Azərbaycanda fortepiano musiqisinin yaranması, təşəkkülü və inkişaf tarixi dahi bəstəkar, musiqi xadimi, Azərbaycan xalq musiqisinin tədqiqatçısı, publisist-dramaturq Üzeyir Hacıbəyovun və professional musiqi təhsili almış ilk azərbaycanlı bəstəkar Asəf Zeynallının adı ilə bağlıdır.
1921-ci ildə Ü.Hacıbəyovun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının yaradılması ölkəmizdə, bütövlükdə musiqi mədəniyyətinin, bilavasitə fortepiano musiqisinin inkişafında müstəsna rol oynamışdır. Belə ki, konservatoriya professional musiqi təhsilinin bünövrəsi oldu. Müxtəlif janrlarda musiqi əsərlərinin yaranması üçün real əlverişli şərait meydana gəldi. Konservatoriya ifaçılıq mədəniyyətinin ən yaxşı ənənələrini yetişdirən musiqi beşiyinə çevrildi.
Ü.Hacıbəyov «Vəzifeyi – musiqiyyəmizə aid məsələlər» adlı məqaləsində öz estetik-proqram müddəalarını əsaslandırmışdı. Bu məqalədə dünya musiqi mədəniyyətinin öyrənilməsinin zəruriliyinə dair polemik məsələ qaldıraraq, qeyd edirdi ki, avropa musiqisini öyrənmək «lazım və vacibdir; yəni o qədər vacibdir ki, bizim öz musiqimizin tərəqqisi bundan asılıdır… Əvvəla, nəzərdə tutulmalıdır ki, ümumi musiqi sənəti əsrlərlə imtidad edən bir çox tərəqqi, təkamül və inqilablardan sonra gəlib bu günkü məqamə çatıbdır. Bu yolda hər bir əsrə məxsus musiqi dahiləri və musiqi alimləri əmələ gəlib, oylə bir böyük və qiymətli əsərlər buraxıbdırlar ki, mədənilik iddiası edən heç bir millət bu əsərlərdən bixəbər və bibəhrə qala bilməz. Çünki bu əsərlərin insaniyyətə olan xidməti dedikcə böyükdür».1
Ü.Hacıbəyovun bütün yaradıcı fəaliyyəti Şərq və Qərb musiqi ənənələrinin yaxınlaşmasına xidmət edirdi. O, sırf milli ifadə vasitələri arsenalına avropa bəstəkarlıq qanunlarını cəlb edərək, Azərbaycan musiqisi üçün yeni perspektivli inkişaf yolları açmışdır. Bununla yanaşı, Ü.Hacıbəyovun yaradıcılıq təcrübəsi Avropanın müxtəlif bəstəkarlıq məktəblərində təşəkkül tapmış və ümumqəbul-olunmuş metod və üsulların zənginləşməsinə imkan yaratmışdır. Ü.Hacıbəyovun yaradıcılıq yolunun başlanğıcında onun diqqət mərkəzində duran əsas janr opera olmuşdur. Çünki XX əsrin əvvəlində bu, irimiqyaslı, demokratik aspektdə yeni estetik tələbata cavab verən yeganə incəsənət novü idi. Ü.Hacıbəyov bunu başa düşərək, özünəməxsus yol seçmişdi. O, ictimai milli tələbatın bədii yaradıcılıqda təcəssümündən yaranmış formalarla ənənəvi milli incəsənətin sintezi üsullarını tapmışdı.
1925-1945-ci illər ərzində Ü.Hacıbəyov fortepiano musiqisi sahəsinə də müraciət edərək, uşaqlar üçün pyeslər bəstələmişdir. Bu pyeslər xalq mahnılarının, muğam melodiyalarının kiçik həcmli işləmələridir (2-5 sətrlik); onlardan bəziləri ansambl tərzində verilmişdir. Pyeslərin sadə melodiyaları asanlıqla qavranılır, fakturası çətin deyil, material əsasən unison şəkildə ifadə olunmuşdur. Məsələn, «Uşaq və buz», «Şur», «Şahnaz» muğam melodiyaları, «Laylay» və s. bu qəbildəndir. Həcminin kiçik olmasına baxmayaraq, hər bir pyes müəyyən xüsusiyyətə malikdir. Ritmik cəhətdən pyeslər çox rəngarəngdir, fakturada material hər iki əlin partiyası arasında bölüşdürülür və demək olar ki, müəyyən bir muğamın tam səssırası əhatə olunur (məsələn, «Bayatı-Şiraz» muğamında melodiya, «Şur» muğamında melodiya). Elə pyeslər də var ki, harmoniyanın, basdakı dayaq səslərinin hissiyyatına və eşitmə qabiliyyətinin inkişafına yönəldilmişdir. Həmçinin, fortepianonun təsviri imkanları, səsyüksəkli
yinin dəyişmələri (məsələn, «Laylay») bu pyeslərdə öz əksini tapır.
Qeyd etmək lazımdır ki, Ü.Hacıbəyov bir musiqi aləti kimi, fortepianonun rolunu çox yüksək qiymətləndirirdi. O, hesab edirdi ki, Azərbaycan musiqi mədəniyyətində fortepiano əsas istiqamət verici alət olacaq. O, həmçinin fortepianonun musiqi təhsili prosesində müstəsna əhəmiyyət kəsb etdiyini də vurğulayırdı. Bununla bağlı, bizcə, Ü.Hacıbəyovun özünün bu alətdə çalmağa önəm verməsi bir tarixi fakt kimi əlamətdardır. Üzeyir bəy buna çox məsuliyyətlə yanaşırdı. Onun M.Maqomayevə məktublarından da bunu görmək olar. Məktublarından birində o, özünün fortepianoda mütəmadi məşğələlərinin vacibliyindən yazırdı: «Bilmirəm, yayı necə və harada keçirim, bu məsələ ona görə çətinlik törədir ki , pianodan ayrıla bilmərəm, bütün yayı çalmalıyam, lakin yaylaqda piano nə gəzir? Bu məsələnin həllini maya saxlamışıq, onda fikirləşərik»2. Digər bir məktubda isə deyilir: «Hazırda yay istirahəti məsələsi ilə məşğuluq: çox çətin məsələdir, çünki hara getsəm, piano
çalmağı davam etdirməliyəm, buna görə də Peterburqda qalmaq və işin müvəffəqiyyəti xatirinə qohum – əqrəba ilə görüşməyi bir il də təxirə salmaq…fikrindəyəm».3
Qeyd etdiyimiz dövr ərzində bəstəkar digər əsərlər də yazmışdı ki, onların əksəriyyətinin əsasında eyniadlı fortepiano transkripsiyaları yaranmışdır: «Yaxşı yol», «Cəngi», «Sənsiz», «Sevgili canan» bu qəbildəndir.
Avropa incəsənətinin ifadə vasitələrindən istifadə edən Ü.Hacıbəyov ənənəvi milli xüsusiyyətlərdən kənara çıxmırdı. Bu halda o, bəzən gözlənilməz olsa da, öz təbiətinə görə milli musiqi təfəkkürünə uyğun yeni formalar tapırdı, bununla da milli musiqi formalarının inkişafına geniş imkanlar yaranırdı. Buna görə də onun musiqisində bədii tarazlıq əldə edilmiş, müxtəlif musiqi sistemlərinin bədii ifadə vasitələri arasında mütənasiblik yaranmışdır. Ü.Hacıbəyovun musiqisinin klassik kamilliyi də bununla şərtlənmişdir. Onun musiqisi Şərq və Qərb musiqi ənənələrinin qovuşmasının gözəl nümunəsi olaraq, XX əsr musiqisinin mütərəqqi təmayüllərinin mücəssəməsinə çevrilmişdir.
Üzeyir Hacıbəyovun musiqiyə gətirdiyi yeniliklərin və amalların davamçısı onun tələbəsi və ardıcılı Asəf Zeynallı olmuşdur. A.Zeynallının yaradıcılığı Azərbaycan musiqi mədəniyyəti tarixində mühüm mərhələdir. Onun özünəməxsus üsluba malik və mahiyyətinə görə dərin milli musiqisi respublikamızın musiqi mədəniyyətinin nailiyyətləri xəzinəsinə daxil olmuşdur. Qısa zaman ərzində davam edən həyatı və yaradıcılığı boyu o, bir sıra orijinal əsərlər yaratmışdır ki, onlar Azərbaycan musiqisinə mühüm töhfə olmuşdur. Bilavasitə, fortepiano musiqisi sahəsində o, bir sıra maraqlı əsərlər bəstələmişdir ki, onlar bu günə kimi öz əhəmiyyətini itirməmişdir. Onlardan «Uşaq süitası» silsiləsini, «Çahargah» pyesini, fuqaları göstərmək olar. A.Zeynallının yaradıcılığının səciyyəvi cəhəti ondan ibarətdir ki, onun kökləri milli musiqinin zəngin ənənələrindən, Azərbaycan ladlarının intonasiya ibarələrindən, xalq musiqi alətlərinin ritmik və melizm xüsusiyyətlərindən istifadə edən A.Zeynallı
musiqi dilinin səciyyəvi milli elementlərinin avropa klassik musiqi tələbləri, klassik musiqi irsinin ən yaxşı ənənələrilə qarşılıqlı surətdə qovuşdurulmasına can atırdı. Məsələn, A.Zeynallının «Uşaq süitası»nda Azərbaycan musiqisinin milli elementlərinin (6/8-lıq ritmi, təkrarlıq, materialın inkişafındakı variasiyalılıq, şur ladının intonasiyaları) qərbi avropa musiqisinin ənənəvi elementi olan üç hissəli forma ilə üzvi surətdə qovuşdurulduğunu görürük. Bu əlaqənin, sintezin mövcudluğu artikulyasiya üsullarının istifadəsində də əyanı şəkildə özünü büruzə verir. Məsələn, ostinat basdan istifadə edərkən, «portamento», «sostenuto» göstərişləri bunu təsdiq edir. Həm də çox mühüm şərtlərdən biri də ondan ibarətdir ki, Azərbaycan musiqisinin səciyyəvi milli xüsusiyyətlərinin klassik ənənələrlə uzlaşması ikitərəfli surətdə baş verir: birinci halda, bəstəkar xalq melodiyasını işlərkən, ikinci halda isə birbaşa sitat gətirilmədən; bununla belə musiqi parlaq milli koloritə malik olur. A.Zeynallı hələ uşaq yaşlarından
anası Əsbənd xanımın oxuduğu mahnıları dinləyərək, xalq melodiyalarını ürəkdən sevmişdi. Onların evində həmişə musiqi səslənirdi (anası qarmonda çox gözəl çalırdı) və bu da kasıb ailənin üzləşdiyi məhrumiyyətləri unutduran saf mehə bənzəyirdi.
1920-ci illərin əvvəllərində Ü.Hacıbəyovun təşəbbüsü ilə xüsusi Türk musiqi məktəbi təsis olundu. Bu məktəbin ilk tələbələrindən biri A.Zeynallı idi. Gəncin ürəyi bilik almaq həvəsi ilə çırpınırdı və o, musiqi sənətinə hərtərəfli yiyələnməyə çalışırdı. A.Zeynallı violonçel, fortepiano siniflərində oxuyur, ibtidai musiqi nəzəriyyəsi və harmoniya dərslərinə gedirdi. O, təhsildə böyük müvəffəqiyyətlər əldə etmişdi, buna görə də o, ən istedadlı tələbələrdən biri kimi 1926-cı ildə konservatoriyaya qəbul olunur. Təhsil illərində və yaradıcılığının təşəkkülü dövründə Ü.Hacıbəyov A.Zeynallıya çox köməklik göstərmişdir. O, A.Zeynallının musiqiçi kimi inkişafını diqqətlə izləyərək, doğma musiqi sənətinə dair məsləhətlər verir, gənc bəstəkarın maraqlarını istiqamətləndirirdi.
Vaxtilə Ü.Hacıbəyov qeyd edirdi: «Belə bir fikir vardır ki, əgər öz təbiəti etibarilə birsəsli olan Azərbaycan musiqisinə harmoniya (ahəng) tətbiq edirlərsə, o zaman onun bütün lad xüsusiyyətləri itib gedər. Bu fikir tamamilə doğrudur. Azərbaycan melodiyasına bacarıqsız surətdə harmoniya tətbiq edilərsə, onun səciyyəsini dəyişdirər, lad xüsusiyyətlərində bir namüəyyənlik törədər və hətta onu yaramaz bir hala sala bilər. Lakin bu, o demək deyildir ki, Azərbaycan musiqisi həmişəlik bir səsli olaraq qalmalıdır. Azərbaycan ladlarının müntəzəm sistemi və mənalı melodiyalar əmələ gətirməyin ciddi qanunları çoxsəsli musiqi yaranmasına nəinki mane olur, əksinə, bunlar quru, cansız qammalar əsasında deyil, Azərbaycan xalq musiqisinin canlı və həyati ladları əsasında böyük formalı çoxsəsli musiqi əsərləri üçün möhkəm bünövrədir» 4.
A.Zeynallının «Çahargah» pyesi Ü.Hacıbəyovun yuxarıdakı fikrinin əyani təsdiqidir. Pyesin musiqisi qəhrəmani, məğrur, inadlı xarkter daşıyır. Bu da melodiyanın səciyyəvi ritmik şəklinin möhkəm karkas yaratması ilə və xanənin sonucu hissəsinə düşən aksentlərlə özünü büruzə verir. Ümumiyətlə, «Çahargah» pyesinin ifası pianoçudan dəqiq ritm, solo səsi ifadəli və qabarıq ifa etmək bacarığı, həmçinin müşayiətdəki melodik xətlər və akkordlu qurumlarla bağlı müəyyən texniki vərdişlər tələb edir.
A.Zeynallının iki üçsəsli fuqasında da milli koloritin və Azərbaycan xalq musiqisinin səciyyəvi cəhətlərinin çoxsəsli əsərin qanunauyğunluqları ilə özünəməxsus qovuşmasını görürük ki, bu da Azərbaycanda polifonik musiqinin ilk nümunələri kimi dəyərlidir.
Beləliklə, Ü.Hacıbəyov və A.Zeynallı müxtəlif janrlara müraciət edərək, milli musiqi sisteminin bəstəkarlıq sənətinin müxtəlif formaları ilə sintezini yaradıcılıq məqsədi olaraq qarşılarına doymuşdular. Bu məqsədi onlar hər dəfə müxtəlif səpkidə həyata keçirirdilər. Lakin hər iki bəstəkarın başlıca məqsədi bu sintezin yeni bədii formaların yaradılmasına yönəlmiş bir məfhum kimi konkret təzahürlərinə diqqət yetirməkdən ibarət idi. Bu, bir daha təsdiq edir ki, Ü.Hacıbəyovun və A.Zeynallının fortepiano əsərlərinin tarixi əhəmiyyəti çox böyükdür. Belə ki, onlar respublikada instrumental yaradıcılığın bu sahəsinin əsasını qoymuş, Azərbaycanda fortepiano musiqisinin ilk nümunələri olmuşdur. Azərbaycan musiqisinin səciyyəvi milli xüsusiyyətlərinin (xalq melodiyaları, xalq mahnı intonasiyaları, Azərbaycan ladlarının səciyyəvi intonasiya və elementləri və s.) qərbi avropa pianizminin ənənələri (artikulyasiya üsulları, formayaradıcı elementlər, polifonik inkişaf qanunları və pr
insipləri və s.) ilə uzlaşması, qovuşması yolunun başlanğıcını qoymuşlar. Bu baxımdan həmin əsərlər əvəzsirdir. Çünki onlar Azərbaycanda professional məktəbin və ümumiyyətlə, fortepiano mədəniyyətinin formalaşması və inkişafı üçün möhkəm bünövrə yaratmışlar.
1Ü.Hacıbəyov. Əsərləri. II cild. Bakı, 1965. s. 200-201.
2Ü.Hacıbəyovun M.Maqomayevə məktubu, 7 fevral, 1914-cü il. Ü.Hacıbəyov. Əsərləri, II cild. Bakı, 1965, s. 373-374.
3 Ü.Hacıbəyovun M.Maqomayevə məktubu. 16 may 1914-cü il. Ü.Hacıbəyov. Əsərləri, II cild. Bakı, 1965, s. 377.
4 Ü.Hacıbəyov. Azərbaycan xalq musiqisinin əsasları. Əsərləri, II cild. Bakı, 1965, s. 58.
p align>
|