2005-ci il aprelin 16-17-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Bəstəkarlar Ittifaqının Səyyar Plenumu keçirilmişdir. Plenum bütövlükdə Naxçıvan Bəstəkarlar Təşkilatının işinə həsr olunmuş və onun işində iştirak etmk üçün Azərbaycan Bəstəkarlar Ittifaqının katibi, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov, respublikanın xalq artisti, professor professor Tofiq Bakıxanov, respublikanın xalq artisti Nəriman Məmmədov və Azərbaycan Bəstəkarlar Ittifaqının məsul katibi Lalə Hüseynova Naxçıvana ezam edilmişlər.
Tədbirin ilk günü Bakıdan gələn nümayəndə heyətini Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov qəbul etmişdir. Səmimi şəraitdə keçən görüşdə Naxçıvanda görülən mədəni-quruculuq işlərinin səviyyəsindən söhbət açılmış, musiqi təhsilinin vəziyyəti, Bəstəkarlar Təşkilatının qarşısında duran vəzifələr barədə ətraflı fikir mübadiləsi yürüdülmüşdür. Görüş iştirakçıları Naxçıvanda mədəniyyətə göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını bildirərək, bu sahədə dövlət siyasətinin uğurla həyata keçirilməsini çox müsbət hal kimi dəyərləndirmişlər.
Nümayəndə heyəti Naxçıvanın bir sıra mədəniyyət ocaqlarında, o cümlədən Naxçıvan Dövlət Filarmoniyasında, Dövlət Xalça Muzeyi, Hüseyn Cavidin ev muzeyində və Möminə Xatun Məqbərəsində olmuş, habelə Naxçıvan Dövlət Universitetində tələbələrin zövqlə hazırladığı Ü.Hacıbəyovun «Arşın mal alan» operettasından fraqmentlərə baxmışlar. Universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Isa Həbibbəyli qonaqları Universitet şəhərciyi ilə tanış etmiş və qeyd etmək lazımdır ki, burada görülmüş işlərin həcmi və miqyası, o cümlədən yeni istifadəyə verilmiş və texnikanın son nailiyyətləri ilə təchiz edilmiş elektron kitabxana böyük təəssürat yaratmışdır.
Aprelin 16-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Plenumun açılışı olmuşdur. Açılış mərasimində Azərbaycan Bəstəkarlar Ittifaqının katibi Ramiz Zöhrabov və Naxçıvan Bəstəkarlar Təşkilatının sədri Şəmsəddin Qasımov çıxış etmişlər. Daha sonra Naxçıvan bəstəkarlarının əsərlərindən ibarət konsertdə Muxtar Respublikanın əməkdar incəsənət xadimi Şəmsəddin Qasımov, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimləri Rəşid Məmmədov, Əqidə Ələkbərova, bəstəkarlar Yaşar Xəlilov və Kamal Əhmədovun əsərləri Naxçıvan Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestri, Kamera orkestri, Naxçıvan şəhər Mədəniyyət evinin instrumental ansamblı, Qızlar litseyinin xoru və solistlər tərəfindən ifa edilmişdir.
Aprelin 17-də isə Naxçıvan musiqi ictimaiyyəti və media nümayəndələrinin iştirakı ilə geniş konfrans-disput keçirilmişdir. Həmin konfransın bir sıra maraqlı və önəmli məqamlarını diqqətinizə çatdırırıq.
Ramiz Zöhrabov (Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə Hey’ətinin Katibi): Hörmətli həmkarlar! Azərbaycan Bəstəkarlar Ittifaqında artıq belə bir ənənə formalaşıb: hər il müxtəlif festivallar, plenumlar, baxışlar, ayrı-ayrı bəstəkarlara və musiqişünaslara həsr olunmuş müəllif gecələri və ya konfranslar keçirilir. Tədbirdən sonra keçirilən disput-konfransda onun nəticələri müzakirə edilir. Burada çox maraqlı çıxışlar olur, həm çatışmazlıqlar, həm tövsiyələr, tənqidi fikirlər, həm də müsbət amillər qeyd olunur. Mən istərdim ki, Naxçıvan Bəstəkarlar Təşkilatında da bu ənənə davam etdirilsin.
Məlumdur ki, Naxçıvan Bəstəkarlar Təşkilatı Azərbaycan Bəstəkarlar Ittifaqının region təşkilatıdır. Yəni, buradakı təşkilat bütün Muxtar Respublikanı əhatə edir, bizim isə ən böyük və müstəqil təşkilatımızdır.
Çox təəssüf ki, biz 1995-ci ildən bu günədək Naxçıvana gələ bilməmişdik. Sizin təşkilatın üzvləri də əsərləri bizə təqdim etmək üçün hazır deyildi. Ona görə də biz Azərbaycan Bəstəkarlar Ittifaqının 70 illiyi ilə əlaqədar müxtəlif regionlardakı təşkilatlarımızda səyyar plenumlar keçirməyi planımıza daxil etdik. Xatırladım ki, Azərbaycan Bəstəkarlar Ittifaqı 70 illiyinə həsr olunmuş konfrans və kamera musiqisi festivalı keçirib. Bu festivalda artıq geniş rezonans almış əsərlərin səslənməsi nəzərdə tutulmuşdu. Lakin sonra aydın oldu ki, son dövrdə kamera janrında çoxlu sayda yeni əsərlər yazılıb. Ona görə də festivalın proqramını ancaq yeni yazılmış əsərlərdən təşkil etdik. Sonra isə onun müzakirəsi maraqlı keçdi. Onu da deyim ki, ənənəvi olaraq bu müzakirələr bizim «Musiqi dünyası» jurnalımızda çap olunur. Söz yox ki, Naxçıvan Bəstəkarlar Təşkilatı bu jurnala abunə yazılmalıdır. Siz bu jurnal ilə tanış olsanız orada necə açıq-aşkar tənqidi fikirlərin söylənildiyinin, diskussiyalar aparıldığının şahidi o
larsınız.
Bu gün Səyyar plenumun müzakirəsinə yığışmaqda da əsas məqsədimiz ifa olunmuş əsərlər haqqında öz tənqidi, obyektiv fikirlərimizi qeyd etmək, ümumi vəziyyət, problemlər haqqında, gələcək perspektivlər haqqında danışmaqdır. Bütün bunlar gələcəkdə yaradıcılıq işlərimizin yaxşılaşdırılmasına kömək göstərəcəkdir.
Ümumiyyətlə, bu gün bəstəkarlıqda bir neçə cərəyan mövcuddur. Səyyar plenumun konsertində müxtəlif cərəyanlara aid olan əsərlər əsasən səslənmədi. Lakin müxtəlif janrlarda yazılmış nisbətən yüksək səviyyəli, orta səviyyəli əsərlər də ifa edildi. Yeri gəlmişkən onu da xatırladım ki, Azərbaycan Bəstəkarlar Ittifaqının plenumları keçirilərkən seçim edilir. Bizdə müxtəlif janrlara uyğun bölmələr fəaliyyət göstərir və hər bölməyə aid olan plenum və ya festival o bölmənin iclasında müzakirə olunur. Əsərlər seçildikdən sonra ifaçılara təqdim edilir və onlar böyük məsuliyyətlə bu əsərləri hazırlayırlar. Əlbəttə, bəzi ifaçılar qonorar tələb edirlər. Lakin ifaçıların əksəriyyəti bilir ki, Azərbaycan Bəstəkarlar Ittifaqının qonorar ödəmək imkanı yoxdur. Mədəniyyət Nazirliyi bizə çox kömək göstərir. Tədbir keçirmək üçün salonlar verir, ifaçı kollektivləri bu işə cəlb edir və s. Eyni zamanda bəstəkarlar özləri də solist-ifaçıları tapır və onlarla məşq edir, tədbirə hazırlıqlı gəlirlər.
Bu müzakirədə əsas məsələ ondan ibarətdir ki, biz həm çatışmazlıqları göstərməli, həm müvəffəqiyyətləri qeyd etməli, həm də gələcək işlərimizi, perspektivlərimizi müəyyənləşdirməliyik. Bu ümumi işimizin xeyrinə olacaq. Beləliklə, disput-konfransı açıq elan edirəm.
Nəriman Məmmədov (bəstəkar, Respublikanın xalq artisti): Ümumiyyətlə, sevindirici haldır ki, əsasən Naxçıvan bəstəkarları əsərlərin yazılış istiqamətində düzgün yol seçiblər. Səslənən əsərlərdə bayağılıq yox idi. Bə’zi qüsurlar olsa da, ümumi istiqamət 1970-80-ci illərdə Azərbaycan bəstəkarlarının - Q.Qarayevin, F.Əmirovun və onların davamçılarının yaradıcılıq üslubuna uyğundur.
Bəstəkarlıq çox böyük sənətdir. Bu sənətə yiyələnmək üçün çox çalışmaq lazımdır. Yüksək səviyyəyə nail olmaq üçün onlar ömrünün sonunadək öyrənməli, çox dinləməli, mütaliə etməlidirlər. Yalnız bu zaman yüksək səviyyəli əsərlər yarana bilər. Lakin bəzən yüksək səviyyəli əsərlərlə yanaşı, bəstəkarlıq sənətinə təsadüfi düşən insanların aşağı səviyyəli əsərləri efirə yol tapır. Belə hallara qarşı mübarizə aparmaq lazımdır. Çünki belə aşağı səviyyəli əsərlər xalqın zövqünü korlayır. Bəstəkarlar çalışmalıdırlar ki, xalqın zövqünü, mə’nəviyyatını yüksəldən əsərlər yazsınlar. Musiqi xalqa lazımdır. Bu, xalqın mədəniyyətidir, mənəvi dünyasıdır. Vaxtilə Ü.Hacıbəyov xalqı opera sənətinə cəlb etmək üçün öz əsərlərində muğamlardan, təsnif və rənglərdən istifadə etmişdi ki, xalq opera janrını başa düşsün. Ü.Hacıbəyov məktəbinin davamçıları - Q.Qarayev, F.Əmirov və başqaları ilk növbədə xalqın zövqünü yüksəldən əsərlər yazmağa çalışıblar.
Plenumda dinlədiyimiz əsərlərdən belə qənaətə gələ bilərik ki, əsərin yaxşı səslənməsi üçün bir neçə şərt olmalıdır. Ilk növbədə bəstəkarın əsərini tam mənada bədii cəhətdən gözəl təqdim etmək üçün yaxşı ifaçı lazımdır. Əgər əsər orkestr üçün yazılıbsa, buna dirijor çox ciddi yanaşmalıdır. Çünki orkestr səslənməsində müxtəlif nüanslar var. Dirijor bu nüansları bacarıqla tənzimləməlidir. Əlbəttə, yaxşı ifa olmayanda bəstəkar çox şey uduzur. Odur ki, bəstəkarın əsərinin taleyi bilavasitə ifaçıdan asılıdır. Ifaçılar - istər vokalçı, istər pianoçu və ya digər alətlərdə çalanlar bu sənətə əgər təsadüfi gəlməyiblərsə çox ciddi çalışmalıdırlar. Bu, onların həyatının mənası olmalıdır. Kənddə və ya şəhərdə yaşamalarından asılı olmayaraq onlar böyük həvəslə öz üzərlərində işləməlidir. Çünki çox zaman ifaçının məsuliyyətsizliyi üzündən əsər haqqında mənfi fikir yaranır. Məsələn, Yaşar Xəlilovun xalq çalğı alətləri orkestri üçün yazılmış «Odlu torpaq» xoreoqrafik süitasının ifası zamanı solo çıxışlar aydın eşidilm
irdi. Doğrudur, bu çatışmamazlığı professional musiqiçi daha yaxşı başa düşür, tamaşaçı isə bunu hiss etmir. Belə ifa zamanı əsər müəyyən dərəcədə öz keyfiyyətini itirir. Lakin qeyd etməliyəm ki, Naxçıvan Bəstəkarlar Təşkilatının üzvləri tamamilə düzgün istiqamətdə, professional əsərlər yazırlar. Belə əsərlərdən biri də Şəmsəddin Qasımovun «Sən həmişə bizimləsən» xor əsəridir. Əsər mənim çox xoşuma gəldi. Əsərin bədii cəhəti onun sadəliyi və ya mürəkkəbliyi ilə deyil, məhz məzmunu ilə əlaqədardır. Xor əsərin məzmununu çox aydın açıqlaya bildi.
Rəşid Məmmədovun «Sən əbədiliksən» əsəri mahnı janrında yazılıb və xalq çalğı alətləri orkestrinin və solistin ifasında səsləndi. Mən istərdim ki, orkestrin səslənməsi daha zəngin olsun.
Xor üçün yazılmış əsərləri ifa edən xor kollektivləri zəifdir. Bu professional xor deyil. Əsərlərin yaxşı olmasına baxmayaraq, ifa aşağı səviyyədə idi. Məsələn, Şəmsəddin Qasımovun «Zərifə həkim» mahnısının çox gözəl, səmimi melodiyası var. Bu əsər Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin ifasında səsləndi. Lakin bu kamera orkestrinin də səviyyəsi aşağıdır. Biz bu ifalara yüksək səviyyəli kollektivlərlə müqayisə edərək yanaşırıq. Lakin Naxçıvanda kamera orkestrinin mövcud olmasının özü də çox sevindirici haldır. Bu kollektivə ümid bəsləmək olar.
Konsert zamanı bəzi bəstəkarlar piano partiyasını özləri ifa edirdilər. Lakin bu professional pianoçuya həvalə edilsə idi daha yaxşı olardı. Onda əsərin səslənmə keyfiyyəti də artardı.
Biz istərdik ki, sizin əsərlərinizin ifası yüksək bədii səviyyədə olsun. Bunun üçün siz bəstəkarlar özünüz də gecə-gündüz orkestrin məşqlərində iştirak etməli, dirijora kömək göstərməlisiniz. Biz həmişə çalışmalıyıq ki, musiqidə professionallıq yüksək olsun. Sizi bu böyük nailiyyət münasibətilə təbrik edirəm və yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayıram.
Tofiq Bakıxanov (bəstəkar, Azərbaycan Respublikasının xalq artisti): Naxçıvanda belə gözəl təşkil olunmuş tədbirin keçirilməsi məni çox sevindirdi. Tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova, Naxçıvan Bəstəkarlar Təşkilatının sədri Şəmsəddin Qasımova öz dərin minnətdarlığımı bildirirəm.
Səyyar plunumun konsertində iştirak edən bəstəkarları təbrik edirəm. Onların yazdıqları əsərlər xalq üçündür. Əvvəllər belə bir fikir söylənilirdi: «incəsənət incəsənətə mənsubdur». Bu fikir özünü doğrultmur. Çünki incəsənət xalqa xidmət edir. Əgər xalq onu başa düşməsə deməli, onun heç bir əhəmiyyəti yoxdur.
Azərbaycan Bəstəkarlar Ittifaqının Bakıdakı Plenumları müxtəlif musiqi janrları üzrə keçirilir. Bu konsertdə səslənən əsərlər isə qarışıq janrlarda idi. Instrumental əsəri mahnı janrı ilə müqayisə etmək olmaz. Ona görə mən təklif edirəm ki, gələcəkdə orkestr üçün yazılmış əsərlər, kamera-vokal, kamera-instrumental, xor əsərləri ayrı-ayrı konsertlərdə təqdim edilsin. Bunun çox böyük əhəmiyyəti var.
Səslənən əsərlər haqqında öz təklif və iradlarımı qeyd etməzdən əvvəl bildirmək istəyirəm ki, bütün bu iradlar və məsləhətlər yalnız sizin xeyrinizədir. Ola bilər ki, sən özün səhvini görmürsən, amma yoldaşın görür. Ona görə də xüsusilə, gənc bəstəkarlara məsləhətim budur ki, əsərlərini öz təcrübəli bəstəkar həmkarlarına göstərməkdən çəkinməsinlər. Bəstəkarlar daima bir-birləri ilə ünsiyyətdə olmalı, bir-birinə inanmalı, iradlarını qəbul etməlidirlər. Bir tarixi faktı qeyd etmək istəyirəm. 1959-cu ildə Moskvada keçirilən ongünlük üçün Niyazi Q.Qarayevin «Yeddi gözəl» baletini hazırlayırdı. O, dahi Q.Qarayevə bildirdi ki, əsərin bir yerində «Romeo və Cülyetta» baleti hiss olunur. Bu hissəni baletdən çıxarmağı məsləhət gördü. Q.Qarayev də bu məsləhətə qulaq asdı və o parçanı ixtisar etdi. Digər bir misal kimi C.Hacıyevin IV simfoniyasını göstərmək olar. Bu simfoniya çox böyük idi, bir saata qədər davam edirdi. Niyazi məsləhət gördü ki, bu əsər bir qədər qısaldılsın. C.Hacıyev də məsləhətə əməl etdi və bu
da əsərin xeyrinə oldu.
Səyyar plenumun konsertində təqdim olunmuş orkestr üçün yazılmış əsərlərdə orkestr yazısına fikir vermək lazımdır. Orkestrləşdirmədə həmişə mütənasiblik olmalıdır. Orkestr səslənməsində rəngarənglik yaratmaq üçün bu mütənasibliyə fikir vermək lazımdır. Ona görə də əgər siz orkestr üçün yazılmış əsərlərin partituralarını Bakıdakı tədbirlərə təqdim etmək istəsəniz, onları yenidən işləməlisiniz. Bu, yaradıcılıq prosesində adi haldır. Həmişə ilk səslənmədə nə isə çatışmamazlıqlar hiss olunur. Sonra isə əlavələr və dəyişikliklər edilməlidir.
Tədbirdə gözəl mahnılar səsləndi. Elə mahnılar var idi ki, özü gözəl yazılıb, amma ona populyar bəstəkarların əsərlərindən parçalar salınıb. Məsələn, Əqidə Ələkbərovanın «Vətənim gülşən» mahnısına C.Cahangirovun «Azərbaycan» mahnısından intonasiyalar daxil edilib. Bunun əsərə heç bir aidiyyəti yoxdur. Və yaxud, Kamal Əhmədovun «Vətəndir» mahnısında T.Quliyevin «Qızıl üzük» mahnısının intonasiyaları aydın eşidilir. Əgər siz bu əsəri T.Quliyevə ithaf etmiş olsaydınız bu, münasib sayılardı. Məsələn; Hacı Xanməmmədov IV konsertini Q.Qarayevə həsr edib və oraya «Leyli və Məcnun» simfonik poemasından mövzunu daxil edib. Bu, mümkündür.
Ümumiyyətlə, səslənən mahnılar çox ürəyə-yatan mahnılar idi. Rəşid Məmmədovun, Şəmsəddin Qasımovun, Yaşar Xəlilovun mahnıları çox gözəl səsləndi. Xüsusilə, Yaşar Xəlilovun xalq çalğı alətləri orkestri üçün «Odlu torpaq» əsərinin orkestrləşdirilməsi xoşuma gəldi. Amma bir az təkrarlar çox olduğuna görə kupyur edilməlidir.
Yaşar Xəlilovun «Tar üçün Konserti»nin II və III hissələri ifa olundu. Əsərdə bir az çatışmazlıq var. Tarzən texniki cəhətdən çox gözəl ifa etdi, amma əvvəldəki «Bayatı-Şiraz»ı o notda yazılan şəkildə ifa edirsə, onu deyə bilərəm ki, bu çox uzun səsləndi. Bu yerdə orkestr fon da tuta bilərdi. Əsərin forması da aydın olmadı. Bu, əgər rondo formasındadırsa, B - epik, lirikdir, C - epizodu bir qədər hərəkətli olmalıdır.
Burada Ə.Ələkbərovanın musiqişünas olaraq bəstəkarlıq etməsindən danışıldı. Ümumiyyətlə, mən musiqişünasların əsər yazmağına pis baxmıram. Tanınmış bəstəkarımız Zakir Bağırov da Konservatoriyanı musiqişünas kimi bitirmişdi, amma gözəl orkestr əsərləri, konsertlər, operettalar yazıb. Ramiz Zöhrabov da gözəl musiqişünasdır, bununla yanaşı xalq çalğı alətləri orkestri üçün iri formalı əsərlər yazır.
Naxçıvan Bəstəkarlar təşkilatındakı bəstəkarların yeni yazılmış əsərlərinin notlarının Azərbaycan Bəstəkarlar Ittifaqına göndərilməsini və gələcəkdə bu əsərlər içərisindən seçilib yeni plenum və festivallarda ifa olunmasını təşkil etmək lazımdır. Naxçıvan təşkilatında 5 nəfər bəstəkar fəaliyyət göstərir. Sizin əməyiniz göz qabağındadır. Ilk növbədə xalqın sizə olan səmimi münasibəti bizi çox sevindirir. Bu, sizin böyük müvəffəqiyyətinizdir. Sizi ürəkdən təbrik edir və yeni yaradıcılıq nailiyyətləri arzulayıram.
Əqidə Ələkbərova (musiqişünas, Azərbaycan respublikasının əməkdar incəsənət xadimi): Mən təşkilatımızın çatışmayan cəhətləri, istəklərimiz haqqında danışmaq istərdim. Bu, gələcək perspektiv işlərimiz üçün daha önəmlidir.
Bilirsiniz ki, Naxçıvan tarixi məs’uliyyət qapağı altında yaşayır. Əgər bizim torpağımıza bu qədər diqqət yetirilirsə, belə gözəl şərait yaradılırsa, bizim də bu mənəvi dünyamızı qoruyub saxlamaq, onu zənginləşdirmək və bizə göstərilən qayğını doğrultmaq borcumuzdur. Bu günə qədər gördüyümüz işlər bizi qane etmir. Biz daha da məsuliyyətlə çalışmalıyıq. Çünki məhsuldar işləmək üçün Naxçıvan MR-nın Ali Məclisi, şəxsən Vasif Talıbov bizə hər cür şərait yaradır. O, elə bir şəxsiyyətdir ki, daima bizim problemlərimizlə maraqlanır və əlindən gələn köməyi əsirgəmir. Universitetin incəsənət və ədəbiyyat fakultəsində konservatoriya açıldığı zaman çox çətinliklərlə üzləşdik. O insanın qayğıkeşliyini biz onda gördük.
Təşkilatımız hesabat konsertlərini tez-tez keçirtməlidir. Burada qeyd olunduğu kimi, konsertlər janrlar üzrə olmalıdır. Biz bilirik ki, bir konsertdə orkestr əsərləri ilə mahnıların bir yerdə səslənməsi mümkün deyil. Konsertin proqramına yalnız təşkilatımızın üzvləri olan bəstəkarların əsərləri daxil edilmişdi. Lakin Naxçıvanda bir çox istedadlı musiqi yazarlar da var. Onlar bu gün qeyri-peşəkar bəstəkarlar kimi kənarda qalıb. Baxmayaraq ki, onlar da konservatoriya təhsili alıblar. Onların içərisində pianoçular, tarzənlər, başqa alətlərdə çalan musiqiçilər var. Ötən hesabat konsertində onlar da öz əsərlərini təqdim etmişdilər. Gənclər arasında musiqiyə böyük həvəs göstərən insanlar var. Gələcəkdə onların da əsərlərinin ifa edilməsini istərdik.
Naxçıvan Dövlət Universitetində xüsusi bəstəkarlıq şöbəsinin açılması haqqında edilən təklif bizi çox sevindirdi. Burada bəstəkarlıq şöbəsinin açılması üçün pedaqoji potensialımız da var. Təşkilatımızın iki professional təhsilli bəstəkarı var: Yaşar Xəlilov və Kamal Əhmədov. Y.Xəlilov Q.Qarayevin tələbəsi olub. Vaxtilə, mən şəxsən, onun Q.Qarayevin sinfində oxuyarkən dərsində iştirak etmişəm və Q.Qarayevin Yaşarı necə təriflədiyini görmüşəm. Biz onunla fəxr edirik. Digər bəstəkarımız - K.Əhmədov isə professor X.Mirzəzadənin bəstəkarlıq sinfini bitirib. Inanıram ki, Naxçıvanda bəstəkarlıq ixtisasının açılmasında bu iki şəxsin əməyi çox olacaqdır. Ümidvarıq ki, görkəmli bəstəkarlarımız - Tofiq Bakıxanov, Nəriman Məmmədov, Ramiz Mirişli və başqaları da Naxçıvana tez-tez gələcək və öz təcrübələrini gənc kadrlara öyrədəcəklər. Bizim Türkiyə ilə yaxın olduğumuza görə Türkiyədə işləyən bəstəkarlarımız da vaxtaşırı buraya gələ bilərlər. Əvvəllər Aqşin Əlizadə Türkiyədə işləyərkən bir neçə dəfə Naxçı
vana gələrək Konservatoriyada çıxış etmişdi.
Lakin Naxçıvanda bu kafedranın açılması ilə iş bitmir. Yeni yazılmış əsərlərin ifası da əsas məsələdir. Bizim kamera orkestrimizin heyəti müəyyən səbəblərə görə çox məhduddur. Kamera orkestrinin bədii rəhbəri Çingiz Axundov vaxtilə Niyazi ilə birlikdə simfonik orkestrdə işləyib. O, çox dəyərli musiqiçidir - bir necə alətdə professional səviyyədə çalır, həmçinin Zaqafqaziya müsabiqəsi laureatıdır. Neçə illərdir ki, kamera orkestrinin əziyyəti onun üzərinə düşüb. Ilk növbədə, kamera orkestrini dirçəltmək lazımdır. Kadr çatışmamazlığı problemini həll etmək vacibdir. Bu problem digər ifaçı kollektivlərimizdə, xalq çalğı alətləri orkestrində də mövcuddur. Əsil peşəkar bəstəkarlıq təşkilatı üçün əsil peşəkar ifaçı kollektivləri lazımdır. Bu ən vacib məsələdir.
Kamal Əhmədov (bəstəkar, Naxçıvan Bəstəkarlar Təşkilatının məsul katibi): Indiki dövrdə bizim bəstəkarlarımız üçün tez-tez Bakıya gedib əsər göstərmək çətindir. Burada maliyyə məsələləri maneələr yaradır. Hazırda bizim tənqidi yanaşdığımız Sovetlər dövründə bəstəkarların imkanları daha çox idi. Bəstəkar bu gün öz əsərini sata bilmir. Bəs o necə yaşamalıdır? Əgər bu sənət bəstəkarın ehtiyacını ödəyə bilmirsə, deməli, bu lazım deyil. Belə olan halda isə bu sənətin arxasınca gedən olmur. Tələbələr artıq bəstəkarlığa çox az meyl göstərirlər. Vaxtilə bəstəkarlıq ixtisasına daha çox həvəs göstərilirdi.
Naxçıvanda yaşayan bəstəkarlarımızın vəziyyəti Bakıda yaşayan bəstəkarlara nisbətən çox çətindir. Çünki Bakıda onlar müxtəlif ifaçı kollektivlərlə əməkdaşlıq edə bilirlər. Naxçıvanda isə bəstəkarlarımızın imkanı məhduddur. Çünki ifaçı kollektivlər çox azdır və bu kollektivlərdə kadr çatışmazlığı problemi ilə üzləşirik.
Rəşid Məmmədov (bəstəkar, Naxçıvan Bəstəkarlar Təşkilatının üzvü): Əvvəla onu qeyd edim ki, Naxçıvan MR-da Bəstəkarlar Təşkilatı açılandan ilk dəfədir ki, belə yüksək səviyyədə toplantı keçirilir. Naxçıvan Bəstəkarlar Təşkilatına xüsusi diqqət göstərib Bakıdan gələn nümayəndələrə öz dərin minnətdarlığımı bildirirəm. Habelə, əsərlərin ifası ilə əlaqədar Naxçıvan Şəhər Mədəniyyət Idarəsinin rəhbərliyinə, xalq çalğı alətləri və kamera orkestrinin rəhbərlərinə öz təşəkürümü bildirirəm.
Ümumiyyətlə, Muxtar Respublikanın mədəni həyatında bir çox çətinliklərimiz var. Mən, əsasən musiqi təbliği ilə əlaqədar Filarmoniyanın fəaliyyətindən narazıyam. Çünki, mən 50 ildən artıqdır ki, Muxtar Respublikanın musiqi mədəniyyətinin inkişafı naminə çalışıram. Lakin son zamanlar mənim mahnılarımın ifa edilməsinə və efirdə səslənməsinə sədd qoyulur. Belə qeyri-obyektiv hallara qarşı mən öz etirazımı bildirirəm.
Etiqad Seyidov (Naxçıvan MR Dövlət Televiziyasının musiqi redaktoru): Naxçıvan MR Dövlət Televiziyasının musiqi redaksiyasından giley-güzar etmək əsassızdır. Çünki Naxçıvan televiziyasının nəzdində ifaçı kollektivlər yoxdur. Naxçıvanda yaşayan bəstəkarların əsərlərini təbliğ etmək üçün biz əsasən, Naxçıvan Dövlət Filarmoniyasının və Şəhər Mədəniyyət Şöbəsinin kollektivlərindən istifadə edirik. Əgər bu kollektivlər Rəşid Məmmədovun əsərlərini ifa etmirlərsə, bu bizim günahımız deyil. Naxçıvan Dövlət Televiziyasına R.Məmmədovun mahnılarının efirdə səsləndirilməməsi barədə heç kim göstəriş vermir.
Zeynalabdin Babayev (tarzən, Naxçıvan Dövlət Filarmoniyasının bədii rəhbəri): Səyyar plenumun müzakirəsində söylənilən bütün iradları və tənqidləri çox təbii qəbul edirik. Belə ki, gələcəkdə bundan bir nəticə çıxarmalıyıq. Ümumiyyətlə, qeyd etməliyəm ki, Naxçıvan Dövlət Filarmoniyasının 3 kollektivi var: Xalq Çalğı Alətləri Orkestri, Kamera Orkestri, Mahnı və rəqs ansamblı. Mən bu kollektivlər üçün əsərlər yazmaq haqqında Naxçıvan bəstəkarlarına müraciət etmişəm. Naxçıvan Dövlət Filarmoniyası bu əsərləri təbliğ etməyə hazırdır. Mən Filarmoniyanın bədii rəhbəri kimi əmin edirəm ki, qeyri-peşəkar əsərlər Filarmoniyanın konsert proqramlarına yol tapmayacaq. Mən bunun qəti əleyhinəyəm. Yalnız yüksək professional səviyyəli əsərlər çalınacaq. Biz qısa müddətdə bu problemləri həll etməyə çalışacağıq.
Bizim həqiqətən, Azərbaycan Bəstəkarlar Ittifaqının məsləhətlərinə ehtiyacımız var. Biz istərdik ki, mütəmadi olaraq Azərbaycan Bəstəkarlar Ittifaqının nümayəndələri Naxçıvana gəlsinlər.
Yaşar Xəlilov(bəstəkar, Naxçıvan Bəstəkarlar Təşkilatının üzvü): Belə yüksək səviyyəli musiqiçilərin Naxçıvana təşrif buyurması çox sevindirici haldır. Naxçıvanda Bəstəkarlar Təşkilatının açılması mərhum bəstəkarımız T.Quliyevin arzusu idi. O zaman bu mümkün olmadı, çünki təşkilatın ən azı 3 üzvü olmalı idi. Lakin artıq bu arzu həyata keçib. Hazırda Naxçıvanda Bəstəkarlar Təşkilatı fəaliyyət göstərir. Təşkilatın ötən hesabat konserti 3 il öncə olmuşdu. Lakin 3 il az müddət deyil. Mən təklif edirəm ki, bu tədbirlər - festivallar, plenumlar, konfranslar hər il keçirilsin. Bu konsertlərdə əsərlərin janrlar üzrə təqdim edilməsi daha məqsədəuyğundur. Simfonik əsəri mahnı janrı ilə birlikdə təqdim etdikdə onun dəyəri itir.
Naxçıvanda bəstəkarlıq şöbəsinin açılması çox yaxşı fikirdir. Yerli kadrların hazırlanmasında bu çox önəmli ola bilər. Əgər Naxçıvanda bu şöbə açılsa mən orada işləməyə hazıram. Mən hazırda Ordubadda yaşayıram. Elə istedadlı gənclər var ki, saat yarımlıq yolu Naxçıvandan Ordubada gəlirlər, mən onlarla məşğul oluram. Lakin bu çox böyük çətinlik törədir. Əsas odur ki, bu gənclərdə musiqiyə böyük həvəs və məhəbbət var. Doğrudur, müəyyən qüsurlar da var, lakin mən inanıram ki, tezliklə bu qüsurları aradan götürüb irəli gedəcəyik.
Ələkbər Qasımov (teatrşünas, şair): Mən əziz qonaqlarımızı salamlayıram. Bu konsertdən hamı böyük zövq aldı. Yalnız Bəstəkarlar Ittifaqının üzvü olan professional bəstəkarların əsərləri səsləndiyinə görə bu konsert öz səviyyəsi ilə seçildi.
Naxçıvan Bəstəkarlar Təşkilatı yaranandan mən özümü bu təşkilatın, necə deyərlər, «ştatdan kənar» üzvü hesab edirəm. Vaxtilə, 1989-cu ildə Naxçıvanda Kukla Teatrı təşkil olunanda mən görkəmli bəstəkarımız T.Quliyevə müraciət edərək, bizim ilk tamaşamıza musiqi bəstələməsini xahiş etdim. Beləliklə, bizim ünsiyyətimiz yarandı. Biz hər dəfə Naxçıvanda Bəstəkarlar təşkilatının açılması haqqında söhbətlər aparırdıq.
Bu gün sevindirici haldır ki, Naxçıvan Bəstəkarlar Təşkilatı artıq mövcuddur və öz inkişaf yolunu davam etdirir. Təşkilatın yüksək səviyyədə keçən son konserti bunu bir daha sübut etdi. Arzum odur ki, Naxçıvan bəstəkarlarının əsərləri artıq Naxçıvanın hüdudlarından kənara çıxaraq daha mötəbər konsert salonlarında, Azərbaycan Bəstəkarlar Ittifaqının tədbirlərində səslənsin. Mən Naxçıvan Bəstəkarlar Təşkilatının üzvlərinə, eləcə də bütün bəstəkarlarımıza yeni yaradıcılıq uğurları diləyirəm.
Şəmsəddin Qasımov (bəstəkar, Naxçıvan Bəstəkarlar Təşkilatının sədri): Mən, Naxçıvan Bəstəkarlar Təşkilatının üzvləri və şəxsən öz adımdan Bakıdan gəlmiş görkəmli musiqi xadimlərimizə öz minnətdarlığımı bildirirəm. Bu tədbiri həqiqətən də, Naxçıvanda böyük bir mədəni hadisə hesab edirəm. Ilk dəfədir ki, belə geniş təqdimatda bizim tədbirin müzakirəsi keçirilir. Mən 2004-cü ilin may ayında Azərbaycan Bəstəkarlar Ittifaqında keçirilmiş Plenumun müzakirəsini xatırladım. Həmin müzakirədə bütün iştirak etmiş bəstəkarların əsərləri haqqında fikir söylənildi, tənqidi qeydlər oldu.
Mən inanıram ki, indiki müzakirədə bəstəkarlarımız qeyd olunmuş iradlardan və tənqidlərdən gələcəkdə bir nəticə çıxaracaqlar. Biz də bu iradları səmimi qəbul edirik.
Doğrudur, bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün biz əlimizdən gələni etdik. Lakin müəyyən səbəblərə görə yaranmış qüsurlar gələcəkdə nəzərə alınacaq. Əgər belə Plenumlar hər il keçirilsə irəli addımlarımız da çox olar, məsuliyyətimiz daha da artar. Yəqin ki, gələcək plenumlarımızda təşkilatımızın hansı səviyyədə irəlilədiyini, bəstəkarlarımızın yaradıcılığını və kollektivlərimizin inkişafını izləyə biləcəksiniz.
Mən bu konsertdə iştirak etmiş bütün kollektivlərin rəhbərlərinə öz minnətdarlığımı bildirirəm. Bu, Naxçıvan Bəstəkarlar Təşkilatının hesabat konserti idi. Ona görə də bütün janrları əhatə etməyə çalışdıq. Ayrı-ayrı janrlar üzrə plenumların keçirilməsini isə gələcəkdə nəzərə alacağıq. Dövlətin bizim təşkilata göstərdiyi yüksək qayğının müqabilində yaxşı işləməməyə haqqımız yoxdur. Ona görə də bu etimadı doğrultmaq üçün var qüvvəmizlə çalışacağıq.
Arzu edirəm ki, Azərbaycan Bəstəkarlar Ittifaqı ilə Naxçıvan Bəstəkarlar Təşkilatı arasındakı əlaqələr daha da genişlənsin və bu yaradıcılıq körpüsü daimi olsun.
Lalə Hüseynova (Azərbaycan Bəstəkarlar Ittifaqının məsul kaktibi): Ümumiyyətlə, cəmiyyətdə bəstəkarın özünü reallaşdırması üçün nə lazımdır,? Bu üç amildir - istedad, peşəkarlıq və münbit zəmin. Bu üç amilin vəhdəti yoxdursa bəstəkarın reallaşmasından, tam şəkildə özünü açmasından söhbət gedə bilməz. 70 il bundan əvvəl Azərbaycan Bəstəkarlar Ittifaqı açılanda 18 nəfər üzvü var idi. Onlardan cəmi 5 nəfəri azərbaycanlı idi. Burada - Naxçıvanda da indi 5 üzv var. Söz yox ki, 70 ildən sonra Naxçıvanda da bəstəkarların sayı çoxalacaq. Istedad məsələsinə gəldikdə isə əlbəttə, dünən eşitdiyimiz bütün əsərlərdə bu özünü büruzə verirdi. Düzdür, istedadın səviyyəsi, dərəcəsi fərqli idi. Bu da təbiidir. Peşəkarlıq məsələsinə gəldikdə isə biz, peşəkarlığın da şahidi olduq. Doğrudur, tam peşəkar bəstəkarlıq təhsili alımış bəstəkarlar daha çox seçilirdi. Digər bəstəkarlar da özlərini o səviyyəyə qaldırmaq həvəsində idilər və bu da aydın hiss olunurdu. Yəni, ümumilikdə biz, peşəkar bəstəkarlıq yolunu hiss etdi
k.
Münbit zəminə gəldikdə, görürük ki, burada artıq bu zəmin yaradılır. Bu, əsasən maddi durumla bağlıdır. Çünki 70 il əvvəl Bəstəkarlar Ittifaqı yarananda da bəstəkarların maddi vəziyyətinin yaxşılaşdırılması mütləq şərtlərdən biri idi. Əgər kimsə bəstəkarlığı özünə peşə seçirsə, deməli bu peşə onu dolandırmalıdır. Hazırda Naxçıvanda 5 nəfər bəstəkar var - bu o qədər də çox deyil. Zənnimcə, imkan tapılar ki, onlara hər ay maddi yardımlar edilsin. Bu Bəstəkarlar Ittifaqının xətti ilə də həyata keçirilə bilər. Bəstəkarlıq kimi ağır peşə yükünü daşımaqda dövlət öz köməyini əsirgəməməlidir.
Indi də yaradıcılıq üslubu məsələsinə toxunmaq istərdim. Doğrudur, 5 nəfər hələ müəyyən bir üslubu müəyyənləşdirmir. Məlumdur ki, bəstəkarlıq məktəbimiz böyük bir təkamül yolu keçib. Dövr dəyişdikcə bu üslublar da dəyişib. Çox qısa zaman çərçivəsində müxtəlif üslublar musiqimizə daxil oldu. Amma indi elə bir dövrdə yaşayırıq ki, yeni üslub axtarışları zəruridir. Dəfələrlə plenumlarımızda da bu məsələni qaldırmışıq: hazırda mövcud ən müxtəlif üslublar bəstəkar yaradıcılığında özünü göstərir və ancaq bir tendensiyadan danışmaq qeyri mümkündür. Hacıbəyov üslubunda yazan, Qarayev istiqamətini davam etdirən, habelə 70-80-ci illərin eksperiment üslubunda işləyən bəstəkarlar da vardır. Hələlik yeni üslub axtarışları çox təəssüf ki, o qədər də nəzərə çarpmır. Çox nadir hallarda biz bu axtarışların və daha da nadir halda onun uğurlu nəticəsinin şahidi oluruq. Yəqin ki, bunun üçün müəyyən müddət gərəkdir.
Dünən dinlədiyimiz əsərlərdə erkən milli ənənəvi üslub üstünlük təşkil edirdi. Lakin bu ənənəviliyin özündə belə müxtəliflik sezilirdi. Yaxşı haldır ki, bəstəkarlar bir-birindən seçilirdi. Hiss olunurdu ki, onlar müxtəlif nəsillərin nümayəndələridir. Rəşid Məmmədov daha yaşlı nəslin nümayəndəsidir və onun əsərləri lad-intonasiya baxımından sırf Azərbaycan musiqisi, ənənəvi musiqi üslubunda idi. Şəmsəddin Qasımov, Kamal Əhmədovun musiqisi də xalq musiqi təfəkkürü çərçivəsindən kənara çıxmamışdı. Onu qavramaq üçün xüsusi səy göstərmək lazım deyil. Yaşar Xəlilovun üslubu fərqlənirdi. Çünki o, Q.Qarayevin tələbəsi olub. Artıq bu musiqidə müasir dil özünü büruzə verirdi.
Sonda mən istərdim ki, bu tədbirin yüksək səviyyədə təşkilinə görə Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə öz təşəkkürümüzü bildirəm.
Doğrudur, Bəstəkarlar Təşkilatının işinə ciddi münasibət var, xüsusilə Ali Məclisin sədri, cənab Vasif Talıbov onun üzvlərinə çox böyük diqqət yetirir. Bu, təqdirəlayiq və nümunəvi bir göstəricidir.
Ramiz Zöhrabov: Ümumiyyətlə, qeyd etməliyəm ki, bu səyyar plenumun keçirilməsi Azərbaycan Bəstəkarlar Ittifaqının Naxçıvan Bəstəkarlar Təşkilatının çox böyük işidir. Biz bu işdən razıyıq. Həqiqətən də Naxçıvan Bəstəkarlar Təşkilatı yaxşı fəaliyyət göstərir və öz üzərinə düşən missiyanı yerinə yetirir. Naxçıvan Bəstəkarlar Təşkilatının sədri Şəmsəddin Qasımov başda olmaqla məsul katib və bütün üzvlər fəal çalışırlar.
Bu təşkilat 1995-ci ildən bərpa edilib. Lakin Naxçıvan Bakıdan uzaqda - təcrid olunmuş halda, iqtisadi-siyasi çətinliklər şəraitində yaşayır. Bu səbəbdən burada yaşayan bəstəkarların tez-tez Bakıya gəlib öz əsərlərini nümayiş etdirmək imkanı məhduddur. Onu xatırladım ki, yalnız bir dəfə Şəmsəddin Qasımov Bakıya gələrək bizim Plenumda öz əsəri ilə iştirak etdi. Biz istərdik ki, Naxçıvan Bəstəkarlar Təşkilatının digər üzvləri də tez-tez bizim tədbirlərimizdə öz əsərləri ilə iştirak etsinlər. Naxçıvan Bəstəkarlar Təşkilatının yaxşı peşəkar bəstəkar təhsili almış üzvləri var - Yaşar Xəlilov Qara Qarayevin, Kamal Əhmədov Xəyyam Mirzəzadənin tələbələri olublar. Onlar hazırda Naxçıvanda gənc bəstəkarların hazırlanmasında aparıcı rol oynaya bilərlər.
Bu səyyar plenumda ifa olunmuş əsərlərin içərisindən seçilmiş əsərlər Bakıda Azərbaycan Bəstəkarlar Ittifaqının tədbirlərində ifa olunmalıdır. Mən yeri gəlmişkən onu deyim ki, bizim Gəncə Bəstəkarlar Təşkilatımızın üzvü, istedadlı bəstəkar Məmməd Cəfərov tez-tez Bəstəkarlar Ittifaqının plenumlarında iştirak edir və müxtəlif janrlı əsərlərini ayrı-ayrı tədbirlərdə səsləndirir. Naxçıvan Bəstəkarlar Təşkilatı da öz nümayəndələrini bu kimi tədbirlərə göndərməlidir.
Onu da deymi ki, burada keçirilən Səyyar plenumun konserti müxtəlif janrları əhatə etdiyinə görə qala-konsert hesab oluna bilər. Bu konsert eyni zamanda Naxçıvan Bəstəkarlar Təşkilatının hesabatı idi. Burada 5 bəstəkar fəaliyyət göstərir. Bəstəkarlığın yaxşı bünövrəsi olmalıdır. Bu isə orta-ixtisas musiqi təhsilindən asılıdır. Bəziləri elə hesab edirlər ki, bəstəkar olmaq üçün yalnız istedad kifayət edir, oxumaq lazım deyil. Lakin bu, səhv fikirdir. Bəstəkarlığa hətta orta ixtisas məktəbindən, hətta uşaq musiqi məktəbindən başlamaq lazımdır. Bunun üçün Bakı musiqi məktəblərinin uşaq yaradıcılığı sinifləri təcrübəsindən istifadə etmək məqsədəuyğundur. Vaxtilə bizim bir çox bəstəkarlarımız da əvvəl musiqi texnikumunun və ya Bülbül adına orta ixtisas musiqi məktəbinin uşaq yaradıcılığı siniflərində təhsil alıblar. Naxçıvanda da musiqi texnikumunun nəzdində belə yaradıcılıq sinifləri təşkil etmək məqsədəmüvafiqdir. Naxçıvan Dövlət Universitetində bəstəkarlıq şöbəsinin açı
lması haqqında Muxtar Respublikanın rəhbirliyi qarşısında artıq məsələ qaldırılıb. Bu şöbənin yaranması Naxçıvanda yaşayan bəstəkarlıq sənətini seçmək arzusunda olan gənc musiqiçilərin qarşısında böyük imkanlar aça bilər. Tam qətiyyətlə deyinə bilərik ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri, möhtərəm Vasif Talıbov sözü gedən problemlərin həllinə böyük kömək göstərəcək və yaxın illərdə yeni-yeni istedadlı bəstəkar, musiqişünas kadrları yetişəcək, musiqi kollektivlərinin ifa səviyyəsi yüksələcək. Naxçıvan Bəstəkarlar Təşkilatı da yeni istedadların hesabına genişlənəcək.
Çünki biz burada keçirdiyimiz günlərdə incəsənətə, musiqiyə böyük diqqət yetirildiyinin, sənətə, sənət adamlarına Heydər Əliyev qayğısının ənənəvi olaraq davam etdirildiyinin şahidi olduq.
p align>
|