Novruz bayramı Azərbaycan xalqının ən qədim milli bayramlarından biridir. Yazın gəlişi, təbiətin, bütün canlı həyatın oyanışı, gecə ilə gündüzün bərabərləşdiyi bir günlə bağlı olan bu bayram Azərbaycan xalqının milli düşüncəsi və milli ruhunu özündə əks etdirir.
Novruz xalqın milli təfəkkür tərzi, onun həyat və məişəti, adət və ənənələrini özündə yaşadan, teatrlaşdırılmış səciyyə daşıyan böyük bir mərasim bayramıdır. Bu mərasim daim musiqi sədaları, mahnı və rəqslərlə müşayiət olunmuş, xalq arasında Novruz günləri ilə bağlı çoxlu sayda bayatı, mahnı və s. yaranmışdır. Aşıqlar, xanəndələr, xalq musiqi ifaçıları bu bayramın birbaşa iştirakçıları olmuş, Novruza həsr olunmuş şerlər söyləmiş, mahnılar qoşmuşlar. Bu, illər, əsrlər boyu bu cür davam etmiş, inkişaf etmiş, xalqın adət və ənənələri, yaratdığı mədəni sərvətlər qorunub saxlanılmışdır.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Novruz bayramı qeyri – rəsmi olaraq sovet ideologiyasına uyqun gəlməyən bir bayram kimi qadağan olunmuşdur. Buna səbəb, bu bayramın dərin milli köklərə, zəngin adət və ənənələrə malik olması, xalqın ictimai, mənəvi həyatında böyük əhəmiyyət kəsb etməsi idi. Bütün bunlar Azərbaycan xalqının milli ruhda böyüməsi, xalqın tarixi keçmişinin öyrənilməsi, millət kimi formalaşması, milli "mən"liyinintanınması üçün gözəl zəmin yarada bilərdi. Bu isə hakimiyyət ideologiyasının ziddinə idi. Məhz bu cəhət "Novruz" mövzusunun demək olar ki, bütün elmi-mədəni sahələrdə-ədəbiyyat, teatr, kino və eyni zamanda, musiqi mədəniyyəti sahələrində qadağan olunmasının əsas səbəblərindən biri idi. Azərbaycan bəstəkarları Sovet hakimiyyəti dövründə "Novruz bayramı" mövzusuna məhz bu səbəbdən müraciət etməmişlər. Ü. Hacıbəyov, M. Mağomayev, Q. Qarayev, F. Əmirov, C. Hacıyev, C. Cahangirov və s. kimi böyük bəstəkarların yaradıcılığında bir baş
a bu mövzu ilə bağl olan əsərlərə rast gəlmirik. T. Quliyev, E. Sabitoğlu kimi mahnı janrında işləyən bəstəkarlarımızın yaradıcılığında da təəssüf ki, bu mövzuda mahnılar yox dərəcəsindədir. Bu baxımdan Azərbaycan musiqisində bu mövzu sarıdan böyük bir boşluq yaranmışdır. Halbuki milli, xalq musiqisi ruhunda, lirik-romantik səpkili dahiyanə əsərlər yazan bəstəkarlarımız üçün bu mövzu çox zəngin və rəngarəng bir mənbə idi. Sözsüz ki, bəstəkarlar bu mənbədən bəhrələnərək öz qüdrətli əsərlərini yarada bilər, musiqi mədəniyyətimizi daha da zənginləşdirərdilər. Bununla belə, qeyd etməliyik ki, hər bir Azərbaycan bəstəkarının yaradıcılığında "Bahar", "Yaz" mövzusu daim sevilərək işlənən mövzu olmuş, bu məzmunda çox sayda əsərlər yaranmış, və dolayı yolla da olsa, bu əsərlərdə novruz ruhu yaşadılmışdır.
Lakin son illər müəyyən arxivlər açılır, əvvəlki illərdə yazılmış bəzi "arzu olunmaz" əsərlər meydana çıxır. Belə əsərlərdən biri də Ü. Hacıbəyovun əsrin əvvəllərində yazdığı Novruza həsr olunmuş "Bahar nəğməsi" əsəridir. Bu nəğmə görkəmli dirijor Niyazinin arxivindən tapılmış, onun həyat yoldaşı həcər xanım tərəfindən R. Xəlilova təqdim olunmuşdur. Son illərdə bəstəkar S. Fərəcov həmin nəğməni bir neçə redaksiyada – xor və orkestr üçün, simli kvartet üçün, simli orkestr üçün, xor və xalq çalğı alətləri orkestri üçün işləmiş və əsər dəfələrlə ifa olunmuşdur.
Bu əsərin tapılması digər böyük bəstəkarlarımızın yaradıcılığında da bu mövzulu əsərlərin olmasının mümkünlüyü fikrini ortaya atır. Bunun üçün şəxsi arxivlər öyrənilməli və ümumiyyətlə, indiyədək məlum olmayan əsərlər üzə çıxarılmalıdır.
Yaşlı nəsil nümayəndələrindən, Respublikanın əməkdar incəsənət xadimi, bəstəkar M. Quliyev 1977-ci ildə "Aldanmış ulduzlar" operasını yazmış və əsərə Novruz bayramı ilə bağlı olan xalq səhnələri daxil edilmişdir. O, zurna və nağaranı simfonik orkestrə daxil edərək novruz bayramı səhnələrinin rəngarəng, dolğun çalarlı alınmasına nail olmuşdur.
Novruz mövzusuna həsr olunmuş iri həcmli əsərlərdən biri Xalq artisti bəstəkar V. Adıgözəlovun 1993-cü ildə yazdıqı 4 hissəli "Novruzum" kantatasıdır. Kantata Rəfiq Zəka Xəndanın sözlərinə, solist, xor və simfonik orkestr üçün yazılmışdır. "Azərbaycan", "Səməni", "Kosa", "Novruzum" hissələrindən ibarət olan bu əsər olduqca parlaq, nikbin ovqat daşıyır və bütövlükdə, vətəni, xalqın gücü və qüdrətini tərənnüm edir.
Körkəmli bəstəkarlarımızdan F. Əmirov "Gülür ellər", R. Mirişli "Bayram axşamlarında", O. Zülfüqarov "Uşaq mahnı topluları", o cümlədən, O. Rəcəbov, Ə. Taqıyev, R. Şəfəq və başqaları bu mövzuda mahnılar bəstələmişlər.
Qeyd etmək lazımdır ki, Azərbaycan bəstəkarlarının yeni nəsli bu mövzuya daha çox və daha cürətlə meyl emiş və busəpkili müəyyən əsərlər yazılmışdır. Bunlar daha çox son dövrlərə aid əsərlərdir. Ölkədə gedən "Yenidənqurma" illəri və nəhayət, 90-cı illərdən etibarən, bu mövzuya tez-tez müraciət edilmiş, müxtəlif janr və formalarda əsərlər yaranmışdır. Respublikamız müstəqillik əldə etdikdən sonra "Novruz" rəsmi olaraq milli bayram günü elan edildiyi və dövlət tərəfindən rəsmi olaraq qeyd olunduquna görə mövzuya maraq daha da artmışdır.
Bu baxımdan öz maraqlı əsərləri ilə tanınan, müxtəlif elkələrdə əsərləri səsləndirilən E. Dadaşovanın yaradıcılıqı böyük maraq doğurur. Hələ 1982-ci ildə H. Cavidin sözlərinə, kamera orkestri və soprano üçün "Ilk bahar" əsəri yaranmış və əsər ilk dəfə olaraq, yalnız 2000-ci ildə, Opera və Balet teatrının solisti F. Məmmədova və kamera orkestrinin ifasında səslənmişdir. 1984-cü ildə isə E. Dadaşova, A. Şaiqin sözlərinə "Uşaq almobu" mahnı silsiləsi yazmışdır. 18 mahnıdan ibarət olan bu silsiləyə "Səməni" adlı mahnı da daxildir. Əsər 1990-ci ildə Kiyevdə keçirilən musiqi festivalında səslənərək böyük uğur qazanmışdır. Bəstəkarın son əsərləri səs və kamera orkestri üçün S. Vurğunun sözlərinə bəstələnmiş "Bahar şərqisi" əsəri və "Elimə novruz gəlir" mahnısıdır. Son əsər 2 variantda – solist və fortepiano üçün, həm də 3 səsli uşaq xoru və fortepiano üçün işlənmişdir.
Azərbaycan folkloru, qədim xalq oyun və marasimlərinə yaradıcılıqında tez-tez meyl edən, işlədiyi mövzunu özünəməxsus, müasir üslubda təqdim edən bəstəkar R. Həsənova 1975-ci ildə "Kosa-Kosa" adlı balet-pantomima yazmışdır. Əsər orijinal şəkildə düşünülmüş və vaxtilə, təəssüf ki, həyata keçməmişdir. Əsər, zərb alətləri – notla çalan 8 nağara, qoşa nağara, 2 pantemim və hadisələrin birbaşa iştirakçısı olan xor üçün nəzərdə tutulmuşdu. Hal-hazırda müəllif, 1 hissədən ibarət olan balet-pantomimanı həyata keçirilməsi mümkün olan yeni redaksiyada – yeni tərkib üçün işləyir.
Bu sahədə bəstəkar S. Fərəcovun yaradıcılıqını da xüsusi qeyd etmək lazımdır. Bəstəkar hələ 1984-cü ildə "Simli kvartet üçün süita" əsərini yazmış, Süita "Xalq şənliyindən səhnələr" proqramlı ada malik olmuşdur. Bu əsər 1995-ci ildə Almaniyada keçirilən "Qafqaz sülhü" adlı musiqi festivalının təşkilat komitəsi tərəfindən seçilərək festivalın proqramına daxil edilmiş və uğurla səsləndirilmişdir. Festival "Avropa plüs" radio kanalı ilə birbaşa yayımlanmışdır. Fərəhli haldır ki, festivala bu əsərlə yanaşı, Q. Qarayevin fortepiano üçün yazdıqı "Sonatina"sı da seçilmiş və əsər F. Qarayevin simli orkestr üçün işləməsi versiyasında səslənmişdir. Bu isə, bir daha, S. Fərəcovun əsərinin yüksək dəyər göstəricisi kimi qəbul edilə bilər. Əsər beş hissədən ibarətdir:
1. Yallı. "Sübh çağı, qızlar bulağı".
2. Deyişmə. "Bənövşə, bəndə düşə".
3. Məzə. "Vur nağara, çıx qırağa".
4. Qulaq falı. "Deyirlər ki, elçi gələcək".
5. Rəqs.
Hissələrin adlandırılması, çox xarakterik xalq şer nümunənələri mövzunun maraqlı bəstəkar yozumu, xalq musiqisinə özünə-məxsus yanaşma tərzindən xəbər verir. Əsər simfonik orkestr və kamera orkestri tərəfindən ifa olunmuşdur. S. Fərəcov son illər novruz mövzusunda daha bir neçə əsər yazmışdır. Bunlar "Şəngülüm, şüngülüm və məngülüm" rok operası və "Novruz şərqisi" adlı mahnısıdır.
Müxtəlif musiqi festivallarının iştirakçısı və qalibi daha gənc nəslin nümayəndəsi C. Abbasovun yaradıcılığı da maraq doğurur. C. Abbasov 1986-ci ildə "Bahar mərasimi"adlı kantata yazmışdır. Xalq poetik şer formaları əsasında yazılmış bu əsər xor, qoboy və zərb alətləri üçün nəzərdə tutulmuşdur. Bu kantata 1989-cu ildə "Zirvəyə doğru" musiqi festivalında səslənmiş, 90-cı ildə isə Gənclər Ittifaqının mükafatına layiq görülmüşdür. On hissədən ibarət bu əsər bütövlüklə Novruz mərasiminin gedişini məntiqi bir ardıcıllıqla izləyir, hər bir hissə bayramın bu və ya digər mərhələsini əks etdirərək qədim adət və ənənələrimizi bir daha gözümüz önündə canlandırır. "Novruz gəldi, yaz gəldi", "Səməni", "Üzərlik", "Ovsun", "Tonqal" və bu kimi əlvan boyalı qızğın, səsli-küylü xalq şənliyi əhval-ruhiyyəsini yaradır. Bu əsər sovet dövründə Azərbaycanda məhz bu mövzu ilə bağlı olan və ilk dəfə səsləndirilən iri həcmli musiqi əsəridir. Bundan başqa C. Abbasov, A. Axundovanın mətni ə
sasında rus dilində "Şən bahar" adlı uşaq operası da yazmışdır. Bu opera musiqi dilinin səmimmiliyi, oynaqlığı, aydın mətni ilə uşaqlar aləminə yaxın olduğundan əsər musiqi məktəblərinin şagirdləri tərəfindən maraqla tamaşaya qoyularaq oynanılmışdır.
Respublikanın əməkdar incəsənət xadimi C. Quliyev daim xalq musiqisi, folklor ənənələrini öz sənətində yaşadan, zurna və simfonik orkestr üçün "Uvertüra", saz və skripka üçün "Sonata", "Azərbaycan muğamları əsasında 7 pyes" kimi orijinal əsərlər, mahnıların müəllifi kimi tanınır. Novruz mövzusu da bəstəkar üçün yaxın mövzudur. Son illərdə C. Quliyev, R. Səməndərlinin mətni əsasında "Novruz" tamaşasına ("Ilham" miniatür teatrı) Abdula Şaiqin əsəri əsasında "Bahar" tamaşasına (Milli Akademik Dram Teatrı) musiqi bəstələmişdir. Bunlardan başqa, bəstəkar "Novruz gəlir, yaz gəlir", "Novruzum gəl", "Bahar nəğməsi" və s mahnılarının da müəllifidir.
Bəstəkar A. Dadaşov 2 soprano və orkestr üçün "Bahar duası" adlı ariya bəstələmiş və əsər 2000-ci ildə Fidan və Xuraman Qasımova bacıları tərəfindən ifa olunmuşdur. Bəstəkar, bununla yanaşı, Vahid Əzizin sözlərinə "Bahar tonqalı" və M. Ə. Sabirin sözlərinə "Gəl, gəl, a, yaz günləri" kimi uşaq mahnıları da bəstələmişdir.
Bununla bayram mövzulu əsərlər bitmir. Son illərdə Ş. Axundova "Xoş gəlmisən" mahnısını, Ə. Cavanşirov "Xoş gəldi yaz bayramı", I. Abdullayev "Ilk bahar" kimi xor əsərlərini yazmışlar. Bütün bunlar ümid etməyə əsas verir ki, yaxın illərdə novruz mövzusunda yazılmış əsərlərin siyahısı daha da artacaq və yeni-yeni gözəl əsərlər yaranacaqdır.
p align>
|