ASƏF ZEYNALLININ YARADICILIĞINDA FORTEPIANO FUQALARININ INTONASIYA XÜSUSIYYƏTLƏRI
Natəvan QƏDIMOVA
 

       Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) ilk professional təhsil alan bəstəkar kimi Asəf Zeynallının yaradıcılığı Azərbaycan musiqi incəsənəti sahəsində özünəməxsus əhəmiyyət kəsb edir. Cəmi 23 il ömür sürən bəstəkar (1909-1932) bir musiqi ictimai xadim kimi professional xalq musiqi mədəniyyətində ilk romansları, fortepiano və skripka miniatürləri, həmçinin ilk simfonik əsərləri ilə özünəməxsus yaradıcılıq üslubuna malik olmuşdur. A.Zeynallının fortepiano musiqisi musiqi sahəsində böyük müvəffəqiyyət qazanmışdır. O bu sahədə folklor musiqi ştrixlərini klassik musiqi ilə sintez etməyə nail olmuşdur. Bəstəkarın özünəməxsus dəst-xətti intsrumental əsərlərində olduğu kimi fortepiano əsərlərində də xalq musiqisinin koloriti, eyni zamanda klassik musiqi bəstəçiliyi ənənələrinə sadiqliyi ilə özünü göstərir.

       Konservatoriyada tələbəlik illərində (1926-cı ildən etibarən) bir çox pyeslər yazmışdır. Bunlara misal olaraq - "Çahargah", "Durna" pyesləri, "Uşaq süitası", daha sonra isə skripka üçün "Muğamsayağı", iki violonçel və fortepiano üçün "Qoyunlar" xalq mahnısı mövzusunda əsərlərini, xor və orkestr üçün "Şikəstə" və s. əsərlərini göstərmək olar.

        "XX əsrin 20-30-cü illərində onun ən yaxşı əsərlərinə - "Ölkəm", "Sual", "Seyran", "Çadra", "Sərhədçi" romanslarını misal göstərmək olar. Eyni zamanda səs və vokal ansambl üçün "Səndən mənə yar olmaz", "Araz" xalq mahnılarını işləmişdir".1

       A.Zeynallı bir çox dram əsərlərinə də musiqi yazmışdır. Bu pyeslərə C.Cabbarlının "Sevil", Yanovskinin "Qəzəb", Kirşonun "Şimal küləyi", C.Xəndanın "Gizli əllər" və s. buna nümunədir.

       Konservatoriyanı bitirdikdən sonra o ilk ikihissəli "Fraqmentlər" simfonik süitasını yazmışdır. Ədəbiyyatda bəstəkarın hələ tələbəlik illərində yazdığı fortepiano üçün iki fuqası haqqında məlumat verilir. 2 Lakin arxiv materiallarında bəstəkarın professor B.V.Karaqiçev rəhbərliyi altında yazdığı fuqalara nəzər saldıqda onun fuqalarının sayının göstərilən rəqəmdən daha çox olduğunun şahidi oluruq. Bu fuqalarda klassik fuqa formasının yazılış cəhətləri və Azərbaycan xalq musiqi intonasiyalarının cəmləşdiyi özünü aydın göstərir. Bu fuqaları bəstəkar Konservatoriyada oxuduğu zaman, yəni 1928-29-cu illərdə yazmışdır. Fuqalar əsasən ciddi üslubda qurulmuşdur. Imitasiya formasında qurulan bu fuqaların mövzularında əsasən tonal və real cavablar bir-birini əvəz edir. Əks quruluşlu melodiyalarda lad yönəlmələrinə rast gəlinir:

       Bu fuqada bayatı-şiraz lad intonasiyaları özünü büruzə verir. Burada I mövzu do-bayatı-şirazda, cavab mövzu isə onun dominanta tonallığı – sol-bayatı-şirazda səslənir. Əks quruluşlu melodiyada isə 11 və 12-ci xanələrdə Şur intonasiyaları özünü büruzə verir.

       Bəstəkarın fuqalarında ekspozisiya, işləmə və repriza arasındakı lad əsaslı intermediyalar da özünü göstərir. Fuqalarda həmçinin repriza zamanı strettolara da rast gəlinir:

       Fuqaların lad əsasında inkişafına Qərbi Avropada hələ XVII-XVIII əsrlərdə I.S.Baxın yaratdığı preludiya və fuqalarda da rast gəlmək mümkündür. "Kontrapunkt əsaslı quruluş öz müxtəlifliyi ilə onun əsərlərində əks olunub". 3 Elə bu baxımdan da gənc bəstəkar fuqaları lad əsasında yazmağa müvəffəq olmuşdur. A.Zeynallı Ü.Hacıbəyovun yaratdığı lad sisteminə əsaslanaraq öz fuqalarında yaratdığı tematik mövzuları həmin lad sisteminə uyğunlaşdırmağa çalışmışdır.

       Fuqaların yazılışında rast və bayatı-şiraz ladları üzərində tematik mövzular əsas yer tutur. Lakin bəstəkar ən çox üstünlüyü bayatı-şiraz ladı üzərində olan mövzulara verir.

       Birinci fuqa üçsəsli olub Vivace tempində 2/4 ölçüdədir, əsas mövzu re rast ladında, cavab mövzu lya rast əsas tonallığında özünü büruzə verir. Əsas tonallıqda səslənən mövzudan sonra intermediya keçir. Işlənmə hissəsində fa diyez, si, mi rast tonallıqlarında, əsas mövzu qısaldılmış şəkildə səsləndirilir. Işləmə hissəsinin intermediyasından sonra isə repriza baş verir.

       Ikinci fuqa da üçsəsli olub Allegro tempində 6/8 ölçüdə özünü büruzə verir. Əsas mövzu lya bayatı-şiraz, cavab mövzu isə əsas mövzunun sub-dominantası re-bayatı-şiraz tonallığında səslənir. Bu tonallıq üçün Bayatı Isfahan intonasiyaları özünü büruzə verir. Üçüncü imitasiyalı mövzu isə əsas tonallıqda səslənərək intermediya vasitəsilə işlənmə hissəsinə keçir. Bu hissə sol si bayatı-şiraz tonallığında səslənir. Sonra repriz hissə üzə çıxır.

       Üçüncü fuqa Moderato tempində 4/4 ölçüdə olub digər iki fuqa kimi üçsəslidir. Ekspozisiyada əsas mövzu "Qoyunlar" Azərbaycan xalq mahnısı mövzusunda mi bayatı-şiraz tonallığında səslənir. Cavab mövzu əsas mövzunun dominantasında si bayatı-şiraz tonallığında səslənir. Ekspozisiyada variant dəyişkənliyinə uğramış repriza başlanır. Işlənmə hissəsində re lya bayatı-şiraz tonallıqları özünü büruzə verir. Repriza hissəsində isə mövzunun variant dəyişkənliyinə yenə rast gəlinir.

       Dördüncü fuqada ekspozisiyada əsas mövzu do bayatı-şiraz tonallığında, cavab mövzusu isə sol bayatı-şiraz tonallığı üzərindədir. Işləmə hissəsində sol fa bayatı-şiraz lad intonasiyalarına rast gəlinir. Repriz hissədə əsas tonallığa qayıdılır.

       Beşinci fuqa dördsəsli olub, Lento tempində 4/4 ölçüdədir. Burada ekspozisiyadakı mövzu si, cavab mövzu isə fa diyez bayatı-şiraz lad intonasiyaları üzərindədir. Işləmə hissəsinin mövzusu mi bayatı-şiraz intonasiyaları ilə uzlaşır. Repriza hissəsində mövzu variant şəkildə genişlənərək ikili stretto ilə əsəri tamamlayır.

       Altıncı fuqa isə dördüncü fuqa kimi ikisəslidir. Burda 3/4 ölçüsü özünü büruzə verir. Əsas mövzu lya, cavabverici mövzu isə mi bayatı-şiraz tonallığında səslənir.

       Intermediyadan sonra isə do re bayatı-şiraz tonallığı özünü büruzə verir. Repriz hissədə isə variant dəyişkənliyi və stretto özünü göstərir.

       Yeddinci fuqa dördsəsli olub, Andante tempində, 4/4 ölçüdədir. Burada əsas mövzu – sol, cavab mövzu isə re bayatı-şiraz tonallığına əsaslanır. Işlənmə hissəsində isə bir növ əvvəlki tonallıqlar təkrar olunur.

       Səkkizinci fuqa beşsəsli olub, 4/4 ölçüdədir. Ekspozisiyada əsas mövzu tonal cavaba əsaslanır. Buradakı mövzular do diyez bayatı-şiraz tonallığında səslənir. Işlənmə hissəsində fa diyez bayatı-şiraz tonallığına modulyasiya baş verir.

       Doqquzuncu fuqa üçsəsli olub, 12/16 ölçüdədir olub ikili fuqa adlanır. Ekspozisiyanın əsas mövzusu burada da sol, cavab mövzusu isə re bayatı-şiraz tonallığına əsaslanır. Son olaraq reprizada stretto əsas rol oynayır.

       Bəstəkarın əlyazma şəklində olan materiallarından aydın olur ki, onun yaratdığı fuqalar 2, 3, 4, 5 səsli fuqalardan ibarət olub, lad əsaslı intonasiyalı mövzularla əhatələnir. Bəstəkar bu fuqaları yaradaraq özündən sonra gələn bəstəkar nəslinə fuqanın ciddi üslubdan yazılış qanunauyğunluğunu aşılaya bilmişdir. Bununla bağlı bəstəkar ilk dəfə olaraq Azərbaycanda yaranmış fuqaların lad əsasını açıb göstərə bilmişdir.




1 Kasimova S., Baqirov N. Azerbaydcanskaə sovetskaə muzıkalğnaə literatura. Baku, Maarif, 1986, s. 90

2 Yenə orada

3 Boqatırev S. Obratimıy kontrapunkt. M., Qosmuzizd, 1960, s. 19











Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70