqiçilərə yazdığı məktublar buna bir daha sübutdur. Ev muzeyində sayı 10-a yaxın olan, qorunan məktublar üzərində təhlillər apararkən L.Rostropoviç haqqında yeni-yeni məlumatlar; onun istedadının müxtəlif sahələrdə özünü göstərməsi, musiqiçi kimi inkişafında xidmətləri olan insanlar haqqında yüksək fikirlər və bu kimi olduqca maraqlı məlumatlar əldə olunmuşdur. Bütün bunlar isə sonda L.Rostropoviçin musiqi dünyasında müxtəlif fəaliyyət dairəsini: artistlik, pedaqoqluq, insanlıq və digər sahələri əhatə edən əhəmiyyətli nəticələrə gətirib çıxarır.L.Rostropoviçin məktubları arasında dahi bəstəkarımız Ü.Hacıbəyova, görkəmli rus bəstəkarı A.Qlazunova, musiqişünas M.L.Rressmana, oğlu M.Rostropoviçə və başqalarına yazdığı məktublara rast gəlinir.
L.Rostropoviçin Bakıda yaşadığı dövrdə yazdığı məktublardan biri 1928-ci ildə rus pianoçusu, dirijoru, Moskva konservatoriyasının professoru Aleksandr Iliç Zilotiyə yazdığı məktub maraqlı material kimi diqqətimizi cəlb etdi. L.Rostropoviçin yazdığı bu məktubun mətninə əsaslanaraq belə deyə bilərik ki, A.I.Zilotinin L.Rostropoviçin musiqiçi kimi inkişafında, onun ifaçılıq qabiliyyətinin formalaşmasında olduqca böyük xidmətləri olmuşdur.Hər iki insan, həm L.Rostropoviç, həm də A.Ziloti musiqi dünyasında istedadlarının yüksək zirvədə olmaları ilə məşhurluq əldə etmişlər. Onların bir-biri ilə tanışlığı isə sanki, həyatlarının lazımi məqamlarında baş vermişdir.
Qeyd etdiyimiz kimi A.I.Ziloti (1863-1945) istedadlı pianoçu, dirijor kimi fəaliyyət göstərən musiqi xadimidir. N.Rubinşteynin, sonra isə F.Listin tələbəsi olan A.I.Ziloti məşhur pianoçu kimi rusiyada, eləcə də xaricdə tanınmışdır.1888-ci ildə Rus Musiqi Cəmiyyətinin direktorunun dəvəti ilə Moskvaya gəlir və burada fortepiano şöbəsinin professoru vəzifəsində çalışır.1891-ci ildə isə rəhbərliklə olan bəzi anlaşılmazlığa görə o, işini tərk edir. 1900-cü ildə Moskva Filarmoniya Cəmiyyətinə dirijor kimi dəvət olunur. Musiqi xadimi kimi A.I.Zilotinin fəaliyyətindən danışarkən xüsusi ilə onun yaradıcılığı ilə bir çox bəstəkarların əsərlərini təbliğ etməsini qeyd etməliyik.Yaradıcılıqlarını təbliğ etdiyi musiqiçilərdən isə müəllimi olan, sonra isə dostluq əlaqələri saxladığı F.List, digər bəstəkarlardan I.S.Bax, P.I.Çaykovskinin adlarını çəkə bilərik. Pianoçuluq ixtisası üzrə xüsusi məktəb keçmiş A.I.Ziloti dirijor kimi heç bir təhsil almamışdır. Lakin bu sahədə
onun qazandığı uğurlar heç də geri qalmır.Moskva Filarmoniya Cəmiyyətində dirijor kimi fəaliyyət göstərərkən o, xüsusi olaraq I.S.Baxın yaradıcılığına maraq göstərmişdir. Məhz onun idarəsi ilə I.S.Baxın «Brandenburq konsertləri»ndən 1; 4; və 5 saylı konsertlər ilk dəfə olaraq Rusiyada səslənmişdir. A.I.Zilotinin dirijorluq etdiyi konsertlərdə o dövrün ən tanınmış ifaçıları çıxış edirdilər. Belə ki, A.I.Ziloti bu konsertlərdə məşhur ispan violonçelisti P.Kazals, Peterburq konservatoriyasının professoru, violonçelist A.Verjbiloviçlə birgə çıxış etmişdir.
L.Rostropoviç 1905-ci ildə Peterburq konservatoriyasına qəbul olur və tezliklə konsertlərdə çıxış edir.Bu konsertlər, ifaçılar haqqında isə mətbuatda yazılar dərc olunurdu.Yazılarda «Balaca violonçel-çalan Lyolya Rostropoviçin» ifa tərzindən danışılır.Ona yorulmadan çalışmağı, violonçeldə çalmağı arzu edirdilər.Artıq 15 yaşlı yeniyetmə violonçelist kimi tanınmağa başlayır. Bu dövrdə isə A.Ziloti L.Rostropoviçin istedadını görüb konservatoriyanın bacarıqlı pedaqoqlarından olan, sənətdə yaxın dostu A.Verjbiloviçdən və M.Buntkeviçdən L.Rostropoviçlə məşğul olmağı xahiş edir.
Aleksandr Valerianoviç Verjbiloviç- görkəmli rus violonçelisti və bu dövrdə Peterburq konservatoriyasının professoru idi. Onun pedaqoq kimi bacarığı isə bütün musiqiçilər tərəfindən heyranlıqla qarşılanırdı. L.Rostropoviçə dərs deyərkən A.Verjbiloviçin xəstə olmasına baxmayaraq tələbəsi ilə pedaqoji bacarığını əsirgəmədən məşğul olur.
A.Zilotinin Moskvanın musiqi həyatında göstərdiyi fəallığı bir müddət sonra Peterburqda da özünü göstərir. Belə ki, 1903-cü ildən başlayaraq, A.Ziloti Peterburqda «Zilotinin konsertləri» başlığı altında daimi keçirilən simfonik və kamera konsertləri təşkil edir. Bu konsertlərdə özü pianoçu kimi, eləcə də dirijor kimi çıxış edir. 1909-cu ildə A.Ziloti L.Rostropoviçin konservatoriyadakı təhsili ilə maraqlanır və onun təhsilini uğurla başa vuracağı barədə öz fikrini söyləyir. Həqiqətən də L.Rostropoviç bu etimadı doğruldur. Belə ki, 1910-cu ildə konservatoriyanı qızıl medalla bitirən L.Rostropoviçin adı çox nadir olan əlaçılar siyahısına daxil olur. 1910-cu il mayın 9-da Peterburq konservatoriyasının 45-ci buraxılışına həsr olunmuş konsertdə çıxış etdikdən sonra bir neçə konsertlə Peterburqda, Moskvada çıxış edir və atasının vətənindən Polşadan başlanan böyük turneyə çıxır. Görkəmli Polyak dirijoru Q.Fitelberq L.Rostropoviçi Varşava Filarmoniyasına orkestrdə
çalmağa dəvət edir. Bir müddət sonra isə L.Rostropoviçin Parisdə olan uğurlu çıxışları barədə Fransa, eləcə də Amerika və Ingilis mətbuatında yazılar dərc olunurdu. Bu dövrdə L.Rostropoviç üçün «Violonçelist-solist L.Rostropoviç» adlanan xüsusi reklam prospekti yaradılır.Bir sözlə, L.Rostropoviçi musiqi həyatında yeni hadisə hesab edirdilər. A.Ziloti L.Rostropoviçə dünya şöhrətli ispan violonçelisti, dirijor və pedaqoq P.Kazalsdan master klasslar almağı məsləhət görür. Elə bu ildə L.Rostropoviç bir qədər pul yığıb tələbə olarkən Peterburqda konsertlərinə qulaq asdığı P.Kazalsın master klasslarında iştirak edir.
Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.
p align>
|