IFAÇILIQ...
-
 

SVETLANA SOZDATELEVA AZƏRBAYCANDA

       Son zamanlar M.Maqomayev adına Azərbay-can Dövlət Filarmoniyasının konsert həyatında xüsusi bir canlanma baş verir.Bu səhnədə biri-birinin ardınca səslənən rəngarəng qeyri ordenar konsertlərin hər biri musiqisevərlərin əsl bayramına çevrilir. Qısa müddət ərzində bir çox məşhur musiqiçilərin şəhərimizə qastrol səfərinə gəlməsi fərəhləndirici bir haldır. Bu baxımdan da yaxın günlərdə filarmoniya səhnəsində səslənmiş maraqlı bir konsert haqda söhbət açmaq istərdik. Bu dəfə şəhərimizə Moskvanın «Qelikon – opera» teatrının solisti, Beynəlxalq müsabiqə laureatı Svetlana Sozdateleva gözəl konsert proqramı ilə təşrif buyurmuşdu.

       Musiqisevərlərə məlumdur ki, «Qelikon-opera» gənc teatrdır. Cəmi 12 ildir ki, fəaliyyət göstərir. Buna baxmayaraq, Rusiyanın opera teatrları arasında ən çox mükafatlara layiq görülmüş və xarici ölkələrə qastrol səfərlərinə çıxmış opera truppalarından biri də «Qelikon-opera»dır. Bu opera teatrının bədii rəhbəri və rejissoru olan Dmitriy Bertman təkcə Russiyada deyil, ümumiyyətlə bütün Avropada ən istedadlı, perspektivli, navatorçı opera rejissorlarından biridir. Onun tamaşaya qoyduğu əsərlərinin sədası dünyanın hər yerindən gəlir. Kollektiv Böyük Britaniyadan tutmuş Kanadayacan çox böyük müvəffəqiyyətli çıxışlar edir. Bu teatrla bir çox dünya şöhrətli musiqiçilər çalışırlar. Onlardan Qennadiy Rojdestvenskiy, Nils Muss, Riçard Bretşou, Robert Alaniya, Enriki Matsolo və bizim həm vətənimiz istedadlı dirijor Yalçın Adıgözəlovun adlarını çəkmək olar.

       Məhz Yalçın Adıgözəlovun dəvəti ilə şəhərimizə gələn Svetlana Sozdateleva «Qelikon-opera» teatrının istedadlı perspektivli ulduzlarından biridir. Geniş ifaçılıq imkanlarına malik olan müğənni dünyanın bir çox səhnələrində bu kollektivlə C.Verdinin «Aida» operasında Aida, «Makbet» operasında Ledi Makbet, P.Çaykovskinın «Qaratoxmaq qadın» operasında Liza, «Mazepa» operasında Mariya, Rimskiy-Korsakovun «Çar gəlini»ndə Saburova və onlarla tamaşalarda ağır, çətin vokal partiyaların ifaçısı olmuşdu. Çox güclü dramatik sopranoya malik olan vokalçı həmin gün konsertdə C.Verdinin «Taleyin qüvvəsi» operasından Leonoranın ariyasını, «Trubadur» operasından Azuçenanın konsonasını, «Makbet»dən Ledi Makbetin ariyasını və Borodinin «Knyaz Iqor» operasından Yaroslavanın ahını ifa etdi. Hər zaman olduğu kimi, onun haqqında söylənən yüksək rəyləri bir daha təsdiq etdi. Moskvanın «Novoe vremə» qəzeti onun yaratdığı Katerina Izmaylova obrazına «Bu qədər güclü və gözə lliyi olan dramatik sopranonu Moskva artıq çoxdandır eşitməmişdir» deyə belə bir rəy vermişdi. Bu sözlərə qoşularaq, biz də deyə bilərik ki, Azərbaycan dinləyiciləri də həmin gün filarmoniyada güclü professional vokal səsin sehrinə düşmüşdü.

       Svetlana Sozdateleva bir çox görkəmli dirijorlarla bərabər çalışıb. Bunlardan Qennadiy Rojdestvenskiy, Vladimir Penkin, Mixail Pletnev, Yevgeniy Brajnik, Teodor Kurentizis və başqaları. Bunlarla yanaşı, Sozdateleva həmyerlimizlə bərabər çalışmağı haqda qəzetlərin birində belə söyləmişdi. «Mənim üçün maestro Adıgözəlovla işləmək böyük sevincdir». Bu sözlərin əsl təcəssümünü biz həmin gün filarmoniyada keçirilən konsertdə aydın surətdə gördük. Dirijor konsertin proqramını çox incə zövqlə əyarlamışdı. Konsertin birinci hissəsi qərb musiqisinə, Verdinin əsərlərinə, ikinci hissə isə tamamilə rus musiqisinin incilərinə həsr olunmuşdu. P.I.Çaykovskinin «Romeo və Cülyeta» uvertüra – fantaziyası Y.Adıgözəlovun interpretasiyasında tamamilə başqa səpkidə səsləndi.

       Son zamanlar səsi vətəndən uzaqlardan gələn sənətkar Moskvada, Türkiyədə bir çox uğurlu konsertlər vermişdi. Elə haqqında danışdığımız «Qelikon-opera»nın səhnəsində Y.Adıgözəlovun rəhbəriliyi altında J.Bizenin «Karmen», P.Çaykovskinin «Yevgeniy Onegin» operaları tamaşaya qoyulmuşdu. Bu əsərlər Moskva ictimaiyyəti tərəfindən yüksək qarşılanıb, qəzet və jurnallarda yüksək rəylər yazılmışdı. Moskvanın «Muzıkalnaya Akademiya» jurnalında «Karmen» operası haqqında yazını oxuyuruq : «Tamaşanın yüksək faciəvi gərginliyinə, daha çox istedadlı dirijor Y.Adıgözəlovun peşəkarlığı imkan yaratmışdı. Məhz o, cüzi, eyni zamanda zərgər dəqiqliyilə edilən hərəkətilə bu ehtiraslı musiqinin bütün emosional dərinliklərini açmağı bacarmışdı». «Heyrət edici ansambl hissiyatı, şəffaf və titrək orkestr səslənməsi, xırda detallara belə son dərəcə qayğıyla yanaşma, bütün bunlar ümumiyyətlə Y.Adıgözəlovun «Yevgeniy Onegin»dəki dirijor üslubunun özünə məxsusluğunu təşkil edi r» bu sözlər «Teatralnıy kuryer» jurnalının tamaşaya verdiyi rəyidir.

       Dirijorun Türkiyədə qazandığı uğurlar daha çox əhəmiyyətlidir. Istambul dövlət opera və balet teatrında Y.Adıgözəlov dörd mövsüm dirijor vəzifəsində çalışmışdır. Bu müddət ərzində teatrın səhnəsində Arif Məlikovun «Məhəbbət əfsanəsi» (Türkiyədə tamaşa «Fərhad və Şirin» adlanır), Puççininin «Madam Batterflyay», Sen-Sansın «Samson və Dalila», Borodinin «Knyaz Iqor», Verdinin «Rekviyem» əsərləri Y.Adıgözəlovun rəhbərliyilə simfonik orkestr tərəfindən səsləndirilmişdi. Bunların arasında Borodinin «Knyaz Iqor» operası əsl sensasiya yaratmışdı. Ilk dəfə olaraq, Türk səhnəsində rus operası yazıldığı dildə qoyulmuşdu. Məhz Y.Adıgözəlovun səyi nəticəsində Istambula dünya şöhrətli rejissor Dmitriy Bertman Moskvadan, operanın baletmeysteri Tatyana Andonova Bolqariyadan dəvət olunur. Onlar türk rəssamı Osman Şəngezər ilə bu opera üzərində bərabər çalışmağa başlayırlar. Nəticədə isə tamaşaçılara inanılmaz yüksək səviyyədə əsl incəsənət əsəri təqdim olunur. Bir qə dər sonra «Knyaz Iqor» operası Antaliyanın Qədim Aspendos açıq hava teatrında səsləndirilir. Qədim teatrda daha bir musiqi bayramı yaradan Y.Adıgözəlov bu dəfə iki simfonik orkestri Antaliya və Bursanın dövlət simfonik orkestrlərini birləşdirib dünya şöhrətli skripkaçı Dmitriy Koqanla bərabər konsert vermişdi.

       Bütün bu astronomik qələbə və uğurlara baxmayaraq,Y.Adıgözəlovla Bakıda keçirilən konsertdən sonra görüşdükdə, o, etiraf edərək söyləmişdir ki, «Mənim üçün ən əsas olan səhnə məhz Bakı səhnəsidir. Bakı tamaşaçısı üçün yaratmaqdan xüsusi zövq alıram». Çünki Y.Adıgözəlov Azərbaycanın görkəmli musiqiçilər ailəsinin üçüncü nəsil nümayəndəsidir. Bəlkə buna görə də ailədən gələn və musiqiçinin qanına işləyən vətənə, Azərbaycan musiqisinə olan sevgi Y.Adıgözəlovu bütün yaradıcılığı boyu izləyir. Hal-hazırda daha çox vətəndən uzaqda çalışmasına baxmayaraq, musiqiçi hər zaman Azərbaycanlı bir dirijor kimi vətənini layiqincə təmsil edir. Bu qədər gərgin iş rejimi ilə yanaşı, dirijor Bakı Musiqi Akademiyasında da öz pedaqoji fəaliyyətini davam etdirir. Onun yetişdirmələri arasında bir neçə musiqi kollektivlərinin əsas xormeysterləri vardır.

       Son konsertdə niyə məhz vokalçını dəvət etdiyini soruşduqda Y.Adıgözəlov axır zamanlar daha çox opera quruluşlarında iştirak etdiyindən, insan səsinə doğan marağından söhbət açdı. Gələcək planlarında isə məhz operaları konsert ifasında filarmoniya səhnəsində səsləndirmək arzusunda olduğunu söylədi. Y.Adıgözəlovun arzuladığı planlardan biri də Dmitriy Bertmanı Azərbaycana dəvət etməkdir.

       Konsertdə simfonik orkestrlə yanaşı, Azərbaycan dövlət xor kapellası da iştirak edirdi. (Kapellanın bədii rəhbəri Gülbacı Imanovadır). Operalardan olan xor partiyalarını ifa edən kollektiv öz yüksək professionallığını bir daha nümayiş etdirdi. Ümumiyyətlə,həmin gün filarmoniyanın divarları arasında bir bayram əhval ruhiyyəsi hökm sürürdü. Bu bayramı isə musiqisevərlərə o gecə bizim musiqiçilər bəxş etmişdilər.

Aytac ELXAN QIZI



DÖVRÜMÜZÜN NADIR SƏS SAHIBI - VAQIF KƏRIMOV

       Ankaranın Hacıtəpə Universitetinin Dövlət Konservatoriyasının «vokal» ixtisası üzrə müəllimi Vaqif Kərimovun 2005-ci il fevral ayının 22-də Bakının «Kapellhaus» Alman-Azərbaycan Mədəniyyət Birliyinin zalında konserti keçirilmişdir. Konsertin keçirilməsi və burada iştirak edənlər çox böyük maraq kəsb edirdilər. Bu maraq ondan irəli gəlirdi ki, Vaqif Kərimov hələ Sovetlər dövründən - 1986-cı ildən müqavilə əsasında Türkiyə Cumhuriyyətinin Hacıtəpə Universitetində çalışmağa başlamışdır. Sovet dövründə bu cür təklifin və dəvətin edilməsi Vaqif Kərimovun bir solist olaraq böyük istedadından xəbər verirdi. O məşhur vokal ustası Şövkət Məmmədovanın yetirməsidir. Azərbaycan Dövlət Konservatoriyasının məzunu olan Vaqif istedadlı ifaçı kimi 1977-1978-ci illərdə Milanın La Skala Operasında stajor kimi təkmilləşmə keçmişdir. Təhsilini başa çatdırıb Vətəninə geri qayıtdıqdan sonra o, M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı solisti və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının müəllimi kimi gənc nəslin yetişdirilməsində fəaliyyətini davam etdirir. Vaqif Kərimov Avropa və Azərbaycan bəstəkarlarının bir neçə operalarında solist kimi əsas rolların ifaçısı olmuşdur. Puççininin «Toska», Leonkovallonun «Payatsı», C.Bizenin «Karmen», F.Əmirovun «Sevil» operasında unudulmaz obrazlar yaratmışdır.

       Gözəl səs ahənginə malik olan Vaqif Kərimovun ifaçılıq imkanları dramatik və lirik-dramatik tenorun qovuşmasındadır. O, ifa zamanı Avropa oxuma üslubu və milli ifaçılıq məktəbini böyük məharətlə nümayiş etdirir. Onun təqdim etdiyi proqram buna nümunə ola bilər. Proqram məqalə müəllifi - Əfqan Salayevin müşayiəti ilə bəstəkar Tofiq Quliyevin - «Bakı nəğməsi», «Sevgi valsı», «Sevgilim», «Qızıl üzük», «Əziz surət», «Sənə də qalmaz», «Bakı haqqında» adlı ölməz mahnıları ilə açıldı və Qərbi Avropa bəstəkarlarından isə E.Qurtisin «Torna a surriento», Falvonun «Dicetencello vuie!» əsərlərinin ifası ilə davam etdi.

       Konsertin keçirildiyi axşam V.Kərimovla bərabər, gənc və istedadlı vokalçı Nərgiz Kərimova və Bakı Musiqi Akademiyasının «Ümumi fortepiano» kafedrasının dosenti Aytəkin Həsənovanın çıxışları da konsertə rəngarənglik bəxş etdi. Bu ümidverici ifalar vokal ənənələrinin davam etdiyini bir daha təsdiq etdi.

       Konsertin ikinci yarısında Vaqif Kərimov öz ifasını davam etdi və bu dəfə onu müşayiət edən dostu Cavan Zeynallı oldu. Onların ifasında M.Marininin «To say perme», Azərbaycan xalq mahnısı – «Küçələrə su səpmişəm», Neapolitan mahnısı, C.Velazquez «Besame mucho», E.Gurtis «O sole mio G-dur» səsləndirildi.

       Vaqif Kərimovun konserti Ə.Salayevin müşayiəti ilə Ə.Səliminin «Ayrılıq» mahnısı ilə tamamlandı. Zaldakı dinləyicilərin bu cür proqramın səsləndirilməsinə cavabı sürəkli alqışlarla müşayiət olundu. Böyük məhəbbət hisslərinin tərənnümü isə yüksək vokal ifaçısı Vaqif Kərimova bəxş edilən gül dəstələrində özünü göstərirdi. Vaqif Kərimovun konserti onun anadan olduğu fevral ayına təsadüf etdiyindən ona rəğbət bəsləyən tamaşaçılarına, dostlarına sanki müğənninin bir töhfəsi oldu.

       Vaqif Kərimovun Bakıya gəlişi onun yaxın dostları və tanışlarını kövrəltmiş, onların xatirələrində keçmiş zamanın konsertlərindəki ifaları canlandırmışdı. Axı Vaqif Kərimovun 1971-ci ildə Vilnyusda keçirilən M.Qlinka adına Beynəlxalq müsabiqənin iştirakçısı olması, dəfələrlə Türkiyənin Bilkənd Universitetində, Ankaranın Kültür Mərkəzində, Sovetlər dövründə isə Avstriyanın, Torontonun kilsələrində, Kolumbus Universitetində keçirdiyi konsertlər onun geniş ifa fəaliyyətindən bəhs edir.

       Vaqif Kərimov çox nadir səs imkanlarına malikdir və onun respublikamızın hüdudlarından kənarda çalışması əlbəttə ki, bizim musiqi mədəniyyətimizə bəzi hallarda təsirini göstərir. Biz əminik ki, bundan sonra Vaqif Kərimovun yaradıcılıq əlaqələri daha sıx və daha müntəzəm olacaqdır.

Əfqan SALAYEV




VOKAL SƏNƏTININ UCA ZIRVƏLƏRINDƏ

       Dünya şöhrətli müğənni, beynəlxalq müsabiqələr laureatı, Respublika Dövlət mükafatı laureatı, Opera və balet teatrının solisti, Azərbaycanın xalq artisti, professor Xuraman Qasımovanın adı geniş dinləyici kütləsinə yaxşı məlumdur.Neçə illərdir ki, onun gözəl, fitri istedadını sevənlər və biz, həmkarlar, o istedadın yüksəlişinin şahidi olmuşuq.

       Onun böyük musiqi həvəsi, istedadı gənc yaşlarından özünü göstərmişdir. Onun gözəl səsi qeyri-adi və təkrarolunmaz tembrə malikdir. Vokal sənətinə böyük məhəbbəti, zəhmətsevərliyi, iradə qüvvəsi, məqsədyönlülüyü və istedadı sayəsində, o, qısa müddətdə yaradıcılığında böyük zirvələrə çatmışdır. O, 1977-ci ildə Tiflis şəhərində keçirilən musiqi ifaçılarının V Zaqafqaziya müsabiqəsində I yeri qazanaraq laureat adına layiq görülmüşdür. Həmin ildə o, Daşkənd şəhərində keçirilən vokalçıların M.Qlinka adına VIII ümumittifaq müsabiqəsinin laureatı olmuşdur. Xuraman Qasımova 1981-ci ildə Afina şəhərində (Yunanıstan) keçirilən “Mariya Kallas” adına beynəlxalq müsabiqənin birinci mükafatının və “Qran Pri” qızıl medalının sahibi olmuşdur. Nəhayət, bu gün, o, hələlik yeganə azərbaycanlı ifaçıdır ki, 1982-ci ildə Moskvada keçirilən, dünya miqyaslı ən çətin, ən nüfuzlu P.I.Çaykovski adına beynəlxalq müsabiqənin laureatı olmuşdur.

       Həmin müsabiqədə Xuraman olduqca böyük müvəffəqiyyətlə çıxış etmişdir və gümüş medala layiq görülmüşdür.

       O,nəinki öz Vətənində, həm də onun hüdudlarından kənarda da böyük şöhrət qazanmışdır.

       Mütəxəssislər onun unikal musiqi istedadı və əsl “qızıl səsi” haqda ölkədən çox-çox uzaqlarda belə danışmağa başladılar.

       Opera və balet teatrının solisti kimi, o, artıq uzun illərdir ki, öz pərəstişkarlarını müxtəlif opera tamaşalarındakı gözəl rolları ilə sevindirir. Onun yaratdığı opera qəhrəmanlarının unudulmaz obrazları özlüyündə musiqi, məzmun və vokal ustalığının müttəfiqliyini nümayiş etdirir. Bunlar musiqi mətni, xarakteri, temperamenti etibarilə çox müxtəlif, mürəkkəb, parlaq və yaddaqalan obrazlardır. O, bu partiyalarda bəstəkarın incə fikirlərini, üslubunu ustalıqla açmağı bacarıb. Gözəl ifa tərzi, yüksək mədəniyyəti və vokal texnikasının ustalığına malik olmağı Xuraman xanımın yaradıcılığını unudulmaz və mükəmməl edir. Onun opera tamaşalarında yaratdığı obrazların hamısı təkrarolunmazdır. Bunların içərisində bəzilərini xüsusi qeyd etmək lazımdır: C.Puççininin “Bohema” operasında - Mimi və Müzetta, C.Verdinin “Otello” operasında - Dezdemona: “Aida” operasında - Aida, C.Puççininin “Toska” operasında - Toska, F.Əmirovun “Sevil” operasında - Sevil və Dilbər və s.

       7 noyabr 2003-cü ildə görkəmli bəstəkarımız - Vasif Adıgözəlovun “Natəvan” operasının premyerası oldu. Xuraman xanım operanın əsas qəhrəmanının - məşhur Azərbaycan şairəsi - Xurşud Banu Natəvanın partiyasını çox böyük ustalıq və məharətlə ifa etdi.

       Bəstəkarın özü etiraf edir ki, bu operanı o, öz Vətəninə – Qarabağa həsr edib. Lakin xüsusilə bu operanı o, məhz bacılar üçün – yəni Fidan və Xuraman Qasımova bacıları üçün yazıb. Bu gün doğrudan da təsəvvür etmək olduqca çətindir ki, bu mürəkkəb partiyanı belə şüurlu, dərindən hiss edərək kim ifa edə bilərdi? Əlbəttə ki, məhz Xuraman xanım, çünki o, son dərəcə inandırıcı, qaneedici və əsaslı surətdə tamaşaçılara tarixi qəhrəmanın dərin vətən-pərvərliyini, hisslərini, qəlbini və faciəsini çatdıra bildi. Bu gözəl müğənninin yaradıcılığı, onun həyatının əsas məzmununu təşkil edən – öz xalqının musiqisinə, öz Vətəninə və işinə böyük məhəbbətlə aşılanmışdır. Biz görürük ki, o, özünün bütün yaradıcılıq fəaliyyəti boyunca Azərbaycanın incəsənətini yüksəklərə qaldırmağa çalışır. O, əsl vətən-pərvərdir.Bu,nəinki onun səhnə yaradıcılığında, hətta mətbuatdakı çıxışlarında, hökumət səviyyəsindəki tədbirlərdə, konfrans və qurultaylarda fəal iştirak etməklə də büruzə verir. Və biz hər dəfə onun səmimiliyini, daxili dolğunluğunu hiss edirik.

       Xuraman xanım həm də öz parlaq kamera-konsert çıxışları ilə də məşhurdur.

       Musiqinin demək olar ki, hər bir janrında çıxış etmək ona xasdır. O, qədim bəstəkarlardan Kaççininin, Stradellanın, Skarlattinin, Baxın, Hendelin, Pörselin, Perqolezinin, Marçellonun və b. əsərlərinin gözəl ifaçısıdır.

       O, Motsartın, Rossininin, Bellininin, Leonkovallonun, Verdinin, Puççininin, Çileanın operalarındakı ariyaların mahir ifaçısıdır. O, Şumanın, Şubertin, Qriqin, Bramsın, Mendelsonun, Listin, Volfun, Qlinkanın, Darqomıjskinin, Raxmaninovun, Çaykovskinin və b. romanslarının ifasında sanki bir rəssam ustad kimi çıxış edir; o, Azərbaycan bəstəkarlarından – Ü.Hacıbəyovun, M.Maqomayevin, C.Hacıyevin, C.Cahangirovun, Q.Qarayevin, F.Əmirovun, Niyazinin, S.Rüstəmovun, T.Quliyevin, R.Hacıyevin, A.Məlikovun, V.Adıgözəlovun və b. əsərlərini ifa edərkən qeyri-adi, təkrarolunmaz melodiklik, məlahət, ahəng və ustalıq nümayiş etdirir. O, xalq mahnılarını ifa edərkən, onun səsinin koloriti müstəsnalıq təşkil edir. Bütün bunlar, Xuraman xanımın istedadının çoxtərəfliliyindən və hərtərəfli zəngin olduğundan xəbər verir. Düzdür, bu, allah vergisidir, lakin o, buna baxmayaraq, həmişə iş prosesindədir, daima yeni yaradıcılıq proyektlərinin, yeni əsərlərin axtarışındadır. O, əldə edilmiş nail iyyətlərlə kifayətlənmir. O, tez-tez öz geniş repertuarını nadir, orijinal əsərlərlə daha da zənginləşdirməklə artırır. Çox vacibdir ki, o, düzgün olaraq öz üzərində daima çalışır və beləliklə, öz ustalığını daha da mükəmməlləşdirir. Ona görə də, o, həmişə yaxşı vokal formadadır. Əlbəttə ki, öz üzərində işləməyi doğru bacarmaq - bu da çox vacib keyfiyyətdir, istedaddır, böyük vergidir.

       Təsadüfi deyil ki, Xuraman xanımın yuxarıda qeyd olunan cəhətləri, yəni sözün əsil mənasında, güclü və qeyri-adi bir şəxsiyyətin bütün sadalanan gözəl keyfiyyətləri, onun pedaqoji fəaliyyəti ilə ayrılmaz surətdə bağlıdır. Artıq 10 ildir ki, o, Bakı Musiqi Akademiyasının «Solo oxuma və opera hazırlığı» kafedrasının müdiridir. Təsadüf elə gətirdi ki, mən Xuraman xanımın bu vəzifəyə təyin olunmasından bir il sonra həmin kafedrada işləməyə başladım. Və şübhəsiz ki, bütün bu illər ərzində onun gördüyü işlər mənim gözümün qabağındadır. Etiraf etməliyəm ki, o, öz işini, yəni kafedraya rəhbərlik etməyi, bacarıqla yerinə yetirir. Bu on il ərzində kafedramızda böyük işlər aparılmışdır. Xuraman xanım səmimi, həmfikir, möhkəm bir pedaqoji kollektiv yaratmışdır. Onun yüksək nüfuzu sayəsində, bizim kafedra həmişə diqqət mərkəzindədir və yaxşı oxumaq istəyənlər arasında böyük populyarlığa malikdir. Bu illər ərzində tələbkarlığın səviyyəsi xeyli artmışdır. Vokal sənətinin ənənələrini davam etdirən, böyük təcrübəyə malik olan Xuraman xanım, tələbələrə əsl musiqiçi olmağı, mədəni, təhsilli, savadlı ifaçı olmağı öyrədir.


Xuraman xanım öz işinin məsuliyyətini, vacibliyini dərindən dərk edərək, bu işə olduqca böyük yer verir. Xasiyyətcə o, çox yumşaq, həssas, mülayim bir insandır; lakin işdə o, yüksək mütəşəkkilliyi, tələbkarlığı, hətta bəzən prinsipiallığı ilə fərqlənir. Gənclərlə vicdanlı, intizamlı iş aparır ki, bu da başqaları üçün gözəl nümunə ola bilər. Xuraman xanım dərs metodikasını çox gözəl bilir. O, vokal sənətinin görkəmli ifaçılarının pedaqoji yaradıcılığı və sənətlərilə yaxşı tanışdır və öz biliyini, təcrübəsini tələbə və həmkarları ilə bölüşür. Kafedranın bütün üzvləri ona böyük hörmət və məhəbbət bəsləyirlər. Xuraman xanım öz əməkdaşları ilə olduqca nəzakətli və iltifatlıdır. O, həmişə əməkdaşlarına kömək edir, onları dinləyir və məsləhətlərini verir. O, yüksək mədəniyyətə, erudisiyaya malikdir və vokal ədəbiyyatını mükəmməl bilir. O, kafedramızın tələbələri üçün çox maraqlı ixtisas proqramı tərtib edib.

       Burada müxtəlif dövrlərin, ölkələrin bəstəkarlarının vokal ədəbiyyatına dair əsərləri nəzərdən keçirilir. Xuraman xanım proqramlara müxtəliflik gətirir və bəzi bəstəkarların əsərlərini bura vacib olaraq daxil edir. Məsələn, III kursda kamera sinfində bütün tələbələr (səsdən asılı olmayaraq) Şumanın «Lotos» romansını, III kursda ixtisas proqramında isə hamı rus bəstəkarı M.Qlinkanın «Bednıy peveü» romansını; Azərbaycan bəstəkarlarının əsərlərindən isə – Q.Qarayevin «Mən sizi sevirdim», A.Zeynallının «Ölkəm», F.Əmirovun «Ulduz» romanslarını ifa edirdilər.

       Iş elə qurulub ki, tələbələrin bədii zövqü inkişaf olunsun, onlar bəstəkarın üslub və üsullarını fərqləndirə bilsinlər, öz səsləri üzərində sərbəst işləməyi bacarsınlar, özlərini eşidə bilsinlər, ümumi idrak və zehin səviyyələrini daha da inkişaf etdirsinlər. Kafedra müdiri kimi, o, tamamilə ədalətli surətdə, ixtisas müəllimlərindən, konsertmeysterlərdən, tələbələrdən musiqi mətninin düzgün oxunmasını, vokal əsərlərinin dərk olunaraq ifasını tələb edir. Səsin doğru, təbii və rəvan səslənməsi, «təmiz» intonasiya və səsin yüksək pozisiyası aydın və «yaxın» söz, obraz və ifadəlilik, dəqiq frazirovka, möhkəm nəfəs – bax bütün bunlar yaxşı ifa üçün çox önəmlidir və məhz bunların sayəsində daima işləmək lazımdır.

       Müğənni üçün bunların hamısının olması çox vacibdir. Həqiqətən belə bir münasibət, belə tələb çox doğrudur, çünki müəllimləri öz işində daima axtarışlara vadar edir. Çox yaxşıdır ki, Xuraman xanım müəllimlər tərəfindən «açıq» dərslərin keçirilmə ənənəsini dəstəkləyir, çünki məhz burada kafedranın bu və ya digər müəllimlərinin dərs metodikası ilə, onların məktəbi, manerası ilə tanış olurlar. Qeyd etmək lazımdır ki, o, öz həmkarlarının işinə çox diqqətlə yanaşır, onların işini vaxtında şövqləndirir. Belə ki, son 10 il ərzində: E.Quliyeva, R.Kərimova, H.Əliyev kafedranın professoru adını alıblar; F.Mehdiyev, A.Kərimov (vəfat edib), L.Abbasova, A.Əliyev, Y.Əliyev, S.Mirzəyeva – kafedranın dosenti, S.Məmmədova, M.Qocayeva – baş müəllimi adını alıblar. Bu dövr ərzində bizim fakultəni bir çox gənc, istedadlı müğənnilər bitirib ki, hal-hazırda onlar respublikamızın müxtəlif teatrlarında, musiqi kollektivlərində çalışırlar. Onların içərisində: A.Zeynalov (professor X.Qasımovan ın sinfi), H.Ənami (professor X.Qasımovanın sinfinin magistr məzunu), F.Məmmədova (professor X.Qasımovanın sinfi), G.Ismayılova (professor X.Qasımovanın sinfi), S.Əsədova (professor F.Qasımovanın sinfi), I.Babayeva (professor R.Kərimovanın sinfi), D.Əsədova (professor E.Quliyevanın sinfi), F.Hacıyeva (professor H.Əliyevin sinfi), F.Əliyev (professor H.Əliyevin sinfi), Z.Əmiraslanov (professor X.Qasımovanın sinfi), N.Ismayılova (dosent S.Mirzəyevanın sinfi) – var. Bunların hamısı bizim kafedranın yetirmələridir və bizim təcrübəli, ixtisaslı müəllimlərimizdə hazırlıq keçiblər. Bu gün Bakı Musiqi Akademiyasının və bizim kafedramızın pedaqoji kollektivi fəxr edir ki, onlarla birgə bizim ölkəmizin fəxri – iki görkəmli opera müğənniləri işləyirlər. Xoş haldır ki, onların bir-birinə gözəl münasibətlərini hamı görür, duyur – Xuraman xanım böyük bacısına son dərəcə hörmətlə, ehtiramla yanaşır və onların münasibətləri başqaları üçün gözəl nümunədir. Sənətdə yüksək zirvələrə çataraq, onlar istedadlı vokalçıların gənc nə slinin inkişafı üçün əlindən gələni əsirgəmirlər.

       Biz bilirik ki, məhz Fidan və Xuraman xanım Bakıda gənc vokalçıların respublika müsabiqəsinin keçirilməsinin təşəbbüsçüləridir. Şübhəsiz ki, bu müsabiqələr gənclər üçün həm böyük stimuldur, həm də onların böyük professional səhnəyə çıxmaları üçün xeyirli və vacib bir addımdır. Özləri bir çox nüfuzlu müsabiqələrin qalibləri olan Qasımova bacıları bu müsabiqələrə obyektiv qiymət verirlər. Çünki onlar dəfələrlə nəinki ölkəmizdə, həm də onun hüdudlarından kənarda da bu müsabiqələrdə qələbələrə nail olublar. Bakıda artıq iki respublika müsabiqəsi müvəffəqiyyətlə keçirilib: 1997 və 2000-ci illərdə Münsiflər heyətinin sədri vokal sənətinin ustadı, bir çox vokal əsərlərinin misilsiz təfsirçisi, SSRI xalq artisti, professor Fidan Qasımova olmuşdur. Fidan xanım özü həmişə ifaçılıq sənətinə xüsusi tələbkarlıqla yanaşır. O, daim ifaçılığında yüksək səviyyədə oxuma tərzinə çalışır. Onun sənəti nadirdir və ifaçıların gənc nəslinə həm öyrənmək üçün, həm də təqlid etmək üçün gözəl bi r örnəkdir. Onun solo konsertləri yüksək ustalığın aşkar və aydın, əsil məktəbidir və musiqinin böyük bayramıdır. Fidan xanım nəinki bütün dünyaya bizim incəsənətimizi tanıdan, şöhrətləndirən görkəmli müğənnidir, həm də gözəl musiqiçidir və göz qabağında möcüzələr yaradan bir pedaqoqdur. Buna görə də tələbələrin əksəriyyəti onun sinfində təcrübə keçmək istəyirlər.

       Fidan və Xuraman Qasımovaların gənc vokalçıların respublika üzrə müsabiqəsinin keçirilməsinə rəhbərlik etmələri bir daha onların Azərbaycanda incəsənətin bu növünün qorunub saxlanmasında və inkişafında böyük rolu və əhəmiyyəti olmasını təsdiqləyir. Məhz bu müsabiqədə dinləyicilər ilk dəfə olaraq istedadlı müğənnilərdən – H.Ənami, Z.Ismayılova, D.Əsədova, F.Əliyev, R.Əliyev, I.Babayeva, F.Məmmədova, F.Hacıyeva, G.Ismayılova və başqalarını eşidib və tanıyıblar. Bu müsabiqələrin laureatı adını qazanmaq gənc müğənnilər üçün sanki birinci mərhələdir və başqa, artıq beynəlxalq müsabiqələrdə iştirak etmək üçün ümidverici başlanğıcdır.Ona görə də çox xoşdur ki, məhz Bakıda Bülbül adına gənc vokalçıların beynəlxalq müsabiqəsi keçirilir. 1997-ci və 2000-ci illərdə artıq iki belə müsabiqə keçirilib. Bizim kafedra bu müsabiqələrə xüsusi fəallıqla hazırlaşır. Ən istedadlı və bacarıqlı ifaçılar seçilir. Kafedra müdiri bu ifaçılarla ciddi məşqlər və məsləhətlər aparır. Hamı müsabiq ə iştirakçıları içərisində bizim komandamızın müvəffəqiyyətlərini maraqla izləyir. Etiraf etməliyik ki, biz dinləyicilərin ümidlərini və Bakı Musiqi Akademiyasının və kafedramızın adını doğrultduq. Həm birinci, həm də ikinci müsabiqələrdə bizim yetirmələrimiz ləyaqətlə çıxış etdilər və yüksək mükafatlar qazandılar. Bu gün onların adları vokal sənətinin həvəskarlarına artıq gözəl tanışdır: Ə. Əskərov, Q.Kərimova, H.Ənami, F.Məmmədova, G.Ismayılova.

       Əlamətdar haldır ki, münsiflər heyətinin üzvləri –I.Arxipova, M.Biyeşu, Y.Miroşniçenko, Z.Xristiç, N.Andquladze, V.Piavko, A.Samoila, F.Əhmədova, amerika müğənnisi N.Kassey və əlbəttə ki, Fidan və Xuraman Qasımovalar görkəmli sənətkarlardır. Doğru deyirlər ki, tələbələrə baxıb, müəlliminə qiymət vermək olar. Sirr deyil ki, bu gün Fidan xanımın və Xuraman xanımın layiqli yetirmələri var. Inanmaq istərdik ki, onlar öz gözəl müəllimlərinin böyük zəhmətini doğruldacaqlar. Buna görə də Bülbül adına müsabiqənin laureatlarının təntənəli mükafatlandırma mərasimi zamanı I.Arxipovanın çıxışı yaddaqalan oldu. O söylədi ki: «Azərbaycanda vokal ənənələri qorunub saxlanılıb və burada güclü vokal məktəbi var. Bu gün bu məktəb görkəmli, məşhur müğənnilərin – Fidan və Xuraman Qasımova bacılarının möhkəm ümidverici əllərindədir! Respublikamızın mədəni həyatında yaddaqalan və parlaq hadisələrdən biri də Bakıya dünya şöhrətli müğənni Monserrat Kabalyenin səfəri oldu. Solo konsertlə yanaş ı o, gənc vokalçılar üçün ustad dərsləri də verdi. Təqdim olunan 4 gənc iştirakçıların içərisində Xuraman xanımın tələbəsi – D.Əliyeva çıxış edərkən, Monserrat Kabalye çox xoş təəccüblə «donub» qaldı və öz sevincini gizlədə bilmədi və dedi: «Siz möcüzəsiz!..» Onun reaksiyası Dinaranın doğrudan da gözəl çıxışına çox təbii oldu. O dedi ki, Dinara sərbəst və rahat oxuyur. Onun nəfəsinin böyük ehtiyatı var, deməli düzgün məktəbi var, buna görə də ona heç nə artıq öyrənmək lazım deyil, ona yalnız indi oxumaq vacibdir. Xuraman xanımın öz tələbəsinə görə keçirdiyi böyük həyəcanı bütün dinləyicilər hiss etdi. Monserrat Kabalyenin etirafı hamını sevinc göz yaşlarına qərq etdi və əzizimiz Xuraman xanımın ünvanına ilk növbədə coşğun, gurultulu alqışlar səsləndi. Biz çox gözəl bilirik ki, onun tələbəsinin uğurlu, professional ifasında Xuraman xanımın nə dərəcədə böyük əməyi var. Monserrat Kabalye də doğru, düzgün səs məktəbi verən və nəfəsin sirrlərini bilən müəllimin gənc müğənnilərlə işində xüsusi rolunu vurğuladı.

       Bu sözlərə onu da əlavə etmək olar ki, Qasımova bacılarının zəngin, çoxşaxəli yaradıcılığı «Solo oxuma» kafedrasının bütün kollektivinə mütəşəkkil həmrəy olmağa kömək edir və bütün bunlar kafedranın müdiri əziz və sevimli Xuraman xanımın sayəsində baş verir.

       2001-ci ildə Azərbaycan vokal sənətinin inkişafına görə Xuraman xanım «Şöhrət ordeni» ilə təltif olundu. Mən Xuraman xanıma möhkəm can sağlığı, tükənməz enerji, məhsuldar, uzun yaradıcılıq illəri, böyük müvəffəqiyyətlər, xoşbəxtlik və Azərbaycanın vokal sənətini onun kimi gələcəkdə də ucaldan gözəl istedadlı tələbələr arzu edirəm!

Natəvan ŞEYXOVA




«MÜKƏMMƏLLIYƏ DOĞRU GEDƏN YOL»

Görkəmli tarzən Ramiz Quliyevin

yaradıcılığının 40 illiyinə həsr olunur

       Bu günlərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət Nazirliyi və Bakı Musiqi Akademiyasının təşəbbüsü ilə respublikanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin mükafatçısı, Beynəlxalq müsabiqələr laureatı, professor, dünya şöhrətli tarzən Ramiz Quliyevin yaradıcılığının 40 illiyinə həsr edilmiş konserti olmuşdur. Həmin təntənəli gecədə yubilyar haqqında, onun 40-illik yaradıcılıq həyatında baş verən və Azərbaycan milli musiqi tarixində əhəmiyyət kəsb edən və yadda qalan ən önəmli məqamlar barəsində Bakı Musiqi Akademiyasının rektoru, SSRI xalq artisti, professor Fərhad Bədəlbəyli, sənətşünaslıq namizədi, dosent Fərəh Əliyeva, SSRI xalq artisti, məşhur müğənni Lütfiyar Imanov və bu sətirlərin müəllifi çıxış etdilər.

       Şərq aləmini Avropanın bir çox ölkələrində yüksək səviyyədə təmsil etmək, Azərbaycan xalq musiqisini - muğamları, eləcə də professional bəstəkarlarımızın böyük və kiçik həcmli əsərlərini məharətlə ifa etmək, onları müxtəlif musiqi duyumu olan dinləyicilərə çatdırmaq hər ifaçının hünəri deyil. Ataların bir sözü var: hər oxuyan Molla Pənah Vaqif ola büməz. Odur ki, hər tar çalan da Ramiz Quliyev ola bilməz. Yaxşı yadımdadır, son 30 ildə Azərbaycan Bəstəkarlar Ittifaqının Plenum və qurultaylarında tar ilə simfonik orkestr üçün yazılmış konsertlərin ilk ifaçısı Ramiz Quliyev olmuşdur. Belə ki, Azərbaycan bəstəkarlannın VI Qurultayında Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Nəriman Məmmədov, Ramiz Mirişli, o cümlədən mənim tərəfindən tar ilə simfonik orkestr üçün yazılmış «konsert»Iəri məhz Ramiz Quliyev ifa etmişdir. Əgər say hesabı ilə götürsək, Ramiz Qııliyev yaşlı və orta nəsldən olan bəstəkarlarımızın 20-dən artıq konsertlərini respublikamızın, o cümlədən xarici ölkələ rin böyük salonlarında uğurla ifa etmiş və bu əsərlər bir çox ölkələrin Teleradiolarının qızıl fonduna daxil olmuşdur.

       Onu da qeyd etmək istərdim ki, Azərbaycan bəstəkarlarının VI Qurultayında Ramiz Quliyev tərəfindən yüksək səviyyədə ifa edilmiş tar ilə simfonik orkestr üçün konsertlər haqqında müsbət rəylər verilmişdi. Konkret olaraq, həmin forumda Ramiz Quliyev tərəfindən mənim tar ilə simfonik orkestr üçün yazdığım 1 saylı konsert səslənmişdi. Onun məharətli çıxışından sonra, mərhum, görkəmli bəstəkarımız, hamımız üçün əziz olan Tofıq Quliyev mənə belə dedi: - « Tofiq, Ramiz Quliyev sənin yazdığın tar konsertini elə gözəl ifa etdi ki, əsəri dinlədikdə biixtiyar kövrəldim, gözümdən yaş axdı. Əhsən belə gözəl ifaya...».

       Həmin konsertlərdən bir neçəsini Ramiz Quliyev nəinki respublikamızda, eləcə də xarici ölkələrdə müvəffəqiyyətlə ifa etmişdir. Mən bunun şahidiyəm. Bu ilin əvvəllərində Iran Islam Respublikası Mədəniyyət Nazirliyi professor Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrini, respublikanın xalq artısti, professor, görkəmli tarzən Ramiz Quliyevi və məni həmin ölkədə keçirilən XDC Beynəlxalq Fəcr musiqi festivalına dəvət etmişdi. Bu beynəlxalq forumda fevral ayının 3-dən 13-dək 11 ölkənin nümayəndələri -Hollandiya, Italiya, Almaniya, Rumıniya, Rusiya, Ukrayna, Tacikistan, Azərbaycan və digərləri iştirak etdilər. Xalq çalğı alətləri orkestri həmin festivalda xüsusi repertuarla çıxış etməli idi. Həmin repertuara mənim də tar ilə orkestr üçün yazılmış və atam - öz dövrünün tanınmış tarzəni olan Əhməd Bakıxanova həsr olunmuş, 1 saylı «xatirə-konsert»im daxil edilmişdi. Mənim üçün böyük əhəmiyyət kəsb edən bu əsərimin respu blikanın xalq artisti, professor, Iran dinləyicilərinin tanıdığı və çox sevdiyi mahir tarzən Ramiz Quliyev tərəfindən ifası çox əlamətdar hadisə idi.

       Ramiz Quliyevin ifasını Tehranın «Talar Vəhdət», Isfahanın «Sipahan Sinema», Şirazın «Hafez Talar» konsert salonlarındakı yüzlərlə tamaşaçı gurultulu-sürəkli alqışlarla qarşıladılar. Konsertin ifaçısı olan Ramiz Quliyev və onu müşayiət edən xalq çalğı alətləri orkestri iranlı musiqisevərləri vəcdə gətirmişdi.

       Onu xüsusi qeyd etmək lazımdır ki, Ramiz müəllim çoxşaxəli yaradıcılığa malik olan sənətkardır. Mahir ifaçı, təcrübəli pedaqoq, klassik muğamların, Azərbaycan xalq musiqisi və bəstəkar əsərlərinin böyük təbliğatçısı, bəstəkarların yaratdığı vokal və instrumental əsərlərin tar ilə fortepiano üçün çoxsaylı işləmələrinin müəllifidir.

       Azərbaycan musiqisinin dünya miqyasında tanınması və milli musiqi mədəniyyətimizin inkişafı sahəsində özünəməxsus rolu olan görkəmli tarzənimiz Ramiz Quliyevin yaradıcılığının 40 illiyinə həsr edilmiş konsert proqramı çox rəngarəng idi. Bu proqramda təqdim olunmuş və yüksək məharətlə dinləyicilərə çatdırılmış musiqi nümunələri tarzənin yaradıcılıq dövrünün bütün mərhələlərini özündə əks etdirirdi. Belə ki, təntənəli gecə bəstəkar Hacı Xanməmmədovun 1 saylı konsertinin II - III hissələri ilə açıldı. Bu əsər Ramiz Quliyev tərəfindən istər lirik, istərsə də texniki cəhətdən böyük məharətlə ifa olundu. Tar ilə simfonik orkestr üçün yazılmış çoxsaylı konsertlər arasında səciyyəvi yeri olan bu əsərdən sonra «Xaric segah» muğamının səslənməsi dinləyiciləri milli musiqinin sehirkar aləminə qovuşdurdu. Çünki Ramiz Quliyev bu muğamı keçmiş tar ifaçılarımızdan fərqli olaraq, yalnız ona məxsus olan barmaqlar və cizgilərlə zənginləşdirmişdi. Həmin proqrama unudulmuş, az -az ifa olunan əsərlərdən ibarət musiqi çələngi daxil edilmişdi. Belə ki, Qəmbər Hüseynlinin «Ilk məhəbbət»i, I.Bramsın «Macar rəqsi»ndən sonra ifaçının zərbi-muğam «Heyratı» ya keçməsi dinləyicilərdə lirik əhval-ruhiyyənin vətənpərvərliyə çağırış hissi ilə əvəz olunurdu: bir övqatdan digərinə köklənmək sənətkardan böyük məharət tələb edir.

       Konsertin 2-ci hissəsi iki tar ilə simfonik orkestr üçün yazılmış əsərlərin səslənməsi ilə davam etdirildi. Həmişə olduğu kimi, ata ilə oğulun birlikdə duet çalması sovetlər dövründə dünya şöhrətli skripkaçılardan David və oğlu Iqor Oystraxın çıxışlarını yada saldı: yaşlı nəsl bu görkəmli musiqiçilərin ifalarını çox yaxşı xatırlayırlar. Hal-hazırda bu ənənənin müstəqil Azərbaycan Respublikasında nümayiş etdirilməsi təqdirəlayiqdir. Onu da qeyd etmək lazımdır ki, tar dueti ənənəsi ilk dəfə olaraq Ramiz Quliyev tərəfindən 1994-cü ildə Filarmoniya səhnəsində həyata keçirilmişdir. Həmişə yeniliklər axtarışında olan Ramiz Quliyev tar ifaçılığında mövcud potensıal imkanları üzə çıxarmaq, yeni forma və məzmunu özündə əks etdirən ifanı geniş dinləyici auditoriyasına çatdırmaq bacarığına malik olan sənətkardır. Danılmaz faktdır ki, tar ifaçılığında solo konsert proqramı ilə çıxış etmə ənənəsi də yalnız Ramiz Quliyevə məxsusdıır.

       Konsertdə Ramiz ilə birlikdə çıxış edən oğlu - Beynəlxalq və respublika müsabiqələri laureatı, Prezident təqaüdçüsü, gənc istedadlı tarzən Əyyub Quliyev Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, Qərbi-Avropa bəstəkarlarının əsərlərini də böyük məharətlə ifa etdi. Belə ki, Qara Qarayevin «Yeddi gözəl» baletindən«Aişənin rəqsi» və «Ildırımlı yollarla» baletindən «Gitara ilə rəqs», Tofiq Quliyevin «Sən mənimsən, mən sənin» və «Möcüzələr adası» filmindən mahnıları, Həsən Rzayevin «Çahargah rapsodiyası» gözəl ansambl yaradaraq dinləyicilərin zövqünü oxşadı. Iki tar və simfonik orkestr dialoqu davam etdi - Qərbi Avropa bəstəkarlarından F.Şubertin «Serenada», V.Montinin «Çardaş», Teodorakisin «Sirtaki» əsərləri popuri formasında dinləyiciləri sözun əsl mənasında valeh etdi. Bu ifa zamanı tar partiyasında mövcud olan çətinliklər gənc, virtuoz tarzən Əyyub Quliyev tərəfindən məharətlə dəf olundu. Bu konsertdə o, Ramiz Quliyev məktəbini keçmiş və onun yolunu davam etdi rən istedadlı tarzən olduğunu bir daha sübut etdi.

       Konsertin uğurlu keçməsində Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru, xalq artisti, Dövlət mükafatı laureatı, professor Rauf Abdullayevin rolunu xüsusi qeyd etmək lazımdır. Bu orkestrin müşayiəti ilə Ramiz və Əyyub Quliyevlərin çıxışları həmişə maraqla qarşılanır, yerli və xarici mətbuatda geniş işıqlandırılır. Təsadüfi deyildir ki, hazırkı konsert də əsl musiqi bayramına çevrildi. Biz, professional bəstəkarların arzusu odur ki, əsərlərimiz Rauf Abdullayevin rəhbərliyi altında Dövlət simfonik orkestrinin müşayiəti ilə Ramiz müəllim və onun istedadlı oğlu Əyyubun çıxışları vasitəsilə Azərbaycanın konsert salonlarında tez-tez səslənsin.

Tofıq BAKIXANOV










Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70