QƏZƏL JANRI ÜZEYIR HACIBƏYOV YARADICILIĞINDA
Vaqif ƏBDÜLQASIMOV
 

       Xalq musiqimizin və milli poeziyamızın, onun qollarından biri olan qəzəl janrının qarşılıqlı vəhdətindən yaranan inkişaf prosesi Azərbaycan professional bəstəkar musiqisinin meydana gəlməsinə zəmin yaratmış və bəlkə də vacib amillərdən biri olmuşdur. Beləliklə, qəzəl-muğam vəhdətindən yaranan proses bəstəkar yaradıcılığının formalaşmasına şərait yaratmış və dahi Ü.Hacıbəyov kimi sənətkarlar meydana gətirmişdir.

       Vokal-instrumental muğam janrının təsiri nəticəsində artıq XIX əsrdə professional bəstəkarlıq peşəsinin yaranma rüşeymləri görünməyə başlamışdır. Ümumiyyətlə, bu əsr musiqi sənətinin, elm və mədəniyyətinin inkişafında mühüm rol oynamışdır.

       XIX əsrdə Azərbaycanın ədəbi həyatı, muğam sənəti xeyli inkişaf etmiş, Qərbi Avropa ölkələrinin mədəniyyəti ilə yaxından tanışlıq nəticəsində elm, incəsənət mütərəqqi məzmun və xarakterdə təşəkkül tapmağa başlamışdır. Qabaqcıl maarif və mədəniyyətə doğru bu inkişaf bədii ədəbiyyatda, musiqi sənətində yaranan əsərlərdə öz əksini taparaq realizm və xəlqilik prinsiplərini meydana çıxarmışdır.

       XIX əsr Azərbaycan mədəniyyətinə M.F.Axundov, Mirzə Şəfi Vazeh, Qasım bəy Zakir, Həsənbəy Zərdabi, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Kazım bəy, Mir Möhsün Nəvvab, Mirzə Sadıq Əsəd oğlu, Islam Abdullayev, Mirzə Əli Əsgər Qarabaği və başqaları kimi simalar vermişdir. Bu əsrdə musiqi sənətində daha böyük canlanma yaratmışdır. Onun sədaları Azərbaycandan kənara da çıxa bilmişdi. Ü.Hacıbəyov bu mənada belə yazır: "Tarzən sadıqların, xanəndə əbdülbağıların, aşıq nəcəfquluların adları və sədaları Qafqazın hər bir yerində məşhur olub, beynəlmiləl bir mahiyyətdə ad qazanmışdır" 1.

       XIX əsrin ictimai, siyasi və mədəni dəyişiklikləri Azərbaycanın inkişaf etmiş şəhərlərində özünü qabarıq şəkildə göstərirdi. Bu şəhərlərdən biri də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa idi. Öz iqliminə, füsünkar təbiətinə və qabaqcıl mədəniyyətinə görə Şuşanın şöhrəti təkcə Azərbaycanda deyil, ondan çox-çox uzaqlarda yayılmışdır. Onun mədəniyyəti, xüsusilə musiqi və ədəbi sənəti Qərbi Avropa, rus və digər xalqların tanınmış səyyahlarının, ədiblərinin, musiqiçilərinin diqqətini cəlb etmişdir.

       Bu əsrdə Şuşa şəhəri bütün Qafqazda bir konservatoriya rolunu oynadığından yay vaxtları Zaqafqaziyanın hər yerindən buraya şairlər, dramaturqlar, bəstəkarlar, məşhur artistlər və musiqiçilər toplaşaraq teatr tamaşaları göstərir, toy şənliklərində və Şərq konsertlərində iştirak edirdilər2.

       XIX əsrdə Şuşanın mədəni həyatındakı yüksəlişin nəticəsində bu şəhər ticarət sahəsində inkişaf etmiş bir bölgə olmaqla bərabər, musiqi və poeziya sahəsində istedadlar məskəni kimi ad çıxarmışdır. Məsələn, bu dövrdə Şuşada 95 şair və ədib, 22 musiqişünas, 38 xanəndə, 12 nüs-xəbənd, 19 xəttat, 16 nəqqaş, 5 astronom, 16 həkim, 40-a yaxın müəllim və s. olmuşdur.

       Şuşa şəhərində yetişən istedadlı simalardan bir çoxları bu dövrdə bütün Azərbaycanda və ondan xeyli uzaqlarda belə tanınırdılar: Qasım bəy Zakir, Mir Möhsün Nəvvab, Mirzə Sadıq Əsəd oğlu, Cabbar Qaryağdı oğlu, Nəcəf bəy Vəzirov, Xurşid banu Natəvan, Məşədi Cəmil Əmirov və başqaları. Bu mənada görkəmli musiqişünas V.Vinoqradovun Qarabağın ən səfalı və gözəl şəhəri olan Şuşanın musiqi həyatına verdiyi qiymət maraqlıdır. O yazır: "Şuşa musiqiçiləri Azərbaycan musiqi tarixini yaratmış və onu öz vətənlərində, həm də digər ölkələrdə təmsil etmişlər3.

       XIX əsrdə Şuşada yaranmış ədəbi-musiqi məclislərini də qeyd etmək yerinə düşərdi. 1872-1910 illərdə "Məclisi fəramuşan" və ya "Məclisi- xamuşan" (görkəmli musiqişünas Mirmöhsün Nəvvab rəhbər, üzvləri: Həsənəli xan Qarabaği, Əsəd oğlu Mirzə Sadıq, Hacı Hüsü, Məşədi Isi, Qaryağdı oğlu Cabbar, Fatma xanım Kəminə), 1864-1897- illərdə isə "Məclisi-üns" (rəhbəri məşhur Azərbaycan şairəsi Xurşid banu Natəvan, üzvləri: M.F.Fəna, M.Ə.Növrəs, A.H.Yüzbaşı, M.Məmai və b.) geniş fəaliyyət göstərirdi. 4 Azərbaycan xalq professional musiqisinin və o cümlədən, onun şerlərlə, qəzəllərlə sıx vəhdətdə inkişafında bu məclislərin rolu şəksizdir.

       Bu məclis üzvləri öz fəaliyyətləri dövründə mütəmadi olaraq, muğam məclisləri təşkil edir, musiqili səhnə əsərləri yaradır (muğam musiqisi və klassik şairlərin şerləri, dramları əsasında) və onların ifaları müzakirə şəklində təhlil olunurdu. Xüsusilə, muğamlarımızın oxunmasına daha çox fikir verir və muğam şöbələrinin ardıcıllığına, muğam improvizəsində istifadə olunan qəzəllərə ciddi yanaşırdılar. Məhz buna görə də adları qeyd olunan məclislərin fəaliyyəti nəticəsində Şuşa musiqi həyatı öz professionallığı ilə digər bölgələrdən seçilirdi.

       Şuşa ədəbi-musiqi məclislərinin gördüyü əhəmiyyətli işlərdən biri də musiqili tamaşaların səhnə təcəssümü tapması idi. Tarixi mənbələrdən öyrənirik ki, bu məclis üzvlərinin təşəbbüsü ilə bir çox musiqili tamaşalar yaradılmışdır. Lakin onlardan biri-klassik şairimiz Füzulinin "Leyli və Məcnun" poeması əsasında "Məcnun Leylinin qəbri üstündə" musiqili səhnəcik 1897-ci ildə 5 tamaşaya qoyulmuş və rəğbətlə qarşılanaraq böyük müvəffəqiyyət qazanmışdır. Onu da deyək ki, bu səhnəciyin musiqi mətni vokal-instrumental muğamlarımız, sözləri isə Füzulinin göstərilən əsərinin qəzəlləri olmuşdur.

       Bu tamaşanın Azərbaycanda opera sənətinin yaranmasında mühüm rolu olmuşdur. Dahi bəstəkarımız Ü.Hacıbəyov özü bu səhnəcikdə iştirak edərək xorda oxumuşdur. 6 Tamaşa on üç yaşlı Üzeyirə o qədər təsir etmişdir ki, o, sonralar bu səpgidə opera yazmaq fikrinə düşmüşdür. Ü.Hacıbəyov özü bu haqda belə yazır: "Mən opera üzərində 1907-ci ildən işləməyə başlamışam (Söhbət "Leyli və Məcnun" operasından gedir – V.Ə.); lakin məndə bu ideya xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə, mən on üç yaşlı uşaq ikən doğma şəhərim Şuşada həvəskar aktyorların ifasında "Məcnun Leylinin qəbri üstündə" səhnəsini gördükdən sonra yaranmışdır. Həmin səhnə məni o qədər həyəcanlandırdı ki, bir neçə ildən sonra Bakıya gəlib operaya bənzər bir şey yazmaq qərarına gəldim. Mən xalq yaradıcılığının klassik nümunələri olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə tutmuşdum. Vəzifəm ancaq Füzuli poemasının sözlərinə, forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idi" 7.



1Ü.Hacıbəyov. Əsərləri. 2-ci cild. Bakı. Azərb. EA nəşri, 1965.

2 F.Şuşinski. Seyid Şuşinski. Bakı. 1966 s. 11.

3 V.Vinoqradov. Uzeir Qadcibekov i Azerbaydcanskaə muzıka. Moskva. Muzqiz, 1938, s.9

4Bax: Azərbaycan Sovet Ensklopediyası. IV cild. S. 545; Ə.Bədəlbəyli. Musiqi lüğəti. Bakı, 1969 s. 15

5 "Məcnun Leylinin qəbri üstündə" səhnəciyinin tamaşaya qoyulma tarixi Ü.Hacıbəyova görə dəqiq göstərilmir; 1897-1898-ci illər kimi qeyd olunur, tarixçi Firudin Şuşinski isə "Cabbar Qaryağdı oğlu" kitabında bu səhnəciyin qoyulma tarixini 1897-ci il kimi yazır, əsərin tamaşa yerini, iştirak edənlərin adlarını və əsərin yenidən Bakıda göstərildiyini verir. Bütün bunlar və bir də məclislərin fəaliyyət tarixi bizə əsas verir ki, tamaşanın ilk dəfə göstərilmə tarixini 1897-ci il kimi qəbul edək.

6 F.Şuşinski. Cabbar Qaryağdı oğlu. Bakı. Işıq, 1987 s. 48-49.

7 Ü. Hacıbəyov. Əsərləri. I cild, Azərb. EA nəşri, Bakı, 1965 s. 274.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70