Ü. HACIBƏYOV VƏ V. BELYAYEVIN ELMI-YARADICILIQ ƏLAQƏLƏRINƏ DAIR QIYMƏTLI TARIXI SƏNƏD
Ariz ABDULƏLIYEV
 

       1. Üzeyir Hacıbəyovun epistolyar irsi musiqişünaslığın predmeti kimi

       Üzeyir Hacıbəyovun çoxşaxəli və zəngin yaradıcılığı bir çox müasir elmlərin, o cümlədən, musiqişünaslıq, etnomusiqişünaslıq, tarix, şərqşünaslıq, filologiya, dilçilik, kulturologiya, sənətşünaslıq, estetika, arxivşünaslıq (arxeoqrafiya), tənqid, biblioqrafiya, folklorşünaslıq, mənbəşünaslıq, etnologiya və digər elmlərin tədqiqat obyekti olaraq qalmaqdadır. Hacıbəyovşünaslığın müasir, müstəqil, çoxsahəli, çoxprofilli, çox-askpektli, universal və kompleks yanaşma tələb edən elm statusu qazanması məhz Üzeyir Hacıbəyov yaradıcılığının müasirliyi, zənginliyi, milli özünəməxsusluğu, bəşəriliyi, elmiliyi və çoxşaxəli olması ilə, bütün zamanlarda insanların müasir bədii tələblərinə cavab verməsi ilə əlaqədardır. Bu baxımdan, Ü.Hacıbəyov yaradıcılığının müxtəlif elmlər tərəfindən bu gün də tədqiq olunması, öyrənilməsi və araşdırılması Azərbaycanın milli-mədəni dəyərlərinin elmi tədqiqi və təbliği yolunda çox mühüm əhəmiyyətə malikdir. Çox geniş və əhatəli problematikaya, mövzu dairəsinə malik olan Hacıbəyo vşünaslığın bir elm kimi inkişafı müasir elmi fikrin inkişafında özünəməxsus önəm daşıyır. Xüsusilə, mədəniyyətlərin inteqrasiya etdiyi, Şərq-Qərb və Avropa-Asiya mədəniyyətləri arasında qialoqun keyfiyyətcə yeni tarixi format daşıdığı, dünyada vahid AvroAsiya mədəniyyət məkanının sürətlə qloballaşma proseslərinə, eləcə də bir çox siyasi, iqtisadi, etno-mədəni proseslərə güclü nüfuz etdiyi hazırkı dünya düzənində Ü.Hacıbəyov musiqisi Şərq-Qərb və AvroAsiya mədəniyyətlərinin ilk elmi əsaslı və uğurlu bədii inteqrasiya və bədii sintez modellərindən biri kimi olduqca böyük elmi-praktik aktuallıq kəsb edir.

       Musiqi Hacıbəyovşünaslığı - Hacıbəyovşünaslığın ən aparıcı və əsas sahələrindən biridir. Üzeyir bəyin musiqi sənəti ilə bağlı bədii, elmi, publisistik irsi zəngin olduğu qədər də maraqlıdır. Üzeyir Hacıbəyova ünvanlanan çoxsaylı bəstəkar, musiqişünas və ifaçı məktubları, onun öz məktubları, dahi sənətkarın musiqi əsərləri haqqında dərc olunmuş və olunmamış məktublar, rəylər, bəstəkarın müxtəlif arxiv əlyazmaları, dövrü mətbuatda bəstəkarın dərc olunmuş məqalələri, rəyləri, onun musiqi əsərləri haqqında müxtəlif musiqiçi və ziyalıların fikirləri bu zəngin, çox dəyərli irsin qiymətli tərkib hissələridir.

       Burada qeyd etmək vacibdir ki, Üzeyir Hacıbəyovun zəngin epistolyar irsi hələ tam şəkildə araşdırılmamış və ictimaiyyətə təqdim olunmamışdır. Halbuki, Üzeyir bəyə ünvanlanmış məktublar və onun özünün məktubları dahi bəstəkarın yaradıcılığının, sənət düşüncələrinin, yaradıcılıq planlarının və problemlərinin öyrənilməsində yeni faktlar aşkar edə bilər. Dahi sənətkarın həyat və hadisələrə, insanlara, dövrün musiqi həyatına özünəməxsus yanaşma tərzi, ayrı-ayrı musiqiçilər haqqında fərdi fikiləri və qiymətləri, onun şəxsiyyətinin üstün keyfiyyətləri bu məkbutlarda öz səmimi və real ifadəsini tapıb.

       Fikrimizcə, Ü.Hacıbəyov da daxil olmaqla, Azərbaycan bəstəkar, musiqişünas və ifaçılarının məktublaşmaları ciddi musiqişünaslıq təlqiqatına cəlb edilməlidir. Epistolyar irsə elmi yanaşma – musiqi elmimiz üçün yeni nailiyyətlər qazandıra bilər. Bu məktublarda Azərbaycan müasir musiqi elmi üçün maraqlı olan bir çox məsələlər, problemlər əks olunub. O cümlədən, fikir mübadilələri, rəylər, səmimi ünsiyyət, musiqi-mədəni əlaqələr, musiqişünaslığa, ifaçılığa, bəstəkar-xəlqilik məsələlərinə dair problemlər və s. Müəyyən dövrlərdə musiqi həyatının, musiqi incəsənətinin qarşısında dayanan məsələlər və onların həlli ilə bağlı atılan addımlar, təkliflər də məktublar vasitəsilə öyrənilə bilər.

       Bir sözlə, hesab edirik ki, başda Üzeyir Hacıbəyov olmaqla ayrı-ayrı bəstəkarların, musiqişünas və ifaçıların epistolyar irsi yalnız onların həyat-yaradıcılığının, şəxsiyyətinin deyil, ümumən Azərbaycan musiqi mədəniyyətinin müxtəlif məsələlərinin elmi öyrənilməsi üçün qiymətli tarixi sənədlərdir. Bu irs eyni zamanda Azərbaycan musiqi-mədəni irsinin ayrılmaz tərkib hissəsidir.

       2. Azərbaycanda musiqi arxivşünaslığına bir nəzər

       Üzeyir Hacıbəyovun həyat və yaradıcılıq fəaliyyəti ilə bağlı müxtəlif arxilvlərdə onlarla, bəlkə də yüzlərlə qiymtəli sənədlər hələ də öz tədqiqatçısını gözləyir. Hesab edirik ki, Azərbaycan musiqişünaslığında musiqi arxivşünaslığı adlı sahənin və bu sahənin mütəxəssislərinin yetişdirilməsi vaxtı artıq çoxdan çatıb. Yeri gəlmişkən, Azərbaycanda Üzeyir bəyin həyat-yaradıcılığını araşdıran mütəxəssislər artıq arxivlərdə işləyərək, bir çox arxiv sənədləri aşkar etmiş, ictimaiyyətə çatdırmışlar. Bu nəcib və xeyirxah işə görə onlara təşəkkür edirik. Lakin ayrı-ayrı bəstəkar və ziyalıların, məsələn, Ceyhun Hacıbəylinin, Ağalar Əliverdibəyovun, Əfrasiyab Bədəlbəylinin, Səid Rüstəmovun, Şövkət Məmmədovanın, Niyazinin, Qubad Qasımovun, Əziz Şərifin, Səməd Vurğunun və i.a. arxivlərində Üzeyir Hacıbəyovun musiqiçi kimi fəaliyyəti ilə birbaşa və dolayısı ilə bağlı olan çoxsaylı arxiv sənədləri, əlyazmalar, məktublar mövcuddur.

       Yeri gəlmişkən: Təəssüflər olsun ki, hələ bu günə qədər Qara Qarayevin çox zəngin arxivinin taleyi Azərbaycanın mədəniyyət xadimlərinə, musiqişünaslara dəqiq məlum deyil. Bu istiqamətdə açıq deməliyik ki, heç bir təşəbbüs göstərilmir. Eləcə də Fikrət Əmirovun olduqca zəngin arxivi hələ bu gun də dövlət arxivlərinə, muzeylərə tam şəkildə təqdim olunmayıb. Təsəvvür etmək çətin deyil ki, bu sənət korifeylərinin arxivlərində Üzeyir bəylə bağlı çox dəyərli, elmi əhəmiyyət daşıyan sənədlər, əlyazmalar var. Dahi sənətkarın həyat-fəaliyyəti ilə bağlı Azərbaycan Dövlət Arxivində, Dövlət Teatr Muzeyində, Dövlət Musiqi Mədəniyyəti Muzeyində, Üzeyir Hacıbəyovun ev-muzeyində və s. zəngin arxiv sənədləri araşdırılmalıdır. Onların aşkar edilməsi və araşdırılması yolunda əhəmiyyətli işlər görülsə də, bu işlərin davamına yenə də ehtiyac var.

       Bütün bu deyilənləri bir daha nəzərə alaraq, musiqi arxivşünaslığnının ardıcıl və məqsədyönlü fəaliyyət göstərməsinin zəruriliyini bir daha vurğulamaq istəyirik. Bu fəaliyyət sahəsi tarixi və nəzəri mövzuda yeni sənədlərin, müxtəlif bəstəkar, ifaçı və musiqişünasların yaradıcılığına dair yeni faktların, Azərbaycanın başqa ölkələrlə musiqi əlaqələrinə, musiqiçilər arasındakı yaradıcılıq əlaqələrinə, sənətkarların məktublaşmalarına, xalq musiqisinin toplanılmasına dair yeni faktların aşkar edilməsi və onların tədqiqatlara cəlb edilməsi yolunda əhəmiyyət daşıyan, musiqi elmimizi inkişaf etdirə və zənginləşdirə bilən bir sahədir.



       Ədəbiyyat

       1. Məktub ilk dəfə dərc olunduğu üçün bu mənbəyə və məqaləyə istinad məqsədəuyğundur.

       2. Bax: B.X.Quseynli. V.M.Beləev i azerbaydcanskaə muzıkalğnaə folğkloristika. // V.M.Beləev.1888-1968. Sb.statey i materialov.-M.,1990, s.464-474; Zöhrabov R. Rus alimi Azərbaycan musiqisi haqqında (Professor V.Belyayevin tədqiqatları əsasında) – «Ədəbiyyat və incəsənət» həftəlik qəzeti, 22 iyul, 1972; Abduləliyev A. V.M.Belyayev və Azərbaycan musiqisi. 30-cu illər // Azərbaycan milli musiqisinin tədqiqi problemləri. Elmi məqalələr toplusu, 3-cü buraxılış.- B., Elm, 1999, s.56-82

       3. Dövlət Ədəbiyyat və incəsənət arxivi. Qubad Qasımovun fondu.

       4. Abduləliyev A. Göstərilən məqalə.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70