KIÇIK QAFQAZIN CƏNUB-ŞƏRQ RAYONLARININ TOY ADƏTLƏRI (XIX-XX ƏSRIN ƏVVƏLLƏRI)
Solmaz MƏHƏRRƏMOVA
 

Toy xalqımıza məxsus əsas adətlərdən biri olaraq qalmaqdadır. Tədqiq etdiyimiz bölgədə apardığımız müşahidələr göstərir ki, burada Azərbaycan toyunun müxtəlif və rəngarəng formalarından geniş istifadə edilmişdir.

       Toy mərasimini müəyyən mənada kütləvi bayram kimi də qəbul etmək olar. Belə ki, toy mərasimi iki ailənin və qohumların bayramı çərçivəsindən çıxaraq bütün kəndin, elin-obanın bayramına çevrilir.

       Tədqiq etdiyimiz bölgədə toy və evlənmə ilə bağlı müxtəlif adət və ayinlər müşahidə edilmişdir. Bu adət və ayinlər hər bir bölgənin spesifik xüsusiyyətləri nəzərə alınmaqla demək olar ki, bütün Azərbaycanda eynilik təşkil edir.

       Toy mərasimi bir neçə mərhələdən keçirdi. Bu mərhələ qız bəyənmədən başlayaraq toya qədər davam edirdi. Toy mərhələləri əsasən qızbəyənmə, elçilik, nişan, paltarbiçmə, xınayaxdı, kəbin kəsilməsi, toy və gəlingörmədən ibarət idi.

       Qızbəyənmə əsas proseslərdən biri idi. Adətən qızları oğlanın valideynləri və ya yaxın qohumları bəyənirdilər. Qeyd etmək lazımdır ki,qızı əvvəlcə öz yaxın və uzaq qohumları arasında, qohumların arasında onlara münasib qız olmadıqda isə kənar yerdə axtarırdılar. Hər bir ailə el arasında deyildiyi kimi: «özünə bab ailə» ilə qohum olmağı üstün tuturdu.

       Cəbrayıl rayon sakini Durna Kərimova məlumat verdi ki, qızları çöldə, bayırda oğlanlar görə bilməzdilər. Buna görə də evlənmək istəyən oğlanın valideynləri yaxın qonşuları, xala və bibiləri ilə məsləhət edirdilər. Əksər vaxtlarda qonşu və ya qohumlar bacarıqlı, evdar, səliqəli bir qızın və ailəsinin haqqında məlumat verirdilər. Bundan sonra oğlanın anası və ya xala və bibisi həmin evə üz tuturdu. Evə gələndə əvvəlcə məramlarını bildirməzdilər. Bir bəhanə ilə qızı çağırır, fiziki qüsuru olub-olmamasına fikir verir, qabiliyyət və səliqəsini yoxlamaq məqsədilə bir işə buyururdular. Qızı bəyəndikdən sonra elçilik mərhələsi başlayırdı. Oğlanın xalası və ya bibisi qızın anasına elçilərin gələcəyi barədə xəbər verirdi. Durna Kərimova qeyd etdi ki, qızın anası əvvəlcə bu işi yubadırdı. Qızın anası da öz növbəsində oğlanın ailəsi, ev-eşiyi haqqında məlumat toplayırdı. Buna görə də qızın xalası, bibisi və ya əmisi arvadından biri oğlan evinə göndərilər, ailə ilə tanış olar, ev- eşiyi nəzərdən keçirərdi. Oğlan evindən xoş təəssüratla qayıdılardısa qızın anası razılıq verərdi.

       Adətən elçilik üç dəfə edilirdi. Adətə görə birinci və ikinci elçilikdə atası razılaşmırdı. O da oğlanın və onun ailəsinin - gələcək qohumlarının haqqında qohum-əqrabası ilə məsləhətləşəcəyini bəhanə edərək bu işə razılıq vermirdi. Oğlan evi üçüncü, hətta dördüncü dəfə də elçiliyə gəlməyə razı idi. Bölgədə “Qız qapısı - şah qapısı”, “Oğlan evi alanacan, qız evi ölənəcən” ifadələri məhz bununla bağlı yaranmışdır.

       Elçilərin gəlməsi barədə xəbəri qız evinə qadınlar çatdırardılar. Belə ki, qız evinə əvvəlcə bir qadın gedər və oradakı abı-havadan xəbərdar olardı. Bundan sonra kişilər gedərdilər. Adətən elçiliyə axşam çağı - “şər qovuşandan” sonra gedərdilər. Elçilərin tərkibində iki nəfər ağbirçək qadın və iki nəfər ağsaqqal kişi olardı. Bəzi hallarda elçilərin sayı 12-13, hətta 14 nəfərə qədər olurdu. Elçiləri əsasən el-oba içində hörmət-izzət sahibi olan adamlardan seçərdilər. Elçilik zamanı ağbirçək qadınlar başqa otaqda oturar, kişilərin işlərinə qarışmazdılar. Elçilərdən kişiləri evin kişisi, qadınları isə qızın anası qarşılayardı. Elçilik zamanı baba sözü qanun olardı. Əgər qızın babası sağ idisə, razılığı da o verməli idi. Hətta baba uzaqda olsa belə onun razılığı mütləq olmalı idi.

       Qız evində elçilər üçün süfrəyə çay gətirərdilər. Lakin elçilər çaya əl vurmazdılar. Bu zaman ailənin başçısı təklif edərdi ki, çayınızı için, söhbət edəcəyik, baş tutarsa razılaşacağıq. Qız evindən razılıq - “hə” alındıqdan sonra şirin çay gətirilər, yemək süfrəsi açılardı. Elə buradaca “üzüktaxma” günü təyin edilərdi.

       Elçilikdən sonra bölgədə adlandırıldığı kimi “üzüktaxma” mərhələsi başlayırdı. “Üzüktaxma” eyni zamanda nişan mərasimi adlandırılırdı. “Üzüktaxma” adətinə görə qıza nişan üzüyü - “barmaqcıl” (bölgədə nişan üzüyü “barmaqcıl” adlandırılır-S.M.), “Şamaxı”, “Gəncə şamaxısı” (əvvəlki fəsildə qeyd etdiyimiz kimi Şamaxıdan və Gəncədən alınmış kəlağayılar bölgədə “Şamaxı” və “Gəncə şamaxısı” adlandırılırdı) və ailənin imkanından asılı olaraq “darayı” və ya tirmə yaylıqlar, sırğa, bilərzik aparılırdı. “Üzüktaxma” adətinə görə oğlan evindən qız evinə qoyun, düyü, yağ, un və s. göndərilər və bu ərzaq məhsullarından yemək hazırlanıb qonaqlara verilərdi. Bununla yanaşı qız evinə şirniyyat da gətirilirdi. Cəbrayıl sakini Durna Kərimova məlumat verdi ki, “üzüktaxma” adətinə görə Cəbrayıl və Füzuli rayonlarının ərazisində oğlanın yaxın qohumları şax bəzəyib qız evinə gətirərdilər. Şax adətən ağacın budağından olardı. Şaxın üstünə ilin fəslindən asılı olaraq müxtəlif meyvələr və şir niyyat asılardı. Şaxı əllərində tutaraq qızın evinə gəlirdilər. Şaxın say 12 -14-ə qədər olurdu.

       Laçın, Qubadlı, Zəngilan və Kəlbəcərdə də “üzüktaxma”da oğlan evindən qız evinə ərzaq və şirniyyat göndərilirdi. Burada adətən şirniyyatı məcməyiyə yığır və üzərini qırmızı ipək parça və ya qırmızı “şamaxı” ilə örtürdülər. Bu “xonça” adlanırdı. Burada da eynilə olduğu kimi, oğlanın yaxın qohumları xonça düzəldir və nişan məclisinə aparırdılar.

       Nişan üzüyünü qızın barmağına oğlanın böyük qardaşı, qardaşı olmadıqda əmisi və ya dayısı taxırdı. “Üzüktaxma”dan sonra qız və oğlan “nişanlı”, “deyikli” hesab olunurdular. Adətə görə nişanlılar toya qədər görüşməməli idilər. Nişanlı qız oğlan evinin icazəsi olmadan heç bir yerə gedə bilməzdi.        “Üzüktaxma” mərasimində şirniyyat gətirilmiş qablar qız evində qalırdı. “Üzüktaxma”dan bir neçə gün sonra qız evində şirniyyat bişirilib həmin qablarda oğlan evinə göndərilirdi. Adətən qız evindən oğlan evinə 4-5 ədəd kömbə (bəzi kəndlərdə onu sacarası da adlandırırdılar-S.M.) və ya fətir, fəsəli, əyirdək kimi qənnadı məmulatları göndərilirdi. Kömbə, fətir, fəsəli və s. oğlan evində doğranıb qohumlara və qonşulara paylanardı.

       Bölgədə çox nadir hallarda “üzüktaxma” dan sonra nişan aparılırdı. “Üzüktaxma” elə nişan hesab olunurdu. Nişandan sonra toya hazırlığa başlanırdı. Ancaq toy mərasimi nişandan dərhal sonra olmurdu. Nişanlı qız 3-4, bəzən 5 il atası evində qalırdı. Bunun əsas səbəblərindən biri qızın azyaşlı olması ilə bağlı olmuşdur. Əvvəldə qeyd etdiyimiz kimi, qızlara 12-13-14 yaşlarında nişan taxardılar. Qız həddi-buluğa çatanadək - yəni 15-16 yaşınadək ata evində qalırdı. Həmin müddət ərzində oğlan evi toya hazırlıq görür, toy azuqəsi toplayırdı. Qız evində də cehiz hazırlanır,xalça-palaz, corab, çarıqbağı, tumanbağı, məfrəş, xurcun və s. toxunurdu. Bu əşyaları toy zamanı qız özü ilə aparmalı idi. Oğlan evi vaxtaşırı olaraq, xüsusilə də bayramlarda qızın ailəsinə hədiyyələr və “bayramlıq” göndərirdi.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70