Sentyabr ayında Azərbaycan musiqi mədəniyyətinin klassiki, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyovun 120 illik yubileyi təntənə ilə qeyd edildi. Dahi sənətkarın anadan olmasının 120-ci ildönümünün yüksək səviyyədə keçirilməsi haqda Azərbaycan prezidenti Ilham Əliyev xüsusi sərəncam imzalamış, bu münasibətlə müxtəlif elm və mədəniyyət ocaqlarında konsertlər, yığıncaqlar, görüşlər keçirilmiş, bəstəkarın ev-muzeyinin yeni ekspozisiyasının açılışı olmuş, təntənəli yubiley gecəsində onun əziz xatirəsi bir daha anılmışdır.
Tədbirlər sırasında sentyabrın 1 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Bəstəkarlar Ittifaqı ilə birgə keçirdikləri Ü.Hacıbəyovun «Leyli və Məcnun» və «Koroğlu»operalarının beş cilddən ibarət klavir və partituralarının akademik nəşri və əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Zemfira Səfərovanın «Üzeyir Hacıbəyov və onun görkəmli sələfləri» (ingilis dilində) kitabının təqdimat mərasimi xüsusi qeyd edilməlidir.
Bəstəkarlar ittifaqında keçirilən təqdimat gecəsini giriş sözü ilə Ittifaqın Idarə Heyətinin birinci katibi, xalq artisti, professor Vasif Adıgözəlov açdı. «Azərbaycan xalqı xoşbəxt xalqdır ki, allah ona Üzeyir Hacıbəyov kimi bir dahini bəxş etmişdir,»-deyə çıxışına başlayan V.Adıgözəlov, bəstəkarın çoxşaxəli yaradıcı və ictimai fəaliyyətindən danışıb, onun Azərbaycan mədəniyyət tarixində tutduğu yeri, ona verilən böyük dəyəri açıqladı. V.Adıgözəlov dahi sənətkarın «Leyli və Məcnun» və «Koroğlu» kimi klassik əsərlərinin akademik nəşrinin böyük əhəmiyyətə malik olmalarını xüsusi vurğuladı. Daha sonra o, Z.Səfərovanın «Üzeyir Hacıbəyov və onun görkəmli sələfləri» kitabının çap edilməsini də müsbət bir hadisə kimi dəyərləndirib, kitabın ingilis dilində olub, vətəndən uzaqlarda böyük bəstəkarın təbliğində önəmli rol oynayacağına əminliyini bildirdi.
Mərasimdə AMEA-nın həqiqi üzvü Bəkir Nəbiyev təqdim edilən hər iki əsərin akademik nəşr olduğunu vurğulayıb, belə nəşrlərin necə çətinliklə ərsəyə gəldikləri barədə məlumat verdi. Həmin ağır missiyanı Akademiyanın Musiqi tarixi və nəzəriyyəsi şöbəsi və onun rəhbəri Z.Səfərova öz üzərinə götürmüş və böyük professionallıqla işin öhdəsindən gəlmişdir. B.Nəbiyev Z.Səfərovanın Ü.Hacıbəyova həsr edilmiş yeni kitabının da ingilis dilində çıxmasına böyük önəm vermiş, musiqimizin, mədəni irsimizin uzaq ölkələrdə yayılmasına, tanınmasına olan ehtiyacı ödəməyə qadir bir əsər kimi alqışlamışdır. Çıxışının sonunda akademik hər iki nəşrin böyük sənətkarın 120 illiyinə bir yubiley töhfəsi olduğunu söyləyib, Z.Səfərovaya gələcək yaradıcılıq arzuları dilədi.
Həmin gecədə Bəstəkarlar Ittifaqının Idarə Heyətinin katibi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov, Bakı Musiqi Akademiyasının prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Rəssamlar Ittifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov və başqaları təqdim edilən «Koroğlu» operasının partiturasının son III cildinin (IV və V pərdələr) uzun fasilədən sonra çıxmasını Azərbaycanın musiqi mədəni həyatında mühüm hadisə kimi dəyərləndirdilər, Z.Səfərovanın akademik nəşrin işıq üzü görməsində xüsusi xidmətlərini diqqət mərkəzinə çəkdilər. Çıxış edənlər Z.Səfərovanın «Üzeyir Hacıbəyov və onun görkəmli sələfləri» kitabı ilə bağlı bildirdilər ki, ingilis dilində olan bu əsər vasitəsilə dünyanın digər xalqları Üzeyir bəylə yanaşı, Azərbaycanın Urməvi, Marağai, Mir Möhsün Nəvvab kimi məşhur alim- musiqişünasları haqda da geniş məlumat ala biləcəklər.
Təqdimatda dahi bəstəkarın ölməz musiqisi səsləndi… Azərbaycan xalq artistləri Xuraman Qasımova, Azər Zeynalov, əməkdar artist Həsən Enami, Bakı Musiqi Akademiyasının dosenti Ülviyyə Hacıbəyova və Azərbaycan Dövlət Triosu Ü.Hacıbəyovun «Koroğlu», «Arşın mal alan» və başqa əsərlərindən parçaları ilhamla ifa edib, məclisi rövnəqləndirdilər.
X.Qasımova və A.Zeynalovun ifasında xüsusi təravətlə səslənən Gülçöhrə ilə Əsgərin məşhur duetindən sonra «Elə bənd oldum» sözləri ilə öz minnətdarlıq çıxışına başlıyan Z.Səfərovanın səmimi ifadələri tədbir iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılandı. «Uşaq çağlarından Üzeyir sənətinə, musiqisinə elə bənd oldum ki, indiyədək ondan ayrıla bilmirəm» deyən tədqiqatçı tədbir iştirakçılarına, təşkilatçılarına, hər iki nəşrin işıq üzü görməsində əməyi olanların hamısına öz minnətdarlığını bildirib, apardığı iş barədə də qısaca məlumat verdi.
p align>
|