Bu il Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən Orta ixtisas musiqi məktəb-studiyasının 25 yaşı tamam olur. Tarixi nöqteyi-nəzərdən onun keçdiyi yol o qədər böyük olmasa da, çox zəngin və məzmunludur. Hal-hazırda bu gənc tədris ocağının şəhər, respublika və beynəlxalq miqyaslı müsabiqələrdə laureat adını qazanmış çoxlu şagirdləri vardır. Məktəb-studiyanın məzunları öz təhsillərini BMA-da, Moskva konservatoriyasında və digər xarici ölkələrin qabaqcıl Ali musiqi təhsil ocaqlarında davam etdirirlər. Fəaliyyət göstərdiyi bu illər ərzində məktəb-studiyada şagirdlərdən ibarət daimi musiqi kollektivləri – xor, uşaq opera teatrı, simfonik və kamera orkestrləri yaradılmışdır. Bu təhsil ocağının yetirmələrinin sorağı radio və televiziyadan, ən mötəbər konsert salonlarından gəlir. Onlar mütəmadi surətdə Azərbaycan Bəstəkarlar Ittifaqının keçirdiyi uşaq və gənclər musiqisi plenumlarında iştirak edirlər.
1980-cı ildə açılmış Orta ixtisas musiqi məktəb-studiyası, professor Fərhad Bədəlbəylinin dediyi kimi : «bu illər ərzində uşaqların musiqi tərbiyəsi mərkəzinə çevrilmişdir. Burada Azərbaycan Dövlət Konservatoriyası tələbələrinin pedaqoji təcrübə keçməsi üçün, musiqi məktəbləri və texnikumları müəllimlərinin ixtisas artırmaları və təkmilləşmələri üçün əsaslı baza yaradılmaqla yanaşı, musiqi pedaqogikası sahəsində böyük tədqiqat və eksperimental işlər aparılır»1. Qeyd etmək lazımdır ki, Ali məktəblər arasında bağlanmış müqaviləyə əsasən, burada, həmçinin, Mədəniyyət və Incəsənət Universitetinin tələbələri də təcrübə keçir.
Beləliklə, Məktəb-studiya bir çox funksiyalara malikdir. Yuxarıda göstərilən fəaliyyət istiqamətlərinə uyğun olaraq, Məktəb-studiyanın strukturu iki əsas hissədən – tədris və elmi-metodik hissələrdən ibarətdir. Tədris hissəsinə uzun illərdir ki, Sevda Məmmədova rəhbərlik edir. Elmi-metodik hissənin rəhbəri son zamanlara kimi sənətşünaslıq namizədi Kamilə Dadaşzadə idi, hal-hazırda bu vəzifədə məktəbin nəzəri fənlər üzrə müəllimi, bəstəkar Gülbəniz Abdullayeva çalışır.
1980-cı ilə kimi konservatoriyanın tələbələri əsl mənada hərtərəfli pedaqoji təcrübə keçmək imkanından məhrum idilər. Bu iş məktəbəqədər hazırlıq sinfinə gələn uşaqlarla aparılan məşğələlərlə məhdudlaşırdı. Bu halda musiqi tədrisinin yalnız başlanğıc prosesi təcrübə predmetinə çevrilirdi və yaranmış şərait musiqi təhsili alan mütəxəssislərin gələcək pedaqoji perspektivlərinə o qədər də uyğun deyildi. Əlbəttə ki, mövcud və müəyyən dərəcədə məhdud çərçivələri genişləndirmək, pedaqoji təcrübəni gələcək müəllimlərin yaradıcı müstəqilliyini və vərdişlərini inkişaf etdirən həqiqətən də ciddi məsələlərlə zənginləşdirmək vacib idi.
Şübhəsiz, mövcud məktəb-studiyaların təcrübəsindən yararlanmaq vaxtı yetişmişdi. Bu məqsədlə bir sıra konservatoriyaların nəzdində fəaliyyət göstərən məktəb-studiyaların iş prinsipi ilə tanışlıq oldu. O cümlədən, təcrübəni «məzunların çalışa-caqları iş şəraitinə (orta bölmə) uyğunlaşdıran» 2 Ural konservatoriyasının, məktəbi «musiqi pedaqogikası sahəsində eksperimental laboratoriya» 3 kimi nəzərdə tutan Tiflis konservatoriyasının təcrübəsi öyrənildi. Eyni zamanda, Kiyev, Novosibirsk, Moskva və digər konservatoriyaların məktəb-studiyaları ilə əlaqə yaradıldı.
Tələbələrin pedaqoji hazırlığının təşkil edilməsi sahəsində aparıcı konservatoriyaların təcrübəsini öyrənərək və ümumiləşdirərək, BMA-nın nəzdindəki məktəb-studiya öz işini qurur. Bu baxımdan müxtəlif kafedraların səyi sayəsində tələbələrin pedaqoji təcrübəsinə rəhbərliyin vahid bir sistemdə birləşdirilməsi mühüm əhəmiyyətə malikdir. Bütün musiqi məktəblərində nəzərdə tutulan fənlər konservatoriyanın müvafiq kafedralarına tapşırılmışdır. Belə ki, fortepiano fakultəsinin tələbələrinin təcrübəsinə xüsusi pedaqoji hazırlıq kafedrasının müəllimləri rəhbərlik edir. Onların fikrincə, ADK-nın məktəb-studiyasında məsləhətçi-müəllimlərin sinfində keçilən təcrübə pedaqoji hazırlığın əsas formalarından biridir və bu günkü nəticələr göstərir ki, bu, sözsüz üstünlüklərə malikdir. Məzunların pedaqoji vərdişlərini və bacarıqlarını yoxlamaq üçünsə, onlara sonuncu kursda Məktəb-studiyanın şagirdləri ilə müstəqil işləmək imkanı verilir» 4.
Hal-hazırda Orta ixtisas məktəb-studiyası BMA-nın fortepiano, ifaçılıq və tarix-nəzəriyyə fakultələrinin bütün kurslar üzrə tələbələri üçün pedaqoji, konsertmeysterlik, ifaçılıq (illüstratorluq da daxil olmaqla), lektorluq, müəssisə təcrübəsi bazasına çevrilmişdir.
Tələbələr, həmçinin, Məktəb-studiyanın bazasında pedaqoji təcrübə ilə yanaşı, elmi-metodiki işlə də məşğul olurlar. Tələbələrin fəaliyyətinin yoxlanılması əvvəlcədən qrafik əsasında tərtib olunmuş açıq dərslərdə, eləcə də elmi-metodik iclaslarda həyata keçirilir. Həmin iclaslarda tələbələr Məktəb-studiyanın müəllimləri ilə yanaşı çıxış edirlər. Eyni zamanda, tələbələr Məktəb-studiyanın müvafiq kafedralarla birgə keçirdiyi elmi-praktik konfranslarda, seminarlarda, pedaqoji qiraətlərdə iştirak edirlər.
Məktəb-studiyanın kollektivinin əsas qayğısı gələcək musiqiçilərin təhsilinin təkmilləşdirilməsi yollarının araşdırılmasından ibarətdir. Hal-hazırda BMA-nın ixtisas yönümlü kafedraları ilə müasir dövrdə gənc musiqiçilərin professional hazırlığı tələblərinə maksimal dərəcədə cavab verən yeni tədris proqramlarının tərtibi istiqamətində intensiv iş aparırıq.
Məktəb-studiyanın eksperimental işinin əsasını təlim-tərbiyədə kompleks metodların işlənilməsi təşkil edir. Onlar musiqi tədrisində dərs prosesinin sistemliyi, təhsilin ixtisaslaşmasını özündə birləşdirən fənlərarası proseslərin inkişafını əks etdirir. Bu cür fənlərarası əlaqələrin təkmilləşdirilməsinin əsas məqsədi isə kifayət qədər geniş ümumnəzəri hazırlıqlı musiqiçi – mütəxəssisin sənətinin modelləşdirilməsi ideyasının həyata keçirilməsindən ibarətdir.
1 Badalbeyli F. S muzıkoy navseqda. Qaz. «Bakinskiy raboçiy», 1991, 10 aprelə.
2 Zetelğ I. Nasuhnıe voprosı vospitaniə i obuçeniə pedaqoqa-muzıkanta. Tezisı nauçno-teoretiçeskoy konferenüii po problemam vospitaniə i obuçeniə pedaqoqa-muzıkanta (5-10 aprelə 1980 q.). Tbilisi: 1980. –s.50.
3Avazaşvili M.K voprosu o podqotovke muzıkalğno-pedaqoqiçeskix kadrov na vuzovskoy stupeni obuçeniə. Tam ce. – s. 17.
4 Nadcafalieva I., Üinamdzqvarişvili N. Nekotorıe voprosı po probleme prepodavaniə na naçalğnoy stadii obuçeniə. Metodiçeskie rekomendaüii dlə studentov fortepiannoqo fakulğteta, proxodəhix pedaqoqiçeskuö praktiku v Sredney speüialğnoy muzıkalğnoy şkole-studii pri Azqoskonservatorii im.U.Qadcibekova. Baku: Minvuz AzSSR, 1988. –s. 12.
Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.
p align>
|