Heç kim üçün sirr deyil ki, Azərbaycanda klassik musiqi mədəniyyəti böhran dövrünü yaşayır. Ictimai həyatın demokratikləşməsi əhəmiyyətli nailiyyətlər əldə etdiyi, kimi mühüm itkilərə də səbəb oldu. Bir tərəfdən, ideoloji məngənədən qurtuluş, bəstəkar və ifaçıların öz yaradıcılıq mövqelərinə görə təqibi, dünyaya çıxış və tanınmaq məhdudiyyətinə son qoyulub, həqiqi mənada azad yaradıcılıq hüququ əldə edilibsə, digər tərəfdən, ideoloji senzura iqtisadi çətinliklərlə əvəz olunur. Müasir dövrdə mədəniyyət və incəsənətin qeyri-sabit iqtisadi şəraitdə yaşayıb, dəyər və əhəmiyyətini sübut etməsi xeyli mürəkkəbləşib.
Ümumiyyətlə, dünya musiqi mədəniyyəti tarixi cəmiyyətin musiqi və musiqiçilərə münasibətinin müxtəlif modellərini tanıyır. Tarix boyu musiqiçi peşəsinin dəyəri yoxsul, həqarətli vəziyyətdən kütlənin kumirinə qədər yüksəlmiş, inkişaf mərhələləri keçmişdir. Bir neçə onillik öncə klassik musiqi mədəniyyəti və təhsilinin nüfuzu danılmaz idi. Musiqi təhsili və mədəniyyətinin önəm və vacibliyini heç kimə sübut etməyə ehtiyac yox idi. Fərqli olaraq, indi mədəniyyət və incəsənət müasir cəmiyyətin qəbul etdiyi dəyərlər sırasında deyil.
Əsrlər boyu insan cəmiyyəti musiqiyə mənəvi ehtiyac duyub. Hələ ibtidai icma quruluşunda musiqi gündəlik həyatın tərkib, mərasim hissəsi idi. Musiqi ilə hamı məşğul olurdu, yalnız «dinləyici auditoriyası» yox idi. Musiqidə professionallaşma səhnə və digər incəsənət sahələri ilə əlaqədə yaranır. Burada dövlət xadimlərinin rolu daha qabarıqdır. Belə ki, musiqi və incəsənətin inkişaf səviyyəsi onların müvəffəqiyyət və qüdrətinin təsdiqi idi.
Müasir dövrdə hər bir insan musiqi ilə digər incəsənət növlərinə nisbətən daha çox təmasda olur. Aparılmış tədqiqatlara görə, insan hər gün orta hesabla iki saat müxtəlif növ musiqinin təsirinə məruz qalır. Kütləvi informasiya vasitələri, televiziyanın efir vaxtının demək olar ki, əsas hissəsinin şou proqramlar vasitəsilə populyar, yüngül musiqinin təbliğ etdiyi bir vaxtda peşəkar musiqiçilərin fəaliyyətsiz qalması, biganəliyi ümumilikdə musiqi mədəniyyətinin tənəzzülünə gətirib çıxarır. Elit hesab olunan klassik musiqi, opera sənəti keyfiyyət baxımından çox zaman mübahisə doğuran populyar musiqiyə nisbətən xeyli az auditoriya toplayır və bu audtoriyanın da əksəriyyətini musiqiçilər özləri, qalan hissəsini isə əcnəbilər təşkil edir. Çox guman ki, əcnəbilər bizim musiqiçilərin səviyyəsini lazımınca qiymətləndirirlər. Təəssüf ki, bu marağı biz onlarla bölüşmürük. Belə bir şəraitdə kütlənin musiqi tərbiyəsi, musiqi duyumunun formalaşması məhz peşəkarlar tərəfindən həyat
a keçirilməlidir. Bu işin əsas hissəsi musiqiçilərin, mediayayım vasitəlirinin üzərinə düşür. Bu baxımdan dinləyici auditoriyasına seçim imkanı verilməlidir. Əfsus olsun ki, bir çox ölkələrdən fərqli olaraq, bizdə hələ də klassik və jaz musiqisi, ədəbi proqramlar yönümündə fəailyyət göstərən radiostansiya yoxdur.
Musiqi mədəniyyətinin yayılması və mənimsənilməsi kortəbii olduğu kimi, mütəşəkkil qaydada da həyata keçirilə bilər. Nəzəriyyədə mədəniyyətin kortəbii mənimsənilməsi (dil, norma, dəyər, sənət əsərlərinin qavrayıb dərk etmə qabiliyyəti) adətən kobud ifadə etsək, mədəniyyətin yeridilməsi adlanır. Bu proseslər çox dinamik şəkildə ailədə (ailə tərbiyəsi), yaşadığı mühitdə, həmyaşıdlarla ünsiyyətdə inkişaf edir. Mədəniyyətin mütəşəkkil qaydada yayılması isə mədəni prosesləri inkişaf etdirən müəssisələr tərəfindən həyata keçirilir.
Müasir praqmatik həyatda musiqi mədəniyyəti yaşamaq hüququnu sübut etmək məcburiyyətindədir. Həqiqət ondan ibarətdir ki, musiqi mədəniyyətinin aparıcı qüvvələri, yəni musiqiçi və müəllimlərdən başqa bunu heç kim öhdəsinə götürməyəcək. Yalnız musiqiçilər cəmiyyətin şüuründa musiqi təhsili və mədəniyyətinin ümumbəşər dəyəri barədə təsəvvürləri yenidən bərpa edə bilər.
Hal-hazırda bir çox ölkələrdə intellektual musiqinin dinləyici auditoriyasına daha asan, əlverişli formada çatdırılması təcrübədən keçirilir. Fikrimə aydınlıq gətirmək üçün Sankt-Peterburq Dövlət Simfonik Orkestrinin 13 yanvar 2005-ci il tarixdə Böyük Britaniyanın Kent Universitetinin tələbələri üçün maarifləndirmə məqsədi ilə verdiyi konserti nümunə gətirmək istərdim. Gənc auditoriyanı ciddi musiqiyə cəlb etmək məqsədi daşıyan konsert qeyri-adi formada keçirilmişdir. Yəni dinləyicilərə səhnədə baş verənlərə fəal şəkildə qoşulmaq təklif olunmuş, məsələn, maestro zaldan səhnəyə bir neçə nəfər dəvət edib, onlarla birgə nə isə ifa etməyə çalışmış, yaxud dinləyicilərdən birini özünü dirijor rolunda sınamağa imkan yaratmışdır. Beləliklə, dinləyicilərlə canlı kontakt konsertin özəyini, mahiyyətini təşkil etmişdir. Daha bir misal kimi, Rusiyadan Bakıya qastrol səfərinə gəlmiş nəfəsli alətlər kvintetinin çox müvəffəqiyyətlə keçən konsertini göstərmək olar. Çox maraqlı repert
uar, virtuoz ifa ilə yanaşı, konsert proqramının teatr elmentləri, yəni obraza uyğun geyimlər, ifa zamanı replikalar və s. ilə tamamlanması çıxışın uğuruna, auditoriyanın marağına səbəb oldu.
Ümumiyyətlə kütlənin zövqünün formalaşdırılmasının mümkün və vacib olduğu artıq hamı üçün bəllidir. Bununla biznes və elmin marketinq, reklam, psixologiya, public relations, sosiologiya kimi sahələri məşğul olur. Müasir dövrdə biznesin ən yeni texnologiyalarının musiqi mədəniyyəti və təhsilinin inkişafı istiqamətində çalışması zərurəti yaranıb. Məhz ona görə müasir musiqi mədəniyyəti və təhsili sahəsində musiqi menecmenti ixtisası üzrə peşəkarların hazırlanmasına böyük ehtiyac duyulur. «Management» sözünün hərfi mənası idarəetmə, müdiriyyət deməkdir. Bir çox inkişaf etmiş ölkələrin təhsil sisteminə nəzər salsaq, axırıncı beş il ərzində orta və ali təhsil müəssisələrində musiqi menecmenti üzrə xüsusi fakültə və şöbələrin açıldığını müşahidə edə bilərik. Klassik musiqinin inkişafına xidmət edə biləcək peşəkarların nəinki iqtisadiyyat, biznes sahəsində bilikləri, həmçinin klassik musiqi təhsilinin də olması şərtdir. Bu ixtisas (musiqi menecmenti) bir çox ali musiqi təhsi
l ocaqlarında tətbiq edilir. Bu elm musiqi menecmentinin spesifikasını aşkarlamaq, musiqi təhsili və mədəniyyətinin biznes qanunlarına uyğun qeyri-sabit iqtisadi və sərt rəqabət şəraitində inkişaf etdirə biləcək təşkilatçı və idarəçilərin yeni nəslinin yetişdirilməsinə xidmət edir. Idarə etmə, təşkilat fəaliyyəti xüsusi istedad tələb edən sahədir. Əminliklə deyə bilərəm ki, hər bir yaradıcı kollektiv, yaxud təhsil müəssisəsinin müvəffəqiyyəti yalnız üzvlərinin ifaçılıq, yaxud pedaqoji bacarığından deyil, daha çox müdiriyyət, yaxud idarə edənlərin enerjisi, təşəbbüskarlığı, tədbirliliyi və işgüzarlığından asılıdır. Digər tərəfdən, musiqi pedaqogikası haqqında danışsaq, qeyd etməliyik ki, musiqi müəllimlərinin qarşısına qoyulan sırf təşkilat və idarəçilik vəzifələri heç də pedaqoji, ifaçılıq, psixoloji məsələlərdən az əhəmiyyətli deyil. Nəticə etibarılə ən adi musiqi müəlliminin hazırlanmasında menecment sahəsinin bilik və bacarıqları tədris olunmalıdır. Təcrübə sübut edir ki, idarəetmə bacarıqsızlığı, tərbiyə
təhsil prosesinin düzgün, savadlı təşkil olunmaması çox zaman tələbələrin hazırlığını yox dərəcəsinə endirir. Amerika və Avropanın iqtisadi cəhətdən inkişaf etmiş ölklərində musiqi menecmenti sürəkli tarixə malikdir. Həmçinin, çox sayda nəzəri metodik işlər hazırlanıb. Məhz bu biliklər musiqi pedaqoji fakültə tələbələrinin bilik və bacarıq dairəsini genişləndirə bilər. Menecment bilikləri musiqiçiləri xalqının mədəniyyət və dəyərlər toplusunun formalaşmasında öz rolları barədə düşünməyə imkan yaradır.
Fikrimcə, menecer dinləyicilərlə musiqi mədəniyyəti arasında əsas vasitəçidir. Adətən, fəal şəkildə nə isə etməyə çalışanları menecer adlandırırlar. Musiqi meneceri öz vəzifə borcları ilə əlaqədar hər hansı mədəni prosesləri təşkil edir və sonradan məqsədyönlü şəkildə onları idarə edir. Musiqi meneceri sahəsində çalışmaq üçün yaş məhdudiyyəti prinsipial deyil. Amma, şəxsi keyfiyyətlər kompleksi bu sahədə lazımi biliklər qədər mühüm rol oynayır. Söhbət indi yalnız musiqiçi və ifaçıların peşəkarlığından deyil, təşkilatın texniki hazırlıq vasitəlirindən gedir. Öz istedadlarını, qüvvələrini tətbiq edə bilməyəcək ifaçıların yetişdirilməsinin nə mənası var? Bizim mədəniyyət və musiqi həyatının problemi savadlı, peşəkar menecmentin olmamasıdır.
Klassik musiqi mədəniyyətinə marağın itməməsi üçün müasir dövrün tələbləri ilə ayaqlaşmaq, onunla həmahəng olmağı zaman diqtə edir.
Muasir dövrdə Azərbaycanın musiqi mədəniyyətinin inkişafına, təbliğinə xidmət etmək, hər bir musiqiçinin qarşısında duran ən ümdə vəzifələrdəndir. Onilliklərdən sonra gələcək nəslin öz mədəniyyətini tanıması, sevməsi və ümumilikdə ona munasibəti bizim bugünkü fəaliyyətimizdən aslıdır.
p align>
|