Azərbaycan milli musiqi sənətinin ən görkəmli simalarından biri sayılan Üzeyir Hacıbəyov dahi bəstəkar olmaqla yanaşı, dramaturq, publisist, musiqişünas, folklorçu və ictimai xadim kimi nəinki bizim respublikamızda, ondan kənarlarda da geniş şəkildə tanınır.
Ü.Hacıbəyov yaradıcılığı tamamilə doğma xalqına bağlı olmuşdur. Onun əsərlərində milli folklor nümunələrinin «nəfəsi» geniş, milli qayğıkeşlik hissləri güclü duyulur. Bu duyğular ona görə yaranır ki, böyük Üzeyirin sənət yaradıcılığı xalqının qədim dövrlərindəki dərin qaynaqlardan süzülüb gələn milli musiqi mənbələrindən, «mədəni abidələrdən» faydalanmışdır.
Onun bir publisist və bəstəkar kimi yazdıqlarını və bəstələdiklərini öyrəndikcə, bu şəxsin millətini nə qədər sevdiyini elə birinci cümlələrindən dərk etmək olur. Bunlar göstərir ki, bu dahi insanın həyatı, varlığı doğma elindən və yurdundan ayrılmazdır, Azərbaycana bağlıdır.
Musiqişünas Səadət Qarabağlı Ü.Hacıbəyov yaradıcılığının xəlqiliyi haqqında belə yazır: «Ü.Hacıbəyov bütün yaradıcılığı boyu xalqa istinad etmiş, xalq yaradıcılığından bəhrələnmiş, xalq musiqisinin tükənməz xəzinəsindən qidalanmışdır. Xalq musiqisinə qarşı xor baxanlara qarşı isə mübarizə aparmışdır». Bu doğrudan da belədir. Onun yazılarını oxuduqca deyilən fikirlərin nə qədər düzgün olduğunun şahidi olursan. Bəstəkarın 1920-ci və 1930-cu illərin əvvəllərinə qədər milli musiqimizin inkişafına mane olanlara qarşı qəti mübarizəsi buna yaxşı misal ola bilər. Məsələn, onun yazılarından öyrənirik ki, o, 1920-ci illərdə xalq musiqimizin təbliği və təhsili sahəsində mühafizəkarların və ifrat «solçu»ların «xalq çalğı alətlərində notlu ifanın» və milli musiqimizin nəzəri məsələlərində «Avropa musiqi metodikasından istifadə etmənin» zərərli olacağını, «muğam oxumanın tədris olunmasının» lazım olmadığını və «milli musiqi folklorunun toxunulmazlığı» kimi iddialarına qarşı qəti v
ə elmi əsaslarla mübarizə apararaq göstərmişdir ki, bizim musiqimizin inkişafı üçün Avropa musiqi mədəniyyətinin nəzəri məsələlərini öyrənməyimiz lazım və vacibdir. «O qədər vacibdir ki, bizim musiqimizin tərəqqisi bundan asılıdır».
Bir mühüm məsələni də qeyd etmək istərdik. 1920-ci illərin axırları və 1930-cu illərin əvvəllərində xalq çalğı aləti tarda notlu əsərlərin ifasını yuxarıda qeyd etdiyimiz «mühafizəkarlar» qəbul edə bilmirdilər. Xüsusilə, onun səs düzümünün Avropa səs düzümü ilə uyğunsuzluğunu bəhanə gətirərək tarda notlu ifanı məsləhət bilmirdilər. Ümumiyyətlə, tarın «köhnə», «geridə qalmış», yeni Sovet quruluşuna uyğun olmayan, muğam sənətimizə xələl gətirən bir musiqi aləti olduğunu iddia edirdilər.
Üzeyir Hacıbəyov isə bütün yuxarıda deyilən iddialara qarşı yazırdı: «Avropa musiqisindən əlavə, bir də Şərq musiqisi vardır və biz azərbaycanlılar özümüz Şərq əhlindən olduğumuza görə musiqi təhsili işində Şərq musiqisinə biqeyd qalarsa, öz mədəni vəzifəmizi kamalınca ifa etməmiş olarıq. Tar isə Şərq musiqi təhsilini genişləndirə bilən alətdən ən qiymətlisi, ən mühümüdür».
Bundan əlavə, həmin cavablardan digərini qeyd etmək istərdik. 19 yanvar 1929-cu ildə Xalq Maarif Komissarlığında keçirilən müzakirədə Ü.Hacıbəyov demişdir: «Şagirdlər tarda çalmağı yeni qaydada öyrənə bilərlər. Bu sahədə təcrübə kimi onu Avropa orkestrinə daxil etmək olar. Tarın tembri orkestrin səslənməsində yenilik yaradar, ona yeni kolorit gətirər, onunla SSRI-də, Avropada maraqlana bilərlər».
Hal-hazırda Zaqafqaziya, Orta Asiya Respublikalarında, Türkiyə, Iran və bir çox Ərəb bölgələrində, hətta Amerika və Avropada yaşayan azərbaycanlılar və qeyri-azərbaycanlılar arasında Azərbaycan tarı istifadə olunur. Onların bəzilərində isə şəxsi tar ifaçılıq məktəbləri də mövcuddur. Iran, Türkiyə, hətta Zaqafqaziya və Orta Asiya ölkələrində bu aləti Avropa və milli orkestrlərində təfsir etdirirlər.
Üzeyir Hacıbəyovun yuxarıda söylədiyi fikirlərinin nə qədər düzgün, aydın, qətiyyətli olduğu göz qabağındadır.
Bütün deyilənləri əsas götürərək söyləyə bilərik ki, uzaqgörən, dahi bəstəkar tarın gələcəyini istiqamətləndirə bilmiş və onun təkcə respublikamızda deyil, ondan çox-çox uzaqlarda müxtəlif xasiyyətli orkestr və ansamblların tərkibində istifadə olunacağını proqnozlaşdıra bilmişdir.
Azərbaycanda musiqi təhsilinin yaradılması da Ü.Hacıbəyova məxsusdur. Əldə olunan sənədlər göstərir ki, musiqi təhsili sisteminin qurulması Ü.Hacıbəyovu həmişə düşündürmüşdür.
O, hələ XX əsrin əvvəllərində, Azərbaycanda Sovet hakimiyyətinə qədərki dövrdə bir çox məqalə və felyetonlarında millətin savadsızlığını ürək ağrısı ilə qeyd edirdi. Ümumtəhsil məktəbləri ilə yanaşı, Azərbaycanda musiqi təhsili sisteminin də yaradılmasının vacib olduğunu həmişə göstərmişdir.
1920-ci ilə kimi Azərbaycanda azərbaycanlılar üçün bütün musiqi ixtisasları üzrə (bəstəkarlıq sənəti, vokal, fortepiano, Avropa çalğı alətləri, Azərbaycan xalq çalğı alətləri ifaçılığı) xüsusi tədris məktəbi olmamışdır. Ixtisaslı milli musiqi müəllimləri də demək olar ki, yox idi. Düzdür, Bakıda yeganə bir musiqi məktəbi – «Rus Imperator Musiqi Cəmiyyəti» fəaliyyət göstərmişdir. Bu məktəbdə təhsil alanlar qeyri-azərbaycanlılar olmuşlar. Məktəb haqda Ü.Hacıbəyov 1923-cü ildə «Maarif və Mədəniyyət» jurnalının 3-cü nömrəsində belə yazırdı: « … Bu məktəb Bakıda 25 sənəlik uzun bir müddət ömür sürüb müntəzəm bir surətdə yaşadığı halda qapılarını musiqi təhsili arzusunda bulunan türk balaları üçün daim bağlı saxlardı. Bu qədər uzun bir zaman içində bu məktəbdə bir nəfər olsun yeril türklərdən oxuyan və məktəbi bitirən olmadı. Məktəbin mövcud olub-olmadığı haqqında yerli türklərin xəbəri belə yox idi».
Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu ilkin dövrdə Xalq Maarif Komissarlığının 25 may 1920-ci il tarixli qərarı ilə Bakıda Xalq Konservatoriyası yaradılır. Elə ilk vaxtdan bu tədris müəssisəsində xalq musiqisi üzrə ixtisas sinifləri olmamışdır, azərbaycanlı tələbələrin sayı isə çox az olmuşdur. Demək olar ki, milli musiqimiz üzrə təhsil bazası yox idi, bu isə azərbaycanlı kadrların hazırlanması işində çətinlik yaradırdı. Bununla əlaqədar olaraq, təhsilin səviyyəsini qaldırmaq məqsədi ilə 30 iyun 1920-ci il tarixdə Xalq Maarif Komissarlığının kollegiyası «Qısa müddətli pedaqoji musiqi kursları»nın yaradılmasını məsləhət bilir və kursa rəhbərliyi xalq musiqi bilicisi, pianoçu Xədicə Qayıbovaya tapşırır.
Bu kurslarda Şərq və Avropa elementar nəzəriyyəsi, solfecio, dünya xalqlarının musiqi tarixi, harmoniya, Şərq melodiyalarını bədii cəhətcə işləmə və harmonizə etmə dərsləri keçirilməsinə baxmayaraq, onun da ömrü çox qısa olur.
p align>
|