Y.AXUNDZADƏ: «MÜSTƏQILLIK YOLLARINDA QOŞA ADDIMLAYIRIQ»
Jurnalımızın müsahibi bacarıqlı, işləməyi sevən və Azərbaycanda hərbi musiqinin təşkili sahəsində mühüm xidmətləri və səriştəsi olan gözəl mütə-xəssislərimizdəndir. O, öz sənətinin keşməkeşli yollarında bütün maneələri qorxmadan dəf edərək həmişə uca zirvələrə can atır.
Azərbaycan respublikası MüdafiəNazirliyi Hərbi orkestr xidmətinin rəisi, Baş hərbi dirijor, polkovnik, eyni zamanda respublikanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Yusif Axundzadə ilə hərbi musiqiçinin öz kabinetində görüşüb müsahibə almağı qərara aldıq.
Onu da demək lazımdır ki, polkovnik Y.Axundzadə bacarıqlı bir musiqi xadimi kimi sabiq Ittifaqın bir çox hərbi orkestrlərinin rəhbəri vəzifəsinə təkliflər alsa da öz fəaliyyətini həmişə doğma Azərbaycanla bağlamış, xüsusilə də dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra Vətənə canla-başla xidmət etməyi özünün həyat amalı hesab etmişdir.
F.X. – Yusif müəllim, xahiş edirəm Azərbaycan Respublikasında Hərbi orkestr xidmətinin qurulması haqqında məlumat verəsiniz.
Y.A. – Mən, 1992-ci ildə keçmiş Sovet Ordusundan Azərbaycanın Milli Ordusuna dəvət aldıqda hələ respublikamızda nümunəvi orkestr yox idi. Halbuki, xalqımızın qüdrətini, xoş məramı və ülvi arzularını tərənnüm edən yeni tipli hərbi musiqiyə böyük ehtiyac var idi. Çünki xarici ölkələrin ən yüksək səviyyəli rəsmi nümayəndələrinin qarşılanmasını, təntənəli dövlət tədbirlərini hərbi orkestrsiz təsəvvür etmək olmazdı. Xalqımızın və xüsusən, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbi-yəsində də marş və yürüşlər əvəzsiz rol oynayır.
Mənim təşəbbüsümlə 1993-cü ildə orkestr üçün böyük bir ştat cədvəli yaradıldı. Hal-hazırda 100-ə qədər musiqiçi xidmətdən artıq qulluqçular, eləcə də əsgərlər hərbi orkestrdə çalışmaqdadırlar.
F.X. – Daha nə kimi çətinlikləriniz var idi?
Y.A. – Orkestr yarananda biz hələ Sovet dövründən qalma köhnə libaslardan istifadə edirdik, yeni musiqi alətlərinə də ehtiyacımız var idi. Buna baxmayaraq, kollektivimizin ifa səviyyəsi ilə tanış olan Türkiyənin hərbi attaşesinin köməyi ilə qardaş ölkədən mərasim geyimləri və 50 yeni alət gətirildi. Azərbaycan Müdafiə Nazirliyi də bu işdə bizə həmişə diqqət və qayğı göstərir. Bizim üçün yeni geyimlər tikildi, gördüyünüz bu yaraşıqlı bina da cari ildə nazirliyin qayğısı sayəsində inşa edilmişdir. Bunun da müqabilində biz daha yaxşı işləməli və göstərilən etimadı doğrultmalıyıq.
F.X. – Hərbi orkestrin repertuarı hansı əsərlərdən ibarətdir?
Y.A. – Təbii ki, marşlara və ilk növbədə Azərbaycan bəstəkarlarının marşlarına biz böyük əhəmiyyət verir və onları meydanlarda, konsert salonlarında, musiqi və idman yarışlarının açılışında qürur hissi ilə ifa edirik. Xarici dövlətlərin nümayəndə heyətlərini qarşılamaq üçün biz onların himnlərini də hazırlayırıq. Hal-hazırda Finlandiyanın dövlət himni üzərində işləməyə başlamışıq.
Orkestr üçün yazılmış orijinal əsərlərdən başqa müxtəlif bəstəkarlara da müraciət edirik – Bethoven, Mosart, K.M.Veber, Qriq, Dvorjak, Verdi, Çaykovski, Raxmaninov, Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, S.Ələsgərov, O.Zülfüqarov, A.Dadaşov və başqaları.
Xarici ölkələrdə qəbul olunmuş təcrübədən fərqli olaraq biz meydanlarda çıxış edəndə bütün əsərləri əzbərdən ifa edirik və kollektivimiz bu vəzifənin öhdəsindən bacarıqla qəlir.
F.X. – Orkestrin çıxışları zamanı maraqlı hadisələr baş verirmi?
Y.A. – Bu yaxınlarda belə bir hadisə baş verdi. Yunanıstan prezidentinin qarşılanma mərasimində həmin dövlətin himnini çalırdıq. Bir də gördüm ki, orkestr üzvləri sevincək halda gülümsəyirlər. Sən demə, ifamız ölkə səfirinin o qədər xoşuna gəlmişdi ki, o özünü oynamaqdan belə saxlaya bilməmişdi.
F.X. – Hərbi musiqi ifaçılığının müəyyən bir spesifikası da olmalıdır, yəqin.
Y.A. – Doğrudur, biz də ifaçılığın ümumi qaydalarına əməl edirik – təmiz intonasiya, həmahəng səslənmələr, dinamik balans və s. Üstəlik marşların ifası zamanı temp polad kimi dəqiq saxlanılmalıdır. Hərbi nümayiş marşlarında bir dəqiqədə 120 zərb, yürüş marşlarında isə 110 zərb ciddi gözlənilməlidir.
Belə bir əhvalat danışmaq istəyirəm. Bir dəfə (bu Sovet dövründə baş vermişdi) Moskvadan gəlmiş komissiya metronomdan istifadə etməyi məsləhət görmüşdü. Mən isə buna ehtiyac olmadığını söyləyib həmin cihazı bir qədər aralıda saxlamağı təklif etdim. Ifa bitdikdən sonra hamı musiqi nəbzinin metronom ilə bir vurduğuna şahid oldular. Demək istəyirəm ki, hərbi marşlar sadəcə dinlənilmək üçün deyildır. Bu janr onu dinləyənləri yerindən oynadıb addımlamağa hazır vəziyyətə gətirilməlidir.
F.X. – Yusif müəllim, Siz bu qədər məsuliyyətli vəzifədə çalışmaqla yanaşı, Bakı Muisqi Akademiyasının professorusunuz, maraqlı məqalələriniz var. Bu maraq nə vaxtdan başlamışdır?
Y.A. – Onu deyim ki, mən 1969-cu ildə professor Ələkbər Isgəndərovun fleyta sinfi üzrə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişəm. Öz müəllimimdən nümunə alaraq nəfəsli alətlər, hərbi musiqi və ifaçılar haqqında yazmağa həmişə meyl etmişəm. Elə həmin ildə fleyta haqqında bir məqaləm «Ulduz» jurnalında dərc olunmuşdu.
Son zamanlar isə «Musiqi Dünyası» kimi özünü təsdıq etmiş bir jurnalla yaxından əməkdaşlıq edirəm. Jurnalın səhifələrində bəzi məqalələrim çap olunub, məsələn, Azərbaycanda hərbi musiqinin tarixi, tanınmış ifaçılardan, öz müəllimlərim Ələkbər Isgəndərov və Rəsul Rəsulov haqqında yazılarım var. «Musiqi Dünyası» da Hərbi orkestrə maraq göstərir, onun gərəkli və çətin fəaliyyətini işıqlandırır.
F.X. – Ümumiyyətlə, «Musiqi Dünyası»nın fəaliyyətini necə qiymətləndirərdiniz?
Y.A. – Əvvəla, onu demək istəyirəm ki, «Musiqi Dünyası» hər cəhətdən səviyyəli və sanballı, respublikada analoqu olmayan bir musiqi jurnalıdır. Onun redaksiyasına yaxın və uzaq xaricdən də yazılar göndərirlər, rus, ingilis və türk dillərində çıxan məqalələr maraqla oxunur, respublikamızdan kənarda baş verən əlamətdar musiqi hadisələri ilə oxucuları tanış edir.
«Musiqi Dünyası», ilk növbədə Azərbaycan musiqi həyatının, bugünkü musiqi elmimizin aynasıdır, doğma dildə yazılmış məqalələr mütəxəssislərin və həvəskarların böyük marağına səbəb olur. Mənim təklifimlə respublikamızda fəaliyyət göstərən 14 hərbi orkestrin hamısı bu jurnala abunə yazılırlar.
F.X. – Jurnalı necə görmək istərdiniz?
Y.A. – Mən hesab edirəm ki, «Musiqi Dünyası» jurnalı üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. Onun ötən beş il ərzində öz dəst-xətti formalaşmışdır. Arzum budur ki, bu ənənələr gələcəkdə də davam etdirilsin.
Hərbi orkestrlə jurnal arasında sıx əməkdaşlıq əlaqələri yaranmışdır. «Musiqi Dünyası» da müstəqilliyimizin bəhrəsidir və biz müstəqillik yollarında qoşa addımlayırıq.
Fürsətdən istifadə edib mən Müdafiə Nazirliyi, Hərbi orkestr xidməti, səxsən öz adımdan «Musiqi Dünyası»nın bütün əməkdaşlarını və ilk növbədə, onun baş redaktoru Tariyel Məmmədovu bu kiçik, lakin əlamətdar 5 illik yubiley münasibəti ilə səmimi qəlbdən təbrik edir və kollektivə yeni-yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayıram.
F.X. – Maraqlı müsahibənizə və xoş arzularınıza görə Sizə təşəkkür edirik.
Y.A. – Siz də çox sağ olun.
Müsahibəni apardı – Fəttah XALIQZADƏ
IRANDA KEÇIRILƏN XX BEYNƏLXALQ FƏCR MUSIQI FESTIVALINDAKI UĞURLARIMIZ
Iran Islam Respublikasının (IIR) Mədəniyyət Nazirliyindən Azərbaycanın Mədəniyyət Naziri Polad Bülbüloğluna göndərilən məktuba əsasən, IIR-də keçirilən XX Beynəlxalq Fəcr Musiqi Festivalında iştirak etmək üçün professor Ağaverdi Paşayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri dəvət olunmuşdu. Fevralın 1-də orkestrlə birgə müğənni Zaur Əmiraslanov və bu sətirlərin müəllifi Tehrana yola düşdük. Festival fevralın 3-dən 7-dək davam etdi.
Onu da deyim ki, XX Beynəlxalq Fəcr Musiqi Festivalında iştirak etmək üçün 15 ölkədən - Almaniya, Fransa, Ispaniya, Italiya, Rumıniya, Hollandiya, Ukrayna, Polşa, Tacikistan, Pakistan, Türkiyə, Azərbaycan və digər ölkələrdən ifaçılar gəlmişdi. Tehranda olarkən ölkənin məşhur musiqiçiləri qaldığımız “Firdovsi Qrand Hotel”ə gəlib bizimlə səmimi görüşür və Azərbaycan musiqiçilərinin əldə etdikləri nailiyyətlərdən söz açırdılar. Eləcə də Tehran televiziyasından gələn çəkiliş qrupu professor Ağaverdi Paşayev və bu sətirlərin müəllifindən müsahibə alaraq televiziya üçün videolentə yazdılar.
Bu səfər üçün Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, professor Ağaverdi Paşayevin tərtib etdiyi proqram Azərbaycan bəstəkarlarının həmin orkestr üçün yazılmış əsərlərindən və mahnılarından, Azərbaycan xalq mahnıları və rəqslərindən ibarət idi. Proqramda Üzeyir Hacıbəyovun “Koroğlu” operasından Uvertüra, “Arazbarı”, Fikrət Əmirovun “Min bir gecə” baletindən rəqslər (solist Tehranın məşhur nağara çalanı Vahid Əsədullahi), Tofiq Bakıxanovun Iran xalq musiqisinin əsasında yazdığı “Şərqdən gələn sədalar” əsərindən fraqment (solist, gənc və istedadlı tarzən, respublikamızda keçirilən müsabiqələr laureatı Sahib Paşazadə), Azərbaycan xalq rəqsləri və Iran populyar musiqi əsərləri daxil idi.
Konsertin sonunda Sahib Paşazadə (tar) və Çinarə Mütəllibovanın (kanon) ifasında Süleyman Ələsgərovun “Qaytağı” və Həsən Rzayevin “Çahargah Rapsodiyası” səsləndi. Zaur Əmiraslanovun ifasında isə orkestrin müşayiəti ilə Rauf Hacıyevin “Azərbaycan”, Tofiq Quliyevin “Sənə də qalmaz”, Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasından Əsgərin kupletləri, Vasif Adıgözəlovun “Qərənfil” mahnısı səsləndi.
Festival çərçivəsində Azərbaycan musiqiçiləri fevralın 3-ü və 7-sində Tehranın “Talar Vəhdət”, fevralın 4-də “Niyavəran”, fevralın 6-da isə Şiraz şəhərində “Hafez Talar” kimi böyük konsert salonlarında müvəffəqiyyətlə çıxış etdilər. Proqramda olan instrumental əsərləri orkestrin müşayiətilə ifa edən solistlər tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanırdı. Demək olar ki, tamaşaçılar orkestrin ifa etdiyi hər bir nömrəni ayağa qalxaraq “Yaşasın Azərbaycan!” - deyə alqışlayırdılar.
XX Beynəlxalq Fəcr Musiqi Festivalında iştirak edən kollektivlər arasında kamera ansambları da var idi. Polşadan gələn fortepiano triosu: skripka, violonçel və fortepianoda bəstəkar Antonin Dvorjak və Frederik Şopenin triosunu məharətlə ifa etdi. Eləcə də Ispaniyadan gəlmiş trionun ifasında Moriş Ravel və Dmitri Şostakoviçin triosu və Yohannes Bramsın skripka və fortepiano üçün yazılmış “Sonata”sı Iran dinləyiciləri tərəfindən gurultulu alqışlarla qarşılandı.
Musiqi Festivalında Azərbaycan musiqisini təmsil edən Xalq Çalğı Alətləri Orkestrinə xüsusi diqqət yetirilirdi. Bu orkestrin uğurlu çıxışları ilə əlaqədar olaraq festivalın bağlanmasında Iran Kapellasına iki əsərlə, Azərbaycan musiqiçilərinə isə üç əsərlə çıxış etməyə icazə verdilər. Onu da deyim ki, konsertin son nömrəsində orkestrin ifa etdiyi əsəri tamaşaçılar ayağa qalxaraq oxuyurdu. Bu gecə yadda qalan bir hadisəyə çevrildi. Festivalın açılışı və bağlanışı Tehran televiziya studiyası tərəfindən videolentə yazıldı. Festivalın bağlanışı günü IIR Mədəniyyət Nazirliyinin rəhbərliyi tərəfindən festivalın yüksək mükafatı olan “Qızıl çəng” Azərbaycan, Italiya və Ispaniya iştirakçılarına təqdim olundu. Fərəhlə qeyd etmək olar ki, Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin kollektivi keçən il də həmin mükafatla təltif edilmişdi.
Həmin tədbirdə ölkəmizin Irandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov da iştirak edirdi. Hörmətli səfir konsert proqramı sona çatdıqdan sonra səhnə arxasına gələrək Azərbaycan musiqiçilərini təbrik edib gözəl çıxışlarına görə təşəkkürünü bildirdi. Mən də cənab səfirə xatirə olaraq ümummilli liderimiz Heydər Əliyevlə birlikdə çəkdirdiyim şəkili və IIR “Əl-Huda” Beynəlxalq nəşriyyatı tərəfindən çap olunan “Şərqdən gələn sədalar” (Iran xalq musiqisi əsasında yazılıb) əsərimin bir nüsxəsini təqdim etdim. Onu da bildirmək istərdim ki, ölkəmizin Irandakı səfirliyində olarkən orada Azərbaycanın məşhur yazıçı, şair, rəssam, incəsənət və elm xadimlərinin nəşr olunmuş kitabları üçün xüsusi otaq-kitabxana ayrıldığını gördüm. Bu da hörmətli səfirimiz Abbasəli Həsənovun yüksək zövqündən irəli gəlir.
Onu da deyim ki, son zamanlar Azərbaycan Respublikasının prezidenti, zati-aliləri cənab Ilham Əliyev və Iran Islam Respublikasının prezidenti, zati-aliləri Seyid Məhəmməd Hatəminin səmimi görüşlərinin nəticəsi olaraq hər iki ölkənin mədəniyyət əlaqələri gün-gündən inkişaf edərək daha da genişlənir.
Bizim iştirak etdiyimiz XX Beynəlxalq Fəcr Musiqi Festivalına görə Azərbaycan musiqiçiləri adından hər iki ölkənin Mədəniyyət Nazirliklərinə, eləcə də Iran Islam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin sədri Seyid Məhəmməd Ocaqnecatiyə, Iran Islam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, cənab Əfşar Süleymaniyə, Azərbaycan Respublikasının Irandakı fövqəladə və səlahiyyətli səfiri, möhtərəm Abbasəli Həsənova dərin təşəkkürümüzü bildiririk.
Tofiq BAKIXANOV
p align>
|