1938-CI IL DEKADASININ IŞTIRAKÇISI
Nərminə BAYRAMƏLIBƏYLI
 

Rüxsarə xanım Paşabəyova ilə mən çoxdan tanışam. Ixtisasca həkim olan və Azərbaycan Dövlət Tibb Universitetində müəllim kimi çalışan Rüxsarə xanımın əvvəllər musiqi ilə ciddi məşğul olduğunu və hətta milli mədəniyyət tariximizdə mühüm hadisə kimi qiymətləndirilən 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan incəsənəti Dekadasının iştirakçısı olduğunu biləndə isə çox təəccübləndim.

       Həmin Dekadadan yetmiş ilə yaxın bir vaxt keçmişdir. Təbiidir ki, bu hadisənin şahidi və iştirakçısı olmuş, Stalin dövrünün faciələrin görmüş insanların çox az bir qismi həyatda qalmışdır. Düşünürəm ki, Rüxsarə xanımın öz gəncliyi haqqında, Dekada barəsində və repressiya illərində yaşadığı anlar haqqında xatirələri mədəniyyət tariximizin bəzi məqamlarına işıq saça bilər.

       Rüxsarə xanım Huseynbəy Raşabəyovun ailəsində dünyaya gəlmişdir. Onun atası Huseyn-bəy Moskvada təhsil almış ilk azərbaycanlı hüquqşunaslardan biri idi. Raşabəyovların ailəsində musiqini çox sevirdilər. Xüsusilə evin ən qiymətli əşyası olan tar aləti göz bəbəyi kimi qorunurdu. Gənc Rüxsarə fortepianoda çalmağı öyrənsə də, tar onu çox cəlb edirdi. Bu alətdə muğamları və xalq musiqi numunələrini ifa etmək arzusu böyük idi.

       Gözəl musiqi qavrama qabiliyyətinə malik olan qız tar çalmağı müstəqil olaraq öyrənir . Bir müddət sonra isə Azad qadın sarayının (sonralar Əli Bayramov adına klub, hal-hazırda Səadət sarayı) 1 nəzdində təşkil olunmuş qadınlardan ibarət xalq çalğı alətləri orkestrinin konsertini dinləyir. Musiqiçi qadınların çıxışları gənc Rüxsarəyə böyük təsir göstərir. O, orkestrdə çalmaq arzusu ilə yaşayır. Daxilən məqsədyönlü bir insan olan Rüxsarə xanım tezliklə bu arzusuna çatır. O, dinləmələrdən uğurla kecərək, kollektivə qəbul olunur.

       Xatırlatmaq yerinə düşər ki, 1930-cü illər SSRI-də mədəniyyət və incəsənət sahəsində özfəalliyyət hərəkatının geniş vüsət aldığı bir dövr idi.Bütün ölkədə xalq yaradıcılığı ilə bağlı müxtəlif baxışlar, olimpiadalar təşkil olunurdu. Çox zaman «bir sıra özfəaliyyət kollektivləri öz bədii səviyyəsinə görə professional kollektivlərə çatırdı» 2. Məhz belə kollektivlər sırasına Rüxsarə xanımın da daxil olduğu birinci qadın orkestrini aid etmək olar.

       Rüxsarə xanım var qüvvəsilə, ürəkdən, maraqla çalışaraq, ifaçılığını təkmilləşdirirdi. Bunun sayəsində o, tezliklə orkestrin solistləri sırasına çıxdı. Qeyd etmək lazımdır ki, F.Şuşinski Azərbaycan xalq musiqiçiləri ilə bağlı tədqiqatlarında 3 Şərq Orkestrinin istedadlı üzvü kimi Rüxsarə Paşayevanın (Paşabəyova-N.B.) adını çəkmişdir.

       Rüxsarə xanım xatırlayır ki, «orkestrin dörd solisti vardı: iki tarçalan - mən və Hökümə Nəcəfova, iki kamançaçalan. Orkestrin bütün üzvləri milli qeyimdə-uzun paltarda və başında ağ kəlağayı ilə çıxış edirdilər.»

       Rüxsarə xanım deyir ki, o vaxt çox cavan olan Niyazi 4 də onlarla məşqlər keçirirdi (təəssüf ki, dəqiləşdirə bilmərəm, Dekadadan əvvəl,yaxud sonra). «O, ideal bir insan və çox yaxşı rəhbər idi. Biz onu özümüzün əziz adamımız hesab edirdik. Yadımdadır ki, Niyazı fortepianoda xalq rəqslərini sırayətedici coşğun tərzdə çalır, biz isə milli geyimdə rəqs edirdik.»

       1938-ci ilin aprel ayında Moskvadakı Dekadada Rüxsarə xanım respublikanın yüzlərlə nümayəndəsi sırasında Azərbaycan incəsənətinin təmsilçilərindən biri olmuşdur. Birinci Dekadanın hadisələri milli musiqi mədəniyyəti salnaməsinin unudulmaz səhifələrindəndir. Dekadanın hər bir iştirakçısının yaddaşında onlar silinməz iz qoymuşdur.

       Dekadada hökm sürən bayram əhval-ruhiyyəsi, təntənəli atmosfer Rüxsarə xanımın yadında həmişəlik qalmışdır. Çünki bu tədbirə sovet hökuməti rəhbərləri xüsusi mədəni və siyasi-ideoloji əhəmiyyət verirdilər.

       Rüxsarə xanımın dediyi kimi, Dekada iştirakçıları üçün gözəl şərait yaradılmışdı. Ən yaxşı konsert zalları onların ixtiyarına verilmişdi. Onlar «Moskva» mehmanxanasında yaşayırdı, hətta şəhərin ən məşhur mağazası müəyyən gündə yalnız Azərbaycandan gəlmiş qonaqlara xidmət edirdi.

       Bəs mətbuat! Bu gün həmin illərin səhifələri saralmış qəzetlərini vərəqləyərkən, bu tədbirin necə geniş şəkildə işıqlandırıldığı maraq doğurur. Bütün mərkəzi və respublika qəzetləri, demək olar ki, əvvəldən axıra kimi Dekadaya həsr olunmuşdu: məlumatlar, təbriklər, iştirakçıların fotoşəkilləri, görkəmli partiya və dövlət xadimlərinin, elm və mədəniyyət xadimlərinin çıxışları, tanınmış sovet musiqişünaslarının tənqidi məqalələri.

       Qadınlardan ibarət birinci xalq çalğı alətləri orkestrinin çıxışları da diqqətdən kənarda qalmamışdı. Q.Xubov belə yazırdı: «Qadınlardan ibarət xalq çalğı alətləri orkestrinin çıxışları maraqlıdır, bu orkestr mürəkkəb muğamları, populyar xalq mahnılarını və rəqs melodiyalarını çox gözəl ifa edir...Kollektivin ifasındakı səmimilik və zəriflik, ritmik mütənasiblik və ifadəlilik dinləyicini heyran edir» 5

       Rüxsarə xanımın xatirələrində əsas yeri, əlbəttə ki, Ittifaqlar Evinin Sütunlu zalında keçirilmiş konsert tutur. Çünki bu səhnədə o, «Bayatı-Şiraz» muğamını solo ifa etmişdi. Çıxışını bitirdikdən sonra isə... Rüxsarə xanım indiyə kimi təəccüblənir ki, o zaman on səkkiz yaşlı, hələ o qədər də böyük təcrübəsi olmayan tarçalan qız necə gurultulu alqışlarla qarşılandı.

       Konsertdən sonra Kremldə təntənəli qəbul və nahar oldu. Həm konsertlərdə, həm də qəbulda Stalin və bütün hökumət üzvləri iştirak edirdi. Qonaqlar ayrı-ayrı stollarda bir neçə nəfər oturmuşdular. Rüxsarə xanım xatırlayır ki, artistlərin hər bir çıxışından sonra Stalin üzünü onlara tərəf tutaraq, ağır-ağır əl çalırdı.

       Dekadanın sonuncu «akkordu» onun iştirakçılarının mükafatlandırılması mərasimi oldu. Rüxsarə xanım qızıl qol saatı ilə mükafatlandırılmışdı. Mükafatları təqdim edən M.Kalinin qızın əlini sıxaraq, zarafatla demişdi: «Ən balaca iştirakçıya balaca saat düşüb».

       Dekadadan qayıtdıqdan sonra Rüxsarə xanım musiqi texnikumunda tar sinfində məşğul olmağa başlayır. Lakin o, həm öz arzusuna müvafiq olaraq, həm də valideynlərinin təkidi ilə Azərbaycan Dövlət Tibb Institutunun (hal-hazırda Tibb Universiteti) Farmokologiya fakultəsinə daxil olur. Buna görə də musiqi texnikumundakı dərslərinə xitam verir. Niyazi bunu biləndə çox məyus olmuşdu.

       Rüxsarə xanım danışır ki, Niyazi məni çox sevirdi və mənim musiqiçi olmağımı istəyirdi. O məni dilə tutaraq deyirdi ki, «sən çox nahaq yerə orkestrdən gedirsən. Axı farmasevtlik sənin nəyinə lazımdır? «Aspirini», «Hinini» yazacaqsan, nə olsun. Başa düş ki, sən musiqi üçün yaranmısan. Tibb Institutundakı dərslərlə yanaşı, musiqi məşğələlərini də davam etdirmək olar.»

       Məlum məsələdir ki, həyat yalnız işıqlı cəhətlərdən ibarət deyil. Həyatın gözlənilməz dönüşləri olur. 1942-ci ildə Rüxsarə xanım Tibb Institutunun sonuncu kursunda oxuyarkən, bütün Paşabəyovlar ailəsi repressiyaya məruz qaldı və öz sərt təbiəti ilə tanınan Qazaxıstanın şimalındakı Mamlyutka kəndinə sürgünə göndərildi.

       Xarakterindəki xüsusiyyətlər – gənc qız üçün qeyri-adı görünən inadkarlıq, mərdlik, möhkəmlik, məqsədyönlülük nəticəsində o, bütün çətinliklərə sınə gərdi. Eyni zamanda, Rüxsarə xanım belə hesab edir ki, onun həyatda bəxti gətirib və o, həmişə yaxşı insanlarla əhatə olunub. Repressiya illərində qorxmadan ona mənəvi dayaq olan insanları o, minnətdarlıq hissi ilə xatırlayır. Belə insanlardan biri Tibb Institutunun o vaxtkı rektoru M.Əliyev idi. Rüxsarə xanımın xüsusi ehtiramla yad etdiyi daha bir insan da vardı ki, O, risk edərək, Rüxsarə xanımın hələ bəraət almamış valideynlərini sürgündən çıxarmağa nail olmuşdu. Ruxsarə xanım özü də qeyri-leqal şəkildə sürgündən xilas ola bilmişdi. Bakıya gəldikdən sonra isə o, Moskvaya məktub yazıb özünün və bir müddət sonra isə valideynlərinin bəraətinə nail oldu.

       Tibb Institutuna bərpa edilərək, təhsilini başa vurdu. (Rektorun böyük məmnuniyyətlə verdiyi «Sözsüz bərpa olunsun!» əmrindən sonra yaranan hissləri təsəvvür etmək çətin deyil). Lakin o, artıq musiqi sənətinə qayıtmadı. Bəlkə də ona görə ki, onun sevimli tarı sürgündə olarkən itmişdi. Buna rəğmən onun qızı Fəridə isə professional musiqiçi oldu.        Bu gün yaşına və səhhəti ilə bağlı zəifliyinə baxmayaraq, Rüxsarə xanım hər zaman xoş simalı və ünsiyyətcildir. O, özünün yüksək intellektuallığı və mənəvi zənginliyi, alicənablığı ilə insanı cəlb edir.

       Mənim sonuncu sualıma, M.Kalininin bağışladığı saatın aqibəti barədə sualıma o, qəmli bir təbəssümlə cavab verdi: «Dekadanın yadıgarı olan, gənclik illərinin işıqlı xatirələri ilə bağlı saat indi qalmayıb, məhrumiyyət illərində ondan ayrılmaq məcburiyyətində idik.»


1Məlumat üçün: Qadınlardan ibarət xalq çalğı alətləri ansamblı ilk dəfə Balaxanı kəndində N.Krupskaya adına klubun nəzdində 1920-ci illərdə yaradılmışdı. Yalnız bundan bir qədər sonra haqqında danışdığımız orkestr meydana gəlmişdir. 1933-cü ildə Zaqafqaziya Olim-piadasında birinci dərəcəli mükafata layiq görülən orkestr Azərbaycan Dövlət Filarmoniyasının tərkibinə daxil oldu.

2Muzıka narodov SSSR. Tom 2. M.-«Sovetskiy kompozitor», 1970, str. 229.

3 Şuşinski F. Azərbaycan xalq musiqiçiləri. Bakı, Yazıcı, 1985, s. 272.

4 Bu illərdə Niyazi bəstəkarlıqla və dirijorluq fəaliyyəti ilə yanaşı, bədii kollektivlərdə təşkilatçılıq işləri ilə fəal surətdə məşğul olurdu. 1938-ci ildə Dekadadan sonra o, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsinə təyin olundu ki, haqqında söhbət gedən qadınlardın ibarət xalq çalğı alətləri orkestri də filarmoniyanın tərkibinə daxil idi.

5Q.Xubov. Narodnostğ i masterstvo. «Bakinskiy raboçiy», 17 aprelə, 1938 q. («Pravda», po teleqrafu).













Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70