1. Intellektual mülkiyyət hüququ: məqsədlər və vasitələr
1.1. Müasir əqli mülkiyyət qanunvericiliyinə əsasən, əqli mülkiyyət (ƏM) və ya intellektual mülkiyyət (IM) - əqli yaradıcılıq nəticələrinin qorunması məqsədi ilə onların müəlliflərinə və hüquq sahiblərinə verilən müstəsna hüquqlardır.
Obyektiv mənada ƏM əqli fəaliyyətin nəticələrinin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və bununla intellektual mülkiyyətin qorunması aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə intellektual fəaliyyətin nəticələrinin yaradıcılarına məxsus olan şəxsi qeyri əmlak və əmlak hüqularıdır və bununla qanunla verilmiş və qorunan hüquqlar kimi çıxış edir.
ƏM professional təcrübədə müəllif hüququna, əlaqəli hüquqlara, inteqral sxem topologiyalarına, məlumat toplularına olan hüquqlara, ənənəvi mədəniyyət nümunələri-folklora olan hüquqlara və digər oxşar hüquqlara (bundan sonra əqli mülkiyyət hüquqları), həmçinin özündə ilk növbədə patentləri, əmtəə nişanlarını və coğrafi göstəriciləri birləşdirən sənaye mülkiyyətinə olan hüquqlara bölünür. Azərbaycan Konstitusiyasının 30-cu maddəsinə uyğun olaraq, «Hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur».
Müasir dövlətin əqli fəaliyyət nəticələrinə verdiyi qorunmanın məqsədlərini aydın təsəvvür etmək üçün ƏM hüquqi fenomeninin dəqiq, doktrinal anlamı həddindən artıq vacibdir. Hüquqların müəyyən edilməsi vəzifəsini dövlət həll edir, onun qanunvericilik funksiyası hüquqların tanınması və müvafiq münasibətlərin tənzimlənməsi üçün etibarlı hüquqi örtüyün yaradılmasına xidmət edən normativ hüquqi baza yaradılmasına imkan verir. Burada hüquq dövlət tərəfindən verilən təminatların məcmusu və digərlərini məcbur etmək imkanı kimi çıxış edir.
Müasir intellektul mülkiyyət və ilk növbədə müəllif hüququ və əlaqəli hüquqlar özünün ənənəvi mədəni humanitar əhəmiyyəti ilə yanaşı, getdikcə daha çox əmtəə xassələri alır və nəhəng iqtisadi potensiala malik olur. Təsadüfi deyil ki, müasir iqtisadiyyat biliklərə əsaslanan iqtisadiyyat adlanır (intellektual və ya rəqəmli iqtisadiyyat), onda yığılmış qeyri maddi aktivlər isə maddi aktivlərlə müqayisədə heç də az rol oynamır, əqli mülkiyyətə əsaslanan intellektual kapitalın özü isə əsas valyuta qismində çıxış edir. Bu səbəbdən dünya dövlətləri əqli mülkiyyətin bu ikili təbiətini nəzərə alaraq nəinki əqli mülkiyyət hüquqlarını müyyən edir və bu hüquqlara əməl edilməsinə nəzarət edirlər, eyni zamanda əqli mülkiyyətdən istifadə ilə bağlı bütün iştirakçıların əməl etməsi üçün məcburi olan və müəyyən sosial təminatlar rolunu oynayan bəzi minimum standartları formalaşdırırlar.
Dövlətin müəyyən etdiyi hüquqi normalar ayrı-ayrı kateqoriyadan, yaxud qrupdan olan adamların (burada müəlliflər (hüquq sahibləri), yaxud istifadəçilər nəzərdə tutulur) «istəklərinə» əsaslanmır, burada maraqları əsas götürülən başlıca tərəf cəmiyyətdir. Cəmiyyətin rifahı və onun firavanlığı isə əqli mülkiyyət hüquqlarının mövcudluğunun zəruriliyini əsaslandıran başlıca səbəbdir. Müəlliflərə və hüquq sahiblərinə həmin hüquqların verilməsi ilə onları hüquq sahibi edərək, yəni cəmiyyətin bütün üzvlərininin üzərinə müəyyən öhdəliklər qoyaraq, dövlət bununla bu hüquqi sistemin cəmiyyətə təminat verəcəyi üstünlüklərlə kompensasiya etməyi nəzərdə tutur.
Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, cəmiyyətin aldığı fayda intellektual mülkiyyət hüquqlarının tanınmasının və qorunmasının başlıca səbəbidir. Intellektual mülkiyyət hüquqlarının inkişaf tarixinin elə müəllif və cəmiyyətin maraqları arasında balans axtarışı olması da məhz bununla izah olunur. Məhz dövlət şəxsiyyətin hüquqları və cəmiyyətin maraqları, yəni «mədəniyyət sahəsi və komersiya dairəsi arasındakı» dayanıqlı olmayan tarazlığı qoruyub saxlamağa qadirdir.
ÜƏMT-nın 2000-ci ildə yeni minilliklə bağlı yaydığı Ümumdünya Bəyamnaməsində qeyd olunur ki, «ƏM bəşəriyyətin inkişafında, elmi-texniki tərəqqinin və mədəni yaradıcılığın təminatında əsas amillərdən olmuş və qalmağında davam edir...» Bununla əlaqədar növbəti nəticə belədir ki, müasir dövlətlər tərəfindən cəmiyyətin faydası mövqeyindən intellektual yaradıcılıq nəticələrinə hüquqi qorunma təqdim edilməsi geniş mənada mədəniyyətin, yəni insan zəkası ilə yaradılan nə varsa hamısının məcmusunun inkişafı üçün əlverişli şəraitin yaradılması zərurəti ilə izah edilir.
Qeyd olunan nəticələrdən çıxış edərək, müasir əqli mülkiyyət hüquqlarının təkan verdiyi əsas məqsədlər formalaşdırılır.
Birincisi, mədəni irsin qorunub saxlanması;
Ikincisi, mədəni dəyərlərin cəmiyyətdə maksimum geniş yayılmasına yardım göstərilməsi;
Üçüncüsü, əqli yaradıcılığın yeni nəticələrinin meydana çıxmasına imkan verən şəraitin yaradılması.
Beləliklə, əqli mülkiyyət hüquqlarının məqsədləri mədəni irsin qorunub saxlanması, yayılması və zənginləşdirilməsidir. Bununla əlaqədar müasir əqli mülkiyyət müəlliflərin (hüquq sahiblərinin), istifadəçilərin və əlbəttə ki, kompromisin başlıca tərəfinin – cəmiyətin və onun informasiyaya əlverişli daxil olma imkanı qanunla təmin olunan bütün vətəndaşlarının maraqlarını özündə birləşdirən müəyyən kompromislərin toplusudur.
Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.
p align>
|