Ü.HACIBƏYOVUN AZƏRBAYCAN MUSIQISINDƏ BIRHISSƏLI SIMFONIK ƏSƏRLƏRIN YARANMASINDA ROLU
Aytən RAUFQIZI
 

       Yaradıcılığı milli musiqi sənəti tarixində silinməz iz qoyan dahi bəstəkarımız Ü.Hacıbəyov Azərbaycan professional musiqi irsinin təşəkkülü və inkişafının banisi olmaqla, əsərləri incəsənət tariximizdə yeni səhifələr açmaqla yanaşı, həm də bir sıra janrların meydana gəlməsi və inkişafına da təkan vermişdir. Ü.Hacıbəyov tərəfindən təməli qoyulan milli bəstəkarlıq məktəbimizin nümayəndələrinin yaradıcılıq yollarını müəyyənləşdirən müxtəlif nəsil bəstəkarlarının professional musiqi sahələrində addımlarını düzgün istiqamətləndirən dahi bəstəkarımızın ideyaları bu gün də ölməzdir və artıq bir əsrdir ki, aktuallığını saxlamaqda davam edir və edəcəkdir.

       Bu baxımdan Ü.Hacıbəyovun milli simfonik musiqimizin formalaşmasında, o cümlədən birhissəli simfonik janrların yaranmasında rolu əvəzsizdir. Belə ki, Ü.Hacıbəyovun «Koroğlu» operası nəinki Azərbaycan opera sənəti tarixi qarşısında duran klassik opera formalarının dərindən mənimsənilməsi və onların milli zəmində özünəməxsus tərzdə təcəssüm etdirilməsi problemini həll etdi, həm də milli birhissəli proqramlı simfonik əsərlərin yaranmasına zəmin oldu. «Koroğlu» operasında milli musiqimizin ənənəvi intonasiya quruluşu, ifadə vasitələri ilə ümum-avropa və rus klassik opera formalarının intonasiya kompleksi əldə edilmişdir ki, bu da Azərbaycan simfonik musiqisinin inkişafı üçün son dərəcə əhəmiyyətli bir hadisə idi.

       «Koroğlu» operası və onun ayrı-ayrı nömrələri musiqişünaslarımız tərəfindən ətraflı təhlil olunduğu üçün biz daha çox operanın uvertürasının birhissəli simfonik janrların yaranmasına təsiri haqqında məlumat vermək istərdik.

       «Koroğlu» operasının uvertürasının meydana gəlməsi milli simfonizmi zənginləşdirmiş, yeni əsərlərin yaranmasına şərait yaratmışdır. Lakin bu o demək deyil ki, milli musiqimizdə «Koroğlu» operasının uvertürasına qədər simfonik əsərlər mövcud deyildi. Belə ki, 1920-30-cu illərdə M.Maqomayevin, A.Zeynallının, Niyazinin simfonik janrda yazılmış əsərləri var idi ki, bunlar da ilkin simfonik əsərlər hesab oluna bilər. Birhissəli simfonik janrların, o cümlədən bu gün konkret nümunə kimi təqdim etdiyimiz uvertüra, simfonik lövhə janrlarının formalaşması, bunları meydana gətirən amillər məhz Hacıbəyovun yaradıcılığı ilə bağlıdır. Belə ki, I.Abezqauzun təbirincə desək, Azərbaycan simfonik musiqisinin tarixi «Koroğlu» operasının sonata formasında yazılmış uvertürası ilə başlayır. 1

       Ümumiyyətlə, birhissəli simfonik əsərlərin konkret məzmunlu nümunəsi olan uvertüra janrının Azərbaycan musiqisində yaranması, formalaşması Ü.Hacıbəyovun adı ilə bağlıdır. Belə ki, bəstəkarın «Koroğlu» operasının uvertürası ilə bu janrın Azərbaycan simfonizmində yaranmasının təməli qoyulmuşdur. Operanın uvertürasının sərbəst şəkildə ifası isə bu janrın milli musiqidə konsert janrı kimi təkmilləşməsini təmin etmişdir.

       Belə ki, «Koroğlu» operasının uvertürasına qədər milli musiqimizdə bu janrda konkret nümunələr yazılmamış və bu janr da müstəqil konsert əsəri kimi təsdiqini tapmamışdı. Təntənəli, əzəmətli xarakterə malik uvertüra bir növ klassik uvertüraların, o cümlədən Bethoven ənənələrinin davamıdır. Bethoven uvertüraları üçün xas olan qəhrəmani obrazın ümumiləşdirilmiş xarakteristikası Hacıbəyovun əsərində öz davamını tapmışdır. Belə ki, məhz Hacıbəyovun fəaliyyəti ilə uvertüra janrı milli musiqidə bərqərar olmuş və təkmilləşmişdir. «Koroğlu» operasının uvertürasının bədii dəyəri nəinki operanın ideyasının üzvi surətdə birləşməsində, eyni zamanda sərbəst forma almasındadır.

       Ü.Hacıbəyovun «Koroğlu»ya qədər yazdığı opera uvertüralarında ideyanı ifadə edən materialın uvertürada konkretləşdirilmiş məzmununa mükəmməl şəkildə rast gəlinirdisə də, artıq «Koroğlu»da bu xüsusiyyət özünü qabarıq büruzə verir. «Koroğlu» operasının uvertürasının məzmunu da məhz sonrakı dövrlərdə yazılan əsərlərin ideyasını, obraz məzmununu da müəyyənləşdirmişdir.

       Uvertüranın çox sürətli, qəhrəmani, odlu-ehtiraslı musiqisi operanın ideya məzmununu ümumiləşmiş şəkildə təcəssüm etdirir. Məzmunun bu şəkildə ümumiləşdirilməsi xüsusiyyəti gələcəkdə yaranan istər opera, istərsə də konsert janrı kimi təqdim olunan uvertüraların taleyini bir növ həll etmiş oldu.

       Qeyd etməliyik ki, belə konkretləşdirmə uvertüra janrının ən qabarıq cəhətlərindəndir və bu xüsusiyyət birhissəli simfonik janr nümunəsi kimi yazılmış uvertüralarda ideya məzmunun qabarıq ifadəsinə şərait yaratmış oldu.

       Belə ki, «Koroğlu» operasının qəhrəmani məzmuna malik olması milli musiqimizdə bu janrda yazılmış əsərlərin ideya məzmununu da müəyyənləşdirmiş oldu. Elə buradan da sonrakı dövrdə yazılan uvertüralar qəhrəmani məzmun özünu göstərir. Bu da təsadüfi deyildir. Çünki uvertüra janrının xarakterindən irəli gələn ideya məzmunun bu şəkildə qabardılması zəruridir.

       Uvertüra janrının milli musiqimizdə digər onilliklərdə yazılmış nümunələrinə bir daha nəzər salaraq, qeyd etmək lazımdır ki, onların qəhrəmani ruhlu olması diqqətəlayiqdir. Uvertüra reallığın hərtərəfli göstərilməsində əlverişli janrdır. Bu baxımdan «Koroğlu» operasının uvertürası ilə simfonik əsərlərin sırasına qədəm qoymuş və xalqımızın milli xüsusiyyəti ilə bağlı olan qəhrəmanlıq mövzusu demək olar ki, yaranan bütün əsərlərin əsasını təşkil edir. «Koroğlu»nun uvertürası Azərbaycan musiqisində yazılmış ilk simfonik əsərlərdən biri kimi, xüsusilə diqqətəlayiqdir.

       Uvertüranın forma-quruluş xüsusiyyətləri birhissəli simfonik əsərlərin quruluşuna da bilavasitə öz təsirini göstərmişdir. Belə ki, «Koroğlu»nun uvertürasından qidalanaraq yaranan digər nümunələrdə milli ruhun sonata forması çərçivəsində, milli təfəkkürü saxlamaq şərtilə qabardılması xüsusilə təqdirəlayiqdir. Belə ki, Hacıbəyov tərəfindən klassik musiqi janrlarında aşıq, mahnı, improvizasiya kimi problemlərin həlli yollarının araşdırılması və təsdiqini tapması uvertüra, simfonik lövhə kimi birhissəli simfonik janrların milli musiqimizdə inkişafı üçün hərtərəfli və geniş imkanlar açdı.

       Birhissəli simfonik əsərlərin daha bir növü olan simfonik lövhə janrının ilkin nümunələrinə də məhz Ü.Hacıbəyovun «Koroğlu» operasında rast gəlinir. Operanın məzmununu və onun ayrı-ayrı pərdələrini ümumiləşdirilmiş şəkildə ifadə edən çoxlu geniş simfonik lövhələr operanın ideyasının və məzmununun açılmasında böyük əhəmiyyətə malikdir.

       III pərdənin antraktı, tufan səhnəsi, atın oğurlanması (III pərdə) kimi simfonik musiqi hissələri bir növ milli musiqimizdə simfonik lövhə janrının ilk addımlarına şərait açmışdır. Simfonik lövhə janrı üçün xarakterik olan müəyyən təsviri səhnələrin canlandırılması «Koroğlu» operasında uğurla həllini tapmış və bu janrın birhissəli milli simfonik janr kimi təsdiqlənməsinə zəmin yaratmışdır.

       Qeyd edək ki, milli musiqimizdə simfonik lövhə janrının ilk nümunələri Niyazinin «Xatirə» və «Döyüşdə» əsərləri hesab olunur. 2 Təbii ki, yaradıcılığı yeni formalaşan Niyazi öz müəllimi Hacıbəyovun ideyalarından qidalanmış, onun açdığı yollar üzrə irəliləmiş və Qərbi Avropa janrının milli musiqidə təsdiqlənməsini böyük məsuliyyətlə öz üzərinə götürmüşdür.

       Sonrakı dövrlərdə simfonik lövhə janrında yazılmış digər nümunələrdə, o cümlədən S.Hacıbəyovun «Karvan» əsərində Ü.Hacıbəyovdan irəli gələn milli musiqi dili ilə Qərbi Avropa musiqisi xüsusiyyətlərinin birləşdirilməsi, milli musiqi elementlərinin qabardılması ideyaları özünü daha konkret şəkildə büruzə verir. Göründüyü kimi, simfonik lövhə janrının simfonik musiqimizdə bərqərar olması da məhz Ü.Hacıbəyovun yaradıcılığı ilə bağlıdır və bu baxımdan biz dahi bəstəkarımıza professional musiqimizin zənginləşməsi üçün borcluyuq.

       Bu gün müasir dövrdə Hacıbəyov ənənələrinə sadiq olan Azərbaycan simfonik musiqisi inkişaf edir və yeniləşir. Müasir musiqi üslubları, musiqi texnikası son dövrün əsərlərində özünü daim büruzə verir.

       Başlıcası budur ki, XX əsrin əvvəllərində dahi bəstəkarımız Ü.Hacıbəyovun əsərlərində ilk sədaları duyulan birhissəli simfonik janr nümunələri olan uvertüra və simfonik lövhə bu gün püxtələşmiş janrlar kimi özünəməxsus mövqeyə malik olub bəstəkarlarımızın müraciət etdiyi janr nümunələri sırasındadırlar. Bu baxımdan Ü.Hacıbəyovun birhissəli simfonik janrların meydana gəlməsində rolu əvəzedilməzdir. Digər tərəfdən milli ruhu, milli təfəkkür tərzini klassik musiqi janrlarında yaşadan və bəstəkarlıq məktəbimizi də bu yolda düzgün səmtə yönəldən dahi şəxsiyyətin xidmətləri sayəsində simfonik musiqinin digər sahələri kimi birhissəli janrlar da indiki səviyyəyə çatdıqları üçün Hacıbəyov istedadına, Hacıbəyov idrakına borcludur. Bu baxımdan artıq 120 illiyini qeyd etdiyimiz dahi bəstəkarımız Üzeyir Hacıbəyovun ruhu qarşısında baş əyərək ona musiqinin bütün sahələrində əldə olunan irəliləyişlər, nailiyyətlər üçün minnətdarlığımızı, dərin ehtiramımızı bildiririk.



1Abezqauz I. Opera «K¸roqlı» Uzeira Qadcibekova (O xudocestvennıx otkrıtiəx kompozitora) M. Sov. Kompozitor, 1987, s. 151

2Qasımova S., Bağırov N. Azərbaycan sovet musiqisi ədəbiyyatı (orta ixtisas musiqi məktəbləri üçün dərslik) Bakı, Maarif, 1984, 244 s.











Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70