ÜZEYIR BƏYDƏN BIZƏ MIRAS - BIZDƏN ÜZEYIR BƏYƏ HƏDIYYƏ
Gülnaz ABDULLAZADƏ
 

       Dahi insan - Üzeyir bəy Hacıbəyov haqqında danışmaq həm çətin, həm də asandır. Bu barədə söz açmaq - Qarabağın, Kəlbəcərin, Laçının uca, möhtəşəm, qarlı və sıldırımlı dağlarının gözəlliklərini, dəli çaylarının, şəlalələrinin, göz yaşı kimi təmiz və şəffaf bulaqlarının sehirli qüvvələrini haqq varlığı kimi qəbul etməkdir. Digər tərəfdən isə Allahın yaratdığı bu möcüzəli varlığın hansı qüvvəyə malik olmasına münasibət göstərməyin özü də böyük məsuliyyətdir.

       Üzeyir bəy Hacıbəyov Azərbaycan tarixində baş verən qalmaqallı, köklü dəyişikliklər şəraitində dünyaya gəlmiş və sanki millətinin taleyi onun taleyinə çevrilmişdi. O zamankı Azərbaycanın ictimai həyatında paradokslar üzərində qurulmuş qeyri-sabit cəmiyyət əmələ gəlmişdi ki, bu da yeni həyat tərzi ənənələrinin yaradılmasına imkan vermirdi. Bu, bir tərəfdən yerli, əhalinin Şərq dünyasına, Islam dininə bağlılığı, digər tərəfdən isə neft sənayesilə bağlı Avropadan böyük axının olması və Bakıdakı fəhlə sinfinin əmələ gəlməsi nəticəsində Azərbaycanda yeni ictimai münasibətlərin yaranması ilə əlaqədar idi. Neftin çıxarılması böyük dövlətin əldə edilməsi deməkdir. Bu sərvətin ətrafda olan qonşu xristian dövlətlərinə deyil, Azərbaycan türklərinə mənsub olması böyük imperiya və höküməti qane etmirdi. Müharibələr (erməni-müsəlman), inqilablar, Şərqdə ilk demokratik respublikanın elan olunması və iki ildən sonra bu dəfə Rusiya çarı tərəfindən deyil, rus proletariatı tərəfindən zə bt olunması, 70 illik uzun yolun davam etdirilməsi, Azərbaycan xalqının 100 il müddətində başına gətirilən fəlakətlər və Sovetlər dövrünün 1930-cu və digər illərdə verdiyi əzablar millətin yaddaşına, genlərinə qara səhifələr kimi daxil olubdur.

       Üzeyir bəy nəcib bəy nəslinin nümayəndəsi olduğu halda azad fikirli bir insan kimi tərbiyə almış və təhsilini yaşadığı dövrün Qafqazda ən gözəl təhsil ənənələrilə fərqlənən Qori seminariyasında almışdır. Orada dahi bəstəkarımız musiqiyə yiyələnmiş və ona bir sənət kimi bütöv ömrünü həsr etmişdir. Məhz onun səyləri nəticəsində musiqi yaradıcılığı öz təbiəti etibarilə incəsənətin bir çox sahələrinə yol aça bilir. Bu, geniş kütlə mahnıları, havalar və rəqslərdən başlayaraq səhnəciklər və iri həcmli səhnə əsərlərinə qədər yol açır.

       Üzeyir bəy öz yaradıcılıq fəaliyyətinə səhnə janrından başladı. Ən sintetik və demokratik sənət növü kimi fərqlənən opera və operetta janrı öz səhnə quruluşu, rəngarəng obrazları, şeriyyat, musiqi ahəngi və nəhayət tamaşaçıların qəlbini oxşayan insan taleyində baş verən hadisələrlə dolu təəssüratlarla böyük əks-sədaya səbəb olmuşdu. Üzeyir bəyin janr baxımından məhz bu seçimi təsadüfi deyildi. O çalışırdı ki, insanların əsrlər boyu çəkdiyi acınacaqlı həyat və çaşqınlıq onların irsi yaddaşından silinsin, onları bir insan, bir vətəndaş kimi dirçəltsin və yaşatsın. Siyasi-ictimai yolla bacarmadığı addımlarını o sənət əsərləri vasitəsilə həyata keçirirdi. Elə Üzeyirin dahiliyi də bundan ibarət idi! Yaratdığı obrazlar, musiqi parçaları hər bir insanın ürəyinə yol tapır və doğmalaşırdı. Üzeyir istedadı bu xalqa düşmən olanlar üçün təhlükə kəsb edirdi.

       Əgər ictimai həyatda insanlar öz kökü və vahidliyi haqda az düşünür və yaxud da heç düşünmürlərsə, Üzeyirin yaradıcılıq dünyasına gəldikdə bizdə istər-istəməz vahidlik və milli ruh yüksəkliyi yaranır. Bunu isə kənardan izləyənlər var idi. Bunlar arasında şüurlu şəkildə Üzeyir bəyin bütün yaradıcılığına təcavüz edənlər az deyildi.

       Biz dünyasını dəyişmiş insana paxıllığın da şahidi olduq. Üzeyirin demək olar ki, bütöv şəxsi arxivi – not əlyazmaları, elmi əsərləri ilə bağlı qeydləri və əlyazmaları, operaların, operettaların, kantataların və s., kiçik və böyük əsərlərin ilk və yaxud yeganə partitura nüsxələri, o cümlədən «Leyli və Məcnun», «Arşın mal alan», «Məşədi Ibad», «Şah Abbas və Xurşid banu» və s., çoxsaylı məktublaşmalar, o cümlədən Qori seminariyası dövründən onun öz nişanlısı və sonralar həyat yoldaşı – Məleykə xanımla, musiqi əsərlərinin quruluşu ilə bağlı Sovet Ittifaqı və digər ölkələrlə apardığı sözləşmələr, onun deputat kimi məktublarında əks olunan yazışmaları, dostlarına yazdığı və onlardan aldığı cavab məktubları, saysız-hesabsız afişalar, qəzet və jurnallarda çıxan informasiya və rəylər, Üzeyir bəyin 1912-ci il tarixi ilə qeyd olunmuş «Azərbaycan xalq musiqisinin əsasları» elmi əsərinin əlyazma nüsxəsi, bəstəkarın şəxsi əşyaları, o cümlədən eynəklər, qələmlər və s., doğum haqqın da şəhadətnamə itirilmək təhlükəsi qarşısında idi.

       Bu cür qismətli Üzeyir bəyin yaradıcılıq nümunələrinin, yalnız bir nüsxədən ibarət olan arxiv materiallarının itirilməsində məqsəd nə idi? Təkcə qonşu ölkələrə satıb qazanmaqmı? Xeyr! Bunun arxasında daha çirkin niyyətlər dururdu. Bu ilk və yeganə nüsxələri aradan götürməklə Üzeyirin varlığını, bir dahi insan kimi bəstəkar, publisist, ictimai xadim və s. kimi fəaliyyətini şübhə altına salmaq və Azərbaycan tarixindən onun adını silmək ən başlıca məqsəd idi. Lakin çirkin niyyətlər baş tutmadı. Çünki belə satqınçılığın köklərinin dərinliyinə və genişliyinə baxmayaraq, bizim milli təhlükəsizlik sıralarında Azərbaycanı düşünən, onun təkcə neftini yox, qiymətli mənəvi sərvətini qoruyanlar hələ də vardır. Üzeyir bəyin 120 illiyinə təsadüf edən bir vaxtda bizlərin – yaradıcılıq sahəsində çalışanların onun yaradıcılıq irsinin aşkarlaması və geri qaytarması bizə böyük bir hədiyə oldu. Bu işdə Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor Oqtay Abasquliyev, məqalənin müəllifi - Bakı Musiqi Akademiyasının elmi-tədqiqat işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Bakı Musiqi Akademiyasının elmi katibi, sənətşünaslıq namizədi, professor Fərəh Əliyeva, filologiya elmləri doktoru Tərlan Quliyev və Ü.Hacıbəyovun ev-muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcov bu irsin ekspertləri olaraq belə nəticəyə gəlmişlər ki, təqdim olunan sənədlər arasında XX əsr Azərbaycan musiqi mədəniyyəti, bəstəkarlıq məktəbinin formalaşması tarixi, milli musiqi üslubunun, elmi-nəzəri fikrinin, hacıbəyovşünaslıq və bir sıra elmi-tarixi məsələlərinin araşdırılması baxımından aşağıdakı sənədlər xüsusi tarixi, elmi, mədəni dəyərlərə malik sənədlər kimi qiymətləndirilmişdir.

        «Leyli və Məcnun» operasının ilk klavir və partitura nüsxələri –ilk Azərbaycan operasının avtoqrafı və ilk köçürmələr (partitura səsləri), tarixi əhəmiyyətə malikdir. Belə ki, indiyədək bu sənəd tarixi, elmi-musiqi mənbəyi kimi musiqi ictimaiyyətinə məlum olmamış və hacıbəyovşünaslığın elmi araşdırmaları sırasından məhz müəllifin ilkin nüsxəsi kimi istifadə olunmamışdır. Azərbaycanın musiqi muzeylərində, arxivlərdə «Leyli və Məcnun»a aid ekspozisiya sənədlərində bu tarixi-mədəni «çəkidə» nüsxə olmamışdır. Eyni tarixi-mədəni dəyərlərə malik sənədlər sırasında – «Koroğlu» operasının Ü.Hacıbəyovun şəxsi qeydləri ilə əlyazma klavir və partiturası (Moskva Böyük Teatrında tamaşaya hazırlanan və Ü.Hacıbəyov tərəfindən yoxlanılmış), «Əsli və Kərəm», «Şah Abbas və Xurşid banu», «O olmasın, bu olsun», «Arşın mal alan», «Ər və arvad» əsərlərinin notları, kantatalar vardır.

        «Şah Abbas və Xurşid banu» operasının musiqisi uzun müddət musiqişünaslıq elmi, Hacıbəyov irsi ilə məşğul olan alimlər, təlqiqatçılar tərəfindən itirilmiş hesab olunurdu. Bu əsərin üslubunun, musiqisinin ətraflı təhlil və tədqiq edilməməsinə səbəb notların olmaması idi.

       Tapılmış əsərlər gələcəkdə Ü.Hacıbəyovun əsərlərinin tam külliyyatının nəşrində əvəzolunmaz qaynaqlardır. Belə ki, indiyədək bəstəkarın heç bir musiqili komediyasının partiturası nəşr edilməmiş, yalnız «Arşın mal alan» klaviri çap edilmişdir. «Ər və arvad», «O olmasın, bu olsun» musiqili komediyalarının tapılmış orijinal partitura və klavirləri – gələcəkdə bu əsərlərin nəşrini mümkün edəcəkdir.

       Ü.Hacıbəyovun həyat yoldaşı M.Hacıbəyova, dostları, qohumları ilə məktublaşması, onun həyat yolunun tərcümeyi-halının daha tam və dolğun işıqlandırılması üçün qaynaqlardır. Bu məktublarda Ü.Hacıbəyovun yaradıcılığı ilə bağlı məsələlər də (müqavilələr, Moskvada təhsil illəri, məsləhətləşmələr, məişəti əks etdirən yazışmalar, şəxsi münasibətlər) öz əksini tapır.

       Ü.Hacıbəyovun dövlət xadimi, deputat kimi çoxşaxəli və gərgin iş qrafiki onun öz vəzifə borcuna məsuliyyətli münasibəti, dillər əzbəri olmuş xeyirxahlığını konkret faktlarla sübut edən ona ünvanlanan onlarla məktub, xahişlər, müraciətlər minnətdarlıqlar böyük maraq kəsb edir. Bu sənədlər Ü.Hacıbəyovun tərcümeyi-halının yenidən daha tam və dolğun yazılmasında istifadə olunacaq.

       Dahi bəstəkarın yaradıcılıq irsi dərin və çoxşaxəlidir. Onun 120 illik doğum tarixi ərəfəsində keçdiyi həyat və yaradıcılıq yolundakı qalmaqallı günləri, acılışirinli və yüksək şöhrətlə dolu taleyini anarkən, sanki bir daha Tanrıdan bizə bəxş edilmiş bu şəxsiyyətin simasında millətimiz özünüdərk və təzahür imkanlarını tapmışdır.













Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70