Qanun – yatıq sazlar ailəsinə mənsub olan, dartımlı-simli musiqi alətidir. Yaxın və Orta Şərqdə, eləcə də Azərbaycan ərazisində tarixən geniş yayılmış Azərbaycan klassiklərindən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və başqalarının əsərlərində qanun aləti haqqında geniş məlumat verilmişdir. XII əsrdə yaşayıb-yaratmış, Şərq musiqi elmini dərindən bilən şairə Məhsəti Gəncəvi qanun və çəng alətlərinin məharətli ifaçısı olmuşdur.
Əsasən, qadınlar tərəfindən ifa edilən bu aləti Füzuli «Yeddi cam» əsərində belə təsvir etmişdir:
Bir gün gecə məclisimiz vardı ki, ondan
Çox-çox uzağa qalmış idi dərd, qəm, hicran
Xam nəğmələrlə edərək aləmi məmnun,
Bir huri mələk çalırdı iri bir qanun.
Uzun tarixi inkişaf yolu keçən bu alət zaman-zaman formalaşaraq, dövrümüzə kimi gəlib çatmışdır.
Müxtəlif səbəblərdən bu alət demək olar ki, Azərbaycanda XX əsrin əvvəllərində tamamilə unudulmuş sayıla bilərdi.
Azərbaycan musiqi mədəniyyəti tarixində dəyərli xidmətləri olan Məşədi Cəmil Əmirov-1912-ci ildə Türkiyədə olarkən, Şərqdə məşhur olan musiqi alətlərindən ud və qanunda çalmağı öyrənmişdir. 1913-cü ildə doğma vətəninə qayıdarkən Məşədi Cəmil özü ilə bu iki aləti də gətirmişdir.
Sənəti sevən cəfakeş olar. Bu muğam ustası, əməkdar müəllim Nəriman Əliyevin fikridir və hər dəfə sənət adamlarından söhbət açanda bu qocaman xanəndənin sözləri yada düşür. Bu gün yaradıcılığından söhbət açacağımız, sənətdə doğrudan da cəfakeş olan ifaçılardan biri-Asya xanım Tağıyevadır.
«Bayatı-Şiraz» muğamı Qanunda çalır Asya Tağıyeva-deyə konferansye növbəti nömrəni elan etdikdə tamaşaçılar təəccüblə bir-birinin üzünə baxdılar: görəsən qanun necə alətdir? Azərbaycan Dövlət Opera və Balet teatrının pərdəsi yavaş-yavaş açıldı. Orta boylu bir qız, əlində arfaya oxşar musiqi aləti səhnədə göründü. Gənc qız aləti dizləri üstünə qoyaraq məharətlə çalmağa başladı. Onun barmaqları simlərin üzərində gəzdikcə muğamın məlahətli melodiyası dinləyiciləri valeh edirdi. Bu qız Asya Tağıyeva idi.
1957-ci ildə Moskvada keçirilən Tələbə və Gənclərin VI Ümumdünya festivalında o, «Yaradıcılıq müvəffəqiyyətinə görə» Qızıl medalla təltif olunur. Festivalda çıxış edəndən sonra xalq artisti, bəstəkar Səid Rüstəmov Asya xanımı Azərbaycana dəvət edir. O, Respublika Mədəniyyət Nazirliyinin dəvətilə Bakıya gəlir. Asya xanımın Azərbaycana gəlişi ilə respublikamızda qanun ifaçılığının yenidən əsası qoyuldu. O, bir müddət Azərbaycan televiziyası və radiosunun Xalq Çalğı Alətləri orkestrində çalışmağa başladı.
Gənc ifaçının uğurlarından biri 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Mədəniyyəti və Incəsənəti ongünlüyündə Böyük Teatrın möhtəşəm səhnəsində Azərbaycanın bir çox görkəmli incəsənət xadimləri ilə çıxışı idi. Bu səfərdən sonra Asya xanım Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin Rəyasət heyətinin 1959-cu il 10 iyun tarixli Fərmanı ilə Fəxri Fərmanla təltif olunur.
1959-cu ildə Asya Tağıyevanın ifasında ilk dəfə olaraq Azərbaycanda qanun alətində «Bayatı-Şiraz» və «Çahargah» muğamları vala yazıldı.
1964-cü ildə artıq ilk dəfə olaraq qanun üçün görkəmli bəstəkar Zakir Bağırov professional əsər yazdı. Əsər 2 Arfanın müşayiəti ilə Moskvada Kremlin Sütunlu zalında Asya xanımın ifasında müvəffəqiyyətlə ifa olundu.
Asya xanım Azərbaycanın SSRI əməkdar incəsənət xadimi Əhməd Bakıxanovun rəhbərliyi ilə Xalq çalğı alətləri ansamblnda 1965-ci ildən çalışmağa başlayır. O dövrlərdə filarmoniyanın Konsert afişalarında tez-tez Asya Tağıyevanın adının Rəşid Behbudov, Sara Qədimova, Şövkət Ələkbərova, Islam Rzayev, Əhsən Dadaşov, Xan Şuşinski, Niyazi, Arif Babayev, Şəfiqə Eyvazova, Natəvan Şeyxova, Canəli Əkbərov, Hacı Məmmədov və başqa korifey sənətkarlarla çəkilməsini və çıxışlarını izləmək olar.
Asya xanım C. Cahangirovın rəhbərliyi ilə Azərbaycan Dövlət filarmoniyasının Mahnı və Rəqs ansamblnda da bir müddət çalışmışdır. Bu ansamblla dünyanın bir çox ölkələrində, keçmiş Sovet Ittifaqının Moskva, Leninqrad, şəhərlərində Ukrayna, Orta Asiya, Pribaltikada qastrol səfərlərində müvəffəqiyyətli çıxışlar etmişdir.
1965-ci ildə Asəf Zeynallı adına Musiqi Məktəbində «Qanun» sinfi açıldı. Asya Tağıyeva Azərbaycanın ilk qanun ifaçısı kimi bu sinfə müəllim təyin edildi.
1967-ci il Azərbaycan Radio və televiziyasının musiqi kollektivləri ailəsinə yeni bir üzv əlavə olundu. Bu, Gülarə Əliyevanın rəhbərliyi ilə yaranmış «Dan Ulduzu» instrumental ansamblı idi. Asya xanım yeni yaranmış kollektivə dəvət alır. Kollektivdə estrada sənətinə yaxından bələd olan professional musiqiçilərlə bir müddət çalışır. Klassik musiqi alətləri ilə milli musiqi alətləri yeni ansamblda gözəl vəhdət təşkil edir.
Istambul Radiosunun solisti professional qanun ifaçısı Asya Tağıyevanın ifasından heyrətlənərək, 1970-ci ildə öz alətini Asya xanıma hədiyyə edir. Indi də bu alət Asya xanımda qorunub saxlanır.
Asya xanım ifaçılıqla yanaşı, müəllimlik fəaliyyətinə görə də bir çox fəxri fərmanlarla təltif olunmuşdur.
Bunlar müxtəlif illərdə Müsabiqələrdə müvəffəqiyyətli tələbə hazırlığına görə verilmiş mükafatlar idi.
1984-cü ildə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasında «Qanun» sinfinin fəaliyyətinə rəhbərlik üçün Asya xanım dəvət alır. 1988-89-cu illərdə burada müəllimlik fəaliyyəti göstərir.
Musiqimiz artıq yeni bir ifaçı, yeni bir musiqi aləti tapmışdı. Azərbaycan Xalq Calğı Alətləri orkestri, ansamblları heyətinə yeni bir ifaçı əlavə olunmuşdu. Radio dinləyiciləri və televiziya tamaşaçıları Azərbaycan Xalq Çalğı Alətləri alətləri orkestri, ansambllarının doğma sədaları içərisində qanunun səsini artıq seçə bilirdilər. Az sonra hamı onu tanıdı və sevdi.
Asya Tağıyeva yaradıcılığının Azərbaycanda 45 illik tarixi var. Bu illər ərzində yetirmələrinin sayı ildən-ilə çoxalıb, soraqları orta ixtisas Musiqi məktəblərindən, konservatoriyalardan, dünyanın bir çox ölkələrindən gəlir və bunların hamısında Asya xanımın əməyi var.
Onu da qeyd edim ki, Azərbaycan höküməti Asya xanımı həmişə qayğı ilə əhatə edir. 2004-cü ilin dekabrında Asya Tağıyeva Mədəniyyət Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.
Əməkdaşı olduğum Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi hər il Azərbaycanın belə görkəmli incəsənət xadimlərinin xatirə gecələrini təntənəli surətdə qeyd edir. Bu gecələrdən biri də 10 fevral 2005-ci ildə Muzey tərəfindən təşkil edilmiş Asya Tağıyevanın 70 illik yubileyi gecəsi idi. Mən də Asya Tağıyevanın həm tələbəsi, həm də müəllimlik ənənələrini davam etdirən bir ifaçı kimi bu tədbirin keçirilməsinə yaxından kömək etdim. Ilk dəfə olaraq, müəllimi olduğum Milli Konservatoriyada təhsil alan tələbələrimdən ibarət «Qanunçalanlar ansamblı» təşkil etdim. 1980-ci illərdə «Yuri Qaqarin adına Pioner və Məktəblilər» sarayında «Qanunçalanlar» ansamblı fəaliyyət göstərirdi. Asya xanımın rəhbərliyi ilə də tələbələrdən ibarət belə ansambl təşkil olunmuşdu. Lakin bütün bu ansambllarda ifa olunan musiqilər unison səsləndirilirdi. Mənim bu gəcədə qanunçalanlar ansamblımın debütü oldu. Bu ansamblın ifasında səslənən bəstəkar əsərləri professional səviyyədə, müxtəl
if partiyalara bölünmüş ifanı təşkil edirdi.Ayrı-ayrı solo nömrələri ilə çıxışlarımız da gecəni əsl qanun alətinin bayramına çevirdi. Bu gecəni mən öz müəllimimə hədiyyə etməyi borc bildim.
p align>
|