ORQAN MUSIQISINƏ HƏSR OLUNMUŞ PLENUMUN MÜZAKIRƏSI
Materialı hazırladı: Sevda ƏLIQIZI
 

       Azərbaycan Bəstəkarlar Ittifaqı özünün 70 illik yubileyi münasibətilə növbəti tədbirini keçirmişdir. Bu dəfəki Plenum ilk dəfə olaraq bütövlükdə orqan musiqisinə həsr olunmuşdu. Plenumun 2005-ci il martın 25-də baş tutmuş birinci konsertində Rasimə Babayevanın ifasında Nazim Əliverdibəyovun «Bayatı-Şiraz»; Zakir Bağırovun «Improvizasiya»; Leonid Vaynşteynin «Memorial» və Eldar Mansuro-vun «Muğam dəstgah»ı, Nelli Abutidzenin ifasında Arif Mirzəyevin «Sarabanda» (Şahzadə Diananın xatirəsinə) və Rüfət Ramazanovun orqan və xanəndə üçün «And»ı (solist-Nəzər Bəylərov), sonda isə gənc orqançalanlar Afaq Aşumova və Kamilla Sədirxanovanın ifasında Xəyyam Mirzəzadənin «Ağ və qara» əsəri səslənmişdir.

       Plenumun mayın 31-də keçirilən 2-ci konsertində isə Vasif Adıgözəlovun «Muğam-sonata»sı, Aqşin Əlizadənin «Muğam sədaları», Elnarə Dadaşovanın «Süsən sünbül» xalq mahnısının 4 variasiyaları, Nazim Mirişlinin «Iki ofortu», Ilyas Mirzəyevin Sonatası, Cəlal Abbasovun Qara Qarayevin xatirəsinə «Postlüdiya»sı və ilk dəfə olaraq Sevda Ibrahimovanın «Poema-ithaf» əsəri dinləyicilərə təqdim olunmuşdur.

       Iyunun 2-də Azərbaycan Bəstəkarlar Ittifaqında plenumun nəticələrinə həsr olunmuş geniş konfrans-disput keçirilmişdir. Onun bəzi maraqlı məqamlarını oxucularımızın diqqətinə çatdırırıq.

       Ramiz Zöhrabov (Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə Heyətinin Katibi, respublikanın əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor): Ilk dəfədir Azərbaycan Bəstəkarlar Ittifaqı sırf orqan musiqisinə həsr olunmuş Plenum keçirdi. Iki konsertdən ibarət olan Plenum Azərbaycan Bəstəkarlar Ittifaqının 70 illik yubiley tədbirləri sırasına daxil edilmişdi.

       Onu da xatırladım ki,1964-cü ildə Azərbaycanda orqanın yenidən bərpa edilməsindən sonra bəstəkarlarımız bu alət üçün əsərlər yazmağa başladılar. Ilk əsərlər sırasında Nazim Əliverdibəyovun, Zakir Bağırovun, Nəriman Məmmədovun əsərlərini, Qara Qarayevin kino musiqisini misal göstərmək olar. Sonralar orta və gənc nəsil bəstəkarları da orqan musiqisinə müraciət etmişlər. Hazırda Azərbaycan bəstəkarlarının orqan üçün yazılmış çoxlu sayda əsərləri var. Azərbaycan Dövlət Konservatoriyasında xüsusi orqan ifaçılığı kafedrası yaradılmışdır. Hazırda bu kafedranın rəhbəri respublikanın əməkdar incəsənət xadimi, professor Tahirə xanım Yaqubovadır. Orqan ifaçılığı kafedrasının işçiləri Plenumun işində çox fəal iştirak etdilər. Biz bu kafedranın üzvlərinə təşəkkürümüzü bildiririk.

       Iki konsertdən ibarət olan Plenumun proqramı Azərbaycan bəstəkarlarının ilk orqan musiqisi nümunələrindən tutmuş yeni yazılmış əsərlərədək geniş və rəngarəng bir panoram təşkil etdi. Burada artıq dünyasını dəyişmiş bəstəkarların Nazim Əliverdibəyov, Zakir Bağırov, Leonid Vaynşteyn, yaşlı nəsil nümayəndələrindən Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov və Aqşin Əlizadənin, o cümlədən orta nəsil bəstəkarlarnın - Sevda Ibrahimova, Eldar Mansurov, Elnarə Dadaşova və Arif Mirzəyevin, habelə gənc bəstəkarların - Cəlal Abbasov, Nazim Mirişli, Ilyas Mirzəyev və Rüfət Ramazanovun əsərləri təqdim edildi. Bütün bu əsərlər onların təfsirçiləri haqqında musiqişünasların, bəstəkarların, ifaçıların rəyini bilmək istərdik.

       Imruz Əfəndiyeva (musiqişünas, sənətşünaslıq doktoru, professor): Azərbaycan Bəstəkarlar Ittifaqının 70 illiyinə həsr olunmuş plenumu orqan musiqisini respublikamızda təbliğ edən ifaçıları dinləyicilərimizə daha da yaxından tanıtdı. Son illər bəstəkarlarımız bu gözəl və qeyri-adi alət üçün olduqca dəyərli, yüksək səviyyəli əsərlər yaratmışlar. Bizim qocaman bəstəkarlarımız - Zakir Bağırovun, Nazim Əliverdibəyovun səmimi, emosional, incə zövqlə yazılan əsərlərini orta və cavan nəsil bəstəkarlar sanki bir klassik nümunə kimi qəbul edirlər.

       Azərbaycanda son illər orqan musiqisinə olan böyük maraq, sevgi ilk növbədə bu sahədə ifaçılıq məktəbinin yüksəlməsi ilə sıx əlaqədardır. Bakı Musiqi Akademiyasının professoru, respublikanın əməkdar incəsənət xadimi Tahirə xanım Yaqubovanın ifaçılıq və pedaqoji fəaliyyəti son dərəcə dəyərlidir. Məhz onun fəaliyyəti nəticəsində respublikamızda böyük bir istedadlı ifaçılar dəstəsi yetişib və onların bu gün gözəl davamçıları var.

       Azərbaycan Bəstəkarlar Ittifaqının keçirdiyi plenum sanki iki mərhələdən ibarət idi: birinci mərhələdə gözəl pedaqoq, mahir ifaçı, professor Rasimə Babayeva və istedadlı cavan ifaçılar çıxış etdilər.

       Rasimə xanım N.Əliverdibəyovun «Bayatı-Şiraz», Z.Bağırovun «Improvizasiya», L.Vaynşteynin «Memorial», E.Mansurovun «Muğam-dəstgah» əsərlərini yüksək professional səviyyədə ifa etdi. Ifaçı hər bir bəstəkarın üslubuna xas olan xüsusiyyətləri, musiqi dilinin incəliklərini məharətlə açır və dinləyicinin qarşısında müxtəlif xarakterli təzadlı, ekspressiv obrazları canlandırırdı.

       Ümumiyyətlə, plenumda müxtəlif nəsil bəstəkarlarının əsərləri səsləndi. Bu çox önəmli bir amildir. Məhz Bəstəkarlar Ittifaqının son illər keçirdiyi bu tədbirlərdə - istər plenumlarda, istər festival və yaxud konsertlərdə - həmişə bütün nəsillərin bəstəkarları cəlb olunub. Bu Azərbaycan Bəstəkarlar Ittifaqının ənənəsidir.

       N.Abutidze olduqca məsuliyyətli və bacarıqlı ifaçıdır. O, iki mürəkkəb əsəri səsləndirdi: Arif Mirzəyevin «Sarabanda» (şahzadə Diananın xatirəsinə) və Rüfət Ramazanovun orqan və xanəndə üçün «And» (solist N.Bəylərov).

       Həmin gün, sonda X.Mirzəzadənin məşhur və çox maraqlı «Ağ və qara» əsəri ifa olundu. Cəsarətlə demək olar ki, bu əsərdə XX əsrin musiqi novasiyaları, texniki tapıntıları əks olunmuşdur. X.Mirzəzadənin «Ağ və qara» əsərini gənc ifaçılarımız A.Aşumova və K.Sədirxanova zövqlə ifa etdilər.

       Plenumun ikinci konsertində V.Adıgözəlovun, A.Əlizadənin, S.Ibrahimovanın, E.Dadaşovanın, I.Mirzəyevin, N.Mirişlinin, C.Abbasovun orqan üçün yazdıqları əsərlər səsləndi.

       Yaxşı yadımdadır, V.Adıgözəlovun «Muğam-sonata»sı görkəmli bəstəkarımızın 60 illiyinə həsr olunmuş konsertində uğurla səslənmişdi və sonralar bu gözəl əsər bir çox ifaçılarımızın repertuarında əsas yer tutmuşdur.

       Mayın 31-də keçirilən konsertdə R.Babayeva V.Adıgözəlovun «Muğam-sonata» əsərini yüksək professional səviyyədə və bədii zövqlə ifa etdi. Onun təfsirində «Muğam-sonata» monumental və patetik bir poema kimi səsləndi. «Muğam-sonata» - müasirlik ilə qədim milli ənənələrin bağlılığını təsdiq edən gözəl və parlaq nümunədir. Bəstəkarın improvizasiya üsulundan, ritmik çalarlardan, lad-məqamlarının intonasiyalarından mövzuların inkişafında sənətkarlıqla istifadəsi və digər məziyyətləri belə qənaətə gəlməyə əsas verir ki, «Muğam-sonata» Azərbaycanın kamera-instrumental musiqisi sahəsində yeni mərhələdir.


       N.Abutidze S.Ibrahimovanın «Poema-ithaf» əsərini məharətlə, zövqlə ifa etdi. Bəstəkarın xalq musiqisindən özünəməxsus bir tərzdə bəhrələnməsi, leytmotiv sisteminə söykənilməsi, musiqi dilinin müasirliyi ilə əlaqədar xromatizmlə zənginləşdirilməsi, şəffaf faktura - bu xüsusiyyətlər Sevda xanımın əsərində tam dolğunluqla təcəssümünü tapmışdır. Bu əsər bəstəkarın əzizlərinin xatirəsinə ithafdır və təbiidir ki, burada səmimilik, yüksək emosionallıq və incə lirizm ön plandadır. Bizim tərəfimizdən həmişə qeyd olunur ki, S.Ibrahimovanın hər bir yeni əsərində yaddaqalan gözəl melodizm, mahnıvarilik qəlbdən gələn musiqi təranələri dinləyici rəğbətini qazanır.

       A.Əlizadənin «Muğam sədaları» əsərini R.Babayeva uğurla, ustalıqla ifa etdi. Bu olduqca mürəkkəb, dərin psixologizm və dramatizm ilə səciyyələnən möhtəşəm əsərdir. O, respublikamızda 90-cı illərdə baş verən faciəvi hadisələrlə sıx bağlıdır. Burada bəstəkar «Simayi-şəms» muğamının intonasiyalarından ustalıqla istifadə etmiş və müxtəlif xarakterli, təsviri, qeyri-adi möhtəşəm, dəhşətli simvollar, obrazlar, səhnəciklər yaratmışdır.

       Elnarə Dadaşovanın «Süsən sünbül» xalq mahnısı əsasında bəstələnmiş variasiyaları olduqca ifadəli, səmimi və maraqlı əsərdir. Istedadlı bəstəkar milli harmoniyamızın xüsusiyyətlərini zövqlə bu əsərdə əks etdirmişdir və hər bir variasiyada maraqlı harmonik tapıntılar kəşf etmişdir. Ümumiyyətlə, E.Dadaşova xalq mahnılarını, rəqsləri müxtəlif alətlər üçün zövqlə, bacarıqla işləmişdir. Bu çətin sahəni E.Dadaşova çox bacarıqla əhatə edir. Variasiyaları R.Babayeva zövqlə səsləndirdi.

       C.Abbasovun dahi azərbaycan bəstəkarı Qara Qarayevin xatirəsinə həsr olunmuş «Postlüdtya»sını gənc ifaçı Lalə Novruzova bacarıqla ifa etdi.

       Gənc bəstəkar N.Mirişlinin «Iki ofort» əsərini K.Sədirxanova məharətlə, uğurla təqdim etdi. Gənc ifaçılarımızdan biz həmçinin Afaq Aşumovanı qeyd etməliyik. Onun ifasında biz I.Mirzəyevin parlaq və emosional obrazlarla səciyyələnən «Sonata»sını maraqla dinlədik. Xüsusilə, qeyd etmək istərdim ki, K.Sədirxanova və A.Aşumova Tahirə xanımın orqan sinfini bitiriblər.

       Mən plenumun uğurlu keçirilməsində xüsusilə gözəl sənətkarımız T.Yaqubovanın xidmətini yüksək qiymətləndirirəm. Qısa bir müddətdə o, kafedrasının professor və müəllimlərini bu işə cəlb etdi və plenuma təqdim olunmuş əsərlərin yüksək səviyyədə təqdim edilməsinə nail oldu.

        Tahirə Yaqubova (musiqişünas, respublikanın əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının Orqan ifaçılığı kafedrasının müdiri): Əvvəla, qeyd etmək istərdim ki, Azərbaycan Bəstəkarlar Ittifaqının 70 illiyinə həsr olunmuş xüsusi orqan musiqisi plenumunda iştirak etmək şərəfinə nail olduğumuza görə Bəstəkarlar Ittifaqına öz minnətdarlığımı bildirirəm. Həqiqətən, bu illər ərzində orqan üçün çoxlu əsərlər yazılıb. Xatırlatmaq istərdim ki, orqan üçün ilk əsəri Qara Qarayev yazıb. Bu, «Insan məskən salır» kinofilminə yazılmış musiqidir. Sonralar o, Fərəc Qarayevlə birgə «Qoyya» filminə yazdığı musiqidə ispan və azərbaycan folklorunun çulğalaşmasından maraqlı orqan musiqisi yaratmışdır.

       2 konsertdən ibarət olan orqan musiqisi Plenumunun hazırlığı və məşqlər zamanı mən yaxından iştirak etmişəm. Onu da deməliyəm ki, məşqlər üçün vaxt çox az idi. Xüsusilə, orqanın köklənməsi üçün vaxt çatmırdı. Həmçinin konsertdən öncə də orqanın köklənməsinə az vaxt ayrılmışdı. Bu isə çox vacibdir. Çünki orqanın lazımınca köklənməməsi nəticəsində səslənmədə müəyyən qüsurlar oldu. Bütün bunları nəzərə alaraq Bəstəkarlar Ittifaqının və Bakı Musiqi Akademiyasının rəhbərliyindən xahiş edirəm ki, gələcəkdə orqan musiqisi konsertləri keçirilərkən alətin köklənməsinə və məşqlərə kifayət qədər vaxt ayrılsın.

       Mən ikinci konsertdə səslənən əsərlər haqqında danışmaq istəyirəm. Əsərlər məndə çox xoş təəssürat yaratdı. Həmçinin gənc bəstəkarları təbrik edirəm. Onlar öz üzərlərinə düşən işin öhdəsindən layiqincə gələ biliblər.

       Xüsusilə, Vasif Adıgözəlovun «Muğam-sonata» əsəri orqan çalan Rasimə Babayevanın ifasında çox gözəl səsləndi. Ifaçı əsəri xüsusi bir yanaşma tərzi ilə təfsir etdi, registr həllini tapdı. Burada ifa hər bir cəhətdən - həm səs balansı nöqteyi-nəzərindən, həm mətnin not yazısının dəqiq ifası, həm də obrazlı məzmunun dərin ifadəsi baxımından diqqətəlayiqdir. Rasimə Babayeva bu əsəri tez-tez ifa edir və hər dəfə də böyük müvəffəqiyyət qazanır.

       Aqşin Əlizadənin «Muğam sədaları» əsəri mənim təsəvvürümdə xalqımızın yaşadığı 20 yanvar faciəsinin, dərin kədərli anlarının təzahürüdür. Bu əsər proqramlıdır - mənəvi sarsıntıları, insanların iztirablarını əks etdirir. Burada həmçinin təsviri məqamlar da var: tankların tırtıllarının səsi, gəmilərin ümumi faciə ilə həmrəyliyi əks etdirən sirena siqnalları və s. Əsər bir özəkdən yaranaraq, bu özəyin müxtəlif obrazlı transformasiyası yolu ilə inkişaf etdirilir - burada həm Qarabağ təbiəti ilə assosiasiya yaradan lirik təsvirləri, həm dramatizm, həm də hisslərin faciəvi kulminasiyası öz əksini tapır.

       Elnarə Dadaşovanın «Süsən sünbül» xalq mahnısına variasiyaları xalq mahnısının öz təbiətindən irəli gələn lirik planlı əsərdir. Maraqlı harmonik tapıntıları var. Texniki səbəblərə görə sonuncu variasiya ifa edilmədi. Çünki burada həm mürəkkəb pedal partiyası, həm də onun manual ifadə ilə birləşməsi çətinlik yaradırdı. Variasiyaları ifa edən Rasimə Babayeva əsəri Bax fakturası tərzində təqdim etdi: əvvəl xalq mahnısının bir səsli mövzusu səsləndi, sonra variasiyaların tədricən dinamik inkişafı açıqlandı.

       Nazim Mirişlinin «Iki ofort» əsəri Kamilla Sədirxanovanın ifasında səsləndi. Orqan yaxşı köklənmədiyinə görə səslənmədə bəzi qüsurlar yaranmasına baxmayaraq ifaçının peşəkarlığı nəticəsində əsər yüksək səviyyədə təqdim edildi. Ümumiyyətlə, Kamilla Sədirxanova və Afaq Aşumova orqan ifaçılığı kafedrasının çox istedadlı və gənc müəllimləridirlər. Onların hər ikisi milli orqan ifaçılığının gələcək ulduzları hesab edilə bilərlər. Onlar ən mürəkkəb əsərləri ifa etməyə qadirdirlər. Belə əsərlərdən biri də orqan plenumunun birinci konsertində onların birgə ifa etdiyi - Xəyyam Mirzəzadənin «Ağ və Qara» əsəridir.

       Plenumun digər iştirakçısı Lalə Novruzova da orqan ifaçılığı kafedrasınnın baş müəllimidir. O, Cəlal Abbasovun müəllimi Qara Qarayevin xatirəsinə həsr olunmuş «Postlüdiya» əsərini ifa etdi. Bu monotematik əsərin əsasını «Qarayev» abreviaturası təşkil edir və bütün tematizm bu özəkdən yaranaraq tədricən dinamik inkişaf alır. Həzin melodiya fonunda səslənən rekviyem dərin kədəri, ürək ağrısını əks etdirir.

       Ümumiyyətlə, qeyd etməliyəm ki, bütün ifaçılar əsərlərə ideya-bədii məzmun baxımından yaradıcılıqla yanaşmışlar. Hər bir ifaçının özünəməxsus təfsiri var. Zənnimcə, yalnız vahid bir təfsirə əsaslanaraq onu təkrarlamaq düzgün deyil. Hər bir ifaçının öz dünyagörüşü, musiqi duyumu, təxəyyülü olmalıdır. Əsas məsələ isə müəllifin əsərdə əks etdirdiyi ideya-məzmunu ifadə etməkdir.


       Konsertin sonunda Sevda Ibrahimovanın «Poema-ithaf» əsəri orqançalan Nelli Abutidzenin ifasında səsləndi. Bəstəkarın son dərəcə səmimi, yadda qalan musiqisi ilə ifaçının yüksək peşəkarlığı bir-birini tamamladı. Sevda xanım bütün məşqlərdə iştirak edərək ifaçı ilə birgə hər bir xanəni, hər bir nüansı ritm, registr, artikulyasiya və digər müxtəlif ifaçılıq üsulları baxımından işləmişdir. Ona görə də əsər yüksək səviyyədə səsləndi və müvəffəqiyyət qazandı.

       Ümumiyyətlə, qeyd etməliyəm ki, Azərbaycan bəstəkarlarının orqan musiqisində muğamın improvizasiya üsullarından istifadə edilməsi müşahidə edilir. Bu təbiidir. Çünki muğamın improvizasiyalı təbiəti orqan musiqisinin spesifikasına çox uyğun gəlir. Mən artıq çapa hazırlanan tədqiqat işimdə bu məsələyə toxunmuşam. Belə ki, müxtəlif dini mənsəblərə qulluq edən mədəniyyətlərin bir-birinə əks təfəkkür tipi yaratmaları haqda fikir yürütmək düzgün deyil. Çünki həm muğamın, həm aşıq sənətinin, həm də alman orqan musiqisinin - Bax məktəbinin improvizasiyaya əsaslanması şərq və qərb mədəniyyətlərinə xas olan vahid bir inkişaf prinsipinin mövcud olmasını sübuta yetirdi. Onun əsasını isə ritorika təşkil edir. Orqan isə elə bir alətdir ki, improvizəetmə təfəkkürünün inkişafına təkan verir. Çünki burada həm qərb, həm də şərq musiqisi üçün vahid olan ornamentlik başlıca yer tutur. Əslində isə orqan aləti Şərqdə yaranmışdır. Sonralar Avropada bu alətdən dini ayinlərdə istifadə edilmiş dir. Lakin o, eyni zamanda Şərq xalqlarının - xüsusilə, ərəblərin mədəniyətində saxlanılmışdır. Ərəblər orqanı daha da təkmilləşdirmiş, onun məhz pnevmatik quruluşuna yenilik gətirmişlər.

       Orqan plenumu çərçivəsində mən Qara Qarayevin bəzi əsərlərinin orqan üçün işləmələrini ifa etmək istəyirdim, lakin vaxt məhdudiyyətinə görə bu konsert proqramı alınmadı. Ona görə də gələcək konsert mövsümündə mən bu proqramı həyata keçirməyi nəzərdə tutmuşam. Proqrama «Ildırımlı yollarla», «Yeddi gözəl» baletlərindən, «Don Kixot» simfonik qravürlərindən parçalar, «Çar kəndi heykəli», prelüdlər və «Rekviyem» daxildir. Bu işləmələrin çap olunmasını arzulayıram.

       Ümid edirəm ki, Bəstəkarlar Ittifaqı və musiqi ictimaiyyəti bu konsert proqramına və işləmələrin nəşrinə maraq göstərəcək.

       Mən orqan musiqisinə həsr olunmuş plenum üçün bir daha Azərbaycan Bəstəkarlar Ittifaqına öz dərin minnətdarlığımı bildirirəm.        Nərgiz Şəfiyeva (Azərbaycan Bəstəkarlar Ittifaqının üzvü, bəstəkar- musiqişünas): Ümumiyyətlə, orqan musiqisi mövzusuna toxunarkən qeyd etmək istəyirəm ki, orqan sənəti milli musiqi tariximizin kontekstində ən cavan sahələrdən biridir. Kiçik bir tarixçə…

       … Bakıda, konservatoriyanın zalında orqan alətinin quraşdırılması 30-cu illlərə təsadüf edilir. Lakin 1941-1945-ci illərdə müharibə şəraitində orqan tam nəzarətdən kənarda qalaraq korlanır, istismara yaramır. Ancaq 60-cı illərin əvvəllərində alman ustaları tərəfindən vəziyyət bərpa olunur: yeni orqanın konservatoriyada ilkin səslənməsi, orqan sinfinin açılması və tədricən ifaçılıq məktəbinin formalaşması, məhz professor Zəhra Cəfərovanın adı ilə bağlıdır.

       Demək olar ki, XX əsrin ikinci yarısından başlayaraq Azərbaycan bəstəkarları orqan sənətinə yiyələnərək, qısa müddət ərzində çox sayda müxtəlif janrlı əsərlər yaratmağa müvəffəq oldular.

       Indii isə Plenum haqqında. Azərbaycan Bəstəkarlar Ittifaqının ilk orqan plenumunun iki konserti, əksər bəstəkarlar nəslinin timsalında 40 il ərzində yaradılmış orqan musiqisinin ümumi panoramını işıqlandırdı.

       Ifa olunan əsərlər, janr, musiqi dil-üslubu, ifadə tərzi və s. cəhətləri ilə səciyyələnirlər.

       Belə ki, mərhum bəstəkarımız Nazim Əliverdibəyovun, Arif Mirzəyevin əsərləri müasir musiqi baxımından keçmiş ənənəvi (Baxın dövrü), orqan musiqisinin istiqamətində milli zəmində bəstələnən əsərlərdir;

       Sevda Ibrahimovanın orqan, fortepiano və vokal üçün «Poema-ithaf» əsərində musiqi dilinin melodikliyi və janr seçimi ilə əlaqədar əldə edilən tembr uyğunluqları müəllifin şəxsi yaradıcılıq axtarışlarının bəhrəsidir;

       Elnarə Dadaşovanın xalq mahnısı «Süsən sünbül» mövzusu əsasında klassik tipə yaxın variasiyaların orqanda səslənməsi təqdirə layiqdir.

       Ifa olunan maraqlı əsərlərdən biri də, şübhəsiz, Cəlal Abbasovun Qara Qarayevə həsr etdiyi «Postlüdiya» əsəridir. Insanın varlığı və yoxluğu məfhumlarını fəlsəfi prizmadan düşünən müəllif tədricən dramaturji xətti dinamikləşdirərək xaos həddinə çatdırır. Bəstəkar hiss və düşüncələrini dinləyicinin ixtiyarına verir.

       Bir neçə söz orqan musiqisinin mövzusu haqda… Bildiyiniz kimi orqan musiqisinin mövzusu, bilavasitə, xristian dini ideologiyasını təmsil edən kilsə musiqi sənətinin janr və formaları ilə bağlıdır. «Ilahiyyətə müraciət» mövzusunun ciddi patetik obrazlı məzmunu, melodiyanın polifonik üslubda ritorik ifadəli inkişaf tərzi və bu kimi xüsusiyyətlər artıq əsrlər boyu dinləyicinin təsəvvüründə müəyyənləşmiş «orqan mövzusu» stereotipini yaratmışdır. Lakin bunun əksi olaraq musiqi praktikasında elə əsərlərə təsadüf edirsən ki, sanki fortepiano üçün yazılan musiqi orqanda səsləndirilir.

       Qeyd etmək vacibdir ki, improvizə təbiətli muğam-monodiyası polifonik inkişafa meyllidir. Məhz bu baxımdan yaşlı sənətkarların əsərlərində müasir musiqinin izahı fonunda ənənəvi orqan musiqisinə xas olan «stereotipli» cəhətlər muğam estetik normativləri ilə daima toqquşmada olsalar da, eyni zamanda onların təbii sintezləşmə məqamları da açıq-aydın müşahidə olunur.

       Vasif Adıgözəlovun «Muğam sonata»sında «muğam» və «orqan mövzusu» məfhumları bir-birini tamamlayaraq əsərdə yetkin bədii təmas yaradırlar.

       Xəyyam Mirzəzadə orqanın spesifik-ifadə imkanlarını «Ağ və Qara» əsərinin orqan versiyasında xüsusi ixtira bacarığı ilə tətbiq edərək, orijinallığı ilə seçilən müstəqil əsər yaratmışdır.

       Aqşin Əlizadənin «Muğam sədaları» adlı əsəri muğam melosu ilə müasir harmonik dilin təbii uyğunlaşması və musiqi kompozisiyasının bütövlüyünü təmin edən səlis dramaturgiya, əsl mənada ustad qələminin nümunəsidir.

       Adları çəkilən əsərlərlə yanaşı konsertdə bir çox maraqlı əsərlər də səsləndirildi. Plenumun proqramlarının dolğunluğu və musiqi təmayülləri baxımından təqdim olunan əsərlərin müxtəlifliyi nəzəri cəlb edən amillər idi.

       Etiraf etməliyik ki, məhz Bakı Musiqi Akademiyasının orqan ifaçılığı kafedrasının müdiri professor Tahirə Yaqubovanın şəxsi təşəbbüskarlığı, kafedra üzvləri - Rasimə Babayeva, Lalə Novruzova, Nelli Abutidze və gənc orqan çalanlar Afaq Aşumova və Kamilla Sədirxanovanın iştirakı nəticəsində konsertlərin uğurlu keçməsi üçün əsaslı zəmin yarandı.


       Validə Şərifova-Əlixanova (musiqişünas, sənətşünaslıq namizədi, professor): Qərb və Şərq musiqi sistemlərinin qarşılıqlı əlaqəsi və təsiri məsələləri uzun illərdir ki, musiqişünaslığın ən aktual mövzularından biri kimi müxtəlif simpoziumlarda, konfranslarda müzakirə edilir. Hər bir musiqişünas bu mövzu haqqında öz mülahizələrini irəli sürür. Orqan plenumunun müzakirəsində də bu mövzuya toxunuldu və səslənən əsərlər həm məzmun, həm ifa baxımından təhlil edildi. Lakin mən bəzi zəif əsərləri qeyd etmək istərdim.

       Müəllifin adını çəkmədən bildirmək istəyirəm ki, bunu hələ kifayət qədər yaradıcılıq təcrübəsinə malik olmayan nisbətən gənc bəstəkarlara şamil edirəm. Onların musiqisi hələ mükəmməl professional səviyyəyə malik deyil. Əfsus ki, belə bir əhəmiyyətli tədbirin - Azərbaycan Bəstəkarlar Ittifaqının 70 illik tarixində ilk dəfə keçirilən Orqan plenumunun müzakirəsində Ittifaqın əksər üzvləri və hətta əsərləri səslənən bəzi müəlliflər iştirak etmədi. Xüsusilə, gənc bəstəkarlar öz əsərlərinin müzakirəsinə, deyilən tənqidi fikirlərə ciddi münasibət göstərmirlər. Bu, artıq ənənə halını alıb. Nədənsə musiqişünaslar da çox az iştirak edirlər.

       Mən Azərbaycan Bəstəkarlar Ittifaqının rəhbərliyinə belə tədbirin təşkil olunmasına görə minnətdarlığımı bildirirəm. Bu Plenumun keçirilməsi həqiqətən də vacib idi. Çünki bu illər ərzində kifayət qədər orqan əsərləri yazılıb. Bu Plenum həmin əsərlərin geniş panoramını yaratdı.        Ümumiyyətlə, mən bu cəhəti xüsusi qeyd etməyi vacib bilirəm ki, plenumların keçirilməsi çox əhəmiyyətlidir. Çünki burada dinləyicilərin yeni əsərlərlə tanış olması ilə yanaşı ifaçılar üçün də geniş imkanlar açılır və onların gələcək yaradıcılıq işi stimullaşır.

       Elnarə Dadaşova (Azərbaycan Bəstəkarlar Ittifaqının üzvü, bəstəkar): Mən, əvvəla, ifaçılara öz təşəkkürümü bildirirəm. Çünki ifaçı olmasa bizim əsərləri eşitməzlər və tanımazlar. Bu təbiidir. Bəstəkarlar da bir-birinin əsərini eşitməlidir. Diqqətlə bu əsərləri dinləyib, yenidən qavramaq çox vacibdir. Çünki bir səslənmədən nəticə çıxarıb hər hansı bir əsər haqqında fikir söyləmək bəlkə də subyektiv olar. Məsələn; Cəlal Abbasovun «Postlüdiya» əsəri ilk ifadan mənə çox xoş təsir bağışladı. Maraqla qarşılanan əsərlər çox idi. Ədbəttə ki, artıq klassikaya çevrilmiş əsərlərdən söhbət gedə bilməz. Bu əsərlər artıq milli orqan musiqimizin inciləri sayılır.

       Ümumiyyətlə, bu plenumda ifaçılarımız çox yüksək peşəkarlıq nümayiş etdirdilər. Əsərlərin səviyyəsinə gəldikdə isə, zənnimcə, təriflə yanaşı tənqid də lazımdır. Əsil dost səni tənqid etməli, səhvlərini göstərməlidir ki, sən irəli gedəsən, inkişaf edəsən. Əlbəttə, müəllif özü də çox zaman öz qüsurunu başa düşür.

       Mən Azərbaycan Bəstəkarlar Ittifaqının Idarə Heyətinə öz təşəkkürümü bildirirəm. Bu ənənə davam olunmalıdır. Çünki bizim orqan üçün yazdığımız musiqi çox təbii alınır. Hətta, dinləyicilər də etiraf edirdilər ki, bizim milli musiqimiz orqan aləti ilə çox gözəl uzlaşır. Orqan üçün əsər yazmaq bəstəkar üçün həqiqətən, həzz almaq deməkdir. Ümumiyyətlə, bəstəkarlıq işi nə qədər çətin olsa da bir o qədər insanı feyziyyab edən bir sənətdir. Mən onu bilirəm ki, əgər mənim qələmimi əlimdən alsalar, həyatda öz mətin addımlarımla addımlaya bilmərəm.

       Mən Plenumun bütün iştirakçılarını təbrik edirəm.

       Sevda Ibrahimova (bəstəkar, Azərbaycan Respublikasının xalq artisti): Hər dəfə bəstəkarın əsərinin ifası ona böyük xoşbəxtlik bəxş edir. Mən ilk növbədə Azərbaycan Bəstəkarlar Ittifaqının rəhbərliyinə, həmçinin Bakı Musiqi Akademiyasının orqan ifaçılığı kafedrasına, bizim gözəl ifaçılarımıza öz dərin minnətdarlığımı bildirirəm. Mən əsərimi kafedra üzvləri ilə hazırlayarkən Tahirə xanımın və ifaçıların çox səmimi və qayğıkeş münasibəti mənə yeni həyat verdi. Çünki biz bəstəkarlar üçün ən böyük xoşbəxtlik əsərlərimizin səslənməsidir.

       Bu plenumda müxtəlif səpgili əsərlər səsləndi. Onların hər birinin öz bədii dəyəri, özünəməxsus xüsusiyyətləri var. Onları birmənalı qəbul etmək düzgün olmaz. Mən belə hesab edirəm ki, həqiqətən, Azərbaycan bəstəkarlıq məktəbi yaşayır və inkişaf edir. Üzeyir Hacıbəyovdan başlamış bu ənənə Q.Qarayev, F.Əmirov, S.Rüstəmov, S.Ələsgərov və b. korifeylərimizin, eləcə də onların davamçılarının yaradıcılığında özünü doğruldur. Həm yaşlı, həm orta və gənc nəsil bəstəkarları yorulmadan çalışır, yazıb yaradırlar. Mən bəstəkar və ifaçılarımıza yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

       Lalə Hüseynova (musiqişünas, Azərbaycan Bəstəkarlar Ittifaqının məsul katibi): Bizim son zamanlar keçirdiyimiz bütün tədbirlər Azərbaycan Bəstəkarlar Ittifaqının 70 illiyinə həsr olunub. Bununla əlaqədar bütöv bir silsilə konsertlər təşkil etmişik. Onun ən böyüyü Azərbaycan Bəstəkarlar Ittifaqının 70 illiyinə həsr olunmuş kamera musiqisi Plenumu oldu. Yanvar ayında keçirilən bu plenum 2 gün davam etdi. Sonra elmi-nəzəri konfrans keçirərək təşkilatımızın 70 illik yaradıcılıq yoluna bir nəzər saldıq. Bu silsilələr davam edir və ona daxil olan sonuncu plenum - orqan musiqisinə həsr olunmuş Plenum oldu. Əgər biz bu plenumun proqramına nəzər salsaq görərik ki, iki konsertdə Azərbaycan orqan musiqisinin antologiyası öz əksini tapıb. Belə ki, burada Azərbaycan bəstəkarlıq məktəbinin bütün nəsillərinin nümayəndələri təmsil olunub. Ümumiyyətlə, Azərbaycan bəstəkarlarının orqan musiqisi antologiyasının disk şəklində buraxılması yaxşı ideya ola bilər.

       Burada orqan musiqisinin spesifikası haqqında danışıldı. Orqan qeyri-adi spesifik tembrə malik olan bir alətdir. O, bütün musiqi alətlərindən seçilir. Bu alət özündə böyük bir orkestrin səslənməsini, gücünü ifadə etmək və ən müxtəlif hissləri əks etdirmək iqtidarına malikdir. Orqan ən müxtəlif musiqi alətlərinin səsini çıxarır - incə tütək səsindən tutmuş ən dəhşətli, insanı vahiməyə salan səslərədək əks etdirir. Onu hətta musiqi alətlərinin kralı adlandırırlar.

       Doğrudur, bu alət Şərqdə yaranıb. Lakin Qərb onun möhtəşəm səslənmə xüsusiyyətindən xristian dini musiqisində istifadə etmək üçün çox yaxşı yararlandı. Indi xristian dinini orqansız təsəvvür etmək mümkün deyil. Sanki bu alət xristian dininin musiqi simvoluna çevrilib. Istənilən kilsədə bu aləti görmək olar. Çünki onlar allaha yönəlmiş bütün möhtəşəm hissləri orqan musiqisi vasitəsilə şərh edirlər. Qərb bəstəkarları orqan üçün böyük bir musiqi əsərləri kolleksiyası yaratdılar, dünya musiqi xəzinəsinə öz töhfələrini verdilər. Xristian dini incəsənətin, rəssamlığın möhtəşəm növlərindən istifadə etdiyi kimi, orqan musiqisindən də dinə lazım olan bütün xüsusiyyətlərdən yararlandı. Dahi Qərb bəstəkarları orqan repertuarında bu xüsusiyyətlərdən istifadə edərək çox gözəl nümunələr yaratdılar.


       Azərbaycan musiqisinə orqan nisbətən gec gəlib. Yəni bu, bizim musiqimizin nisbətən cavan sahəsidir. Əgər musiqi tariximizə nəzər salsaq görərik ki, Azərbaycanın yeni musiqi tarixi təxminən bir əsri əhatə edir. Yəni 1908-ci ildən etibarən Azərbaycan musiqisi yeni istiqamətdə - Avropa anlamlı bəstəkar yaradıcılığı istiqamətində inkişaf etməyə başlayıb. Bu dövrün təxminən ortalarında (60-cı illərdə) orqan musiqisi yarandı. Yəni başqa musiqi janrlarına nisbətən orqan musiqisi Azərbaycanda ən cavan sahədir. Bu dövrdə Azərbaycanda ilk növbədə, orqan sinfinin yaradılması, ifaçıların yetişdirilməsi vacib məsələ idi. Çünki ifaçılar olmasaydı heç kəs bu alət üçün əsər yazmayacaqdı. Ifaçılıq məktəbinin yaranması, xüsusilə, 1964-cü ildə konservatoriyada konsert orqanının quraşdırılması bu sahədə ən böyük təkan oldu. Nəhayət, bəstəkarlarımız da bu işə cəlb olundular və son 40 ilə yaxın vaxt ərzində çox gözəl əsərlər yarandı.

       Orqan Azərbaycan musiqisinə nə üçün üzvü şəkildə daxil oldu? I.S.Baxın əsərləri bizə nə üçün belə yaxındır? Nə üçün onun orqan üçün məşhur «Tokkata və fuqa»sını «Bayatı-Şiraz» muğamı ilə müqayisə edirlər? Çünki muğam və orqan musiqisi hər ikisi improvizasiya təbiətinə malik olan sənət növləridir. Bu baxımdan Azərbaycan bəstəkarlarının orqan musiqisində istifadə etdikləri muğam melodiyaları özünü tam doğruldur. Buna parlaq misal olaraq Nazim Əliverdibəyovun orqan üçün «Bayatı-Şiraz» əsəri muğamın orqan təcəssümünün ilk nümunələrindəndir. Bu əsəri «Bayatı-Şiraz» muğamının orqan versiyası adlandırmaq olar. Həmçinin, Vasif Adıgözəlovun «Muğam-sonata», Aqşin Əlizadənin «Muğam sədaları», Eldar Mansurovun «Muğam-dəstgah» əsərləri bu qəbildəndir. Görün, muğam janrının adı bu əsərlərdə nə qədər əks olunub. Mən Rüfət Ramazanovun orqan və xanəndə üçün «And» əsərini də buraya daxil edirəm. Gənc bəstəkarın bu əsərində orqanda həm muğam improvizasiyasının, həm də xanəndənin səsini n çox üzvü şəkildə uzlaşması orijinal bir effekt vermişdir. Zənnimcə, bu əsər xarici ölkələrdə ifa olunsa çox böyük uğur qazana bilər.

       Plenumda səslənmiş əsərlərin bir qrupu memorial xarakteri daşıyır. Belə ki, Avropa musiqisində orqan adətən, artıq yaşanmış sarsıntıları, xatirələri əks etdirən bir alət olub. Bizim musiqimizdə də görürük ki, ithaflar, xatirələr, düşüncələr orqanda çox təsirli səslənir. Plenumda səslənən bir qrup əsərlər məhz bu məzmundadır: Leonid Vaynşteynin «Memorial», Arif Mirzəyevin «Sarabanda» (Şahzadə Diananın xatirəsinə), Cəlal Abbasovun «Postlüdiya» (Qara Qarayevin xatirəsinə), Sevda Ibrahimovanın «Poema-ithaf» əsərləri.

       Əlbəttə, bu mövzulardan kənarlaşan əsərlər də var idi. Həyatın ən müxtəlif cəhətlərini, sarsıntılarını əks etdirən əsərlər təqdim edildi. Məsələn: Xəyyam Mirzəzadənin «Ağ və qara» əsəri özünəməxsus fəlsəfi yozumlu bir əsərdir. Bu əsərin balet versiyası da var.

       Bizim bu təşəbbüsümüz zənnimcə, çox maraqlı idi. Çünki ilk dəfə olaraq, Azərbaycan Bəstəkarlar Ittifaqının tarixində orqan musiqisinə həsr olunmuş plenum keçirilirdi. Bu plenumda orqanın problemləri, orqan musiqisində yaranmış vəziyyət, nailiyyətlər və çatışmazlıqlar aşkar edildi. Bəstəkarlarımızın bu alətə olan marağını artırmaq üçün biz belə tədbirləri keçirməliyik.

        Ramiz Zöhrabov: Bu plenumda Azərbaycan bəstəkarlarının 70 ildə orqan üçün yazılmış ən yaxşı əsərləri öz əksini tapdı. Plenuma təqdim olunmuş əsərlər çox idi. Lakin biz onların içərisindən ən maraqlı əsərləri proqrama daxil etdik. Ifaçıların işini xüsusi qeyd etmək istəyirəm. Ümumiyyətlə, Bakı Musiqi Akademiyasının orqan ifaçılığı kafedrası plenumun hazırlığına çox məsuliyyətlə yanaşdı. Xüsusilə, kafedranın gənc yetirmələri bəstəkarlarımızın əsərlərini çox gözəl ifa etdilər. Biz bu ifaçıları tanıdıq və onların yüksək səviyyəli çıxışını bəyəndik. Orqan ifaçılığı digər alətlərdən çox fərqlidir. Burada əsərin ifası yalnız bir nəfərdən asılı deyil. Alətin köklənməsi, ifa zamanı registrlərin dəyişdirilməsi və s. ifaçılıq üsulları qrup halında yerinə yetirilir. Yəni bütün kafedra birgə çalışır. Inanıram ki, orqan ifaçılığı kafedrasının yüksək səviyyəli işi bəstəkarlarımız üçün də gələcəkdə stimul olacaq və onlar orqan üçün yeni əsərlər yazacaqlar.

       Orqan musiqisi Plenumu Azərbaycan Bəstəkarlar Ittifaqının 70 illiyinə həsr olunmuş tədbirlər silsiləsinə daxil idi. Bununla yanaşı qeyd etmək lazımdır ki, Azərbaycan Bəstəkarlar Ittifaqının Naxçıvanda keçirilmiş Səyyar Plenumu da 70 illiyə həsr olunmuşdu. Azərbaycan Bəstəkarlar Ittifaqı habelə digər bölgə təşkilatlarında - o cümlədən Lənkəranda, Şəkidə və Gəncədə ilin sonunadək Səyyar plenumlar keçirməyi planlaşdırır.

       Ən əsas məsələ isə dahi bəstəkarımız Üzeyir Hacıbəyovun 120 illik yubileyinin yüksək səviyyədə keçirilməsidir. Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin fərmanına əsasən bu yubileylə əlaqədar tədbirlərin keçirilməsi 4 təşkilata - Mədəniyyət Nazirliyinə, Təhsil Nazirliyinə, Milli Elmlər Akademiyasına və Bəstəkarlar Ittifaqına həvalə olunub. Azərbaycan Bəstəkarlar Ittifaqı bu yubileylə əlaqədar müxtəlif tədbirlər planı hazırlayıb: müsabiqələrin, simpoziumların keçirilməsi, yeni nəşrlərin təqdimat mərasimləri və s.

       Bu il Milli Elmlər Akademiyası, Bakı Musiqi Akademiyası və Milli Konservatoriya ilə birlikdə konfransın keçirilməsini nəzərdə tuturuq.

       Qeyd etmək lazımdır ki, orqan plenumunun müzakirəsində musiqişünaslarımız, ifaçılarımız tərəfindən maraqlı çıxışlar oldu. Lakin arzu edərdik ki, tənqidi fikirlər daha cəsarətlə söylənəydi. Bu, həm bəstəkarların, həm ifaçıların ümumi inkişafına, həm də Bəstəkarlar Ittifaqının daha da məhsuldar işləməsinə təkan verərdi.

       Onu da xatırladım ki, konfrans disputda çıxışların məsləhət və tövsiyələri əlahiddə Bəstəkarlar Ittifaqı Katibliyinin iclasında nəzərdən keçiriləcək və söz yox ki, gələcək işlərimizdə bizə yardımçı olacaqdır.

       Mən konfrans disputun iştirakçılarına, çıxışçılarına, plenumun konsertində iştirak edən ifaçılara, Bakı Musiqi Akademiyasının rəhbərliyinə Bəstəkarlar Ittifaqı adından təşəkkürümü bildirir, Sizə gələcək yaradıcılıq işlərinizdə yeni-yeni uğurlar diləyirəm.

       Sağ olun.







Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70