«NOVRUZ» ÇƏRŞƏNBƏLƏRI VƏ «XAN-XAN» OYUN TAMAŞASI
Rüxsarə HÜSEYNOVA
 

       Qədim dövrlərdən bizə irs qalmış xalqın yaratdığı mənəvi sərvətlər onun zəngin və parlaq istedadını təcəssüm etdirir. Azərbaycan xalqının həyatında təbiət hadisələrinin rolu boyük olmuş, onun təbiət qüvvələrilə mübarizə, əkinçilik və maldarlıq iş prosesilə əlaqədar olaraq bir sıra ayin və mərasimləri yaranmışdır. Bu mərasimlər içərisində mövsüm mərasimləri xüsusi yer tutur. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin oyanması, canlanması ilə baglayaraq, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğici kimi qeyd etmişlər. Bununla da insanlara səadət bəxş edən, qədim xalq bayramı olan «Novruz» - «Bahar» bayramı yaranmışdır. Şərq xalqlarının əksəriyyəti, o cümlədən azərbaycanlılar baharın gəlişini yeni ilin gəlişi kimi boyük sevinclə qarşılamışdır.

       Araşdırmalar göstərir ki, «Novruz» bayramı hələ eramızdan əvvəl ulu babalarımızın sevimli xalq bayramı olmuşdur. Bəzi tədqiqatçılar bu bayramın zərdüştlük, digərləri isə islamla baglı olduğunu söyləmişdir. Onların bir qismi «Novruz»u atəşpərəstliyin banisi Zərdüştün adı ilə bağlamıs, din xadimləri isə onu IV xəlifə Əlinin taxta çıxdığı yeni gün kimi qələmə verib, islamla bağlı mərasimlərdən birinə çevirməyə çalışmışdır. Lakin görkəmli yazıçı M.S.Ordubadi, Y.V.Çəmənzəminli, professor M.H.Təhmasib və digər alim və yazıçılar bu fikirlərə qarşi etiraz etmiş və «Novruz»un zərdüştlükdən də, islam dinindən da çox-çox qədim olduğunu qeyd etmişdilər. Yəni «Novruz» heç vaxt təsir altına düşməmiş, özünün humanist mahiyyətini həmişə yaşatmış, xalqın təsəvvüründə bütün dinlərdən və təriqətlərdən uzaq ümumxalq bayramı kimi qeyd olunmuşdur. Bu bayramda olan adət-ənənələr, bayramı keçirmək qaydaları bu əziz günün məhz xalq içərisində doğulduğunu və geniş kütlələr bayramı olduğunu süb ut edir.

       Bu bayramın qədimliyi haqqında Şərqin dahi klassikləri Ə.Firdovsi, Nizami, Ö.Xəyyam, Ə.Nəvai də geniş məlumatlar vermişdir. Onlar öz əsərlərində hələ bizim eradan əvval türk xalqları içərisində «Novruz»un boyük bayram kimi qeyd edilməsini yazmışdılar.

       Bildiyimiz kimi, «Novruz» bayramı hər il Günəş təqvimi uzrə mart ayının 21-də bahar fəslinin gəlməsilə başlanır. Bu gün gecə və gündüz vaxt etibarilə bərabərləşir. Bayram ərəfəsində, yəni bayrama dörd həftə qalmış həyat üçün vacib olan dörd ünsürlə – su, od, külək və torpaqla bağlı çərşənbələr xüsusi təntənə ilə qeyd edilir. El inamına görə «Novruz» çərşənbələrində yazın nəfəsi növbə ilə suyun, ağacların, torpağın canına hoparaq onları oyadır. Qışın axırıncı ayı Boz çillədə qışın yatıraraq dondurduğu təbiəti yaz dörd həftədə oyadır. Bu dörd həftədə olan dörd çərşənbələr də bizi «Novruz»a yaxınlaşdırır.

       I çərşənbə – su çərşənbəsi və ya «əzəl çərşənbə» adlanır. Bu çərşənbədə qızlar və gəlinlər sübh çağı çay, dəniz və ya bulaq başına gedərək axar su üzərindən hoppanır, nəğmə oxuya-oxuya bir-birinin üstünə su çiləyirlər. Bununla da onlar su ilə ünsiyyətdə olur, ona qovuşurlar. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan suyu azərbaycanlılar həmişə müqəddəs hesab etmişdilər.

       «Su çərşənbəsi»ndə qızlar və gəlinlər tərəfindən çox maraqlı «Vəsfi-hal» adlı fala baxma mərasimi keçirilir. Bu mərasimdə ortaya su ilə dolu dərin bir mis qab qoyar, sonra hər qız öz üzüyünü o qabın içinə atardı. Üzükləri qabın içərisində iki-üç dəfə qarışdırdıqdan sonra qızlardan biri bayatı oxumağa başlardı. Bayatı oxunarkən qabdan bir üzük çıxarılırdı. Kimin üzüyü qabdan çıxardısa onun diləyi həmin bayatıdakı mətləbə uyğun yozulardı. Bu minvalla oyun davam edərdi. Beləliklə, bu mərasimdə qız-gəlinlər öz həyatlarında baş verəcək dəyişikliyi, gələcək aqibətlərini öyrənməyə çalışardılar.

       II çərşənbə odla bağlı olduğu üçün xalq onu «od çərşənbəsi» və ya «üski» adlandırmışdır. «Novruz»un əsas rəmzlərindən biri olan od uzun və soyuq qışdan sonra xalqın gözlədiyi istiliyi təmsil edirdi. Bu çərşənbədə ocaq çatılıb tonqal yandırılır və hamı bu odun üstündən atılaraq «Ağırlığım, uğurluğum oda tökül» - deyirlər. Bununla da ötən ildə ailələrində baş verən uğursuzluqları sanki odda yandırırlar. Bu, həmçinin, azərbaycanlıların etiqadını, odu müqəddəs hesab etmələrini əks etdirir. Beləliklə, tonqal qalamaq yeni həyatın, baharın və istiliyin gəlişinin simvoludur.

       «Od çərşənbəsi»ndə yazın gəlişini qeyd etmək məqsədilə «Kos-kosa» kimi ənənəvi xalq oyunu keçirilir. «Kos-kosa» oyununun mənası qurtaran qışın qovulması, başlayan yazın alqışlanmasıdır. Burada Kosa ömrünü başa vurmuş qışın simvolik obrazı, keçi isə yazın rəmzidir. Tamaşada kosa ilə keçi arasındakı mübarizədə axırda keçinin qalib gəlməsi yazın qiş üzərində qalibiyyəti kimi təsəvvür edilir.

       III çərşənbə «Külək və ya yel» çərşənbəsidir. isti və təravətli külək öz qanadlarında baharı gətirir, ətrafdakı bütün canlıların qanı oyanır. Yel hər yerə nüfuz edərək bütun yatmışları oyadır.

       IV – axır çərşənbə «torpaq çərşənbəsi» adlanır. Bu çərşənbədə torpağa canlanma gəlir, o öz qarını-buzunu əridir, toxumunu cücərdir, ağaclar yuxudan oyanaraq tumurcuqlamağa başlayır, bağ-bostan, dirrik yerləri əkinə hazırlanır, elə bahar gəlir. Xalq inamına görə gələn ilin taleyi bu çərşənbədən asılıdır, çünki insanları yedirdən məhz torpaqdır. Torpaq çərşənbəsində evlərdə təbiətin canlanmasının rəmzi olan səməni gəöyərdilir. Səməni əla növ sarı buğdadan hazırlanır və boyük zəhmət hesabına başa gəlir. Hazır olanda isə belinə qırmızı lent bağlanaraq süfrəyə qoyulur.

       Xalq axır çərşənbəni xüsusi təntənə ilə qeyd edir. Inanca görə axır çərşənbə «Novruz»la üst-üstə duşərsə, ilin daha uğurlu keçəcəyi gözlənilir. Bu çərşənbədə bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və ya sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafi isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir. Axır çərşənbədə də od qalanıb tonqal yandırılır. Həmin gecə «qulaq falı»na çıxırlar. Bunun üçün ürəyində bir niyyət tutub hava qaralandan sonra xəlvətcə qohum-qonşunun birinin qapısına gedilir. Qapıda durub ayağının altına açar qoyub içəriyə qulaq asılır. Ilk esidilən kəlmə niyyətin yerinə yetib-yetməyəcəyini nişan verir. Xoş söz yaxşı mətləbə, pis söz, narazılıq isə niyyətin yerinə yetməyəcəyinə işarədir. Buna görə ağbirçək nənələrimiz bizə axır çərşənbədə həmişə xoş sözlər, ürəkaçan söhbətlər etməyi öyüd vermişdir.

       Axır çərşənbədə həmçinin iki boş kasa götürüb əlində tutaraq danışmadan qonşunun qapısını doyürsən. Qonşu hansı kasaya su tökərsə ürəyində tutduğun niyyətin yerinə yetib-yetməyəcəyini öyrənirsən.

       Deyilənə görə, ilin axır çərşənbə gecəsi evdən kənara getmək olmaz. Çünki belə etsən yeddi il evində rahatlıq tapa bilməzsən. Buna görə də axır çərşənbə axşamı hər kəs öz evində, ailəsilə birlikdə olmalıdır.

       Axır çərşənbədə usaşlar və gənclər tərəfindən «Baca-baca», «Papaq atdi» kimi oyunlar oynanılır, həmçinin «Cütçü şumu» adlı bir tamaşa da göstərilir. Torpağı oyatmaq məqsədilə keçirilən «Cütçü şumu» tamaşasında əsas qəhrəman Cütçü baba tərəfindən torpaqda iz açılır və ora toxum səpilərdi. Sonra isə onun şəninə müxtəlif rəqslər, idman yarışları, məzəli oyunlar keçirilərdi.

       Beləliklə, bayram təntənəsi «Novruz» gunündə öz zirvəsinə çatır. Həmin il köhnə il öz yerini yeni ilə verir. Xalq bu günü xoş ovqat, şirinlik, sevinclə qarşılayır. Hər yan əsil bayram libasına bürünür.

       «Novruz» bayramının çox gözəl, zəngin, ibrətamiz adət-ənənələri vardır. Xalq bu əziz günə xüsusi hazırlaşır. Ev-eşik səliqəyə salınar, xalça-palaz çırpılar, qapı-baca gül-çiçəyə dönər, bayram şirniyyatının, plovun ətri ətrafi bürüyər. Imkana görə ailənin hər bir üzvünə bayram libası alınar. Həmin gün küsülülər barışar, ağsaqqal və ağbirçəklər yad edilər, əlsiz-ayaqsız, kasıb insanlara köməklik göstərilər, nişanlı qızlar və təzə gəlinlərə bayram xonçası göndərilər, hətta hər kəs öz ölən əzizlərinin məzarını yad edər ki, onların da ruhu şad olsun.

       «Novruz» bayramında bütün bunlarla yanaşı, at çapma və güləşmə yarışları təşkil edilir, meydanlarda kütləvi oyunlar, rəqslər, yallılar oynanılır, kəndirbazların tamaşaları göstərilir, mahnılar oxunur və aşıqlar deyişirlər.



ƏDƏBIYYAT

1. A.Şaiq. Xatirələrim. Bakı, «Uşaqgəncnəşr», 1961

2. Abdullayev B. Y.V.Çəmənzəminli və folklor. Bakı, «Elm», 1981

3. Təhmasib M.H. Adət, ənənə, mərasim, bayram. «Ədəbiyyat və incəsənət» qəzeti, 1966, 12 mart

4. Ordubadi M.S. Bahar bayramı. «Ədəbiyyat və incəsənət» qəzeti, 1967, 25 may

5. Elçin (Aslanov). El-oba oyunu, xalq tamaşası. Bakı, «Işıq», 1984



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70