KIÇIK QAFQAZIN CƏNUB-ŞƏRQ RAYONLARININ XALÇA SƏNƏTI
Solmaz MƏHƏRRƏMOVA
 

       Azərbaycan toxuculuq sənətinin şah əsəri xalçaçılıqdır.Təsadüfi deyildir ki, Azərbaycan xalçalarının süjeti, toxunma texnikası, rəng və kompozisiya ahəngdarlığı, naxışları əsrlərin sınağından çıxaraq günümüzədək gəlib çatmış, zənginləşmiş, inkişaf etmiş və dünyanın bir çox ölkələrində özünə layiqli şöhrət qazandırmışdır.

       Arxeoloji qazıntılardan əldə edilmiş materiallar, antik və orta əsrlər coğrafiyasünas-səyahətçilərinin məlumatlarına əsasən xalçaçılıq Azərbaycanın ərazisində qədim zamanların sənət sahəsi olmuşdur.

       X əsrdə yaşamış ərəb coğrafiyaşünası Əl-Müqəddəsinin verdiyi məlumata görə, Azərbaycanın Bərdə və başqa şəhərlərindən çoxlu miqdarda ipək, kətan parça, xalça, yun məmulatı, qaytan, örtüklər, qırmızı boyağı, zəfəran və s. məhsullar ixrac olunurdu.1

       Azərbaycanda yüksək səviyyəli bədii xalçalar toxunduğu barədə məlumata Nizami Gəncəvinin, Xaqani Şirvaninin əsərlərində də rast gəlirik. Azərbaycan xalçalarının yüksək keyfiyyətindən danışan Nizami Gəncəvi Bərdə şəhərinin padşahı Nüşabənin dəbdəbəli sarayını belə təsvir etmişdir:

        Tarixən onun böyük şah sarayı vardır

        Orada qiymətli xalı döşənmişdir.
2

       Azərbaycan xalçasının əsas xüsusiyyəti ornament, rəng və kompozisiyanın bir-biri ilə sıx əlaqədə olmasında idi.

       XVl-XVll əsrlərdə Azərbaycanda ornamental və bədii süjetli xalçalar toxunmuşdur. XVl əsrdə süjetli xalça toxuculuğu xalçaçılığın çiçəklənmə dövrü hesab edilmişdir. Bu dövrdə miniatür sənətinin xalçaçılığa böyük təsiri olmuşdur.

       XVl-XVll əsrlərdə Səfəvi hökmdarları xalça ixracının xəzinəyə böyük gəlir gətirdiyini nəzərə alaraq iri dövlət emalatxanaları təşkil etmişlər. Mənbələrdən məlum olduğu kimi, l Şah Abbasın əmri ilə dövlətin bütün əyalətlərində və Şirvan, Qarabağ, Gilan, Kəşan, Kirman, Təbriz, Ərdəbil, Astrabad, Məşhəd, Isfahan kimi iri mərkəzlərdə xalçaçılıq və toxuculuq emalatxanaları yaradılmışdır. 3 Bu emalatxanalarda çalışan miniatürçü rəssamlar və xalçaçılar əsl sənət inciləri yaratmışlar. 4

       Məlum olduğu kimi, XVlll əsr Azərbaycanda müstəqil xanlıqların yaranması dövrü olmuşdur. Bu dövrdə də ayrı-ayrı xanlar xalça istehsalına başladılar və kütləvi surətdə onların ixracını davam etdirdilər. Bu istehsal sahəsi o dərəcədə geniş yayıldı ki, hətta XlX əsrdə belə sənətkarlar bir çox xalça kompozisiyası və ornamentlərini "Xançeşni» adlandırırdılar. 5

       XlX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən istila edilməsi nəticəsində xalça bazarının əsas istehlakçısı da elə Rusiyanın özü olmuşdur. Bu dövrdə də Azərbaycan xalçaları bir sıra Şərq ölkələrində, eləcə də Avropa və Amerikada məşhurlaşmağa başlamışdı. Azərbaycan xalçalarını dünyada məşhurlaşdıran onun yüksək keyfiyyəti, naxışlarının ümumi kompozisiyası, bəzəkləri və rənglərinin ahəngdarlığı olmuşdur.

       Azərbaycan xalçası Azərbaycanın ən qədim dövrdən bu günədək keçən tarixini özündə əks etdirmişdir. Arxeoloji qazıntılar nəticəsində Mingəçevir, Şamaxı, Ismayıllı, Lənkəran, Borsunlu (Goranboy), Fındığan və s. ərazilərdə tapılmış tunc dövrü, Manna, Midiya, Atropatena, Qafqaz Albaniyasına məxsus zoomorf məişət əşyalarının, üzük-möhürlərin, tunc kəmərlərin üzərində qeydə alınmış süjet və səhnələrin, fantastik heyvanların, vəhşi heyvanlarla insanın döyüş səhnəsinin, həyat (dirilik) ağacı, dini və məişət xarakterli motivlərin paralelləri xalça sənətində də izlənilmişdir. Bu nümunələr sübut edir ki, Qafqaz Albaniyasının incəsənətinə Əhəməni və Sasani mədəniyyətinin böyük təsiri olmuşdur.

       Orta əsrlərin və sonrakı dövrlərin xalçalarının əsas məzmununu təşkil edən ənənəvi süjetlər – heyvan və quş, buynuz, balta, xeyirin şərlə mübarizəsi, şahların divlərlə vuruşması, alov püskürən yeddibaşlı əjdaha ilə Simurq quşunun döyüşü, dini – kosmoqonik, üçbucaqlı, düzbucaqlı həndəsi fiqurlarla bağlı insan və digər təsvirlər məhz Avesta süjetləridir.

       Sənətşünaslıq doktoru Röya Tağıyeva göstərir ki, heyvan və quş Avesta süjetləri Zərdüştlüyün islam dini ilə əvəz olunduğu vaxtlarda qadağalara baxmayaraq bu günədək Azərbaycan xalçalarında qalmaqdadır. 6 Fikrimizcə, buta təsvirli xalçalar buna misal ola bilər.

       Orta əsrlər – XVl-XVll əsrlərdə Azərbaycan xalçalarında dövrün ən çox yayılmış bəzək ünsürlərindən olan nəbati ornamentlərdən – gül-çiçək, ağac budağı, əfsanəvi ağaclar kimi naxışlardan istifadə olunmuşdur. 7 Gül-çiçək, budaq, ağac ünsürlərinin birləşməsindən əmələ gələn ornamentlər xalça üzərində nisbətən səthi üslubda verilsə də burada dövrün ənənəvi nəbati bəzəklərindən olan sərv, nar, ərik ağaclarının, lalə, qızılgül, qərənfil, nərgiz və s. güllərin təsvirlərini asanlıqla seçmək olurdu.

       Xalça üzərində ahənglə qurulmuş nəbati ornamentlərdə budaqlar əsas ana xətti, onların üzərində yerləşən gül-çiçək və yarpaqlar isə əlavə ünsürləri təşkil edirdi.

       Azərbaycan xalçaçılıq sənətinin zirvəsi hesab olunan 1530-cu ildə Ərdəbildə Şeyx Səfi məscidi üçün toxunmuş "Şeyx Səfi» xalısı bu tipli ornamental xalçanın ən gözəl nümunəsidir.

       XVl-XVll əsrlərdə Azərbaycanda toxunmuş süjetli xalçalar da böyük şöbhrət qazanmışdı. Bu süjetlər əsasən "Ovçuluq», "Dörd fəsil», "Bağlı-bağça» adı ilə məşhur olmuşdur. Süjetli xalçalarda klassik şairlərin əsərlərindəki qəhrəmanların təsviri, eləcə də kiçik beyt və rübailəri toxunurdu. Adətən beytlər süjetli səhnənin altında yerləşdirilirdi. 8

       XlX-XX əsrin əvvəllərində toxunmuş xalçaların bədii xüsusiyyət və məzmununda nəzərə çarpacaq yeniliklər meydana gəlmişdi. Bu dövrdə toxunmuş xalçalarda ənənəvilik prinsipləri saxlansa da naxış məzmununda müəyyən dəyişiklik yaranmışdır. Maral, ceyran, şir, it, pişik süjetli xalçalar istehsal olunmuşdur. 9

       Azərbaycan xalçasının tarixinə qısa ekskursdan sonra xalçaların növləri, istehsal mərkəzləri, toxunma texnikası haqqında məlumat məqsədəuyğun olardı.

       Azərbaycan dekorativ-tətbiqi sənətinin güclü sahəsi olan xalçaçılıq sənətinin tədqiqində M.Isayevin, L.Kərimovun, A.Qazıyevin, R.Əfəndiyevin, K.Əliyevin, N.Abdullayevanın, R.Tağıyevanın, C.Mücürünün, K.Əliyevanın, E.Mikayılovun, rus tədqiqatçılarından A.Piralov, K.Xatısov və Zedgenidzenin, xarici ölkə tədqiqatçılarından A.Poup, V.Boden, M.Centles və başqalarının xüsusi xidmətləri olmuşdur.



ƏDƏBIYYAT

1 Yaqub Mahmudov. Səyyahlar, Kəşflər. Azərbaycan. Bakı. Gənclik 1985. səh. 46.

2 K.Kərimov, R.Əfəndiyev, N.Həbibov. Azərbaycan incəsənəti. Bakı. Işıq. 1992. səh. 76.

3 .K.Alieva. Tebrizskaə kovrovaə şkola XVI-XVII vv. i ee svəzğ s kovrovım iskusstvom Blicneqo i Sredneqo Vostoka. Avtoreferat dissertaüii na soiskanie uçenoy stepeni doktora iskusstvovedeniə . Bakı. s.17.

4 .R.Tağıyeva. Azərbaycan xalçası. Sənətşünaslıq doktoru alimlik dərəcəsi almaq üçün elmi məruzə şəklində təqdim edilmiş dissertasiya. Bakı. 2003. s. 20

5 .Yenə orada

6 .Yenə orada səh. 23.

7 .Azərbaycan dekorativ-tətbiqi sənəti albomu. Bakı. 1998. səh. 9.

8 .K.Kərimov, R.Əfəndiyev, N.Həbibov. göstərilən mənbə. səh. 164.

9 .Yenə orada



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70