«DIRIJORLUQ PULTUNA M.ROSTROPOVIÇI ILAHI
QÜVVƏ, TALE APARIRDI»
Dirijorluq klassik musiqili-ifaçılıq sənətləri içərisində ən gənc sənət olmağına baxmayaraq, əvvəlki yüzilliklərdə fəaliyyət göstərən görkəmli bəstəkarların həyat və yaradıcılığı ilə sıx bağlı olaraq, aydın və dinamik tarixə malikdir. Lakin, M.Rostropoviçi dirijorluq pultuna ilahi qüvvə, tale aparırdı və onu heç bir şey saxlaya bilməzdi.
Məhz D.D.Şostakoviçin violonçel konsertlərindən başlayaraq M.Rostropoviç dirijorluq ampluasına can atırdı və D.Şostakoviçin Rostropoviçə həsr etdiyi II violonçel konserti üzərində işləyərkən 1966-cı ildə o, demişdir: «Mən həmişə dirijorlara həsəd etmişəm! Mən həmişə yüz simli violonçel haqqında xəyal etmişəm. Lakin D.Şostakoviçin istedadı alətin natamamlığına qalib gəlib. Bu musiqini ifa edərkən mən özümü ilk dəfə dirijor dərəcəsində görürəm.»
1962-ci ildə M.Rostropoviç Q.Vişnevskaya ilə birgə Qorki şəhərində ilk müasir musiqi yaradıcılığı festivalının keçirilməsinin təşkilində iştirak etdilər. Proqramda I hissə D.Şostakoviçin rəhbərliyi altında və solist M.Rostropoviçin ifasında keçdi. Məhz bu festivalın II bölməsində Maestro sevimli müəllimi D.Şostakoviç kimi camaat qarşısında ilk dəfə dirijor ampluasında çıxış etdi. Burada qazandığı müvəffəqiyyətdən sonra M.Rostropoviçin dirijorluğa meyli daha da artdı və bu onu daha böyük əsərlər üzərində işləməyə sövq etdi.
Böyük teatrda Q.Vişnevskayanın iştirakı ilə gedən operaların məşqlərini izləyən M.Rostropoviç pult arxasında durmağı qərara alır. 1960-cı illərdə Böyük teatrda fəaliyyətini o, məhz son notuna qədər məşhur olan «Yevgeniy Onegin» operası ilə başlayır. Konservatoriyada heç bir dirijorluq dərsi almayan M.Rostropoviç Leo Qinzburqdan fərdi dərs alıb və Yaykin, Kondraşin və Qusman ilə ayrı-ayrılıqda məsləhətləşmişdi.
Sonuncu dəfə 1944-cü ildə tamaşa variantı ilə yaradılan bu operaya M.Rostropoviç yeni səhnə həyatı verir. Bir sıra səhnələrə yenilik daxil edən maestro, həmçinin orkestrdə partitura üzərində yeni bədii işlər görmüşdü. Qəhrəmanların daxili aləmi, onların hissləri, hadisələrin dramaturji inkişafı dirijor-debüdant tərəfindən qeyri-adi dəqiqliyi və aydınlığı ilə səslənir. Məhz bu opera ilə («Yevgeniy Onegin») və yenə M.Rostropoviçin rəhbərliyi altında Q.Vişnevskaya 1982-ci ildə Parisdə opera karyerasına son qoymaq qərarına gəlir.
Öz dirijorluq fəaliyyətini genişləndirən və yeniləşdirən M.Rostropoviç P.I.Çaykovskinin «Yevgeniy Onegin» operasından bir il sonra pərəstişkarı olan S.Prokofyevin «Hərb və sülh» operasına Böyük teatrda dirijorluq edir. D.Şostakoviçin qeyd etdiyi kimi, bu opera ilk dəfə olaraq lazımı dərəcədə səsləndi. Beləliklə, 1970-ci illərdə M.Rostropoviç özünü artıq yüksək dərəcəli opera dirijoru kimi göstərdi.
1960-cı illərin sonu, 70-ci illərin əvvəllərində M.Rostropoviçin bir vətəndaş kimi, bir insan kimi həyatı dərk etməsi, anlaması nöqteyi-nəzəri təmamilə dəyişilirdi. Bu yeniləşmənin təkançısı demək olar ki, A.I.Soljenitsin olmuşdu. Onlar 1967-ci ildə A.Soljenitsinin Ryazanda yaşadığı dövrdə tanış olmuşdular.
1972-ci ildə M.Rostropoviç bir neçə Sovet elm və mədəniyyət xadimləri ilə birlikdə SSRI Ali Sovetinə iki müraciət imzalayırlar: əqidəsinə görə məhkum olunanların amnistiyası və ölüm cəzalarının ləğvi haqqında.
Ömrü boyu M. M.Rostropoviç vicdanını ləkələmədi, baxmayaraq ki, onu hər gün təqib edirdilər: konsertlərin keçirilməsinə maneçilik yaradır, qastrolların qarşısını alırdılar, tələbələrindən uzaqlaşdırırdılar. M.Rostropoviç tərəfindən «Yevgeniy Onegin» və «Hərb və sülh» operalarının yeni tərzdə səhnələşdirilməsinə baxmayaraq, onu Böyük teatrdan qovdular.
10 may 1974-cü ildə M.Rostropoviç Moskva Konservatoriyasının böyük zalında P.I.Çaykovskinin əsərlərindən ibarət olan vida konserti verdi. O, ilk dəfə olaraq, gənc tələbələrin simfonik orkestrinə rəhbərlik edərək, sonuncu dəfə SSRI-də pult arxasında dururdu. Təqiblərin nəticəsi olaraq 26 may 1974-cü ildə M.Rostropoviç, sonra isə Q.Vişnevskaya SSRI-ni tərk edirlər. Pulsuz, işsiz, tənha olan M.Rostropoviç və ailəsi üçün xaricdə yaşamaq əvvəllər çox çətin idi. Tədricən qastrol və konsert proqramı qaydaya düşdükcə belə həyat tərzini yaşamağa öyrəşdilər.
Londonda və bir sıra ölkələrdə qastrol konsertləri verən M.Rostropoviç 1975-ci ildə C.Kennedi adına incəsənət mərkəzi iqamətgahında yerləşən ABŞ milli simfonik orkestri ilə işləmək təklifi alır.Bir neçə əsərlərə dirijorluq etdikdən sonra M.Rostropoviçə orkestrin bədii rəhbəri vəzifəsi təklif edildi. 1931-ci ildə Q.Kindler tərəfindən yaranan orkestrə Q.Mitçell və A.Dorati kimi görkəmli dirijorlar rəhbərlik edirdi. Lakin 1970-ci illərdə yüksək səviyyədə olmayan orkestr M.Rostropoviçin rəhbərliyi altında daha da məşhurlaşır və bir sıra ölkələrdə, həmçinin də Amerikanın bir çox şəhərlərində böyük müvəffəqiyyətlə konsertlər verirdi. Orkestrin repertuarında 300-dən çox təzə əsər səsləndi. 1989-cu ildə Amerika musiqisinin inkişafı uğrunda zəhmətinə görə M.Rostropoviçi Ditson adına dirijorluq mükafatı ilə təltif edirlər.. Lakin, Amerikada mükafat almamışdan əvvəl 1980-cı ildə M.Rostropoviçə Italiyada ən yaxşı opera üçün «Qızıl səhnə» Mantui mükafatı verilmişdi.
Saysız-hesabsız mükafatlar, orden və medallar alan M.Rostropoviç yenə də ABŞ tərəfindən 1994-cü ildə Amerika musiqisində böyük nailiyyətlərinə görə Corc Pibodi və 1987-ci ildə Prezidentin Azadlıq medalını almışdı.
Rusiya Mədəniyyət və incəsənət xadimlərinin dəfələrlə dövlət rəhbərlərinə müraciətindən sonra, yenidənqurma dövründə M.Rostropoviçə münasibət birdən-birə tam dəyişildi. 1989-cu ildə C.Kennedi mərkəzində keçirilən press-konfransda SSRI-də ABŞ milli simfonik orkestri və onun rəhbəri M.Rostropoviçin tarixi konserti planlaşdırıldı. Məhz bunun nəticəsi olaraq, 1990-cı il fevral ayında M.Rostropoviç Vaşinqton simfonik orkestri ilə Rusiyada dörd tarixi konsert ilə çıxış etdi.
Konsert çox qəmgin və faciəvi əsərlərdən ibarət idi. M.Rostropoviçin özü bu qəmgin 6-cı simfoniyanı (P.Çaykovski) ifa etmək istəyirdi. D.Şostakoviçin simfoniyası isə dərin faciəvi səslənməsi ilə seçilirdi və M.Rostropoviç qeyd edirdi ki: «Mən D.Şostakoviçin 5-ci simfoniyasına dirijorluq edən zaman gözlərimdən yaş axır.» Konsertin son günü üçün M.Rostropoviç çox dəqiqlik ilə sevimli S.Prokofyevin 5-ci simfoniyasını seçmişdi. Bu işıqlı, xoşbəxtlik bəxş edən musiqi ilə M.Rostropoviç Moskva qastrol konsertlərini tamamlamışdı.
M.Rostropoviçə sözün əsl mənasında, Dünyanın, Kainatın vətəndaşı demək olar. Bu enerjili, istedadlı, özünə rahatçılıq verməyən insan son illər Şərqi Avropa və Rusiyada baş verən hər bir hadisəyə reaksiya veribdir. O, 90-cı illər Rus mədəniyyətinin inkişafı üçün çox böyük işlər görmüşdür. Xaricdə Mstislav yeni rus musiqisinin təbliği ilə geniş məşqul olaraq dinləyiciləri premyeralar ilə tanış edirdi. 1992-ci ildə C.Kennedi adına mədəniyyət mərkəzində dörd gün ABŞ milli simfonik orkestrinin sifarişi ilə yazılmış V.Artyomovun yeni III simfoniyası («Tixoe veyanie») sələnmişdi. Bu ildə M.Rostropoviç Amsterdamda Alfred Şnitkenin yeni operası olan «Jizn s idiotom» əsərinin premyerası üzərində işləyirdi. O, iki ay ərzində rejissor Boris Pokrovski, rəssam Ilya Kabakov və bir qrup amerikalı müğənnilər ilə birgə faciəvi-satirik tamaşanı səhnələşdirmişdilər. Maestro bu operada xor və müğənnilər ilə birgə işləməli, dirijorluq, royalda və violonçeldə solo ifa etməli olmuşdur. <
br>
Bundan sonra M.Rostropoviç sakit oturmayaraq, yeni konsertlər, festivallar hazırlayırdı.1993-cü M.Rostropoviç özünün «Evianın musiqi görüşləri» festivalını (Isveçrə ilə sərhəd olan fransız şəhərində) Rusiyaya həsr etmişdi. Bu festival üçün rus üslubunda taxtadan yeni konsert zalı tikilirdi və festivalda M.Qlinka, M.Musorqski, N.A.Rimski-Korsakov, P.I.Çaykovski, S.Prokofyev və bir sıra görkəmli bəstəkarların əsərləri səslənmişdir. Həmçinin, bu festival üçün gənc rus bəstəkarı Vladimir Tarnopolski « Ah, bu ruslar və ya sehirli içki » adlı opera yazmışdı. Operanın quruluşu üzərində B.Pakrovski işləmiş və dirijorluğu isə M.Rostropoviç etmişdi.
P.I.Çaykovski və D.Şostakoviçə olan böyük məhəbbəti onu yenə də 1993-cü ildə Rusiyaya qaytardı. Moskvada Qızıl Meydanda maestro, P.I.Çaykovskinin ölümünün 100-illiyinin keçirilməsini qərara aldı və həmçinin Moskva Konservatoriyasının Böyük zalında Vaşinqton Simfonik Orkestrinin rəhbəri maestro M.Rostropoviç D.Şostakoviçin anadan olmasının 87 illiyini qeyd edərək, xatirə konserti verdi. Qızıl Meydanda P.I.Çaykovskinin «1812-ci il» təntənəli uvertürası və S.Prokofyevin «Aleksandr Nevskiy» kantatasının finalı səsləndi, əsas yerdə P.I.Çaykovskinin əsərləri dururdu.
Bu konsert qastrollarının mərkəzində D.Şostakoviçin xatirəsinin 87-illiyinin qeydi olunması idi. Proqramı D.D.Şostakoviçin 9-cu simfoniyası açırdı və proqramda A.Şnitkenin yeni simfoniyasının premyerası, rus pianoçusu I.Soljenitsenin çıxışı və s. əks olunurdu.
Maestronun həyatına, yaradıcılığına böyük təsir göstərən onun müəllimi D.D.Şostakoviçin əsərləri M.Rostropoviçi hər zaman cəlb edirdi və «Ledi Makbet» operası da belə əsərlərdən biri idi. Iki redaksiyadan ibarət olan bu opera 1934-cü ildə S.Samosud tərəfindən I redaksiyada səslənmişdi. Lakin bu operanın lentə yazılması 1977-ci ildə M.Rostropoviçin rəhbərliyi altında baş vermişdi. O, operanı görkəmli müğənnilər Q.Vişnevskaya, N.Qeddoy və London filarmonik orkestrinin iştirakı ilə lentə yazmışdı. Lakin M.Rostropoviçin əsas arzusu bu operanı səhnələşdirmək idi. D.Şostakoviçin anadan olmasının 90 illiyinə M.Rostropoviçin bu arzusu yerinə yetdi və maestronun bu proyektini Sankt-Peterburq Dövlət Filarmoniyası həyata keçirdi. Həmçinin, operanın ifaçı ansamblınıda Q.Vişnevskaya yox, çox istedadlı müğənni Nina Pavlovskaya çıxış etmişdi.
Dahi bəstəkar və M.Rostropoviçin müəllimi olan D.Şostakoviçin vəsiyyətnaməsini yerinə yetirərək maestro 1997-ci ildə Sankt-Peterburqda «D.Şostakoviçin musiqi festivalı»nı təşkil edib keçirdi. M.Rostropoviç altı simfoniyaya dirijorluq, iki violonçel konsertini ifa edib və kamera ansamblında iştirak etmişdi. Simfoniyalar D.Şostakoviçin vəsiyyətnaməsində yazıldığı qaydada səslənmişdi: əvvəlcə I, sonra 13,10, 5, 9, 12-ci və finalda 11-ci «1905-ci il» simfoniyası. XX əsrin dahi violonçelisti dirijor pultu arxasında durub D.Şostakoviçin və S.Prokofyevin əsərlərini yenidən yaradan zaman insanların qəlbindəki ən zərif duyğulara toxuna bilir.
Uzun ayrılıqdan sonra M.Rostropoviç yenidən Bakıya qayıdır. 1997-ci il, martın 27-də 70 ili tamam olan maestronun yubileyi ilk dəfə Fransada və sonra onun Vətəni olan Azərbaycanda qeyd olunur. Bakıda onun və atasının adına (Leopold Rostropoviç) küçə, məktəb və ev-muzeyi açılır. Bu ildən başlayaraq, dahi musiqiçinin Bakıya gələrək master-klass və konsertlər ilə çıxış etməsi bir ənənəyə çevrilir.
Dahi maestro istedadlı dirijor kimi öz Vətəni olan Bakıda da dəfələrlə çıxışlar edib. 1998-ci ildə Bakıda maestro dinləyicilərin qarşısında yalnız dirijor kimi çıxış edərək, F.Bədəlbəyli ilə birlikdə konsert verdilər. Proqramda I hissədə F.Şubertin «Natamam simfoniyası», Y.Bramsın «Haydn mövzusunda variasiyalar» və II hissədə K.Sen-Sansın fortepiano ilə orkestr üçün konserti və Q.Qarayevin «Yeddi gözəl» baletindən «Vals» M.Rostropoviçin rəhbərliyi altında səslənmişdi.
Uzun illər gözlənilən Azərbaycan Dövlət Filarmoniyasının açılışı keçən il, yanvarın 26-sı baş verdi. Açılışda Maestro Mstislav Rostropoviç əziz və sevimli dostu, Azərbaycan xalqının dahi oğlu Prezident Heydər Əliyevin nurlu xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq, violonçeldə Iohann Sebastyan Baxın iki nömrəli süitasından Sarabandanı ifa etdi. Maestro özü bu əsər haqda belə demişdi: «Sarabanda mənim üçün bir dua kimi səslənir.Özü də bu, hansısa dinə aid dua deyildir. Bu bütün insanlar üçün duadır.»
Daha sonra dünya şöhrətli musiqiçinin dirijorluğu ilə Firəngiz Əlizadənin Filarmoniyanın açılışına həsr etdiyi «Ithaf» əsəri ilk dəfə ifa olundu.
Maestronun ənənəvi Bakıya gəlişi növbəti dəfə sentyabrın 18-nə Üzeyir musiqi gününə düşməsi təsadüfi deyildi. Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan konserti maestro dahi bəstəkarımız Üzeyir Hacıbəyovun «Koroğlu» operasının uvertyurası ilə başladı. Konsertdə M.Qlinka, A.Dvorjak, P.Çaykovski və Q.Qarayevin əsərləri də səsləndi.
Sonuncu dəfə isə M.Rostropoviçin Bakıya gəlişi bu il 8 mart Beynəlxalq qadınlar gününə düşdü. Maestro bu dəfə də Azərbaycan Dövlət Filarmoniyasında xeyriyyə konserti verdi. Konsertdə L. Bernstaynın M.Rostropoviçə həsr olunmuş çox maraqlı, orijinal «Slava» əsəri, P.Çaykovskinin skripka və orkestr üçün Konserti və 4 saylı Simfoniyası maestronun dirijorluğu ilə səsləndi. Hər zaman gəlişi musiqi bayramı olan M.Rostropoviç bu dəfəki səfəri ilə də hər kəsi sevindirdi.
«Mən harada olsam, yenə də Bakıya qayıdacam, axı bura mənim Vətənimdir», - deyən M.Rostropoviç dahi ifasını hələ uzun illər eşidəcəyimizə ümid verir.
Şeyla HEYDƏROVA
M.ROSTROPOVIÇ YENIDƏN VƏTƏNƏ GƏLDI
1997-ci ildən başlayaraq, Azərbaycana səfərlərini ənənə halına çevirən M.Rostropoviçin Bakıya bu ilki gəlişi, sözün əsl mənasında, bayrama çevrildi, çünki bu gün Beynəlxalq Qadınlar günü olan martın 8 -nə təsadüf etdi. Məhz bu gün, o, L. və M. Rostropoviçlərin ev-muzeyini ziyarət etdi. Muzeyin direktoru və işçi heyəti hər zamankı kimi böyük səy göstərdilər. Muzeydə yeni eksponatlar asılmış, Leopold Vitoldoviçin anadan olmasının 113 illiyi ilə əlaqədar sərgi qurulmuşdur. Sərgidə müxtəlif foto şəkillər, konsertlərdən afişa və proqramlar, XIX əsrin sonu XX əsrin əvvəllərində onun repertuarına daxil olan not kitabları, epistolyar irsi olan müxtəlif məktublar (A.Qlazunovun, A.Zilotinin, Ü.Hacıbəyovun) öz əksini tapırdı. Yeni maraqlı eksponatların içində qırmızı Bordo çaxırı ilə çəkilmiş M.Rostropoviçin rəsmini xüsusi ilə qeyd etmək olar.
Görüşdə Prezident aparatının mədəniyyət üzrə şöbə müdiri F.Abdullazadə, Mədəniyyət naziri P.Bülbüloğlu, Mədəniyyət nazirinin müavini S.Məmmədəliyeva, bəstəkar F.Əlizadə, BMA-nın Dillər kafedrasının müdiri N.Paşayeva,Mədəniyyət nazirliyinin muzey sektorunun direktoru A.Hüseynova və başqaları iştirak edirdilər.
M.Rostropoviçin gəlişi ilə əlaqədar muzeydə,onun qarşısında gənc musiqiçilər də fəal iştirak etdi: L.və M.Rostropoviçlər adına 21 saylı musiqi məktəbinin şagirdi S.Atakişioğlu, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi C.Tağızadə, E.Hüseynov müxtəlif bəstəkarların əsərləri ilə çıxış etdilər. M.Rostropoviç bu səmimi, maraqlı, xoş əhval-ruhiyyə ilə keçən görüşdə özünün Bakı ilə bağlı xatirələrindən,maraqlı hadisələrdən söhbət açdı və gələcək planları ilə bölüşdü.
Sonda Maestro M.Rostropoviç bu isti və səmimi görüşdən, muzeyin geniş fəaliyyətindən məmnun qaldığını bildirdi.
Şeyla HEYDƏROVA
MAESTRO NIYAZININ NAMƏLUM ƏSƏRLƏRI
«Piano üçün pyeslər» yeni not kitabı çapdan çıxmışdır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi demək olar ki, hər il tədbirlərində əvvəllər heç yerdə səslənməyən əsərləri ictimaiyyətə təqdim edir. Belə tədbirlərdən biri 2005-ci ilin yanvarın 25-də AMMDM-nin filialı olan Niyazinin mənzil muzeyində Mədəniyyət Nazirliyinin maddi dəstəyi ilə nəşr olunan görkəmli Azərbaycan dirijoru və bəstəkarı Maestro Niyazinin «Piano üçün pyeslər» not kitabının təqdimat mərasimi olmuşdur. Təbii ki, Niyazinin yaradıcılığında ona ümumdünya şöhrəti gətirən dirijorluq sənəti, dirijorluq məharəti olmuşdur. Lakin bununla bərabər Niyazi bir bəstəkar kimi Azərbaycan musiqisinin inkişafında mühüm rol oynayan bir çox əsərlərin müəllifidir. «Zaqatala süitası», «Qaytağı», «Rast» simfonik muğamı, «Xosrov və Şirin» operası, «Çitra» baleti kimi əsərlər onun qələminin məhsuludur. Niyazinin bəstəkarlıq yaradıcılığında ən az tanınmış əsərləri piano üçün pyeslərdir. Onun 1930-cu illərin əvvəllində yazdığı «Od içində» piano poeması və talış mövzusunda sil
silə piano pyesləri bizə gəlib çatmamışdır.
Niyazinin mənzilində xatirə muzeyi yaradıldıqdan sonra muzey əməkdaşları Niyazinin XX əsrin birinci yarısında yazdığı bir sıra əsərlərin əlyazmalarını aşkar etmişlər. Həmin əsərlər ilk dəfə olaraq AMMDM-də və həmin muzeyin filiallarından olan Niyazinin mənzil muzeyinində ifa olunduqdan sonra AMMDM-nin direktoru Alla xanım Bayramovanın təşəbbüsü və Mədəniyyət Nazirliyinin maddi dəstəyi ilə «Piano üçün pyeslər» not kitabı şəklində nəşr olunması qərara alınmışdır. Kitaba Niyazinin «Etüd» («Zarafat»1929), «Skertso» (1929), «Prelüd» (1930), «Rəqs» (1934), «Almaz» kinofilminə musiqidən fraqmentlər (1935), «Miracle» («Möcüzə»), «Çitra» baletindən Adajio, «Rəng» («Şur» muğamından) pyesləri daxil edilmişdir. Kitabın dizaynında müəllif not əlyaz-malarından və Niyazinin o dövr fotoşəkillərinin əslindən istifadə olunmuşdur. Kitab iki dildə –Azərbaycan və rus dillərində nəşr olunmuşdur. Hələ kitab nəşrindən əvvəl bu pyesləri AMMDM-nin direktoru A. Bayramova özünün dissertasi
yasında xarakterizə etmişdir. Məsələn, «Miracle» («Möcüzə») adlandırılmış pyes koloritinə görə impressionizmə yaxındır… «Həcər xanıma həsr olunmuş 2 səhifəlik lya bemol minor miniatür pyesi «Rəqs» zərif, nəfis, lirikdir. Xalq mahnılarının rəngarəng harmoniyaları Niyazinın 30-cu illərdə yazıldığı talış mövzularında silsilə fortepiano pyeslərini xatırladır»… «Almaz» kinofilmindən Fraqmentlər həmçinin xalq ruhunda yazılmışdır … Digər-«Zarafat» pyesinin tarixi bir əlyazmada 13yanvar 1929-cu il, başqa əlyazmada «Etüd» adlandırılaraq 1930-cu il tarixi göstərilir. Forma və xarakterinə görə bu pyes romantizm dövrünün ekspromt-fantaziya janrına yaxındır. Heç bir yerdə səslənməyən bu əsərlə Niyazi Azərbaycan musiqisində konsert etüdlərinin yaranmasını qabaqlamışdır. (bu vaxta qədər hesab olunurdu ki, milli musiqidə bu janrın ilk nümunələri Elmira Nəzirovanın yaradıcılığında özünü biruzə vermişdir)».
«Niyazinin bütün fortepiano miniatürləri harmoniyaların təkrarolunmaz təravəti ilə, əsas və köməkçi səs çoxluğu ilə, qeyri-adi modulyasiyalarla dinləyicini ovsunlayır. Əsərlər öz mürəkkəbliyi, koloritinə görə müxtəlifdirlər. Lakin hamısında Niyazi istedadı özünü biruzə verir» 1
Buna görə də Niyazinin bu pyeslərinin nəşri böyük əhəmiyyət kəsb edirdi. Niyazinin «Piano üçün pyeslər» not kitabının təqdimat mərasimində çıxış edən Mədəniyyət Naziri Polad Bülbüloğlu mərhum prezident Heydər Əliyevin maestronun mənzil muzeyinin açılışında etdiyi nitqi xatırladı və bu evlə bağlı xatirələrini bölüşdü: «Həmişə bu muzeyə gələndə hədsiz həyəcan keçirirəm. Çünki uzun illər bu mənzilə qonaq gəlib-getmişəm. Bu evdə tez-tez görkəmli musiqiçilər toplaşaraq gözəl musiqi gecələri təşkil edirdilər. Bir vaxt bu evi əlimizdən alıb satmaq istəyirdilər. Mən fəxr edirəm ki, biz bunun qarşısını ala bildik və Musiqi Mədəniyyəti Muzeyinin filialı kimi bu muzeyi yaratdıq. Burada maestro Niyazinin və Həcər xanımın ruhu yaşayır. Bu əlyazmaları toplayıb kitab şəklində çap etmək çox vacib bir iş idi. Bu o deməkdir ki, gənc nəsil pianoçular Niyazini daha yaxşı tanıyacaq, maestronun əsərləri hələ uzun illər yaşayacaq».
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxışının əvvəlində Niyazi yaradıcılığına nəzər salaraq qeyd etdi ki, «Niyazi həm misilsiz dirijor, həm də böyük bəstəkar idi… Heç olmasa belə tədbirlər keçirilən zaman ildə bir dəfə bu evə gəlirik, həm maestronun əsərlərini dinləyirik, həm də keçmiş günləri xatırlayırıq. Mənim üçün bu mənzil, bu divarlar çox doğmadır». Daha sonra Fərhad müəllim not kitabındakı pyeslərin dərs proqramına salınacağını dedi və əlavə etdi ki, ali məktəblər üçün bu kitab əvəzsizdir. «Indiyə qədər bizdə müxtəlif illərdə xeyli not kitabları çap olunub, ancaq bu cür nəfis şəkildə nəşr olunmuş not kitabına hələ rast gəlməmişik».
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, kitabın tərtibçi-redaktoru Alla xanım Bayramova not kitabı haqqında məlumat verərək kitaba daxil edilən əsərlərin əlyazmalarının tarixindən və onların necə toplanmasından söz açdı: «Həcər xanımın vəfatından sonra Niyazinin mənzilində xatirə muzeyi təşkil olundu. Muzeyin əməkdaşları not əlyazmalarını araşdırarkən Niyazinin 1929-1950-ci illərdə yazdığı bir sıra piano əsərlərinin müəllif əlyazmalarını aşkar etmişlər. XX əsrin birinci yarısında gənc bəstəkarın əsərləri ilə tanışlıq faktı özü bir möcüzədir. Bu, Niyazinin çoxşaxəli istedadının yeni cəhətlərini açıb göstərir. Piano üçün pyeslər ilk dəfə olaraq AMMDM-də və həmin muzeyin filiallarından biri olan Niyazinin mənzil muzeyində ifa olunmuşdur. Hazırki, muzey nəşri Niyazinin piano əsərlərinin ilk nəşridir».
Daha sonra A. Bayramova göstərdiyi maddi dəstəyə görə Mədəniyyət Nazirliyinə, şəxsən Polad Bülbüloğluna minnətdarlığını bildirdi və qeyd etdi ki, «bu iş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və Niyazinin pyeslərinin öz konsert proqramlarına, pedaqoji təcrübələrinə daxil etməyə çalışan musiqiçi-ifaçıların və müəllimlərin inadlı xahişlərinə əsasən həyata keçirilmişdi».
Təqdimat mərasimi konsert proqramı ilə yekunlaşdı. Muzeyin aparıcı elmi işçisi Alla Fyodorova və 35 saylı musiqi məktəbinin şagirdi Fəridə Rzayeva Niyazinin «Şur» muğamından Rəng, Bakı Musiqi Akademiyasının dosenti Ülviyyə Hacıbəyova «Etüd», «Skertso», «Prelüd», «Rəqs», «Möcüzə», «Çitra» baletindən Adajio əsərləri ilə yanaşı, Fərhad Bədəlbəylinin «Niyaziyə ithaf» və Polad Bülbüloğlunun «Skertso» pyeslərini ifa etmişlər (həmin əsərləri hər iki musiqiçi 18 yaşında yazmışdır və onlar muzeyin fondunda aşkar edilmişdir).
NIYAZININ «PIANO ÜÇÜN PYESLƏR» NOT KITABINDAKI GEYDLƏRI TAM ŞƏKILDƏ VERILIR:
”Etüd («Zarafat»). 1929-cu il. Əsər Moskva şəhərində, Qnesinlər adına musiqi pedaqoji texnikumunda təhsil illərində bəstələnmişdir. Ilk dəfə 16.08. 2002-ci ildə Niyazinin mənzil-muzeyində onun 90 illiyinə həsr olunmuş elmi konfransda Bakı Musiqi Akademiyasının dosenti Ülviyyə Hacıbəyova ifa etmişdir. Redaktə Ü.Hacıbəyovanındır.
Skertso. 1929-cu il. Əsər Leninqrad şəhərində Mərkəzi Leninqrad musiqi texnikumunda təhsil illərində bəstələnmişdir. Ilk dəfə 16.08.2002-ci il Niyazinin mənzil-muzeyində onun 90 illiyinə həsr olunmuş elmi konfransda Ü.Hacıbəyova tərəfindən ifa edilmişdir. Redaktə Ü.Hacıbəyovanındır.
Prelüd. 1930-cu il. Əsəri ilk dəfə 16.08.2002-ci il Niyazinin mənzil-muzeyində onun 90 illiyinə həsr olunmuş elmi konfransda Ü.Hacıbəyova tərəfindən ifa edilmişdir. Redaktə Ü.Hacıbəyovanındır.
Rəqs. Həcər Kafiyə həsr olunur. 1934-cü il. Əsəri ilk dəfə 16.08.2002-ci il Niyazinin mənzil-muzeyində onun 90 illiyinə həsr olunmuş elmi konfransda Alla Fyodorova ifa etmişdir.
«Almaz» kinofilminə musiqidən fraqmentlər. 1935-ci il. «Azərfilm» kinostudiyasının istehsalı. Səsli bədii film. Ssenari müəllifi Əməkdar incəsənət xadimi C. Cabbarlı. Rejissorlar: A.Quliyev, Q.M.Braqinski. Bəstəkarlar: Niyazi, Z.Hacıbəyov.
I. Andantino. Əsəri ilk dəfə 16.08.2002-ci il Niyazinin mənzil-muzeyində onun 90 illiyinə həsr olunmuş elmi konfransda Ü.Hacıbəyova ifa etmişdir.
II. Moderato. Əsəri ilk dəfə 02.08.2004-cü ildə Niyazinin mənzil muzeyində onun vəfatının 20-ci ildönümünə həsr olunmuş tədbirdə A.Fyodorova ifa etmişdir.
III. Allegretto. Əsəri ilk dəfə 02.08.2004-cü ildə Niyazinin mənzil- muzeyində onun vəfatının 20-ci il dönümünə həsr olunmuş tədbirdə 35 saylı musiqi məktəbinin VIII sinif şagirdi Fəridə Rzayeva ifa etmişdir.
«Miracle» («Möcüzə»). 1950-ci il. Əsəri ilk dəfə 17.11.1994-cü ildə Rəna Rzayeva Vyananın «Gesellschaft für Musik» konsert zalında ifa etmişdir.
«Çitra» baletindən Çitra və Arcunanın Adajiosu. 1961-ci il. Fortepiano üçün müəllif işlənməsinin ilk konsert ifası 02.08.2004-cü ildə Niyazinin mənzil- muzeyində onun vəfatının 20-ci ildönümünə həsr olunmuş tədbirdə səslənmişdir. Ifaçı –Ü.Hacıbəyova.
Rəng («Şur» muğamından). Bu iki piano üçün əsəri ilk dəfə 20.08.2000-ci ildə Niyazinin mənzil-muzeyində onun anadan olmasına həsr olunmuş tədbirdə A. Fyodorova və 35 saylı musiqi məktəbinin VII sinif şagirdi Nigar Babayeva ifa etmişlər”2
Rza BAYRAMOV
1 Bayramova A.H. «Azərbaycan Musiqi Mədəniyyətinə aid materialların toplanması, öyrənilməsi və təbliğində muzeylərin rolu» sənətşünaslıq namizədi elmi dərəcəsini almaq üçün dissertasiya. Bakı, 2004, s.91-92.
2 Niyazi «Piano üçün pyeslər» (redaktor: A.Bayramova). Bakı, 2005, səh.48
KEÇƏÇI OĞLU MƏHƏMMƏDIN ANADAN OLMASININ 140 ILLIK YUBILEYINƏ HƏSR OLUNMUŞ TƏDBIR
13 oktyabr 2004-cü il tarixdə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində milli musiqi mədəniyyətimizin inkşafında görkəmli xidmətləri olmuş məşhur xanəndə Keçəçi oğlu Məhəmmədin anadan olmasının 140 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilmişdir.
Muzeyin direktoru Alla xanım Bayramova giriş sözü ilə çıxış edərək, klassik bir xanəndə kimi musiqi mədəniyyətimizin tarixində müstəsna rol oynamış Keçəçi oğlu Məhəmmədin xatirəsinə həsr edilmiş gecəni görkəmli muğam sənətkarının yaradıcılığına böyük ehtiram kimi qiymətləndirdi. Muzeyin şöbə müdiri Təranə Tağıyeva Keçəçi oğlu Məhəmmədin həyat və yaradıcılığı barədə məlumat verdi.
Gecədə Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, professor, xalq artisti Arif Babayev, Dövlət muğam teatrının bədii rəhbəri, professor, xalq artisti Islam Rzayev, qocaman rəqqasə, xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Əminə Dilbazi, xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Baba Mahmudoğlu, əməkdar artist, Prezidentin fərdi təqaüdçüsü Tələt Qasımov və başqaları çıxış edərək Keçəçi oğlu Məhəmmədin musiqi mədəniyyətimizin inkişafında göstərdiyi xidmətləri yüksək qiymətləndirdilər. Gecədə tanınmış xanəndələrin ifasında muğamlar, xalq mahnıları və təsniflər oxundu, Keçəçi oğlu Məhəmmədin muzeyin arxivində saxlanan və 1912, 1914 və 1991-ci illərdə buraxılmış hər 3 qrammafon valı səsləndirildi.
Sonda Keçəçi Məhəmmədin oğlu, keçmiş hərbçi Ramiz Xəlilov çıxış edərək atasının xatirəsinə göstərilən diqqətə görə gecənin təşkilatçılarına və iştrakçılarına minnətdarlığını bildirdi.
Alla BAYRAMOVA
p align>
|