XƏBƏRLƏR 2005-ci il
Materialları hazırladı: Leyla MƏMMƏDOVA
 

       Yanvarın 14-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Respublikanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun 75 illik yubileyinə həsr olunmuş konsert keçirildi. Giriş sözü ilə Bakı Musiqi Akademiyasının professoru Fərəh Əliyeva çıxış edərək, bəstəkarın həyat və yaradıcılıq yolundan ətraflı mə’lumat verdi. Konsertdə O.Zülfüqarovun 2 saylı Simli kvartetindən II və III hissələr; skripka, violonçel və fortepiano üçün Trionun II və III hissələri; fortepiano üçün 3 prelüd; “Canana yetmişəm” (söz. M.Füzulinin) və “Yarmı keçdi” (söz. S.Rüstəmin) romansları; violonçel və orkestr üçün Konsert; “Şənlən mənim xalqım” Uvertürası səsləndi. Konsertdə Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosu və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak etdilər. Solistlər - Bakı Musiqi Akademiyasının dosenti Ü.Hacıbəyova (fortepiano), Akademik Opera və Balet Teatrının solisti F.Məmmədova (soprano), Respublikanın əməkdar artisti E.Iskəndərov (violonçel). Respublikanı n xalq artisti, Dövlət mükafatı laureatı, professor Rauf Abdullayev orkestrə dirijorluq etmişdir.



       Yanvarın 25-də Niyazinin ev-muzeyində bəstəkarın indiyə qədər namə’lum qalmış piano əsərlərinin ilk nəşrinə həsr olunmuş təqdimat mərasimi keçirilmişdir. Not nəşrinin tərtibçi-redaktoru Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovadır. Məcmuədə Niyazının Etüd (“Zarafat”), Skertso, Prelüd, Rəqs, “Almaz” kino-filminə musiqidən 3 fraqment, “Miracle” (“Möcüzə”), Adajio (“Çitra” baletindən) və Rəng (“Şur” muğamından) əsərləri daxil edilmişdir. Tədbirdə Mədəniyyət Naziri Polad Bülbüloğlu, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Muzeyin direktoru Alla Bayramova çıxış etdilər. Niyazinin əsərlərini pianoçu Ülviyyə Hacıbəyova təqdim etdi.



       Fevralın 16-da Moskvada, Dövlət Kreml sarayında Rusiyada Azərbaycan ilinin təntənəli açılış mərasimi olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin çıxış etdilər.

       Rəsmi hissədən sonra Azərbaycanın incəsənət ustalarının iştirakı ilə konsert oldu. Konsert proqramında Ü.Hacıbəyovun “Arşın mal alan” operettasından Əsgərin ariyası (solist Samir Cəfərov); N.Əliverdibəyovun Xor üçün “Bayatı-Şiraz” əsəri (ifaçı - Azərbaycan Dövlət Xor Kapellası, bədii rəhbər Gülbacı Imanova); A.Əlizadənin kamera orkestri üçün “Cəngi” əsəri (ifaçı - Q.Qarayev adına Dövlət Kamera Orkestri, bədii rəhbər Teymur Göyçayev); F.Əmirovun “Min bir gecə” baletindən fraqmentlər; T.Quliyevin “Neftçilər” mahnısı (solist - Anar Şuşalı) və Polad Bülbüloğlunun öz ifasında bir sıra populyar mahnıları səsləndi. Konsert Polad Bülbüloğlunun “Azərbaycan - odlar yurdum mənim” mahnısının təntənəli ifası ilə başa çatdı.

       Rusiyanın Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Mədəniyyət Naziri Polad Bülbüloğlunu Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsi və inkişafına verdiyi töhfəyə görə “Dostluq” ordeni ilə təltif etmişdir.



       Martın 4-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar Fərhəng Hüseynovun yaradıcılıq gecəsi keçirilmişdir. Konsertdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor - Azad Əliyev), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor - Azərbaycanın əməkdar incəsənət xadimi - Gülbacı Imanova) və Bülbül adına Orta Ixtisas Musiqi Məktəbinin uşaq xoru (bədii rəhbər - Dilarə Əliyeva, konsertmeyster - Nərminə Əfəndiyeva), Respublikanın əməkdar artistləri və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Əkrəm Poladov (bas), Həsən Enami (tenor), Mahirə Quliyeva (soprano), Səbinə Əsədova (metso soprano) və Ərəstun Quliyev iştirak etdilər.

       Proqramda bəstəkarın uşaq xoru, böyük xor, solistlər, orqan və simfonik orkestr üçün “Dünyada sülh bərqərar olsun” oratoriyası (əsər Azərbaycanın ümummilli lideri, mərhum Prezidentimiz Heydər Əliyevə həsr olunub); “Kraliça Aba” baletindən süita; “Quarani” kapriççiosu və “La dinio” fantaziyası səslənmişdir.



       Martın 16-da Bakı Musiqi Akademiyasında bəstəkar, əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, professor Musa Mirzəyevin yaradıcılığının 50-illiyinə həsr olunmuş yubiley konserti oldu. Konsertdən qabaq Mədəniyyət Nazirliyi Incəsənət şö’bəsinin müdiri Ə.Lalayev nazir P.Bülbüloğlunun bəstəkara təbrik məktubunu oxudu. Sonra Bəstəkarlar Ittifaqının katibi, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professoru Ramiz Zöhrabov bəstəkarın həyat və yaradıcılığından söz açdı. Konsertdə M.Mirzəyevin kamera-instrumental və kamera vokal əsərləri dinləyicilərə təqdim olundu.



       Aprelin 14-də Bakı Musiqi Akademiyasının Böyük Zalında Ü.Hacıbəyovun 120 illik yubileyi münasibəti ilə konsert keçirilmişdir. Proqramda Ü.Hacıbəyov, Ə.Bədəlbəyli, F.Bədəlbəyli, N.Əliverdibəyov, I.Hacıbəyov, S.Hacıbəyov və Niyazinin əsərləri səslənmişdir. Konsertdə Ülviyyə Hacıbəyova (fortepiano), R.Ismayılova (orqan), A.Həsənova (fortepiano), N.Əfəndiyeva (fortepiano), G.Zeynalov (tar), G.Ismayılova (soprano), F.Məmmədova (soprano), S.Əsədova (metso-soprano) və H.Enami (tenor) iştirak etdilər. Ön sözlə Bakı Musiqi Akademiyasının professoru F.Əliyeva çıxış etdi.



       Mayın 16-da Bakı Musiqi Akademiyasının Böyük Zalında Üzeyir Hacıbəyovun 120 illiyinə həsr olunmuş konsert keçirilmişdir. Konsertdən əvvəl ön sözlə Azərbaycan Bəstəkarlar Ittifaqının Katibi, respublikanın əməkdar incəsənət xadimi, professor Ramiz Zöhrabov və BMA-nın prorektoru, professor Oqtay Abasquliyev çıxış etdilər. Proqramda Ü. Hacıbəyovun «Aşıqsayağı», «Arşın mal alan» operettasından Asyanın mahnısı, «Koroğlu» operasından Xanəndə qızın mahnısı və Üvertüra; F.Əmirovun «Sevil» operasından Sevilin ariyası; Q.Qarayevin 2 romansı və «Eskiz»; Niyazinin «Çitra» baletindən «Adajio» və «Möcüzə»; S.Hacıbəyovun «Laylay»ı; N.Əliverdibəyovun «Bayatı-Şiraz» əsəri; V.Adıgözəlovun Prelüdləri; A.Əlizadənin «Dastan»ı; A.Məlikovun 2 romansı; X.Mirzəzadənin Prelüdləri; T.Bakıxanovun «Elegiya» və «Şərq sədaları»; S.Ibrahimovanın «Əzizlərimin xatirəsinə»; O.Zülfüqarovun «Trio»su və I.Hacıbəyovun Romansı səsləndi.

       Konsertdə Ülviyyə Hacıbəyova, Eldar Iskəndərov, Fəridə Məmmədova, Töhfə Babayeva, Nər giz Əliyarova, Səbinə Ibrahimova, Səbinə Əsədova, Gülnarə Səfərova, Lalə Həsənova, Fəridə Əhmədbəyova və Rə’na Ismayılova iştirak etdilər.




       Iyunun 9-da R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında bəstəkar Ilham Abdullayevin müəllif gecəsi keçirilmişdir. Konsert ölməz sənətkar Rəşid Behbudovun xatirəsinə həsr edilmişdir. Proqramda bəstəkarın «Vokaliz», «Bilə bilməzsən», «Vətən» romansları (solist - Leyla Məmmədova, piano - müəllif); fortepiano üçün 9 pyes (ifaçı - müəllif); skripka və fortepiano üçün «Elegiya» (skripka - Nailə Məmmədova, piano - müəllif); Tar və fortepiano üçün «Fantaziya» (tar - Vüqar Süleymanov, piano - müəllif); fleyta, skripka və fortepiano üçün «Ariya» (fleyta - Nərgiz Mütəllibova, skripka - Təhminə Abdullayeva, piano - müəllif); tar və fortepiano üçün «Aşıqsayağı» (tar - Bəhruz Zeynalov, piano - müəllif); iki fortepiano üçün 2 pyes (Ədhəmzadə Adilə, Nəbizadə Çinarə). Konsertin sonunda Bülbül adına Orta Ixtisas Musiqi Məktəbinin «Qız Qalası» xorunun ifasında (bədii rəhbər və dirijor Dilarə Əliyeva) I.Abdullayevin «Nərgiz», «Daha payızdır», «Bizimdir gələcək» və «Azərbayc an» (solistlər - Dinarə Əliyeva, Əvəz Abdullayev və Bəyimxanım Mirzəyeva) əsərləri səsləndi.



       Iyunun 10-da Heydər Əliyev adına Sarayda Azərbaycan Respublikasının xalq artisti, professor, tanınmış bəstəkar Süleyman Ələsgərovun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir. Bəstəkarın həyat və yaradıcılığı haqqında Respublikanın Mədəniyyət Naziri, xalq artisti Polad Bülbüloğlu geniş məruzə etmişdir. Konsert musiqili-ədəbi kompozisiya şəklində qurulmuşdur. Proqramda bəstəkarın romans və mahnıları, tanınmış əsərlərindən parçalar səsləndi. Tamaşaçılara bəstəkar haqqında sənədli film və «Ulduz» filmindən fraqmentlər nümayiş etdirildi.



       Iyunun 10-12-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Böyük Britaniya Səfirliyinin təşəbbüsü ilə Birinci Cənubi Qafqaz Musiqi Konfransı keçirilmişdir. Konfransda Azərbaycan Repsublikasını - Bəstəkarlar Ittifaqının məsul katibi, musiqişünas Lalə Hüseynova, bəstəkar Elmir Mirzəyev, «SoNor» müasir musiqi təşəbbüs mərkəzinin direktoru, musiqişünas Afət Məmmədova, Bakı Caz Mərkəzinin meneceri Leyla Əfəndiyeva, habelə British Counsil-ın nümayəndələri Dilarə Ismayılova, Gülarə Ələkbərova və Teleşirkətlərin nümayəndələri təmsil etmişlər.

       Konfransın konsert proqramında gənc estrada müğənnisi Elnarə Xəlilova və «Heyratı» muğam üçlüyünün çıxışı olmuşdur.



       Iyun ayının 17-də Azərbaycan Bəstəkarlar Ittifaqının Kamera musiqisi zalında Bəstəkarlar Ittifaqının 70 illik yubileyinə həsr olunmuş fortepiano musiqisindən ibarət konsert keçirilmişdir. Konsertdə pianoçuların Beynəlxalq müsabiqəsinin laureatı Züleyxa Bayramovanın (professor O.Abbasquliyevin sinfi) ifasında Qara Qarayevin Prelüdləri, «Tsarskoye selo heykəli», Cövdət Hacıyevin «Ballada», Tofiq Quliyevin «Qaytağı», Vasif Adıgözəlovun Prelüdləri, Xəyyam Mirzəzadənin «OHNE…», Musa Mirzəyevin «Lənkəran əfsanəsi», Fərhad Bədəlbəylinin «Dəniz» və Arzu Məmmədovanın «Unudulmaz əfsanə» əsərləri səsləndi.



       Iyunun 27-də Azərbaycan Bəstəkarlar Ittifaqında tanınmış Iran bəstəkarı və musiqişünası Ruhulla Xaliqinin qızı bəstəkar Gülnüş Xaliqi və Vaşinqton Milli Incəsənət Qalereyasının Musiqi üzrə Departamentinin başçısı, pianoçu Stefan Askertlə görüş keçirilmişdir. Görüşdə bəstəkarlar Cavanşir Quliyev, Azər Dadaşov, Rəhilə Həsənova, musiqişünaslar Sənubər Bağırova və Xanlar Novruzov, Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə Heyə’tinin Katibi, professor Ramiz Zöhrabov, Bəstəkarlar Ittifaqının məs’ul katibi Lalə Hüseynova və Bəstəkarlar Ittifaqının baş məsləhətçisi Leyla Məmmədova iştirak etmişdilər. Görüşə dəvət olunmuş Bakı Musiqi Akademiyasının dosenti Ülviyyə Hacıbəyova və Opera və Balet Teatrının solisti Fəridə Məmmədova qonaqları bir sıra məşhur Azərbaycan və Avropa bəstəkarlarının əsərləri ilə tanış etdilər. C.Quliyev, R.Həsənova və A.Dadaşov öz əsərlərini lent yazısında səsləndirdilər. Görüş səmimi və yaradıcılıq ab-havasında keçdi.



       Avqustun 23-də Moskva şəhərində MDB ölkələrinin elm və mədəniyyət xadimlərinin 2006-cı ildə keçiriləcək Forumunu təşkil etmək məqsədilə Təşəbbüs qrupunun iclası olmuşdur. Rusiya Federasiyası Mədəniyyət və Kinematoqrafiya Agentliyinin direktoru M.Y.Şvidkoyun dəvəti ilə Azərbaycan Yaradıcılıq Ittifaqlarının nümayəndələri - Teatr Xadimləri Ittifaqının sədri, rejissor Azər Paşa Nemətov, Yazıçılar Ittifaqının katibi, yazıçı Çingiz Abdullayev, Bəstəkarlar Ittifaqının məsul katibi, musiqişünas Lalə Hüseynova və Rəssamlar Ittifaqının üzvü, sənətşünas Leyla Axundzadə həmin iclasda iştirak etmişlər.



       Sentyabrın 6 və 7-də Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyinə həsr olunmuş «Dahiləri anarkən» adlı təntənəli gecə keçirilmişdir. Beynəlxalq müsabiqələr laureatı, Moskva Dövlət Filarmoniyasının solisti, pianoçu Murad Adıgözəlzadənin ifasında dahi alman bəstəkarı Lüdviq Van Bethovenin fortepiano və simfonik orkestri üçün beş konserti səslənmişdir. Konsert proqramında Ü.Hacıbəyovun «Koroğlu» operasından Uvertüra və «Arazbarı» səslənmişdir. Konserti Azərbaycan Dövlət Simfonik Orkestri və onun baş dirijoru və bədii rəhbəri xalq artisti, Dövlət mükafatı laureatı, professor Rauf Abdullayev aparmışdır.

       Filarmoniyanın foyesində istedadlı gənc rəssam Aida Mahmudovanın rəsm şəkillərinin sərgisi nümayiş etdirilmişdir.

       Konserti giriş sözü ilə Azərbaycan Respublikasının Mədəniyyət Naziri, xalq artisti, professor Polad Bülbüloğlu açdı. Musiqişünas Fərəh Əliyeva öz ətraflı çıxışında Ü.Hacıbəyovun həyat və yaradıcılığı haqqında maraqlı faktlar ilə dinləyiciləri tanış etdi. «Dahiləri anarkən» layihəsi Murad Adıgözəlzadə və «Azərsell» şirkətinin ideyası ilə təşkil edilmişdır.




       Sentyabrın 18-də dünya mədəniyyətinin görkəmli dühalarından sayılan, Azərbaycan xalqının milli iftixarı, Şərq musiqisinə xüsusi estetika bəxş etmiş Üzeyir bəy Hacıbəyova həsr edilmiş və Azərsun Holdinq Mədəniyyət Mərkəzində keçirilmiş gecə yaddaşlara həkk olundu.

       Tədbir Bakı Musiqi Akademiyasının qarşısında yerləşən ölməz sənətkarın heykəli önünə əklil qoyulması ilə başlandı. Mədəniyyət Mərkəzində düzənlənən bədii-ədəbi gecədə çağdaş günlərimizin ünlü sənətçiləri, şair və yazıçılar, holdinq əməkdaşları Üzeyir bəyin geniş və çoxşaxəli fəaliyyətindən, böyük fitri istedadından, zəngin yaradıcılığından danışdılar.

       Bədii-ədəbi, musiqli kompozisiyanın aparıcısı Səadət xanım Qarabağlı Üzeyir bəyin həyat və fəaliyyətinin müəyyən məqamlarını xüsusi olaraq diqqətə yetirdi.

        «Arşın mal alan», «Ər və arvad» operettalarından ifa edilən musiqi parçaları, Opera və Balet Teatrının solistləri, respublikanın xalq artistləri Mənsum Ibrahimov və Nəzakət Teymurovanın ifasında Leyli və Məcnunun duetləri, xalq artisti - Lütfiyar Imanovun ifasında Koroğlunun ariyası və digər çıxışlar da maraqla qarşılandı.

       Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun Üzeyir bəyə ithaf etdiyi «Bir mahnı var» mənzum şeri, şair Məmməd Aslanın «Dünya xəlvət dərə deyil» şeri, musiqişünas Ramiz Zöhrabovun Üzeyir bəyin musiqisi ilə bağlı çıxışları gecəyə təsirli ovqat bəxş etdi.



       Sentyabr ayının 16-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar Ittifaqı və Beynəlxalq Əlaqələr Mərkəzinin təşəbbüsü ilə «Azərbaycan dünyası» rəsm qalereyasında Respublikanın əməkdar incəsənət xadimi Elturan Avalovun Ü.Hacıbəyovun anadan olmasının 120 illiyinə həsr olunmuş «O olmasın, bu olsun», «Arşın mal alan» & «Elturan» adlı sərgisinin açılışı keçirilmişdir. Sərgidə rəssamın Ü.Hacıbəyovun əsərlərinin mövzusunda çəkilmiş şəkillər nümayiş etdirilmişdir.



       Sentyabr ayında dahi bəstəkar Ü.Hacıbəyovun anadan olmasının 120 illik münasibəti ilə Bakı Kitab Klubu «O olmasın, bu olsun» musiqili komediyasını ingilis dilində çap edib. «Mashadi Ibad» adlı kitaba əsərin librettosu (azərbaycan və ingilis dilində) və partiturası daxildir. Kitabın tərcüməçisi Seyran Ağabəyovdur.



       Sentyabrın 16-da Respublika «Musiqi dünü» münasibəti ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmiətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında bir sıra mədəniyyət xadimlərinə fəxri ad verilmişdir. Onların sırasında Bəstəkarlar Ittifaqının üzvləri də təltif olunmuşdur:

        «Xalq artisti» fəxri adına Ibrahimova Sevda Mirzə qızı, Məmmədov Nəriman Həbib oğlu, Mirzəyev Musa Abdulla oğlu və «Əməkdar incəsənt xadimi» fəxri adına Dadaşov Ağadadaş Hacıbala oğlu, Dadaşov Azər Ismayıl oğlu, Qasımova Ruhəngiz Nağı qızı, Mansurov Eldar Bəhram oğlu və Yaqubova Tahirə Əhəd qızı.



       Sentyabrın 18-də Bakıda Üzeyir Musiqi günü geniş qeyd olunmuşdur. Bayram iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümumilli liderimiz Heydər Əliyevin xatirəsinə dərin ehtiramlarını bildirmiş, məzarı önünə əklil qoymuşlar.

       Dövlət xor kapellası Üzeyir Hacıbəyovun məzarı önündə dahi bəstəkarın məşhur «Şəbi hicran» əsərini ifa etmişdir.

       Musiqi bayramı Dövlət Incəsənət Muzeyinin həyətində, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəyovun, Bülbülün erməni qəsbkarları tərəfindən Şuşada güllələnmiş və burada nümayiş etdirilən büstlərinin yanında davam etdirilmişdir.

       Yaralı abidələrin önünə tər güllər düzüldükdən sonra incəsənət ustalarının ifasında Şuşa həstərli mahnılar səslənmiş, şerlər dinlənilmişdir.



       Sentyabrın 18-də paytaxtın minlərlə sakini xalqımızın XX əsrdə bəşəriyyətə bəxş etdiyi ən böyük simalardan biri, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş ənənəvi Üzeyir musiqi günündə iştirak etmək, onun həmişəyaşar sənətinə ehtiramını, hörmət və məhəbbətini bildirmək üçün ölməz sənətkarın Bakı Musiqi Akademiyasının qarşısındakı abidəsi önünə toplaşmışdı. Mədəniyyət Naziri Polad Bülbüloğlu, Azərbaycan Bəstəkarlar Ittifaqının Birinci Katibi, xalq artisti Vasif Adıgözəlov, Bakı Musiqi Akademiyasının rektoru, xalq artsiti Fərhad Bədəlbəyli, xalq artisti Arif Babayev, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi, xalq artisti Lütfiyar Imanov, xalq artisti Xuraman Qasımova, xalq şair, Milli Məclisin deputatı Zəlimxan Yaqub sıxış etdilər.

       Bayram tədbiri Üzeyir bəy Hacıbəyovun ölməz musiqisi ilə davam etdirildi. Dahi sənətkarın şah əsəri - «Koroğlu» operasının üvertürasının ürəkləri riqqətə gətirən, qəlblərdə igidlik, qəhrəmanlıq, vətənə məhəbbət, qeyrət duyğuları oyadan sədası ətrafa yayıldı. Üzeyir bəyin operettalarının qəhrəmanları səhnəyə çıxdı, obrazların dili ilə keçmişimizin, bu günümüzün eybəcərlikləri tənqid atəşinə tutuldu. Bakının ayrı-ayrı musiqi məktəblərinin, uşaq bədii özfəaliyyət kollektivlərinin ifa etdikləri xor, ariya, mahnı və rəqslər Üzeyir bəyin musiqi dünyasının möhtəşəmliyini, əzəmətini bir daha əyani göstərdi, musiqi bayramının iştirakçılarına unudulmaz xoş əhval-ruhiyyə bəxş etdi.



       Sentyabrın 18-də Azərbaycan professiolnal musiqisinin banisi Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyi münasibətilə bəstəkarın ev-muzeyində aparılmış təmir-bərpa, yenidənqurma işlərindən sonra yeni ekspozisiyanın açılış mərasimi olmuşdur.

       Mədəniyyət naziri Polad Bülbüloğlu Üzeyir Hacıbəyovun dünya musiqisi tarixində tutduğu mövqedən, musiqi mədəniyyətimizin inkişafındakı misilsiz xidmətlərindən danışdı, bu ev-muzeyin yenidən bərpasının Azərbaycan Prezidenti Ilham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə reallaşdığını vurğuladı. Nazir təmir işlərini yüksək keyfiyyətlə yerinə yetirən inşaatçılara təşəkkürünü bildirdi.

       Sənətşünaslıq doktoru, professor Zemfira Səfərova, xalq artisti, bəstəkar Ramiz Mustafayev, muzeyin direktoru, bəstəkar Sərdar Fərəcov çıxışlarında Üzeyir bəy yaradıcılığının milli mədəniyyətimizin inkişafındakı rolundan danışaraq, vaxtilə ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və iştirakı ilə açılmış bu sənət ocağının yenidən öz görkəmini dəyişməsini yüksək qiymətləndirdilər, yubiley tədbirlərinin respublikamızın mədəni həyatında mühüm hadisəyə çevrildiyini söylədilər.



       Sentyabrın 19-da Heydər Əliyev adına Sarayda keçirilən yubiley gecəsi dahi bəstəkara ümumxalq məhəbbətinin parlaq ifadəsinə çevrildi. Bayram tədbirində Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyev və Heydər Əliyev fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak etdilər.

       Yubiley gecəsini geniş məruzəsi ilə Respublikanın Mədəniyyət Naziri Polad Bülbüloğlu açdı. Sonra incəsənət ustalarının iştirakı ilə böyük yubiley konserti oldu. Əvvəlcə xalq artisti Rauf Abdullayevin idarəsi ilə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında «Koroğlu» operasından Üvertüra səsləndi. Müvəffəqiyyətlə keçən konsertdə Üzeyir bəyin «Leyli və Məcnun», «Koroğlu», «O olmasın, bu olsun», «Arşın mal alan» operaları və musiqili komediyalarından parçalar, ariyalar, «Arazbarı», «Sənsiz» və «Sevgili canan» kimi musiqi inciləri ifa olundu. Respublikanın xalq artisti Cavanşir Cəfərov, Yalçın Adıgözəlov və Nazim Hacıəlibəyov orkestrə rəhbərlik etdilər. Konsert proqramında Respublikanın xalq artistləri - Lütfiyar Imanov, Mənsum Ibrahimov, Nəzakət Teymurova, Aygün Bayramova, əməkdar artist Həsən Enami və b. çıxış etdilər.

       Yubiley gecəsi Üzeyir Hacıbəyovun bəstələdiyi Azərbaycan Respublikasının Dövlət Himninin əzəmətlə səsləndirilməsi ilə başa çatdı.

       Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyev konsertdən sonra səhnə arxasına keçərək uğurlu çıxışlarına görə incəsənət ustalarını təbrik etdi.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70