AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ INKIŞAF TARIXINDƏ ÖNƏMLI MƏRHƏLƏ
Lalə HÜSEYNOVA
 

Tarixi sənədlər və mətbuat səhifələrindən aydın görünür ki, 1940-cı illərin sonu və 50-ci illərin birinci yarısı ümumən keçmiş SSRI-nin mədəni məkanında, o cümlədən Azərbaycanın musiqi aləmində məlum partiya qərarlarının - Sov.IKR MK-nin 1948-ci il fevralın 10-da qəbul etdiyi " Vano Muradelinin " Böyük dostluq" operası haqqında" və Az. KP MK-nin 30 mart tarixli " Azərbaycan SSR-də musiqi yaradıcılığının və bəstəkar kadrların hazırlanmasının vəziyyəti haqqında" qərarlarının yerinə yetirilməsi şüarı altında cərəyan etmişdir. 1 Istənilən böyük tədbir, plenum və ya baxış məhz bu istiqamətdə həyata keçirilirdi və buna ilk startı 1948-ci ilin aprelində (19-26) baş tutmuş Bəstəkarların I Ümumittifaq qurultayı verdi. Azərbaycanı bu qurultayda bəstəkarlardan Q.Qarayev, B.Zeydman, A.Rzayeva, S.Ələsgərov, M.Əhmədov, F.Əmirov, Niyazi, S.Rüstəmov, Ş.Axundova, Ə.Hüseynzadə, musiqişünaslardan isə D.Danilov, N.Çumakov və Ə.Eldarova təmsil etmişdi. Ü.Hacıbəyovun Moskvaya ezam olunması barədə Incəsənət Işləri üzrə Idarənin əmri olsa da o, xəstəliyinə görə bu və sonrakı tədbirlərdə iştirak edə bilmədi. Qurultayda Azərbaycan bəstəkarlıq məktəbinin yaranması, inkişafı və hazırkı vəziyyəti barədə müfəssəl məruzə ilə məsul katib Qara Qarayev çıxış etdi. Bu məruzə Bəstəkarlar Ittifaqının 1948-ci il 25 mart tarixli Plenumunda səslənmiş məruzəsinin bir qədər qısaldılmış variantı idi. Həmin məruzə barəsindəki mülahizələrimizi isə artıq ərz etmişik. 2

Bəstəkarların I Ümumittifaq Qurultayından sonra SSRI Bəstəkarlar Ittifaqının respublika və bölgə təşkilatları ilə işi yeni səviyyəyə qalxdı. Qəbul edilmiş yeni Nizamnamə mərkəzləşdirilmiş iş prinsipini bəyan etməklə bütün məsələlərdə respublika təşkilatlarının SSRI Bəstəkarlar Ittifaqının katibliyinə tam hesabatlı olduğunu nəzərdə tuturdu. Bununla bağlı katibliyin 15 may 1948-ci il tarixli qərarı ilə yaradılmış " Milli respublikaların musiqisi üzrə komissiya" (digər adı - " Milli respublika bəstəkarlarının yaradıcılığına rəhbərlik üzrə komissiya" ) və 9 iyul 1948-ci il tarixli qərarı ilə təşkil olunmuş " Xalq musiqisi komissiyası" müttəfiq və muxtar respublikalarla müxtəlif istiqamətlərdə iş aparmağa başladı. 3 Birinci komissiyanın sədri V.Q.Fere, sədr müavini S.A.Balasanyan, məsul katibi A.V.Livşits seçilməklə 20 nəfər bəstəkar və musiqişünasdan ibarət üzvü, habelə 10 nəfər məsləhətçisi vardı. Azərbaycan Bəstəkarlar Ittifaqının sonrakı tədbirlərində bu komissiya nümayə ndələrinin iştirakını daim görmək olar. Komissiyanın tələbinə görə respublika ittifaqları hər ayın 5-dən gec olmayaraq öz işləri barədə müfəssəl hesabat təqdim edib, ay ərzində keçirilmiş bütün təşkilatı və yaradıcılıq tədbirləri, yeni əsərlər barədə (əsərlərin xasiyyətnaməsi daxil olmaqla) məlumat verirdilər. Azərbaycan Bəstəkarlar Ittifaqının məsul katibi Qara Qarayevin bu komissiyaya göndərdiyi ilk arayış-məlumatda Idarə Heyətinin qərarına əsasən görüləcək işlərin 18 bənddən ibarət planı verilmişdi. 4 Ilk növbədə vurğulanırdı ki, " hər bəstəkarın yaradıcılıq işini bilavasitə yaxından izləmək üçün Ittifaqın hər üzvü öz yaradıcılıq planları barədə ərizə ilə Idarə heyətinə müraciət etməlidir. Idarə heyəti seçilən mövzunun və əsərin aktuallığını, məqsədəuyğunluğunu müzakirə edib, lazım gələrsə, bəstəkarın planlarına düzəliş verməlidir." 5 Digər bəndlərdə də Bəstəkarlar Ittifaqının öz üzvləri üzərində ideoloji nəzarət funksiyasını gücləndirməsi tend ensiyasını müşahidə edirik. Bunun son həddi kimi Bəstəkarlar Ittifaqında ilk partiya təşkilatının yaradılması məsələsi qərara alınır və üzvlərin ideyasiyasi səviyyəsinin artırılması üçün xüsusi məşğələlərin keçirilməsi nəzərdə tutulur. 6 Nəzərdən keçirdiyimiz tədbirlər planında həmçinin Azərbaycan Bəstəkarlar Ittifaqında mövcud komissiyaların aşağıdakı tərkibi göstərilmişdi:

1. Simfonik, opera, kamera və xor musiqisi Komissiyası - B.I.Zeydman (sədr), C.Hacıyev, N.Karnitskaya.

2. Kütləvi janrlar üzrə Komissiya (mahnılar, xalq kollektivləri üçün musiqi, hərbi repertuar) - S.Rüstəmov (sədr), Ə.Bədəlbəyli və S.Hacıbəyov.

3. Musiqişünaslıq və tənqid Komissiyası - N.Çumakov (sədr), X.Ağayeva, D.Danilov.

4. Mədəni-kütləvi iş üzrə Komissiya - C.Paşayev, Q.Burşteyn və S.Ələsgərov.

Sənədlərdən bəlli olur ki, SSRI Bəstəkarlar Ittifaqının " Xalq Musiqisi Komissiyası" na rəhbərlik professor E.Gippiusa tapşırılmışdı. Bu komissiyanın əsas vəzifəsi və məqsədi bəstəkarların xalq musiqisinə marağını artırmaq, onları folklor nümunələrini yığmağa, toplamağa və öz yaradıcılığında əks etdirməyə həvəsləndirmək, xalq sənətkarları ilə canlı, sıx təmas qurmağa sövq etmək idi. Bunun üçün yaradıcılıq ezamiyyətlərinin təşkili, yığılmış materialların dinlənilməsi və onun ətrafında diskussiyaların keçirilməsi zəruri hesab edilirdi. Nəzərdə tutulurdu ki, komissiya nəzdində istər çap olunmuş, istərsə də əlyazma şəklində olan folklor məcmuələrinin, onlar barədə ən mühüm nəzəri ədəbiyyatın saxlanması və yığılması üçün kitabxana yaradılmalıdır. Buradakı materiallar əsasında bəstəkarlar müxtəlif janrlarda, o cümlədən xor kollektivləri üçün əsərlər yazmalı, habelə özfəaliyyət klubları, Sovet Ordusu, uşaq və məktəblilər üçün xalq mahnılarını işləməlidirlər. 7

Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə Heyətinin 3.XI.1948ci il tarixli qərarı ilə " Kütləvi janrlar üzrə komissiya" ya həm də xalq musiqisi ilə bağlı iş həvalə olunur və Süleyman Ələsgərova bu işi aparmaq tapşırılır. Beləliklə, SSRI Bəstəkarlar Ittifaqının respublika Ittifaqlarında " Xalq musiqisi komissiyalarının" yaradılması göstərişi Azərbaycan Bəstəkarlar Ittifaqında kütləvi janrlar üzrə komissiyanın funksiyasını genişləndirmək qərarı ilə həyata keçirilir.

Qeyd etmək lazımdır ki, MK-nın 10 fevral 1948-ci il tarixli qərarından sonra kütləvi mahnıların, xalq çalğı alətləri üçün repertuarın yaradılması sahəsindəki işi intensivləşdirmək üçün müxtəlif tədbirlər keçirilir. Bu baxımdan 1948-ci ildə Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə Heyətinin müraciəti ilə Azərbaycan SSR Nazirlər Kabinetinin 19.VI.1948-ci ildə qəbul etdiyi 723 saylı qərar əsasında keçirilmiş " Ən yaxşı kütləvi mahnı" adlı respublika müsabiqəsi diqqətəlayiq hadisə idi. Bəstəkarlar Ittifaqının rəhbərliyi altında keçirilən müsabiqənin şərtlərinə görə mahnılar Bakı şəhərinə, neftçilərin, pambıqçıların əməyinə, habelə, respublikanın iri tikintilərinin (Mingəçevir, Daşkəsən) birinə həsr olunmalı idi.

1948-ci il iyulun 10-da elan olunmuş müsabiqə bir neçə mərhələdə keçirilmiş və əvvəlcə şir mətnləri münsiflər heyəti tərəfindən saf-çürük edilmişdi. Münsiflər heyətinin 19 avqust 1948-ci il tarixli ilk yığıncağında müsabiqəyə deviz altında rusca 56, azərbaycanca isə cəmi 19 şerin daxil olması nəzərə çatdırılır və bu nisbəti azaltmaq üçün şerlərin qəbul müddəti sentyabın 5-nə kimi uzadılır. Nəticədə azərbaycanca mətnlərin sayı 32-yə çatır. Bəstəkarlara paylanmaq üçün isə münsiflər heyəti azərbaycan dilində 5 və rus dilində 5 mətn seçir. Seçilən mətnlər arasında Zeynal Cabbarzadənin məşhur " Sürrəya" sı da var idi. Maraqlıdır ki, bu şirin növbəti mərhələyə keçməsində tərəddüd edənlər sırasında gələcəkdə " Sürəyya" mahnısını böyük həvəs və şövqlə ifa etmiş Bülbül də olmuşdur. Münsiflər heyətinin tərkibinə gəldikdə isə buraya Incəsənət Işləri Idarəsinin məmurları ilə yanaşı Qara Qarayev (sədr müavini), Süleyman Rüstəm, Bülbül, Qeorqi Şaroyev, Kövkəb Səfərəliyeva və Adil Iskəndərov daxil idi. I tura Azərbaycan d ilində 24 və rus dilində 24 - cəmi 48 mahnı təqdim olunmuşdu. Onların ancaq elə 7-si " Sürəyya" şeirinə bəstələnmişdi. Bütün mahnıları səsləndirmək üçün 10 müğənni ayrılmışdı ki, bu siyahıda Ağababa Bünyadzadə, Sona Aslanova və Firəngiz Əhmədovanın adlarına rast gəlirik. Müşayiətçilər sırasında isə məşhur konsertmeyster Vladimir Kozlov və gənc pianoçu Mənzər Süleymanova var idi.



1 1948-ci il qərarlarının çıxmasını şərtləndirən amillər və Bəstəkarlar Ittifaqında onların nəticələri barədə ətraflı bax: Hüseynova L.Ş. Azərbaycan Bəstəkarlar Ittifaqının taritxindən: 1948-ci il həqiqətləri.// " Mədəni maarif" jurnalı, ¹ 7, 2005, s.21-23.

2 Oradaca., səh.22.

3 S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və Incəsənət arxivi, fond 254, s.1, sax.vah.23, v.50-51.

4 Oradaca, v.66.

5 Oradaca.

6 Oradaca, v.66. (dönməsi)

7 Oradaca, v.73-74.


       Müsabiqənin II turuna yalnız 14 mahnı ( Azərbaycan dilində-11, rus dilində-3) vəsiqə alır. Azərbaycan Dövlət Konservatoriyasında geniş ictimaiyyətin iştirakı ilə keçən II turdan sonra səsvermənin nəticələrinə əsasən münsiflər heyəti aşağıdakı bəstəkar və şairləri mükafatlara layiq görür: I mükafat heç kimə verilmir; II mükafat bəstəkar Səid Rüstəmov və şair Zeynal Cabbarzadəyə - «Sürəyya» mahnısına görə; III mükafata isə şair Novrüz Gəncəlinin şeirinə yazılmış iki mahnı - Cahangir Cahangirovun «Mərdlik nəğməsi» və Ibrahim Məmmədovun «Iş mahnısı» layiq görülür. 8 Müsabiqədə yer almayan bəzi mahnılar da tez bir zamanda məşhurlaşır və zənnimizcə, Azərbaycanda kütləvi mahnı janrının inkişafında və milli musiqidə sonralar da çox sevilən və populyar olan Bakı mövzusunun özünəməxsus yer tutmasında bu müsabiqənin xüsusi əhəmiyyəti olmuşdur.

       1948-ci ilin sonunda məlum partiya qərarlarına cavab olaraq bir sıra görülən işlərə yekun vurulmağa başlandı. SSRI Bəstəkarlar Ittifaqının baş katibi - T.N.Xrennikovun Bakıya göndərdiyi 24.IX.1948-ci il tarixli məktubunda xəbər verilir ki, Moskada, 1948-ci il 10 fevral qərarının ilk yekunlarına həsr olunmuş Idarə heyətinin Plenumu keçiriləcək və katibliyin nümayəndələri Plenuma əsər seçmək üçün Bakıya gələcəklər. 9

       1948-cu ilin dekabr ayında isə Azərbaycan bəstəkarlarının nümayəndə heyəti SSRI Bəstəkarlar Ittifaqı Idarə Heyətinin Plenumunda iştirak edir. Dinlənilən əsərlərin miqyasına görə bu plenum çox sanballı tədbir idi: burada 100 bəstəkarın 150 əsəri, o cümlədən Fikrət Əmirovun «Şur» və «Kürd-Ovşarı» simfonik muğamları və Süleyman Ələsgərovun Simfoniyası səslənmişdi. F.Əmirovun simfonik muğamları Plenumun ən yaxşı əsərlərindən biri kimi yüksək qiymətləndirilmişdi. Bu Plenumda xüsusilə kəskin qoyulan problem - yeni operaların, bu janrda müasirliklə səsləşən əsərlərin yaradılması idi. Maraqlıdır ki, Plenumda ifa edilən yeganə opera parçası - Ü.Hacıbəyovun natamam «Firuzə» operasından eyniadlı ariya olmuşdu.

       1949-cu il aprelin 20-dən 28-nə kimi Moskvada tələbə-bəstəkarların yaradıcılığına Ümumittifaq baxışı keçirildi. SSRI-də mövcud olan 22 konservatoriyadan 17-sinin tələbələri, həmçinin Azərbaycan Dövlət Konservatoriyasında təhsil alan Ədilə Hüseynzadə, Şəfiqə Axundova, Cahangir Cahangirov və Andrey Babayev bu baxışda iştirak etmişdilər. Konsertlərdə Ə.Hüseynzadənin Puşkinin sözlərinə «Qızıl gül» və Ş.Axundovanın «Gül» romansları, habelə Ş.Axundovanın «Mərdlik nəğməsi», A.Babayevin Triosu və C.Cahangirovun Skripka və piano üçün Sonatası ifa olunmuşdu. Ümumittifaq baxışda səslənən 150 əsərdən yalnız 50-si iki yekun konsertlərinin proqramlarına salınmış və çox əlamətdardır ki, buraya Ş.Axundova və C.Cahangirovun da əsərləri düşmüşdü.

       1949-cu il mayın 9-da Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə Heyətinin II Plenumu keçirildi və bu Plenumda partiya qərarlarının icrası ilə bağlı görülən işlər, yazılmış əsərlər, habelə nöqsanlar və çatışmazlıqlar barədə geniş fikir mübadiləsi oldu. Plenumu giriş sözü ilə, onun işinə sədrlik edən bəstəkar Səid Rüstəmov açdı. Bu plenum Ü.Hacıbəyovun vəfatından sonra keçirilən ilk böyük tədbir olduğu üçün iştirakçılar əvvəlcə onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Azərbaycan bəstəkarlarının bir il ərzində gördüyü işlər barədə müfəssəl hesabat məruzəsi ilə Qara Qarayev çıxış etdi. 10 Məruzənin ümumi tonu, siyasi yönümü I Plenumda (1948, mart) oxunmuş məruzə ilə səsləşirdi: hər iki plenumun məlum partiya qərarlarından təkanlandığını nəzərə alsaq, bu oxşarlığın səbəbi aydınlaşar. Məruzədə ən çox diqqəti çəkən məqam isə Ittifaqın bir il ərzindəki son dərəcə intensiv iş rejimi oldu. Iki məsləhət komissiyasının (opera, simfonik, kame ra, xor musiqisi və kütləvi janrlar, xalq musiqisi komissiyalarının) ümumilikdə 26 iclası keçirilmiş və 80 əsər dinlənilib müzakirə edilmişdi. Bu əsərlərin 12-si qəbul olunmamışdı. Məsləhət komissiyasının müsbət rəyini almış əsərlər isə ictimaiyyətin iştirakı ilə keçirilmiş 17 ümumi dinləmədə safçürük edilmişdi. Bundan başqa, il ərzində Idarə heyətinin 12 iclası və 5 ümumi toplantısının baş tutması da vurğulanırdı.

       Hesabat məruzəsində ən kəskin tənqidə düçar olmuş sahə - tənqid bölməsinin işi idi. Qarayev musiqişünasları çox passiv mövqe tutmaqda - «susmaqda» günahlandırmışdı. Bölmənin sədri D.X.Danilovun işi qeyri-qənaətbəxş hesab edildi: «Öz qınına girib, elmi işlə məşğul olduqlarını bəhanə gətirən musiqişünaslar özlərini musiqi həyatından təcrid etmiş, çox nadir hallarda, təsadüfdən-təsadüfə özlərini işə vermişlər. Bu cür «susanların» arasında Eldarova və Ismayılov da vardır. Prinsipial «susanlardan» biri də N.S.Çumakovdur ki, o, bütövlükdə Konservatoriyada məşğulluğunu bəhanə gətirərək, Ittifaqın işindən tamamilə yayınıb.» 11 Bir faktı qeyd edək ki, bu cür təzyiqlərə tab gətirməyən N.S.Çumakov 1949-cu ilin əvvəlində öz xahişi ilə Idarə Heyətindən, 1951-ci il martın 21-də isə öz ərizəsi ilə Bəstəkarlar Ittifaqının sıralarından çıxarılmışdır. 12

       N.S.Çumakovun sonuncu hərəkəti ümumiyyətlə böyük qalmaqala səbəb olmuş, digər üzvlər onu bu yoldan çəkindirməyə çalışsalar da, o, öz qərarından dönməmiş və beləliklə Bəstəkarlar Ittifaqının tarixinə onun sıralarını öz ərizəsi ilə, könüllü surətdə tərk etmiş yeganə üzv kimi daxil olmuşdur.

       Plenumda seçilmiş yeni tərkibli Idarə heyəti təşkilati məsələlərə də baxdı. Q.Qarayevin təklifi ilə Idarə heyətinin sədri vəzifəsinə bəstəkar S.Rüstəmov seçildi. Daha sonra Q.Qarayevin Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsinə təyin olunmasını və pedaqoji işini nəzərə alıb Idarə Heyəti onun işini yüksək qiymətləndirərək, Bəstəkarlar Ittifaqının məsul katibliyindən azad etdi və həmin vəzifəyə B.Zeydmanı layiq gördü. Iclasda yaradıcı komissiyalar təsdiq edildi: opera, simfonik və kamera musiqisi üzrə – B.Zeydman, F.Əmirov, C.Hacıyev; kütləvi janrlar və xalq musiqisi üzrə – S.Ələsgərov, S.Hacıbəyov, C.Cahangirov; mədəni-kütləvi iş üzrə – Ə.Bədəlbəyli, Z.Stelnik, C.Paşayev. 13

       1949-cu ildə respublikanın mədəni həyatında müstəsna əhəmiyyət kəsb edən bir tədbir – respublika bəstəkarlarının yaradıcılığına baxış keçirildi. Bu baxış, 1944-cü ildə Tbilisidə keçmiş analoji tədbirdən sonra, Azərbaycan bəstəkarlarının yaradıcılığını hərtərəfli, bütün janrlarda və rəngarəngliyi ilə əks etdirən ən böyük tədbir idi. Qeyd edək ki, əvvəlcə Bakıda, SSRI Nazirlər Kabineti Incəsənət Işləri üzrə Idarənin qərarına əsasən, hər üç Zaqafqaziya respublikasının iştirakı ilə ümumi baxış keçirmək planlaşdırılmışdı. Baxışın əsas məqsədi 1948-ci il partiya qərarından sonra Zaqafqaziya bəstəkarlarının yaradıcılıq nailiyyətlərini göstərmək idi və tədbirin 10 gün davam etməsi nəzərdə tutulurdu. Lakin hazırlıq vaxtının az olmasını (belə ki, baxışda seçilən əsərlər artıq 1949-cu ilin noyabrında SSRI Bəstəkarlar Ittifaqının III Plenumunda ifa edilməli idi), habelə hər respublikanın öz ifaçıları ilə iştirak etmək istəyini və imkanını nəzərə alaraq, ayrıca baxışların keçirilm əsi qərara alınır.




8 S.Mümtaz adına ADMƏA, fond 254, s.1, sax.vah.24, v.38-46.

9 S.Mümtaz adına ADMƏA, fond 254, s.1, sax.vah.23, v.61.

10 S.Mümtaz adına ADMƏA, fond 254, s.1, sax.vah.44, v. 13-38.

11 Oradaca, v.36.

12 S.Mümtaz adına ADMƏA, fond 254, s.1, sax.vah.36, v.26.

13 S.Mümtaz adına ADMƏA, fond 254, s.1, sax.vah.26, v.17.


       Arxiv sənədləri göstərir ki, Bakıdakı baxışı çox böyük hazırlıq mərhələsi qabaqlamış və bununla bağlı bütün məsələlər ciddi nəzarətə götürülmüşdü. Bəstəkarların və iştirakçıların fotoşəkillərinin çəkilməsindən tutmuş (sentyabrın 21-25-nə qədər hamı siyahı üzrə teatr cəmiyyətinin fotostudiyasında şəkil çəkdirməli idi) notların köçürülməsi və məşqlərin dəqiq vaxtlarının göstərildiyi cədvəllər və siyahılar səliqə-sahmanı ilə diqqəti cəlb edir. Çalınan bütün əsərlərə musiqişünaslar D.Danilov, X.Ağayeva, E.Nikomarova, M.Ismayılov və Ə.Eldarova annotasiyalar yazmışdılar. Baxışın gedişatını mətbuatda işıqlandırmaq da onlara həvalə edilmişdi. Tədbirə çoxlu sayda qonaqlar dəvət olunmuşdu. Moskvadan D.Şostakoviç, Q.Fere (respublikalarla iş üzrə komissiyanın sədri), T.Litinski, I.Nestyev, A.Xolodilin, Tbilisidən A.Maçavariani, R.Laqidze, Q.Kiladze, Q.Çxikvadze, Ş.Aslanişvili, I.Qokieli, Vilnüsdən I.Karasas, I.Şvedas, K.Kavyaskas, Riqadan Y.Ozolin, Y.Lisitis, V.Utkin, V.Qrevin, Xarkovdan D.Klebanov gəlmişdilər.

       Baxışın konsertlərində bəstəkarlarımızın müxtəlif janrlarda yazılmış 60-a qədər əsəri səsləndi. Opera janrı Ə.Bədəlbəylinin «Nizami» və B.Zeydmanın «Ağıldan bəla» operaları, balet musiqisi isə Qara Qarayevin «Yeddi gözəl» və S.Hacıbəyovun «Cülşən» baletlərindən süitalarla təmsil olunmuşdu. Dörd simfonik konsertin proqramına F.Əmirovun simfonik muğamları və «Qış yolu» vokal-simfonik poeması, Q.Qarayevin «Leyli və Məcnun» simfonik poeması, C.Hacıyevin Stalinə həsr olunmuş Oratoriyası, M.Əhmədovun 26 Bakı komissarlarının xatirəsinə Simfoniyası, S.Ələsgərovun «Vətən» simfoniyası, Ş.Axundovanın «Pambıq yığımı» simfonik lövhəsi, Ə.Abbasovun Konsertinosu, Niyazinin «Rast» simfonik muğamı, C.Cahangirovun «Arazın o tayında» vokal-simfonik poeması, habelə yuxarıda adları çəkilən balet süitaları daxil edilmişdi.

       Ayrıca konsert Azradiokomitənin xalq çalğı alətləri orkestrinin və Azərbaycan Dövlət Filarmoniyası Mahnı və rəqs ansamblının ifasında səslənən əsərlərdən təşkil olunmuşdu. Burada S.Rüstəmovun «Rəqs süitası», C.Cahangirovun «Rəqsi», F.Əmirov və A.Babayevin fortepiano ilə orkestr üçün Konserti, Niyazi və Q.Salahovun «Bir baxçanın çiçəkləri» kompozisiyası təqdim olunmuşdu.

       Kamera musiqisindən ibarət bir böyük konsertin proqramına isə 14 bəstəkarın əsasən mahnı və romansları, bir neçə kamera-instrumental əsəri və xor miniatürləri daxil edilmişdi. Bu baxış dinləyicilər qarşısında 5 gün ərzində Azərbaycan musiqisinin geniş panoramını canlandırdı. 14

       Oktyabrın 14-də Baxışın nəticələrinə həsr olunmuş geniş müzakirə keçirildi. Əvvəlcə, Bəstəkarlar Ittifaqının sədri Səid Rüstəmov baxışın nəticələrinə həsr olunmuş hesabat məruzəsi ilə çıxış etdi. Təbii ki, bu məruzə o dövrün ənənəsinə müvafiq tərzdə başdan-ayağa ideoloji-siyasi çərçivəyə salınmışdı. Ilk növbədə S.Rüstəmov bildirdi ki, bir sıra bəstəkarlarımız «formalist səhvlərini» başa düşmüş və bunun parlaq göstəricisi Q.Qarayevin «Leyli və Məcnun» simfonik poeması və F.Əmirovun «Şur», «Kürd-Ovşarı» simfonik muğamlarının Stalin mükafatına layiq görülməsidir. Baxışda ilk dəfə səslənən C.Hacıyevin «Yoldaş Stalinə həsr olunmuş Oratoriya»sı natiqin fikrincə bir sıra qüsurlara baxmayaraq diqqətəlayiq əsər kimi bəstəkarın «düz yolda» olmasını sübut edirdi. Məruzədə S.Rüstəmov Baxışda səslənən əsərlərin icmalını və təhlilini verdikdən solnra əldə edilmiş nəticələri belə ümumiləşdirmişdi: «Ən müsbət nəticə ondan ibarətdir ki, bəstəkarlar realist musiqiyə, xalq musiqisi ilə əlaqələrin möhkəmləndirilməsinə, öz fikirlərini sadə, anlaşıqlı dil ilə ifadə etmək istiqamətində dönüş yaradıblar.» 15Nöqsanlardan danışarkən isə S.Rüstəmov ilk növbədə opera janrında müasir mövzulu əsərlərin olmamasını ön plana çəkdi və qeyd etdi ki, bu məsələ hətta AK (b) P XVII qurultayında M.Bağırovun məruzəsində də öz əksini tapıb və partiya bəstəkarların qarşısında müasir mövzulu opera yaratmaq barədə konkret vəzifə qoyub. 16 Buna cavab olaraq natiq hazırda F.Əmirovun «Sevil», S.Ələsgərovun isə «Mincə-çevir» operaları üzərində işlədiklərini bəyan etmişdi.

       Məruzədən sonrakı müzakirələrdə bir sıra şablon çıxışlarla yanaşı maraqlı qeydlər, fikirlər də səsləndi. Bu baxımdan D.D.Şostakoviçin çıxışı xüsusi maraq doğurur. O, ilk növbədə S.Rüstəmovun rəhbərliyi altında Xalq çalğı alətləri orkestrinin ona böyük təsir baxışladığını xüsusi qeyd etmişdi. Bu orkestrin ifasında səslənən S.Rüstəmovun «Rəqs süitası»nı, C.Cahangirovun «Rəqs»ini, F.Əmirov və A.Babayevin Piano və xalq çalğı alətləri üçün konsertini o, çox uğurlu əsərlər kimi qiymətdirmişdi. Bununla yanaşı Şostakoviç orkestrdə bas registrinin çatışmazlığı probleminə də toxunmuşdu: «Musiqi alətləri üzrə ustalar xalq çalğı alətlərinin yeni bas variantlarını hazırlayıb, bu problemi həll edə bilərlər. Çünki bası royalla əvəz etmək düzgün deyil.» 17 Qeyd edək ki, Şostakoviçin xüsusi diqqət yetirdiyi bu problem sonrakı illərdə də vaxtaşırı gündəmə gəlmiş və demək lazımdır ki, hal-hazırda onun həlli istiqamətində artıq əhəmiyyətli addımlar atılmışdı r. 18

       Öz çıxışında Şostakoviç muğamların simfonikləşdirilməsi təcrübəsinin də davam etdirilməsini zəruri saymışdı. Bu baxımdan o, F.Əmirov və Niyazinin əsərlərini yüksək nailiyyət adlandırmışdı. C.Cahangirovun «Arazın o tayında» simfonik poemasını isə çox maraqlı əsər hesab edərək, onu hər yerdə yaymaq və məşhurlaşdırmaq lazım olduğunu bildirmişdi. Ümumiyyətlə, Şostakoviçin çıxışı saxta pafosdan uzaq olan səmimiliyi və açıqlığı ilə diqqəti cəlb edir. Məsələn, o, kiçik bir əsərdən xüsusi zövq və həzz aldığını dilə gətirir. Bu əsər F.Əmirovun A.Zeynallının xatirəsinə ithaf olunmuş violonçel üçün Romansı idi. Şostakoviç deyir ki, «bu romans hələ də mənim yaddaşımda səslənir, beynimdə fırlanır. Çox ciddi, sadə, aydın və son dərəcə təsirli musiqidir.»19 Ümumiyyətlə isə müzakirələrdə çıxış edənlərin yekdil rəyinə görə Baxışın ən diqqətəlayiq və parlaq əsəri C.Cahangirovun «Arazın o tayında» vokal-simfonik poeması oldu.

       Baxışın nəticələri istər respublika mətbuatında, istərsə də mərkəzi mətbuatda geniş işıqlandırıldı. 20 Bəstəkarlar Ittifaqnın tarixində isə bu baxış öz möhtəşəmliyi və miqyası ilə xüsusi yer tutdu.

       1940-cı illərin sonunda müşahidə olunan son dərəcə intensiv iş rejimi növbəti onillikdə də davam etdirildi. Elə onu demək kifayətdir ki, 50-54-cü illər arasında Bəstəkarlar Ittifaqının 5 böyük plenumu keçirilmişdi. Təsadüfi deyil ki, 50-ci illər Azərbaycan musiqisinə mühüm yaradıcılıq nailiyyətləri ilə daxil oldu. Məhz bu dövrdə Azərbaycan musiqisində bir çox janrların dinamik inkişafı və onların nəinki Ümumittifaq, habelə beynəlxalq miqyasda tanınması prosesi geniş vüsət alır.




14 S.Mümtaz adına ADMƏA, fond 254, s.1, sax.vah.27, v.304-318.

15 S.Mümtaz adına ADMƏA, fond 254, s.1, sax.vah.46, v.87.

16 Oradaca, v.92.

17 Oradaca, v.117.

18 Təqdimat mərasimi// «Musiqi dünyası» jurnalı, 3-4/2004, s.66-67.

19 S.Mümtaz adına ADMƏA, fond 254, s.1, sax.vah.46, v.121.

20 Nestğev I., Fere V. Prekrasnıy rasüvet Azerbaydcanskoy muzıki. «Sov.muzıka», ¹12, 1949.







Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70