QƏRBI AVROPA, RUS VƏ AZƏRBAYCAN BƏSTƏKARLARININ YARADICILIĞINDA KANTATA VƏ ORATORIYA JANRLARINA BIR NƏZƏR
Telman QƏNIYEV
 

       Azərbaycan professional musiqi tarixində dərin iz qoymuş Azərbaycan bəstəkarlarının yaradıcılığı, müxtəlif musiqi janrlarının yaranması və inkişaf etməsinə səbəb olmuşdur. Bu janrlar bir çox elmi tədqiqatlar üçün də əhəmiyyət kəsb edərək çoxlu sayda praktik əsərlərlə yanaşı, elmi əsərlərin də yaranmasında rol oynamışdır.

       Qərbi Avropada bu janrlar üçün ifadə edilən dolğun fikirlərə əsaslanaraq belə hesab etmək olar ki, kantata və oratoriyalara bir növ dini mövzuların sujetləri, həyat və məişət hadisələri impuls verən qüvvə olmuşdur. XVI əsr Qərbi Avropa bəstəkarlarının yaradıcılığı haqqında oxuyuruq:

       "Ən dindar bəstəkarlar belə Italiyada ümumi icma musiqisindən uzaqlaşmırdılar. Palestrina lirik məhəbbət madriqalları, Durante isə kübar antatalar, ariyalar, kamera duetləri yaradırdı".1

       XVIII əsrdə G.F.Hendel öz oratoriyalarını dini mövzulara həsr edirdisə, həyat və məişət mövzu-larından da kənarda qalmırdı. Onun 1743-cü ildə yaratdığı məşhur "Samson" oratoriyasinda Samson xalq qəhrəmanı kimi tərənnüm olunmuşdur.

       Bu baxımdan I.S.Baxın kantata və oratoriyaları G.F.Hendelin kantata və oratoriyalarından öz həcmi və külliyatı baxımından qat-qat üstünlük təşkil edir. 1734-cü ildə dini mövzu ilə bağlı onun yazdığı "Milad günü" oratoriyası çox geniş kompozisiyası ilə fərqlənir. Bu oratoriya 6 hissədən və 64 nömrədən ibarətdir. I.S Baxın bu mövzuda yazılan digər oratoriyası "Pasxa" (1734-1736) oratoriyası olmuşdur.

       Oratoriyalar kimi kantatalar da Qərbi Avropa bəstəkarlarının yaradıcılıgına geniş təsir göstərmişdir.

       Ümumiyyətlə, kantata sözü etmoloji baxımdan Italyan dilində oxumaq, ifa etmək mənasını ifadə etmiş və təntənəli lirik epik xarakteri ilə fərqlənmişdir. Kütləvilik cəhətdən də Qərbi Avropada bu janrlar üzərində işləyən bəstəkarlar mövcud olmuşdur. XVII əsrin axırı XVIII əsrin əvvəllərində "Neapol məktəbində də bu janrlara müraciət var idi. Məktəbin rəhbəri Aleksandro Skarlatti böyük miqdarda (yüz on beş-yüz iyirmi) opera, eyni zamanda həmin dövrdə iki dəfə çox (iki yüzə qədər) messa, altı yüzdən çox isə kantata yazmışdır". 2 Onun kantataları içərisində "Qəlbimi tərk etmə" (1704), "Qəlbimin dərinliklərindən səni çağırıram" (1707), "Faciəli uşaqlıq", "Sən nə üçün ürəyə iztirab verirsən?", "Şikayət, göz yaşları" (1708-1711), "Şikayət, göz yaşları, qayğı" (1724), "Gün axşama doğru meyl etdi, burada qal" (1736), "Yüksək qübbədən" (1746), "Sakitləşdirilmiş Eol", "Herkules" və s. kantataların adları bizə məlumdur. Bu baxımdan da I.S.Baxın yaradıcılıgı xüsusi ilə fərqlənir. Vokal i nstrumental əsərləri arasında onun kantataları xüsusi yer tutur. Bu kantatalardan iki yüzdən çoxu saxlanılmış, digərləri isə itmişdir. I.S.Baxın kantatalari müxtəlif xarakterli mövzularla bağlı olmuşdur. O, məişət mövzusunda “Qəhvə", kübar mövzuda isə "Oynayan dalğalar üzə çıxın", "Şöhrətlən Saksoniya" və s. kantatalarını yazmışdır. Ifaçı heyəti və həcminə görə onun 1742-ci ildə Pikanderin sözlərinə yazdığı "Yeni başçılar bizdəndir" ("Kəndlilər kantatası") kantata-burleskası xüsusilə fərqlənir. "Onun ifaçı heyəti oxuyanlar-solistlər (soprano, bas), iki skripka, alt, fleyta, valtorna və sopranodan ibarətdir. Kantatada iyirmi dörd nömrə, üvertyura ilə birgə rəqs epizodları, iki duet, qalan ariyalar və reçitativlər isə yerli yuxarısaksoniya kəndli dialektində, gözəl xalq musiqi düzümü, sadə homofon faktura və dəyişən lya major tonallığında mövcuddur". 3

       Lakin I.S.Baxın yaradıcılığında oratoriyalarda olduğu kimi, kantatalarında da opera elementlərinin olması onun kantatalarının opera ilə sıx bağlılığını göstərir.

       Buradan belə bir nəticə əldə etmək olur ki, oratoriyalar kimi kantatalar da operaya yaxın olmuşdur.Kantatalar həcmcə oratoriyalardan kiçik hissələrə malik olmuşdur, bu proses müxtəlif tarixi dövrlərlə əlaqədar inkişaf etmişdir.

       Qərbi Avropada sonrakı dövrlərdə bu janrlara Y.Hayd, V.A.Motsart, L.V.Bethoven, F.Mendelson, F.Şubert, R.Şuman ,D.Rossini, H.Berlioz, S.Monyuşko, A.Brukner, Q.Volf, F.List, C.Verdi, Ş.Quno, J.Bize, S.Frank, Ş.K.Sen-Sans, A.Dvorjak, I.Brams, K.A.Debüssi, K.Orf, B.Britten və s. bəstəkarların yaradıcılığında rast gəlinir.

       Lakin kantata və oratoriya janrları rus bəstəkarlarının da yaradıcılığında çox böyük rol oynamış və özünəməxsus yer tutmuşdur. Ümumiyyətlə, xor musiqisi və çoxsəslilik rus xalq musiqisinə xas olan ənənə olmuşdur. Kantata və oratoriya janrları bu ənənələr baxımından rus professional musiqisinə öz geniş təsirini göstərmişdir.

       Rus musiqisində ilk formalaşmış oratoriya kimi Stepan Anikieviç Deqtyarev 1811-ci ildə "Minin və Pojarski" və ya "Moskvanın azad olunması" oratoriyasını yaratmışdır. 1823-cü ildə Aleksey Nikolayeviç Verstovski "Qara şal" balladasını teatrllaşmiş kantata kimi, 1830-cu illərdə isə M.I.Qlinka kantata "Proloq"unu yaratmışdır. M.E.Musorqski, N.A.Rimski-Korsakov, P.I.Çaykovski, O.A.Petrov, A.T.Qlazunov, I.S.Taneyev, A.S.Arenski, S.V.Raxmaninov kimi bəstəkarların əsərlərində kantata janrı xüsusi əhəmiyyət kəsb etmişdir.

       Sovet dövründə isə bir çox rus bəstəkarları da kantata və oratoriya janrlarına müraciət etmişlər. Bəstəkarların bu dövrlərdə yaratdıqları kantata və oratoriyalar nəzər diqqətimizi cəlb edir. R.M.Qliyer, S.S.Prokofyev, D.D.Şostakoviç, D.D.Kabalevski, R.Rojdestvenski, Y.A.Şaporin, I.F.Stravinski, Q.V.Sverıdov və s. bəstəkarlar bu janrlarda müxtəlif və rəngarəng məzmunlu əsərlər yaratmışlar. D..Şostakoviçin "Bizim vətənimiz üzərində günəş parlayır" (1952) kantatası, S.Prokofyevin "Sülhün keşiyində" (1950) oratoriyası və s. bu janrlarda yazılan əsərlər özünə məxsus yer tutur. Sovet dövrü bəstəkarlarından A.Maçavariani, O.Taktakaşvilini bu dövr bəstəkarların sıralarına aid etmək olar.

       Azərbaycanda Qərbi Avropa və Rus bəstəkarlarının kantata və oratoriya yaradıcılıqlarından fərqli olaraq, bu janrların yaranması və inkişafi 1920-ci illərdən sonra birbaşa Sovet dövründən başlamışdır.

       Qərbi Avropa və rus professional musiqisində olduğu kimi, Azərbaycan professional musiqisinə daxil olmuş, kantata və oratoriyalar, digər janrlardan fərqlənməmiş, əksinə onların inkişafına çox böyük təkan vermişdir.

       Məlumdur ki, kantata və oratoriya janrlarının yaranması tarixi şəraitindən də asılı olmuşdur.Lakin bu fikri sırf Azrəbaycan professional musiqisinə aid etsək, məhz kantata janrının ön plana keçdiyinin şahidi olarıq. Elə bu baxımdandır ki, ilk dəfə bu janrlara müraciət edərək, Ü.Hacıbəyov 1933-cü ildə "Firdovsi" kantatasını, 1949-cu ildə isə C.Hacıyev "Dünyanın keşiyində" oratoriyasını yazmışdır.

       Lakin biz ilk xor nömrələrinə Ü.Hacıbəyovun 1908-ci ildə "Leyli və Məcnun" operasında rast gəlirik. Onu da unutmamalıyıq ki, 1936-cı illər ərəfəsində Ü.Hacıbəyovun xor üçün "Aman, nənə", "Komsomolçu qız", "Komsomol" və s. xor üçün işləmələri də əsas yer tuturdu. Ü.Hacıbəyovun kantatalarının yaranması və inkişafı sonrakı dövrlərlə daha sıx bağlı olmuşdur. N.Mirzəyeva bu haqda sənətşünasliq dissertasiyasında qeyd edir: "Koroğlu" operasından sonra (1936) bəstəkar kantata kimi iri həcmli və əhəmiyyətli əsərlər yaratmamışdır. 4 Onu qeyd etmək lazımdır ki, kantata və oratoriya janrlarının meydana gəlməsi üçün Azərbaycanda bir növ şərait mövcud idi. Bu mövcudluq bir növ xalq musiqisi ilə də sıx bağlı olmuşdur. Azərbaycan bəstəkarlarının yaradıcılıqları əsasən sovet dövrü ilə bağlı olduğuna görə onların yaratdıqları musiqi əsərləri, xüsusən də kantata və oratoriya janrları bu dövrün tarixi şəraitindən asılı olmuşdur.



1 Rozenşilğd K. Istoriə zarubecnoy muzıki. 1-y vıp., M., Muzıka, 1973, s.137

2 Tam ce, s. 124

3 Rozenşilğd K. Istoriə zarubecnoy muzıki. 1-y vıp., M., Muzıka, 1973, s. 464-465

4 Mirzoeva N. Puti stanovleniə kantatno-oratorialğnoqo canra v Azerbaydcane. Dissertaüiə na soiskanie uçenoy stepeni kandidata iskusstvo-vedeniə. Baku, 1994, s. 31





Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70